Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

"Heroism No. N": The Patriotic War in the context of academicism - Elnara Garagozova

20-10-2023 [ 11:39 ] [ read:23 ]
printerA+ | A-
103832

Sadıq Qarayev ədəbiyyatımızda "Sahilsiz təzadlar", "Sahibsiz kölgələr" romanlarının, esse, hekayə və elmi-bədii düşüncələr toplusu olan "Sarvansız zamanlar" kitabının müəllifi kimi tanınır. Onun yaradıcılığı alim kimliyi ilə yazıçı kimliyinin birləşməsinin nəticəsində unikal bədii nümunələrin meydana çıxması ilə səciyyələnir. Elmi fərziyyələrin bədii örtükdə təqdimi, ədəbi mətnin sənədli mətnlə harmonik sintezi, elmi təfəkkürlə bədii təfəkkürün vəhdətindən doğan yaradıcılığı ilə S.Qarayev ədəbiyyatımızda yeni bir cərəyanın - akademik İsa Həbibbəylinin elmi əsaslarını hazırladığı akademizm cərəyanının Azərbaycan variasiyasının təmsilçisidir. Yazıçının "Sahilsiz təzadlar" romanı da Azərbaycan akademizmi cərəyanına məxsus ilk roman kimi ədəbiyyatımıza daxil olub.

S.Qarayevin yaradıcılığında 44 günlük Vətən müharibəsi ilə bağlı motivlərin təzahürü də məhz akademizmin kriteriyaları kontekstində reallaşır. Yazıçının "Sarvansız zamanlar" kitabında yer alan "And", "Aləmlərin söhbəti" və "Zəfər günü" esse-triptixində, "44 gün" adlanan IV fəslində Vətən müharibəsinin həyəcan, qürur və qələbə anları öz fərqli elmi-bədii ifadəsini tapıb. Vətən müharibəsinə həsr olunmuş "N saylı qəhrəmanlıq" romanı isə 44 günlük zəfər yürüşünün bədii təcəssümünü əks etdirən romanlardan biri kimi ədəbiyyat tariximizə daxil olmaq haqqı və şansı qazanıb. Müəllifin romanın fəsillərini "Müharibə Tumurcuqları", "N saylı qəhrəmanlıq" və "Mövcudluğun səpələnməsi" adlandırması da onun yazıçı məramını açıq bəlli edir və yeniliyi ilə diqqəti cəlb edir.

"Müharibə tumurcuqları" başlığı həm müharibənin başlanmasını, həm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən Azərbaycan gəncliyinin nümayəndəsi olan gənc əsgərləri, həm də zəfərə olan inamı ifadə edir: "Müharibə tumurcuqları inkişaf etdikcə Azərbaycan xalqının öz torpaqlarını, kənd və şəhərlərini işğaldan azad etmək, Xocalıda, eləcə də digər yaşayış məntəqələrində ermənilərin törətdikləri vəhşiliklərin qisasını almaq arzuları getdikcə güclənirdi".

Müharibənin başlanması ilə vətən oğullarının vətənə qurban deyilmiş ömürlərindən keçərək əbədi həyata doğru yol açan sonsuz - "N saylı qəhrəmanlıqlar" silsiləsi başlayır: "Çoxlarına heç vaxt məlum olmayan N saylı qəhrəmanlıqların cəmi ordunu qələbəyə aparacaqdı. Kimsə ilk olaraq tikanlı məftilli, minalanmış sahəyə, müdafiə xəttinə tərəf irəliyə getməli idi. Nə qədər bomba, mərmi at, dağıt, ora əsgər getməyibsə, sənin deyil. Dağıdılmış düşmən postunda, səngərində, yüksəklikdə, strateji mövqedə, Antarktida və ya Marsda, fərqi yoxdur, əsgərin yoxdursa, ora sənə aid deyil. Və sonrakı hədəflərə çatmaq üçün başlanğıc nöqtədən əsgər ayağını torpağa basmalı, zəfər yoluna düşməlidir. Bu əsgər və zabitlər kimlərsə olmalı idi. Bu kimlərinsə şəhid olmaq, bəyaz zirvələrə qalxmaq şansı çox, zamanları isə azdı". "Mövcudluğun səpələnməsi" isə insanın minilliklər boyu axtardığı ölməzlik bəxş edən dirilik suyunun məhz vətən sevgisi olduğunu təsdiq edir: "Komandirlərin, zabitlərin gözü önündə əsgərləri, çavuşları, döyüşçü yoldaşları şəhid olurdular. Bu, bir qardaşın, övladın, soydaşın yox olub bayrağa, qələbəyə köçməsi idi, cismani mövcudluğun milli ruha səpələnməsi idi".

Müasir ədəbiyyatımızın maraqlı imzalarından biri olan S.Qarayevin "N saylı qəhrəmanlıq" romanının əsasını elmlə bədii ədəbiyyatın sintezini özündə ehtiva edən akademizm cərəyanı təşkil edir və Vətən müharibəsini fərqli kontekstdə tərənnüm edən bu romanıntədqiqi akademizm cərəyanının ədəbiyyatımızda təzahür xüsusiyyətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.