Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Nizami Ganjavi, Samad Vurgun and Kemal Talibzade! - Alimukhtar Mukhtarov

23-01-2024 [ 13:06 ] [ read:225 ]
printerA+ | A-

Academician Kemal Talibzade in his book of memoirs "The Artisan's Personality" ("I am the son of hands") (Baku, "Youth", 1984, p. 129) with the date of writing the poem "Nizami" dedicated to the famous Azerbaijani poet and thinker Nizami Ganjavi by the folk poet Samad Vurgu. Samad Vurgun recalls the episode as follows: "When Samad Vurgun was thinking about a certain issue, he would be in a state of ecstasy, with all of his thoughts and feelings focused only on the development and completion of the work that was being done. This setting would improve the poet's capacity to work; he would work quicker and more effectively."

Xatirimdədir: 1939-cu ilin avqustunda Kislovodskidə bir neçə günlük dalğınlığın nəticəsi bir gecədə iki şeirin yaranması ilə nəticələndi ("Nizami" və "Fitnə" şeirləri. Hər iki şeir 24 avqust 1939-cu ildə yazılmışdır). Həmin günü şeirlərin ikisini də atama (Abdulla Şaiqə) oxuyub dedi: "- Mirzə, kaş ki, bu ilham pərisi tez-tez bizim qonağımız olardı".

"Nizami Gəncəvi 870 - məqalələr toplusu" məcmuəsindən oxuyuruq: "1947-ci il iyun ayının 3-də Azərbaycan SSR Elmlər Akademiyasının böyük salonunda Nizaminin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans açıldı. Azərbaycan ziyalıları adından "Stalin" mükafatı laureatı şair Səməd Vurğun çıxış etdi. Səməd Vurğun öz çıxışını Nizami Gəncəviyə həsr etdiyi ilhamlı bir şeirini oxumaqla qurtardı".

Azərbaycan ədəbiyyatı tarixinin, demək olar ki, bütün dövrlərində görkəmli mütəfəkkirlərimiz, şairlərimiz tərəfindən Azərbaycan şairi Nizami Gəncəvini tərənnüm edən saysız-hesabsız lirik şeirlər qələmə alınmışdır. Bu mövzuda Nizami Gəncəvi nəinki Azərbaycan ədəbiyyatında, eyni zamanda dünya ədəbiyyatında nadir mütəfəkkirlərdəndir. Və bu yanaşma da Nizami Gəncəvini Azərbaycan-Türk ədəbiyyatından qoparmağa çalışanlara ən tutarlı bir cavabdır, tezisdir. Nizami Gəncəviyə Azərbaycan ədəbiyyatında bəslənən belə qədirşünas yanaşma, təntənə dahi mütəfəkkirimizə heç bir əsasları olmadan əl uzadan bədxahların, kütlələrin ədəbiyyatında olması mümkün olmayan bir ədəbi hadisədir. Çünki xalqın genezisi, təməldən gələn milli səmimi sevgi faktoru öz sözünü demiş, deyir və deyəcəkdir. Bu mənada, necə deyərlər, ot öz kökü üstündə bitər!

Ümumiyyətlə, hər hansı bir mütəfəkkir, yaxud hadisə haqqında elmi-monoqrafik tədqiqat, araşdırma başqa anlayışdır, poeziya nümunələri ithaf etmək isə fərqli yanaşmadır. Amma məlum insan, hadisə barəsində bu iki yanaşma birləşəndə, müştərək olanda daha böyük rezonans doğurur. Necə ki, Azərbaycan ədəbiyyatında dahi Gəncəli Nizami ilə bağlı biz bunun şahidiyik. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan alimlərinin və şair, yazıçılarının dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr etdikləri tədqiqat və poeziya nümunələri bu səpkidə dünyada şedevrdir.

Akademik İsa Həbibbəyli bu mövzuda yazır: "Azərbaycan dünya Nizamişünaslığının mərkəzidir. Dünya ölkələrində Nizami Gəncəvi haqqında yazılanlar tərəzinin bir gözünə, Azərbaycanda aparılan tədqiqatlar, çap olunan kitablar və tərcümələr tərəzinin o biri gözünə qoyulsa, Azərbaycan Nizamişünaslığı ağır gələr". Artıq bu bir aksiyomadır.

Buna görə də Azərbaycan Respublikasının Prezidenti başda olmaqla, Azərbaycan xalqı Nizami Gəncəviyə xidmətlərilə, öz milli ədəbiyyatında böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr etdikləri elmi monoqrafik tədqiqatlar ilə öyünməyə haqqı olduğu kimi, dahi mütəfəkkirinə hər üç ədəbi növdə (lirik, epik, dramatik) həsr etdiyi ölçüyəgəlməz əsərlərlə də fərəhlənməyə layiqdir və bunu tam mənası ilə haqq edirlər! Çünki ədəbi növündən asılı olmayaraq, hər bir poetik nümunə xalqın daş məntiqindən, yaddaşından, içindən gəlir ki, bu da öz növbəsində riyadan, saxtakarlıqdan uzaq olur. Təbii olur, halal olur, özününkü olur.

Nizami Gəncəvi də bu mənada mənsub olduğu Azərbaycan xalqının ulu babası, milli-mənəvi dəyərlər məcmusu, iç yaddaşı, vətən, millət və sərhəd anlayışıdır.

Səməd Vurğunun dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi bənzərsiz "Nizami" şeiri də məhz bu anlayışlarla köklənmişdir. Bu şeirin mənəvi dalğaları Nizami Gəncəviyə və onun doğma Azərbaycan xalqına tuşlanmışdır.

Mərhum nizamişünas, professor Xəlil Yusifli Səməd Vurğunun bu şeirini Nizami Gəncəviyə həsr edilən möcüzə şeir adlandırırdı. İndi isə bu möcüzənin sehrinə dalaq!

Səməd Vurğun 14 misradan ibarət olan bu şeirində Nizami Gəncəviyə məhəbbətini ifadə edir, sənətinin qüdrətindən danışır, əsərlərinin əsrlərlə etdiyi təsir dairəsindən və Nizami idrakının ölməzliyini ifadə edir.

Səməd Vurğunun "Nizami" şeiri Nizami Gəncəvinin və mənsub olduğu Azərbaycan xalqının əxlaq kodeksidir. Nə idi Nizami Gəncəvinin əxlaq kodeksi?! Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşəriyyəti qucaqlamaq, yaxud atəş düşdüyü yeri deyil, kainatı yandırır fəlsəfəsi. Və bu gün bu anlayış, bu yanaşma Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının həyat tərzidir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 9 mart 2023-cü ildə keçirilən X Qlobal Bakı Forumunda söylədiyi "Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür" tezisi məhz bu istiqamətdə bir yol xəritəsi və alimlərimizə göstərilən hədəf və meyardır.

Səməd Vurğunun "Nizami" şeiri həcmcə kiçik olmasına baxmayaraq, yaranma tarixçəsində də oxuduq ki, məhz Nizami Gəncəviyə görə doğulub. Nizami Gəncəvinin və mənsub olduğu Azərbaycan xalqının dəyərlərinin daşıyıcısıdır.

 

Yoğruldu bütün varlığın ümidlə hünərdən,

Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,

Hər kəlməni, hər şeirini bir top kimi atdın,

Sevda yuxusundan bizi vaxtında oyatdın.

Xoş gəldin əzizim, gəlişindən ana yurdu

Dünya evinə bir yeni söz məclisi qurdu...

Keçdikcə nəsillər o sənin söz çəmənindən,

Ellər, obalar dərs alacaqdır hələ səndən.

Ölməz bu gözəl aləmə idrakla gələnlər,

Məna evinin sirrini vicdanla bilənlər.

Sənsən əbədiyyət dediyim sevgili dildar,

Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.

Aydanmı günəşdənmi yarandın, de, nədən sən?

Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.

 

İlk misradan dahi mütəfəkkirin ümidinə və hünərinə toxunur. Nizami Gəncəvi türk islam əxlaqı ilə yoğrulmuş bir müsəlman mütəfəkkiri kimi gələcəyə ümidlə, hünərlə baxırdı. İslam fəlsəfəsinə tam vaqif olan Nizami Gəncəvi, əlbəttə ki, daşıdığı inancda ümidsiz olmağın şeytanla bərabər olmağa dəng olduğunu çox yaxşı bilirdi. Əfrasiyab kimi hünərli idi. Ona bu hünəri verən iksir isə ədalət anlayışı idi. Ədalətinə güvənib hünərlə hərəkət edirdi. Hünəri olmasaydı, sarayda olardı. Sarayda da olardısa, Nizami Gəncəvi zirvəsinə yüksələ bilməzdi...

Hünərinin nəticəsi idi, ki, "Xəmsə" daxil olan hər bir məsnəvisində dövrünün basqılarına baxmayaraq, ədalət və qadın azadlığı qırmızı xətlə keçirdi.

Hünərinin nəticəsi idi ki, dövrünün hökmdarlarına alnıaçıq şəkildə səslənirdi: "ey! Sən hökmdar olmusan, yetişəsən haraya" - deyirdi.

Və Nizami Gəncəvi daşıyıcısı olduğu əxlaqla zinətlənmiş əsərlərilə nəinki, aid olduğu Azərbaycan xalqını, bütün bəşəriyyəti qəflət yuxusundan oyatdı. Böyük Alman mütəfəkkiri Volfqan Höte Nizami Gəncəvi məfkurəsinin cazibəsinə, sehrinə dalaraq belə söyləyirdi: "Yüksək şeir dühasına malik olan Nizami öz əsərləri, öz poemaları üçün ən nəcib, ən zərif eşq və məhəbbət münasibətlərindən bəhs edən "Leyli və Məcnun", "Xosrov və Şirin" mövzularını almışdır. Əxlaqi məsələlərdən bəhs edən Nizami başqa əsərlərində də heyrətamiz bir vüsət və mənaya malikdir. Adi insanların iki və çox mənada düşündükləri məsələlər haqqında Nizami hər dəfə açıq-aydın mühakimə yürüdür və onları əxlaq nöqteyi-nəzərindən həll edir".

900 ilə yaxındır Nizami Gəncəvi bəşəriyyətə multikulturalizm, humanizm, ədalət dərsi keçir. Akademik Rafael Hüseynovun da qeyd etdiyi kimi orta əsrlərdən bu günə qədər təxminən 800 təzkirə zamanımıza çatmışdır ki, həmin təzkirələrdə 1000-dən artıq şair, mütəfəkkir sadalanır və bu sadalananların zirvəsini də Nizami Gəncəvi fəth edir.

Yaxud akademik Teymur Kərimlinin ifadə etdiyi kimi: "Təsadüfi deyil ki, Nizami məktəbinin görkəmli nizamişünası, professor Qəzənfər Əliyevin belə bir əsəri var. "Nizami məktəbinin ardıcılları". Bu kitabda təkcə Azərbaycandan deyil, təkcə Orta Asiyadan deyil, ümumiyyətlə, bütün dünyadan 500-dən çox Nizamişünasın adı çəkilib. Hansı böyük dahinin 500-dən çox ardıcılı var? Məncə, Nizami unikal bir sənətkardır. Nizaminin irəli sürdüyü humanizm, insanı hər şeydən uzaq tutmaq, insanın bu dünyada həyatının xoş keçməsi, xoş güzəran yaşamasını təbliğ etməsi məhz buna görə Nizamini dünya ədəbiyyatının sonrakı korifeylərinə çevirib. Nizaminin ona görə 500-dən artıq ardıcılı yetişib. Onların arasında bizim Azərbaycandan da böyük şairlər var, onların da ən böyüyü Məhəmməd Füzulidir". Beləliklə, Səməd Vurğunun "Ölməz bu gözəl aləmə idrakla gələnlər, Məna evinin sirrini vicdanla bilənlər" ideyası məhz Nizami Gəncəvi yoluna və bu yolun idraklı yolçularına həsr edilib desək, yanılmarıq.

"Ədəbiyyat qəzeti", 2024, 22 yanvar

OTHER NEWS