Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Colours that talk in "Dumb Ships" - poetry in the past continuous tense - Matanat Vahid

02-02-2024 [ 13:10 ] [ read:7 ]
printerA+ | A-

Süd dişi ağarırdı göy üzünün:

yavaş-yavaş gözlərini

açırdı səhər.

Evdən məktub alan əsgər

nişanlısı üşüməsin deyə,

"buşlat"ını çıxarıb atdı xatirələrin üstünə.

 

Gözü haraya sataşsa, ondan poetik məkan yaradıb gerçəkliyin içərisinə çəkib gətirən, yaratdığı kiçik dünyanın intəhasızlığına sığınan şairin bütün nəsnələrlə bağlı qavramı fərqli, özəldir - üfüqləri genişləndikcə məkan və zamanın fövqündə bir aləm yaradır. Bunlar müəllifin ifadə üsulunda toxunulmamış bir məkanda iz salmaq, sonra öz ləpirləri üzərinə ayağını basıb yenidən o xəritə üzrə hərəkət etmək arzusundan doğur...    

"Lal gəmilər" Seyid Aynurun ilk kitabı, ömründən vaxtsız gedən "sarı şahzadə"sinə (qardaşına) ithaf etdiyi bədii ağrılarıdır. Buradakı lallıq anlayışı səssizliyi yox, sükutun dilində danışmaq qabiliyyətini ifadə edir. O, şeirlərini şəkil-şəkil, rəng-rəng yazır və kitabı vərəqləyəndə izahlı albom səhifələrini çevirirmiş kimi hiss edirsən.

Bədii mətn iki halda yazılır: unutmaq istəyəndə və yaşatmağa çalışanda. Müəllif yaddaşında daim oyaq qalıb onu başqa heç nə barədə düşünməyə qoymayan nəsnələri sözə çevirməklə "nəfəsini kəsir", düşüncə ömrünü sonlandırır. İkinci halda isə  həm də sözlərdə yaşatsın deyə, xatirələrə şans verir, ruh üfürür, əsla unudulmağa qoymur. Hər iki halda, o, yaradıcıdır - istər "öldürüb" həyat versin, istər ömrünü uzadıb...

Seyid Aynurun şeirlərində əsas idarəedici qüvvə keçmişdir. Zamanın yığıb apardıqlarını yaddaş möhkəmcə sıxıb saxlayır, əbədiyyətə qovuşsun deyə misralara hopdurur.

 

Axşam düşməsin deyə

Mavi göy üzünə

Sarı dilək şarları uçurardım.

Sən eyvanda saxladığın

Bildirçinləri yedirərdin.

Qollarımdan beşik düzəldib

Xatirələri yırğalayardım:

Ayrılandan bilmişəm -

Qəfəsə quşları yox,

Saatları qoymalıydıq.

 

"Saat" şeiri keçmişi dirildir, xatırlananın içindən başqa bir xatirə boy verir. Sanki indi zaman olaraq mövcud deyil, yaşanmır, bütün hallarda bu an keçmişi yaşatmaq üçün geriyə boylanmaqdan ibarətdir. Beləcə, indi zaman plastında matryoşka kimi iç-içə (keçmiş - daha  keçmiş - daha əvvəlki keçmiş...) ötüb keçənin proyeksiyalarından ibarət olur.

Yaddaşın konseptual metaforası Aynurun şeirlərində müxtəlif statik və dinamik aspektlərdən təzahür edir: təqvim, ayna, dəniz, gözlər... kimi xatirələri özündə saxlaya, möhürləyə bilən nəsnələr üstünlük təşkil edir. M.Haydeggersayağı desək, insanı keçmişə bağlayan xatirələr, təəssüf və acılar, peşmanlıq və məyusluq, təcrübə və bilgilərdir; gələcək isə daha çox arzu, ümid, planlar, təşviş və qorxu ilə bağlıdır. İndinin hiss edilməsi mövcud gerçəkliklə birbaşa ünsiyyət imkanına malik yeganə andır və o da xatirələrə dalaraq yaşanırsa, burada və indi bada verilir. Aynurun şeirlərinin fonunda hətta gələcəyin, arzu və xəyalların belə, indidən artıq xatirə olduğunu düşünmək mümkündür.  "Lal gəmilər"də baxan obraz sanki izlədiyindən daha uzağa zillənməklə anın əbədiyyətini hiss etdirir - keçmiş davamedici zamanın sonsuzluğunu. Mətnlərin bətninə sıxılmış varlıq və yoxluq doğuluşla son(suzluq) arasındakı yolçuluq kimidir. Bu şeirlər həyatın bütün rakurslardan rəsmini çəkir. "Sükut" və "Ayrılıq" şeirlərində sevgi də, ayrılıq da vizuallaşır:

 

Əlimdəki telefonun ekranından

harasa boylandın

şəkil-şəkil.

Göndərdiyin bütün mesajların hərflərini

nağıllardakı divlər yedi.

Bir bulud qondu

Yamyaşıl ağacın başına

payız gəldi,

Töküldü yarpaqları.

 

Şeirdə ayrılığın doğurduğu nə hiss, həyəcan var, nə ağrısı, kədəri - yalnız şəkli var. Bir insanın həyatındakı yoxluğu yazılmayan mesajları qədər əskik, silinən şəkillərin  qovluğu qədər boşluqla hiss edilir, ilk növbədə. Beləcə "kasıblaşır", payızda çılpaqlaşan ağac kimi rəngsizləşir, solğunlaşır ömür də.

 

Sevgimiz ayağında,

Xatirələr boz çamadanında gedəndən bəri,

Üzüm tinglərdə,

Günah alma ağaclarında qalmadımı?..

 

Həsrətin dadı sevgili ilə içilməyən vüsal şərabı qədər acı, ayrılığın rəngi dərilib dişlənməyən almalar kimi solğun... "Ayrılığın yası" şeirində həsrət acısının ifadəsi yaz və payızın temporal konseptual mənalarında sıxılıb qalır. Yaz - payız keçidi həyat - ölüm kimi həsrətin başladığı yerdəməqamda vüsalın bitdiyini ifadə edir. Yaxud "Bomba səsindən diksinib tumurcuqladı budaqlar..." misralarında həyat-ölüm, ölüm-həyat keçidləri bir-birini əvəzləyir. "Nüvə", "Xudayarın nəğməsi", "Susduq", "Qarabağ" kimi şeirlərdə ümidə qapı açılır, ölüm başqa zaman ölçüsündə həyatla əvəzlənir, sikl davam edir. Bu şeirlərdə ölüm yalnız son deyil, həm də bir ayrı başlanğıcdır. "Bir evdə bir ananın yuxusunda çilikləndi aynalar vağzalı çalınmadı" kimi müharibəni, ölümü yansıdan misralar sonda qovuşma, qələbə əhvalına köklənir:

Dalğalanar gözlərimdə bayrağım,

Gəldim oturub söhbətləşək, Şuşa:

Sən, mən, dəfnə ağacı.

 

Bu şeirlərdə müharibənin ağrı-acısı da var, itkilərin ruhu sızladan miqyası da, qələbənin sevinci də. Di gəl misralar nə ölümü və itkini hayqırır, nə sevinci bağırır. Aynurun müharibə mövzusunda şeirləri oxucunun alışdığı "gözlənti"ni doğrultmur; bu mətnlərə hay-küy, pafos, qəzəb, nifrət yaddır - bütün hissləri iliklərinə kimi hiss etdirən təsvir var. Oxucunun gözləntisini doğrultmaq yaradıcılığa, yeniliyə düşmənlikdir, tələblər çərçivəsinə sığışıb qalmaqdır. Aynur bu mənada azad şairdir - sözü, estetik seçimləri ilə fərqlidir; şeirləri "yaradıcılığın sirri onun mənbəyini gizləyə bilməkdədir" fikrinin haqqını verir. Burada müəllifin əhvalı sirr pərdəsinə bürünür, "ürək ritmini" yansıtmaq sehrinə malik misralar belə, poetik məkanda varlığın özünəməxsus fəlsəfəsini yaratmağa xidmət edir.

 

And olsun təbiətə,

Kəsilmiş ağacların

O səssiz hönkürtüsünə!

Mən sevgi şeirlərini

Heç vaxt vərəqdə yazmadım:

Musiqi kimi gəldi,

Nəğmə kimi zümzümə etdim.

 

Aynurun şeirlərində təfərrüatçılıq yoxdur - yalnız təəssürat var: hissin adı ağrıdırsa, onun assosiasiyası, sevincdirsə... Sevinc (sanki) yoxdur bu mətnlərdə - nə dadı var, nə rəngi. Bu şeirlərin adı sevgidir - ayrılıq şəklində, qüssə rəngində, göz yaşı dadında... Aynurun şeirlərində "ölüm" kəlməsi də demək olar, işlənmir, onu evfemist ifadələr, misralarla əvəzləyir. Bu mətnlərdə ölüm həyatdan sonrakı varoluşdur - davam kimi; misralar bəzən bir ömrü, bəzən nə vaxtsa başlayıb sonlansa da, əbədiyyət qazanmış sevgini sığdıra bilir özünə. Beləcə, koqnitiv təcrübə sayəsində şüurda formalaşan konseptual strukturlar müəllifin dünya, həyat, ölüm, sevgi, ayrılıq haqqında biliklərinin bədii məkanda ifadəsini tapan fraqmentlərə çevrilir.

Aynurun şeirləri bir az da "ölümdən başqa hər şeyin çarəsi var" təlqinidir gizlicə. Bu düşüncələri oyadan tırladan misralardakı statik əhvali-ruhiyyədir: nə hıçqırıq var, nə qəhqəhə... Ölümlü dünyada sanki bütün kədərli situasiyalar getməyin mümkünlüyünü çıxış yolu kimi nişan verir. Bu mətnlərdə məkan əksərən zamandan ayrı, fövqəl mövcudluqdur və müəllifin iç dünyası ilə qovuşub xüsusi mental məkan yaradır.

Aynurun misralarında sözlər canlanır, maddiləşir, "fiziki bədən"ə malik olur. Odur ki, bu şeirlər haqqında "sözlə rəsm çəkir" deyə düşünmürəm, müəllifin bir şeirdə həm şair, həm rəssam olduğu fikrindəyəm: fərqi yoxdur, bunu bilərəkdən edir və ya özünün belə xəbəri olmayan bir aktı həyata keçirir. Nəticə etibarilə, biz rəsm izləmədiyimizə, şeir oxuduğumuza görə nitqin vizuallaşmasından bəhs edə bilirik. Bu baxımdan "Lal gəmilər"dəki şeirlərin əksərindən həm də intermediallıq kontekstində bəhs etmək yerinə düşür. Müəllif sözdən uzaqlaşırmı? Əksinə, təsviri sənət dilini də öz nitqinə qataraq bədii məkanı genişləndirir. "Xəyal" şeirində o, rəssamdır:

 

Səma çəkmək üçün molbert,

Mavi xalçalı yer dəniz olsa,

Günəş olsa sarı, ipək örtülü masamız

Düzülsə qarşımızda stullar gəmi kimi

Sən eyvanda uşaqlarımızla oynasan

Ehh, rəssam xəyalım...

 

Aynurun çəkdiyi (!) şeirlərdə həyat - gah dalğalı, gah sakit mavi dənizdir; gəmi - kağızdan olsun, ya portağal qabığından, fərq etməz, həyatdakı yolunu arayan insandır, rənglər isə arzuların, xəyalların xarakteridir. "Portağal" şeirindəki sitrus qoxulu narıncı arzular da oxşar xəyallardan doğulur. Amma bu dəfə arzular yalnız xəyal məhsulu deyil, dənizə buraxılan portağal qabığından gəmilərdir. Bu şeirdəki kimi, rənglərin adı çəkilməyəndə belə, mətn hansısa bir rənglə assosiasiya olunur. Rənglər, xüsusilə ağ, mavi, qırmızının elə mifik yaddaşımızda olduğu kimi mənalandırıldığı bu şeirlər mifik təfəkkürə bağlılıqdan doğulur. Şair bunu bilrəkdən edir, yaxud ixtiyarsız, fərqi yoxdur, mental yaddaşda yer eləmiş bu düşüncə misralarda poetik həllini tapır. İnsanın istifadə etdiyi rəng, çəkdiyi şəkil belə onun emosional, psixoloji köklənməsini ifadə edir axı. "Nüvə" şeirinin son misralarına baxaq:

 

Bir qırmızı papaqlı qız -

Yanağında lalələr

Mənə baxıb gülümsədi,

Xirosimaya yaz gəldi.

 

Burada qırmızı - xoşbəxtliyi ifadə edən günəşin rəngidir. Amma ümidlə sonlanan bu şeir necə başlamışdı:

 

Əvvəlcə qırmızı papağı,

Sonra lalələr itdi yanaqlarında

Yandı uzun qara hörükləri qızın

Od düşdü Xirosimaya...

 

İtirilmiş səadət qırmızının yoxa çıxması kimi ifadə edilir. "Tunel" şeirində isə qırmızı yağış - döyüşü, qanı bildirir ("Səngərə yağış yağır - rəngi qırmızı."). Bu sətirlərdə adı çəkilməsə də, ölüm qoxusu, qorxusu, ağrısı duyulur - qırmızı rəngin varlığı kimi, yoxa çıxması kimi... Yaxud "Darıxmaq" şeirində: "Çata bilməyəcəyim yasəmən qoxulu arzudur uşaqlıq. Rəssam olsam, kətan üstünə çiçəklərin ətrini çəksəm..." Bu nümunələrin sayını xeyi artırmaq olar, çünki "Lal gəmilər"də rənglər və notlar ön plandadır.

Aynurun xüsusən minimalist şeirlərinə xas olan kəpənək qanadı zərifliyi gözəllik qarşısında donan sözlərin şəkilləridir. Bu şeirlərdə müəllifin yaratmaq - çəkmək, əbədiləşdirmək, anı həkk etmək istəyi qabarıqdır; sanki üzü dənizə dayanıb molbert qarşısında rəngləri qarışdırır - sözləri zümzümə edə-edə. Kitabda "hayku" adı  altında təqdim edilən üçlüklər anı möhürləyən, xırdaca "kəşf"ləri ilə böyük təəssüratlar doğura bilən misralardır.

 

İsti yay axşamı

Yerə düşər dəymiş əriklər

Gün batar.

 

***

Buludlar balıq olsa,

Dəniz mavisi göy üzündən

Düşsə tavaya.

 

Deyirlər, hayku yazmaq sənətkarlığı gölməçələr arasındakı dar "boğaz"da rəqs qədər ustalıq tələb edir. Minimalist şeirlər üçün təkcə qısa məzmun deyil, həmçinin formal poetik göstəricilərdən asudəlik xarakterikdirsə, haykular bu asudəliklə yanaşı, konkret qaydalara tabe mətnlərdir. Aynurun üçlüklərində bu qaydaların pozulduğunu da müşahidə etmək olur. Janrın tələb və qanunlarını nəzərə alaraq demək olar ki, Seyid Aynurun bu kitabda yer alan bütün üçlükləri hayku deyil, bir qismi haykuvari minimalist şeirlərdir. Əsl haykuları isə estetik tamlığı, sahili görünməyən çay kimi düşüncə sərhədsizliyi ilə janrın haqqını verir. Ümumiyyətlə isə Seyid Aynurun kitabda yer alan istər şeirləri, istərsə də esseləri üçün xarakterik olan az söz, incə mahiyyət prinsipi "Lal gəmilər"in poetik uğurunu təmin edir.