Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The pinnacle of the world of Kirkuk literary studies-Isa Habibbayli

15-04-2024 [ 11:33 ] [ read:111 ]
printerA+ | A-

In Azerbaijan and the Turkic world, Iraqi Turkmens have special respect and great sympathy. First of all, because Iraqi Turkmen are an integral part of the Turkic world. The second reason was the excitement and anxiety arising from the fact that the Iraqi Turkmens were facing certain difficulties for various reasons at different times. In my opinion, the third and most important reason is related to the preservation and development of the language, literature, culture, and national identity of this Turkish people with ancient historical roots.

Although Iraqi Turkmens exist in different regions of Iraq, the most densely populated place is the Kirkuk region. Geographically, the region of Kirkuk, which is also called "Turkmen Eli", and its surroundings are considered the motherland of Iraqi Turkmen. Kirkuk is symbolically the capital of Iraqi Turkmen. Therefore, sometimes the word "Kirkuk" means Turks living in Iraq in a broad sense.

Tarix boyu həmişə İraq türkmanları arasından görkəmli şairlər, alimlər, tanınmış böyük ziyalılar çıxmışdır. Etiraf etmək lazımdır ki, İraq türkman xalqının   görkəmli yetirmələri sırasında İhsan Doğramacı, Əbdüllətif Bəndəroğlunun və Əta Tərzibaşının müstəsna xidmətləri vardır. İhsan Doğramacı tibb elminin və universitet quruculuğunun yüksəldilməsində, Əbdüllətif Bəndəroğlu İraq-türkman yazılı ədəbiyyatının və mətbuatının inkişaf etdirilməsində, Əta Tərzibaşı isə türkman folkloru və el ədəbiyyatının toplanılması, araşdırılması və nəşri sahəsində böyük xidmətlər göstərmişlər. Əbdüllətif Bəndəroğlunun Azərbaycanla, Əta Tərzibaşının Türkiyə ilə İraq türkmanları arasında yaratdıqları ədəbi-mədəni körpülər bu coğrafiyada yaşayıb-yaradan türkmanların tanıdılması, yaşadılması, onların mənəvi sərvətlərinin geniş dairədə yayılması, öyrənilməsi, təbliği baxımından mühüm rol oynamışdır. Böyük elmi-siyasi nüfuzuna görə İhsan Doğramacı İraq türkmanlarının lideridir. Geniş elmi-ədəbi xidmətlərinə və ümummilli mövqeyinə görə Əta Tərzibaşı İraq türkmanlarının Dədə Qorqududur. Ədəbiyyat və mətbuat sahəsindəki işinə, fəaliyyətinə və vətəndaşlıq missiyasına, ictimai fəaliyyətinə görə Əbdüllətif Bəndəroğlu İraq türkmanlarının Abbas Zamanovudur.

Əta Ömər oğlu Tərzibaşı 14 noyabr 1924-cü ildə İraqın Kərkük şəhərində bələdiyyə məmuru ailəsində anadan olmuşdur. İlk təhsilini Kərkükdə, universitet təhsilini isə Bağdadda almışdır. Bütün ömrü boyu vəkillik və mətbuat işi ilə məşğul olmuşdur. Uzun illər Kərkük şəhərində çap edilmiş "Bəşir" qəzetinin türkman bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. O, "Afaq" və "Bəşir" qəzetlərində Kərkük xoyratları və manilərini toplayıb çap etdirməklə milli düşüncənin qorunub saxlanılması və yeni nəsillərə çatdırılması sahəsində mühüm xidmətlər göstərmişdir. Əta Tərzibaşının Kərkük mətbuatında çıxan türkman folkloru haqqındakı çoxsaylı məqalələri bu xalqın milli-mənəvi özünüdərki və zəngin folklor irsinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Kərkükdə 2016-cı ildə dünyasını dəyişmiş Əta Tərzibaşının çoxcəhətli elmi-ədəbi fəaliyyəti, qiymətli toplama materialları və elmi əsərləri doğma xalqına xidmət etmək baxımından nəsillərə nümunədir.

Müasirlərinin yazdıqlarına görə, Əta Tərzibaşı, ilk növbədə, Kərkük-Türkman Eli bölgəsini, bütövlükdə isə İraq türkmanlarının yaşadıqları bütün bölgələri gəzərək, folklor nümunələrini toplamaq işində böyük fədakarlıq nümunəsi göstərmişdir. Onun xalq arasından yazıya alıb, toplama kitablarına daxil etdiyi Kərkük folkloru nümunələrində bölgədə yaşayan insanların ləhcə xüsusiyyətləri deyiliş tərzini olduğu kimi əks etdirir. Beləliklə, Əta Tərzibaşı zəngin Kərkük folklor xəzinəsinin orijinal şəkildə qorunub saxlanılmasına və özündən sonrakı nəsillərə olduğu kimi çatdırılmasına nail olmuşdur.

İkincisi, Əta Tərzibaşı Kərkük folklorunu mümkün olan bütün əsas janrlar üzrə toplamışdır. Əlbəttə, regionun xalq yaddaşı sərvətlərinin özünəməxsusluğuna görə onun toplama materialları içərisində təbii olaraq xoyratlar və manilər əsas yer tutur. Türk dünyasında Əta Tərzibaşı Kərkük xoyratlarının və manilərinin əsas toplayıcısı kimi qəbul olunur. Kərkük xoyratları və nümunələrini toplayanlar içərisində ən zəngin sərvət Əta Tərzibaşıya məxsusdur. O, hətta bir xoyrat və ya maninin bir neçə variantını toplayıb əldə etməklə, bu janrın Türkman Elinin bütün bölgələrində fərqli şəkildə yarandığını və yayıldığını diqqət mərkəzinə çəkmişdir. Bu isə xoyratların və manilərin geniş dairədə yayıldığını göstərməklə bərabər, həm də Kərkük-türkmən xalqının mənəvi zənginliyini əyani şəkildə nümayiş etdirmək deməkdir. Bu mənada, Əta Tərzibaşı Kərkük Elinin zəngin mənəvi sərvətlər xəzinəsinin əsas toplayıcısı və tədqiqatçısı olduğunu nümayiş etdirir.

Əta Tərzibaşı Kərkük xoyratları və maniləri ilə yanaşı, ilk dəfə olaraq Türkman Elinin şərqilərini və türkülərini də yazıya almışdır. Bu şərqilər və türkülər Kərkük türkmanlarının könül dünyasının nə qədər geniş və zəngin olduğunu nümayiş etdirir. Əta Tərzibaşı, eyni zamanda Kərkük havalarını, yəni xalq mahnılarını da toplayıb, onların melodiyasını xalqa çatdırmaq vəzifəsini də həyata keçirmişdir. Bütün bunlara görə bir çox Kərkük şərqiləri və türkülərinin xalq mahnısı kimi bu gün də yaşadılması və ifa edilməsinin davam etdirilməsi, yaddaşlara həkk olunması Əta Tərzibaşının xidmətidir. Beləliklə, Kərkük xalq mahnıları ilk dəfə Əta Tərzibaşı tərəfindən yazıya alınaraq tam halda xalqın mənəvi sərvəti kimi yenidən həyata qaytarılmışdır.

Bundan başqa, Əta Tərzibaşı ilk dəfə olaraq Kərkükdə geniş yayılmış "Arzu Qənbər" dastanını da toplamış, sistemə salmış, bitkin bir hala gətirmiş və 1964-cü ildə Bağdadda kitab halında nəşr etdirmişdir. Onun Kərkük aşıq ədəbiyyatına dair toplama materialları və araşdırmaları da folklorşünaslıq baxımından mühüm əhəmiyyətə malikdir. 

Ümumiyyətlə, Əta Tərzibaşı Kərkük türkmanlarının zəngin folklor xəzinəsini yaratmışdır. Əta Tərzibaşının topladığı şifahi xalq ədəbiyyatı nümunələri Kərkük Elinin mənəvi pasportu və milli kimlik sənədləridir. Əta Tərzibaşı zəngin Kərkük folklor irsini toplayıb yeni nəsillərə çatdırmaqla Türkman Elinə pozulmaz Kərkük möhürü vurmuşdur.  

Toplama işi ilə yanaşı, Əta Tərzibaşının fəaliyyətində tədqiqatçılıq da mühüm yer tutur. O, Kərkük folklorunun ən mahir tədqiqatçısıdır. Daha doğrusu, Əta Tərzibaşı çoxillik ardıcıl fəaliyyəti sayəsində Kərkük folklorşünaslıq məktəbi yaratmışdır. Görkəmli alimin topladığı Kərkük folkloru nümunələrinə aid apardığı araşdırmalar, yazdığı məqalələr onun fəaliyyətini tamamlayır. Əta Tərzibaşının folklorşünaslığa dair tədqiqatları Kərkük folklorunun mühüm elmi əsaslarını təşkil edir. O, Kərkük folklorunu dərindən tədqiq etməklə bu zəngin mənəvi xəzinənin obyektiv elmi qiymətini vermişdir. Onun folklorşünaslıq tədqiqatları Kərkük şifahi xalq ədəbiyyatı nümunələrinin daxili məntiqindən çıxarılaraq elmi cəhətdən əsaslandırılmış tədqiqatlardır. Əta Tərzibaşının folklorşünaslıq tədqiqatları Kərkük folklorşünaslıq elminin möhkəm elmi bünövrəsini təşkil edir.

Əta Tərzibaşının tədqiqatlarında folklorla yanaşı, yazılı ədəbiyyatın araşdırılması da mühüm yer tutur. O, Kərkük şairlərinin şeirlərini toplayaraq ilk dəfə şeir antologiyası kimi nəşr etdirmiş və onlara müqəddimələr yazmışdır. Bu müqəddimələrdə Kərkük şairləri haqqında zəruri elmi məlumatlar və dəyərləndirmələr öz əksini tapmışdır. Bütövlükdə Kərkük yazılı şeirini elmi tədqiqatları ilə geniş ictimaiyyətə çatdırması Əta Tərzibaşının ədəbiyyatşünaslıq sahəsində mühüm xidmətidir. 

İraqda yaşayıb, Məhəmməd Füzulidən yazmamaq, ondan söz açmamaq mümkün deyildir. Əta Tərzibaşı da öz Füzulinaməsini meydana qoymuşdur. İraqda yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzuli haqqındakı tədqiqatları da Əta Tərzibaşının Kərkük ədəbiyyatşünası kimi borcu və vəzifəsi olaraq meydana çıxmışdır.

Əta Tərzibaşının məqalələrində Məhəmməd Füzuli haqqında, nəinki geniş oxucu kütləsinə, hətta tədqiqatçılara az məlum olan məlumatlar vardır. Məhəmməd Füzulinin "ailə həyatının türkcə ilə yoğrulmuş olaraq keçməsi", şairin dörd dildə, yəni "bəlli üç dildən (Azərbaycan, fars və ərəb dillərindən - İ.H.) ayrı əski Tatar ləhcəsində, yaxud Monqolca" da şeirlər yazması, ilk dəfə Katib Çələbinin "Füzulini öz adı ilə Məhəmməd ibn Süleyman" deyə adlandırdığını təqdim etməsi, Sadiqinin "şairin otuz min beytlik şeiri arasında ərəbcə divanını görməsi" kimi məlumatları ərəb və türkman mühitində səsləndirən Əta Tərzibaşı geniş mənada, Füzulişünaslığı da zənginləşdirmişdir. Onun Füzulinin ərəb dilində yazılmış qəsidələri və "Mətləül-etiqad" əsəri haqqında yazdığı məqalələr təkcə türkmən mühiti üçün deyil, bütövlükdə Məhəmməd Füzulini araşdıran hər bir tədqiqatçı  üçün qiymətli elmi mənbələrdir. Məhəmməd Füzulinin dünya şöhrəti haqqında deyilmiş aşağıdakı fikirlər elmi cəhətdən qiymətli olmaqla bərabər, həm də Əta Tərzibaşının bu böyük sənətkara bəslədiyi xüsusi rəğbəti ifadə edən qənaətlər kimi də əhəmiyyətlidir: "Artıq Füzuli dünyaca tanınmış bir şair olaraq könüllərdə yaşamaqdadır. Batıdan daha çox doğuda ün salan şairimizin gün keçdikcə tanınma çevrəsi genişlənməkdədir. Həyatı hər gün bir az da aydınlaşmaqla dəyəri artmaqdadır".

Əta Tərzibaşı Kərkük mühitində böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında ilk məqalə yazanlardan biridir. Bağdadda çıxan "Qardaşlıq" jurnalında 1964-cü ildə çap olunmuş "Şəhriyar" məqaləsi Əta Tərzibaşının bir az əvvəl Təbrizə etdiyi səfəri zamanı Məhəmmədhüseyn Şəhriyarla görüşü əsasında yazılmışdır. Tanıtma xarakteri daşıyan məqalədə Məhəmmədhüseyn Şəhriyarın qısa tərcümeyi-halı və əsərlərinin nəşri haqqında məlumat verilmiş, ölməz sənəti yüksək qiymətləndirilmişdir. Aşağıdakı dəyərləndirmə Əta Tərzibaşının Şəhriyar sənətinin möhtəşəmliyi haqqındakı elmi baxışlarını əyani şəkildə nümayiş etdirir:  "Bu gün İranın ən böyük şairi olaraq tanınan Şəhriyar, eyni zamanda Türk şeir aləmində də müstəsna bir yer tutan dəyərli bir simadır. Əslən və şəxsən türk olan bu şair özünü ən çox türk ədəbiyyatı çevrəsində "Heydər babaya salam" adlı şeir kitabı ilə tanıtmışdır... Şeirlə zirvəyə çatmış böyük bir sənətkar olan Şəhriyar əsərləri ilə həm insanlığa, həm də avam təbəqəsinə müraciət edən və oxucular üzərində dərin təsirlər icra edən mümtaz bir şəxsiyyətdir. Üslubu parlaq və cazibəlidir. Bunu anlam və mövzu etibarilə də yeni və canlı bir şah əsər saydığımız "Heydər babaya salam" kitabında yaxından görməkdəyiz. ...O, hər zaman təqlidçilikdən qaçmış, tanınmış ustad bir sənətkarın başarılı tərənnümlərini özündə toplamışdır. ...Bu uca sənətkar İstanbul kimi bir mühitdə yaşamış olsaydı, görəcəyi təqdir və təşviq sahəsində türk ədəbiyyatına, kim bilir, neçə qiymətli əsərlər ərməğan edərdi".

"Şəhriyar" məqaləsində, həmçinin şairin şəxsi həyatı və güzəranın çətinlikləri haqqında da Əta Tərzibaşının acı təəssüratları da nəzərə çatdırılmışdır. Bu təəssüratlar Məhəmmədhüseyn Şəhriyarın həyatı mühitini dərindən başa düşmək üçün çox əhəmiyyətlidir: "Yaşının çox irəliləməsinə baxmayaraq, (o zaman Şəhriyar 59 yaşında imiş - İ.H.), onu fəna ir nalət içərisində yıpranmış və hüznlə mücəssəm bir timsal olaraq gördüm. ...Aldığı az-çox əməkli aylığı ilə yaşayaraq, Təbrizdəki evində özünü ibadətə qapdıraraq, çox mütəvazi... bir həyat yaşamağa öyrətmişdir. Özü mötədil bir şair olub, dini və insani duyğuları daşıyır. Çox mütəvazi, sakin və alicənab bir insan olan Şəhriyar indi çap olunmamış şeirlərini hazırlamaqla məşğul olmaqdadır... Dəyərli şair Şəhriyarla görüşdüyüm əsnada kəndisinin oralarda təqdir görüb-görmədiyini soruşduğumda "Əziyyət görməməyim də, təqdir istəmirəm" - şəkildə cavab vermişdi!".  

Əta Tərzibaşının "Şəhriyar" məqaləsi bu görkəmli Azərbaycan şairini İraq-türkman mühitində tanıtmaq baxımından ilk addım kimi mühüm əhəmiyyətə malikdir. Bütövlükdə isə, "Şəhriyar" məqaləsi türk dünyasında Məhəmmədhüseyn Şəhriyar haqqında şairin özü ilə görüşün təəssüratları əsasında yazılmış ilk məqalələrdən biri kimi də əhəmiyyətlidir.

Ədəbiyyatşünaslıq məsələləri ilə ardıcıl olaraq məşğul olan Əta Tərzibaşının Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Cahan şah Həqiqi haqqında 1973-cü ildə yazdığı "Cahan şahın türkcə şeirləri" adlı məqalə həyatı və yaradıcılığı o zamana qədər az öyrənilmiş şair-hökmdar haqqında mühüm bir mənbədir. Divan ədəbiyyatına həsr edilmiş silsilə məqalələri, klassik türk şeirində dil və üslub məsələlərindən bəhs edən araşdırmaları Əta Tərzibaşının orta əsrlər ədəbiyyatına dair elmi cəhətdən əhəmiyyətli elmi əsərləridir. "Nəsrəddin Xoca haqqında yeni bilgilər" məqaləsində türk dünyasında məşhur olan bu hazırcavab və müdrik lətifəçinin tərcümeyi-halının naməlum səhifələri açıqlanmışdır. Eyni zamanda İraqda yaşayıb-yaratmış Əzbil şairi Qəribi, uşaqlığı Kərkükdə keçən, "Kərkük mənim cənnətimdir" - deyən şairi Xalidə Nüsrət Zorlutun, Hicri Dədə, Kərkük şairlərindən Əbdülqədir Fariz, Molla Sadıq və başqaları haqqındakı məqalələr bu sənətkarlardan söz açan ilk mənbələrdir. Türkiyə ədəbiyyatından Namiq Kamal, Yəhya Kamal Bayatlı və başqalarına dair araşdırmaları türk ədəbiyyatının Kərkük ellərində tanıdılmasına xidmət edir. Türk Dil Qurumunun üzvü kimi Əta Tərzibaşı Kərküklə Türkiyə elmi-ədəbi mühiti və türk dünyası arasında etibarlı körpülərin yaradılması yollarında ardıcıl olaraq, dönmədən fəaliyyətini davam etdirmişdir.

Azərbaycan-Kərkük ədəbi-elmi əlaqələrinin inkişafında da Əta Tərzibaşının xidmətləri ayrıca qeyd edilməyə layiqdir. Məhəmməd Füzuli haqqındakı məqalələr silsiləsi Əta Tərzibaşının Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsindəki böyük xidmətidir. "Şəhriyar" məqaləsində Azərbaycan şəhriyarşünaslığını zənginləşdirəcək qiymətli faktlar vardır. "Şimali Azərbaycanda türkmənoloji araşdırmaları" adlı məqaləsində isə Əta Tərzibaşı Azərbaycan-Kərkük elmi-ədəbi əlaqələrinin 1950-1977-ci illəri əhatə edən mükəmməl bir salnaməsini yaratmışdır. Əhməd Ağaoğluna həsr edilmiş məqaləsi ilə Əta Tərzibaşı Azərbaycan xalqının ədəbiyyatı ilə yanaşı, ictimai fikrinə də yaxından bələd olduğunu və rəğbət bəslədiyini diqqətə çatdırmışdır. Əlibəy Hüseynzadənin türkçülük baxışları haqqındakı fikirlərində də Əta Tərzibaşının Azərbaycan mütəfəkkirinin ideyalarına müsbət münasibəti ifadə olunmuşdur.

Əta Tərzibaşı Kərkük danışıq dilinin Azərbaycan dili ilə "çox yaxın və bəlkə əkiz qardaşlar olduğu"nu elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim etmiş, şifahi və yazılı ədəbiyyatlarımız arasındakı doğmalıq haqqında qiymətli fikirlər irəli sürmüşdür. İraq-türkman və Azərbaycan ədəbiyyatına həsr edilmiş elmi əsərləri ilə Əta Tərzibaşı ayrı-ayrı ölkələrdə yaşayan və bir-birinə doğma olan xalqın böyük elm xadimi olduğunu isbat etmişdir. Əta Tərzibaşının görkəmli Azərbaycan ziyalıları - xalq şairi Rəsul Rza, Həmid Araslı, Abbas Zamanov, Mirzəağa Quluzadə, Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, Ayaz Vəfalı ilə yazışmaları və görüşləri ədəbi əlaqələrimizin, ədəbiyyatların və mədəniyyətlərin birliyinin qiymətli səhifələridir. Bununla belə, Əta Tərzibaşının həyatı və yaradıcılığı tam halda Azərbaycan kərkükşünaslığının yaradıcısı professor Qəzənfər Paşayevin tədqiqatları vasitəsilə xalqımıza çatdırılmışdır. Qəzənfər Paşayev Kərkük elmi-ədəbi mühitinə həsr etdiyi çoxsaylı araşdırmalarında Əta Tərzibaşının çoxcəhətli fəaliyyətindən və elmi xidmətlərindən də bəhs etmişdir. Onun 2016-cı ildə Bakıdakı "Təhsil" nəşriyyatında çapdan çıxmış "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" adlı monoqrafiyası Azərbaycanda bu görkəmli İraq-türkman aliminə həsr olunmuş ilk genişhəcmli tədqiqat kimi mötəbər bələdçi-mənbə hesab olunur. Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayevin Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin rəhbərliyi ilə "Əta Tərzibaşının ədəbiyyatşünaslıq fəaliyyəti" mövzusunda apardığı tədqiqat işi görkəmli İraq-türkman tədqiqatçısına həsr edilmiş birinci dissertasiya kimi onun elmi fəaliyyətinin sistemli şəkildə öyrənilməsinə əhəmiyyətli elmi töhfədir.

Əta Tərzibaşının həyatı və elmi fəaliyyətinin türk dünyasında tanıdılması və təbliğində tanınmış türkman şairi və tədqiqatçısı Şəmsəddin Kuzəçinin böyük xidməti vardır. Ümumiyyətlə, Şəmsəddin Kuzəçi İraq-türkman ədəbiyyatının toplanması, tədqiqi və nəşri sahəsində ardıcıl olaraq fəaliyyət göstərən fədakar ziyalıdır. Onun İraq-türkman ədəbiyyatına dair araşdırmaları və toplama materialları bu ədəbiyyatın çoxcildlik salnaməsidir. Şəmsəddin Kuzəçi həm də müasir dövrdə Kərkük türkman ədəbiyyatının əsas yaradıcılarından biridir. Şəmsəddin Kuzəçinin şeirləri, sanki Kərkük ədəbiyyatının yazılı türkman xoyratlarıdır. O, xoyrat janrının yazılı örnəklərini yaratmağın mükəmməl nümunəsini göstərir.

Həm də tədqiqatçı kimi fəaliyyət göstərən Şəmsəddin Kuzəçinin rəhbərlik etdiyi Türkman Mədəniyyəti Mərkəzi İraq-türkman ədəbiyyatının toplanılması, araşdırılması və nəşri işinə ardıcıl olaraq uğurla xidmət edir. Türkiyədə fəaliyyət göstərən Türkman Mədəniyyət Mərkəzinin dünya türkman ziyalılarını öz ətrafında birləşdirən və əlaqələndirən qurum kimi nəşr etdirdiyi kitablar, həyata keçirdiyi ədəbi-mədəni tədbirlər indiki dövrdə İraq türkmanlarının zəngin ədəbi irsini beynəlxalq miqyasda təbliğ etmək missiyasına şərəfli bir nümunələrdir. Şəmsəddin Kuzəçinin Türkman Mədəniyyət Mərkəzi Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi sahəsində də geniş iş aparır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Türkman Mədəniyyət Mərkəzi arasında 2024-cü ildə imzalanmış müqavilələr Kərkük elmi-ədəbi mühiti ilə ölkəmizin tədqiqatçılarının əlaqələrinin genişləndirilməsində yeni üfüqlər açır.

Bütün bunlarla bərabər, görkəmli elm xadimi, böyük folklorşünas Əta Tərzibaşının həyatı və çoxcəhətli fəaliyyəti bu vaxtadək ayrıca bir elmi-tədqiqat əsərində "Əhatəli şəkildə, bütün yönləri ilə araşdırılıb təqdim olunmamışdır. Doğrudur, hələ 2004-cü ildə Elçin Şükürlü "Qardaşlıq" jurnalında çap etdirdiyi "Kərkükdə keçən bir türk bilgini Əta Tərzibaşı" adlı məqaləsində görkəmli alimin bioqrafiyasını ilk dəfə elmi ictimaiyyətə təqdim etmişdir. Bundan başqa, Sübhi Saatçının 2014-cü ildə "Türkmən eli" jurnalında çap etdirdiyi "Əta Tərzibaşının həyatından cizgilər" məqaləsində də onun tərcümeyi-halının bir çox mühüm məqamlarından söz açılmışdır. Eyni zamanda Nevzat Kevsəroğlunun 2016-cı ildə hələ ustad ədəbiyyatşünasın sağlığında Kərkük Vəqfi tərəfindən çap edilmiş Əta Tərzibaşının "Füzuli haqqında yazılar" kitabının giriş hissəsinə "Əta Tərzibaşının həyatı və əsərləri" adlı nisbətən geniş bir məqalə daxil edilmişdir. Məqalədə tərcümeyi-halı yığcam şəkildə verilmiş fədakar ədəbiyyatşünas alimin əsasən, çap olunmuş əsərlərinin qısa annotasiyaları təqdim olunmuşdur. Bu baxımdan, Əta Tərzibaşının həyatı və fəaliyyətinin tam halda araşdırılıb öyrənilməsi kimi məsuliyyətli və şərəfli vəzifəni ilk dəfə olaraq Şəmsəddin Kuzəçi həyata keçirmişdir. Onun geniş oxucu auditoriyasına və elmi ictimaiyyətə təqdim etdiyi "Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabı türk dünyasında bu sahədə olan boşluğu doldurur. Bu, Əta Tərzibaşının çoxcəhətli elmi fəaliyyəti və publisistikası haqqında yazılmış birinci ensiklopedik kitabdır.

Şəmsəddin Kuzəçi ilk dəfə olaraq Əta Tərzibaşının elmi tərcümeyi-halının tam mənzərəsini yaratmışdır. Əta Tərzibaşının həyatı və mühiti, təhsili, vəkillik və jurnalistlik fəaliyyəti, folklorşünaslıq sahəsindəki yorulmaz çalışmaları ilə bir sırada, həm də onun həyatının məşəqqətli illəri: sürgündə olduğu, Kərkük soyqırımı dövrü, təqib olunması, əsərlərinin senzura təzyiqlərinə məruz qalması və sair kimi ağır tərcümeyi-hal faktları da Şəmsəddin Kuzəçinin dili ilə şahidlərin yaddaşı əsasında və sənədlərin işığında araşdırılaraq elmi-publisistik şəkildə təqdim olunur. Şəmsəddin Kuzəçinin kitabı, sanki Əta Tərzibaşının həyatının və taleyinin sənədli romanıdır. Bu orijinal elmi-publisistik əsəri Əta Tərzibaşının Şəmsəddin Kuzəçi tərəfindən yazılmış gündəlikləri də adlandırmaq olar. Şəmsəddin Kuzəçi Əta Tərzibaşının həyatı və mühitini onun müasirləri ilə əlaqəli şəkildə təsvir etməklə, geniş mənada, bu görkəmli alimin tərcümeyi-halının əsasında Kərkük dünyasının bir əsrlik salnaməsini yaratmağa müvəffəq olmuşdur. Kitabda Əta Tərzibaşının xalqa və elmə həsr edilmiş tərcümeyi-halı Kərkük elatının - Türkman Elinin taleyi və təkamül yolunun salnaməsi səviyyəsində ümumiləşdirilmişdir.

Əta Tərzibaşının elmi və publisistik fəaliyyəti Şəmsəddin Kuzəçinin kitabında sistemli şəkildə araşdırılaraq təqdim olunur. İndiyəqədərki araşdırmalarda əsas diqqət daha çox Əta Tərzibaşının ədəbiyyatşünaslıq fəaliyyətinə, şifahi xalq ədəbiyyatının toplanılması və nəşr edilməsi sahəsindəki xidmətlərinə yönəldildiyi üçün onun mətbuat sahəsindəki işi tədqiqatlarda özünün layiqli yerini ala bilməmişdir. Şəmsəddin Kuzəçi Əta Tərzibaşının mətbuat sahəsindəki çoxillik fəaliyyətini diqqətlə öyrənmiş və faktlar əsasında işıqlandırmışdır. İlk dəfə bu kitabda Əta Tərzibaşının jurnalistlik fəaliyyətinin bütün gedişatı elmi şəkildə işıqlandırılmışdır.

Bundan başqa, Əta Tərzibaşının əlyazmaçı kimi fəaliyyəti haqqında demək olar ki, söz açılmamışdır. Şəmsəddin Kuzəçi Əta Tərzibaşının əlyazmaların toplanılması və araşdırılması sahəsindəki xidmətlərinin miqyasını və mahiyyətini ilk dəfə olaraq elm dünyasının üzünə açmışdır. Təqdim olunan araşdırmalardan anlaşılır ki, Əta Tərzibaşının şəxsi mənzilində yaratdığı Əlyazmalar arxivi İraq türkmanlarının tarixi və taleyinin çoxcildlik külliyyatıdır. Əta Tərzibaşının əlyazmalar arxivi Kərkük dünyasını milli varlığı və mənəvi zənginliyi, bu xalqın tarixi və ədəbiyyatının zəngin xəzinəsidir. Şəmsəddin Kuzəçi bu istiqamətdəki araşdırmaları ilə Əta Tərzibaşının Əlyazmalar arxivinin açarını bir ailənin sərvəti olmaqdan çıxarıb, geniş mənada, Kərkük xalqının və türk dünyasının üzünə açmışdır.

Əlbəttə, Əta Tərzibaşının folklor və ədəbiyyat çalışmaları Şəmsəddin Küzəçinin gözü ilə də təhsildən və tədqiqatdan keçirilmişdir. Müəllifin Əta Tərzibaşını yaxından tanıması və onun iş şəraiti və tədqiqatçılıq üsuluna şəxsən bələd olması bu istiqamətdə də fərqli müşahidələrin meydana çıxmasına səbəb olmuşdur. Şəmsəddin Kuzəçinin kitabında oxucu tədqiqatçı Əta Tərzibaşını yalnız masa arxasında yox, həm də oba-oba gəzdiyi Kərkük ellərinin ocaq başında da görmək imkanı qazanır. Bu yolla Şəmsəddin Kuzəçi Əta Tərzibaşıdan həm də "yüksək insani duyğulara sahib olan şəxsiyyət" kimi də bəhs etmişdir. İllər keçdikcə, bu böyük el ağsaqqalını tanıyanlar azaldıqca, Şəmsəddin Kuzəçinin əsl insan və şəxsiyyət kimi Əta Tərzibaşıdan söz açdığı məqamların qiyməti daha da çoxalacaqdır. Çünki şəxsiyyətin  daxili mahiyyətini açmadan onun fəaliyyətinin və xidmətlərinin əsl qiymətini vermək mümkün deyildir. Şəmsəddin Kuzəçi Əta Tərzibaşıdan şəxsiyyət kimi bəhs etməklə, gələcək nəsillər və tədqiqatçılar üçün həmin sərvəti kağızlara köçürərək elmi mühitə gətirmişdir.  

Məlum olduğu kimi, görkəmli İraq-türkman tədqiqatçısı Əta Tərzibaşının məqalələrini ilk dəfə Nevzat Kevsəroğlu toplayıb, 2016-cı ildə İstanbulda kitab halında çap etdirmişdir. Lakin həmin kitab adında da ifadə olunduğu kimi, Əta Tərzibaşının "Füzuli haqqında yazılar"ından, elmi-publisistik məqalələrindən ibarətdir. Nevzat Kevsəroğlu "Əta Tərzibaşının Füzuli haqqında araşdırma yazıları" adı ilə böyük Azərbaycan şairinə həsr edilmiş 20 məqaləsini oxuculara çatdırmışdır. Bundan sonra, Şəmsəddin Kuzəçi də Mustafa Ziya ilə birlikdə Əta Tərzibaşının müxtəlif mövzularda yazılmış seçmə məqalələrinin, o cümlədən, Məhəmməd Füzulidən bəhs edən 4 məqaləsinin 2018-ci ildə Ankarada "Məqalələr" şəklində nəşrini həyat keçirmişdir. Şəmsəddin Kuzəçinin Əta Tərzibaşıya həsr etdiyi kitabında Azərbaycan oxucularına təqdim etdiyi məqalələr Türkiyə nəşrinə edilmiş əlavələrlə daha da təkmilləşdirilmişdir. Bu kitabda Əta Tərzibaşının bir neçə məqaləsi ilk dəfə elmi ictimaiyyətə çatdırılır. Azərbaycanda nəşr edilən məqalələri böyük türkman alimi Əta Tərzibaşının həyatı və fəaliyyətinin tam halda elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Təqdim edilən məqalələr ədəbi əlaqələrimizin tarixi köklərini və ənənələrini öyrənmək baxımından da əhəmiyyətli addımdır.

"Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabına ilk dəfə olaraq görkəmli elm xadiminin elmi və publisistik kitabların, onun haqqında yazılmış elmi əsərlərin və şeirlərin biblioqrafiyası da daxil edilmişdir. Biblioqrafiyada Əta Tərzibaşının 19 kitabından başqa, onun haqqında yazılmış kitabların və tədqiqat əsərlərinin, magistr dissertasiyası və diplom işlərinin öz əksini tapması İraq-türkman Tərzibaşışünaslığının real elmi mənzərəsini tam halda təsəvvür etməyə imkan verir. İlk dəfə olaraq professor Qəzənfər Paşayevin Əta Tərzibaşının Azərbaycanda nəşr etdirdiyi kitablarının biblioqrafik göstəricisinin də "Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabına əlavə olunması ədəbi əlaqələrin inkişaf etdirilməsi sahəsində uzun illərdən bəri ardıcıl və səmərəli şəkildə fəaliyyət göstərməkdə davam edən bu görkəmli elmi xadiminin xidmətlərinin bir daha nəzərə çatdırılması mənasında əhəmiyyətli addımdır. Əta Tərzibaşıya həsr edilmiş 20 şeirin müəllifi haqqındakı məlumatlar isə bu böyük alim və ictimai xadimə İraqda bəslənilən ümumxalq məhəbbətini diqqətə çatdırmağa işıq salır. Nəticə olaraq böyük zəhmət bahasına hazırlanmış bu geniş əhatə dairəsinə malik olan biblioqrafiyanın tərtib edilməsi və çap olunması Şəmsəddin Kuzəçinin mühüm elmi xidmətidir. Təqdim olunan zəngin biblioqrafik göstərici Əta Tərzibaşının həyatının və çoxcəhətli fəaliyyətinin faydalı bir bələdçisidir. Gələcəkdə Əta Tərzibaşı haqqında kitab və məqalə yazanlar, dissertasiya hazırlayanlar üçün bütövlükdə Şəmsəddin Kuzəçinin "Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabı və bu kitabda verilmiş geniş biblioqrafik məlumatlar mötəbər bir mənbə ola bilər.

Ümumiyyətlə, məlum olduğu kimi, Şəmsəddin Kuzəçi uzun illərdir ki, İraq turkmanlarının tarixi, milli kimliyi, əhalisi, coğrafiyası, onların nəşr etdirdikləri mətbuat orqanlarının fəaliyyəti ilə əlaqədar apardığı araşdırmaları ilə və tərtib etdiyi şeir antologiyaları ilə tanınır. Tanınmış bir şair kimi də İraq-türkman mühitində qəbul edilən Şəmsəddin Kuzəçi "Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabı ilə həm də zəhmətkeş bir ədəbiyyatşünas olduğunu meydana qoymuşdur. Şəmsəddin Kuzəçinin Azərbaycanda nəşr edilən "Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabı ədəbiyyatşünaslıq elminə qiymətli bir töhfədir. Bu, indiyə qədər Əta Tərzibaşı haqqında yazılmış ən əhatəli kitab kimi də əhəmiyyətlidir. Heç tərəddüd etmədən "Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabını əhatə dairəsinin və informasiya tutumunun genişliyinə və zənginliyinə görə "Əta Tərzibaşı ensiklopediyası" da adlandırmaq olar. Şəmsəddin Kuzəçinin təqdim etdiyi araşdırmalar Əta Tərzibaşının İraq-türkman ədəbiyyatşünaslıq dünyasının zirvəsini fəth etmiş görkəmli bir elm xadimi olduğunu isbat edir. Həqiqətən də, Əta Tərzibaşı XX əsrdə ərəb dünyasında Kərkükün zəngin şifahi və yazılı ədəbiyyatını tədqiq və təbliğ edən ən görkəmli türkman alimidir.

Şəmsəddin Kuzəçinin "Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabının Azərbaycanda - Bakıda, Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında nəşr edilməsi yeni tarixi şəraitdə elmi və ədəbi əlaqələrimizin daha da inkişaf etdirilməsi sahəsində atılmış qiymətli addımdır. Bu nəşr uzun illərdən bəri Azərbaycanla Kərkük türkmanları arasında elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində böyük xidmətləri olan, 2023-cü ildə "Azərbaycan məqalələrim" adlı kitabı ilə ölkəmizə aid yazdığı araşdırmaları türk dünyasına çatdıran, "Azərbaycan sevdalısı" kimi ad qazanmış Şəmsəddin Kuzəçinin Azərbaycanla genişlənməkdə olan əlaqələrinin daha bir əhəmiyyətli səhifəsi kimi də qiymətlidir. "Kərkükün təməl daşı Əta Tərzibaşı" kitabı həm də 2023-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru elmi adına layiq görülmüş doktor Şəmsəddin Kuzəçinin Azərbaycan elmi qarşısında mükəmməl hesabatıdır. Nəhayət, bu, Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış "İraq-Türkman Araşdırmaları Əlaqələndirmə Şurası"nın fəaliyyəti dövründə çap edilən ilk kitab kimi də dəyərli və əhəmiyyətlidir. İnanırıq ki, geniş mənada, İraq-türkman ədəbiyyatının araşdırılması və təbliğinə kömək edəcək bu qiymətli kitab Azərbaycan kərkükşünaslığı üçün də mötəbər bir mənbə olacaqdır.

 

28 mart 2024-cü il

OTHER NEWS