Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The light of a star that does not go out in the poetic sky - Sara Osmanli

10-04-2023 [ 14:08 ] [ read:48 ]
printerA+ | A-
103259

Sometimes it is difficult to come to terms with the absence of people who have become an integral part of our daily lives.

Omar Khayyam

 

İlk dəfə Azadə Rüstəmovanın adını Ədəbiyyat İnstitutunun sabiq direktoru, hörmətli (mərhum) professor Mirzəağa Quluzadədən eşitmişəm. 1971-ci ilin sentyabr ayının 16-da məni İnstituta işə qəbul edən Mirzəağa müəllim xeyir-dua verərkən belə demişdir. "Bizim İnstitutun iki ulduzu var: Azadə Rüstəmova və Fəridə Vəlixanova. Onların hər ikisi Moskvada təhsil alıb, Azadə Şərq dillərini bilir, akademik Bertelsin aspirantı olub. Sən çalış onlara çatasan, həmişə onlara bax". Sonuncu dəfə Azadə Rüstəmovanın adının təkrar-təkrar səsləndirildiyini 2005-ci ilin 20 aprelində Elmlər Akademiyasının iclas zalında alimin vida mərasimində eşitmişəm. EA Rəyasət Heyətinin üzvlərinin vida sözlərində görkəmli şərqşünasın elmi xidmətləri, şəxsiyyətinin nəcib keyfiyyətləri çox yüksək dəyərləndirilirdi. Mərasimdə iştirak edən Azadə xanımın ilk aspirantı olmuş (hazırda EA həqiqi üzvü) Teymur Kərimlinin vida sözündə səsləndirilən Məhəmməd Füzulinin məşhur şeirindən aşağıdakı sətirləri xüsusi təsiredici idi:

 

Axır günün əvvəl eyləyib yad,

Axıtdı sirişkü qıldı fəryad.

Yəni ki, Vücud dami-qəmdir,

Azadələrin yeri-ədəmdir.

 

Demək, qeyd etdiyim tarixlər arasında - 34 il ərzində professor Azadə Rüstəmova ilə bir kollektivdə işləmək mənə nəsib oldu.

Başqa-başqa şöbələrdə işləməyimizə baxmayaraq, onun klassik poeziya ilə bağlı məruzələrini, çıxışlarını elmi şuralarda, konfranslarda, seminarlarda dinləmək özü bir məktəb təsiri bağışlayırdı. Belə hallarda hətta bəzən onun aspirantlarına həsəd aparırdım ki, bəxtlərinə belə yüksək elmi səviyyəli, nəcib şəxsi keyfiyyətlərə, zahiri gözəlliyə malik insanla daima ünsiyyətdə olmaq düşüb.

EA müxbir üzvü Azadə Rüstəmovanın elmi irsi 20 kitab, 300-ə qədər məqalədən ibarətdir. Bu elmi irs yaşayır, ondan bir məktəb kimi neçə-neçə nəsil faydalanmaqdadır.

Alimin dünyasını dəyişməsindən keçən 17 ildə 2 cildlik və əlavə 1 cild əsərləri çap olunub, onun adına həsr olunmuş konfranslar keçirilib. 2021-ci il - Nizami ilində "V orbite slova" adında nəfis poliqrafik şəkildə sanballı nəşr işıq üzü görmüşdür. Kitaba Azadə Rüstəmovanın rus dilinə tərcümə edilmiş namizədlik və doktorluq dissertasiyaları və alimin yetirməsi və çox yaxın varisi, filologiya elmləri doktoru Fəridə Əzizovanın "Renessansnostğ mirovozzreniə Nizami Qəndjevi" tədqiqatı daxil edilmişdir (eyni zamanda F.Əzizova A.Rüstəmovanın qeyd olunan monoqrafiyalarının tərcüməsinin müəllifidir).

Alimin axtarışlarının tarixində səciyyəvi bir məqam diqqəti çəkir. Məlum olduğu kimi, Azadə xanım məşhur şərqşünas, akademik Y.E.Bertelsin aspirantı olarkən "Füzulinin "Leyli və Məcnun" poeması" mövzusunda dissertasiya üzərində işləmiş və 1956-cı ildə SSRİ Elmlər Akademiyasında müdafiə etmişdir. Qeyd olunan mövzunun tarixini araşdırarkən Füzulidən 4 əsr əvvəl Leyli və Məcnunla bağlı mövzunun Nizami tərəfindən işləndiyini nəzərə alan aspirant, təbii ki, müqayisəli-tipoloji təhlillər aparmış və bu prosesdə Füzulinin poemasının yaradılmasında böyük sələfinin bu mövzuda yazdığı əsərinin (və ümumiyyətlə "Xəmsə"nin) Şərq poeziyasının inkişafındakı müstəsna rolunu müfəssəl araşdırmaq məqsədilə "geriyə qayıtmağı" və Nizami irsinin fəlsəfi-estetik baxımdan nəhəng novatorluğunu tədqiq etməyi qarşısına məqsəd qoyur.

Bu məqsədə çatmaq üçün nizamişünaslıq adlanan bütöv elm sahəsini, böyük klassikin ədəbi irsinin sələflərinin müvafiq əsərlərini və s. müfəssəl öyrənən tədqiqatçı mütəfəkkir-şairə bir neçə araşdırma həsr edir. Belə ki, 1979-cu ildə çapdan çıxmış "Nizami Gəncəvi (həyatı və sənəti)" mini-monoqrafiyasında (həcm etibarilə belə adlandırılmışdır) "Xəmsə"nin təhlilində araşdırılan problemlərin vüsəti, şairin dünyagörüşü, mövzu çeşidliyi, ideya istiqamətləri - humanizm, xəlqilik, bədiyyat əlvanlığı müstəvisində dəyərləndirilərək, nəticədə Nizaminin yaradıcılığına dair bütöv bir yeni fəlsəfi-bədii konsepsiyasını açıqlayır. Bu "mini-monoqrafiya" adlandırılan tədqiqatda Nizami yaradıcılığının ilk olaraq poetik sistem müstəvisində tədqiqinə cəhd edilir: süjetin mahiyyəti və kompozision həlli, xarakterlərin qeyri-statikliyi, Şərq poetik troplarının bədii-fəlsəfi açılışı və s. Bundan başqa, yenilik kimi, tipoloji təhlil diqqəti cəlb edir: analoji mövzuların digər müsəlman ədəbiyyatlarda işlənməsinin müqayisəli şəkildə dəyərləndirilməsi (Nizami, Firdovsi, Nəvai, Rustaveli və b.). Bütün təhlillərin nəticəsi Nizami yaradıcılığının mərkəzi dayağı - insandır. Məhəbbət hissinin həyatın hərəkətverici qüvvəsi kimi müxtəlif süjetlərdə ifadəsinin fəlsəfi açılışı təqdim edilir. Tədqiqatda bir çox hallarda müəllifin ənənəvi şərhlərdən fərqli bir çox poetik sətirlərin "gizli" mənalarının interpretasiyası diqqəti çəkir. Eyni zamanda şairin yaradıcılığında utopik cəmiyyət süjetinin yer alması öz dövrü üçün mümkün bədii priyoma müraciət etməsi kimi dəyərləndirilir. Tədqiqatda yer alan yeni oxunuşlar Şərq İntibahı estetikasının humanist mündəricəli dəyərləri kimi təqdim olunur.

Azadə Rüstəmovanın "Azərbaycan epik poeziyasının inkişaf yolları" mövzusunda doktorluq dissertasiyası (1979) öz dövrü üçün şərqşünaslıq məkanında ilk sistemli fundamental tarixi-tipoloji tədqiqatlardandır. İlk dəfə olaraq janrın qədimlərdən (rüşeymlərdən) başlayaraq təqdim olunan tarixi dövrləşdirmə üzrə XVIII əsrə kimi təkamülü sistemli yanaşma meyarları ilə izlənilir. Müvafiq dövrlərlə bağlı tədqiqatçı çap olunmuş nümunələrdən savayı, əlyazma nüsxələri, müxtəlif arxivlərdə saxlanılan nadir əsərlərin fotokopiyalarından istifadə etmişdir. Və janrın hər təkamül mərhələsinin təqdimini onu şərtləndirən müvafiq tarixi şəraitin əsaslı səciyyələndirilməsindən başlayır.

Tədqiqatın bir xüsusiyyəti də vurğulanmalıdır ki, bu da reprezentativ seçimlə bağlıdır. Yəni, hər mərhələnin təqdimində seçmə şairlərin yaradıcılıq nümunələri tədqiqata cəlb olunur ki, bu, özlüyündə sınanmış produktiv metoddur.

Əsərdə milli epik poeziyasının təşəkkülü əfsanələrdən, dastanlardan, məşhur eposlardan Xaqani Şirvaninin "Töhfətül İraqeyn" əsərinə kimi izlənilir. Və Nizami Gəncəvi yaradıcılığında Azərbaycan epik poeziyası janrın zirvəsi müstəvisində dəyərləndirilir. Və beləliklə, Nizami Gəncəviylə bağlı müəllifin ilk araşdırmalarında topladığı tədqiq təcrübəsi bu əsərdə daha geniş kontekstdə dəyərləndirilir. Söhbət "Xəmsə"nin məşhur süjetlərinin digər, o cümlədən, qeyri-milli görkəmli şairlər tərəfindən işlənməsindən gedir.

Başqa sözlə desək, söhbət Azərbaycan ədəbiyyatşünaslığında ilk sistemli tipoloji tədqiqatların birindən, bəlkə də ilkindən gedir.

Belə ki, məsələn, Nizami və Firdovsi, Nizami və Nəvai və s. maraqlı binar müqayisələr əsaslandırılmış konstantlar üzrə müvafiq bədii mətnlərə istinadən aparılır: əsas qəhrəman, xarakterlərin daxili aləmi, psixoloji dinamika - əhvalatlılıq, statik obrazlar, qadın qəhrəmanlarının süjetdə aktiv mövqeyi - qadın qəhrəmanlarının süjetdə passiv rolu, məhəbbət mövzusunun ali mənəvi, həyatverici, ideal, ali qüvvə kimi təqdimi - daha naturalist həlli və s. Əlbəttə, bu müqayisələrin əsasında dərin kontekstual təhlillər durur. Eyni zamanda bəzi ədəbiyyatşünasların mövqelərinə tənqidi yanaşma mövcuddur. Məsələn, A.Rüstəmova Ş.Nutsubidzenin Nizaminin "Leyli və Məcnun"unu Ş.Rustavelinin məşhur poeması ilə müqayisəsində baş qəhrəmanlara verdiyi qiymətlə bağlı V.M.Jirmunskinin tənqidi mövqeyi ilə razılaşır: Məcnunun qeyri-adi, ilahi məhəbbətinə verdiyi qiymətlə və bundan əlavə, görkəmli rus komparativistin Nizaminin poemasının XII əsr Avropa cəngavər romanlarından qat-qat üstünlüyü haqqında fikri ilə. Bu sıradan misallar kifayət qədərdir. Məxsusi olaraq, Azadə Rüstəmovanın Nizamiylə bağlı mövqelərində Azərbaycan şairinin poeziyasında mistik ruhu "şərh edən" müəlliflərə qarşı çıxmasını qeyd etmək yerinə düşər. Söhbət Ş.Nutsubidze və akademik Y.E.Bertelsin oğlu A.Bertelsin Nizamini şəksiz mistik hesab etdiyindən gedir ki, Azadə xanım bu iddiaya elə bu tərifin müəllifinin atasının mülahizələri ilə cavab verir.

Əlbəttə, Azadə Rüstəmovanın bu tədqiqatı yeni maraq doğuran müqayisəli təhlillər, müşahidələrlə zəngindir. Müqayisə isə, məlum olduğu kimi, həqiqətin tapılmasında etibarlı üsul, vasitə hesab edilir.

Alimin təqdim etdiyi epik poeziyanın təkamülü romantik poeziyanın mərhələləri kimi səciyyələndirilir, XVII əsrdən isə realist elementlərin mövcudluğu qeyd olunur.

Azadə Rüstəmovanın tədqiqatlarında müəllifin predmetinə yanaşmasında əsaslılıq, təfərrüatlılıq, dəqiqlik, müvafiq mənbələrə bələdlilik, əhatəlilik və sözsüz, müəyyən ensiklopediklik müşahidə olunmaqdadır.

Yuxarıda 2021-ci il Nizami ilində rus dilində işıq üzü görən "V orbite slova" ("Sözün orbitində") adlı xüsusi həssaslıqla hazırlanmış orijinal nəşri qeyd etmişdik. Düşünürük ki, bu adda iki məna hifz olunur: klassik korifeylərimizin sözünün cazibəsini və bu ustadları tədqiq edən və dünyaya tanıdan klassik alimlərimizin sözünün cazibəsini.

Yazımızın adını "Poetik göy qübbəsində sönməyən ulduzun işığı" qoymuşuq. Astrofizika elmindən məlumdur ki, səmada gördüyümüz ulduzların çoxu çoxdan sönübdür. Bu vizual paradoksun səbəbi ondadır ki, işığın sürətinin saniyədə 300000 kilometr olmasına baxmayaraq, hətta ən yaxın ulduza qədər məsafə - Yer kürəsindən kosmik obyektlərə qədər "işıq ili" ilə: təxminən 9,5 trilyon km.-lə astronomik rəqəmlərlə ölçülür. Bu yerdə professor Mirzəağa Quluzadənin xeyir-duasında Azadə Rüstəmovayla bağlı işlətdiyi ulduzla bənzətmə yada düşür.

Demək, haqqında sözü gedən Ulduzun işığı alimin davamçılarının neçə-neçə nəslini öz cazibəsində saxlamağa qadirdir.

https://edebiyyatqazeti.az/news/diger/10159-poetik-goy-qubbesinde-sonmeyen-ulduzun-isigi
Ədəbiyyat qəzeti, 2023, 10 aprel

 

OTHER NEWS