Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı
mən ölən gün
Vaqif Səmədoğlunun ölüm tarixinin simvolik çaları var yaddaşımda. 2015-ci il yanvar ayının 28-də Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatının problemlərinə həsr olunmuş yaradıcılıq müşavirəsində şairin ölüm xəbərini aldıq. Bu təsadüfi bağlılığın həzinliyi içrə qeyri-ixtiyari aşağıdakı misralar süzüldü yaddaşımdan:
Bir şeir yaz mənim yerimə
gün işığı,
qafiyəm ol,
uşaq təbəssümü.
Həmin günə qədər V.Səmədoğlu qafiyələrinə qarışan uşaq təbəssümü bu dəfə şairin ölümü ilə bağlı üzücü xəbərə qarışıb sanki hamını ayaqda durmağa təpərli edirdi. Ömrün vəfasızlığını, faniliyini uşaq çılğınlığı kimi qavrayıb, ölümünə də uşaq təbəssümü ilə cavab verməyi umurdu bizdən. V.Səmədoğlu bütün ömrü boyu bizi bunun belə olmasına inandırmağa çalışdı. Bəlkə bu üzdən dünyasını dəyişəndə yazdığı şeirlər irəli çıxıb şairin ölümü ilə bağlı bütün təəssüf nidasına köklənən mətnlərin qarşısını kəsdi. Onlar ölümü hamıdan daha yaxşı anladırdılar və bunun belə olması üçün Vaqif Səmədoğlu bir ömür fəda etmiş, ölümü əzizləmiş, süsləyib-bəzəmişdi. İndi onların qabağa çıxıb müəllifini ölümsüzlük qatında vəsf etmələrinin sırası idi. Baxmayaraq ki, bu işdə də özü hamını qabaqlamışdı. Nazimvari "təsəllisiz yaşamağı bacardım, təsəllisiz ölməyi də bacararam" demək üçün sadəcə...
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
Hələ dünyasını dəyişməzdən az öncə şairin ədəbi portallarda çıxan son şeirini yer üzünün ən ağrılı, ən üzüntülü və ən səmimi şeir nümunəsi kimi oxuyub təsirlənmiş, "Ədəbiyyat qəzeti"nə "İşıqlı qəm içində" adlı esse təqdim eləmişdim. Bu yazı da onun davamıdır. Nə fərqi, indi artıq özgə dünyaların adamından bəhs edirik, o, başından ayrı dünyanın adamı idi zatən. Ağrıdan yalnız poetik detal kimi istifadə etməklə deyil, onu mənəvi-fiziki dünyasında yaşamaqla doğmalaşmışdı. O dünya ilə doğmalıq isə bu dünyanın qəribinə döndərir insanı. "Ölüm gəlir, ömür, sonun mübarək!" - deyən Vaqif Səmədoğlu bu hikməti hələ cavan yaşlarında anlayacaq qədər müdrik idi, yaradıcılığın qapısını ilahi bir sonsuzluğa açmaqla ölümün o qədər də yeknəsəq bir şey olmadığına özünü və bizləri inandırmışdı.
Vaqif Səmədoğlu poeziyasındakı təklik, darıxmaq, özünəsığınmaq motivləri haqda həmişə düşünmüşəm. Bu yaşantılar onun şeirlərinə qıraqdan gətirilən, zorla pərçim edilən nəsnə təəssüratı doğurmayıb heç vaxt. Bilavasitə müəllifinin içindən, mahiyyətindən doğan müstəsnalıq kimi əhəmiyyət qazanıb. Şairin hələ 1963-cü ildə yazdığı şeirə diqqət edək:
Sabahdan axşamacan gözüm yolda.
Nə bir yoldaş gözləyirəm,
Nə qız gözü.
Nə kağıza yapışan söz,
Nə də ki, bir baxt.
Sabahdan gözüm yolda.
Nə bir Günəş möhürləyən səhər,
Nə də axşam imzası gözləmirəm.
Gözüm yorğun...
yorğanları qapanır...
kimsə yox,
heç kimi gözləmirəm.
O zaman gənclik havasını yaşayan şair ömrün bu erkən çağında nədən hər şeydən əl üzüb dayanmışdı görəsən? "Heç kimi gözləməmək", bəlkə elə heç nə gözləməmək anlamını ehtiva edirdi? Zamandan, dünya işləklərindən, bəxtdən, tale oyunlarının aparıb çıxaracağı sonucdan. Mənə görə 90-cı illərdən başlayaraq çağdaş poeziyamıza hakim olan ümumi çöküş ruhu, qaranlıq simvolikası, payız ovqatı öz səciyyəsi etibarilə zəminini dünyada gedən xaos başlanğıcından daha çox, milli poeziyamızda 60-cı illərin Səmədoğlu faktından alır. 1968-ci ildə o, yaşamın mənasızlığını qabardır, zamana tutunma gerçəkliyinin itirilməsindən şikayətlənirdi: "Görüşdük/İçdik./Bir az/süfrədə olandan yedik,/bir az xatirələrdən./Gələcəyə də uzatdıq/əlimizi hərdənbir.../Çörək boyat/xatırələr acı,/gələcək yanıq çıxdı...".
Bəs Səmədoğlu təkliyinin, poeziyasındakı ölüm simvolikasının səbəbləri nə idi? "Bir kəndir dayanıb qapı yerinə" deyib intiharın son addımlığında dayanan, "kənara atıram ümidlərimi" deyib könüllü heçliyə, boşluğa yuvarlanan şairin bu qədər faniliyi dərk etməsinin, hədəf seçdiyi absurd situasiyaların səbəbi nədə idi? Bu gün şair içinin, mənəvi dünyasının təkliyi, tənhalığından hasilə gələn mətnlər birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib mövcudluğunu sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş "son" problematikalı poeziya mətnlərində tapır. V.Səmədoğlu hələ sovet dövrünün hakim olduğu dövrdə sosialist realizminin şablonlarından imtina edir, öz yaşamının poeziyasını yaradırdı. Amma bu poeziya yalnız ağrı simvolikası kimi ərsəyə gəlmədi, həm də onun poetik yaddaşını bir cümlə ilə dirildə bildi: "39-da doğuldum, 37-də öldüm".
Gerçəklərin yalan qarşısında sarsıntısı, həqiqətin uydurmalar qarşısında susqunluğu... İçinə enən ruh, əbədiyyəti tərcih edən düşüncə, ölümü vəsf edən poeziya! Böyük və fəci sarsıntılar qarşısında ruhunu itirmək təhlükəsi ilə üzləşən şairin dünyaya xitabının yeni çaları: "Bir kor quyunun/zülmət dibinə baxa-baxa/bu gün dünyadan şeir yazmışam/və dünya dar gəlib mənə".
Vaxt gəlir, insan anlayır ki, əslində fani olan dünya yox, o özüdür. Sosialist dalğasının çəkilib-qabarmaları içində bunu anlayanlardan oldu V.Səmədoğlu. Ona görə şeirlərində daim ekzistensial mətləblərə həssas olan şair çağın mənzərələri içrə gəzişərək, mistik mənalar, simvolik atributlarla dünya iş(lək)lərinin hesabatını dini-ilahi qatda aradı. Bəşərin qarışıq mənzərələri önündə çaşqınlığa uğramış insanlığı itirdiyi ilahi bağlara bağlamağa çalışdı.
durub pəncərə qabağında, baxıram,
baxıram yağış və yağış səsi altda
ayağı yalın, başı açıq qalmış
bir insan taleyinə,
və bu tale yiyəsi
bu allahsız dünyada da
inanır, inanır, inanır Sənə...
Ölüm və həyat... Bəşərin bu əbədi, çözümsüz sualları V.Səmədoğlu poeziyasında öz rəngində var oldu. Bəli, məhz öz rəngində... V.Səmədoğlu bunların heç birinə əlavə ştrix, boya qatmadı. Ölümü ölüm, həyatı həyat kimi təsvir etdi. Sadəcə, bütün başlanğıclar ölüm adlı nöqtədə bitdiyindən şairin də sözü bu məqamda öz kölgəsinin üstündən üçmağa qanadlandı. Amma bu halda belə poeziyasının uşaq təbəssümü, uşaq saflığı onu tərk etmədi. Ona güvənərək yaşadı, ona güvənərək yazdı və ona qarışaraq ömrə vida etdi.
Bir uşaq oynayır,
Oynayır özü kimi əlvan
otların, çiçəklərin arasında.
Günəşə baxır göz qırpmadan...
Yoxdur qocalıq yer üzündə, yoxdur!
O uşaq indi də güllərin, çiçəklərin arasında oynayır, göz qırpmadan günəşi salamlayır və təbəssümünü qafiyələrə çiləyərək sonsuzluğa səslənir: Yoxdur yer üzündə ölüm, yoxdur!