Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Реалистический тип рассказа 1920-1930-х годов - статья Назифа Кахраманлы, представленная Эльнарой Акимовой

26-09-2024 [ 13:12 ] [ прочитано:251 ]
printerA+ | A-
104824

Назиф Кахраманлы – простой, хороший человек

Сочинение ценнейшего ученого Вилаята Гулиева «Жил Назиф…» вернуло меня в не столь далекие годы – в годы поступления в аспирантуру Института литературы. Я вспомнил Шамиля Салманова, уникальные шутки Айдына Дадашева, легкую улыбку Арифа Сафиева, серьезность Акифа Гусейнова, постоянный поиск новаторства Замана Аскерли... и авторитет Яшара Гараева, которого я всегда буду считать мастером. Среди них был Назиф Кахраманлы. Великий человек, настоящий интеллигент, являющийся стимулом для нас, молодых людей, новичков в науке, с застенчивым, невинным лицом!

Учитель Назиф был хорошим человеком. Его можно описать только двумя словами. Как в стихотворении Лап Расула Рзы «Моя любовь была любовью – простой, хорошей»… Такие люди, как Назиф, словно были рождены для того, чтобы делать жизнь простой и хорошей.

Много лет назад на мероприятии, посвященном памяти Яшара Гараева в Литературном музее имени Низами Гянджеви, мне всегда вспоминается мнение ученого-литературоведа Азаде Рустамовой: она сказала, что «можно казаться образованным, не будучи образованным, это можно казаться умным, не будучи умным, но интеллект — это такая вещь, что невозможно считаться интеллектуалом, не будучи интеллектуалом».

Nazif Qəhrəmanlı yaxşı alim, gözəl insan olmaqla yanaşı, başdan-binadan ziyalı kimi doğulmuşlardan idi. Onun hər dəfə liftdən çıxaraq dəhlizdən şöbəsinə doğru yeyin addımlarla, tələsərək getməsini xatırlayıram. Nadir hallarda dəhlizdə dayanıb söhbət edərdi, indi düşünürəm ki, bunu bəlkə də vaxt itkisi sayırmış. Nazif müəllim kimi insanlar üçün vaxt, zaman qızıl idi. İmkan düşdükcə ədəbiyyat söhbəti edərdik. Bir dəfə söhbət zamanı çantasından kağızlar çıxardı, "son yazılarımdandır" - dedi. 20-30-cu illərdə hekayə janrının dinamikasını əks etdirən araşdırma mətn idi. Oxumağımı istədi. O dövrə xüsusi vurğunluğum olduğunu bilirdi. Mütləq oxuyacağımı bildirdim. Heç bir həftə keçməmiş Nazif müəllimin ölüm xəbərini eşitdik. Verdiyi yazını onun son xatirəsi kimi qorudum. Bilmirəm, hardasa çap olunmuşdumu, yoxsa, heç imkan tapmamışdı çap etdirməyə?... Hər halda mən onu kitab rəfimin ən etibarlı, əlçatmayan yerində hifz etdim. Vilayət müəllimin yazısından sonra düşündüm ki, bəlkə heç çap olunmayıb. Ədəbiyyatşünas alimimiz, Nazif müəllimin irsinə yaxşı bələd olan Bədirxan Əhmədliyə bu barədə fikrimi deyəndə "mütləq çap etdir, dəqiq çap olunmayıb", - dedi. Ona görə məqaləni "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etmək qərarına gəldim. Ruhu şad olsun! Nazif Qəhrəmanlı kimi alimlər ölümündən sonra da örnəkdir bizlərə. Həyatın sonrakı axarına qatılmaq bu olsun, gərək...

Elnarə AKİMOVA

 

Nazif QƏHRƏMANLI

1920-1930-cu illərdə realist hekayə tipi

Simurğ, Seyid Hüseyn və Yusif Vəzir Çəmənzəminlinin hekayələri əsasında

Sovet dövrünə Azərbaycan nəsri zəngin ənənələri ilə qədəm qoymuşdur. Bu, bir tərəfdən maarifçi-realist nəsrin ənənələri ilə bağlı idisə, digər tərəfdən, tənqidi realizmin, xüsusən, C.Məmmədquluzadə nəsrinin, didaktik-pedaqoji nəsrin (S.S.Axundov, C.Cabbarlı və b.) nailiyyətləri ilə izah olunurdu.

1920-ci illərin yarısı ideoloji baxımdan qeyri-müəyyənlik illəri olduğundan, həmin illərdə yaranmış ədəbiyyat da birmənalı şəkildə yeni dövrün ədəbiyyatı kimi təsnif edilə bilməz. Bir qayda olaraq ədəbiyyatı partiyanın nüfuzu olaraq 1925-ci ildən hesablayırlar. Məhz bu ilin iyunun 18-də Rusiya Kommunist Partiyası MK-sının "Bədii ədəbiyyat sahəsində pensiyasının siyasəti haqqında" qərarından sonra bədii yaradıcılıq işi idarə olunmağa, yönəldilməyə və istiqamətləndirilməyə başlanılır.

Həmin qərardan sonra yeniləşmə hadisələri "ahıl məcraya yönəldilir, "sosialist realizmi" estetikasının və onun prinsiplərinin işlənib hazırlanmasına başlanılır, "proletar ədəbiyyatı" uğrunda mübarizə genişlənir. Sinifilik, xəlqilik, partiyalılıq prinsipləri yeni ədəbiyyatın, o cümlədən, bədii nəsrin əsas tədqiq ünvanına çevrilir.

Bədii ədəbiyyatda partiya çağırışları, qərarları və göstərişləri dövrü başlanır və bu proses 1990-cı illərədək, yəni Sovetlər imperiyasının ideoloji və siyasi strukturlarının dağıdılmasınadək davam edir.

Bədii yaradıcılığa hələ 1917-ci ildən əvvəl başlamış, konkret ədəbi-bədii təcrübəsi olan ədəbi simalar üçün yaradıcılığın istiqaməti və onun texniki tərəfləri çətinlik törətmir. Bu, xüsusən, realist sənəti qəbul və təbliğ edən ədəbi şəxsiyyətlərin praktikası üçün səciyyəvidir.

Tağı Şahbazi Simurğ ədəbi yaradıcılığa bədii tərcümə ilə başlamış, Rusiyada, ali məktəblərdə oxumuş, tələbə həmkarında iştirak etmiş, mətbuatda bədii yazı və məqalələr çap etdirmişdir. Etiraf etmək lazımdır ki, dünyagörüşü baxımından Sovet dövründə daha hazırlıqlı olan T.Şahbazi yaradıcılığı da 20-ci illərin əvvəlində başlamışdır. Təsadüfi deyil ki, onun ilk hekayələri 1923-1924-cü illərdə çap edilmişdir.

Buna görə də sinfi fərqləri görmək  və göstərmək, istismar dünyasının rəzalətlərini, sosial hazırlıqları yaxından görmüş və təsvir etmişdir. O, diqqətini Azərbaycanda çoxdan həllini gözləyən bir problemə - qadın probleminə yönəltmiş, daim əzilən və təhqir edilən bu məxluqların düşdüyü çirkab vəziyyəti əks etdirmişdir. "Son dərd", "Ağanın kənizi", "Haqsızlıq dünyasında" və s. hekayələrində "qadın qəhrəmanlar alçalmış və təhqir edilmişlər" qəbilinə mənsubdurlar. Qadın hüquqsuzluğu bu hekayələrin qəhrəmanlarını sıxan və əzən əsas səbəb, əsas günahlardır.

T.Şahbazi 20-30-cu illərdə satirik-yumoristik planda yazan bir neçə yazıçıdan (Qantəmir, B.Talıblı, S.Rəhman, T.Şahbazi Simurq) biridir. Realist yazıçı olmaqla, o, ictimai-siyasi həyatda, ailə və məişətdə baş verən dəyişiklikləri operativ şəkildə görür və təsvir edirdi.

B.Çobanzadə "Oktyabr dövrü ədəbiyyatı"na həsr etdiyi əsərlərindən birində 20-30-cu illər nəsrinin nümayəndələrinin yaradıcılığına diqqət yetirir və Simurğun yaradıcılığını yüksək qiymətləndirirdi: "Simurg (Tağı Şahbazi bu illərdə Simurğ imzası ilə çıxış edirdi - N.Q.) daha ziyadə köhnə həyat lövhələrilə məşğuldur. Bu lövhələr arasında qadının vəziyyəti, qadının əsas və yeni həyatdakı mövqeyi, rolu əsas və mərkəzi işğal edir. Bu hekayələrdə məişət məsələlərinin ən mühümlərini görürük".

Ədəbiyyatşünaslıq və dilçiliyin banisi olan alim yazıçının hekayələrinin janr keyfiyyətlərinə də diqqət yetirmiş və göstərmişdir ki... Simurğun hekayələri həyatı bəzən olduqca dərin və doğru cizgilərlə rəsm edilmiş "portretlər" mahiyyətindədir".

B.Çobanzadə 20-30-cu illərin hekayə yaradıcılığı haqqında da ümumi fikirlər söyləmiş və nəsrin kiçik formalarının yaradılmasında Simurğ, S.Hüseyn, B.Talıblı və başqa sənətkarların rolunu düzgün qeyd etmişdir. "Azəri türk hekayəçiliyinin bu dövründə Simurğun indilik kiçik hekayələrində qələminin təcrübədə bulunmasını təqdir etmək lazım gəlir. Azəri türk ədəbiyyatında hekayə növünün nisbətən az inkişaf etdiyi  düşünülürsə, Simurğun açıq bir dil, düzgün, nəfis bir görüşlə yaratdığı portret və taslakların böyük bir qiyməti və hekayəçilikdə realizmin qurulmasında onun böyük olduğu və olacağını təsdiq etmək lazım gəlir".

Həmin dövrdə ədiblər təkcə keçmişin hadisələrindən deyil, cari hadisələrdən, mədəni quruculuqdan, həyatda yeni islahatların özünə yol açmasından, mənəvi təkamülündən, xüsusən, qadın azadlığından və s. məsələlərdən geniş bəhs edirdilər.

1920-30-cu illər nəsrinin əsas ideya tendensiyalarından biri ədəbiyyatın qadın azadlığı problemi ilə intensiv məşğul olması idi. Təbii ki, bu dövrün S.Hüseyn, Yusif Vəzir, B.Talıblı, T.Şahbazi və b. nümayəndələri də qadın probleminin həllində əsərləri ilə fəal iştirak edirdilər.

T.Şahbazinin 20-ci illərdə ilk qələmə aldığı hekayə "Haqsızlıq dünyasında" adlanır. 1923-cü ildə yazılmış bu əsər Rüxsarə adlı cavan gəlinin həyatından bəhs edir. Rüxsarə əsasən, varlı bir şəhərli Hacı Muxtarın evinə gəlin gəlmiş, evdə sərasər işlədiyindən vərəm xəstəliyinə tutulmuş, buna görə də əsaslı müalicəyə ehtiyacı vardır. Lakin onun vəziyyəti baldızı Reyhan xanımdan başqa heç kimi maraqlandırmır. Xəstə qadın ömrünün son saatlarını öz xatirələri, sevdiyi insanı, ailəni xatırlamaqla keçirir. Rüxsarə özünün son anlarını yaşadığını dərk edib bacısı Gülnisəni yanına çağırmışdır. Lakin son sözünü deməyə macal tapmır, həyatdan gedir.

Belə bir məqamda Rüxsarənin qayınanası Gülbacı içəri girir və gəlininin öldüyünü görüncə otağın əlindən alınacağını özünə dərd edərək şaxsey çalır.

"Son dərd" hekayəsi (1924) vaxtsız ölmüş Mirzə Kərimin ailəsindən bəhs edir. Mirzə Kərimin arvadı Reyhan xanım körpə qızı ilə birgə simasız qaldığından ərinin yanında işlədiyi sahibkar Ağa Murad bəy bir-iki dəfə Reyhana yardım etsə də, onu ələ keçirir, az sonra körpə qızına da əl uzadır... Reyhan məcbur olub yeni rejimin açdığı qadınlar komitəsinə müraciət edir və Ağa Murad bəy məhkəməyə cəlb olunur.

"Çətin müəmma və ya iki arvad almaq məsələsi" hekayəsində kəndli Fəramərzin evində baş verən vəziyyət diqqət mərkəzindədir. Məsələ bundadır ki, Fəramərzin qızı Cəvahir ərə gedəndən sonra nə Fəramərzin, nə də ev işlərinin öhdəsindən gələ bilmir. Fəramərz kənd adamları ilə məsləhət edir. Ona ikinci bir arvad almağı məsləhət görürlər. Lakin yeni quruluşda iki arvad saxlamağa icazə verilmir. Odur ki, Fəramərz Bakıya şikayətə gedir. Lakin şikayətdən bir şey çıxmır, kişi bir həftədən sonra kor-peşman evə qayıdır. Ona qəribə gələn budur ki, bu necə kəndli hökumətidir ki, kəndliyə iki arvad almağa icazə vermir.

Qoşaarvadlılıq məsələsi digər hekayədə ("Məşədi Qədimin evində bədbəxtlik") də ən ağrılı məsələdir. İki arvadın evdə çalışdığı və daim Məşədi Qədimə qulluq etdiyi gözəl günləri sovetlərin işə başlaması, onların evinin qarşısındakı binada qadınlar klubunun açılması  pozur. Həmişə ərlərinə xidmətdə rəqabət edən Gülsabah və Gülcahan bu dəfə rəqabət zəminində kluba gedir, kişinin ovqatını təlx edirlər. Hekayə onların birinin vəkil seçilməsi və digərinin bu niyyətlə Bakıya getməsi ilə bitir və bu hadisə Məşədinin çoxarvadlılığına son qoyur və o, qonşu axundun yanına məsləhətə gedir.

"Gözlənilməyən bir nəticə" hekayəsində (1928) çoxarvadlılığın əzabını çəkən Dilşad xanım (Hacı Qaranın birinci arvadı) əri və dostlarının yaxındakı qadınlar klubunu yandırmaq söhbətini eşidib lazımi yerə xəbər verir və cinayətkarlar həbs olunur. Hekayə hər iki arvadın çadrasını atması ilə bitir. Hələ ilk hekayələrində yazıçı özünü müşahidəçi, həyata dərindən bələd olan yazıçı kimi göstərmişdi. Təsadüfi deyil ki, onun seçilmiş əsərlərinə (Azərnəşr, 1960) "Realist ədib" adlı Ön sözdə yazıçı Şəmsəddin Abbasov bu sözləri yazmışdı: "Tağı Şahbazi Simurğun sadə və yığcam hekayələrini geniş oxucu kütlələri ona görə sevirlər ki, ədib həyatı yaxşı bilirdi, onun müşahidələri qüvvətli və dəqiq idi; təsvir etdiyi tipləri, xarakterləri dərindən öyrənir və yaxşı ümumiləşdirirdi; həyatı inqilabi inkişafda, yeniliklə köhnəliyin mübarizəsi prosesində, bütün qabaqcıl inkişaf meyilləri ilə göstərir, sosialist realizmi metoduna sadiq qalırdı".

Azərbaycan sovet nəsrində cəsarətli və fədakar qadın obrazlarının yaranması T.Şahbazinin adı ilə bağlıdır. Demək olar ki, onun hər hekayəsində belə bir qadın obrazına rast gəlirik. M.Əlioğlu haqlı qeyd edir ki, "xarakter bütövlüyü, fikir aydınlığı, haqsızlığa nifrət bəsləmələri cəhətdən bu qadın surətləri həyatidir".

T.Şahbazi haqqında ondan artıq məqalənin müəllifi Abuzər İsmayılov yazıçının əsas məqsədini dövrün ictimai ziddiyyətlərinin və burjua-mülkədar tiplərinin ifşası ilə məhdudlaşdırmağa çalışmışdır.

A.İsmayılov T.Ş.Simurğ haqqında qələmə aldığı "Realist yazıçı" və "T.Ş.Simurğun realizmi" məqalələrində yazıçının yaradıcılıq metodu məsələsinə aydınlıq gətirməyə çalışır. Onun fikrincə, Tağı Şahbazi hekayələrinin məziyyəti onun həyatiliyindədir. Ədibin yaradıcılığı xalq arzuları, hisslərilə sıx surətdə bağlıdır. Onda qüvvətli milli kolorit, hər sinfin özünəməxsus düşüncə tərzi və həyat vərdişi vardır".

Yazıçının "İki qəm", "Südçü qız", "Düşmənlər", "Gözlənilməyən bir nəticə", "Haqsızlıq dünyasında" kimi hekayələrini təhlil edən ədəbiyyatşünas belə bir nəticə hasil edir ki, "...yazıçının tipləri ilə həyat hadisələri arasında uyğunluq vardır".

A.İsmayılov sovet tənqidinin sinfilik meyarından istifadə edərək burjuaziyanın tipik xüsusiyyətlərinin açılmasını yeni nəsrin nailiyyətlərindən biri kimi yüksək qiymətləndirir, nəinki mənfi obrazların, hətta təsvir edilən həyatın, məişətin və ictimai şəraitin "tipik" olduğunu göstərir.

O, "Simurğun realizmi" məqaləsində yazır: "T.Ş.Simurğ həyat materialı üzərində işləyərkən həyatın maraqlı, eyni zamanda düşündürücü, kədərli hadisələrini əks etdirməyə çalışır, həyatın ümumi cəhətləri obrazın fərdi xüsusiyyətləri kimi meydana çıxır"... Ədibin əsərlərində təsvir olunan obraz və tiplər ona görə əhəmiyyətlidir ki, onlar həyatdakı insanları yaxşı tanımaq və başa düşmək işinə xidmət edirlər".

Yazıçı həmkarları Seyid Hüseyn və Yusif Vəzirdən fərqli olaraq T.Şahbazi Simurğ proletar yazıçısı adlandırılmış, H.Nəzərli, B.Talıblı kimi yeni bioqrafiyalı yazıçı adlandırılmışdır. B.Əhmədov buna görə haqlı qeyd edir ki, "əslində T.Ş.Simurğ sələfləri olan digər realistlər kimi cəmiyyəti inkişaf prosesində görür və təsvir edirdi".

Əli Nazim yeni ədəbiyyat haqqında qələmə aldığı bir məqalədə onun realizmini belə səciyyələndirirdi. "Onda təsvir ilə ifadə, fikir ilə həyat, mövzu ilə metod ayrılmır, tam, üzvi bir vəhdət halında meydana çıxır".

Bütövlükdə, Simurğun realizmini həm onun hekayələrindəki ideyalılıqda axtaran A.İsmayılov bu ideyaların həyat həqiqəti ilə "təzad təşkil etmədiyini" bildirsə də, realizmi zidd qüvvələrin (köhnəlik-yenilik, şər-xeyir) mübarizəsi fonunda təqdim etməyi də unutmur.

Seyid Hüseyn də, Yusif Vəzir də 1926-cı ildən hekayə yaradıcılığının yeni dövrünə daxil olmuşlar. Seyid Hüseyn yaradıcılığını əsasən, iki dövrə bölür və ikinci dövrü onun yaradıcılığının ən qüvvətli mərhələsi sayırlar. "Hüseyn Sadiq" adlı məqalədə bu iki dövrü müqayisə edən ədəbiyyatşünas Hənəfi Zeynallı yazırdı: "Əvvəlləri yazıçılığa sadə bir əyləncə kimi baxan S.Hüseyn, bu gün ideologiya cəbhəsinin ən qüvvətli amil olduğunu qəbul etməyə başlamışdır. Ona görə də qələmə aldığı mövzuları tamamilə ictimai həyatdan alınmış, tamamilə müqayisəli bir baxışla tədqiq edilmiş mövzulardır..."

S.Hüseynin əsərlərindəki bütün vaqeələri keçirməkdə olduğumuz ictimai həyatın, siyasətin, iqtisadi yaşayışın sapları ilə bağlanmışdır. Həyatın həqiqətləri, ən doğrusu, Bakının coşub daşan siyasi-ictimai şöbələri, onun sətirləri arasında göstərilir".

S.Hüseynin hekayə ustalığı S.Vurğun, M.İbrahimov, M.Hüseyn, B.Çobanzadə, H.Əfəndiyev, H.Orucəlinin və başqalarının çıxış və məqalələrində yetərincə əks olunmuşdur. S.Hüseynin reabilitasiyasından sonra onun haqqında ilk məqalələrdən birini M.İbrahimov yazmışdı (1959). O, S.Hüseynin orijinal və realist surətlər yaratdığını qeyd edərək yazırdı: "Seyid Hüseynin hekayələri adi həyat və məişət hadisələrini təsvir edir, lakin onlar cansıxıcı, darıxdırıcı deyil, naturalizmdən uzaqdır, oxucu orada daim qeyri-adi bir təravət, cazibədar bir işıq görür. Bu, şairanə hisslərin təravəti, böyük fikrin işığıdır. Əhəmiyyətli ictimai məna və böyük fikir onun bütün əsərlərində özünü göstərir".

M.Hüseyn də etiraf edir ki, Seyid Hüseyn hekayələrinin gücü onun sadə və səmimi üslubda əks etdiyi həyat həqiqətləridir. "Seyid Hüseynin qadın mövzusuna marağını cəmiyyətdə baş verən hadisələrlə, obyektiv səbəblərlə izah edən M.Hüseyn yazırdı: "Seyid Hüseyn, Azərbaycan qadınının həyatında başlanmış bu dramatik dövrü son dərəcə dürüst, həm də aydın lövhələrlə rəsm etmiş istedadlı bir sovet nasiridir".

1920-1930-cu illərin marksist tənqidçiləri də S.Hüseynin əsərlərinin qələmə alındığı həmin illərdə onun əsərlərinin həyatla əlaqəsini, əsərlərinin realist gücünü xüsusi qeyd etmişlər. Professor Bəkir Çobanzadə "Azəri ədəbiyyatının yeni dövrü" adlı əsərində (1930) yazırdı: "Seyid  Hüseyndə xam xəyal məhsullarına, uydurma faktlara, zorakı sinfi rabitələrə rast gəlinməz. Bu bizim hər gün gördüyümüz həyat lövhələrini alır, bir-birinə bağlayır və bugünkü, dünənki yaşayışımızın dinamikasını tapıb bizə göstərir. Bu etibarla, Seyid Hüseyn həyatı müəyyən ictimai neştərlə şərh və təhlil edən bir realistdir. "Gilan qızı"nı oxurkən insan hekayənin müvəffəqiyyətlə, yəni Qonçanın qurtulması ilə bitməsini arzu edir. Lakin mühərrir oxucunun bu ətalət nəticəsində doğan arzusunu təmin etmir".

Diqqətəlayiq cəhət burasıdır ki, B.Çobanzadə Seyid Hüseynin hekayə ustalığını Simurğun nəsr sənətkarlığı ilə müqayisə edir və belə bir nəticəyə gəlirdi: "Gərək Seyid Hüseyndə, gərəksə Simurğda diqqətlə baxıldığı zaman gözə çarpan xüsusi bir nöqtə vardır: bunların hekayələrində həyat bir tərəfdən - köhnəlik, çürüklük tərəfindən alınır. Bu çürüməkdə olan həyatın mənfi tipləri mühərrir (yəni yazıçı - N.Q.) tərəfindən tənqid və tədqiq olunur, yəni müsbət, gələcək həyatın müməssili, mübarizi olaraq mühərrir özünü ortaya qoyur. Bu sürətlə həyat tam dinamiki bir şəkildə, mübarizə halında verilməz, bu isə bir qüsurdur. Mənfi və müsbət tiplər bir arada mübarizə halında verilib, bu mübarizə və onun nəticəsi həqiqi və dərin surətdə təhlil edilib göstərildikcə ancaq əsər tam bir şey olur və qüvvətli intiba verə bilər".

Problematika baxımından S.Hüseyni həyatın, inkişaf edən gerçəkliyin müxtəlif təzahürləri maraqlandırırdı. "Azərbaycan sovet ədəbiyyatı" kitabında 20-ci illər nəsri haqqında söz açan N.Qəhrəmanov hər iki yazıçının (S.Hüseynin və T.Şahbazinin) yaradıcılığında əsas tematik xətt olduğunu göstərir, birincinin "yeni müasir qadın surəti yaratma" cəhəti ilə fərqləndiyi, ikincinin isə "maraqlı təhkiyə üsuluna" malik olduğunu nəzərə çarpdırırdı.

Yeri gəlmişkən, S.Hüseynin ideya-məfkurə baxımından diqqət ayırdığı iş qadın azadlığı problemidir. Onun qadın obrazları istər tarixi xronologiya baxımından, istərsə də realist-psixoloji səpkidən 20-ci illərdə qadın təkamülünün təbii cizgilərini əks etdirirlər. Bunların arasında yaramaz adət və ənənələrin cəngində çırpınıb qalan Telli ("Yatmış kəndin qış gecələrində", Qonça "Gilan qızı"), Mehriban ("Mehriban"), Xədicə ("Həzin bir xatirə"), Sarıköynək ("Sarıköynək"), Məsmə ("Kor kişinin arvadı"), Əsmər ("İki həyat arasında"), Əsmər ("Sadə bir şey"), Şirinnaz ("Gənclik macəraları") kimi inandırıcı, real cizgi və düşüncələrdən yonulmuş qadın obrazları vardır. Əgər onların bəziləri (Telli, Məsmə, Mehriban, Əsmər) özlərində qüvvə tapıb bu əsatirin girdabından xilas ola bilirlərsə, digər qismi (Qonça, Xədicə, Sarıköynək, Şirinnaz) bu çıxılmazlıqdan xilas ola bilməyərək məhv olurlar.

S.Hüseynin yaratdığı hekayələrdə həyat həqiqəti bu hekayələrin canını və gücünü təşkil edir. O həyatda olmuş hadisələri, tarixi gerçəkliyi qələmə almağa can atır və buna çox uğurla nail olur. Bunu "Azərbaycan sovet ədəbiyyatı tarixi"ndə 20-30-cu illərdə nəsr oçerkinin müəllifi M.Əlioğlu da düzgün müəyyənləşdirmiş və yazmışdır: "Seyid Hüseyn nədən yazırsa-yazsın, həmişə və hər yerdə həqiqətə sadiqdir. Həyat onun hekayələrində müxtəlif cəhətləri, ziddiyyətləri, tam reallığı ilə verilmişdir. Ədib insanların taleyini, daxili aləmini üzünün cizgilərindən tutmuş, qəlbinin döyüntülərinə qədər, bütün canlılığı ilə açıb göstərə bilir. Köhnə dünyanın rəzalətlərini, qadın hüquqsuzluğunu və Şərq aləmində qadına çirkin münasibətləri təsvir edən bir sıra hekayələrində ("Sarıköynək", "Gilan qızı", "Həzin bir xatirə") ədibin realizmi, iki-üç cizgi ilə tip yaratmaq ustalığı nəzəri cəlb edir".

Yazıçının müşahidəçiliyi, ətrafında baş verən hadisələri tarix kimi qəbul və əks etdirmək bacarığı bu hadisələri insan xarakteri və davranışının ailə-məişət, qudurğanlıq və nadanlığın tarixi kimi qavramağa, dərk etməyə kömək edir. "Bir küçənin tarixi" (1927) hekayəsinin timsalında S.Hüseynin hekayə ustalığı çox təbii və orijinal bir təcrübə kimi görünür, belə başa düşmək olar ki, hadisələr sovet dövründən xeyli əvvəl, çar hakimiyyəti dövründə baş verir. Xəzərdə öz paraxodu, şəhərdə öz ticarət şəbəkəsi olan Hacı Aslan özünü yaşadığı küçənin də sahibi hesab edir, burda min oyundan çıxır, küçədə yaşayanların başına müsibətlər gətirir.

Yazıçı Hacı Aslanın xarakterini ifşa etmək üçün çox səciyyəvi detallar, onun vəhşiliyini açan hərəkət və əlamətlər axtarıb tapır, onun cinayətlərini, qudurğanlığını və əxlaqsızlığını göstərən bədii lövhələr yaradır. Bunlardan biri onun hərəkətlərini həzm etməyən adi bir əməkçinin - Mursaqulunun öldürülməsi və onun ölümü ilə kifayətlənməyib, bacısı oğlunun da öldürülməsi, digər küçədə dovşan ovu təşkil etməsi, dovşanın təsadüfən soxulduğu ev sahibini ağır söyüşlərlə təhqir etməsi, başqa bir halda oğlunun qatilini (Hacı Aslanı) söyən qadının digər oğlunun da öldürülməsidir.

M.Əlioğlu adı çəkilən oçerkdə yazırdı: "S.Hüseynin hekayəçilik ustalığında əsas cəhətlərdən biri də adi bir əhvalat içərisində böyük həqiqətləri, ictimai məsələləri doğru-düzgün əks etdirə bilməsidir. Bəzən müəllifin hekayə üçün seçdiyi mövzu ilk baxışda oxucuya çox sadə və adi əhvalat təsiri bağışlayır. Lakin yazıçı adi görünən bu əhvalatı mənalandırır, ona ictimai məzmun verir".

1926-cı ildə 7 ilə yaxın Türkiyədə və Fransada mühacirət həyatı yaşayan Yusif Vəzir Çəmənzəminli vətənə qayıtdı. Bu vaxtdan etibarən onun yeni elmi və bədii yaradıcılıq dövrü başladı. Həmin il yazıçının "Keçmiş səhifələr" adlı hekayələr kitabı nəşr olundu. Bu topluda yığılmış hekayələrin bir qismi əvvəllər, 30-a yaxın hekayənin yer aldığı bu toplu yazıçının hekayə janrına sadiq qaldığını göstərirdi.

1958-ci ildə "Azərbaycan sovet yazıçıları" toplusuna Y.V.Çəmənzəminlinin haqqında oçerkin müəllifi Əkbər Ağayev onun həmin illərdə çap etdirdiyi "Keçmiş səhifələr" və "Qazanc yolunda" kitabları üzərində də dayanırdı. "Çəmənzəminlinin tənqidi realizm yolu ilə getdiyini, Molla Nəsrəddin ədəbi məktəbi, realist rus ədəbiyyatının ənənələri əsasında yetişdiyini göstərən "Keçmiş səhifələr" doğrudan da, inqilabdan əvvəlki Azərbaycan həyatını, oradakı müxtəlif ictimai təbəqələrin məişətini, zəhmətkeş xalqın vəziyyətini göstərən canlı həyat səhifələridir".

Ə.Ağayev yazırdı ki, "Bir hekayəçi kimi Yusif Vəzir usta sənətkarlardandır. Onun hekayələri müəyyən cəhətlərdən Haqverdiyevin, Cəlil Məmmədquluzadənin hekayə üslubunu xatırladır. Yığcamlıq və sadəlik, kompozisiya bütövlüyü və süjet aydınlığı onun hekayələrinin ayrılmaz xüsusiyyətləridir. Yusif  Vəzirin istedadının yetişməsində və inkişafında rus ədəbiyyatının, xüsusilə, Qoqol və Çexovun səmərəli təsiri olmuşdur".

M.Əlioğlu da bu fikrə yaxın bir fikir söyləyir. O qeyd edir ki, "Çəmənzəminli hekayələrindəki yığcamlıq və sadəlik onu C.Məmmədquluzadə nəsrinə yaxınlaşdırır. Yazıçı sadə bir əhvalatı bacarıqla mənalandıra bilir, kiçik bir hadisədə canlı bir həyat səhnəsi əks etdirir".

Y.V.Çəmənzəminli irsinin tədqiqatçısı Tofiq Hüseynoğlu belə qənaətdədir ki, yazıçı özünün realist hekayələrində "zaman amilindən istifadə edir, yeni aləmlə köhnə aləmin obrazlarını qarşılaşdırır. İnqilabdan sonra "təzələr" inqilabdan əvvəlki "köhnələr"ə qarşı qoyulur, tədqiqatçının fikrincə, "...bu halda yeninin təsdiqi və təbliği müəllifin əsas qayəsi kimi diqqəti cəlb edir".

Milli-azadlıq mübarizəsi, istiqlalçılıq ruhu, mühacir həyatı Yusif Vəzirin bəzi hekayələrinin əsas mövzularıdır. Yazıçının ilk əsərlərinə xas olan lirik ovqat tədricən öz yerini daha sərt lövhələrə, sosial və siyasi tutumlu bədii axtarışlara verirdi.

Sovet dövründə Yusif Vəzirin ilk hekayələri rəngarəng mövzularda qələmə alınmışdı. "Sədi", "Bir qaçqının dəftərindən" hekayələri Fransa həyatından "Osman Dövlətşin", "Yaramaz", "Mariya", Ukrayna həyatından, "Zeybək qızı" Türkiyə həyatından, "Son səhifə", "Tanqo", "Zühuru" və s. hekayələr Azərbaycan gerçəkliyindən alınmışdır.

Məlumdur ki, yazıçının Türkiyə və Fransada mühacir həyatı heç də asan və rəvan keçməmişdir. "Zeybək qızı" hekayəsi Türkiyədə 1920-1923-cü illərdə başlanmış milli-azadlıq hərəkatından bəhs edir. Midhət əfəndi tələbədir, lakin İstanbulun işğal olunduğu bir şəraitdə bu şəhərdə qalmağı özünə ar bilir. Anadoluya Sokeş cəbhələrinə tələsir. Özlərini "Zeybək qızı" adlandıran qəhrəman qadınlarla tanışlığı Midhətin həyatına yeni bir işıq gətirir, bu qız müstəqilliyin və azadlığın rəmzinə çevrilir. Məlumdur ki, Zeybəklər İzmir dağlarında yaşayan türk tayfalarından biridir, onlar öz geyimlərini, adət-ənənələrini indiyədək saxlayır. Zeybək qızı da mübarizədə öz ənənəvi geyimi ilə çıxış edirdi.

Hekayədə realist cizgilərlə yanaşı, lirik-romantik cizgilər də vardır ki, bunlar əsərə azadlıq mübarizəsindən doğan qeyri-adi çalarlar verir.

Osman Dövlətşin Yusif Vəzir tərəfindən yaradılmış cəsur bolşevik obrazıdır. Güllələnməyə aparılan Osmanı onun dostu, millətçi bir ukraynalı gənc xilas edir. Məlum olur ki, onlar müxtəlif tədbirlərdə bir-birinə tənqidi çıxışlarda bulunsalar da, bir-birini qiymətləndirir, qədrini bilirlər. Onu azəri tələbələri də tanıyır və sevirlər. Lida adlı bir xanıma fövqəladə hisslər bəsləyən Osman yenə mübarizəsinin ardınca gedir, yaralansa da, Lida onu axtarıb tapır.

"Sədi" hekayəsi Fransada mühacir kimi yaşayan bir əlcəzairli ərəbin - Mənsurun həyatından götürülmüşdür. İş ardınca zavod və fabrik növbələrində onunla daim rastlaşan müəllif (təhkiyəçinin obrazı) bir müddət onu görməyəndə çox məyus olur. Demə, Sədi fransızların əlcəzairlilərə həqarətlə verdiyi ləqəbdir. Demə, Sədi - Mənsur bir zavodda işlərkən qəza baş verir və o, dörd barmağını itirir. Mühacir taleyi bu hekayənin əsas mövzusudur.

1920-1930-cu illərdə müasirləri ilə müqayisədə, S.Hüseyn realizmlə daha çox maraqlanan, realizmin ümdə və əsaslı prinsiplərindən çıxış edən yazıçı kimi özünü təsdiqləyir.

T.Şahbazinin, S.Hüseynin də hekayələri  XX əsrin birinci rübü üçün xarakterik olan  hadisə və proseslərin qələmə alınması ilə səciyyəvidir. Bu xüsusiyyəti M.Əlioğlu xüsusi qeyd etmiş və göstərmişdir ki: "S.Hüseyn dərin müşahidə qabiliyyətinə malik realist bir yazıçıdır. Onun sənətkarlıq məharətini, əsərlərinin bədii ifadə qüdrətini müəyyən edən də realizmdir. Ədibin hekayələrində müəyyən dövrün həyatı özünün real əksini tapmışdır".

M.Əlioğlu onun realizmini dil amili ilə izah edir və bunu yazıçının realizmində yeni keyfiyyətlərin meydana çıxması ilə əlaqələndirir. "Onun dili, təhkiyə üsulu çox sadə və aydındır, hekayələri təbii başlanır, maraqla oxunur və gözlənilməyən, düşündürücü sonluqla bitir".

Ümumən, XX əsrin 20-30-cu illərinin realizmi tənqidi realizm ilə yeni formalaşmaqda olan sosialist realizminin orijinal vəhdəti olub, daha çox hekayə janrında özünü büruzə verirdi. Yəni rejimin vəsfinə yönəlmiş poeziyadan fərqli olaraq nəsr insan amilini qabarda bilmiş, keçid dövrünün əksər problemlərini əks etdirməyə çalışmış, qadın problemini bütün kəskinliyi ilə meydana qoymuşdur. Həmin illərdə yazılmış bəzi hekayələrin adı da rəmzi təsir bağışlayır: "Azadlıq üçün cinayət", "Son dərd" (T.Şahbazi), "Yeni həyat yollarında", "İki həyat arasında" (S.Hüseyn), "Son səhifə", "Qazanc yolunda", "Gələcək şəhər" (Y.V.Çəmənzəminli).

Yaradıcılıqlarını yığcam şəkildə nəzərdən keçirdiyimiz bu yazıçıların hekayə janrının inkişafında əhəmiyyətli xidmətləri olmuşdur. Onların yaradıcılığını nəzərdən keçirən ədəbiyyatşünaslar ən çox tənqidi realizm prinsiplərindən çıxış etdiklərini, yeniliyi təsdiqə meyilli olduqlarını xüsusi vurğulayırlar.

Tədqiqatçıların fikrincə, S.Hüseyn Y.Vəzir realizmi üçün, eyni zamanda lirik və romantik lövhələrlə bərabər satirik və yumoristik gülüşü də istisna etmək olmaz. Həmçinin bu hekayə tipində satiranın, yumorun layiqli rolu T.Şahbazi Simurğun hekayələrində də yetərincə təsdiqini tapmışdır.

Akademik Məmməd Arif hekayə haqqında tənqidi yazılarında hekayənin bir janr olaraq imkanlarından söz açmış, bu imkanların yetərincə geniş olduğunu göstərmişdir. Hekayə ilə bağlı bir neçə konfrans və təşkilati tədbir keçirilmiş, hekayənin tarixi və müasir vəziyyəti ətraflı təhlil edilmişdir.

T.Əlişanoğlu nəsr haqqında tədqiqatında qeyd edir ki, "bu illər (yəni 1920-1930-cu illər - N.Q.) Azərbaycan nəsrində "millilik və inqilab"ın harmoniyasını, vəhdətini verən nümunələr demək olar ki, yaranmır". Əslində belə bir vəhdət heç mümkün də deyil. Çünki inqilab milliliyi rədd edir, beynəlmiləl bir ideyanı müdafiə edir.

Realist hekayə tipi 1920-1930-cu illər üçün nadir və maraqlı təcrübədir. Bu presedenti təkcə əsərlərini nəzərdən keçirdiyimiz üç yazıçıda deyil, o dövrdə yaşayıb-yaratmış bir sıra yazıçıların irsində müşahidə etmək mümkündür.

1937-1940-cı illərdə T.Şahbazi (Simurğ), S.Hüseyn, Y.V.Çəmənzəminli repressiya olundular. Lakin bu yazıçıların hekayələri indi də oxucunu həyəcanlandırır, real təsvir və bədii tədqiq gücü, bədii dərkin özünəməxsusluğu ilə təsirləndirir və düşündürür.

S.Hüseyn, T.Şahbazi, Y.V.Çəmənzəminli ədəbiyyata sovet dövründən xeyli əvvəl, əsrin əvvəllərində gəlmişdilər. Həmin dövrdə ədəbiyyatda yeni meyillər, yeni düşüncə və rəngarəng üslublar formalaşırdı. Buna görə də hər üç yazıçının yeni relsə düşməməsi, sovet ədəbi platformasını qəbul etməsi asan olmadı.

Tənqidi realizm ənənələri, bitkin həyatilik, yenilik ilə köhnəliyin qarşılaşdırılması, tiplərin mənsub olduğu gerçəkliyin məhsulu kimi alınması və təqdim edilməsi, ədəbi müşahidə və təcrübədən çıxış etmək cəhdləri və s. xüsusiyyətlər hər üç yazıçının yararlandığı və istifadə etdiyi cəhətlərdir. Bu məqamda Yusif Vəzirin bədii metod axtarışlarına yeni mövzu və süjetlər gətirdiyini vurğulamaq mümkündür.

Bu məqamda tənqidçi Seyid Hüseynin öz yazıçı həmkarlarına yönəlmiş tənqidi düşüncələrini də unutmaq olmaz.

Bütövlükdə hər üç yazıçının realist hekayə yaradıcılığı sahəsində mühüm işlər gördüyünü, tarixi mövzu, tip və portret, tip və xarakter sahəsində kifayət qədər təcrübə qazandığını, bu təcrübənin nəsrimizin sonrakı inkişafına təsirsiz ötüşmədiyini təsdiqləmək mümkündür.

Другие новости