Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Academician Isa Habibbayli: "ANAS Institute of Literature after Nizami Ganjavi is the headquarters of literary studies in Azerbaijan"

05-03-2024 [ 12:50 ] [ read:7 ]
printerA+ | A-

Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatlarının qədim tarixi və böyük ənənələri var və dövrünün tanınmış simalarından olan Xətib Təbrizinin apardığı sistemli elmi tədqiqatlarla ədəbiyyatşünaslıq elminin möhkəm bünövrəsi yaradılıb. Orta əsrlərin ədəbiyyat təzkirələri özünün forma və məzmununa görə dövrün ədəbiyyat antologiyaları və ədəbiyyat tarixi materialları rolunu oynamışdır.

Bu sözləri martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” mövzusunda yubiley tədbirində AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli deyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanda peşəkar ədəbiyyatşünaslıq Mirzə Fətəli Axundzadə ilə başlamışdır: “Mirzə Fətəli təkcə Azərbaycan dramaturgiyasının və bədii nəsrin deyil, həm də professional ədəbiyyatşünaslığın da banisidir. Lakin etiraf etmək lazımdır ki, Azərbaycanda ədəbiyyatşünaslıq müstəqil və sistemli elm sahəsi kimi XX əsrin əvvəllərində yaranmışdır. Görkəmli ədəbiyyatşünas və böyük ictimai xadim Firudin bəy Köçərlinin bu dövrdə yazılmış məşhur “Azərbaycan ədəbiyyatı tarixi materiallları” adlı çoxcildlik əsəri Azərbaycanda professional ədəbiyyatşünaslığın ən mühüm nailiyyəti sayılmağa tamamilə layiqdir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Sovet hakimiyyətinin ilk illərində, 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ilə Azərbaycanda elmin digər sahələri kimi, ədəbiyyatşünaslıq elmi sahəsində də ilkin təşkilatlanma işinin başlanmasına start verildiyini deyən AMEA rəhbəri 1929-cu ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Elmi-Tədqiqat İnstitutunun strukturunda da ədəbiyyatşünaslıq üzrə ayrıca bir istiqamətin olduğunu vurğulayıb. Bildirib ki, 22 mart 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsində Ədəbiyyat sektoru təşkil edilib, dövrün tanınmış tənqidçi və ədəbiyyatşünası Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat sektoru ilə gələcək Ədəbiyyat İnstitutunun əsası qoyulub, 1935-ci ildə bu elmi qurumun bazasında Ədəbiyyat İnstitutu təşkil olunub.

Sovet hakimiyyəti illərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünaslıq sahəsində bir sıra mühüm elmi nəticələrin əldə olunduğunu deyən AMEA prezidenti 1957-1960-cı illərdə institutda çapa hazırlanan 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin uzun dövr ərzində ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində ən mötəbər elmi mənbə kimi qəbul edildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, XX əsrin 50-80-ci illərində Ədəbiyyat İnstitutunda görkəmli elm xadimləri akademiklər Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Kamal Talıbzadə, müxbir üzvlər Əziz Mirəhmədov, Yaşar Qarayev, professor Məmmədhüseyn Təhmasib tərəfindən ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələri üzrə elmi məktəblər yaradılıb və həmin elmi məktəblərdən bir çoxu bu günə qədər öz yolunu məhsuldar şəkildə davam etdirməkdədir.

Müstəqillik dövrünün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməli olduğunu deyən natiq bildirib ki, bu dövrdən etibarən bütövlükdə ölkəmizdə, o cümlədən də Akademiya sistemində hakim olan müstəqil dövlətçilik və azərbaycançılıq idealları Ədəbiyyat İnstitutunun da elmi fəaliyyətinin əsaslarını təşkil etməyə başlayıb.

AMEA rəhbəri Azərbaycan ədəbiyyatının daha geniş və sistemli şəkildə, Azərbaycançılıq idealları və milli-mənəvi dəyərlər əsasında araşdırılıb öyrənilməsini təmin etmək məqsədi ilə 2013-cü ildən sonra Ədəbiyyat İnstitutunda zəruri struktur islahatlarının aparıldığını, Nizamişünaslıq, Mühacirət ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və digər şöbələrin, Füzulişünaslıq sektorunun yaradıldığını söyləyib.

“Müstəqillik dövründə Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası Ədəbiyyat İnstitutunda müəyyən edilmiş, Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin və Rəyasət Heyətinin iclaslarında, Beynəlxalq Türk Akademiyasında və Tatarıstan Elmlər Akademiyasında keçirilmiş beynəlxalq elmi konfranslarda geniş müzakirə edildikdən sonra qəbul edilmişdir. 2014-2016-cı illərdə keçirilmiş geniş müzakirələrdən sonra Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının ən qədim zamanlardan başlayaraq bu günə qədər davam etməkdə olan çoxəsrlik inkişaf yolunun mərhələsinin elmi təsnifatı yaradılmışdır. Hazırda institutda artıq 7 cildi nəşr olunmuş “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi məhz son illərdə hazırlanmış dövrləşdirmə konsepsiyası və elmi cəhətdən müəyyən edilmiş inkişaf mərhələləri əsasında təqdim olunur. Bundan başqa, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu məsələsi də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəzəri cəhətdən formalaşdırılmış və elmi dövriyyəyə daxil edilmişdir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Həmçinin dövlət başçısının fevralın 14-də andiçmə mərasimində Türk dünyasıyla əlaqələrin gücləndirilməsi ilə bağlı olaraq qarşıya qoyduğu vəzifələrdən irəli gələrək Ədəbiyyat İnstitutunda türk xalqları ilə geniş elmi-ədəbi əlaqələrin yaradıldığını, müəssisədə fəaliyyət göstərən Əlişir Nəvai Mərkəzi, Mehmet Akif Ərsoy Mərkəzi və hazırda işləri aparılan Məhtimqulu Fəraqi Mərkəzi və institutun Türk xalqları ədəbiyyatı, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin səmərəli fəaliyyəti nəticəsində Türk dünyası haqqında sanballı elmi tədqiqatların meydana qoyulduğunu söyləyib.

Bundan əlavə, institutda yeni nəsil kadrların hazırlanması işinə xüsusi diqqət yetirildiyini, hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmlər doktorlarının kəmiyyət və keyfiyyət göstəricilərinə görə Milli Elmlər Akademiyasında, geniş mənada ölkəmizin elm və ali təhsil sistemində ilk yerlərdə dayandığını bildirib.

Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun ölkə ilə yanaşı, beynəlxalq aləmdə də bir sıra ədəbiyyatşünaslıq layihələrinin həyata keçirilməsində yaxından iştirak etdiyini, bu yaxınlarda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin ortaq elmi layihəsi olan “Nizami Gəncəvi və Şota Rustaveli” adlı monoqrafik tədqiqatın Kembric Universiteti tərəfindən ingilis dilində kitab halında nəşr edilməsinin bunun əyani isbatı olduğunu deyib.

AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş qərargahıdır və bu münasibətilə institutun kollektivini təbrik edərək onlara uğurlar arzulayıb.

OTHER NEWS