Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Vilayat Guliyev on Asif Rustamli‘s path to success

02-02-2024 [ 13:19 ] [ read:47 ]
printerA+ | A-

1987 is a long time. I had just been appointed deputy director of Azerbaijan's Institute of Literature named after EA Nizami. Professor Yashar Garayev served as director. We were making enormous plans. In the metaphorical phrasing of the late instructor Yashar, we aimed to transparently adapt scientific ideas to the beat and rhythm of the reconstruction. We sought to recruit fresh staff to the institute and do serious research on persons and themes that had previously been barred. In short, there was a sense of renewal.

In the institute's halls, I periodically came across a tall, calm-looking young guy with a pleasant expression. Because we don't know each other, I just welcomed him. At first, I assumed he was one of our several doctorate students. Then one of the employees revealed that he worked at a factory, was interested in literary history, and published scientific studies. I saw him numerous times in the director's reception area.

Bir gün direktor Yaşar Qarayev məni yanına çağırdı. Tanımadığım gənc də otaqda idi. Mən içəri girəndə hörmətlə ayağa qalxdı. Yaşar müəllim onu təqdim etdi.

- Tanış ol, - dedi, - Asif Rüstəmlidir. Bizim İnstitutda işləmək istəyir. Elmi tədqiqata böyük həvəs göstərir, maraqlı fikirləri var. Bir-iki yazısına mən də baxmışam. Yanvar ayında keçirəcəyimiz müsabiqədə iştirak etməyə hazırlaşır. Sənədləri ilə tanış ol. Ümumiyyətlə, öz aranızda danışın, fikir mübadiləsi aparın.

Həmin gün Asiflə xeyli söhbət etdik. Ümumi hazırlıq və elmi-nəzəri səviyyə baxımından İnstitutda çalışan əməkdaşların bəzilərindən üstün olduğunu gördüm. Yadımdadır ki, yenicə çapdan çıxmış "Mirzə Kazımbəy" monoqrafiyamı ithaf sözləri ilə ona bağışladım. Əminliklə demək olar ki, 35 ildən çox davam edən əməkdaşlıq və dostluğumuzun bünövrəsi də elə o gün qoyuldu.

1988-ci ilin yanvarında müsabiqə keçirildi və iddiaçı sınaqlardan uğurla keçib baş laborant vəzifəsinə qəbul olundu. O zaman Asifin 34 yaşı vardı. Bunu niyə xüsusi qeyd edirəm? Çünki İnstitutda elə gənc alimlər vardı ki, artıq bu yaşa çatana qədər namizədlik dissertasiyasını müdafiə etmişdilər, doktorluq üzərində işləyirdilər. Mətbuata, radio və TV-yə yol tapmışdılar. Ədəbi aləmdə, elmi dairələrdə tanınırdılar. Uzağa getməyim - təvazökarlıqdan bir qədər kənar görünsə də, baş laborant kimi böyük şövqlə işə başlayan Asiflə mənim aramda yaş fərqi il yarımdan da az idi.

Yazılanlara inansaq, yadıma 22-23 yaşında Slavyan-yunan-latın akademiyasında 14-15 yaşlı yeniyetmələrlə bir sinifdə oxuyan Lomonosov düşdü. İndi elə düşünülməsin ki, bizim Asifi Lomonosovla müqayisə edirəm. Sadəcə demək istəyirəm ki, Asif də oxşar sınaqdan uğurla çıxdı. Tezliklə "qocaman" baş laborant bütün göstəricilər üzrə həmyaşıdı olan dərəcəli elmi işçilərlə bir sırada dayandı. Hətta ciddiyyəti, tədqiqatçı marağı, çətinliklərə və dərinliklərə baş vurmaq həvəsi ilə onlardan bəzilərini qabaqladı. Qısa müddətdə özünü ədəbi aləmdə tanıtmağa nail oldu. Çevrəmizdəki korifey sayıla biləcək nüfuzlu alimlərin hörmətini qazandı.

O zaman Ədəbiyyat İnstitutunda klassik ədəbiyyatşünaslarla ədəbiyyat nəzəriyyəçiləri arasında çox da qabardılmayan, qarşıdurmaya çevrilməyən, amma hiss olunan xəfif bir mübarizə gedirdi. Birincilərin başında faktı, sənədi, arxiv işini və axtarışları tədqiqat üçün hava, su kimi vacib sayan Əziz Mirəhmədov dayanırdı. İkincilərin lideri isə əsərlərində nəzəri-tipoloji ümumiləşdirmələrə, metodoloji məsələlərə daha geniş yer ayıran Yaşar Qarayev idi.

Təbii ki, İnstitutda işə qəbul olunmasına görə Asif ilk növbədə sonuncunun qayğı və diqqətinə borclu idi. Sözün yaxşı mənasında Yaşar müəllimin tapıntısı idi. Lakin bu vəziyyət yeni əməkdaşın sırf elmi maraqlar, habelə tədqiqatlarının mövzu və istiqaməti baxımından Əziz Mirəhmədovun "cəbhəsində" yer almasına bir maneçilik törətmədi. Hər iki tərəfdən bəlli razılıq, hətta təşviqlə qarşılanan "mövqe dəyişimindən" isə sadəcə Ədəbiyyat İnstitutu deyil, bütünlüklə ədəbiyyatşünaslıq elmi, hətta daha geniş mənada və perspektivdə mədəniyyətimiz qazandı.

Çünki Asif ilk gündən elmdə yüngül yol seçmədi. Öhdəsindən asanlıqla gəlinən mövzular dalınca qaçmadı. Əksinə, daim yenilik axtarışında oldu. Ən başlıcası isə ədəbiyyatşünaslıq elminə gəldiyi vaxtdan ədəbi hadisələrə, yaradıcı şəxsiyyətlərə münasibətdə qədirşünaslıq qayəsi ilə yaşadı. Məlum olanların fərqli təsvirinə və təqdiminə deyil, gizlinlərin aşkara çıxarılmasına üstünlük verdi. Bunun çətin olduğunu, zəhmət tələb etdiyini bilsə də, tərəddüd edib geri çəkilmədi. Görkəmli ədəbi simalardan yazıb onların şöhrəti kölgəsində yer axtarmadı. Unudulan, haqsız yerə diqqətdən kənarda qalan söz və sənət fədailərini araşdırıb tanıtmağı daha üstün tutdu.

Məsələn, İnstitutda işə başlayandan bir neçə il sonra ortaya ədəbi təxəllüsü qədər də çətin, məşəqqətli həyat yolu keçmiş mollanəsrəddinçi şair, Cənub poeziyasının fəal nümayəndəsi Bayraməli Abbaszadə Hambal (1869-1926) haqda maraqlı tədqiqat qoydu. Təkcə onu demək kifayətdir ki, "Tufanlardan keçən ömür" adlı əsər XX əsr Azərbaycan ədəbiyyatı tarixində B.Abbaszadənin həyat və yaradıcılığına həsr olunmuş ilk sistemli, monoqrafik araşdırma idi. Müəllif sonrakı illərdə də bu istiqamətdəki axtarışlarını davam etdirərək 2014-cü ildə əsərinin demək olar ki, iki dəfə genişləndirilmiş versiyasını "Abbasəli Bayramzadə: mühiti və mücadiləsi" adı altında çap etdirmişdi. Mütəvazi şairin milli mədəniyyət tarixinə qazandırılması Asifin elmi fəaliyyətindən qırmızı xətlə keçən qədirşünaslığın bir təzahürü idi.

XX əsr Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı kitab və məqalələrin müəllifi olsa da, professor Asif Rüstəmli filoloji fikirdə daha çox cabbarlışünas kimi tanınır. Bilindiyi kimi, Cəfər Cabbarlı haqqında ilk fundamental əsəri milli ədəbiyyatşünaslıq və ədəbi tənqidimizin korifeylərindən sayılan akademik Məmməd Arif Dadaşzadə yazmışdı. Müəllifin 1956-cı ildə çapdan çıxan və doktorluq dissertasiyasının materiallarını özündə ehtiva edən "Cəfər Cabbarlının yaradıcılıq yolu" monoqrafiyası onilliklər boyu böyük dramaturq haqqında mötəbər mənbə, son söz sayılırdı. Bəzən elə təəssürat yaranırdı ki, akademik Məmməd Arifdən sonra Cabbarlı haqqında nəsə demək və yazmaq çətin, bəlkə də, mümkünsüzdür. 

Cəfər Cabbarlı haqqındakı ilk məqaləsini 1985-ci ildə çap etdirən Asif Rüstəmli böyük müasirinin avtoriteti qarşısında qorxub geri çəkilmədi. Hətta eyni mövzuda doktorluq dissertasiyası yazmaq cəsarətini də göstərdi. Bir şərtlə ki, Cabbarlı yaradıcılığını, dövrünü və mühitini sadəcə təsvir və təhlil yox, dərindən tədqiq edib araşdırmaq yolunu tutdu. Ədibin arxivini, dövrü mətbuatı, həmkar və müasirlərini diqqətlə öyrəndi. Qadağa altındakı sənəd və materialları üzə çıxardı. Ailəsi və yaxınları ilə sıx əlaqə yaratdı. Nəticədə çox da uzaq keçmişdə yaşamayan dramaturqun xeyli sayda naməlum əsərini - 6 pyesini, 4 hekayəsini, 30-a qədər lirik və satirik şeirini, 60 publisist və ədəbi-tənqidi məqaləsini aşkara çıxardı, ərəb əlifbasından transliterasiya edib çapa hazırladı. Böyük zəhmət bahasına başa gələn bu iş təkcə Cabbarlının ədəbi-bədii irsində və ictimai-siyasi fəaliyyətindəki "ağ ləkələrin" aradan qaldırılması deyildi. Həm də XX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə qiymətli töhfə idi. Yeni əsərlərinin aşkara çıxarılıb nəşr edilməsi Cabbarlını dramaturq, şair, nasir, tənqidçi, siyasi xadim, milli mücahid kimi yeni baxış bucağından görməyə imkan yaratdı.

Cabbarlışünaslığın görkəmli nümayəndəsi adlanmaq haqqı və səlahiyyəti qazanan professor Asif Rüstəmlinin tərtibi və müqəddiməsi ilə ədibin əsərləri 4 cilddə, üstəlik də latın əlifbasında çap olundu. 2009-cu ildə onun çoxillik axtarışlarının bəhrəsi olan, təxminən 25 m.v. həcmindəki "Cəfər Cabbarlı. Həyatı və mühiti" monoqrafiyası Bakıda, MEA-nın "Elm" nəşriyyatında işıq üzü gördü. Sanballı monoqrafiya Asif Rüstəmlinin aradan iki il ötəndən sonra Bakı Dövlət Universitetinin Elmi Şurasında uğurla müdafiə etdiyi "Cəfər Cabbarlı: Həyatı və mühiti" adlı doktorluq dissertasiyanın əsas faktoloji və elmi-nəzəri müddəalarını özündə əks etdirirdi. Maraqlıdır ki, bu dolğun tədqiqat Azərbaycan hüdudlarından kənarda da diqqəti çəkdi. Ədəbiyyat tarixçiliyimizin azsaylı nümunələrindən biri kimi 2011-ci ildə Türkiyənin Elazıq şəhərindəki "Manas" nəşriyyatında Anadolu türkcəsi ilə çap olundu.

Asifin yaradıcılığındakı ikinci mühüm xətt Azərbaycan Cümhuriyyətinin ədəbi-mədəni siyasəti, daha geniş mənada istiqlal ədəbiyyatıdır. Tarixçilər inciməsinlər, milli dövlətimiz - Cümhuriyyətlə bağlı ilk elmi araşdırmalar Nizami adına Ədəbiyyat İnstitutunda başlanmışdı. 1990-cı ilin mayında EA-nın digər profil institutlarının iştirakı ilə "Azərbaycan Demokratik Respublikası: tarix, siyasət, mədəniyyət" adlı ümumrespublika konfransı keçirmişdik. Növbəti il isə həmin konfransın materialları mənim tərtib və redaktəmlə kitab şəklində "Azərnəşr"də çap olunmuşdu. Elə həmin dövrdən başlayaraq istiqlal irsimizin bütün yönləri ilə ilk fəal tədqiqatçı və təbliğatçılarından birinin Asif Rüstəmli olduğunu desəm, mübaliğəyə yol vermiş olmaram. 1990-cı ildə o, M.Ə.Rəsulzadənin məşhur "Azərbaycan Cümhuriyyəti" kitabını (1923-cü il İstanbul nəşri əsasında) hazırlayıb nəşr etdirmişdi. Bu, milli dövlət ideoloqunun 1920-ci ildən sonra tarixi Vətənində işıq üzü görən ilk əsəri idi. İki il sonra Asif Rüstəmli başqa bir Cümhuriyyət xadiminin - xarici işlər nazirinin müavini, İranda ilk səfirimiz Adil xan Ziyadxanın "Azərbaycan" kitabını çapa hazırladı. Həmin kitab 1992-ci ildə mənim "Yoxdan bayraq yaradanlardan biri" adlı geniş müqəddiməmlə nəşr olundu və tezliklə biblioqrafik nadirəyə çevrildi.

Bizi 1990-cı illərdən böyük zaman məsafəsi ayırsa da, aradan ötən illər ərzində Asif Rüstəmli milli istiqlal və milli mədəni irs sahəsindəki axtarışlarına ara verməmişdir. O, Cabbarlının milli mübarizə tarixindəki yerini, rol və xidmətlərini, xüsusən də sovet hakimiyyəti illərindəki gizli fəaliyyətini araşdıraraq "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" (2018) kitabını çap etdirmişdir. Azərbaycan siyasi mühacirətinin başqa bir görkəmli nümayəndəsi Mirzəbala Məmmədzadənin həyat və mübarizəsindən bəhs edən "Zirədən başlanan yol" kitabı da Asif Rüstəmlinin zəhməti və qədirbilənliyi sayəsində meydana çıxıb. Eyni sözləri istiqlal şairi Almaz İldırımın mühiti, şəxsiyyəti və yaradıcılıq yolu haqda da demək olar. Onun "Ədəbi istiqlalımız" (2004) kitabı Azərbaycan Cümhuriyyəti dövlətinin mədəni siyasəti və Cümhuriyyət dövrünün ədəbi həyatı haqda mühüm araşdırmalardan biri sayıla bilər.

Yəqin 2003-cü ildən bəri müstəqil elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərən Azərbaycan MEA-nın Folklor İnstitutunun qurulmasında Asif Rüstəmlinin mühüm xidməti olmasından çox az adam xəbərdardır. 1991-ci ildə Ədəbiyyat İnstitutu nəzdində Folklor Sarayı yaratmaq fikri meydana çıxanda ideyanın gerçəkləşdirilməsi ona həvalə olundu. Böyük çətinliklə Bakının qədim tarixi mərkəzində - İçərişəhərdə bina təmin edildi. Hazırlıq işləri üç ilə yaxın vaxt apardı. Çünki hər şeyi sıfırdan başlamaq lazım idi. Folklor Sarayı Asif Rüstəmlinin rəhbərliyi ilə yalnız 1994-cü ildə rəsmən fəaliyyətə başladı. İlkin vaxtlarda qurumun tərkibində "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk xalqlarının folkloru", "Aşıq yaradıcılığı" bölmələri və kompyuter mərkəzi mövcud idi. Qısa müddət ərzində Folklor Sarayı xalq yaradıcılığının toplanması, tədqiqi və nəşri üzrə mühüm mərkəzə, müstəqil institutun elmi-nəzəri bazasına çevrildi.

Dostları, ünsiyyətdə olduğu hər kəs Asifi halal, gözütox, dürüst və prinsipial insan kimi tanıyır. Məhz bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası yenidən təşkil ediləndə qurumda məsul vəzifəyə gətirilənlərdən biri də professor Asif Rüstəmli oldu. Çünki həm AAK rəhbərliyi, həm də elmi ictimaiyyət inanırdı ki, o, elmi maraqların keşiyində dayanacaq, haqqı nahaqqa verməyəcək. Məsuliyyət daşıdığı sahədə elmi dəyərdən məhrum, səthi və təsvirçi xarakter daşıyan, plagiat kimi meydana çıxan "dissertasiya" axınının qarşısını almaq üçün əlindən gələn hər şeyi edəcək. AAK-da çalışdığı dövrdə ara-sıra Asiflə telefonda danışırdıq. O, elmə diletant axının önündə sədd çəkmək üçün necə ciddi çətinliklərlə üz-üzə gəldiklərindən vətəndaş yanğısı, ürək ağrısı ilə danışırdı.

Asifin fəaliyyət sahəsi və maraq dairəsi kifayət qədər genişdir. O, müxtəlif illərdə yalnız ədəbiyyat tarixçisi və ədəbiyyatşünas deyil, həm də naşir, pedaqoq, dərslik müəllifi, televiziya aparıcısı, ssenarist, tərcüməçi və publisist kimi geniş fəaliyyət göstərib, mədəni-ictimai həyatda fəal iştirakı ilə seçilib. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mətnşünaslıq, redaktənin əsasları, ədəbi redaktənin əsasları fənlərini tədris edib. "Ədəbi redaktənin əsasları: Tarixi, nəzəriyyəsi, təcrübəsi" adlı dərs vəsaiti hazırlayıb. Azərbaycan ədəbiyyatının xaricdə, xüsusən də İran və Türkiyə kimi qonşu ölkələrdə təbliği üçün işlər görüb.

Bizi Asiflə uzun illərin yaradıcılıq əməkdaşlığı bağlayır. Məmnunluq hissi ilə qeyd edirəm ki, müxtəlif illərdə "Ağaoğlular", "İsa Sultan Şahtaxtinskinin qəribə həyatı", "Azərbaycanda erməni zülmü", "Azərbaycan filoloji fikri və rus ədəbi-mədəni mühiti", "Tarixdə iz qoyan azərbaycanlılar", "Son illərin yazıları", "Tariximiz və taleyimiz" və digər kitablarım onun qurucusu və rəhbəri olduğu "Ozan" nəşriyyatında çap edilib. Həm də Asif bu kitabların çapında təkcə naşir kimi deyil, redaktor, ön sözün müəllifi, ilk oxucu və xeyirxah məsləhətçi kimi iştirak edib fikir və mülahizələrini, təkliflərini böyük səmimiyyətlə həm şəxsən, həm də mətbuat vasitəsi ilə bildirib. Bəzi kitablarıma ön söz yazıb, məqalə və resenziyalar çap etdirib.

Asif Rüstəmli təxminən 40 il bundan əvvəl, hələ heç bir elmi ad və rəsmi statusa malik olmadığı dövrdə XX əsrin əvvəlindəki milli mətbuatda təsadüf etdiyi bir imzaya aydınlıq gətirmək məqsədi ilə əfsanəvi şəxsiyyət Qulam Məmmədli ilə görüşmüşdü. Gənc ədəbiyyat maraqlısı ilə söhbət Qulam müəllimə elə xoş təsir bağışlamışdı ki, kiçik həcmli, amma zəngin məlumatın toplandığı məşhur "İmzalar" kitabını "gələcək ədəbi fəaliyyəti məni ümidvar edən gənc ədəbiyyatşünas Asifə yadigar verirəm və ona bu nəcib və çətin işdə müvəffəqiyyət arzulayıram" avtoqrafı ilə qonağına bağışlamışdı. İndi tam əminliklə demək olar ki, Asif yorulmaz axtarışları, naməlum həqiqətlərin üzərindən məchulluq pərdəsini qaldıran tədqiqat və araşdırmaları ilə Qulam müəllimin və keçdiyi böyük yolda ona inanan, etimad göstərən yaşlı və gənc həmkarlarının, ölkə ədəbi ictimaiyyətinin rəğbət və hörmətini qazanmışdır.

Bilmirəm, mənə belə gəlir, yoxsa ədəbiyyat sexindən olan keçmiş həmkarlarım da oxşar şəkildə düşünürlər?.. Hərdən fikirləşirəm ki, sanki zaman çox sürətlə keçdi və biz - ötən əsrin 70-80-ci illərində Ədəbiyyat İnstitutunun kandarından elmi-ədəbi dünyaya ayaq basan gənclər özümüz də hiss etmədən ahıl yaşa çatdığımızı gördük. Bu günlərdə ədəbi-mədəni fikrimizin daha bir fədakar zəhmətkeşi - filologiya elmləri doktoru, professor Asif Rüstəmli də 70 yaşını qeyd edir. Yadımdadır, vaxtı ilə Ədəbiyyat İnstitutunun divarları arasında Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Əkbər Ağayev, Bəkir Nəbiyev və başqa görkəmli alimlərimizin, müəllimlərimizin 70 illik yubiley məclislərində iştirak edəndə həmin yaşa və həmin zirvəyə çata bilməyimiz bizə uzaq, əlçatmaz görünürdü.

O əlçatmaz görünən yaşa çatdıq, çatırıq.

"Zirvə"yə gəldikdə isə fikrimcə, bu nisbi məsələdir. Aydır məsələdir ki, 50-60-cı illərin "zirvəsi" ilə bu günün "zirvəsi" arasında fərqlər yox deyil. Şübhəsiz, "baniyi-kar" olmaq, cığır açmaq böyük şərəf və məsuliyyətdir. Lakin layiqli davamçıların xidməti də heç vəhclə kölgədə qalmamalıdır. Əsas məsələ isə ömrün bəlli hesabat mərhələləri sayılan "dəyirmi" yaşlara, ümumiyyətlə, hər yeni ilə əli və ürəyi dolu, "Mən indiyə qədər bacardığımı etdim, həyatımın ən yaxşı illərini verdiyim işi bundan sonra da eyni həvəslə davam etdirəcəyəm" düşüncəsi və əzmi ilə gəlməkdir.

Təvazökar, fədakar alim dostumuz Asif Rüstəmlinin 70 yaşın astanasında belə düşünməyə, belə deməyə və gələcək üçün planlar qurmağa tam mənəvi haqqı var.

 

Sarayevo, yanvar, 2024-cü il