Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The philosophy of politics and our literature - Tayyar Salamoglu

30-10-2023 [ 11:44 ] [ read:166 ]
printerA+ | A-
103896

The place of national unity in the philosophy of "Iron Fist" and our literature

If we bring the thoughts of our national ideologues, the National leader, and the Supreme Commander to a common point about national unity, national spirit, we can think that literary figures have from time to time had important tasks in the formation of this unity and spirit. If we take into account that in the Second Karabakh war "the most important factor that led us to victory was the national spirit, dignity, love for the Motherland", if we take into account H. Aliyev's recommendations to artists as early as 1997, and if we take into account the literary and artistic examples that appeared if we bring it, it can be said that our literature has fulfilled the function assigned to it in more than 30 years since our independence. At the same time, one can fully imagine the importance of turning the problem of memory into a priority in our state policy, educating young people with love for Karabakh and the Motherland, and rooting the literary process as a whole in this spirit. The writing of hundreds of literary works on the subject of Karabakh, their active influence on the teaching process in secondary and higher schools is an indication of this.

Bütün bunlar, əlbəttə, yaxşıdır, qürurverici hallardır. Ancaq kifayət deyildir. Milli şüurun formalaşması, milli birliyimizin möhkəmlənməsi istiqamətində qarşımızda duran mühüm işlər vardır. Nəzərə almaq lazım gəlir ki, biz sovet rejimindən qopub müstəqilliyimizə nail olmuşuq. Bu rejim isə milli şüurun inkişafının, milli birliyin möhkəmlənməsinin əleyhinə idi. Əksinə, çar Rusiyasının fəaliyyətində olduğu kimi, sovet rejimi də milləti parçalayaraq idarə etməyə birmənalı üstünlük verirdi. Hətta orasını da xüsusi vurğulamaq lazım gəlir ki, ümumiyyətlə, sovet rejimi bu siyasətlə hakimiyyətə gəlmişdi. Bu rejimin hakimiyyətə gəlməsində sinfilik amili həlledici rol oynamışdı. Onun siyasətində ancaq aşağı təbəqənin nümayəndələri xalqın, millətin təmsilçisi kimi qəbul olunur, yuxarı təbəqənin isə bir sinif (təbəqə) kimi ölümə məhkumluğu məsələsi qaldırılırdı. Məsələ burasındadır ki, "millət sosial-etnik birlikdir" (H.İmanov) və xalq feodalizmdən kapitalizmə keçid dövründə "burjua milləti" kimi formalaşır. "Azərbaycan tarixi"ndə xüsusi vurğulandığı kimi, "Azərbaycan burjua millətinin tərkibinə burjuaziya və proletariat, bəylər və kəndlilər, tacirlər və sənətkarlar və başqaları daxil idi" (Azərbaycan tarixi. Bakı. Azərnəşr. 1994. s.613). Millətin formalaşması üçün bu təbəqələr arasında harmonik münasibətlərin olması vacib şərt idi. Milli birlik yalnız bu harmonik münasibətlərin qorunduğu şəraitdə formalaşa bilərdi. Sovet rejiminin ideoloqları da bunu yaxşı bilirdilər. Lakin rejimin ideoloqları onu da yaxşı bilirdilər ki, sosial təbəqələr arasındakı harmonik münasibət, başqa sözlə, milli birlik müstəmləkə rejiminə qarşı potensial gücdür, milli dövlət yaratmaq uğrunda mübarizənin potensial şərtidir. Potensial gücü, əslində ictimai qanunauyğunluğu mümkün qədər pozmaq, zəiflətmək üçün sosializmin ideoloqları aşağı və yuxarı təbəqələr arasında barışmaz, antaqonist ziddiyyətlərin olması ideyasını dövriyyəyə buraxır, iki tərəfi düşmən təbəqələr kimi üz-üzə qoyur, birinciləri haqqı tapdalananlar, istismar olunanlar, ikinciləri isə haqqı tapdayanlar, istismarçılar kimi qələmə verir, beləliklə, milli birliyin formalaşmasına, möhkəmlənməsinə sağalmaz yara vururdular. Sovet rejimi bu baxış sistemini humanitar düşüncəyə ötürür, dialektik materializm, tarixi materializm adı altında onun fəlsəfəsini hazırlayır, xalqın tarixini, o cümlədən ədəbiyyat tarixini ancaq bu istiqamətdə yazmağa və şərhə icazə verirdi. Bu, bizim klassik irsimizin ədəbiyyatşünaslıq şərhlərində açıq-aşkar görünən bir cəhətdir. Halbuki milli ədəbiyyatımız tarixilik mərhələsinə qədəm qoyandan sonra, yəni prinsip etibarı ilə M.F.Axundzadədən başlayaraq milli varlığın inkişafı, onun sosial bütövləşməsi, milli şüurun inkişafı, milli özünüdərk uğrunda ardıcıl mübarizə aparıb. Başqa sözlə, Azərbaycan ziyalıları öz üzərinə milli ideoloq funksiyası götürərək xalqın millət kimi formalaşması üçün böyük bir hərəkat başlamışdı. M.F.Axundzadədən "Əkinçi"yə, "Ziya"ya, "Kəşkül"dən "Şərqi-rus"a, "Molla Nəsrəddin"ə, "Füyuzat"a qədər görülən işlər bu məqsədin həyata keçirilməsinin əlamətdar cəhətləri idi. Hərəkat milli birlik, bütövlük zəminində davam edirdi. Bu, milli tərəqqi uğrunda milli birlik hərəkatı idi. Əgər İkinci Qarabağ savaşındakı qələbəmizdən sonra Azərbaycan xalqının nümayiş etdirdiyi "milli ruh, ləyaqət, Vətənə sevgi"dən danışırıqsa, bütün bunların tarixi köklərini Azərbaycan xalqının millət kimi formalaşmağa başladığı ilk mərhələdə (XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində) görülən işlərdə, humanitar düşüncənin sağlam istiqamətdəki fəaliyyətində axtarmaq lazımdır.

Ancaq bizi narahat edən məsələnin başqa bir tərəfidir. Sözü gedən dövrdə humanitar düşüncənin tərkib hissəsi olan estetik düşüncənin qazandığı uğurlar, həyat həqiqətinin gerçək bədii ifadəsi ədəbiyyatşünaslığımızda hələ də obyektiv və milli mənafedən, ümumən götürəndə həllini tapa bilmir. Müstəqillik dövrünün "Azərbaycan tarixi" kitablarında milli burjuaziya nümayəndələri milli mənafenin təəssübkeşi, onun inkişafı uğrunda çalışan qüvvələr kimi təqdim olunur. Məlumdur ki, milli burjuaziyanın ən nəhəng nümayəndələrindən və daha çox məşhur olanlarından biri H.Z.Tağıyev idi. Müstəqillik dövrünün tarixi düşüncəsində bu kapitalistin necə səciyyələndirilməsinə diqqət yetirək: "Ağıllı, uzaqgörən adam olan Tağıyev öz kapitalını təkcə neft sənayesində deyil, yeyinti, tikinti sənaye sahələrinə, hətta kənd təsərrüfatına da qoyurdu. H.Z.Tağıyev Azərbaycan burjuaziyası nümayəndələri arasında Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran kapitalist olmuşdur". "Azərbaycan tarixi" təsdiq və sübut edir ki, Bakı burjuaziyası öz ilk mərhələsində müstəmləkə iqtisadiyyatının mənafeyinə xidmət istiqamətində fəaliyyət göstərsə də, yəni burjuaziya rus sənayesi üçün xammal hazırlayan sahə kimi formalaşdırılsa da, ona ancaq bu istiqamətdə fəaliyyət göstərməyə icazə və şərait yaradılsa da, milli burjuaziya Azərbaycan sənayesində öz mövqeyini möhkəmləndirdikcə, öz fəaliyyətini ancaq xammal sənayesi istiqaməti ilə məhdudlaşdırmağa müqavimət göstərir, istehsal sahəsinə də öz möhürünü vurmağa çalışırdı. Tarix kitabları H.Z.Tağıyevin "böyük zəhmət, uzun illərin mübarizəsindən sonra, öz toxuculuq fabrikini açmağa" nail olmasını, başqa sözlə, müstəmləkə rejiminin sənaye siyasətinin müqavimətini qırmağı bacarmasını tariximizin qürurverici faktı kimi dəyərləndirir. Milli burjuaziyanın irəliyə doğru hərəkətinin bilavasitə milli mənafeyə tabe tutulması tariximizin xüsusi dəyərləndirilən faktlarındandır. "Azərbaycan tarixi" "H.Z.Tağıyevlə yanaşı Azərbaycan milli burjuaziyasının neft sənayesində Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, Manafov, yeyinti sənayesində Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov, ipək emalı sənayesində Hacı Kərim Vahaboğlu, Hacı Əbdül Rəhimov, balıqçılıqda Əhməd Mustafaoğlu və b., gəmiçilikdə Hüseynovlar, Dadaşovlar və onlarla b. təmsil etdikləri" haqqında söhbət açır və onların istismarçılığı haqqında heç bir fakt təqdim etmir.

Biz bu təqdimatın arxasınca düşüb gedəndə, milli burjuaziyanın adı tariximizə düşmüş bu nümayəndələrinin fəaliyyəti haqqında daha təfərrüatlı məlumatlar alanda, onların hamısının gördükləri işlərin, ilk növbədə, milli mənafeyimizə uyğun olduğunu, milli tərəqqiyə təkan verdiyini müşahidə edirik. Tarixin hansı səhifəsini çevirsək, hansı mənbəsinə diqqət yetirsək, milli burjuaziyanın, başqa sözlə, yuxarı təbəqəyə mənsubların millət naminə gördükləri işlərin sonsuz izlərinə rast gələrik. Çox ibrətli bir hala da diqqət yetirək. Biz deyirik ki, indiki müstəqilliyimizlə ilk cümhuriyyətimizin - ADR-in varisiyik. Bu barədə heç fikirləşirikmi ki, Milli Demokratik Respublikanın ideoloqları kimlər idi, onu quranlar, onun hökumətində təmsil olunanlar kimlər idi? Yeddi cildlik "Azərbaycan tarixi"nin 1900-1920-ci illərdən bəhs edən beşinci cildinin sonunda dövrün görkəmli şəxsiyyətlərinin, Cümhuriyyət Hökumətində təmsil olunan millət xadimlərinin şəkilləri, ad və soyadları verilmişdir. Bu adları nəzərdən keçirək: General Səməd bəy Mehmandarov, Rəşid bəy Əfəndiyev, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Xudadat bəy Məlik-Aslanov, Aslan bəy Səfikürdski, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Əkbər ağa Şeyxulislamov, Qara bəy Qarabəyov, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Nəriman bəy Nərimanbəyov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Cavad bəy Məlik-Yeqanov, Həmid bəy Şaxtaxtinski və b. Ağa, bəy, xan titulu daşıyan, ağa, bəy, xan nəslindən və təbəqəsindən olan bu insanlar Azərbaycan xalqının milli ideoloqları idilər, onun tərəqqisi, müstəqil dövlət qurması uğrunda gecə-gündüz çalışan, Ə.Hüseynzadənin təbricə desək, fədailər idilər. Yuxarı təbəqəyə mənsubluqları onların millət üçün çalışmalarına mane olmamışdu, əksinə, səbəb olmuşdu. Ağalığın, bəyliyin, xanlığın yaratdığı maddi şərait onların vaxtında oxumasına, təhsil almasına, dünyanın gedişatını başa düşmələrinə, millətlər içində millətinin imzasını təsdiq etmək uğrunda mübarizə yoluna atılmalarına şərait yaratmışdı. Müstəqillik dövrünün tarix kitabları "Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrini millətin taleyi düşündürürdü" cümləsini yaza bilirdisə, bu həmin yuxarıda adlarını çəkdiyimiz insanların fəaliyyəti ilə birbaşa bağlı idi.

Yaşadığımız yetmiş illik sovet dövründə Milli Demokratik Respublikanın fəaliyyətindən danışmaq yasaqlandığı kimi, onun ideoloqlarının da fəaliyyəti haqqında danışmaq ya yasaq edilir, ya da cəmiyyətə təhrif edilmiş məlumatlar ötürülürdü. Fakt bu idi ki, sovet rejimi cəmiyyətin yuxarı təbəqəsinə düşmən münasibət bəslədiyi üçün yuxarı təbəqə nümayəndələrinin milli inkişaf, milli dövlətçilik, milli birlik uğrunda mübarizəsini gözdən salır, bəy, xan, ağa titulu daşıyanlar istismarçı sinfə mənsublar kimi ya arxa plana keçirilir, ya da onların fəaliyyətlərinin üstündən sükutla keçilirdi. Bu isə cəmiyyətin müxtəlif sosial təbəqələri arasında normal əlaqələri pozur, milli birliyin formalaşmasına əsaslı zərbələr endirirdi. Müstəqillik dövrünün tarix kitablarında yuxarı təbəqə nümayəndələrinin fəaliyyəti, sovet dövrünün tarix kitablarından fərqli olaraq, obyektiv dəyərləndirilirdi. Həmin kitablarda aşağı-yuxarı təbəqə münasibətlərinin tarixən milli mənafeyə köklənməsi istiqamətində əsaslı faktlarla, mülahizələrlə, təhlil nümunələri ilə qarşılaşırıq. Bu mənada müşahidələrimiz göstərir ki, tarixçinin tarixi faktlarla yanaşmaları ilə müqayisədə ədəbiyyatşünaslığın ədəbi faktlara, materiallara yanaşmalarında ciddi fərqlər müşahidə edilir. Müstəqillik dövrünün ədəbiyyatşünaslığının sovet ədəbiyyatşünaslıq inersiyasından bütövlükdə çıxdığını söyləyə bilmərik. Ədəbi faktların, bədii materialların sinfi-zümrəvi mövqedən qiymətləndirilməsi kimi milli mənafeyə zidd olan ədəbiyyatşünaslıq konsepsiyası indi də qalmaqdadır. Ədəbiyyatşünaslığımız ictimai yuxarıların obrazlarına hələ ki, mətn həqiqətlərindən çıxış edərək, onları fərdi xarakter səviyyəsində qiymətləndirməyə hazır görünmür. Müstəqillik dövrünün aşağıdakı ədəbiyyatşünaslıq yanaşması məsələnin tarixi kökünə və yaxud mənfi mənada ənənəsinə tənqidi nüfuz imkanı ilə diqqət çəkir:"Keçmiş sovet hakimiyyəti illərində yazılmış ədəbiyyatşünaslıq əsərlərində istər-istəməz həmin cəmiyyətin hakim ideologiyasının az və ya çox dərəcədə təsiri qalmışdır. Bir qayda olaraq, yazıçı və şairlərin tərcümeyi-halından bəhs edilərkən onların şəcərə etibarı ilə bəy və xan nəsillərinə aid olmaları gizlədilmiş, ən yaxşı halda adlı-sanlı qələm sahiblərinin "müflisləşmiş bəy ailəsində" dünyaya gəlməsindən söz açılmışdır...Sovet ideologiyası ədəbiyyatşünaslıqda klassik ədəbi irsdən bəhs edərkən yuxarıları- ədəbiyyatdakı bəy və xan obrazlarını istismarçı sinif, aşağıları - xüsusən də kəndliləri avam və cahil kimi göstərmək formatını ön mövqeyə çəkmişdir" (İ.Həbibbəyli. Yeni ədəbiyyat tarixçiliyi konsepsiyası və ilk elmi addımlar. / Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı. Bakı. Elm və təhsil. 2018. s.7). Bu həqiqət artıq heç bir şübhə doğura bilməz. Ancaq məsələ burasındadır ki, müstəqillik dövrünün ədəbiyyatşünaslığında da yuxarı təbəqə obrazlarını bu müstəvidə dəyərləndirmək ənənəsi qalmaqdadır. Sovet ədəbiyyatşünaslığında olduğu kimi, müstəqillik dövrünün ədəbiyyatşünaslığı da sənətkarların, xüsusən tənqidi realistlərin bəy, xan, kapitalist, mülkədar obrazlarına ünvanlanmış gülüşünü bütövlükdə satirik gülüş hesab edir. Satirik gülüşə isə öldürücülük, məhvedicilik xarakteri verərək yuxarı təbəqənin bir sinif kimi yaşamaq haqqının olmadığını elmi (və həm də ictimai) dövriyyəyə buraxır. Sovet ədəbiyyatşünaslıq düşüncəsinin inersial olaraq müstəqillik dövrünün ədəbiyyatşünaslıq düşüncəsinə nüfuzu ona imkan vermir başa düşsün ki, məsələn, Sabirin açdığı dava bəyliyə, ağalığa, mülkədarlığa, kapitalistliyə, şahlığa, sultanlığa qarşı deyildi. Sabir hər bir təbəqə nümayəndəsinə konkret situasiyadakı konkret hərəkət və əməlinə görə qiymət verirdi. Sabir ictimai və milli şüur yoxsulluğuna qarşı mübarizə aparırdı. Sabirin fəhləyə, kəndliyə qarşı yönələn tənqidi də tərbiyəedici xarakter daşıyırdı. Məqsəd burjua cəmiyyətinin müxtəlif sosial təbəqələri arasında birlik, harmoniya yaratmaq idi. Məqsəd kapitalistə, mülkədara izah etmək idi ki, fəhlə də, kəndli də onun millətinin nümayəndələridir. Sabir və sabirlər milli birlik, harmoniya yaratmaq uğrunda mübarizə aparır, milli tərəqqinin yolunu bunda görürdülər. Bu mənada "Dəmir yumruq" konsepsiyasının tarixi kökləri sabirlərin apardığı milli mücadilə hərəkatı ilə bağlanır. Buna görə də klassik irsimizin "Dəmir yumruq" siyasətinə birbaşa töhfələr verməsi üçün ədəbiyyatşünaslığımızın yuxarı təbəqə obrazlarına total və eyni zamanda "qəti rədd və inkar məzmunu" daşıyan münasibətini dəyişmək lazımdır. Müstəqillik dövrünün ədəbiyyatşünaslığında bu istiqamətdə iş gedir, yuxarı təbəqə nümayəndələrinə baxış sistemində bir "yumşalma" hiss edilir. Hətta bunun sənətkarların tərcümeyi-halının öyrənilməsinə konseptual tətbiqi faktları da meydana çıxır. Akademik İ.Həbibbəylinin "Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri" monoqrafiyasını (Naxçıvan. Əcəmi nəşriyyatı, 2009) bu istiqamətdə ilk ciddi addım hesab etmək olar.

Tədqiqatın elmi və metodoloji dəyərini artıran cəhətlərdən biri onunla müəyyənləşir ki, burada ictimai və ədəbi-mədəni düşüncəmizdə yuxarı təbəqəyə bəslənən düşmən (yumşaq desək, mənfi) münasibətlə bağlı uzun illər boyu formalaşmış stereotiplərə müqavimət göstərilir. Bu bir həqiqətdir ki, Cəlil Məmmədquluzadə bütün ictimai, maarifçi, ədəbi-mədəni və pedaqoji fəaliyyətini həm də yuxarı təbəqəni təmsil edən böyük bir ziyalı ordusu ilə birlikdə gerçəkləşdirmişdir. İ.Həbibbəylinin zəngin arxiv materialları əsasında həyat və fəaliyyətlərinə aydınlıq gətirdiyi bəy, xan, ağa titullu bu insanların bir qisminin adını burada verməyi lazım bilirik: Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtinski, Məmməd bəy Qazıyev, Tağı bəy Şəfiyev, Kərim bəy Əsəd oğlu İsmayılov, Fərəc bəy Sultanov, Məmmədqulu bəy Kəngərli, Cümşüd - Paşa İsmayıl bəy oğlu Sultanov, Mirzə Sadıq Qulubəyov, Məhəmmədtağı bəy Səfəralıbəyov, Bəhram xan Naxçıvanski, Kiçik xan Naxçıvanski, Böyük xan Naxçıvanski və b. Görkəmli alim Cəlil Məmmədquluzadənin müasirləri və böyük ədibin başında durduğu maarifçilik hərəkatının fəal üzvləri olan bu insanların hər birinin vətəndaşlıq missiyası nöqteyi-nəzərindən və soydaşlarının maariflənməsi, sosial hüquqlarının dərki istiqamətində gördükləri saysız-hesabsız işlərdən danışır, onların maarifçi-müəllim, maarifçi-hüquqşünas, ən ümdəsi isə maarifçi vətəndaş obrazlarını yaradır, əgər belə demək mümkünsə, tarixi haqlarını özlərinə qaytarır. İ.Həbibbəyli sübut edir ki, vətən və millət naminə aramsız fəaliyyətlərində bu insanları yalnız bəylik, ağalıq, xanlıq titulları birləşdirmir. Əksinə, bəylər, ağalar, xanlar millət və vətən yolunda mübarizə amalı ilə birləşir, bu amalla sona qədər fəaliyyət göstərirlər. Tədqiqatda önə çəkilən bu fəaliyyət tarixin sözü və səsi kimi, tarixi gerçəklik kimi bizim düşüncəmizə daxil olur və oradan bəyin, xanın, ağanın birmənalı istismarçı, zalım, tüfeyli obrazını silib atmağa istiqamətlənir.

Həbibbəylinin təqdim etdiyi maarif ordusu  içərisində elələri var ki, milli mənafe uğrunda mübarizədə ölümə qədər getmək əzmini özlərinin tale yolu kimi qəbul etmiş və elə geniş miqyaslı fəaliyyət göstərmişlər ki, onların adı milli vətəndaşlıq simvolu kimi tanıdılmağa layiqdir. Məsələn, Məmmədqulu bəy Kəngərlinin ictimai və maarifçilik istiqamətindəki fəaliyyəti həqiqi vətəndaş ziyalının mükəmməl obrazını təsəvvür etməyə imkan yaradır. "Qafqaz müsəlmanlarının siyasi hüquqlarını müdafiəsi"ndə onun ardıcıl fəaliyyəti, qazandığı böyük uğurlar, erməni terrorizmi təhlükəsinə rəğmən bu istiqamətdəki işindən geri çəkilməməsi, vəkil kimi sıravi vətəndaşların hüquqları uğrunda mübarizədə "nəinki İrəvan quberniyasında, cəmi Qafqazda, hətta Rusiyada geniş şöhrət qazanması", "qızlar üçün Rus-Azərbaycan məktəbi, oğlanları gimnaziyaya hazırlayan məktəb-pansion açması", bu məktəblərin bütün xərclərini öz üzərinə götürməsi haqqında İ.Həbibbəylinin elmi analizdən keçirdiyi materiallar Məmmədqulu bəy Kəngərlinin nəinki həqiqi bəy obrazını, eyni zamanda, bəyliyə məxsus milli düşüncəni, bütövlükdə isə Azərbaycan bəyinin tarixi xarakterini ortaya qoyur, bu barədə mövcud yanlış təsəvvürləri dağıdır, obyektiv təsəvvürlərimizi dərinləşdirir və bütövləşdirir.

Sözü gedən istiqamətdə ədəbiyyatşünaslığımızda nəzərə çarpan ikinci tip irəliləyiş bədii mətnlərdəki yuxarı təbəqə obrazlarına ideoloji baxışdan kənar, öz fərdi xarakterində və obyektiv qiymətləndirmə meylidir. Məsələn, Y.Qarayev sovet dövrü tədqiqatlarından fərqli olaraq müstəqillik dövrü yazılarında yuxarı təbəqə obrazlarına daha həssas yanaşmağa çalışır və bəyliyi, ağalığı, xanlığı bütövlükdə istismarçı tipində səciyyələndirmək ənənəsindən uzaqlaşır. Xudayar bəy obrazına alimin dəyişən münasibətlərində biz bunu aşkar müşahidə edirik: "Yaxud, "Danabaş kəndinin əhvalatları" əsərini götürək. Orada bir "Xudayar bəy" obrazı var. Bu vaxta qədər deyildiyi kimi, bu obraz bəyliyin tənqidi deyil, "psevdobəyliyin" tənqididir. Özünə "bəy" adı qoyan gədanın ifşası, təşrihidir. Köhnə "gəda" və "çır" mənşəyini kim yadına salırsa, bu Xudayar bəy onu tutub salır ya qamçısının altına, ya da dama və "bəy" donu geyib "gəda işləri görməyə başlayır". Burada artıq bəyliyin elitar təbəqə kimi qəbul olunması psixologiyası aşkar görünür. Bəyliyə total tənqidi baxışı burada əsilzadəliyi müdafiə mövqeyi əvəz edir. Y.Qarayevin son tədqiqatlarında Mirzə Cəlilin yaratdığı digər obrazları da ideologiyanın tərəzisində çəkmək meylindən imtina edilməsinin əlamətdar xüsusiyyətləri üzə çıxır. Onun təhlillərində indi ruhaniyə ruhani, mərsiyəxana mərsiyəxan, seyidə seyid olduğu üçün kəskin ifşaçı mövqedən yanaşmaq tendensiyasını hər bir tipə, hansı təbəqədən olmasından asılı olmayaraq əməlinə görə qiymət vermək meyli əvəz edir (Geniş bax: Y.Qarayev. Seçilmiş əsərləri. Beş cilddə. IV cild. Bakı. Elm, 2016, s.238,245).

Ədəbiyyatşünaslığımızda yuxarı təbəqə obrazlarına bu tip yanaşma zaman keçdikcə elmi təmayülə çevrilir. Bu sətirlərin müəllifinin bir sıra tədqiqatlarında ("M.Ə.Sabirin milli intibah idealı", "Azərbaycan tənqidi realizminin estetikası", "XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri" monoqrafiyalarında) məsələnin mahiyyəti konseptual şəkildə işlənir. Araşdırmalarımızda bizim vurğuladığımız cəhətlərdən biri budur ki, məsələn, tənqidi realistlərin yuxarı təbəqə obrazlarına satirik münasibəti həmin təbəqələrə inkarçı, yaxud öldürücü yanaşmanın ifadəsi deyil. Bu tənqid tərbiyəedici xarakter daşıyır. Biz bu qənaətdəyik ki, XX əsr sənətkarları hesab edirlər ki, fəhlə kimi, kəndli kimi kapitalistlər, mülkədarlar arasında da ictimai və milli şüurdan məhrum olanlar var. Aşağı təbəqə nümayəndələrini olduğu kimi, kapitalist və mülkədarın da ictimai və milli şüurunu oyatmaq lazımdır. Onlarda mənsub olduqları millətə sevgi hissi aşılamaq, millət qarşısında məsuliyyət hissi tərbiyə etmək lazımdır. XX əsr sənətkarları öz missiyalarını müxtəlif sosial təbəqələrdə vətəndaşlıq şüuru tərbiyə etməkdə görürlər. A.Səhhət "Sabir aşiq idi. O millətdən ötrü çalışırdı" deyəndə, ilk növbədə, bu missiyanı önə çəkirdi. Sabir və sabirlər çox yaxşı başa düşürdü ki, başladıqları milli mədəni hərəkatın böyük əhəmiyyətini "pullular" birdən-birə başa düşə bilməzlər. Sabir "avam əğniyanı məarif yoluna təşviq, tərğib edib də məktəb açdırmağı" milli tərəqqi, inkişaf naminə vətəndaş ziyalıların üzərinə düşən vəzifələrdən hesab edirdi. Sabirin ortalığa atdığı və əsərlərində gerçəkləşdirdiyi bu missiyanın fəlsəfəsi milləti birləşdirməyə istiqamətlənmişdi. Məhz millətimizi "dəmir yumruq" kimi birləşməyə səsləyən bu bədii konsepsiya indi daha müasir səslənir və ictimai həyatımız üçün örnək funksiyası yerinə yetirir. Bu baxımdan şairin "Şimdi fürsət var ikən bir iş gör istiqbal üçün!" şeirini xatırlasaq, deyə bilərik ki, bu şeiri sənətkar millətin imkanlı şəxslərinə - əğniyalara, əslində şairin nöqteyi-nəzəricə millət üçün, vətən üçün konkret işlər görmək imkanı olan vətən övladlarına müraciətlə yazmışdır. Şair onları millətin və vətənin gələcək taleyi üçün (istiqbalı üçün) iş görməyə, əməli fəaliyyətə keçməyə çağırır:

 

Getdi əldən millətin, fikrin nədir əmsal üçün?

Şimdi fürsət var ikən bir iş gör istiqbal üçün!

 

Biz düşünürük ki, "şimdi fürsət var ikən bir iş gör istiqbal üçün" çağırışı milli birliyə çağırışın poetik üverturasıdır və "Dəmir yumruq" fəlsəfəsinin tarixi əsaslarını işarələyir. Çünki millətin ən müxtəlif təbəqələrinin "dəmir yumruq" kimi birləşib milli inkişafa töhfələr verməsi, hesab edirik ki, nəinki aktuallığını saxlayır, hətta daha vacib bir amilə çevrilir. Düşünürük ki, "şimdi fürsət var ikən bir iş gör istiqbal üçün" çağırışının vüsətli bir ictimai hərəkata çevrilməsinin vaxtıdır. "Dəmir yumruğ"un "Azərbaycan - tək can" kimi dərk edilməsi və reallığın ifadəsinə çevrilməsi üçün bu hərəkat günümüzün prioritet məsələsi olmalıdır. Söhbət nədən gedir?

Qırx dörd günlük müharibədən şərəflə çıxdıq. Bu şərəf tarixini qanımız və canımız bahasına yaratdıq. Təbii ki, şəhidlərimiz oldu, Allah ruhlarını şad eləsin, yerləri cənnət olsun. Eyni zamanda, yaralanan, əmək qabiliyyətini itirən xeyli qazilərimiz oldu. Onların hər birinə mənəvi dəstəklə bərabər, maddi dəstək də lazımdır. Düşünürük ki, bu maddi dəstəyin icraçısı kimi ancaq dövlətimizi görmək düzgün olmaz. Biz bu maddi dəstəkdə də dövlətimizlə bir olmalı, "dəmir yumruq" nümayiş etdirməliyik. Yenə də söhbət nədən gedir? Söhbət ondan gedir ki, imkanlı insanlarımız, iş adamlarımız qazilərimizin maddi təminatında dövlətimizin yanında olmalıdır. Bu ağırlığın altına iş adamlarının çiyin verməsi artıq milli şüur məsələsidir. Bir daha təkrar edək və bütün mahiyyəti ilə dərk edək ki, "milli özünüdərk özünün bu və ya digər millətə mənsub olduğunu şüurlu olaraq anlamaqdır". Bu həqiqəti şüurlu olaraq anlayaq, özümüzü imkansız qazilərimizlə (və ümumiyyətlə, millətin imkansız təbəqəsi ilə) bir vətənin övladı kimi dərk edək, onların taleyini öz taleyimizdən keçirib yaşamağı həyat qanunumuza çevirək. Fürsət var ikən millətin gələcəyi naminə bir işə imza atıb, bir kimsəsizə arxa durub, onun ayaq üstə durmasına şərait yaradıb, normal bir həyat yaşamasına vəsilə olaq.

Elm və Təhsil Nazirliyi statistik rəqəm açıqlayır ki, hazırda 800 məktəb qəzalı vəziyyətdədir. Bilirmisən çarəmiz nədir? sualına Sabir belə cavab verir ki, "bəli, çarəmiz, ən böyük çarəmiz məktəbdir. Məktəb, yenə məktəb! Helə isə hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə, ittifaq ilə məktəb açmalı!" Əlbəttə, indi XX əsrin əvvəlləri deyildir, hər şəhərdə, hər kənddə məktəblərimiz vardır. Lakin Sabirin çağırışının müasirliyi yenə də yerindədir. Çünki var olan məktəblərimizin mühüm bir hissəsi min bir qayğıya möhtacdır. Dövlətimiz, H.Əliyev Fondu bu ehtiyacları qarşılamaq üçün çox işlər görür, ancaq bu, iş adamlarının, Sabirin ifadəsi ilə desək, əğniyaların yaxasını qırağa çəkməsinə əsas vermir. "Şimdi fürsət var ikən bir iş gör istiqbal üçün" - unutmayaq ki, bütün situasiyalarda "Dəmir yumruğ"a gedən yol burdan keçir.

"Ədəbiyyat qəzeti, 2023, 19 oktyabr

 

OTHER NEWS