Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Nizami Ganjavi‘s concept of mercy - social state - Sirajeddin Haji

02-02-2024 [ 13:24 ] [ read:270 ]
printerA+ | A-

(Əvvəli burada)

İyirminci beytin şərhi:

ruzi bəxş edənsən

 

O dedi: "Ey canlılara ruzi bəxş edən,

Ruzi bəxş etməsi başqalarınkına bənzəməyən..."

 

Bu, qıtlıq nəticəsində ölən bircə insana Bəhramın münasibətini ifadə edən üçüncü beytdir, mərhəmət anlayışının, mərhəmətli şah obrazının, sosial dövlət ölçüsünün inşasına yol açır: Bəhram çox üzüldü, məsuliyyəti üzərinə götürdü, Allaha yönəldi, təqsirini açıqladı, Allahdan üzr istədi...

Nizami dua ədəbinə - mədəniyyətinə uyğun olaraq öncə Allahı tanıdır - dua edən öncə Allahı - dua etdiyi varlığı doğru tanımalı, kimdən istədiyini, nə istədiyini, necə istədiyini bilməlidir. Dua ibadətdir, ancaq bir tək Allaha qulluq şüurudur, içində bunlar var: niyyət - etdiyin işi bilmək, anlamaqdır, şüurlu olmaqdır, ümiddir - ümidi olmayan dua etməz, yüzdə yüz inanmaqdır - öncə inan, sonra dua et, yardım istəyidir, deyir ki, insan ehtiyaclı varlıqdır, hər şeyə gücü çatmaz, hər işə gücü çatan bircə varlıq var, o da Allahdlr, dua hüzur qaynağıdır, ünsiyyətə yol açır, dua Allahın dəyərini bilməkdir, dua dəyər verməkdir, saleh əməllər ən gözəl dualardır...;

Nizami Bəhramın dua şüurunu bu yollarla açıqlayır:

- Tək qaldı, üzünü yuxarı yönəltdi, əllərini göyə açdı, dua halına girdi, dedi (tərcümədə "O dedi" biçimindədir, orijinalda əvəzlik yoxdur), sakit səs tonu seçdi;

- "Kiey" - dedi ki, "ey" - çağırış nidasına yer verdi, səsləndi, sıxıntıya düşmüşəm, Sənə ehtiyacım var, yardım istəyirəm anlamlarını yüklədi;

- Sırada ərəbcə olan "ruzi" ("rezğ" biçimində) sözü var. Nizami niyə məhz bu sözü seçir, Allahı bu yönü ilə tanıdır? Səbəbləri sıralayaq: birincisi, şair ilahi mərhəmətlə ruzi arasında bağ qurur, Allahın mərhəməti sınırsızdır, bu ölçünün bir əlaməti yaratdıqlarına ruzi verməsi, biri bağışlamasıdır; İkincisi, Bəhramın şah olduğu ölkənin sıxıntısı ruzi ilə bağlıdır, öncə zənginlik oldu, nemətlər aşıb-daşdı, insanlar azdılar, Allahı unutdular, nəticədə, qıtlıq bəlası - imtahanı gəldi, Bəhram bircə insan istisna xalqı ölümdən qurtardı; Üçüncüsü, o bir insanın ölümü ruzi ilə bağlıdır; Dördüncüsü, Nizami Allahla insan, Allahın ruzi verməsi ilə insanın ruzi verməsi arasındakı fərqi göstərir;

- Şair Allahın ər-Rəzzaq adını bu ölçülərlə tanıdır: O hər növ/çeşid ruzini hər an yaradır, fasiləsiz olaraq yaratdıqlarına verir, Onun ruzisi tükənməz, ruzini artırar, azaldar, aclıq varsa, bunun səbəbi insanların zülmüdür, insan üçün maddi ruzinin şərtləri bunlardır: halal, təmiz olsun, yığmaq deyil, paylaşmaq əsasdır;

- Sırada "ruzi bəxş edən" ifadəsi var, Allahı tanıdır, Nizami məhz "bəxş" sözünü seçir, səbəbi var, Allah ruziləri qarşılıq istəmədən verər, yetər ki, ruzinin Allahdan olduğunu bil, şükür et - nemətlərdən ilahi təyinatına uyğun yararlan;

- Kimlərə, nələrə ruzi bəxş edir? Şair "canuran" sözünə yer verir, "canlılara" - can daşıyan, ruziyə ehtiyacı olan hər varlığa. Fərqi göstərir: Allah hər şeyə qadir, insan acizdir, hər varlığa ruzi bəxş edən bircə varlıq var, O da Allahdır;

- İkinci misrada Allahla insan və başqa varlıqlar arasındakı fərq qırmızı xətlə göstərilir. Nizami yenə "ruzi" sözünü seçir, onu misranın başına qoyur, "Sənin ruzi bəxş etməyinlə", sonra inkarlıq, qeyri-mümkünlük bildirən "nə" qəlibi gəlir, xətt çəkir, ayırır, fərqi göstərir, sonra da "başqaları" ("degeran") sözü qafiyə mövqeyində yer tutur: bir tərəfdə Allah, o biri tərəfdə bütün varlıqlar var, deyir ki, Allahın ruzi bəxş etməsi ilə başqalarının ruzi verməsi əsla eyni deyil, bir ola bilməz, bu, imkansızdır, bütün canlılara ruzi bəxş edən Allahla özünün ruzisini təmin etməyə çalışan, Allaha möhtac olan varlıqlar bir ola bilərmi?;

- Bəhram bu müqayisəyə niyə ehtiyac duyur? İki səbəb var: a) Allahın qüdrətini,  insanın acizliyini göstərir; b) qıtlıqdan ölən o bir insan üçün bağışlanılmasına yol açır - hər şeydən xəbərdar olan Sənsən, acizəm, xəbərim olmayıb, olsa idi, yardım edərdim, bilərəkdən etməmişəm;

 

İyirminci birinci beytin şərhi:

azı çoxaldırsan

 

Sən öz bircə tanrılıq qüdrətinlə,

Çoxu azaldırsan, azı çoxaldırsan.

 

Bu, öncəki beytin davamıdır, şair Bəhramın dili ilə Allaha duanın ədəbini öyrədir - mərhəmətli insan dili dualı insandır. Bəhramın ilk addımı dua etdiyi - yardım istədiyi Allahı tanıtmaqdır, bu zaman insanı da tanıtmış olur, iki yön seçir: a) Allah ehtiyacsızdır, hər şeyə gücü çatır; b) insan ehtiyaclıdır, zəifdir, sınırlıdır; O bu yolla bağışlanması üçün qapı da açmış olur.

Bəhram dedi ki, Allahın ruzi verməsi ilə başqalarının ruzi verməsi bir-birinə bənzəməz - bir insan ehtiyacı olana ruzi verər, ancaq ruzinin gerçək sahibi o deyil, o, Allahın verdiyindən verər, Allah isə mülkün gerçək sahibidir, O, mülkündən mülkünə verər, insanın yardım imkanı sınırlı, Allahın imkanı sınırsızdır...

Nizami şərh etdiyimiz beytdə Allahın güc, imkan, mərhəmətinin sınırsızlığını bu yollarla açıqlayır:

- "Yeki" deyir, sözə "bir", "bircə", "tək bir" mənalarını yükləyir;

- "Qüdrət" sözündən yararlanır, Allahlıq qüdrəti deyir - özünün Allahlıq qüdrətinin bir/bircə zərrəsi ilə, bircə sözün, əmrinlə - Sən elə bir varlıqsan ki, kainatı var etmək üçün bircə işarən yetər, Sənin üçün çətin olan heç bir şey yoxdur;

- O sınırsız qüdrətinin bir zərrəsi ilə nə edərsən? Çoxu azaldar/azaldır, azı çoxaldarsan/çoxaldırsan, bu, ilahi ölçüdür, Qurani-Kərim ayəsidir, Allah ruzini əsla kəsməz, ancaq çoxaldar, azaldar;

- Bəhram niyə bu ölçünü yada salır? Səbəbləri sıralayaq: birincisi, Bəhram Allahı doğru tanıyır; İkincisi, ilahi ölçü ruzi ilə bağlıdır; Üçüncüsü, qıtlıqdan ölmüş o bir insanın faciəsinin ruzi ilə bağı var; Dördüncüsü, Bəhram bu dünyanın imtahan dünyası olduğunu ifadə edir - Allah bolluqla da, qıtlıqla da sınayar, öncə bol ruzi verdi, xalq şükrü, Allahı unutdu, sonra ruzini azaltdı, qıtlıq oldu - O, həqiqəti bu yolla öyrətdi; Beşincisi, Allah sınırsız güc sahibi, Bəhram acizdir, hamını qorumaq imkanı yoxdur - Allahın mərhəmətinə ehtiyacı var, bağışlanma istəyir - bu, dua ədəbidir, sınırını bil, ey insan, Allah sınırsız, sən sınırlı varlıqsan, Ona möhtacsan, həddini bilməyən ziddinə dönər, insan şeytanlaşar. Bəhram şah olsa da, yerini bilir, Allaha üsyan etmir, təslim olur;

- Nizami ayədəki sıralamaya uyğun hərəkət etmişdir: çoxu azaldar, azı çoxaldar;

 

İyirminci ikinci beytin şərhi:

əlimdən gəlmir

 

Nə qədər çox çalışsam da, əlimdən gəlmir,

Ki, çöldə bir ceyranı doyurum.

 

Dedik ki, Bəhram dua edərkən iki iş görür: Allahı da, insanı da tanıdır. İki beytdə Allahı bu ölçülərlə tanıtdı: O, ər-Rəzzaqdır, yaratdıqlarına ruzi bəxş edir, kimsəyə bənzəməz, hər şeyə qadirdir, heç bir çətinlik çəkmədən çoxu azaldır, azı çoxaldır...

Bəhram bu beytdə acizliyini dilə gətirir, həddimi bilirəm deyir, insan sınırlı varlıqdır ölçüsünü qoyur, anlayışın təqdimi üçün uyğun vasitələr seçir, hər bədii incəlik insan acizdir deyir:

- Təsirli danışır, bu məqsədlə məcaza yer verir, "əlimdən gəlmir" ("nə ayəd əz mən"), şah olsam da, acizəm, gücüm çatmır / çatmaz deyir - misrada "mən" sözü var, mən şaham, ancaq mənim də əlimdən gəlmir;

- "Və" bağlayıcısı ilə sıralamanı davam etdirir, "gərçe" ("baxmayaraq", "sa2da2") qəlibi ilə iki zidd anlayışı bir araya gətirir, acizliyinin dərəcəsini artırır;

- Deyir ki, çox çalışsam da, bütün gücümlə işləsəm də, əlimdən gəlmir / gəlməz - bu, insanın çalışması ilə deyil, imkanı ilə bağlı məsələdir, ona hər işə gücü çatmaq imkanı verilməmişdir;

- Bəhramın bu qədər imkana (o, şahdır), əməyə baxmayaraq əlindən gəlməyən nədir? O bu yerdə acizliyini göstərən bir vasitə də seçir: bir, bircə, tək bir ahu/ceyran deyir, sayı ən aza endirir, sayın azalması acizliyin dərəcəsini artırır;

- O ceyran səhrada / çöldə yaşayır, Bəhram bütün gücü ilə çalışır ki, bircə ceyranı doyursun, ancaq bunu etmək əlindən gəlmir: İranın böyük şahı Bəhramın səhradakı bir ceyranı doyurmaq imkanı yoxdur;

- Nizami niyə məhz "ceyran" sözünü seçir? Səbəbləri sıralayaq: a) insanın - şah Bəhramın acizliyini ifadə edir - bircə ceyranın ruzisini verə bilməyən insan (şah); b) ceyranın ruzi ehtiyacı çox deyil, ət yox, ot yeyir, az yeyir - azca ota ehtiyacı olan bir ceyranı doyura bilməyən insan (şah);

- Şair o bir ceyranın səhrada / çöldə yaşadığını ayrıca vurğulayır - insanın çöldə yaşayan bir ceyranın halından xəbərdar olmaq, ona ruzi vermək - qıtlıq dövründə qarnını doyurmaq imkanı varmı, özü acından ölən insan səhradakı ceyranı düşünər, ona yardım edərmi / buna gücü çatarmı?;

- Mesaj budur: hər şeyə gücü çatan, mərhəməti hər varlığı əhatə edən, yaratdığı hər varlığı görən, bilən, eşidən, onlara ruzi verən bir varlıq var, O da Allahdır, insanın da, çiçəyin də, böcəyin də, heyvanın da, quşun da ruzisi Allahdandır;

- Bəhram işi bu nöqtəyə gətirir: qıtlıq nəticəsində İranda bircə insan öldü, bunun səbəbi mənim çalışmamağım, mərhəmətsizliyim, diqqətsizliyim deyil, Allah şahiddir ki, əlimdən gələni etdim, səbəb acizliyimdir - insanın hər işə gücü çatmaz, acizliyimi boynuma alır, Allahdan bağışlanma istəyirəm;

 

(Davamı olacaq)

OTHER NEWS