About the poems of Elchin Iskenderzadeh in recent years
"Elchin Iskenderzade was born in Shusha and is a native of Karabakh. He has a Shusha nobility in his speech, attitude, behavior. He is Shusha in his poems. He mentions Shusha from time to time. But Shusha, Karabakh lives in his poems, with the voice of Khan, Gadir, Arif, Isa with the hum of the spring, with the hardness of the rocks of Shusha. I loved Shusha, Aghdam, Isa spring, Jidir Duzu plain once again in his poems, I hugged him. My colleague and friend Nizami Jafarov rightly says: "Elchin is the Karabakh of our today's poetry."
From the introduction of my portrait monograph "This is Elchin Iskenderzade", Baku, 2015.
Otuz illik Şuşa-Qarabağ həsrəti ilə qovrulan və otuz ildən sonra bu həsrətə son qoyub Şuşaya qayıdan şair Elçin İsgəndərzadənin son iki ildə yazdığı şeirlər məndə elə bir hiss-həyəcan oyatdı ki...
Bizim poeziyada ayrılığın, həsrətin qəmli hekayətləri zaman-zaman şairlərin şeirlərində səslənib. Hətta o qədər çox səslənib ki, bir-birinə oxşar və bir-birinə təbdil nümunələri həddini də keçib. Amma o şeirlərdən bütün əsrlər boyu yaddaşlarda yaşayanları da az deyil.
Poeziyamızda ayrılığın, həsrətin Şuşa-Qarabağ körpüsü vardı. O körpünü keçib bu həsrətə son qoymaq vaxtı yetişdi - 44 gün kifayət elədi ki, bütün ayrılıqlar, həsrətlər sona yetdi. Əlbəttə, poeziya susmurdu, içində ara-sıra pessimizm halları göyərsə də, digər tərəfdən, qələbəyə ümid şölələri də saçmaqdaydı. 2000-ci illərin əvvəllərində mən Şuşa həsrəti ilə yaşayan - öncə adını çəkdiyim bir şairin - Elçin İsgəndərzadənin bir şeirini oxumuşdum:
Yolum o yurd səmtinədi,
Düşün izimə-izimə.
Ya qələbə, ya da ölüm,
Qoşul sözümə-sözümə.
Qaldır döyüş bayrağını,
Hayqır zəfər sorağını,
Ölsəm, Şuşa torpağını
Səpin gözümə-gözümə.
Elçin İsgəndərzadə Şuşa həsrətiylə şeirlər yazdı, həm də Qələbəyə səslədi yurddaşlarını.
Bu gün poeziyamızda qələbədən doğan nikbin əhval-ruhiyyə yaşanmaqdadır. Xüsusilə, Şuşa canlı bir obraz kimi şeirimizin baş qəhrəmanına çevrilməkdədir. Elçin İsgəndərzadənin son iki ildə yazdığı şeirlər bu obrazı bizim Şuşa sevgimizə poeziya sevgisi kimi daxil etməkdədir. Elçinin Şuşa sevgisi onun bu vaxta qədər yazdığı şeirlərinin ən mükəmməl versiyalarıdır, desəm, yanılmaram. Sevginin şəxsi həyatda da, ictimai həyatda da poeziyada da dəyişilməyən bir funksiyası var - heyrət. Elçin Şuşaya sevgilərində də bu heyrət hissini itirmir. O, "Xarıbülbül" otelinin pəncərəsindən Şuşanı seyr edərkən, bir anlıq nostalgiyaya qapılır: "Pəncərələr bir umudaydı, onda, hər mövsüm çiçəkləyirdi şüşələrdə nəm... Quşlar da sevda quşlarıydı, sanki, pəncərələr də, küçələr də sevdaya açılırdı". Bakıda da Şuşa küləyi əsir, Şuşa yağışı yağırdı.
Bir qərib oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.
Bir qərib ümid közərir
Vətən həsrətli baxışlarda.
Küləklər - Şuşa küləyi,
yağışlar - Şuşa yağışı.
Bir qərib oğlan dumana qarışır,
çənə qarışır.
Duman nə gözəldi, İlahi,
Külək nə gözəldi, İlahi,
yağış nə gözəldi -
oğlan nə qəribdi, İlahi!..
Elçin bu şeirdə uğurlu bir metafora ilə Şuşa küləyini, Şuşa yağışını obrazlaşdırır. Ümumiyyətlə, Elçinin şeirlərində işlətdiyi bədii təsvir vasitələri necə deyim: Şuşa küləyi kimi əsir, Şuşa yağışı kimi yağır. Bir misal: Ağdama həsr etdiyi: "Bir şəhərik sükut"da "İndi bir şəhər susuram, bir uzaq şəhər... Xəyallarımda kor olmuş əllərim bir divar gəzir, üstü kömür yazılı, təbaşir yazılı adımın baş hərfi o divarda unudub sevdalı olduğumu". Mən bu şeirlərdə Elçin İsgəndərzadənin Şuşa sevgisində fərdi hiss-həyəcanların bir ürəyin içindən keçib necə ümumiləşdirməyə çevrildiyinin şahidi oluram. Məncə, "Şuşam!" şeiri, bu mənada, təkcə Elçinin şeiri olmaqdan savayı, o illərdəki bütün Şuşa həsrətlilərinin varacağı arzularıydı:
Ağac da boynubükülüydü,
külək də qırıq-qırığıydı,
bulud da çilik-çiliyiydi...
Ağacına qurban olum, - dedim,
buluduna qurban olum, - dedim.
daş yoluna qurban olum, - dedim...
O qədər "qurban olum" dedim ki,
gördüm, anam da qurbandı,
gördüm, balam da qurbandı...
Qurbanlarını qəbul elə, Şuşam!
Şuşanı Azərbaycanın "Zümrüd tacı" adlandırıblar (Q.Qasımzadə), Prezidentimizin qərarı ilə Şuşa rəsmi şəkildə milli-mənəvi varlığımızın paytaxtı elan edilib. Xatırladım ki, sovet dönəmində də Şuşa bütün maddi-mənəvi gözəlliklərimizin mücəssəməsi kimi şeirimizdə - bəstələrimizdə, tablolarımızda əks olunub. Amma biz otuz ildəki Şuşamızı poeziyamızın unudulmaz bir səhifəsinə çevirmək yolunda nələr etmişik? Elçin İsgəndərzadənin şeirləri bu mənada vaxtında yazılır. O, Şuşa bədii tarixinin səhifələrinə öz imzasını həkk etməkdədir. Onun Şuşa və Qarabağla yazacaqları çox şeirləri hələ irəlidədir, - deyirəm. İndi o, bir vaxtlar yaşadığı, indi isə şəhid olmuş evinin xarabalıqları önündə düşüncələrə dalır:
İndi ağrı bizim evin hekayətidir,
hərfləri qırıq,
sətirləri sökük,
kərpicləri yerlə-yeksan olmuş.
Sevincim dağıntılar atında çoxdan toza dönmüş, -
çoxdan yoxa çıxmış və unudulmuş...
Evim yox,
nə ovcumun taleyində,
nə talemin ovcunda,
nə dünyanın o ucunda.
Elçinin "Ağdamda ilk şeir", "Bu şəhər hara gedib?", "Şuşanın qala divarlarından Malıbəyli kəndinə baxarkən", "Bir şəhərlik sükut", həmçinin "Şuşadakı evimizin uçuqlarına nöktürn" şeirləri də otuz illik Şuşa həsrətini poetik bəlirlədir. Əlbəttə, bu şeirlərin içində rənglər ağ işığa bürünməyib, kədər doğuran rənglərə meyillidir. Amma o kədər doğuran hisslər təbiidir. Bu, təkcə sırf Elçin İsgəndərzadənin kədəri deyil, o illərin Şuşa həsrətlilərinin hamısının kədəridir. Amma elə düşünməyin ki, Elçin İsgəndərzadə öz poetik ovqatını ancaq bu kədərə kökləyib. Budur, Cıdır düzü... Azad olunmuş Şuşanın tarixi bir məkanı. Elçin qollarını yana açıb ən gözəl uçuşunu yaşamaq istəyir. O Cıdır düzündə:
Bütün tərk edilmiş evlərin sevincini
yaşamaq istəyi var ruhumda, canımda.
Bütün qaranlıq yolları
işıqla oldurmaq həvəsim var,
bütün qırıq yolları
bir-birinə bağlamağım gəlir,
yenidən, yenidən qollarımı yana açıram,
uçuram, uçuram -
unutmamaq üçün,
xatırlamaq üçün,
yaşamaq üçün.
Elçin İsgəndərzadə mərhum deməyə dilim gəlmədiyi - onun yaxın dostu Akif Səmədə həsr etdiyi şeirində yazır ki:
Bu ayrılıq, bu həsrət
Şükür ki, başa çatır.
Evimizə gedirəm,
evimiz Şuşadadır.
Təkcə onun yox, hamımızın evi Şuşadadır və poeziyamız da bu azad Şuşaya doğru uçur.
Mən burada Elçin İsgəndərzadənin son iki ildəki şeirlərindən qısaca söz açdım. Onun "Azərbaycan" jurnalının yaxın saylarının birində dərc olunacaq şeirləri ilə də tanış oldum və Elçinin yaradıcılığının yeni, daha mükəmməl bir mərhələyə qədəm basdığının şahidi oldum.
Bir xatırlatma: Onu qeyd edim ki, Elçin İsgəndərzadə altmış yaşı ərəfəsindədir (gələn ilin sentyabrında), o, müasir poeziyamızın özünəməxsus üslubu ilə seçilən, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tanınan şairlərindəndir. Ona poeziyada ilk xeyir-duanı böyük şairimiz Məmməd Araz vermişdi.
Bu yazını türk dünyasının iki dünya şöhrətli yazıçısının Elçin İsgəndərzadə haqqında söylədikləri fikirlərlə tamamlayıram: "Elçin İsgəndərzadənin poeziyasının son illər dünyanın onlarla ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan xəbər verir ki, Türk poeziyası da artıq dünya poeziya okeanına yelkən açmaqadır" - Çingiz Aytmatov. "Azərbaycan ədəbiyyatının dünyada təbliğ olunmasında, türkdilli xalqların tanınmış yazıçılarının əsərlərinin və özlərinin Azərbaycan oxucularına tanıtdırılmasında Elçin İsgəndərzadənin misilsiz xidmətləri var" - Anar.
10/10 - 2023. Ədəbiyyat qəzeti.