Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Problems of the Eastern Renaissance in Khalil Yusifli‘s scientific research - Salida Sharifova

17-06-2025 [ 11:53 ] [ read:9 ]
printerA+ | A-
105572

Elmi dairələrdə İntibahın Şərq yoxsa Qərb mədəniyyətində formalaşması ətrafında elmi baxışlarda ziddiyyətli, bir-birilərini inkar edən qənaətlərin özünü göstərməsi bu məfhum ətrafında mübahisələrin hələ də davam etməsini əks etdirir.

İntibah Avropada feodalizmin dağılması və burjua cəmiyyətinin meydana çıxıb formalaşması ilə əlaqələndirilir. XIV əsrin əvvəlləri və XVI əsrin sonlarında İntibah dövrü və ya Renesans (fr. Renaissance, ital. Rinascimento – «Yenidən doğulma») Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropada meydana çıxmışdır. Bəzi tədqiqatçıların fikrincə Avropada İntibah təxminən XIV-XVI əsrlərdə İtaliyada, XV əsrin sonu, XVI əsrdən isə digər ölkələrdə formalaşmışdır.

Türk bədii məkanında Şərq-İslam intibahının Avropa intibahından əvvəl meydana çıxması sübut edilir. Əl-Farabinin idrak nəzəriyyəsi, Əbu Reyhan Biruninin insan zehni və onun intensiv fəaliyyətini əhatə edən fəlsəfi sistemi, Əbu Əli ibn Sinanın tibb sahəsindəki nailiyyətləri, Ömər Xəyyamın riyazi elmdə müvazi nisbətlər nəzəriyyəsi və s. Şərq dühaları İntibahın Şərqdə meydana çıxdığını isbatlayır. Adam Mets Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışının da istifadə olunmasını vurğulayaraq, Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratdığını vurğulamışdır.Azərbaycan ədəbiyyatında humanizm prinsipləri əsasında qurulmuş XI-XII əsrlərdə Azərbaycan renessansının olması, bu renessansın IX yüzillikdən başlanan müsəlman elm dünyasından qaynaqlandığını və ümummüsəlman mədəniyyətinə az töhfələr verməməsi bəlli faktdır.

 

Azərbaycan mədəniyyəti və Şərq İntibahı

İstər milli ədəbiyyatşünaslığımızda, istərsə də dünya ədəbiyyatşünaslığında İntibahın Şərq mədəniyyəti ilə bağlılığı faktlarla vurğulanmaqdadır. Dünya şöhrətli tədqiqatçıların bir qisminin İntibahın ümumdünya xarakterli bir görüş olması A.Mets, Ş.Nutsubidze, İ.S.Braginski, M.İbrahimov, M.Rəfili, Y.E.Bertels, V.M.Jirmunski, Ə.Ağayev, N.İ.Konrad, K.İ.Çaykin, X.Yusifli və digər alimlərin tədqiqatlarında təsdiqini tapmaqdadır. İsveçrə şərqşünası Adam Metsin 1922-ci ildə işıq üzü görmaüş “İslam İntibahı” [20] adlı kitabında müsəlman ölkələrində özünəməxsus İntibah olması açıqlanır. İ.S.Braginski elmi yaradıcılığında, xüsusilə də “12 miniatür” [14] adlı əsərində Şərq İntibahı ideyasının tərəfdarı kimi çıxış edir. İntibahı dünya miqyaslı hadisə hesab edən akademik N.İ.Konrad İntibahın ilkin əlaməti kimi fəlsəfi kateqoriyalarla formalaşmış humanizm olması amilinə toxunaraq, İntibah anlayışına aydınlıq gətirir: “... humanizm, mənə elə gəlir ki, İntibahın ilkin əlamətini təşkil edir” [18, s.258-269].

Şərqşünas K.İ.Çaykin “Hicri IV əsrdə İran əsil renessans dövrü keçirir” [19, s.43-44] fikri ilə Şərq mədəniyyətində İntibahın daha dərin köklərə malik olmasına toxunur. İranın hələ hicri IV əsrdə Renessans keçirməsinə toxunan K.İ.Çaykin bu dövrdə formalaşmış ədəbiyyata biganə qalmır və qeyd edir ki, “Rudəki “Kəlilə”ni /Hindbudda mədəni keçmişi/ yazır, Əbül-Müəyyəd “Yusif və Züleyxa”nı /yəhudi mədəni keçmişi/, başqaları, o cümlədən Dəqiqi öz milli zərdüşti İran keçmişini dirçəldir” və “Renessans dalğaları IV əsrin sərhədlərindən aşıb beşinci əsrin birinci rübünü də bürüyür. Firdovsi “Şahnamə”/milli epos/ yazır, “Yusif və Züleyxa” yaradır. Ünsüri budda romanı yazır, yunan romanı mümkündür ki. İran, yaxud İran-yunan romanı/ yaradır. Bu növdə axırıncı əsər “Vis və Ramin”dir. Bir sözlə, mədəniyyətcə yaxın qonşuların və özlərinin keçmiş mədəni irsi bir silsilə bütöv güclü poetik əsərlər vasitəsilə dirçəldilmişdir. Hicri V əsrin II yarısından /daha doğrusu, 30-cu illərdən/ amansız, qəddar müsəlman irticası başlayır” [19, s.43-44]. Professor Xəlil Yusifli K.İ.Çaykinin İntibah haqqında olan bu cür ziddiyyətli düşüncələrini qəbul etmir. Xəlil Yusiflinin K.İ.Çaykinin düşüncələrindəki çatışmamazlıqlara bir mütəxəssis kimi aydınlıq gətiməyə nail olur: “K.İ.Çaykinin İran və ümumiyyətlə Şərq İntibahı haqqındakı mülahizələri elmi şəkildə əsaslandırılmır, İntibah özü ancaq keçmişi dirçəltmək kimi izah olunur, onun mərhələləri düzgün izah edilmir. Hicri V əsrin 30-cu illərindən sonrakı mərhələ irtica dövrü, görünür, intibahın da süqutu kimi başa düşülür. Artıq yaxşı məlumdur ki, İran İntibahı XV əsrə qədər davam edir. Özbəkistan və Azərbaycanda isə bu İntibah bir az da uzanır. XVII əsrdə Azərbaycanda bu İntibah Saib, Məsihi, Qövsi, Sadiqi kimi şairlərin yaradıcılığında özünün parlaq ifadəsini tapır” [12, s.18].

Azərbaycan ədəbiyyatşünaslığında müasir dövrümüzdə də mübahisə predmeti olan Şərq İntibahı anlayışına birmənalı şəkildə münasibət bildirən alimlərimizdən biri də Xəlil Yusifli olmuşdur. Onun Şərq İntibahı anlayışına münasibət bildirməsi elmi tədqiqatlarının əsas predmetinə çevrilmişdir. X.Yusifli özü bu amilə toxunarkən dahi Nizami Gəncəvini Şərq İntibahının əsaslarından biri olmasını qeyd etmişdir: “Azərbaycan ədəbiyyatşünaslığında İntibah mövzusunun, İntibah haqqında tədqiqatların əsas səbabkarı Nizami Gəncəvidir” [12, s.4].

A.A.Hacıyev qələmə aldığı “Ренессанс и поэзия Низами Гянджеви” monoqrafik tədqiqatında “İntibah dövrü insanın mənəvi dirçəlişi, dünyəvi arzu və hisslərin çiçəklənməsi, ən yüksək qiymətə malik varlıq kimi insan şəxsiyyəti haqqında humanist ideyanın təsdiqinin başlanması dövrü idi” [15, s.10] kimi fikirlərində İntibah dövrünün əsas məğzini anlatmağa qadir olmaqla yanaşı, Nizami Gəncəvi yaradıcılığı ilə əlaqəli şəkildə təqdim edir.

Xəlil Yusifli “... İntibah dövründə yaranan mədəniyyət əsasən bir qrup humanist ziyalılar tərəfindən” yaradılmasına toxunaraq, Xətib Təbrizi, Qətran Təbrizi, Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi, Fələki, İzzəddin, Əfzələddin İbrahim ibn Əli Nəccar Xaqani Şirvani, Nizami Gəncəvi və digər klassiklrəimizin yaradıcılıqlarına nəzər salmaqla Şərq İntibahının keçdiyi inkişaf yolunu da göz önündə canlandırır. Xəlil Yusifli konkret şəkildə onların məhz İntibah sənətkarları olmalarını elmi əsaslarla əsaslandırmağa cəhd edir və İntbah nümayəndələri “... öz dövrlərinin qarşıya qoyduğu İntibah ideallarını, həyatı, insani baxış və görüşlərini həssaslıq və ehtirasla əks etdirə bildikləri zaman, orta əsr dünyagörüşündən fərqli, ona qarşı duran, insanın kainatda ən böyük varlıq olduğunu təsdiq edən bir mövqedə durduqları vaxt İntibah sənətkarı sayılmışlar” [12, s.46].

Xəlil Yusifli elmi yaradıcılığında Azərbaycan İntibahı və onun nümayəndələrinin bədii yaradıcılığını tədqiq etməklə bu məfhumun Azərbaycan ədəbiyyatşünaslığının tərkib hissəsi olmasını təsdiq edir. Azərbaycan İntibahının mövcudluğunu amili onun Xətib Təbrizini “Yaxın və Orta Şərq İntibahının ən görkəmli nümayəndələrindən biri, eləcə də Azərbaycan İntibahının ilk titan şəxsiyyətlərindən” [12, s.62], Qətran Təbrizini “XI əsr Azərbaycan İntibahının ən diqqətəlayiq şəxsiyyətlərindən biri” [12, s.63] hesab etməsi bu haqda firirlərində bir daha təsdiqini tapır.

 

XII əsr Azərbaycan ədəbi mühiti və İntibahının ən yüksək zirvəsi

Elmi dairələrdə XII əsr Azərbaycan ədəbi mühitində İntibahının ən yüksək zirvəsi kimi qəbul edilməkdədir. Xəlil Yusifli Ə.Ağayevin iddia etdiyi “XII əsrdə Azərbaycanda başlamış geniş mədəni yüksəliş və İntibah Azərbaycan xalqının mənəvi cəhətdən nə qədər zəngin olduğunu nümayiş etdirirdi. XII əsr Azərbaycan tarixində ən çox diqqəti cəlb edən mədəni İntibah dövrü olmuşdur. Bu dövr dünyaya Nizami kimi dahi bir şairi vermişdir” [1, s.135-141] fikirlərinin məhz Azərbaycanda bu dövrdə intibahın mövcud olmasını əks etdirməsini vurğulayır və qeyd edir ki, “çıxarılan nəticələr – hamısı hamısı XII əsrdə Azərbaycanda İntibah mərhələsinin olduğunu və Nizaminin bu İntibahın ən böyük nümayəndəsi olduğunu təsdiqə yönəlmişdir” [12, s.28].

Azadə Rüstəmova “Azərbaycan Renessans ədəbiyyatı” adlı tədqiqatında İntibah dövrünün Şərqdə yaranması tezisi metodoloji baza kimi istifadə edərək Azərbaycan ədəbiyyatı tarixinə yeni intibah sistemini hədiyyə etmişdir. Ədəbiyyat sahəsində bəzi alimlərimizin Azərbaycan intibahının tam elmi həllini tapmamış problem kimi təqdim etmələri fonunda Azadə Rüstəmova qətiyyətlə söyləmişdir: “XI-XII əsrlər Azərbaycan ədəbi məktəbi Yaxın və Orta Şərq ictimai-bədii fikrinə bir çox qayə, məqsəd, amal yeniliyi, poetik üslubi keyfiyyətlər gətirdi və dünya renessans mədəniyyətləri sırasında layiqli yer tutdu” [5, s.40].

Azərbaycan elmində Azərbaycan mədəniyyətinin Şərq İntibahının tərkib hissəsi olması məsələsinə biganə qalınmaması təqdirəlayiq əməldir. Şərq İntibahını təbliğ edən Mikayıl Rəfili “...Azərbaycan İntibahının ancaq XII əsrlə məhdudlaşmadığı, XVI əsr də daxil olmaqla böyük bir dövrü əhatə etdiyi qənaətində” olması fikrini irəli sürür. Mikayıl Rəfilinin bu fikirləri konkret şəkildə Şərq İntibahının düzgün təqdim olunması ilə bərabər anlaşılmasına da səbəb olur. Xəlil Yusifli M.Rəfilinin Azərbaycan İntibahı ilə bağlı iddialarının dəlillərlə əsaslandırmasını vurğulayır, ancaq özünü göstərən qüsurun olmasına biganə qalmır və “Şərq İntibahı anlayışını birtərəfli həll” [12, s.25] etməsini vurğulayır. Xəlil Yusifli M.Rəfilinin İ.Y.Kraçkovskinin X əsri müsəlman mədəniyyətini İntibah dövrü adlandırmasını doğru saymasına da diqqət yetirməsinə toxunur və elmi cəhətdən yanlış olmasını göstərir: “Müsəlman İntibahı barədəki mürəkkəb məsələlər kompleksinin elmi şəkildə öyrənilməsi göstərir ki, həqiqətən X əsrdə müsəlman aləmində elm və mədəniyyətin ümumi bir inkişafı olmuşdur, lakin bu “dirçəlişi” / “возрождение”/ İntibah adlandırmaq mümkün deyildir” [21, s.51]. Çünki Mikayıl Rəfilinin inkar etdiyi, qəbul etmədiyi “X əsrdə müsəlman aləmində elm və mədəniyyətin ümumi bir inkişafı”, yəni “dirçəliş” /”возрождение”/ elə Şərq İntibahının təzahürüdür. M.Rəfilinin “dirçəliş” kimi kimi qeyd etdiyi inkişaf elə İntibaın (Şərq İntibah) özü idi. Xəlil Yusifli haqlı olaraq, Azərbaycan İntibahından bəhs etmiş, “Məhsəti, Xaqani, Nizami yaradıcılığının İntibah ideyalarının ifadəsi kimi qiymətləndirmiş” Mikayıl Rəfilinin “A.Metsin X əsri “müsəlman İntibahı” adlandırmasını İntibahın “çox dar, məhdud, burjuacasına başa düşülməsi” hesab” etməsinin də yanlış olmasını vurğulamasında bir elm adamı kimi haqlıdr: “XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndinin bir səhvini doğru qələmə vermək üçün yeni-yeni yanlış mülahizələr yürüdür. Nizaminin yaradıcılığı ilə Fəxri Gürganinin “Vis və Ramin” poeması arasında İntibah ideyalarının parlaq inikası baxımından çox ciddi yaxınlıqlar görür. Nizaminin “Xosrov və Şirin”indən az qala bir əsr yarım əvvəl, özü də İranda belə parlaq bir İntibah abidəsinin meydana çıxmasını qeyri-mümkün sayır. Heç olmasa bu faktdan doğru nəticələr çıxarmaq mümkün idi” [12, s.26].

 

Nizami yaradıcılığının Şərq İntibahında xüsusi əhəmiyyəti haqqında

Xəlil Yusifli elmi yaradıcılğında Şərq İntibahının mövcudluğunun bariz nümunəsi kimi Nizami Gəncəvinin yaradıcılığı əsasında təsdiq etməsinə cəhdləri diqqətdən yayınmır. Xəlil Yusifli qəti şəkildə Şərq İntibahının, xüsusilə də Azərbaycanda İntibahın olmasını dahi ədibimiz Nizami Gənəcvi yaradıcılığına əsaslanaraq təsdiq edərək qeyd edir ki, “Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda İntibah dövrünün olduğunu, İntibah ideallarının geniş vüsət aldığını bu dahi sənətkarın (Nizami Gəncəvi-S.Ş.) poeziyasında daha parlaq və aydın cizgilərlə görmək mümkündür” [12, s.383]. Xəlil Yusifli “Yaxın və Orta Şərq xalqlarının tarixində İntibah dövrü XII əsrdən daha əvvəl başlayıb sonrakı dövrə bir neçə əsr davam etsə də, onun ən səciyyəvi cizgiləri Nizaminin yaradıcılığında parlaq ifadəsini tapmışdır” [12, s.385] kimi fikirlərində isə Şərq İntibahının təkamülünə də aydınlıq gətirməyə cəhd edir.

Xəlil Yusiflinin Şərq İntibahı anlayışına və mövcudluğuna Nizami Gəncəvinin yaradıcılığı əsasında, həmçinin dünya İntibahı kontekstində aydınlıq gətirməsi Şərq İntibahının təkamül tarixinə işıq salır. Mərhum alimin “Yaxın və Orta Şərqdə İntibahın ən böyük nümayəndələrindən olan Nizaminin yaradıcılığı” [13] kontekstində İntibah anlayışının Şərq mədəniyyətində təzahür etməsinə incəliklə varması diqqətdən yayınmır. Bu baxımdan da, Xəlil Yusiflinin haqlı olaraq, Nizami Gəncəvinin Şərq İntibahının söz xiridarı kimi yaradıcılığının mücərrəd şəkildə tədqiq edilməsinə rəğmən “bu böyük İntibah sənətkarının (Nizami Gəncəvi-S.Ş.) İntibah dövrünün sənətkarı kimi araşdırılmaması”nı qüsur kimi dəyərləndirməsi diqqətdən yayınmır.

Nizami Gəncəvinin İntibah nümayəndəsi kimi xidmətlərinə toxunan Xəlil Yusifli ədibin yaradıcılıq manifesti hesab etdiyi “Sirlər xəzinəsi”ni İntibah nümunəsi kimi səciyyələndirir: “...iki istiqamət: orta əsrliyi tənqid və yeni humanist İntibah dünyagörüşünü təsdiq “Sirlər xəzinəsi”ni səciyyələndirən əsas keyfiyyətdir” [12, s.84]. Xəlil Yusifli Nizami Gəncəvinin “Xosrov və Şirin” mənzum romanını da İntibah abidəsi kimi dəyərləndirməklə ədibi həm də İntibah nümayəndəsi kimi təqdim edə bilir: “İstər dövrün ideya, fikir döyüşlərinin doğru, humanist mövqelərdən inikası, istərsə də İntibah baxışlarının ifadəsində göstərilən əlvanlıq və ecazkarlıq “Xosrov və Şirin” mənzum romanını dünya İntibah ədəbiyyatının ən nadir nümunələrindən biri kimi səciyyələndirən əsas keyfiyyətdir. İnsana, onun gözəlliyinə, qüdrətinə inam, insanda insanlığın ehtiraslı təsdiqinə yönələn əsas meyl bu əsəri İntibah abidəsi kimi səciyyələndirən əsas keyfiyyətdir” [12, s.193]. Qərbdə orta əsrlərdə “cəngavərlik romanları”nın mövcud olmasına baxmayaraq, müasir mənada roman tipli əsərləri Renessans dövrü ərəfəsində meydana gəlməyə başlamışlar. Diqqətəlayiq haldır ki, Şərqdə, o cümlədən Azərbaycanda da bu dövr bir qədər əvvəl olmuş və bu da ədəbi mühitə təsir etməyə bilməzdi. Həmin tarixi dövrdə Qərbdə inkvizisiya vəhşi cinayətlərini törədən zaman, Şərqdə qədim yunan fəlsəfəsi bərpa edilmiş və müxtəlif mütəfəkkirlər tərəfindən çoxsaylı zəngin ədəbi-fəlsəfi məktəblər yaradılmışdır. Yaradıcılığı ilə Azərbaycan siyasi-fəlsəfi fikrinin inkişafına təsir etmiş Nizami Gəncəvinin Şərq İntibahının ən kamil sənətkarı olması şübhə altına alınmır. Bu baxımdan, Nizami Gəncəvi dövründə roman tipli əsərlərin yaradılmasına əlverişli tarixi şərait formalaşmışdır. Öz növbəsində, həmin dövrdə pəhləvi və ərəb dillərinin ədəbi əsərlərin əsas dilləri kimi istifadəsi də ədəbi mühitə öz təsirini göstərmişdir. Həmin dillərin poetik və musiqi -ritmik xüsusiyyətləri yazarlar tərəfindən lirik biçimlərə üstünlük verilməsinə səbəb olmuşdur. Nəticədə, əsərlərin lirik biçimdə yazılma ənənəsi geniş yayılmışdır. Bu fakt fəlsəfi traktatlarda daha aydın şəkildə özünü büruzə vermişdir. Əgər Qərbdə fəlsəfi əsərlər sırf nəsr üslubu ilə qələmə alınırdısa, Şərqdə poetik formalara üstünlük verilirdi. Bundan belə bir nəticəyə gəlmək mümkündür ki, həmin dövrdə Şərqdə ədəbi inkişaf tarixinin vacib xüsusiyyətlərindən biri yaradılan əksər ədəbi əsərlərin lirik biçimlərin əsaslı təsirinə məruz qalması olmuşdur.

Xəlil Yusifli “dahi İntibah sənətkarı” adlandırdığı Nizami Gəncəvinin Şirvanşah Əxsitanın şifarişi ilə qələmə aldığı “Leyli və Məcnun” əsərini də “dövrün qabaqcıl İntibah idealları onu da öz dalğalarında axına qatıb aparmaqda” olmasını vurğulayaraq, “...Əxsitanlar əleyhinə yazılan, onları ehtiraslı bir şəkildə inkar edən güclü, əzəmətli bir İntibah abidəsi” [12, s.195] kimi dəyərləndirir. Xəlili Yusiflinin “Leyli və Məcnun” əsərini isə İntibah mədəniyyətinin misilsiz abidələrindən biri kimi dəyərləndirməsi əsərin İntibah nümunəsi olmasını bir daha təsdiqləyir: “...ehtiraslı inkarı, təsdiqi ilə gözəlliyin faciəsini qeyri-adi bir vüsətlə göstərməsi ilə “Leyli və Məcnun” İntibah mədəniyyətinin ən qanunauyğun və misilsiz abidələrindən biri” [12, s.262]. Xəlil Yusifli “Azərbaycan, eləcə də Yaxın və Orta Şərq İntibahının ən böyük nümayəndəsi” [12, s.381] hesab etdiyi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini “Azərbaycan İntibah mədəniyyətinə yeni böyük hədiyyəsi” [12, s.316], “Nizami yaradıcılığının əzəmətli və monumental bir yekunu” [12, s.318] adlandırdığı "İskəndərnamə" əsəri kimi dəyərləndirməsi dahi Nizami Gəncəvinin yaradıcılığının Şərq İntibahının ən parlaq nümunəsisi olmasını təsdiq edən fakt kimi özünü büruzə verir. Ümumiyyətlə, bu səbəbdən də Nizami Gəncəvi yaradıcılığı Qərb şair və mütəfəkkirləri ilə müqayisə edilməsində bir qədər ehtiyatlanma özünü göstərməkdədir.

Xəlil Yusifli Y.E.Bertels, M.Rəfili, A.Hacıyev, Ə.Ağayev və digər tədqiqatçıların Nizami Gəncəvi yaradıcılığından bəhs edərkən məhz Şərq, xüsusilə də “Azərbaycan İntibahından söhbət açmağa məcbur” olmalarına da toxunur. Xəlil Yusifli Şərq, yəni onun özünün qeyd etdiyi Azərbaycan İntibahını qəbul etməyən tədqiqatçıların Nizmi Gəncəvi yaradıcılığı ilə üzləşərkən çaş-baş qalmalarını da diqqətdən qaçırmır. O, qeyd edir ki, “hətta son dövrlərin özündə də subyektiv mülahizələrə əsasən Azərbaycan intibahını inkar etməyə çalışan mütəxəssislər də Nizami poeziyasına çatdıqda çaş-baş qalır, Nizami poeziyasının timsalında Azərbaycan Renessansından danışmağı özlərinə borc bilirlər” [12, s.4]. Xəlil Yusifli arixidə İslamın qızıl dövrü kimi yer tutan Şərq İntibahını qəbul etməyənlərin Nizami Gəncəvi yaradıcılığının əzəməti qarşısında davam gətirə bilməmələrini də xüsusi olaraq vurğulayır: “Nizami poeziyasının güclü, parlaq intibah xarakteri qarşısında Azərbaycan intibahının inkarçıları geri çəkilməyə məcbur olurlar” [12, s.4-5].

 

Şərq intibahı ideyalarının tənqidi ətrafında elmi disput

 

Xəlil Yusiflinin həmkarlarının İntibah, xüsusilə də Şərq İntibahı ilə bağlı elmi yanaşmalara birmənalı yanaşmaması həm mübahisələr doğurur, həm də fikir ayrılığına səbəb olur. Onun AMEA-nın müxbir üzvü Yaşar Qarayevin “Azərbaycan mədəniyyətinin öz İntibah dövrü olduğuna şübhə ilə” yanaşmasına toxunması mübahisə doğurur. X.Yusifli qeyd edir ki, “Y.Qarayev də bu mövzuya ayrıca bir məqalə həsr etməklə bərabər “Azərbaycan realizminin mərhələləri” əsərinin azərbaycanca və rusca çap olunmuş variantlarında Renessans probleminə xüsusi diqqət yetirmişdir. Müəllifin bu mövzu ətrafındakı axtarış və qənaətləri Şərq İntibahı ideyasını təsdiqdən daha çox onu inkara yönəlmişdir. İntibahı burjua mədəniyyətinin ilkin təşəkkül dövrü hesab edən müəllif yazır: “Məlumdur ki, Qərbdə “Orta əsrlər” İntibahın, bizdə isə maarifçiliyin başlanması ilə tamamlanır” [3, s.39]. “Dünya ədəbi prosesinin inkişafı tarixində antik mədəniyyətlə İntibah Avropası arasında ara zirvə kimi orta əsrlərin Şərh humanizmi durmuşdur” [3, s.47]. Bu fikirlərdə İntibahın dünya miqyaslı bir hadisə olması fikri açıq-aydın inkar olunur, onun əvəzində orta əsrlər Şərq humanizmi, orta əsrlər Şərq İntibahı kimi mücərrəd və qondarma fikirlər ortaya atılır. Mülahizələrində ardıcıl olmayan Y.Qarayev bir qədər sonra Şərq İntibahı ideyasına ciddi etiraz etməyərək yazır: “İntibah təfəkkürü üsulunun qələbələrinə biz Şekspirdən əvvəl Nizamidə rast gəlirik” [3, s.50]. Onun aşağıdakı cümləsində də Şərq İntibahının etiraf olunduğunu görmək çətin deyildir: “Şərq İntibahı Şərqdə orta əsrlərin və feodalizm ictimai bazisinin sərhədləri ilə çərçivələnir və tipoloji ədəbi-bədii məzmun baxımından Şərq orta əsrləri Avropanın orta əsrləri ilə yox, İntibah dövrü ilə qarşılıqlı analoq təşkil edir” [3, s.46]. Y.Qarayevin etirafları heç də ardıcıl deyildir. Onun düşüncələri əslində Şərq İntibahını inkara yönələn orta əsrlər İntibahı adlı qeyri-elmi tezisin irəli sürülməsi ilə səciyyələnir” [12, s.30-31].

Xəlil Yusiflinin Yaşar Qarayevin elmi yanaşmalarını bu cür açıqlaması mübahisə predmetinə çevirir. X.Yusiflinin Y.Qarayevin elmi yanaşmalarına ziddiyyətli yanaşmasına rəğmən, qeyd etmək lazımdır ki, Y. Qarayev ədəbiyyat tarixinin bir sıra problemlərini tədqiq etmişdir, elmi yeniliyi və əhəmiyyəti ilə seçilən nəzəri konsepsiya və tezislər irəli şürmüşdür: Şərqdə çoxetaplı intibah konsepsiyası, “Təsəvvüf intibahı”nın Şərq ədəbiyyatına təsir formaları, Nizaminin Şərq İntibahında xüsusi yer tutması, Şərq İntibahı və Avropa İntibahı arasında əlaqələrin və tipoloji həmahəngliyin olması, Füzuli yaradıcılığının Şərq İntibahı çərçivəsində türkcənin Şərqdə hakim dil səviyyəsinə qaldırılmasına təsiri, M.F.Axundzadənin Azərbaycanda realizmin inkişafında fərdi və milli konkretlik gətirməsi, o cümlədən, latın əlifbasına keçməsi probleminin ictimai və elmi dairələr qarşısında qaldırılmasında rolu, milli ədəbiyyatın “Ən yeni dövrü”nü ADR-la başlamaq təklifi.

Y. Qarayev həyat ehtiraslarının nikbin təsdiqini İntibah realizminin fərqləndirici xüsusiyyətlərindən biri hesab etmişdir. Ədib Avropada İntibahın meydana çıxmasını keçmişin, indinin və gələcəyin vəhdət təşkil etdiyi, Şərqdə isə orta əsrlərdə formalaşdığını düşünmüşdür: “Avropa İntibahı üç müxtəlif və müstəqil tarixi-mədəni mərhələnin bir-biri ilə üçtərəfli qarşılıqlı əlaqəsi zəminində meydana çıxır: keçmişin (antik dövrün) əsasında, indinin (“tutqun” orta əsrlərin) inkarı prosesində və gələcəyin (orta əsrləri əvəz edən “Yeni zamanın”) yaranması şəklində! Şərqdə İntibah mədəniyyəti isə eyni bir sürəkli və mürəkkəb epoxa vahidi daxilində - orta əsrlərdə cərəyan edir” [3, s.45-46]. Professor Yaşar Qarayev Şərq orta əsrlərini Avropanın orta əsrləri ilə deyil, məhz İntibah dövrü ilə qarşılıqlı analoq təşkil etməsi faktını bir ziyalı kimi də görə bilmişdir.

Dini-mənəvi dəyər olan “Təsəvvüf intibahı” - yəsəvilik Y. Qarayevə görə “islamdan sonrakı şeir, musiqi, rəssamlıq, memarlıq ilk bədii kültürü intibahını” [4, s.128] özündə əxz etdirən təlim idi. Y. Qarayev təsəvvüfün humanizm, əxlaq saflığına və elmi-maarifə meyl etməsini, yalan və harama isə nifrət tərbiyə etməsini göstərmişdir. “Əslində, yəsəvilik – folklorla, xalqla eyniyyət epoxasının təcəssümü və hadisəsi olmuşdur” [4, s.142] deyən prof. Y. Qarayev yəsəviliyin yaranması tarixinə toxunarkən, onun “”on böyük köç»dən sonra meydana çıxdığını qeyd etmişdir.

Y. Qarayev İslam intibahı “xilafətinin” beşiyi başında dayanmış Nizamidə həyata rassional münasibət və insanın mənəvi dünyasının dərindən təqdiminin özünü göstərdiyini qeyd etmişdir. Y. Qarayev Nizamidə İntibah dünyagörüşünün xəlqilik və demokratizm, humanizm və əqlə hörmət, böyük hərfli insan axtarışları kimi bir çox əsas xüsusiyyətlərinin cəmləşdiyini qeyd etmişdir. Y. Qarayev ilk mənzum roman-epopeya müəllifi Nizamini novator, həmçinin islahatçı – şair kimi dəyərləndirmişdir.

Yaşar Qarayev türk bədii məkanında Şərq-islam intibahının Qədim Ellada, həmçinin Avropa İntibahı arasında tipoloji həmahənglik olmasını qabardır. Şərq-İslam İntibahının Avropa intibahına təsirini açıqlayan ədib yazmışdır: “neçə əsr sonradan Qərbdə Avropa İntibahının və hazırda müasir elmi dünyanın davam və inkişaf etdirdiyi humanist cəmiyyət və ədalətli rəhbər (şah) ideyası Nizaminin bütün həyat və yaradıcılığı boyu məşğul etmişdir” [4, s.155].

Xəlil Yusifli Yaşar Qarayevin İntibahı antik dövrə qayıtma kimi izah etməsini düzgün olmamasına toxunaraq qeyd edir ki, “İntibahın özünü yanlış olaraq antik dövrə qayıtma, onu dircəltmə kimi izah edən Y.Qarayev Şərqdə İntibah dövrünün olduğunu, İntibahın dünya miqyaslı bir hadisə olduğunu şübhə altına alaraq yazır: “Ренессанс – чего? Возрождение – чего? На Западе это было возрождением античности. А на Востоке?” [17, s.38] Yaşar Qarayevə görə, Şərqdə İntibahı orta əsrlərin sonu ilə əlaqələndirmək mümkün deyildir, ona görə də Firdovsi yaradıcılığında İran antikasının dirçəldilməsini Ərəb mədəniyyətində antik dövrə müraciəti antik dövrə qayıtmaq, Renessans hesab etmək doğru deyildir. Bu olsa-olsa, öz dövrünə yeni baxışın, münasibətin ifadəsidir[17, s.39-40]. Renessans mədəniyyətini realizmdən, yaradıcılıq metodundan asılı vəziyyətə salmaq, onu ancaq və ancaq burjuaziya ilə əlaqələndirmək, Şərqdə ədəbiyyatın cismani hissləri, istəkləri təsvir və təsdiqdən uzaq olduğunu söyləmək Nizami də daxil olmaqla Şərq ədəbiyyatına mistik duyğular təsvir edən bir hadisə kimi baxmaq müəllifi Renessans hadisəsini elmi şəkildə qiymətləndirməkdən uzaqlaşdırmışdır” [12, s.331]. Xüsusi vurğulamaq lazımdır ki, Yaşar Qarayev elmi tədqiqatlarında Avropa İntibahı və Şərq-İslam İntibahı arasındakı fərqli cəhətlərinə aydınlıq gətirmiş alimlərimizdən biridir. Bəlli faktdır ki, Yaşar Qarayev Avropa İntibahını xristianlıqla antik ənənənin sintezi kimi meydana çıxdığını qeyd etmiş, həmçinin Şərq-islam İntibahının islamla sufizmin qaynağı kimi formalaşdığını göstərmişdir [11].

 

Gürcü intibahı ətrafında elmi disput

Xəlil Yusiflinin elmi görüşlərində gürcü İntibahı anlayışını işlətməsi ilə də rastlaşırıq. Ədib “Nizami və Şərq İntibahı” adlı tədqiqatında mübahisəyə yol açan gürcü İntibahı kimi bir intibahın olması fikrini səsləndirir. X.Yusifli “İntibahı Zaqafqaziya ilə bağlamaq, Ərəbistan, İran və Orta Asiyada İntibah dövrünün olduğunu inkar etmək tamamilə yanlış” hesab edərək qeyd edir ki, “...Ərəbistan, İran və Orta Asiyada İntibahın olduğunu inkar etməklə Zaqafqaziya İntibahının özünü də düzgün elmi şəkildə şərh etmək mümkün olmaz”. Zaqafqaziya intibahını Yaxın və Orta Şərq ölkələrində yaranan İntibahın ayrılmaz tərkib hissəsi kimi təqdim edən Xəlil Yusifli onu da vurğulayır ki, “...Zaqafqaziya ölkələrindəki İntibah Ərəbistan, İran və Orta Asiyadakı İntibahın təsirilə nisbətən sonra təşəkkül tapmış, onunla birləşmiş, onun nailiyyətlərini mənimsəmiş, öz növbəsində ona yeni əlavələr etmişdir”. Mikayıl Rəfilinin isə “...Renessansın başlanğıcını XII əsrdə Gürcüstanda və Azərbaycanda axtarmaq lazımdır” [21, s.53] kimi fiikrlərini Xəlil Yusifli “qeyri-elmi, subyektiv müddəalar kimi rədd edilmə”sini təklif edir. Daha sonra Xəlil Yusifli Zaqafqaziya İntibahından bəhs edərkən “Azərbaycan İntibahı gürcü İntibahına nisbətən daha əvvəl” [12, s.27] yaranmasına toxunur. Bu fikir, ümumiyyətlə gürcü İntibahı anlayışı mübahisə doğurur. Belə ki, həqiqətən də Şərq intibahından bəhs edərkən, bütün Şərq dünyasında, həmçinin də o dövr Azərbaycanın yerləşdiyi məkanda Renessansın təkamülü danılmazdır. Ancaq gürcü ədəbiyyatında hansı intibahdan söz gedə bilər ... Gürcü ədəbiyyatında yaranmış hansı əsərləri İntibaha aid etmək olar? Bu saullara təbii ki, mərhum alimimiz özü də cavab verə bilməzdi...

Xüsusi qeyd etmək lazımdır ki, Şərq İntibahı gürcü ədəbiyyatını özündə ehtiva etmir. Şərq Renesansı Qafqazda yaşayan xalqlar içərisində Azərbaycan türklərinin sahib olduğu ədəbi mühiti, farsdilli və ya ərəbdilli ədəbiyyatı əhatə edir ki, gürcü və digər xalqların ədəbiyyatı və mədəniyyəti Şərq Renesansına daxil olmaqdan məhrumdur [10]. Şərq Renesansını əhatə edən ədiblər içərisində də Nizami Gəncəvi, Əfzələddin Xaqani, Əbülqasim Firdovsi, Sədi Şirazi, Mövlana Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami kimi ədiblər yer almaqdadır.

Şota Rustavelinin əsərinin Şərqlə bağlı olması məqamı “Rustaveli dövrünün abidələri”ni tədqiq etmiş akad. İ. Orbeli tərəfindən də vurğulanır: “Rustavelini anlamaq, həm də layiqincə anlamaq, XII və XIII əsrlərdəki Şərq mədəniyyətini anlamaq deməkdir. Rustavelini layiqincə, bütün dərinliyilə anlamayan bir adam, deməli, Şərqi də anlamayır” [16, s.63]. Akad. İ.Orbeli Şota Rustaveli yardıcılığına məhz Şərqin hakim olmasını təsdiq edir. Bu mənzum romanın obrazlarında, mövzusunda özünün təsdiqini tapır. Rustavelişünas Pavel İnkorokva da öz tədqiqatlarında Şota Rustaveli yaradıcılğında Şərq mədəniyyətinin təsirini göstərmişdir: “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş. Rustaveli üçün “Şərq mədəniyyəti, gürcü mədəniyyəti qədər yaxın və doğma idi” [24, s.24]. Kobidze isə konkret olaraq Şota Rustavelinin Şərq poeziyasının nümayəndəsi kimi təqdim edir: “Rustaveli – Şərq poeziyasının nümayəndəsidir... Rustavelinin poemasının Qərblə bağlılığı yoxdu”. Kobidzenin irəli sürmüş olduğu bu iddia bütün həqiqətləri özündə ehtiva edir.

V.Çelidze qeyd edir ki, “dünya ədəbiyyatında Şota Rustaveli İntibah dövrünün şairi kimi məşhurdur” [22, s.41-60]. Şota Rustavelinin XII-XIII əsrlərə aid olması bizdə bu sualı doğurur. Bu dövrdə, hələ də qəbul edilməsi zor olan Şərq İntibahı özünü göstərmişdir. Şota Rustavelinin Şərq İntibahına aid olması danılmaz faktdır. Avropa İntibahından əvvəl Şərq İntibahının olması, onun görkəmli nümayəndələrinin meydana çıxması bizə bunu deməyə əsas verir. Ancaq bir sual doğur. Gürcü ədəbiyyatında Şərq Renesansına aid olan hansı digər əsərlər və ya müəlliflər var? Əlbəttə cavab bir mənalıdır. Yoxdur. Sadəcə gürcü tədqiqatçıları həqiqəti etiraf etmək istəmirlər və ya da etiraf etməkdə çətinlik çəkirlər...

Qeyd edək ki, Şota Rustaveli Şərq şairi kimi təqdim edilir: “1930-cu illərin sovet mədəniyyətində. Şərq şairləri Əbül-Qasım Firdovsi və Şota Rustaveli öz əsərlərinin qəhrəmanları kimi yeni siyasi məzmun kəsb edirdilər” [23, s.116].

Gürcü ədəbiyyatını tədqiq edərkən, Şota Rustavelinin qələmə aldığı mənzum romanın hansı ənənə üzərində yaranması və ya yarana biləcəyi sual doğurur. Şota Rustaveliyə qədər gürcü ədəbiyyatında hər hansı bir ədəbi məktəb yaratmayan bir ədəbiyyatın belə kamil nümunə yarada bilməsi həmin əsərin qələmə alındığı dövrə diqqəti yönəldir. Məsələn, XII-XIII əsrlər Şərq ədəbiyyatında poema, mənzum roman və s. janrlarının geniş inkişaf etdiyi, bu dövrdə Şərq Renesansının baş verməsi Şota Rustaveli yaradıcılığına, şəxsiyyətinə diqqət yönəltməyi önə çıxarır. Akademik İsa Həbibbəylinin Şərq İntibah ədəbiyyatının nümayəndələrini vurğulaması məqamına diqqət yetirək: “Humanizmin böyük carçısı Nizami Gəncəvi Şərq intibah ədəbiyyatının qüdrətli yaradıcılarındandır. Nizami Gəncəvi ilə yanaşı Şota Rustaveli, Əfzələddin Xaqani, Əbülqasim Firdovsi, Sədi Şirazi, Mövlana Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Əcəmi Naxçıvani, İbn Sina, Fərabi, Bəhməniyar, Əbdülqadir Marağayi və başqaları Şərqdə intibah mədəniyyətinin yaranmasında və inkişafında böyük xidmətlər göstərmiş görkəmli simalardır” [2]. Akademik İsa Həbibbəylinin Şərq İntibahı nümayəndələri içərisində gürcü ədəbiyyatının digər nümayəndələrini səsləndirməməsi, belə bir fikir formalaşdırır ki, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsəri Şərq ədəbiyyatına məxsusdur.

 

Nəticə

Azərbaycan mədəniyyəti və Şərq İntibahı, İntibahın Şərq mədəniyyəti ilə bağlılığı fakt və dəlillərlə istər milli ədəbiyyatşünaslığımızda, istərsə də dünya ədəbiyyatşünaslığında vurğulanmaqdadır. Xəlil Yusifli Şərq İntibahı anlayışına birmənalı şəkildə münasibət bildirərək Azərbaycan ədəbiyyatşünaslığının tərkib hissəsi olmasını qeyd edir. Professor Xəlil Yusifli XII əsr Azərbaycan ədəbi mühitini İntibahının ən yüksək zirvəsi hesab edir. Xəlil Yusifli Azərbaycan mədəniyyətində İntibahı dahi ədibimiz Nizami Gənəcvi yaradıcılığına əsaslanaraq Şərq İntibahının təkamülü fonunda təsdiq etməyə cəhd edir. Xəlil Yusiflinin həmkarlarının İntibah, xüsusilə də Şərq İntibahı ilə bağlı elmi yanaşmalara birmənalı yanaşmaması elmi disputların yaranmasına səbəb olmuş, Şərq-islam İntibahının islamla sufizmin qaynağı kimi formalaşması ətrafında mübahisələrə aydınlıq gətirilmişdir. Xəlil Yusifli elmi görüşlərində gürcü İntibahı anlayışını işlədir, daha dəqiqi gürcü İntibahı kimi bir intibahın olması fikrini səsləndirir.

İntibahın Şərq və ya Qərb mədəniyyətində təzahür eməsi ətrafında aparılan çoxşaxəli elmi tədqiqatlar bir daha təsdiq edir ki, İntibah dövrü Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. İntibah dövrü üçün mühüm əhəmiyyətə malik qənaət və düşüncələrin ifadəsi klassik Şərq ədəbiyyatının nümunələrində parlaq şəkildə təzahür etmişdir. Bu təzahür bir daha təsdiq edir ki, Şərq intibahına aid elm və mədəniyyət Qərb İntibahından çox-çox əvvəl, ən azı beş yüz il əvvəl tərəqqi etmişdir. Şərq İntibahı həmçinin ümumtürk mədəniyyətinin formalaşdırılmasında önəmli rol oynaması da danılmaz faktdır.

 

Ədəbiyyat

 

Ağayev Əkbər. Nizami və dünya ədəbiyyatı, Bakı, Azərnəşr, 1964.
Həbibbəyli İsa. Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr // Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr - Xəbərlər - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi // nizamimuseum.az
Qarayev Yaşar. Realizm: sənət və həqiqət. Bakı, “Elm” nəşriyyatı, 1980, 258 səh.
Qarayev Yaşar. Tarix: yaxından və uzaqdan. Bakı, “Sabah” nəşriyyatı, 1996, 712 səh.
Rüstəmova Azadə. Mənəvi dünənimiz bu günün işığında. Bakı, “Elm”, 2011.
Sharifova Salida. About the fact that Shota Rustaveli's work «The Knight in the Panther's skin» belongs to the eastern renaissance and was created based on Turkish folklore. Тюркский мир в современных реалиях: проблемы языка, литературы, истории и культуры: XII Международная тюркологическая конференция (г. Елабуга, 18 апреля 2024 года) / Отв. ред. А.З. Нигамаев. – Казань: Изд-во Казан. ун-та, 2024. – 442 с. c.247-251.
Sharifova Salida. The creation of Shota Rustaveli's “The knight in the tiger's skin”, which belongs to the Eastern renaissance, based on Turkish folklore. “OʻZBEK FOLKLORI VA SHEVALARI TADQIQOTLARI: AMALIYOT, METODOLOGIYA, YANGICHA YONDASHUV” mavzusidagi xalqaro ilmiy-nazariy konferensiya (25 may 2024-cü il). Toshkent, 2024. s.7-12.
Şərifova Salidə. Klassiklər və müasirlər söz müstəvisində. Bakı. “Elm və təhsil”, 2018. 568 səh.
Şərifova Salidə. Şərq intibahına aid Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsəri haqqında. “Alisher Navoiy va Sharq Renessansi” IV xalqaro simpoziumi materialları (8-9 fevral 2025-yil, Navoiy shahri). Toshkent: Sahhof, 2025. 624-b. s.481-510.
Şərifova Salidə. Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin Şərq intibahına aid olması və türk folkloru əsasında yaradılması haqqında. Türk Dünyası İncelemeleri Dergisi/Journal of Turkish World Studies 22/2 Kış-Winter 2022. Səh.327-352.
Şərifova Salidə. Yaşar Qarayevin elmi irsinə baxış. Ədəbiyyat məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri), XXIX c., Bakı, “Elm və təhsil”, 2017. – 373 s. səh.256-265.
Yusifli Xəlil. Nizami və Şərq İntibahı. Bakı, “Elm və təhsil”, 2023. 412 səh
Yusifov Xəlil. Nizami və Şərq İntibahı. filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı. 1983
Брагинский И.С. Двенадцать миниатюр. Москва,1966.
Гаджиев, А. А. Ренессанс и поэзия Низами Гянджеви [Текст] /А.А.Гаджиев; [ред. М.Дж.Джафаров]; АН АзССР, Ин-т лит. им. Низами - Баку: Элм, 1980- 203, [4] с.
И.А.Орбели в сборнике “Памятники эпохи Руставели”, изд. Эрмитажа, Ленинград, 1938.
Караев Я. Этапы азербайджанского реализма. Баку, Язычы, 1983.
Конрад Н.И. Запад и Восток. Москва, “Восточная литература”, 1972.
Марр Ю.Н., Чайкин К.И. Хакани, Незами, Руставели. Тбилиси, 1966.
Мец Адам. Мусульманский ренессанс. Москва,1966.
Рафили М. Избранное, Азернешр, Баку, 1973.
Челидзе В. По следам контекстов грузинской поэмы Возрождения (Шота Руставели в Иерусалиме) [Электронный ресурс] // Язык и текст. 2020. Том 7. № 4 // https://psyjournals.ru/files/119512/langt_2020_n4_Chelidze.pdf;
Шик И.А. Образы востока в советской фарфоровой пластике 1930-х гг.: «Рустем» Р.Н.Николаевой и «Шота Руставели» Н.Я.Данько. НОВОЕ ИСКУССТВОЗНАНИЕ 03/2019.
Шота Руставели и его время: Сборник статей. М.: Гослитиздат, 1939. 280 с.

Salidə Şəmməd qızı ŞƏRİFOVA

filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının professoru,

Rusiya Təbiət Elmləri Akademiayasının həqiqi üzvü,

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu