Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

«Угасание тоски…» — Вагиф Юсифли

09-04-2024 [ 14:06 ] [ прочитано:171 ]
printerA+ | A-

RƏFAİL TAĞIZADƏNİN "QARABAĞ - HƏSRƏTDƏN ZƏFƏRƏ" KİTABI HAQQINDA QEYDLƏR

Şair-publisist Rəfail Tağızadənin "Qarabağ - Həsrətdən Zəfərə" kitabını illər boyu tanıdığım, dostluq etdiyim bir insanın "Qarabağnamə"si kimi oxudum. Qarabağ ağrısından Qarabağ Zəfərinə qədər keçilən otuz ilin həyat salnaməsini yaradıb Rəfail. Həyat salnaməsi ağrı-acılarla, ümidlərlə başlayır, döyüşlərlə, şəhidlərlə, qəhrəmanlıqlarla davam edir, zəfərlə, qələbə ilə bitir. Əslində, bitmir, çünki hər səhifəsində yaşanan hissləri təzədən yaşayır, o günlərə bir də qayıdırıq. Təxminən səksən bölümdən ibarət bu salnamə şeirlər, esselərin, poeziya ilə şeirləşmiş publisistikanın vəhdətini əks etdirir.  Rəfail Tağızadə artıq ustad bir yazar kimi diqqəti cəlb edir - istər şeirlərində, istərsə də esselərində fikirlərini bədii biçimdə, obrazlı şəkildə çatdırır.

Əvvəlcə şeirlərindən başlayım. Həm sərbəstdə, həm də hecada özünəməxsus, fərdi poetik dəst-xəttilə seçilən Rəfail otuz ilin Qarabağ poeziyasını yaradır. Təbii ki, bu otuz ildə Azərbaycan şeirlərinin əsas mövzularından biri Qarabağ olub. Amma Rəfail Tağızadənin Qarabağa həsr etdiyi şeirləri ayrıca qeyd olunmalıdır.

İşıq gəlmir çırağından,

xəbərsizəm sorağından,

necə çıxım qınağından,

Qarabağ!

Onun bu şeiri 90-cı illərə, işğal dövrünə aiddir. Şeir özü də bir tarixdir. Bu mənada Rəfailin hər bir şeiri kimi, bu da müəllifin yaşadığı o ağır illərin hiss-həyəcanlarını ifadə edir. O illərdə Rəfail də bir çox yurddaşları kimi Qarabağsızlaşmışdı. Sonralar, ikimininci illərdə (hələ işğal davam edirdi) o bu həsrəti, içindəki həsrəti şeirlərə çevirdi. "Vaqonun altından asılan beşik", "Yolçu, ordan quş göndər, dimdiyində torpağım", "Qaçqın qəbiristanlığı", "Getmək istədiyim yer göz önündə", "Orda bir ev var", "Kəndimizə yenə qar yağır", "Rəhmətlik Gözəl nənəmi yuxuda gördüm", "Bakı - Ağdam - Xankəndi"... bax, bu şeirlər tarixlə həmyaşıddır. Mənə ən çox təsir edən "Vaqonun altından asılan beşik" oldu. Rəfail bu şeirdə öz həsrətinin zirvəsini yaradır. Vaqonun altından asılan beşikdə körpələr uyuyur - qaçqın həsrətindən, qaçqın qəmindən uyuyur bu körpələr. Amma:

Vaqonun altında böyüyən uşaq,

Mənzilə çatmayan vaqon nədi ki,

Sən ondan sallaşıb hələ yatırsan.

Gedə bilmədiyin yurd yerinə sən

Şirin röyalarda gedib çatırsan.

Əlbəttə, bu şeirlərin hamısında Dərd adlı bir obrazla qarşılaşıriq. Amma  bunları patoloji dərd adlandırmaq olmaz. Çarəsizlikdən sızım-sızım sızlayan bir ürəyin ah-naləsi də demirəm bu şeirlərə, bunlara ağlayan şairin ağlayan şeirləri də demirəm. Mən bu şeirlərə qəmin, dərdin üsyanı deyə bilərəm. Dərdin bədii-estetik missiyası sərhəd tanımır.

Bir ev var o yerlərdə,

bizi bizə xatırladacaq bir ev.

Bizi ötürən,

itirən,

Sonda gözləyən ev.

"Sonda gözləyən ev", deməli, heç zaman ümid kəsilməmişdi. "Gedəcəyik o yerlərə. Mütləq gedəcəyik", tikəcəyik o şəhəri. Köhnəliyi saxlamaqla yenidən tikəcəyik, quracağıq Ağdamı... Və bu dəfə birdəfəlik oturacağıq orada.  Ayrılığın acısını bir daha yaşamamaq üçün..."

Rəfail Tağızadə böyük Zəfərin də heç bir anını unutmur. Böyük Zəfər isə Azərbaycan Ordusundan başlayır.  "Ordum mənim! Güvənc yerim! Ümid yerim! Qürur yerim! Xalqa Qələbə sevincini sən gətirəcəksən!" "Əsgərə məktub" yazır o. "Torpaq sənin qələbənlə Vətən olur, Yurd yurd olur", amma şəhidləri də unutmur.

Sən övladsan, sən igidsən, sən ərsən.

Düşmənlərə qan udduran ərənsən.

Sən özün də bizim üçün Vətənsən.

Bu millətin ən əzizi - Şəhidım!

Bu millətin ən dirisi - Şəhidim!

Rəfail Tağızadə Həsrətdən Zəfərə gedən yollarda "Vətən üçün doğulanları, Torpaq üçün vuruşanları, Xalq üçün yaşayanları - Azərbaycan döyüşçülərini də unutmur, unuda da bilməzdi. Bu Vətən sevdalılarından biri də Rəfailin sinif yoldaşı Vitali Salamov idi. Qarabağ müharibəsinin qəhrəman şəhidi. "Atası Məti dayı, anası Qumru xala lap uşaqlıqdan onunla qürur duyurdular. Qürur duyulası Vitali ilə... Vitali savadlı olduğu qədər də istedadlı idi. Vitalinin şeir yazmağı da vardı. Qarabağ müharibəsinin elə ilk günlərindən döyüşə atıldı. Daima öndə oldu".

Rəfail Tağızadə Qarabağın Zəfər dolu günlərini də qələmə alır və kitabın əvvəlki bölümlərində kədərli, qəmli Üsyandan Sevincə, Qələbə hayqırtısına dönür.

Və Şuşa, Ağdam - bütün Qarabağ qırmızı rəngə bürünür. 

Zamanın dönməsi varmış,

Günlərin çönməsi varmış,

Həsrətin sönməsi varmış,

Vətən, külün qırmızı.

Mən Rəfail Tağızadəni Vaqif Poeziya Günlərində Şuşada da gördüm. Üz-gözündə o qəmdən, kədərdən yaranan üsyanı görmədim. "Arzuların məkanı Şuşa"da Rəfail Xoşbəxtlər Xoşbəxti idi.

Onun 2004-cü ildə qələmə aldığı "Qarabağ" şeirindən bu misralarla sözümü bitirirəm:

Qarabağ -

harda olsam,

məni ana kimi qoynuna çəkən

Torpaq!

Ciyərimin süzgəcsiz sorub

qəbul etdiyi

Hava!

Gecələri darıxmağa qoymayan,

ulduzlu, əsrarəngiz

Səma!

Məni kökümə, ulusuma,

keçmişimə,

Tanrıma bağlayan

Qarabağ!

Другие новости