Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Essays on modern Azerbaijani literature: Be a dragon - casuistry of citizenship - Tehran Alishanoglu

03-09-2024 [ 14:20 ] [ read:179 ]
printerA+ | A-

Əjdər Ol müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tanınmış siması, şair, nasir, dramaturq, publisist və tərcüməçidir. Əjdər Ol əsərlərində dövr ədəbiyyatını bütün zənginliyi, rəngarəngliyi ilə təmsil edənlərdən biridir. Əjdər Ol müstəqillik ideyaları və arzularının yetirdiyi vətəndaş-şairdir.

Əjdər Olun ədəbiyyata gəlişi həyat bioqrafisinin peripetiyaları ilə yanaşı olmuş, paralel davam etmişdir. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri 1981-ci ildə "Azərbaycan" jurnalında dərc olunmuş, "Gələcəkdə yaşayıram!" adlı ilk kitabı Əjdər Cəbiyev imzası ilə 1987-ci ildə çapdan çıxmışdır. Ümumən, Əjdər Olun yaradıcılıq yolu ardıcıl çap etdirdiyi kitablarında ehtiva olunur: "Gələcəkdə yaşayıram" (1987), "Alın yazıma düzəliş" (1991), "Səsindən tanınan" (1993), "İndidən" (1996), "Müdriklik anları" (1996), "Əjdər Olun kitabı" (1997), "Habil Əliyevin lətifələri" (1998), "Beş-on şeir" (1998), "Hamı sənə can deyir" (2000), "Könül vuruşu" (2000), "Əjdər Olun kitabı/ II kitab" (2000), "Canlı lətifələr, əhvalatlar, deyimlər" (2004), "Günəbaxan zəmisi" (2006), "Ölümlə zarafat" (Hekayələr, 2007), "Qrafoman" (Hekayə, 2009), "Əjdər Olam" (2009), "Portret hekayələr" (2010), "Yaşa" (2010), "Tütün limanı" (Hekayələr, 2012), "Canlı lətifələr, əhvalatlar, deyimlər" (2015), "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" (Hekayələr, 2017), "Lo (canlı roman)" (2019).

Əjdər Olun tərcüməsində "Latış xalq nağılları" (1990), "Latış daynları" (1998), "Qumuq atalar sözləri" (2000), "Məndən arxayın olun (gürcü şairəsi Maqvala Qonavilinin şeirləri)" (2009) kitabları çap olunmuş, əsərləri rus dilinə çevrilərək "Jivu v buduhem" (Bakı, 2008), "Tabaçnaə qavan" (Bakı, 2016), "Krılatıe slova, izreçeniə, epizodı iz jizni naşix znamenitıx i rədovıx sovremennikov" (Moskva, 2016), türk dilinə çevrilərək "Komutanın meymunu" (Ankara, 2010), "Ölümlə oyun" (İstanbul, 2014), Polşada "Qrafoman" (Vroslav, 2010), İranda "Günəbaxan zəmisi" (2009), "Habil Əliyev ucalığı" (2014), Gürcüstanda "Hərbi səhra komandirinin meymunu" (Tiflis, 2012), Almaniyada "Usta Yusifin kamançası" (Köln, 2014), "Günəbaxan zəmisi" (2016) kitabları işıq üzü görmüşdür.

Pyesləri "Molla Nəsrəddin və Əmir Teymurun filləri" Gənc Tamaşaçılar Teatrında və "Son məktub" Azərbaycan Dövlət Akademik Milli Teatrında tamaşaya qoyulmuş (rejissor Bəhram Osmanovun quruluşunda), "Usta Yusifin kamançası" hekayəsi əsasında eyniadlı film (2010) çəkilmişdir. Portret hekayələrinə görə Əjdər Ol Milli Kitab Müsabiqəsinin qaliblərindən biri (2010) olmuş, "Yaşa" şeirlər kitabına görə "Qızıl Kəlmə" Ədəbiyyat Mükafatının baş mükafatını (2010) almış, "Qəzənfər müəllimin Şuşaya yürüşü" hekayəsi İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə Yarışmasının baş mükafatına layiq görülmüşdür.

Bütün bu uğurların arxasında yetkin bir şair-vətəndaş mövqeyi, coşqun və ardıcıl yaradıcılıq axtarışları, mükəmməl bədii-estetik qayə durur. Hələ "Gələcəkdə yaşayıram" (1987) adlı ilk kitabından Əjdər Olun fərqli şair fərdiyyəti artıq görünməkdədir. Gənc şair taleyə, həyatın sınaqlarına sadəcə şikayət hədəfi kimi baxmır, burda aktiv başlanğıc axtarır: "Çox da tanınmırsan, məşhur deyilsən, / Bir kimsə imzandan asılı deyil. / Ömründən, bəxtindən, qəlbindən keçən / Qırışsız alnına yazılı deyil. / Gəlib astanadan geri qayıtma..." - deyə ömrün sabahına doğru qətiyyət nümayiş etdirir.

Şairin 1991-ci ildə çıxan "Alın yazıma düzəliş" adlı ikinci kitabı yeni zamanların gəlişindən xəbər verir; ictimai zamanın özü şair bioqrafisinə düzəlişlər edir. "Alın yazıma düzəliş" kitabında ayağa qalxmış, müstəqilliyinə yenicə qovuşmuş toplumun obrazı da var: "Sanki təzə görürdük / Min ilin Bakısını, / Qarabağlı, Gəncəli / Bir elin Bakısını..."; "Danışıb, danışıb danışqan olduq..." deyə ümumi ictimai psixoza tutulmuş kütlə həqiqəti də, nehrə kimi çalxalanan zamanın ağrı-acıları da: "Dəstə-dəstə gedirdik/ Qadağalar üstünə./ Azadlıq tək verilən/ Sadağalar üstünə./ Arxamızda dururdu,/ Doğma ocaq, doğma yurd./ Düşmənimiz - vətəni/ Öz içindən yeyən qurd..." Çağırış ruhu zamanın özündən gəlir və "Alın yazıma düzəliş" kitabı başdan-başa publisist nəfəs üzərindədir. "Əjdər Ol" imzasını da şair bu zaman, mənəvi çarpışmalardan keçib qəbul edir.

"İndidən..." (2006) kitabında da lirik-publisist başlanğıc aparıcıdır; poetik qəhrəman bir anlıq günün həqiqətlərinə yığışıb, milli sabahın gerçək qayğılarını "indidən" həzm etməyə yönəlmişdir. Kitabda ictimai-siyasi lirikanın gözəl örnəkləri var: "Dövlət quşumuzu gördüm yaxından", "Azadlıq türküsü", "Qan", "Söz" və s. Əjdər Ol şeirlərində Azərbaycan poeziyasının Xaqanidən, Nəsimidən gələn publisist ənənələrlə zəngin qolunu davam etdirməyə çalışır.

2000-ci ildə oxucularına təqdim etdiyi "Hamı sənə can deyir" və "Könül vuruşu" kitablarında toplanan şeirləri Əjdər Olun özünəxas poetik platformasını ortaya qoyur, zamana hesabat verən "gələcəkli" şairin parlaq obrazını təqdim edir.

"Hamı sənə can deyir" kitabı başdan-başa Vətən şeirlərindən ibarət olub, eyni zamanda "Könül vuruşu" kitabında da ayrıca bölmədə ("Oxşama") yer almışdır.

 

"Azərbay" deyilincə,

Düşmənlər də "can" deyər.

Dönük çıxıb, gözündən

Düşənlər də "can" deyər.

"Can" deyir qan-qan deyən.

Od-alovdan don geyən.

Gəzdim söz sırasında,

Ölkələr arasında,

Tək sənə "can" deyərlər!

"Azərbaycan" deyərlər!

 

"Azərbaycan"

 

Hələ ilk kitablarında "Nə çoban tütəyindən, / Nə dağdan söz açmışam./ Şirvanın ətəyində / Dünyaya göz açmışam..." - deyən Əjdər Olun şeirləri kökündən "Vətən şeirləri" kimi doğulur: "Bilmirəm necə sevdim,/ Bu bürkülü, sərt düzü?/ Vətən uşaqkən evdi,/ Sonra da tale, arzu..." Vətən sevdası Əjdər Ol şeirinin mayasında, canındadır. "Dağ keçib, yol aşan...", "neçə şəhərdən keçən" həmin sevda qarabaqara şairin ömür yolunu izləyir, onunla bahəm qarışbaqarış Vətən torpağını dolaşır, bütünlükdə yaradıcılığının qayəsini təyin edir: "İçimi yemirəm heç/ Hələ çox səfərim var./ Kərkükü demirəm heç,/ Təbriz tək şəhərim var./ Bəlkə görən olubdur,/ Qaçan, itən torpağı?!/ Yarı ömrüm qalıbdır,/ Yarı vətən torpağı!.."

Əjdər Ol şeirində Vətən mövzusunun bütünlükdə XX əsr ərzində Azərbaycan poeziyasında toplanan lirik, ritorik, patetik və s. məzmun-mündəricə və forma-ifadə təcrübəsi özünü göstərir. Vətən şeirlərində Əjdər Ol lirik məxrəclə bahəm, patetik formalardan da, bəlağətdən də gərəyincə bəhrələnir; yüksək materiyadan danışarkən başqa çür olmur da:

 

Mənim Azərbaycanım,

Adının da "can"ı var.

Könlümün nə qorxusu,

Nə də həyəcanı var.

Yağı güc gələ bilməz,

Bu vətən ölə bilməz,

Niyə?

 Nədən?

 Nə üçün?...

Çünki tükənməz gücün...

 

Ümumən "Azərbaycan" şeirini şair ritorik tərif (adlandırma) üstündə qurmuşdur; şeirdə təkcə bu adın deyil, hətta sözün tərkibindəki hər kəlmənin də təzə poetik mənası, "etimolojisi" aşkarlanır:

 

Canı dilə gətirib,

Canı cana yetirib,

"Anacan" çağırmışıq,

"Nənəcan" çağırmışıq,

Gah "atacan" demişik,

Gah "babacan" demişik,

Bir də göz açan kimi,

Ruhumuz açan kimi,

Vətənə "can" demişik,

"Azərbaycan" demişik!

 

Eynən "İstiqlal" şeiri İstiqlal sözünün poetik incələnməsi üzərində qərar tutur: "Ey salam tək hamıya söylədiyim, İstiqlal!/ Rəngini yaxşı ayırd eylədiyim, İstiqlal!.." Romantik halədə nəfəs alan şeirdə M.Hadi, M.Ə.Sabir təcrübəsi görünür; eyni zamanda yüz il ərzində azadlığı uğrunda çarpışan bir millətin həqiqəti təcəssüm tapır. Sanki Əjdər Ola sadəcə İstiqlal anlamının tarixlə təzələnən mündəricəsini "xatırlatmaq" qalır:

 

Vətəni hürr olanın fikri, sözü hürr olacaq,

Özünü hürr edənin oğlu, qızı hürr olacaq,

Ən azı şax gəzəcək, lap ən azı hürr olacaq,

Söyləyim mənmi daha neyləyəcək İstiqlal?!

Əjdər Oldum, bizi biz eyləyəcək İstiqlal!

 

Əjdər Olun Vətən şeirlərində çağırış var; səngiməz, susmaz, usanmaz bir nida var. Vətən, Azərbaycan adları gələndə Əjdər Olun poetik ilhamı kükrəyir; müxtəlif ölçü və ritmlərə köklənən şeir dörd-beş misralıqdan başlayıb, 8, 10, 12 misradan ibarət bəndlərdə nəfəs dərmədən davam tapa bilir:

 

Dolaşdıqca

addım-addım,

Baxdım ona

maddım-maddım.

Havasını

uddum,

uddum,

Dadmalısın

daddım,

daddım.

Necə şaddım,

Necə şaddım

"Vətən" dedim,

Vətən, Vətən!

 

"Oxşama"

 

"Könül vuruşu" kitabında və eyni adlı şeirdə Əjdər Olun poetik platforması ilə bahəm, çağdaş Azərbaycan insanının obrazı, real dünyagörüş və həyat fəlsəfəsi bütün qətiyyəti, dolğunluğu, bütövlüyü ilə əksini tapıb. Azərbaycan insanının adekvat obrazını yaratmaq ümumən bu illər şeirinin yüksək idealların romantik təcəssümündən, müstəqillik həyatının ənənəvi şeir civarlarında növbənöv - lirik, publisist-dramatik, əxlaqi-didaktik, passiv-seyrçi yaşamda inikasınacan başlıca qayğısıdır. Amma bu zaman "hər günə qapı açıb girərək"dən, məhz Günün obrazını cızmaq, sadə insan maraqlarından çıxış edib, çağdaşımızın ömür yazısını qələmə almaq hər şairə müyəssər olmur.

 

Ağrılara, əzablara darılma,

Öz işindən bərk-bərk yapış, yorulma,

Çalış ölmə, çalış itmə, vurulma...

Canım-gözüm, ömür elə budur, bu!

Tale, qismət deyirdin ha, odur bu!

 

"Könül vuruşu" bu illər poeziyasında geniş yer tutan dekadansa qarşı bəlkə də yeganə platforma olub, ziqzaqlar, keşməkeşlər, çətinliklər içərisindəki insanın düşüncə və duyğularını əsir etmiş "çöküş fəlsəfəsi"nə etiraz ruhundadır. Konseptuallıq ideya planından ayrı-ayrı şeirlərəcən Əjdər Olun "könül savaşı"nın əsasında durur. "Ömür" və "Könül vuruşu" şeirləri şairin birbaşa poetik manifestasiyası kimi səslənir: "Könlümü vuruşa çıxartmışam mən,/ Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə./ Mənim ürəyimin hər döyüntüsü,/ Təzə bir hücumdur, yeni bir həmlə..."

Əjdər Ol müxalif dövran, dönük zəmanə, cəmiyyət düşkünlüyünə qarşı İnsanın gücünü, mənəvi səbatını qoyur; əgər bəxtinə düşən budursa, yalnız hisslərini, düşüncələrini, əzm və iradəni səfərbər edib könül savaşına girməklə həyata qalib gələ, ona dəyər verə, məzmunlu edə bilərsən: "Adamsan də, incidərlər adamı,/ O dünyadan haraylama atanı,/ Alan yoxsa, dur özün al qadanı,/ Canım-gözüm , ömür elə budur, bu!/ Dadına bax, gör nə şirin dadır bu!.."

Patetika "könül vuruşu"nun təbiətinə yaddır, hətta savaş məqamlarında da onun yeganə silahı - qəlbin döyüntülərinə köklənmiş lirikadır: "Mənim ürəyimin döyüş marşı var,/ Hər an eşidirəm, hər an o marşı./ Belə vuruşmayıb İmamsöyün də,/ Bir könül milyona, milyarda qarşı..." Əjdər Ol şeirində "ürək" çox tez-tez bilavasitə predmet kimi çıxış edir: "Mən bir ürək quruluşu qurmuşam,/ Canla-başla qulluğunda durmuşam..." Əjdər Ol metaforaları gözlənilməz və özünəməxsus olmaqla, başlıcası - sərrastdır: "Yerindən oynayıb, yurdundan olub,/ Qəlbin sevər yeri hara bağlıdır?/ Bədənə-çadıra sığışa bilmir./ Elə bil qaçqındır, qarabağlıdır..."

Akademik Rafael Hüseynov yazır: "Əjdərin zahirən ən fərəhli, ən qüssəsiz, lap şuxluq, məzə çökmüş şeirlərində də mən həmin şeir kağıza yetişənəcən çəkilmiş əzabın əks-sədasını duyuram..." Belə ki, Əjdər Olun hər bir şeirində poetik "mən" daşıdığı konkret funksiyanı, ümum könül savaşından üzərinə düşən vəzifəni yaxşı mənsiyir və mənimsəyir; bu, sadəcə poetik stixiya deyil, ideya-bədii məqsədlərə bağlı yüksək sənətkarlıq məsələsidir.

Əjdər Olun lirikasında müasirimizin duyğular aləmi çeşidli rəngləri, boyaları - adi müşahidədən, çizgidən duyumlar, mənəvi yaşamlar, fikir passajları, psixoloji portret və lövhələr, həzz-etizaz-ehtiras mənzərələrinəcən təcəssümünü tapır. "Sabahını düşünən adi insan olmaq" amacıyla yaşayan ("Qəhrəman-düşmən"), hər gününün həsrətinə tələsən ("Zəng") insanın içi ətrafına qarşı nə qədər həssaslıq ("Olduğu kimi"), sevgi ("Sevən ki", "Nə gətirim sənə", "Unutma"), inam ("Şans"), müdriklik ("Üzülmə"), xeyirxahlıqla ("Quş südü") doludursa da, yaltaqlıq ("Buyurun"), ikiüzlülük ("Söyüş"), nadanlığa qarşı bir o qədər sərt, hər cür çətinliklərə isə dözümlüdür ("Yanvar"). "Sən qaragüruhdan,/ Mən ağgüruhdan.../ Sən gücdən düşmürsən,/ Mən də ki, ruhdan..." ("Ağgüruh")

Əjdər Olun peyzaj lirikası yaradıcılığında əlahiddə yer tutur. Amma təbiətin içindən gələn, onu bilavasitə şeir bilən şairlərdən fərqli, Əjdər Ol üçün peyzaj - qazanılmış duyğudur; heyrət mənbəyi yox, ömürlə, yaşla, yaşamla gələn, insanı zənginləşdirən nəsnədir. Əjdər Olun təbiət şeirləri impressionist səciyyəlidir; eyni mövzunun növbənöv təcəssümü təbiətlə təmasda insan ruhunun hər dəfə təzə-tərliyini ortaya qoyur: yaz mənzərələrində ("Yaz", "Yazda", "Gözləməm var"), yağışlı mənzərələrdə ("Tənha yağış", "Yağış", "Küləkli yağış", "Günəşli yağış"), qış mənzərələrində ("Qar üstündən qar ələndi"), çicəkli mənzərələrdə ("Ovcum güldanımdır", "Suyumum") olduğu kimi.

 

Dalğalanır, çalxanır günəbaxan zəmisi,

çatışmır bu dənizin bircə bəyaz gəmisi

Düşüb qızıl dalğaya, girib sarı dumana,

üzəm gedəm şeh qonan ətirli bir limana...

 

Poetik toplularından birini Əjdər Ol "Günəbaxan zəmisi" (2006) adlandırır və kitaba isti, günəş sevdalı şeirlərini toplayır: "Amma hanı o gəmi, hanı o şehli sahil,/ çox da məni çağırır sapsarı zehli sahil./ Kürən günəbaxanlar Günəş balalarıdır,/ nəğmələri bir qədim cütçü holavarıdır..."

Adından bütünlükdə mündəricəsinəcən "Günəbaxan zəmisi" oxucuya həyat sevinci, həyat fəlsəfəsi aşılayan bir kitabdır. Burda uzun-gərgin "könül savaşı"ndan qalib, müdrik, toxdaq çıxmış bir qəlbin rahatlığı, ehtizazı, rifah dolu anları təcəssümünü tapmışdər. Vətən duyğuları hər gün, bilməzə-görməzə yaşanan duyğulardır; "Azərbaycanım", "Soyadım, adım Vətən!", "Uyu, əzizim, uyu!", "Atam-anam Vətən", "Qeyrət məsələsi", "Təsəlli" kimi şeirləri hər dəfə Vətən deyən şairin doymazlığını, ilhamının tükənməzliyini ortaya qoyur: "Vətən mənə anadır,/ analıq deyil./ Vətən mənə atadır,/ atalıq deyil./ Mən də ona oğulam,/ oğulluq ki, yox./ Soy-kökümdə haramlıq,/ oğurluq ki, yox..."

Əjdər Olun son şeirlərində sevinc ovqatının, Günəş rənglərinin bolluğu "gələcəkli" şairin əbədi həqiqətlərə yetməsi və qəlbində əks-sədası, təntənəsi ilə bağlıdır: "Dünya durduqca dursun, gözləri nəm olmasın,/ bir ayı, bir həftəsi, bir günü kəm olmasın./ Mən minillik deyiləm, ey dadıma yetənim,/ qoy bu minillikdə də min yaşasın vətənim!.."

2020-ci ilin Vətən müharibəsində Azərbaycan ordusunun şanlı zəfəri şairin "minillik vətən" duyğularını daha da vəcdə gətirir, müqəddəs savaşın başlanmasını "Qəzan mübarək!" ("Ədəbiyyat qəzeti", 3 oktyabr 2020), Ali Baş Komandan başda olmaqla qazanılmış möhtəşəm qələbə sevinclərini "Qırx dörd günə" ("Ədəbiyyat qəzeti", 14 noyabr 2020) şeirləri ilə vəsf edir:

 

Bayraq tutdum, bayrağımın sapı özüm,

Qapı-qapı niyə gəzim? Qapı özüm,

Qələm özüm, sənəd özüm, tapu özüm,

Baş Komandan imza atdı qırx dörd günə,

Qələbəyə üç rəng qatdı qırx dörd günə.

 

Yaradıcılığının müasir mərhələsində poeziya ilə yanaşı Əjdər Ol nəsr və dramaturgiyaya da geniş yer ayırır. Ayrı-ayrı hekayələri və portret yazıları mətbuatda dərc olunsa da, Əjdər Ol bir nasir və hekayəçi kimi "Ölümlə zarafat" (2007) kitabından sonra tanınır. "Qrafoman" (2009), "Portret hekayələr" (2010), "Tütün limanı" (2012), "Canlı lətifələr, əhvalatlar, deyimlər" (2015) kitabları isə onu janrın ustası kimi ölkə hüdudlarından kənarda da məşhurlaşdırır.

Əjdər Ol hekayələrində başlıca olaraq realistdir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminlidən əsil ustad dərsləri aldığı parlaq şəkildə görünür. Milli insanın xarakteri, mental dəyərlər, milli həyatın mənzərələri yazıçını hər şeydən çox məşğul edir və realist qələmin ədəbiyyatımızda topladığı təcrübədən məharətlə bəhrələnib, onu yeniləyir, günün xidmətinə yönəldə bilir. "Börüsoy", "Usta Yusifin kamançası", "Şər Nizi", "Hərbi səhra komandirinin meymunu", "Qəzənfər müəllimin Şuşaya yürüşü" və bir çox başqa hekayələri tamamən bu ruhdadır, milli xarakterin dərinliyinə enməklə əsrlər uzunu dəyişən və dəyişməyən toplum həqiqətlərini yeni situasiyalarda kəşf edir.

Bununla belə, Əjdər Olun təhkiyə tərzində birbaşa Qərb hekayəçiliyindən alınma məqamlar da barizdir. Bu və ya digər şəkildə müəllif-yazıçı obrazını daxil etməklə hekayənin həyatiliyinə diqqət artırması, oxucu marağını cəlb etmək və saxlamaqdan ötəri macəra, gözlənilməzlik, hətta detektiv ünsürlərindən maksimum istifadə buna misal ola bilər. Həmin xüsusiyyət bu və ya digər dərəcədə bütövlükdə hekayələrinin ruhunda hiss olunsa da, xüsusən "Ölümlə zarafat", "Fa...", "Qatillə görüş", "Tütün limanı"nda qabarıqdır. İnsanı və gerçəkləri ekstremallıqda, fərqli situasiyalarda, macəra və mistik halə içində aramaq, araşdırmaq modern həyatın tələblərindən gəlir və bütünlükdə Əjdər Ol hekayəçiliyinin istiqaməti klassikadan modernizmə doğrudur.

Əjdər Ol həm də portret-hekayə ustasıdır, "Ədəbi portretlər": "Anarımız", "Yazıçı Namiq Abdullayevin axırı", "Rafiq Tağı ki, Rafiq Tağı...", "Kür Əlisəmid" əsərlərində müasiri olduğu yazıçıların obrazlarını yaxından, son dərəcə dürüst müşahidələr, çizgilərlə yaratmağa nail olmuşdur.

Əjdər Olun nəsr yaradıcılığı xalqdan eşidib qələmə aldığı əhvalatlar, lətifələr deyimlərlə də təmsil olunur. "Müdriklik anları" (1996) kitabında mənalı əhvalatlar əsasında Ulu Öndər Heydər Əliyevin xalq təsəvvüründəki canlı obrazını yazıya ala bilmiş, hər nəşrində daha da artan "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabında (son dolğun nəşri: 2015) XX əsrin məşhur insanlarının həyatından düşündürücü məqamları: "Siyasətçilər və Dövlət adamları", "Yazıçılar və Alimlər", "Sənətçilər", "Tanış-bilişlər" olmaqla təqdim etmişdir.

Yaradıcılığının son dönəmində Əjdər Ol roman janrına müraciət etmiş, "Lo" romanını (2010-2018) qələmə almışdır. "Canlı roman" təyinini verdiyi əsər bioqrafik materiallara söykənsə də, ictimai-siyasi romanlara xas geniş zaman və cəmiyyət hadisələrini əhatə edir. Çernobıl qəzası ilə başlaması, sonradan ümumən XX əsrin nəhəng dövləti Sovet quruluşunun dağılması, 1985-1987 - Qorbaçov yenidənqurması, Marqaret Tetçer, R.Reyqan, Raisa Maksimovna, Paris, "Humanite" qəzeti, Aqambekyan, Qarabağ hadisələri, 1987-də Ermənistanqan qovulan azərbaycanlılar, 1988-in fevralında Sumqayıt təxribatı, 1988-in noyabr-dekabr mitinqləri, Meydan hadisələri, 1989 - AXC və digər baş verənlər, 1990-nın Qara yanvarı və s. hadisələr romanı bioqrafik strukturdan çıxarır, günün ictimai problemlərinə kökləyir. Sadəcə tarixi faktlar olmayıb, sadalananlar həm də qəhrəmanın paralel konstatasiya etdiyi realiyalardır. O, Qarabağ hadisələrini görür, düşünür, izləyir, anlayır, amma konkret bu müharibədə iştirak edə bilmir; hər yerdə, hər vəchlə Qarabağdan uzaqda, əksəriyyət kimi, hardasa illüziyalarındadır. Roman boyu qəhrəmanın sərrast "müharibə düşüncələri" yer alır, hər dəfə də müharibə ilə üzləşəndə bir qənaətə gəlir: "Müharibəni dövlət aparmalıdır..." "Lo" romanında Əjdər Ol "müharibə, inqilab, anarxiya, qarışıqlıq dövrləri adamı"nın iç dünyasını qələmə almışdır.

Roman Ulu Öndər Heydər Əliyevin iqtidara gəlib xilaskarlıq, səliqə-sahman, quruculuq Epoxasına başlaması ilə başa çatır. İlk addımların sevincini yaşayan qəhrəman hakimiyyəti möhkəm əllərdə görüb, "canlı roman"dan çıxmağa qərar verir. "Lo" dərin ictimai silkinmələr dövrünün ekzistensial-realist romanı olmaqla önəmli ədəbiyyat faktıdır.

Əjdər Ol müstəqillik ədəbiyyatını yaradan müasir yazıçılar nəslinə mənsubdur. Yeni-yeni əsərləri ilə o, bugün də oxucuları sevindirməkdə, ədəbiyyatımızı zənginləşdirməkdədir.