Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Обзор показателей научного имиджа Института литературы имени Низами Гянджеви в социальных сетях - Закира Алиева

30-10-2024 [ 12:54 ] [ прочитано:230 ]
printerA+ | A-

Birinci məqalə

Humanitar elmlərin təbliği cəmiyyətdə yaşadığımız mədəni, tarixi və sosial kontekstləri dərk etməkdə, anlamaqda mühüm rol oynayır. Çünki humanitar elmlərin təbliği təkcə cəmiyyətin üfüqlərini genişləndirmir, həm də tənqidi təfəkkürün inkişafına, tolerantlığın və mədəniyyətlərin, dünyagörüşlərinin müxtəlifliyini dərk etməyə kömək edir.

Humanitar elmlərin populyarlaşdırılmasının ilk forması da çap mediasının yaranmasından əvvəl mövcud olmuş elmi-populyar ədəbiyyat hesab edilir. Elmi-populyar ədəbiyyat (əyləncəli və məlumatlandırıcı mövzularda yazılar, broşürlər, kitabçalar, müxtəlif buraxılışlar və s.) elmi ədəbiyyatla müqayisədə təqdim olunan hadisələrin və faktların ifrat düzgünlüyünü tələb etmirdi. Burada sadələşdirmələr, müxtəsərlik, asan qavranılması gərəkən izahat və ya təqdimat forması məqbul idi.

İnternet elmi-populyar mühiti elmi məlumatların təqdim edilməsinin yeni üsulları ilə zənginləşdirir: bir tərəfdən bu, ənənəvi texnikanın transformasiyası, digər tərəfdən isə innovativ alətlərin və formaların yaradılmasıdır. Yeni informasiya texnologiyalarının müasir cəmiyyətin həyatına təsiri humanitar elmi biliklərin populyarlaşması da müəyyən mənada yeni yaradıcı münasibət tələb edir və müxtəlif aspektli yaradıcı proseslərə çevrilir.

Biz çap cəmiyyəti ilə rəqəmsal cəmiyyətin kəsişməsində dayanırıq, ədəbi tədqiqatlar texnologiyanın dolambaçlı yolunu tutmağa hazırlaşır. Əlavə olaraq, məlumatın ötürülməsinin əsas üsulu kimi mətn əvəzinə, yeni ünsiyyət üsulumuz getdikcə daha çox vizuala əsaslanır.

Bu yeni rəqəmsal mədəniyyətin gətirdiyi dəyişikliklər ədəbi tənqidin bir neçə fundamental sahələrinə, məsələn, təsvir və mətn arasındakı əlaqə, oxucunun rolu, məlumatın dəyəri və həqiqilik anlayışlarına meydan oxuyur. Eyni zamanda,  rəqəmsal mətnin nisbətən yeniliyi ilə əlaqədar olaraq, rəqəmsal texnologiyalarda mətnin oxunduğu kontekstlə yanaşı, həqiqilik və dəyər kimi məsələlər də populyarlıq qazanır. Yeni media və rəqəmsal texnologiyalar vizuala olan marağımızı çapın təmsil etdiyi statik təqdimat rejimindən kənara çıxarır. Mədəniyyətimiz istehsal etdiyi texnologiyalarla birlikdə inkişaf edir. İndi biz yeni paradiqmanın astanasındayıq kommunikasiya texnologiyasında rəqəmsal ləhcənin doğulmasına şahid oluruq. Mətn istehsalında bu yeni dövr artıq müəllif-oxucu münasibətlərini yaymaq və başa düşmək üçün yeni üsullara borc verir. Və ədəbi tənqidin gələcəyi çox güman ki, canlı qrafika ilə, vizual müzakirələrlə dolu olacaq.

Beləliklə, rəqəmsal humanitar elmlər mühiti rəqəmsal cəmiyyətdə yaşamağı öyrətməklə, humanitar elmlər üzrə kiber texnologiyalar və hibrid məlumatların təhlili isə cəmiyyətlə qarşılıqlı əlaqə qurmağı öyrənməklə  populyarlaşma proseslərini inkişafına zəmin yaradır.

Artıq günümüzdə  hər bir alimin özü elmi fəaliyyətindən və ya həmkarlarının fəaliyyətindən danışaraq populyarlaşdırıcı kimi çıxış edə bilməsi üçün ən müxtəlif imkanlar mövcuddur. Eyni zamanda, maraqlı və ciddi elmi nəticə yarada bilən və bu nəticəni adi dinləyiciyə sadə və aydın şəkildə çatdırmaqda çətinlik çəkən, bəzən buna imkanı, xüsusi bacarığı, vaxtı və ya həvəsi olmayan alimlər də var. Bu gün alimlərin özləri və işləri haqqında geniş auditoriyaya məlumat verə biləcəyi sosial platformalarda populyarlaşma üzrə mütəxəssislərin də vasitəçi missiyasının icrası üçün imkanlar yaradılmaqdadır.

Bəzi hallarda tədqiqat işinə qərq olmuş alim araşdırmanı kimə və necə təqdim edəcəyini düşünmür. Onun üçün öz elmi işinin nəticələri özlüyündə qiymətlidir. Digər tərəfdən ictimai mühitdə naməlum qalan görkəmli alimlərin, kifayət qədər tanınmamış və ya tanınmasına ehtiyac olan elmi  nəticələrin axtarışını və təbliğini formalaşdırmaq da mühüm və zəruri vəzifələr sırasındadır. Bu istiqamətlərdə  populyarlaşdırma öhdəliyini üzərinə götürən mütəxəssislərdən həmin sahə üzrə kifayət qədər səriştə də tələb olunur. Belə hallarda populyarlaşdırıcının əsas missiyası alimi və onun  intellektual işini unudulmaqdan və ya arxivdəki qapalılıqdan xilas etmək olur.

Sosial şəbəkələr informasiya ötürmə kanalı kimi bütün digər platformalardan daha çox üstünlüyə malikdir. Sosial ünsiyyət platformaları “darıxdırıcı diqqətdən kənarda qalmış, bəzən anlaşılmaz” olan elmi bilikləri maraq, mübahisə və daimi müzakirə mövzusu olacaq predmetə çevirir. Sosial şəbəkələr motivasiya və elmi potensialı artırmağa, gəncləri elmi fəaliyyətə cəlb etməyə və istedadlı tədqiqatçıların aşkar edilib tanınmasına, dəstəklənməsinə imkan yaradır.

Bütün yuxarıda deyilənləri nəzərə almaqla  demək olar ki Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri və gənc mütəxəssisləri son illər sosial şəbəkələrin uğurlu iştirakçıları olmağa nail olmuşlar. Sosial platformalarda və elektron mühitdə fəallığın artması sübut etdi ki, ədəbiyyatşünas alimlərimiz, tədqiqatçılarımız gördüyü işlər, apardığı elmi araşdırmalar  haqqında geniş kütləvi auditoriyada da maraqlı söhbətlər apara bilərlər. Tədqiqatçıların özləri üçün əlverişli,  cəmiyyət üçün səmərəli, əlçatan və rahat formatlarda elmi biliklərin populyarlaşmasını və gündəlik həyatla real əlaqəsini təmin edə bilən, həm fərdi, həm də qrup halında layihələrlə çıxış etməsi yeni yaradıcı fəaliyyət növünə çevrilməkdədir. Onların qoşulduğu bu yaradıcı fəaliyyət növlərinin ən vacib funksiyaları isə aşağıdakılardır:

- Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına elmi yanaşmanın populyarlaşması;

- Azərbaycançılıq mövqeyindən elmi biliklərin müasir və əlçatan formada yayılması;

- Elmlər Akademiyasının Elmi tədqiqat İnstitutu kimi fəaliyyətinin ən cəlbedici formalarından biri kimi sosial platformalarda elmi imicinin formalaşması;

 - Uğurlu və səmərəli populyarlaşma proseslərinin təşkili üçün sosial mediada şəxsi və korporativ səviyyələrdə daim genişlənən mühitin formalaşması;

 - Populyarlaşma proseslərinin dünya səviyyəsinə çıxa bilməsi üçün ilk növbədə alimin və ya populyarladırıcının xarici dildə təqdim etmə peşəkarlığının artırılması və ya bu sahədə vasitəçi media qrupunun formalaşması.  

Müasir sosial reallıq, insanın müəyyən bir yer tutduğu, məlumat mübadiləsinin iştirakçısına çevrildiyi bir ünsiyyət şəbəkəsidir. Elmi kommunikasiyalar sosial ünsiyyət forması olmaqla müəyyən praqmatikaya malikdir və konkret kontekstdə cəmləşir. Elmin dili səylə sadəliyə və sadələşdirməyə çalışır.

Tədqiqat institutunun rəqəmsal imicinin inkişafı ilk növbədə internetdən və rəqəmsal platformalardan istifadə edərək nüfuzunun artmasına və rəqabət qabiliyyətinin yaradılmasına yönəlmiş tədbirlər kompleksidir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu sosial platformalarda humanitar elmi biliklərin populyarlaşması  proseslərinin reallaşdırılması üçün “cəmiyyətlə ünsiyyətdə” missiyalı proqram çərçivəsində maraqlı layihələrin müəllifi və iştirakçısı kimi çıxış etməkdədir. Türk Dünyası Ədəbiyyat və Kitab Festivalları bu qəbildən layihələr sırasında ön yerdədir. Festivallar çərçivəsində (2022,2023,2024) ədəbiyyatşünaslarımızın iştirakı ilə keçirilən canlı görüşlər, panellər, çıxışlar, müzakirələr, kitab təqdimatları, ədəbi-bədii kompozisiyalar keçirilir, görkəmli ədiblərin yubieyləri qeyd edilir, kitab sərgiləri və s.  geniş auditriyaların diqqət mərkəzində olur.  

İnternet, rəqəmsal media elmi resursların populyarlaşmasına da öz töhfələrini verir: mətn və audiovizual ifadə vasitələrini birləşdirən və mürəkkəb anlayışları əyani, obrazlı və aydın şəkildə izah etməyə imkan verən elmi məlumatların təqdim edilməsinin innovativ formaları yaranır:

- TED formatları (TED üslubu-Technology, Entertainment, Design — texnologiya, əyləncə, dizayn) ciddi mövzularda qeyri-rəsmi monoloqdur. Sadəlik, əyləncilik və cümlələri illüstrativ formada ötürən cəlbedici dizayn mürəkkəb ideyaları, məruzələri qısa zaman ölçüsündə istənilən auditoriya üçün əlçatan edir. Ədəbiyyat İnstitutunun keçirdiyi müxtəlif elmi tədbirlərdə, konfrans, simpozium və seminarlarda  təqdim edilən müxtəlif mövzularda (“Şuşanın Xan qızı – Xurşudbanu Natəvan”, “Əhməd bəy Ağaoğlu  və Türk dünyası”, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti-100”, “Azərbaycan - Türkmənistan ədəbi-mədəni əlaqələri müstəqillik illərində”, “Akademik Kamal Talıbzadə”  və s.) - slayd-təqdimatların hazırlanmasında bu formatlardan istifadə olunmuşdur.

- Elmin populyarlaşdırılmasına yönəlmiş digər maraqlı format “Science Slam” – gənc alimlərin öz tədqiqatlarını 10 dəqiqəlik stend-up şəklində təqdim etdikləri tədbirdir. “Science Slam” elmi ünsiyyətin qeyri-akademik formasıdır, alimlərin elmi-populyar formada öz elmi tədqiqatları haqqında hekayələr danışan qısa çıxışları şəklində müsabiqədir. “Storytelling” - ingilis dilindən hərfi tərcümədə “hekayə danışmaq” deməkdir. Alim real faktlarla yığcam şəkildə, asan başa düşüləcək tərzdə ədəbi-tənqidi və ya tarixi həqiqəti canlı təqdim edir.

- Populyar elmi podkastlar da, biliklərinizi genişləndirmək üçün bir fürsətdir. Podkastlar onlayn yüklənə və ya dinlənə bilən audio proqramlar, seriallar və ya bloqlar şəklində ola bilər. Podkast və radio arasındakı əsas fərq janr və mövzu seçmək və istənilən əlverişli vaxtda dinləmək bacarığıdır. Ən populyar podcast formatları: Müsahibə; Solo/monoloq; Söhbət/moderator müşaiyəti ilə; Panel; Təhkiyə/hekayə; Podcast teatrı; Məzmun podcast formatı; Fərdi podcast formatı.

Ədəbiyyat İnstitutunun Facebook, Twitter, Instagram, YouTube və s. sosial media hesablarında da müxtəlif formatlarda və mövzularda informativ resurslar, layihələr təqdim olunur. 

Müasir dövrün elm adamları çox yaxşı bilirlər ki, müəllifin elmiometrik göstəricilərinin artırılması əsərin özünün nəşrindən az əhəmiyyət kəsb etmir. Bu sahədə akademik ölçülərlə yanaşı, altmetriyalar da var. Altmetric elmi məqalələr və verilənlər toplusu kimi tədqiqat nəticələrinin onlayn qəbul etdiyi diqqəti izləyən sistemdir. Altmetrik göstəricilər müəllifin Facebook kimi sosial şəbəkələrdə,  ənənəvi və hibrid mediada,  bloqlarda, forumlarda və s.-də nə dərəcədə  qeydə alındığından asılıdır.

Altmetriya göstəricilərinin artması elmiometrik göstəricilərin artmasına da bilavasitə təsir göstərir. Sosial şəbəkələrdə hansısa elmi məqalə və ya anonsu, bu haqda yazılan yazı nə qədər çox maraq doğurursa, o qədər də aktiv şəkildə xatırlanacaq və istinad ediləcək.

Ümumiyyətlə, müəllif sosial şəbəkələrdən istifadə edərək yaradıcılıq materialını populyarlaşdıra bilir. Ədəbiyyat İnstitutunun facebook səhifəsi  ədəbiyyatşünas alimlərin fərdi facebook səhifələrinin qarşılıqlı informasiya mübadiləsinə qoşulduğu bir platforma rolunu oynayır.

Əməkdaşlarımız İnstitumuzun facebook səhifəsində elmi araşdırmalarının bir hissəsini, onun nəticələrini, yeni nəşrlərini, dərc ediləm məqalələrini, məruzələrinin maraqlı məqamlarını, bu haqda xəbər lentlərini təqdim edirlər. Burada digər ölkələrdən olan həmkarlarla informasiya mübadiləsi, müzakirələr aparmaq, rəy bildirmək, təkliflər irəli sürmək imkanları genişdir.

Sosial şəbəkələr dünyasında və elmimetrikada getdikcə daha çox əhəmiyyət kəsb edən videokontent ədəbiyyatşünaslarımızın daha çox istifadə etdiyi formatdlır.                                                                

YouTube - Ətrafımızdakı dünyanı vizual olaraq araşdırmağın və yeni bir şey öyrənməyin əsas yollarından biridir. YouTube istifadəçilərə müxtəlif video məzmunu yükləmək, baxmaq və paylaşmaq imkanı verən qlobal beynəlxalq onlayn xidmətdir. Burada maarifləndirici videolar yüklənə və başqaları ilə paylaşıla, digər veb-saytlarda yerləşdirilə bilər. İstifadəçilər kateqoriyalara baxmaq, xüsusi məzmunun axtarışı və xidmətin alqoritmləri tərəfindən tövsiyə olunan videoları müxtəlif üsullardan istifadə edərək axtara bilərlər.

YouTube kanallara abunə olmaq, videolara şərh vermək və klassik yazılar (mətn, şəkil və ya hər ikisinin qruplaşdırılması) buraxmaq imkanı da daxil olmaqla bir sıra sosial funksiyalar təklif edir. YouTube - tədqiqatçılara orijinal peşəkar videomateriallarını fərdi, qrup halında, sərbəst və  fəal şəkildə daxil etməyə imkan verir. İstifadəçilər həmçinin YouTube-da canlı yayım edə bilərlər ki, bu da onlara müxtəlif hadisələri nümayiş etdirməyə və ya real vaxt rejimində izləyiciləri ilə əlaqə saxlamağa imkan verir.

Elmi biliklərin paylaşılması mühiti üçün əhəmiyyətli olan bir də odur ki, YouTube alqoritmləri izləyicilərin məzmununuza baxmağa nə qədər vaxt sərf etdiyini təhlil edir və nəticələrdən asılı olaraq videonu axtarışda qaldırır və ya onun reytinqini aşağı salır. Baxışların müddəti haqqında məlumatı "Analitika" bölməsində əks etdirir.

Sistemli iş, rəqəmsal texnologiyalarla işləmək tədqiqatçılar üçün yaradıcılıq qabiliyyətlərinin daha geniş təzahürünə və nümayişinə kömək edir və təqdim edilən biliklərin vizuallığı onların müvəffəqiyyətlə qavranılması və işlənməsi üçün ilkin şərtlər yaradır.

Ədəbiyyat İnstitutunun dünyanın ən məşhur və populyar video paylaşma platforması olan YouTube -kanalında təqdim edilən “Ədəbi yaddaş xəzinəmiz” və “Tədqiqatçı sözü” kimi layihələr maarifləndirici və məlumatlandırıcı kontentlərdir. Bu platformalarda onlarla video-təqdimat, çıxışlar, canlı yayımlar yerləşdirilmişdir.

                                                       

 “Ədəbi yaddaş xəzinəmiz” - Azərbaycan ədəbiyyatı və onun görkəmli şəxsiyyətləri, tədqiqatçıları haqqında məlumat verən kontentdir. Kontent Azərbaycan xalqının ədəbi yaddaş xəzinəsini yaradanlar və bu xəzinəni öz elmi əsərlərində, tədqiatlarında, ədəbiyyat tarixi  adlı yaddaşımızda yaşadanlar haqqındadır. Hazırda kontentin ingilisdilli variantının yaradılması üzrəində işlər davam etməkdədir.

Əsas məqsəd:

- Rəqəmsal mühitdə Azərbaycançılıq missiyası, ədəbiyaytşünaslıq elmimizi, görkəmli ədəbiyyatşünaslarımızı dünyaya tanıtmaq;

- Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual  mövzularını işıqlandırmaq;

- Azərbaycan ədəbiyyatı, klassik və müasir ədəbi mühitlərə dair maarifləndirici materialların təbliğinə və müstəqil öyrənilməsinə istiqamət vermək;
- Filoloji biliklər sahəsində elmi tərəqqinin sürətlənməsinə təsir göstərmək;

“Ədəbi yaddaş xəzinəmiz”in mövzuları pleylistlərdə qruplaşdırılmışdır. Daha çox izlənən, həmçinin istifadəçi sayı artmaqda davam edən kontentdir:

“Vətənim Azərbaycandır!”-  Bu kontent Qarabağ ədəbi mühiti - Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Molla Pənah Vaqif və b. - haqqında, Qarabağ müharibəsi, Zəfər, Anım gününə həsr olunmuş materaillardan ibarətdir.

“Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” – Hər il olduğu kimi burada cari ildə İnstitutun elmi-tədqiqat fəaliyyəti, “Ədəbi proses”mövzusunda yaradıcılıq müşavirsi  daxilolmaqla, müxtəlif mövzulara və ədəbi-mədəni həyatda baş verən əlamətdar hadisələrə və günlərə həsr olunmuş konfrans materialları, yubiley tədbirləri və hesabatlar haqqında videoçarxlar yerləşdirilmşdir.

“Ədəbi yaddaş xəzinəmizi yaradanlar” – Klassik ədəbiyyatımızın Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.Ə.Sabir, Ə.B.Haqverdiyev, H.Cavid , Mir Cəlal və b.görkəmli simaları, çağdaş sənətkarlarımızdan A.Məsud, Elçin Əfəndiyev, Anar və b. həyat və yaradıcılığı, eyni zamnada tədqiqatçıları haqqında məlumat verən video resurslardır) 

“Ədəbi yaddaş xəzinəmizi yaşadanlar” –  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan  ədəbiyyatşünaslarımız – Akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları Asif Rüstəmli,  Qəzənfər Paşayev, Esmira Fuad, Tahirə Məmməd və b. elmi yaradıcılığına həsr olunmuş resurslardan ibarətdir.  Burada həmçinin dünyasını dəyişmiş görkəmli alimlərimiz – Həmid Araslı, Qulam Məmmədli, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Vaqif Arzumanlı və b.  həyat və yaradıcılığını işıqlandıran materiallar mövcuddur.  Bütün bu videomateriallar, yeni əlavə edilmiş profssor Şirindil Alışanlının, akademik Məmməd Arif Dadaşzadənin həyatı, elmi-ictimai fəaliyyəti və yaradıcılıq yolunu işıqlandıran videomateriallar da daxil olmaqla elmi-faktoqrafik yükə, informativ bilgiverici çəkiyə və cəlbedici dizayn tərtibatına, maraqlı təqdimat üslubuna malikdir.

“Türk dünyası” – Türkdilli xalqların ədəbiyyat tarixlərini, elmi-nəzri inkişaf qanunauyğunluqlarını, ədəbi məktəblərini, ədəbi cərəyanlarını, klassik və müasir yazarlarının həyat və yaradıcılıqları öyrənilməsi ədəbiyyaşünaslıq elminin öhdəsinə böyük  və məsuliyyətli vəzifələr qoyur. Bu məqsədlə  yaradılan “Mehmet Akif Ersoy”, “Əhməd Ağaoğlu və Türk dünyası”, “Məhtimqulu Fəraqi”, “Əlişir Nəvai” və b. Elmi mühitdə aparılan tədqiqat işləri nəzərə alınmaqla davamlı olaraq yenilənən  uğurlu maarifləndirici resurslardır.   

                                                                       

“Tədqiqatçı sözü” - İnteraktivliyi ilə fərqlənən, çox maraqlı kompakt şəkildə elmi bilikləri təqdim edən, 10 dəqiqəlik stend-up şəklində videoçarxlardan ibarət bir sosial platformadır.

Bu platforma ədəbiyyatşünaslığın mühüm sahəsi olan ədəbi tənqidin kütləviləşməsi, ədəbi aləmin inkişafı, oxucu mütaliəsinin zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Getdikcə genişlənməkdə olan auditoriyada əhəmiyyətli elmi məlumatlara diqqət çəkilir.  

Burada yığcam və faktoroloji yüklü, sadə ünsiyyət dili ilə təqdim edilən çıxışlar, tədqiqatçı qənaətləri, axtarış nəticələri, müsahibələr, canlı yayımlar, seminarlar, kitab təqdimatları  Cənubi Azərbaycan ədəbiyyatı, Nizamişünaslıq, Uşaq ədəbiyyatı, Tədqiqatlar, Yubileylər, Festivallar və s. kontentlərdə əhatə olunmuşdur.  Ədəbiyyatşünas alimlərimiz, həm yaşlı, həm orta nəslin nümayəndələri, həm də gənc tədqiatçılar eyni dərəcədə  maraqlı təşəbbüslər göstərir, fikirlərini bölüşür, azərbaycançılıq mövqeyindən zəruri olan  məsələlərə diqqət şəkir, bununla da virtual aləmdə ədəbi yaddaş tariximizi yaşadırlar.

 Ədəbiyyatşünas alimlərimizin – Şahbaz Musayevin təqdimatında M.F.Axundovun doğum tarixinin dəqiqləşdirilməsi, Esmira Fuadın təqdimatında Şəhriyarın yaradıcılığında Azərbaycan mövzusunun işıqlandırılması, Elnarə Akimovanın “Vətən dili” ilə bütövləşən uşaq ədəbiyyatımızın önəmli məsələlərini gündəmə gətirməsi, Zəhra Allahverdiyavanın Nizami Gəncəvinin milli mənsubiyyəti haqqında ciddi araşdırma nəticələrini ortaya qoyması, Asif Rüstəmlinin Cəfər Cabbarlının məhbəs həyatı ilə bağlı tarixi faktları üzə şıxarması və s. maraqlı resurslar yerli auditoriya üçün  ədəbi yaddaş tarixidirsə, dünya ölkələrindən izləyənlər üçün ədəbiyyatımızı, ədəbi tarixi yaddaş həqiqətlərimizin təsdiqi, tanıdılması üçün ədəbi ədalətimizdir. Çox vaxt praktiki olaraq geniş yayılmayan bu tədqiqat müəllifləri burada elmi axtarışlarının nəticələrini  sadələşdirilmiş və yığcam icmalını da təqdim edə bilirlər.

Bu kontentdəki İnstitutda keçirlən tədbirlər, əməkdaşların iştirakçısı olduğu yerli və beynəlxalq səviyyəli tədbirlərdən reportajlar, canlı yayımlar digər sosial platformalarda paylaşılır. 

 “Ədəbi yaddaş xəzinəmiz” də olduğu kimi burada da bütün bu  resurslar maraqlı tərtibatları ilə də diqqəti cəlb edir. Nümayiş etdirilən arxiv sənədləri, səsləndirilən musiqi parçaları təkcə zövq oxşamır, eyni zamanda mövzu ilə bağlı məlumatlandırıcı materiala çevrilir. Və bu sənədlər, fotolar, musiqi parçaları ilə müşaiyət olunan 10 dəqiqəlik  formatda müəlliflərin fikirlərini, elmi qənaətini və məlumatı dinləmək, münasibət bildirmək, müzakirə etmək üçün İnstitutun həm youtube həm də facebok səhifələrində imkan yaradılmışdır.  

Öz kitabını təqdim et” pleylistində tədqiqatçı alimlər öz elmi əsərlərini təqdim etmək, auditoriya ilə tanış olmaq, onların rəyini öyrənmək  və müzakirələr aparmaq   kimi əlverişli təqdimat imkanları yaradılmışdır.  

 Yuxarıda adı çəkilən “Ədəbi yaddaş xəzinəmiz” və “Tədqiqatçı sözü” adlı hər iki  layihənin məqsəd və vəzifələri:

- Ədəbiyyatşünaslıq elmi bilikllərinin populyarlaşdırmaq üçün ən faydalı strategiya seçimi: müxtəlif tamamlayıcı və hibrid formatlardan istifadə etmək təcrübəsinin öyrənilməsi;

- İnternetdə elmi populyarlaşdırma: yeni formatlarla təcrübələr - video layihələrin yaradılması;

 - Ənənəvi texnoloji proseslərin və innovativ, kreativ formaların transformasiyasına nail olmaq;

- Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının təbliğinin tarixi dinamikasını izləmək;

- Dünya ədəbiyyatı və ayrı-ayrı xalqların şair və yazıçıları, ədəbiyyatşünas alimləri haqqında biliklərin təbliği;

- Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrinin  elmi irsinin təbliği;

- Əhalinin, xüsusilə gənc nəslin təhsil səviyyəsinin yüksəldilməsində ədəbiyyatın təsiredici gücündən səmərəli istifadə olunması;
Filoloji tədqiqatlara, biliklərə marağın  artırılması;

- Elm və təhsil proseslərində dünyagörüşünün, rasional və tənqidi təfəkkürün populyarlaşdırılması;

- Populyarlaşdırma fəaliyyəti filoloji elmləri üzrə nəşrlərin formalaşmasında amil kimi;

- Mədəni, elmi və eksperimental layihələrin  işıqlandırılması.

“Ədəbi yaddaş xəzinəmiz” və  “Tədqiqatçı sözü” – hər iki layihə Nizami Gəncəvi nadına Ədəbiyyat İnstitutunun rəhbərliyinin dəstəyi, alimlərimizin elmi potensialı və gənc mütəxəssis təşəbbüsləri və köməyi ilə reallaşdırılır.  Çəkiliş üçün arxiv materialları, lazımi avadanlıq və digər zəruri materialların əldə edilməsi İnstitut tərəfindən təmin edilir. 

Hazırda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi potensialını əks etdirən rəqəmsal resurslar sırasında alimlərimizin çoxlu sayda ədəbi-tənqidi, publisist məqalələri, araşdırmaları, elmi tədqiqat əsərləri, elmi tutumlu  monoqrafiyalar, kıtablar və bir də bu zəngin elmi irsi, əsasları sübut edən ciddi biblioqrafik materialların bilik bazaları  vardır.  İnternet texnologiyaları və rəqəmsallaşma proseslərinin inkişafı bu bilik mənbələrinin və müəlliflərinin populyarlaşması proseslərinin artıq modern elmi istiqamət kimi inkişaf etməsinə şərait yaratmışdır. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi İnstitutda aparılan  araşdırmalar, tədqiqatlar, yüzlərlə elmi əsərlər, monoqrafiyalar, külliyat­lar, məqalələr və s. Ədəbiyyat məbədinin rəqəmsal mühitdə də yüksək elmi imicini təsbit etməkdədir.

 

 

Другие новости