Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The myth that destroys myths - Rahid Ulusel

28-01-2025 [ 11:12 ] [ read:20 ]
printerA+ | A-

XXI əsrin "ideya boşluğu": 

o necə doldurulur?!

Müasir dünyanın strateji ideya qurucularından biri - tarixçi-filosof, Yerusəlim Yəhudi Universitetinin professoru Yuval Nuh Harari sayılır. Qlobal media qurumları, elm, mədəniyyət, siyasət xadimləri, mötəbər auditoriyalar onunla görüşlər keçirir, mövqeyinə böyük önəm verirlər. Təsis etdiyi "Sapienship" şirkəti bu gün dünyanın üzləşdiyi qabarıq qlobal çağırışlara diqqəti yönəltmək məqsədini bəyan edir. 2023-cü ildə Azərbaycanda da olub. Bizdə də əsərləri nəşr edilir (tərcümələrin səviyyəsi, kəm-kəsiri ayrıca söhbətin mövzusudur), ən yüksək səviyyədə tanınır və qiymətləndirilir. 

Hararinin 2015-2018-ci illər arasında çap olunan məşhur trilogiyası - dünyanın 65 dilində 45 milyon tirajla yayılan üç kitabı (5; 6;7) XXI əsri Üçüncü Minilliyin ilk yüzili olaraq onun inamlı startı, dolğun proloqu kimi görmək istəyənlərin polemikasına açar verir. Nuh peyğəmbərin adını daşıyan (Yuval Noah) yəhudi filosofunun bunca populyarlaşmasının başlıca səbəbi, heç şübhəsiz, onun dünya tarixini Hararicə səhifələməsi, bəlli bilgilərin yerindən oynadılması, toxunduqlarına qızğın refleksiya oyandıra bilməsi, nəzərdən qaçmışları diskursun mərkəzinə gətirməsi, hətta qrammatikanı fəlsəfi ironiya ilə süsləməsi, proses və olayların, ideya və baxışların kontrapunktunu yaratması və nəhayət, problemlərə gözlənilməz rakursdan yanaşması, onları optik böyüdüb-kiçiltməsi, mikroskopiyadan makroskopiyaya, ya da əksinə, çevik keçidlər etməsidir. 

Əlbəttə, Hararinin əsərləri akademik dairələrdə birmənalı qarşılanmır. Məsələn, təkamül üzrə bioloq Darşana Narayanan "Yuval Nuh Hararinin təhlükəli populist elmi" adlı məqaləsində müəllifi yalnız "istedadlı hekayəçi və populyar söz ustası" sayaraq, onun "elmi sensasiyaçılığa qurban verməsini", "fərziyyələri ilə ardıcıl olaraq elmin yoxsulca anladılmasına əsaslanan spekulyasiyalarla işləməsini" kəskin tənqid edir (10).

Mənim fikrimcə, Hararinin trilogiyası dünya tarixinə onun gələcəyi ilə birgə özünəməxsus baxışlar sistemini yeni dünyagörüşü üfüqlərinə çıxarmağa iddialı olan bir nəzəriyyənin, bir ideologiyanın (Harari özü mahiyyətinə görə ideologiyanı din, dini ideologiya hesab edir) - hararizmin başlanğıcıdır. Eyni zamanda bu trilogiya bütün orijinallığı, fikir paradoksallığı ilə nə qədər diqqəti cəlb etsə də, təkcə ayrı-ayrı məqamlarda deyil, bütövlükdə, fundamental ideyalarının qoyuluşunda çox ciddi sapıntılara, yanlış yozumlara yol verir. 

Harari ayıqdır: hələ ilk çərəyini yaşadığımız XXI əsrin "ideya boşluğu"nu aydınca görür. Cıdırda atları yorulmuş postmodern təfəkkürsə (ədəbiyyatdan siyasətə qədər) nəinki bu boşluğu doldurmağa çalışmır, əksinə, onu bir az da, həm də bilərəkdən genəldir və dərinləşdirir. İndi sual doğur: XXI əsrin "ideya boşluğu"nu yetərincə "ideya boşluğu" olan bir konsepsiya doldura bilərmi?! 

Harari "OK" deyərək, yəni öz arsenalına güvənərək məhz buna can atır... Monoteist dinlərin bətni İsraildən yeni bir "tanrıçılıq" doğulur - ateist Hararinin yaratdığı hararizm. Hararizm - din, ideologiya və siyasətin elm nimçəsində yoğrulmuş qatışığıdır: bütsüz-tanrısız din, lidersiz, şüarsız və kultsuz ideologiya, dövlətsiz və hökumətsiz siyasət.

 

Homo sapiensdən Homo deusa?!

Yuval Nuh Harari bəşəriyyətin tarixi həyatını başdan-başa "uydurma" ("fiction") əlamətləri ilə təqdim etsə də, onun kitabları heç də "uydurma" deyil: siz dünyanı "uydurma" kimi anlatmalı, yozmalısınız ki, insanları öz fikirlərinizin həqiqiliyinə şokyaradıcı arqumentlərlə inandıra biləsiniz. Bu, elə gerçək dünyanı "fani" olaraq şərh edən, "o dünya"nı isə "gerçək" olaraq təqdim edən dinlərin eynidir.

Harari trilogiyasının ikinci kitabı - "Homo Deus" ("İnsan-Tanrı") bütünlüklə "Homo sapiens"in "Homo deus"a transformasiyasına həsr edilib. Bu kitabında müəllif yazır: "Biz indi bəşəriyyəti onun sağqalma uğrunda vəhşicəsinə apardığı mübarizəsinin üstün səviyyəsinə qaldıraraq, insanları tanrılara, Homo sapiensi Homo deusa çevirmək məqsədindəyik"; "XXI əsrdə bəşəriyyətin üçüncü böyük layihəsi bizim üçün yaratma və dağıtmanın ilahi qüdrətinə çatmaq və Homo sapiensi Homo deusa döndərmək olacaq"; "Texno-humanizm razılaşır ki, bizim bildiyimiz qədərincə, öz tarixi yolunu başa çatdıran Homo sapiens artıq gələcəkdə kara gəlməyəcək və bu nəticəni çıxarır ki, gərək biz Homo deusu - ən yüksək insan modelini yaratmaq texnologiyasından istifadə edək" (6, pp. 21, 47, 357). 

Hararinin sanki məqsədli bir ideologiyanın imperativləri kimi səslənən bu fikirlərinin nüvə-ideyası artıq aforizmə çevrilmiş və onun öz vebsaytında da manşetə çıxarılmış tezisində yuvalanır: "History began when humans invented gods, and will end when humans become gods" (Tarix - insanların allahları icad etməsi ilə başlamışdı, insanların allahlar olması ilə də sona çatacaq") (8). Şimşək kimi çaxan fikirdir. Lakin həqiqətdirmi?! Məncə, yox. 

Birincisi, Hararinin bu və bunabənzər arqumentləri onun dini düşüncə qəlibindən qırağa çıxmadığını sübut edir. O, bütün analiz, müqayisə və paralellərində, demək olar ki, yalnız teosferada, "Tanrı - Bilgi ağacı - Adəm - Həvva" koordinatlarında fırlanır və onun "kodları" ilə düşünür. 

İkincisi, ən qədim İnsan (antropos) Tanrını yaratmazdan öncə Özünü yaradıb. Onun meymundan fərqi o olub ki, məsələn, hər hansı bir təbii alətdən sadəcə istifadə etməyib, həm də onu düzəldib (11, pp. 604-620). Hələ tarixəqədərki dövrdə Homo sapiens (Düşünən insan), eyni zamanda Homo faber (Yaradan insan), Homo ludens (Oynayan [sənətçi] insan) və Homo religious (İnanclı insan) olub (9, p.18). 

Saysız-hesabsız mağara rəsmləri, heykəlciklər, arxaik tikintilər, ornamental alətlər və silahlar, o sıradan, Almaniyanın Hohle Fels mağarasında tapılan Daş dövrünə aid mamont sümüyündən düzəldilmiş 40 000 yaşlı fleyta kimi artefaktlar (3) bir daha təsdiq edir ki, ibtidai insan həyatının ümumi mənzərəsində onun incə sənəti də xüsusi yer tutmuşdur. İnsanın yaradıcı mənəvi dünyası olmadansa, bu mümkün deyildi. 

Homo sapiens özünü yaratmasaydı, əlindən intellektinə qədər öz bacarıq və qabiliyyətlərini inkişaf etdirməsəydi, İnsan - İnsan, İnsan - Təbiət, İnsan - Kosmos münasibətlərini dürlü sənət örnəklərində əks etdirə bilməzdi. Bu münasibətlər polifoniyasında fövqəltəbii, magik qüvvələrin on min illər boyunca fetişləşdirilməsi, müqəddəsləşdirilməsi, tanrılaşdırılması nə qədər önəmli yer tutsa da, dominant deyildi. Homo sapiens üçün büt-tanrıça - müxtəlif daş alət və silahlardan, bəzək nəsnələrindən üstün deyildi. Sonradan dinlərə çevriləcək ilkin inancları onun universal təsəvvürlərinin yalnız bir parçası idi.

Sivilizasiyanın erkən mərhələlərində də insanın dini həyatı onun ailə, təsərrüfat, savaş və yaradıcı həyatının sinxron mövcudluğu içərisində idi. Məsələn, dünyanın ilk "allahlar panteonu"nu 4-5 min il öncə yaradan şumerlərin antropomorfik politeizmi bizə yalnız insan şəklində çoxlu tanrılar bəxş edir. Şumer-Akkad allahlarının genealogiyası bizə ayrı bir mənzərəni yox, məhz hökmdar sülalələrinin oxşarını təqdim edir (4). 

Zaman dəyişdikcə, dini və siyasi elitalar öz maraq və ehtiyaclarına uyğun olaraq, "baş allahların" missiyasını onlardan sonrakılara ötürürlər. Hətta "tanrılar nəslindən olan" fironlar da möhtəşəm ehramları o tanrılar üçün deyil, özləri üçün - özlərinin "əbədi həyatını" təmin etmək üçün, yəni sırf praqmatik məqsədlərlə tikirdilər. Misir kahinlərindən, Budda rahiblərindən Roma papalarına, İran ayətullahlarına qədər getdikcə kütləvi psixozu üzə çıxaran "ilahi nizam" formalarını dəyişsə də, mahiyyətcə heç dəyişməyib (hətta bu gün də teokrat İran "günahkarı" "Allaha qarşı çıxdığı üçün" edam edir. Əsrimizin kahini Allahın adından hökm çıxarır!). 

Dinin təsisatlanması və kanonikləşməsi prosesində o, tədriclə Tanrının fövqəlqüdrətini ələ keçirmiş və öz əsarətini bərqərar etmişdir. Din və Dövlət (Məbəd və Siyasət) təkcə İnsanı deyil, həm də Tanrını öz hökmranlığı altına almışdır. Bu isə artıq İnsanın qəlbən və ruhən inandığı Tanrı deyil, Dinin funksionallaşdırdığı, əlinə ehkamçı kitablar verdiyi sxolastik Tanrıdır. Hətta ortodoksallaşmış dinlərə Tanrının özü deyil, mistikası, simvolları, cənnət və cəhənnəmi bəs edir. Belə bir tanrını Fridrix Nitsşedən çox qabaq elə dinlər özləri "öldürmüşdü"... 

Deməli, qarşımızda Dinin Tanrını əvəz etdiyi yolu da özündə ehtiva edən bir sivilizasiya tarixi var ki, bəşəriyyət xüsusilə, son beş yüz ildə tiranlıq, hüquqsuzluq və s. gerilik töküntüləri ilə yanaşı, ondan da azad olmağa çalışır! Yer planeti üzərində ən erkən çağlardan belə insan həyatının və düşüncəsinin dominant hadisəsi Tanrı(lar), daha sonra Din(lər) olmamışdırsa, onda bu həyatın real hərəkət məkanı olan tarixin də dominant hadisəsi onlar olmayacaqdı. 

İndi, yaşadığımız XXI əsrdə də, texnologiyaların ən yüksək səviyyədə inkişaf etdiyi, kosmosun həyat orbitinə çevriləcəyi gələcək zamanlarda da insan daha qüdrətli olacaq, lakin - Hararinin iddia etdiyi kimi - Tanrı olmayacaqdır! Getdikcə güclənən ateistləşmə, sekulyarlaşma prosesləri də insanları "Allahlar Panteonu"na qaldırmayacaq! Tarixin insanlardan nə ikona ölçülərində cırtdan-allahlar, nə Parfenon ölçülərində Zefs yaratmaq zərurəti var! İnsan - Tanrı olmayacağı üçün deyil, daha qüdrətli olacağı üçün tarix sona çatmayacaq! İnsanın Kainat həyatına başlayacağı böyük tarixin ilk səhifəsi də - elə bu doğma Yerin tarixidir!

 

Elmdə təxəyyül təntənəsi?!

Hararinin trilogiyası isə bəşəriyyət üçün sanki yeni Bibliyadır: Bibliyanın teo-determinizmi - günahlar tarixi üzərində, Hararinin bio-determinizmi - yanılmalar tarixi üzərində qurulub.  Bibliya tarixin sonuna Apokalipsisi, Harari isə idarəolunmaz gələcəyi, "post-insan" epoxasını qoyur. Bibliya da qorxudur, Harari də qorxudur. Bibliya insanı öz doğmalarına (2, 10.36), Harari isə onu öz qəlbinə düşmən edir (7, p.114). 

Əgər dinlər gerçək dünyanı "fani" sayırsa, Harari də dünya tarixini "uydurma" ("fiction"), "uydurulmuş nəsnə" ("figment"), "təsəvvür, xəyalda canlandırma, təxəyyül" ("imagination") anlayışları üzərindən xarakterizə edir. Harari sanki bir təxəyyül peyğəmbəridir. O yazır: "Hər hansı bir genişmiqyaslı insan birliyi - istər müasir dövlət, istər orta əsrlər kilsəsi, istər qədim şəhər, istər arxaik qəbilə olsun - yalnız cəmiyyətlərin kollektiv təxəyyülündə mövcud olan ümumi miflərdən kök alır. Ədliyyə sistemləri də ümumi hüquqi miflərə söykənir... Dünyada insan varlığının birgə təxəyyülündən kənar nə tanrılar, nə millətlər, nə pullar, nə insan hüquqları, nə qanunlar, nə də ədliyyə sistemləri var..." Sonra buraya "Amerika Birləşmiş Ştatları və Google" da əlavə edilir (7, pp.27-32). Bunlar, sadəcə, bir müəllifin inkarçı nihilizimlə aşılanmış şaşırdıcı subyektiv fikirləri deyil, tarixi bütün sivilizasiya dəyərlərindən məhrum etmək niyyəti daşıyır ki, axırda onu gərəksiz bir şey kimi kənara tullamağa bəraət qazandırılsın. 

Əlbəttə, tarix nəinki miflərindən, hətta absurd səhifələrindən xali deyil. Onun apologiyasına da heç bir ehtiyac yoxdur. Mifdən Dinə, Dindən Siyasətə ötürülən "ilğım kompleksləri" var ki, heç kim onu dana bilməz. Ancaq Hararinin yuxarıda bəhs etdikləri - insanların "birgə təsəvvür və təxəyyüllərinin" (collective imaginations) yox, birgə qazandıqları, uzun zamanlar sınaqdan keçirərək cilaladıqları təcrübə və ideyaların nəticəsində ərsəyə gəlib. 

Məsələn, əgər biz təkcə beynəlxalq hüquq normalarının təşəkkülü prosesinə anicə nəzər yetirsək (və onların pozulması hallarını da istisna etməsək), görərik ki, burada dövlətlərarası siyasi-hüquqi münasibətlərin bütün tarixi iştirak edir. Amerika Birləşmiş Ştatları onun hansısa siyasi xadimlərinin, qurucu prezidentlərinin öz toplumları ilə razılaşdırılmış "təxəyyülü"ndən doğmayıb, ən azı Avropanın ən mütərəqqi maarifçilik ideyalarının Şimali Amerikada daha münbit zəmində və ağlasığmaz dərəcədə mürəkkəb mübarizələr içrə cücərməsi nəticəsində ərsəyə gəlib. Almaniyanın vahid dövlət olaraq birləşdirilməsi də almanların "təxəyyülü"nün yox, onların iradəsi ilə real tarixi şəraitin yetişdirilməsi nəticəsində meydana gəlib. Hətta incəsənətin (xüsusilə, ədəbiyyatın) obrazlı dünyasını belə sırf təxəyyül bəliri saymaq mümkün deyil. Romantik Lüdviq van Bethovenin insanları böyük vəhdətə səsləyən Doqquzuncu Simfoniyasının final hissəsi - "Fərəh Odası" ("Ode to Joy") 160 ildən sonra Avropanın himni kimi Avropa İttifaqının təşəkkülünün realist təntənəsi olaraq qəbul edilmişdir! İndi Avropa İttifaqı və onun himni "kollektiv təsəvvür və təxəyyüldən" törəyibmi?! 

Tarixin diasinxron inkişafı prosesində epizodları dialektik olayların yerinə qoyub bu prosesin ümumi məntiqini necə zədələmək olar?! Tarixin bütün təlatümlərini nəzərə alaraq, deyə bilərik ki, məsələn, Roma sivilizasiyası yox, sevimli atını senata üzv seçdirən Kaliqula, Monqolustan yox, Çingiz xan ordusu, Avropa yox, ortaçağ cəngavərliyi, Yaponiya yox, samuraylar, İsrail yox, sionizm, Almaniya yox, faşizm, Rusiya yox, kommunizm, stalinizm, putinizm, Çin yox, Mao-Tse Dunun "mədəni inqilabı", İran yox, məzhəbçilik, siyasət yox, ifrat sağçılıq və ifrat solçuluq, ümumiyyətlə əndazəni aşan bütün ekstremallıq halları "təxəyyül" məhsullarıdır.

 

Ehramdan teleskopa

Sivilizasiyanın əsas məntiqi, Hararinin hökm etdiyi kimi, "Təxəyyül Nizamı" ("İmagined Order") ilə deyil, "Rasional Nizamla" ("Rasional Order") hərəkət edir. Harari öz "təxəyyül təlimi"ni əsaslandırmaq üçün bəzən belə bir irrasionallığa da varır ki, "Kainat - atomların yalnız mənasız qatma-qarışığından ibarətdir" (5, p.305). Kainat da, Süd Yolu qalaktikası da, Günəş ailəsi də, Yer planeti də, İnsan da hansısa təxəyyül konfiqurasiyası deyil, yaradıcı nizamın bitkin sistemi, bir-birini şərtləndirən qanunauyğunluğu əsasında mövcuddur. 

Əgər "təxəyyül nizamı" ("imagined order") insan dünyasının təməlində dayansaydı, onda bu dünyanı rasional əsaslarda öyrənən, təhlil edən elm özü necə yarana bilərdi?! Məsələn, 1 millimetri 100 milyon hissəciyə ("nanoparticle") bölərək, onlara funksionallıq verən nanotexnologiya necə yarana bilərdi?! Elmin alqoritmik dünya modelinə keçidi necə baş verə bilərdi?! Əlbəttə, maraq doğurur: necə olub ki, ideyası cahilliyin təntənəsi olan ehramlar bunca dəqiq həndəsi ölçülərlə tikilib?! Axı, onlar rasionallıqdan daha çox, təxəyyülün (imagination) məhsuludur. Teleskop isə, əksinə. Deməli, insan təfəkkürünün yolu - ehramdan teleskopa doğrudur. 

Elm də daxil olmaqla, bəşəriyyətin dərin intellektual mədəniyyəti onun ümumi fəaliyyətinin çox az hissəsini təşkil etsə də, tarixi inkişafın əsas yükü bu az qüvvənin üzərinə düşüb (beyin də bədən kütləsinin cəmi 2%-ni təşkil edir). Harari isə insan təkamülünün bu onurğa sütunundan yox, orta statistik homo-sapiensdən bəhs edir və həmişə tarixdə Harmoniyayaradıcı başlanğıcdan daha çox, Xaosyaradıcı başlanğıca aksent vurur. 

Harari yüz dəfələrlə deyilmiş bir fikri dönə-dönə təkrar edir: "Tarixdə ədalət yoxdur". Buna alternativ olan Loqos və Qanunu isə o, "təxəyyül" ("imagination") hesab edir. Harari "koqnitiv inqilab"dan ("cognitive revolution") söz açsa da, Zəka Tarixini qəbul etmir ki, özünün "Uydurma Tarix" ("Figment History") dediyi bir anlayışı əsaslandırsın. Elə Bibliyadakı kimi. Bibliyaya görə, "bilgi ağacının" ("the tree of knowledge") (1, 2.17) meyvəsini dadandan, Harariyə görə isə "koqnitiv inqilab"dan sonra insanın əzablı taleyi başlayır. 

 

"Kor Təkamül" xaosunda

Davamı tarix olan təkamülə də yəhudi filosofu eyni meyarla yanaşır: "Uydurma Tarix"dən ("Figment History") əvvəl "hər hansı bir məqsəddən məhrum Kor Təkamül" ("Blind Evolution") baş verdiyini güman edir. İnsan da guya bu "kor təkamül" nəticəsində yaranmışmış! Harari trilogiyasının ilk kitabında yazır: "Təkamül bərabərliyə deyil, müxtəlifliyə əsaslanır" (7, p.109). Əgər belədirsə, onda nə üçün Harari irqi ayrı-seçkiliyin, sosial bərabərsizliyin müxtəlif formalarını yalnız insanların süni olaraq yaratdığı, "təxəyyül nizamı" ("imagined order") prinsipindən törəyən hal hesab edir və üçlüyünün son kitabında əvvəlki fikirləri ilə ziddiyyətə yol açan "Dünyada vahid bir sivilizasiya var" - postulatını irəli sürür?! (5, p.93). Əgər Hararinin iddia etdiyi kimi, müasir insan 70 min il bundan qabaq Afrikanın Böyük Səhrasında ov dalınca qaçan homo sapiensin genlərini təbii təkamülün şərtlərinə uyğun, olduğu kimi daşıyırsa, nə üçün o öz fantaziyasının əsiri hesab edilməklə yanaşı, təntənə ilə "vahid sivilizasiya" meydanına çağırılır?! Arxaik insan ümumbəşəri sivilizasiya yarada bilərmi?!

Belə məlum olur ki, Harari bugünədək insan ola bilməyən, Afrikadakı inkişaf fazasında ilişib qalmış canlıdan (animal) bəhs edir. Ona görə də təkamüllə tarixi, bioloji insanla sosial insanı daim toqquşdurur. Harari insanın beyni ilə bədənini də bir-biri ilə əlaqəsi olmayan, sanki ayrı-ayrı kontinentlərdə yaşayan "hissələr" kimi şərh edir. O özü də yaxşı bilir ki, təbiət təkhüceyrəlilərdən çoxhüceyrəlilərə, onurğasızlardan onurğalılara, buradan da beynə doğru uzun olduğu qədər də qanunauyğun yol keçib. Ancaq yenə də ona elə gəlir ki, ağacdan-ağaca, budaqdan-budağa tullanmaq insanın təbii vəziyyətidir, basketbol oynamaq yox! (7, pp.80, 119). Təbiətin "kor təkamülünün" yaratdığı insan da, təbii ki, "uydurma tarix"dən ("figment history") savayı nəsə yarada bilməzdi!

Beləliklə, Hararinin "Sapienship" konsepti - təkamülü və tarixi yanlış olan insanı onun "son qalasından" - daxili mənəvi dünyasından da qovub çıxaran nəticəyə toxdadır. Harariyə görə, bəşəriyyətin mənəvi həyatı yoxdur: canlı (animal) və insan bərabərdir; və ya özünü "insan" hesab edən varlıq - elə sadəcə canlıdır. Bu canlılar (yəni insanlar) üçün bioloji həyatın tələbatı seksdir, cinsi əlaqədə olmaqdır ("mate"). 

Halbuki daha geniş mənada, mənəvi həyatın özəyi kimi, bəşəriyyətin ana hissi sevgidir ki, Harari insanı bundan məhrum edir və bu "məhrumluğu" onun ən təbii vəziyyəti anlamına gətirir. Məgər ananın öz körpəsini əmizdirməsi, kədərdən və ya sevincdən göz yaşlarını saxlaya bilməməyimiz, təbiətdən, musiqidən və milyonlarla həyat qaynağından aldığımız zövq, hətta Pompeydə aparılan qazıntılar zamanı iki min il öncə divara qısılaraq bütöv bir ailə üzvlərinin yanıb-qıvrılmış skeletlərini görərkən keçirdiyimiz hisslər... yalnız bioloji və ya fizioloji hadisədirmi?! 

Müəllif isə emosional dərinlikdən tarixi sivilizasiya dəyərlərinədək bütün mənəvi keyfiyyətlərdən soyundurulub-arındırılmış insanı özünün təsəvvür və təlqin etdiyi "yeni çağın" qurucusu olaraq ön plana çıxarır. Hələ emosiyalar biologiya ilə sivilizasiyanı birləşdirən ən alt laydır. Əgər biologiya etikanı qəbul etməsə, onda siyasət də əxlaqı tapdalamaqda, milyonlarla insanı müharibələrdə qırğına verməkdə haqlı görünər. 

Yalnız biologiyanı etikadan, sivilizasiyanı (deməli, həm də siyasəti) əxlaqdan ayıranlar öz tarixinə son verib, "allahlıq" iddiasına düşə bilərlər. Tarixə və onun insanilik cövhərini özündə toplayan sivilizasiya hadisəsinə biologiya imperativləri ilə yanaşması, göründüyü kimi, Hararini elə dərin ziddiyyətlər içərisinə salır ki, o sonadək bu labirintdən çıxa bilmir... Əksinə, Təkamüllə Tarixin, Təbiətlə Sivilizasiyanın inkaredilməz vəhdəti var. Biz insanlar həm bioloji varlıq kimi Təbiətin bir parçası olaraq qalır, həm də tarixi varlıq kimi sivilizasiyanı inkişaf etdiririk. 

 

Tarix - karnaval deyil!

  Bütün tarixində bəşəriyyətin qazandığı ən böyük nailiyyəti onun mənəviyyatı, əxlaqi dəyərləridir ki, Harari bilərəkdən onlardan yan keçir. Ona görə yan keçir ki, bunu etmədən dünya sivilizasiyası və mədəniyyətinin inkişafına təməl olan mənəviyyatın varlığını, real təsir gücünə malik olduğunu danmaq xeyli çətin olardı. Elə həmin məqsədlə də Harari bəşəriyyətin tarixi inkişafının hər mərhələsinə pillə kimi yox, uçurum kimi baxır. 

Onun fikrincə, tarixin uçurum zolaqlarında insanların ən çox istədikləri onların həyatdan bacardıqca daha çox həzz almalarıdır: zəmanəmizdə isə bizi həzzalıcı həyat amalına (hedonizmə) qovuşduran - "nə siyasət, nə ideologiya, nə də sosial islahatlardır, bunu bacaran yalnız beynimizi dəyişməyə qadir - biokimyadır! (7, p. 389). "Həyat filosofu" heç fərqinə varmır ki, nə qədər önəmli olsa da, insanlar təkcə xoşbəxt olmaq üçün yaşamırlar! Tarixin hərəkət yolu - təkcə xoşbəxtliyə çatılmaq üçün gedilmir. Tarix - karnaval deyil! İnsan kosmosu fəth edir - yalnız orada kef eləməyə görə?! Hedonizm - praktiki elmlərin tətbiq imkanları ilə birgə, bundan sonra da bəşəriyyətin bütün yaradıcı potensialını hərəkətə gətirməyin determinantı ola bilməz.

Nəhayət, insanlardan "allah" düzəltmək istəyən Yuval Nuh Harari heç bir elmi dəlilə əsaslanmadan, yalnız əvvəlki mövqeyindən çıxış edərək, daha iki imperativ irəli sürür: 1. "Sırf elmi baxımdan, insan həyatının qətiyyən mənası yoxdur. İnsanlar - hər hansı bir məqsəd daşımayan kor təkamül proseslərinin nəticəsidir." (7, p.391). 2. XXI əsr irəlilədikcə, məlum olur ki, "Homo sapiens öz sərhədlərini aşıb keçir. İndi o artıq təbii seçim ("natural selection") qanunlarını dağıdaraq, onları ağıllı dizayn qanunları ilə əvəz edir". Və bu proses gələcək perspektivində bioloji növ olaraq, "Homo sapiensin özünün sonunu" gətirir. "Bu transformasiyalar o qədər fundamentaldır ki, "insan" anlayışının özünü belə sual altına qoyur". (7, pp.397, 413).

Aydındır. Hararinin esxatoloji futurologiyası bizə "mücərrəd" keçmişindən doğan bir "mücərrəd" gələcək təqdim edir: əgər keçmiş özlərinin yaratdığı allahların əlində girinc qalan deist insanların "uydurma tarixi" olmuşdursa, gələcək də "ateistləşmiş allahların" at oynatdığı qondarma tarix olacaq. Keçmişdə "allahlar panteonu" və kastalaşmış toplumlar olduğu kimi, sən demə, gələcəkdə də hər adam "allah" ola bilməyəcək - bu nemət ancaq varlılara qismət olacaq! Varlı allahlar hamıdan daha yaxşı, daha çox yaşayacaq! Fəqət əgər insan həyatının heç bir mənası yoxsa, onlar uzun, bəlkə də əbədi ömürlərini nə ilə dolduracaqlar?! Mənasız ömrü bunca uzatmağın nə mənası?! Beləcə, professorun esxatoloji futurologiyası distopiya ovqatında insanlara onların keçmişindən də betər bir gələcək - psevdo-cənnət vəd edir! İsa Hararidən daha realistdir: İsa, cənnəti - özünü yaradanlara, Harari isə - özünü tanrıya çevrilənlərə vəd edir!  

Harari zəncirinin halqaları - "atomlarının mənasız qatma-qarışığından ibarət olan Kainat", "onun hər an dağılmağa məhkum Yer planeti", "bu planetin kor təkamülü", o təkamülün ardınca gözlənilmədən meydan çıxmış "uydurma tarix", "özbaşına sivilizasiya", "toplumların təxəyyül konsensusu", "insanların mənasız həyatı", "sapienship" ölçülərinə sığdırılmış canlı", "post-insan" ("post-human") ... - bir-birinə möhkəmcə bağlanaraq, bütün panoramı ilə görünür. Və belə bir müdhiş panoramla Yerusəlim Yəhudi Universitetinin professoru, öncə vurğuladığımız kimi, XXI əsrin "ideya boşluğu"nun yerinə özünün "vakuum-konsepsiyası"nı əkir. Və həmin konsepsiyadan çıxış edərək, "XXI əsrə 21 dərs" verir! (5). Bütün mənasızlıqların bir-birini itələyə-itələyə gəlib təpildiyi XXI əsr Hararinin 21 dərsindən nə öyrənəcək?!

 

Mahiyyəti olanın mənası var!

Tarixçi-filosofun üzərində inadla təkid etdiyi arqumentləri təkzib etmək üçün uzun-uzadı dəlillər gətirmək olar. Mənsə, yalnız bir əks-arqumentlə kifayətlənirəm: Məna verib-verməməyimizdən, mənalı sayıb-saymamağımızdan asılı olmayaraq, varlığın Kainatdan İnsana, qalaktika salxımlarından stabil subatomic hissəciklərə qədər bütün komponentlərinin hər hansı xaos və entropiya təzahürləri ilə birlikdə hələ sona qədər anlamadığımız orqanik quruluşa, hərəkətə və mükəmməl harmoniya qanunlarına malik olması həmin varlığın substansiyasının dərin kvint-essensial mənaya malik olduğunu təsdiq edir. Nəyin mahiyyəti varsa, deməli, mənası da var. Varlığın ən kiçik hissəcikləri - atom nüvəsinin iki başlıca komponenti olan neytron və protonlar necə "mənasız" ola bilərdi ki, bu boyda Kainatı yaradıblar?! 

Kainat, bildiyimiz qədərincə, yalnız onun kiçicik bir zərrəsində - Yer kürəsində yaranan insan sivilizasiyası sayəsində öyrənilmək imkanı əldə edib. İdrak Kainat ölçüləri qazanmağa başlayıb. Ona görə də antroposinin ("anthropocene"), bəlkə də ən həlledici və ən məsuliyyətli dövründə - kosmik eranın başlanğıcında Kainatla münasibətlərin hansısa irrasional istiqaməti və ya utilitar-kommersiya planı deyil, insan sivilizasiyasının yeni mərhələsi kimi obyektiv etik-elmi yanaşmalar sistemi formalaşmalıdır. 

Yuval Nuh Hararinin mövqeyinə görə, "mənasız insanın" yaratdığı, nəinki keçmişi və indini, həm də gələcəyi əhatə edən "uydurma tarix" diaqnozu isə belə bir sağlam və məqsədəuyğun perspektivlə qətiyyən uzlaşmır. Göründüyü kimi, varlığın fundamental reallığı və onun elmi analitikası ilə özünü üz-üzə qoyan Hararinin subyektiv aqnostika örnəyi saya biləcəyimiz kitabları bütün maraqlı nüansları, polemik çalarları ilə yanaşı, fikrimcə, XXI əsrin böyük Təxəyyül Trilogiyasıdır. 

 

Post Skriptum

Təsəvvür edək: 2048-ci il. Sabah toyu olacaq idmançı gənc nişanlısı ilə görüşmək üçün yüksək nikbin ruhda küçəyə çıxır. Yolda ömrünün son günlərini yaşayan bir qocaya hücum edən terrorçularla vuruşaraq həlak olur. Ölümdən qurtulan qoca səhəri gün dünyanın mənasızlığından bəhs edən kitabını nəşriyyata göndərir. Həyatını qurban verən adi bir gənc, bu kitabın müəllifi isə dünyaca məşhur tarixçi-filosof Yuval Nuh Harari idi... Yaxşı, bu o deməkdirmi ki, mənasız dünyanın mənasız bir gənci mənasız bir alimi xilas edib?! Bəşəriyyətin yalnız bioloji mövcudluğunu onun həyatı - özü də mənasız həyatı! - sayan bu trilogiya insanı belə bir uçurumun qırağına gətirib çıxarır...

OTHER NEWS