Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Литературная критика 2023 года - Гурбат Мирзазаде

19-07-2024 [ 14:02 ] [ прочитано:121 ]
printerA+ | A-

Adətən ədəbi gedişatın inkişaf meyllərini, yadda qalan fakt və hadisələrini onilliklər üzrə yuvarlaq bir zaman kəsiyində dəyərləndirmək bir ənənə halını almışdır. İndi beş və hətta on beş ilin ədəbi prosesini təhlilə yönəltmək cəhdləri ilə də rastlaşmaq olur. Ancaq elə bir ilin - kiçik zaman vahidinin içərisində böyük hadisəyə çevrilə biləcək yadda qalan əlamətdar hadisənin baş verməsi də istisna deyil. Bu bəlkə də ilk baxışda bir zaman şərtiliyi kimi nəzərə çarpa bilər. Belə bir zaman şərtiliyinin içərisində mütləq həqiqətdən uzaq, heç nəyi ilə yadda qalmayan, boşluqlara sürüklənən ədəbi nümunə qeydə alına bilməz.

Əlbəttə, ədəbi tənqidin elmi-nəzəri siqləti, meyar, yanaşma prinsiplərinin obyektivliyi, obyektiv səviyyəyə nə dərəcədə yiyələnməsi bədii mətn üzərində təhlil zamanı üzə çıxır. Əlbəttə, uzun illər (hətta onilliklər boyu) ədəbi tənqid sahəsində fasiləsiz, səmərəli fəaliyyəti ilə seçilən Akif Hüseynlinin, Elçinin, Tehran Əlişanoğlunun, Vaqif Yusiflinin, Kamal Abdullanın, Rəhim Əliyevin, Vilayət Quliyevin, Şirindil Alışanlının (rəhmətlə anırıq) Nizaməddin Şəmsizadənin (şəfa diləyirik), Bədirxan Əhmədlinin, Nizami Cəfərovun, Məti Osmanoğlunun, Cavanşir Yusiflinin, Elnarə Akimovanın, Təyyar Salamoğlunun, Rüstəm Kamalın, Bəsti Əlibəylinin, Lalə Həsənovanın, Nərgiz Cabbarlının, Seyfəddin Hüseynlinin, Mətanət Vahidin ən yaxşı ədəbi-tənqidi yazıları nümunə olaraq qalır. Keçən ilki ədəbi tənqidin ümumi mənzərəsinə nəzər salarkən müşahidə olunan ilk təəssürat onun ölkə həyatında baş verən ictimai-siyasi proseslərlə ədəbi, elmi-nəzəri fikri paralel və vəhdət halında götürmək tendensiyası ilə diqqəti çəkir. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu əvvəlcə kitab (toplu), daha sonra "Ədəbiyyat qəzeti"ndə (16 dekabr 2023-cü il) dərc etdirdiyi məruzə-icmal mətninin adını Şuşa ilə əlaqələndirir - "Şuşa ilində ədəbi tənqid"! Burada tənqidçinin Azərbaycanın tarixi taleyində baş verən mühüm ictimai-siyasi, hərbi- strateji, sosial-iqtisadi məsələlərə ədəbiyyatın münasibəti, ədəbi tənqidin qələbə ruhlu ədəbi düşüncəni təhlil müstəvisinə çıxarmaq səyləri xüsusilə diqqət mərkəzinə çəkilir. Təhlil və yanaşmalarda "Qarabağ haqqında romanlar nə üçün yazılmır?" kimi fikirlər səsləndirən tənqiddən və ona haqq qazandıran ad və imzalarından imtina edilməsi bir taktiki gediş və tənqidçi ustalığı kimi dəyərləndirilə bilər. Əməli işə keçmək, hərbi-iqtisadi qüdrət, özünə güvən, mükəmməl ordu quruculuğu sayəsində nail olunan qələbənin sevincini yaşamaq reallığı Tehran Əlişanoğlunun yazısına analitik təhlil və düşüncə təzəliyi aşılaya bilir.    

Onu da bəri başdan qeyd edək ki, 2023-cü il ədəbi tənqid üçün yubiley ili kimi yadda qaldı. Azərbaycan ədəbi tənqidinin tanınmış nümayəndəsi - tənqidşünaslığının banisi, akademik Kamal Talıbzadənin 100 illiyi altmış ildən artıq bir dövrdə elmi-nəzəri, təşkilati işlərdə fəaliyyət göstərdiyi doğma divarlar arasında - AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində, Azərbaycan Yazıçılar Birliyində elmi sessiya və yubiley tədbiri səviyyəsində keçirilmişdir. "Akademik Kamal Talıbzadə" kitabı institutun "Sənətkarın elmi pasportu layihəsindən 42-ci nəşridir.

Kitabda Kamal Talıbzadə "Ədəbi-tənqidi fikrin patriarxı" (İsa Həbibbəyli) olmaqla yanaşı, həm də bir elm təşkilatçısı, gənc ədəbiyyatşünas kadrların yetişməsində əvəzsiz xidmətləri olan görkəmli alim, bir şəxsiyyət olaraq "Kübarlıq məktəbi"nin layiqli davamçısı və nümayəndəsi kimi "Şaiqanə yad etmək istəyi" özünü qabarıq şəkildə nümayiş etdirməkdədir.

Akademik Kamal Talıbzadə ədəbi tənqid məktəbinin layiqli yetirmələrindən biri olan Vaqif Yusiflinin 75 illiyi münasibətilə işıq üzü görən məqalələr toplusu "Tənqidimizin Vaqifi" adlanır. Məqalələrdə Vaqif Yusiflinin tənqidçi fitrəti, ədəbi prosesin ən qaynar nöqtələrində müntəzəm və fasiləsiz "gəzişmə məqamları" barədə təfərrüatlı təhlillər aparılır. Füzuli aşiqi, muğam sevdalısı olan tənqidçinin "Ədəbi həyat"da yeri, mövqeyi qədirşünaslıqla dəyərləndirilir.

Vaqif Yusiflinin mərhum tənqidçi Şamil Salmanovun anadan olmasının 90 illiyini "Azərbaycan" jurnalının 12-ci sayında "Şair kimi doğuldu, amma professor oldu" məqaləsində şair kimi ədəbi aləmə gələn, daha sonralar şairlikdən şeirin təhlil və şərhinə keçid edən, ömür boyu poeziyanın, ədəbi-tənqidi fikrimizin paralel şəkildə tədqiqi istiqamətində fəal yaradıcılıq axtarışları aparan tənqidçi barədə əyani təsəvvür yaradır.

"Azərbaycan" jurnalı ədəbi gəncliyin yaradıcılığına öz səhifələrində səxavətlə yer ayırdığı kimi, onların poetik axtarışlarının mövzu və sənətkarlıq xüsusiyyətlərini, əsas aparıcı meyllərini təhlil edən yazılara da eyni həssaslıqla yanaşmağa üstünlük verir. Ədəbi gəncliyin dəyişməz şərhçisi Vaqif Yusiflinin təxminən on-on üç ilin şeir təsərrüfatını təhlil edən silsilə məqaləsindən birinci məqalədə müharibə, qaçqın və köçkün həyatının, ən nəhayət, qələbə müjdəli qələmi silahla əvəzləyən şəhid - qazi şairlərin və arxa cəbhədə ürəyi döyüşən əsgərin yanında olanların poetik dünyasını incələyən mülahizələri özünün diqqətçəkici xüsusiyyətləri ilə seçilir.    

İlqar Fəhmi "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi yazısının adını heç də təsadüfi olaraq belə adlandırmayıb: "Gənclər üçün ən çox yazan tənqidçimiz..." Həmin məqalədə irəli sürülən bir mülahizə də son dərəcə obyektiv səciyyə daşıyır: "Gənclər haqqında ən çox yazan tənqidçimiz deyərkən, ilk olaraq o yada düşür. Bölgədə yaşayan yazıçılarımız haqqında ən çox yazan tənqidçimiz deyərkən, o yada düşür. AYB tədbirlərində ən çətin məruzələrdən danışarkən, o yada düşür... Öz vicdanı, öz zəhmətkeşliyi və təəssübkeşliyi ilə..." ("Ədəbiyyat qəzeti" 8 aprel 2023-cü il).

"Ədəbi gəncliyin axtarışları"nda müəllifin "özünütəkrar qorxu və həyəcanı" yaşaması da başa düşüləndir. Bu, həm də gənc qələmləri müntəzəm izləməkdən, imzalar bolluğunda uzunmüddətli müşahidələrdən irəli gələn bir xüsusiyyətdir.

Ədəbi tənqidi tele-radio, kino studiya, tərcümə və ən nəhayət, "Azərbaycan" jurnalın baş mühərriri kimi fəaliyyətə "qurban verən", Əməkdar incəsənət xadimi İntiqam Qasımzadənin 80 illiyi elə həmin aylıq nəşrin səhifələrində qeyd olunur, yubileyə ölkənin baş yazarı Anar "Teleqram" göndərir, gənclik dostunun çoxlarına məlum olmayan, gizli qalan şairliyindən, şairlikdən və professor olmaq istəklərindən imtina etmək cəhdlərindən səmimi söhbət açır, Şuşada anadan olan yubilyarın 80-ni Qarabağın tacı və mədəniyyət beşiyi olan həmin məkanda qeyd etmələrini də yağılardan bir intiqam hadisəsi kimi məna daşıdığını qürurla qeyd edir.

Xalq yazıçısı, tənqidçi Elçinin uzun illərin - onilliklərin xatirələrini, unudulmaz anlarını ustalıqla təsirli bir yazıya gətirən "İntiqamın iki missiyası", Nərgiz Cabbarlının "Bakılı oğlan" görünüşlü Şuşa sevdalısına...", Məmməd Orucun "40 ilin dostuna", Vüsal Nurunun "Taleyimin adamı" və Vaqif Yusiflinin "İntiqam Böyükağa oğlu" (Portret və tərcümeyi-hal cizgiləri) "Azərbaycan" jurnalının səhifələrini bəzəyir, bu da yubiley yazısının məqalə, xatirə-məqalə, portret, esse kimi janrların imkanlarından yararlanmaqla gerçəkləşir

Jurnalın 3-cü sayında AYB-nin sədri, xalq yazıçısı Anarın 85 illiyinə həsr olunan yazılar: İntiqam Qasımzadənin "...Elə bil dünən idi", filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən "Otel otağı"na gedən "Vahimə"li yollar", mərhum tənqidçi Nadir Cabbarovun yazıçının nail olduğu yaradıcılıq məziyyətlərini konkret bir nümunə əsasında üzə çıxaran, vaxtilə jurnalın 1977-ci ilin birinci sayında işıq üzü görən "İnsanı sevmək azdır..." retro məqaləsinin yeni nəzərlərlə və yanaşma bucağından oxuma imkanı qazandırması hər iki tənqidçinin analitik təfəkkürü, təhlil və yanaşma texnologiyasındakı maraq doğuran məqamlar barədə fikir yürütməyə kifayət qədər əsas verir.

Səfurə Quliyevanın "Mənim nağıl qəhrəmanım" (Professor Həbib Babayevi xatırlayarkən), "Ömür yolu" (Qasım Qasımzadə -100) yazılarında xatirələrlə elmi, ədəbi axtarışlar münasibət müstəvisinə çıxarılır. Səfərnamələr müəllifi kimi tanınan Dilarə Adilgilin "Bir daha İmran Qasımov haqqında" məqaləsi başlanğıc və sonluq çıxılmaq şərti ilə yazıçı fərdiyyətinə və ədəbi fəaliyyətinə real faktlardan çıxış edilməsi baxımından maraq doğuran yazılar hesab oluna bilər. Biz qeyd etdik ki, 2023-cü il yubiley ili kimi əlamətdar hadisələrlə zəngindir. Elə bu il "Azərbaycan" jurnalının da 100 illiyi tamam oldu. Jurnalın ədəbi, elmi-nəzəri fikrimizin inkişafında müstəsna rolu milli ədəbiyyatşünaslığımızın, o cümlədən ədəbi tənqidimizin nüfuzlu nümayəndələrindən olan Məmməd Arif haqqında Südabə Ağabalayevanın "Yüz ilin birinciləri" yazısı "Azərbaycan - 100" və AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov tərəfindən jurnalın 80 illiyinə retro-təbriklərinin 100-də oxunuşuna səxavətlə yer ayrılması geridə qalan uzaq onilliklərin yaradıcılıq təcrübəsinin bu gün üçün əhəmiyyətli görünən tərəfləri barədə düşünmək imkanı qazandırır.

"Azərbaycan" jurnalının "Tənqid və ədəbiyyatşünaslıq" rubrikasında ədəbi-tənqidi yazılara ötən ilki saylarında xüsusi yer ayırır. Bu baxımdan Nərgiz Cabbarlının xalq yazıçısı Afaq Məsudun yaradıcılığını modern və yenilikçi nəsr hadisəsi kimi təhlilə yönəldən "Modern nəsr, yadlaşma və tənhalıq problemi, "şüur axını" texnikası və Afaq Məsud yaradıcılığı" adlı yazı janr baxımından problem-məqalə səviyyəsində qələmə alınan, ümumilikdə maraq doğuran tənqid faktı kimi diqqəti çəkir. "Şüur axını"nı Salidə Şərifovanın İranda yazıb-yaradan, əslən azərbaycanlı olan Fəriba Vəfinin "Zirzəmi quşu" romanında izləməsi də bu yaradıcılıq probleminin miqyas və hüdudlarının daha geniş coğrafiyalarda öyrənilmə zərurətini qaçılmaz edir. ...Eyni mənzərəni biz "Azərbaycan" jurnalının "Xatirələr, duyğular" rubrikasındakı Xalq yazıçısı Yusif Səmədoğlu haqqında məqalələrdə görürük. "Aysberqin görünən üzü" məqaləsində Vaqif Yusifli bir yazıçı, ictimai xadim, şəxsiyyət kimi Yusif Səmədoğlunun mükəmməl portretini çəkir. Və o yazıda elə bir detal və təfərrüat yoxdur ki, unudulsun, yaddan çıxsın, çəkilən portretə natamamlıq gətirsin. Ustalıq, professionallıq budur. Hətta bu yazıda zərif tülə bürünmüş incə tənqidi qeydlərlə də rastlaşmaq olur ki, bu da təbii qarşılanmalıdır.

Zərəngiz Dəmirçi Qayalının "Yusif Səmədoğlu" yazısının sonluğu Xalq yazıçısına həsr olunan "Baba, sənin xəbərin var?" şeiri ilə tamamlanır. Yazıçı, ictimai xadim, milli düşüncə sahibi və vətənpərvər ziyalı ilə bağlı xatirələr üstə köklənən yazıda, belə demək mümkünsə, Yusif Səmədoğluya bir qədər fərqli rakurslardan yanaşma sərgilənib.

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin 2023-cü ilin ədəbi tənqidində imzası tez-tez görünən məhsuldar müəlliflərdən biridir. Onun "Nəriman Əbdülrəhmanlının nəsri: tarixilik və müasirliyin vəhdəti" monoqrafiyası belə bir qənaətə gəlməyə əsas verir. Haqqında söhbət açılan monoqrafiyada yazıçının ömür fraqmentləri, hekayə yaradıcılığı, "Göy adamı" və "Dönəlgə" kimi keçid  adlandırdığı povestləri, tarixi mövzuda qələmə alınan romanları təhlil və dəyərləndirmə predmeti seçilir, sənətkarın ədəbi dünyasının xarakterik məqamları orijinal baxış süzgəcindən keçirilir. Ədəbi tənqidin cari ildəki fakturasındakı boşluğu qismən ödəyən, onu öləziməyə qoymayan monoqrafiya haqqında səviyyəli elmi münasibət və rəylərin yoxluğu da təəccüb doğurmaya bilməz.

Kəmiyyət etibarilə 2023-cü ildə dərc olunan ədəbi-tənqidi yazılar içərisində yazıçı tənqidinin fəallıq qazandığı müşahidə olunur. Belə ki, müxtəlif nəsilləri təmsil edən qələm sahiblərinin öz həmkarlarının yaradıcılığı və yeni işıq üzü görən kitabları haqqında təəssürat və mülahizələri də ədəbi tənqidin bir növü kimi maraqla oxunur, bədii əsər qədər diqqətçəkici təsiri ilə yadda qalır.

Yazıçı-publisist Mənzər Niyarlı 2023-cü ildə nəşr etdirdiyi məqalələr toplusunu "Sənətin sehri" adlandırır. Onun yazılarında bədii mətnin işıqlı, humanist tərəfləri incələnir, təqdir edilən qələm və sənət sahiblərinin yaradıcılıq portreti ustalıqla yaradılır. Bu yazılarda səfər və ekskurslar ikili səciyyə daşıyır: işğaldan azad olunan Şuşa, Qarabağın otuz ildən artıq bir müddətdə düşmən tapdağı altına inləyən, xarabazarlığa çevrilən ərazilərinin vəhşi qəbilə tərəfindən yerlə yeksan edilmiş ürək parçalayan mənzərələri və 44+1 günlük qələbənin təntənəsi kimi quruculuq işləri, bir də yaradıcılıq və sənət dünyasında bu ağrı-acıların sonradan fərəhli anlarla əvəzlənməsindən doğan qürurun salnaməsini yaradan yaradıcılıq dünyasına səyahət də unudulmur.

Dayandur Sevgin "Tanrı ənamı kimi" yazısı ilə yazıçı tənqidində qələmini sınayır, Qəzənfər Bəxtiyarın "Bu ömür əriyən şamdı..." adlı şeir kitabındakı poetik düşüncələri təhlil etmək, şairin yaradıcılıq məziyyətlərinin diqqətçəkici məqamları barədə mülahizələrini oxucularla bölüşməyə çalışır. Əlbəttə, belə bir cəhd də bəzən özünün maraq doğuran təfərrüatları ilə, müəllifin yaradıcılıq təcrübəsindən irəli gələn müşahidələrlə real ədəbi fakt barədə müəyyən təsəvvür yarada bilir. Təəssüf ki, Dayandur Sevginin təqdir etdiyi poetik parçalar bəzən təriflə bir araya sığmır.

...Yazıçı tənqidi silsiləsindən məqalələr qələmə alan tanınmış şair Qəşəm Nəcəfzadənin "Ədəbiyyat qəzeti"ndə şair Zabil Pərviz haqqında dərc etdirdiyi yazısını ədəbi tənqidin (yazıçı tənqidinin) tipik bir nümunəsi hesab etmək olar. Qəşəm Nəcəfzadə əvvəllər də bu silsilədən məqalələrlə mətbuat səhifələrində çıxış etmişdi. Bu sahədə qazanılan təcrübə haqqında söhbət açılan yazıda özünün gerçək təsdiqini tapır.

Qərib Mehdi təəssürat kimi qələmə aldığı yazısını "İkinci yolu unutma" adlandırır. Gənc yazıçı Təranə Vahidin "Qarışqa təqvimi" adlı hekayələr  kitabı haqqında kifayət qədər yaradıcılıq təcrübəsi olan bir ədibin həcm etibarı ilə kiçik olan təəssürat-rəyi kimi düşünülüb. Yazının əvvəli hərb meydanına məxsus taktiki gedişləri sadalamaqla başlasa da, bir qədər sonra "Ədəbi döyüşlər"lə əvəzlənir. Müəllif yazıçının otuz səkkiz hekayəsinin mövzusu, süjet xətti, obrazlar aləminin təhlilindən vaz keçər, onlardan yalnız biri ilə gənc həmkarının yaradıcılıq dünyasının maraq doğuran məqamlarını açmağa nail olur.

Təranə Vahidin "Ədəbiyyat qəzeti"ndə və "Azərbaycan" jurnalında ədəbi tənqidin mürəkkəb struktura, mühakimə tərzinə görə seçilən janrlarından biri olan esse ilə də çıxış etməsi maraq doğurur. "Azərbaycan" jurnalının 3-cü sayında dərc olunan "Ağrıya elegiya" adlı essesi üzərində dayanmağı məqsədəuyğun hesab edirik. Həmin esse Vüsal Nurunun "İlğımda çimən atlar" romanına həsr olunub. Essedə müəllif dərhal yazıçının Miroqrad adlandırdığı şəhərə üz tutur, oranın təbiəti, ora düşən insanların aqibəti haqqında əsərdən hasil olan informasiyanı yaxşı mənada interpetasiya edir, əsəri təqdir etməkdə də öz səxavətini əsirgəmir.

...Samirə Məmmədlinin "Azərbaycan" jurnalının 6-7 saylarında gedən "Axına qarşı" yazısı esse janrında qələmə alınıb. Müəllif bəhs edəcəyi yazıçının yaradıcılığını üç əsas hissədə təhlil etməyi planlayır. Birinci iki hissədə müəllifin kimin yaradıcılığından bəhs etməsi "sirr" kimi saxlanılır, belə demək mümkünsə, texniki nailiyyətlər əsrində informasiya tezliyinin "ləngiməsi" baş verir.

2023-cü ilin ədəbi tənqidin ümumi mənzərəsi belə görüntüyə gəlir.