Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

While commemorating Bilga Arifi (in memory of the outstanding scientist Arif Acaloglu) - Nikpur Jabbarli

20-11-2024 [ 16:59 ] [ read:22 ]
printerA+ | A-

 

 

 

Bir il öncə - 2023-cü il noyabrın 15-də türk dünyasının elmi ictimaiyyətinə, milli düşüncəli ziyalılarına, Turan idealının daşıyıcılarına ağır itki üz vermiş, görkəmli alim, bacarıqlı pedaqoq, milliyyətçi ictimai-siyasi xadim Arif Acaloğlu faciəli surətdə dünyasını dəyişmişdir.

A.Acaloğlu böyük hərflə filoloq, antropoloq, etnoloq idi. Türk xalqlarının et- nogenezi, mifologiyası, folkloru, kültürünə dair orijinal elmi araşdırmaları onun fitri istedad, universal zəka və ensiklopedik bilik sahibi olduğunu təsdiq edirdi. Arif bəyi yaxından tanıyanlar məhz bu məziyyətlərinə görə onu Bilgə Arif (və ya Bilgə Acal) adlandırırdılar. Bəli, A.Acaloğlu bu ünvanı daşımağa bütün yönləri ilə layiq idi.

                           

A.Acaloğlu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirdikdən sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi fəaliyyətə başlamış, ardından Estoniyanın Tartu Universitetində aspirantura təhsili almış, burada görkəmli ədəbiyyatşünas alim, professor Yuri Lotmanın elmi rəhbərliyi ilə araşdırmalar aparmışdır. Onun məşhur tarixçi, etnoloq və antropoloq Lev Qumilyovla tanışlığı və intellektual ünsiyyəti də bu dövrə təsadüf edir.

40 ildən artıq bir dövrü əhatə edən araşdırmaçılıq fəaliyyəti ərzində A.Acaloğlu heç zaman tapdanmış yollarla getmədi, özü yeni cığır açdı və həmin cığırı genişləndirmək üçün səylə çalışaraq ardıcıllarını yetişdirdi. Elə bir türk yurdu yoxdur ki, orada Bilgə Arifin izi qalmasın. Elə bir türk eli yoxdur ki, orada onun məsləkdaşları, tələbələri, ardıcılları olmasın. Arif bəyin Türkiyənin Bilgi, Yedditəpə və Mərmərə Universitetlərindəki elmi-pedaqoji fəaliyyəti səmərəli olmuş, Qaza- xıstan və Qırğızıstanın nüfuzlu ali məktəblərindəki mühazirələri, çoxsaylı bey- nəlxalq elmi tədbirlərdəki orijinal məruzələri də hər zaman böyük maraq doğurmuş, rəğbətlə qarşılanmışdır.

A.Acaloğlunun elmi maraq dairəsi onun ictimai-siyasi fəaliyyətinin yönünü də müəyyənləşdirirdi. Bilgə Arif böyük hərflə Turançı idi. Bu düşüncə onda hələ totalitar sovet rejimi dövrünə təsadüf edən tələbəlik illərində formalaşmağa başlamış və zaman-zaman gəlişərək konseptual məzmun kəsb etmişdi. Mərkəzi Asiyanın türk dövlətlərini, Altayları, Tuvanı, Saxanı, İdil-Uralı, Anadolunu qarış-qarış gəzməsi və öyrənməsi onun turançı məfkurəsini daha da qüvvətləndirmişdi. 1992-ci ildə "Oğuz eli" qəzetinə verdiyi analitik məzmunlu müsahibə Bilgə Arifin Türk dünyasının gə- ləcəyinə dair bitkin konsepsiyaya malik olduğunu göstərirdi. Aradan ötən illərin olayları onun həmin müsahibədə səsləndirdiyi bir çox fikirlərin gerçəkləşməsi ilə əlamətdar olmuş və siyasi uzaqgörənliyinin təsdiqinə çevrilmişdir. Özəlliklə, son il- lər türk xalqları arasında inteqrasiyanın güclənməsi və Türk Dövlətləri Təşkilatının yaranması onu daha da ruhlandırmışdı. Arif bəy Türk ellərinin gələcəyini Turan Fe- derasiyası şəklində görür və bu ideyasını çeşidli platformalarda qızğın surətdə mü- dafiə edirdi.

A.Acaloğlu "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası təsis edilən ilk gündən həmin nəşrin Redaksiya Heyətinin üzvü idi. O bu görəvinə də yüksək məsuliyyət və peşəkarlıqla yanaşmış, seriyanın IV (Teymur Atəşli. Seçilmiş əsərləri) və hazırkı VII (Mirzə Bala Məhəmmədzadə. Seçilmiş əsərləri) cildinin məsul redaktoru kimi incədən-incə əmək sərf etmişdi.

Bilgə Arifin qatılmağı planlaşdırdığı son elmi tədbir AMEA-nın təşkil etdiyi

"Əhməd Ağaoğlu və Türk Dünyası" Beynəlxalq elmi konfransı idi. O bu konfrans üçün sanballı bir məruzə hazırlamış və həmin məruzəni oxumaq üçün 2023-cü il noyabrın 14-də İstanbuldan Bakıya uçmuşdu. Nə qədər acı olsa da, konfransdan bir gün öncə, axşam saatlarında baş verən faciəli qəza nəticəsində Bilgə Arif uçmağa vardı və bu varışıyla arxasınca dərin bir boşluq buraxdı. Elə bir boşluq ki, uzun zaman doldurulması müşkül olacaq və ümumiyyətlə, mümkün olacaqmı?... Arif bəyin uçmağa varışından sonra ötən hər gün onun yeri daha çox görünür və bu yoxluqdan doğan ağrı-acı özünü daha çox büruzə verir. Yeganə təsəllimiz türk dünyasına miras qoyduğu dəyərli elmi araşdırmaları, tərcümələri, çoxsaylı televiziya çıxışlarıdır.

Bilgə Arifin bütün şüurlu həyatı ideyaya sədaqətin, bu yolda yorulmaq və usanmaq bilmədən yürüməyin mükəmməl örnəyi idi. Qeyd olunan məziyyətlərinə yaxından bələd olanlar bu görkəmli şəxsiyyətin milli dəyər olduğunu bilir və etiraf edirdilər. Haqq dünyasında, Aləmlərin Rəbbinin hüzurunda da layiq olduğu yeri alsın. Ruhu şad, məkanı cənnət olsun.

"Ədəbiyyat qəzeti", 12 noyabr, 2024

OTHER NEWS