Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Nizami Ganjavi‘s concept of compassion - social state - Part III - Sirajeddin Haji

05-12-2023 [ 11:56 ] [ read:51 ]
printerA+ | A-
104023

Commentary on the "Description of the Drought Year and Bahram's Compassion" section of the "Seven Beauties"​

On dördüncü beytin şərhi:

O çalışır

O çalışır, xəzinələr xərcləyir,

Hamının işinə çarə qılırdı.

 

Beyt mərhəmətli şah obrazının, sosial dövlət anlayışının inşası üçün yeni vasitələr seçir:

- Nizami öncəki beytdə "o", "Bəhram", "şah" sözlərindən istifadə etmir, şəxs sonluqları ilə bütün işləri Bəhrama bağlayır, mərhəmət, ədalət, sosial dövlət anlayışının mərkəzində Bəhram var;

- Beyt feil bolluğu ilə seçilir, üç feil var, üçü də şaha bağlıdır, feil hərəkətdir, işdir, Bəhramın saleh əməllərini sıralayır, deyir ki, önəmli olan əməli mərhəmətdir;

- Feillərin üçü də keçmiş davamedici zamandadır: çalışır idi / cəhd edirdi, xərcləyirdi, çarə qılırdı, işin fasiləsizliyini ifadə edir, Bəhram xalqını qıtlığın, bahalığın, aclığın pəncəsindən qurtarmaq üçün ara vermədən çalışdı - mərhəmətdə davamlılıq əsasdır, vəfa önəmlidir. Mərhəmət ana dəyərdir, ona qohum olan anlayışları da ətrafına yığır: iman, sevgi, əmək, anlamaq, dinləmək, səbir, yardım, ədalət, bağışlamaq;

- Cəhd edirdi, bu, birinci feildir, Nizami məhz "cəhd etmək" feilini seçir, misranı bu sözlə başlayır, yükün ağırını bu feilin üzərinə qoyur, "cəhd" sözü ərəbcədir, "cihad" sözü ilə eyni kökdəndir, "c-h-d" kökündən törəyən sözlərdə bu mənalar var: "bütün güc", "fədakarlıq etmək", "məcbur etmək", "həqiqəti anlatmaq", "cihad etmək" / "savaşmaq" - bu savaşın iki yönü var: mənəvi, maddi;

- Cihad ağır, çox böyük əmək, iradə, güc, səbir, ağıl, tələb edən işdir, mətndə deyir ki, ölümün pəncəsindən qurtulmağa ehtiyacı olan bir xalq (ayrı-ayrı insanlar deyil) var, Bəhram da onların xilası üçün çalışır, aralıqsız cihad halındadır - cihad edirdi, yükü ağır idi;

- "Və" bağlayıcısı işin çoxluğunu göstərir, iki əməli bir-birinə bağlayır, sıralayır, fasiləsizliyi ifadə edir, çoxluq, ardıcıllıq, fasiləsizlik mərhəmətli Bəhram obrazını inşa edir;

- Xəzinə xərcləyirdi / ödəyirdi - bu iş də aralıqsız davam edir, Nizami məhz "xəzinə" ("gənc") sözünü seçir (bu söz orijinalda" təkdə, tərcümədə cəmdədir), "xəzinə" sözü çoxluğu, dəyərli neməti bildirir, mərhəmətin tanıdılmasına yol açır - Bəhram xalqı xilas etmək üçün dəvə karvanları ilə yad ölkələrdən aralıqsız dən daşıtdırırdı, bunun üçün çox sərvət xərcləyirdi, dövlətin bütün imkanlarını qıtlıqla mübarizəyə yönəltmişdi - sevən, mərhəmətli olan sevdiyi üçün fədakarlıq edər, Bəhramın ölçüsü budur: dövlət də, sərvət də, hakimiyyət də xalq üçündür;

- "Pərdaxtən" feili "mipərdaxt" biçimindədir, "ödəyirdi" / "xərcləyirdi", mərhəmət anlayışının inşasında iştirak edir, yəni xalq üçün xəzinə xərcləmək aralıqsız davam edirdi, Bəhram insanları qıtlığın pəncəsindən qurtarmaq üçün heç bir şeyi əsirgəmirdi;

- İkinci misrada "çare" / "çarə" sözü var, öncə çarəsizliyi yada salır - çarəsiz, qıtlığın ümidsizliyə gömdüyü bir xalq var, Bəhram da çarə qılırdı, çarə qılmaq xilaskar olmaqdır - mərhəmət insanları ümidsizlikdən qurtarmaqdır;

- Misradakı "çarə qılmaq" feili də keçmiş davamedici zamandadır, feil hissəsi ("misaxt" - "edirdi", "düzəldirdi", "qılırdı") qafiyə yerindədir, deyir ki, Bəhramın qurtarıcılıq işi davamlı idi - bir atımlıq barıt olan işə mərhəmət deyilməz, Bəhram hər zaman, hər işi ilə xalqın yanında idi;

- "Hər kəsin işi / işinə" - Nizami xalqın demir, ümumi danışmır, mərhəməti daha dəqiq ifadə edən söz seçir, seçisi olan - bəlli bir qrupa aid edilən hərəkətin adı mərhəmət deyil, əxlaqsızlıqdır, mərhəmətli insan fərq qoymaz, ehtiyacı olan hər kəsə yardım göstərər, Bəhram da bunu edirdi - hər kəsin içinə çarə qılırdı, Bəhramın anlayışı budur: hər kəs üçün mərhəmət;

- Misradakı "iş" / "kar" sözü sıxıntını, bəlanı, dərdi ifadə edir, bir imperatorluq var, orada hər insan acı çəkir, qıtlığın gətirdiyi ölümün soyuq nəfəsini hiss etməyən yoxdur, Bəhram da hər bir insanın dərdinə çarə qılırdı, onun mərhəməti hər kəsi qucaqlayır, hər kəsin göz yaşını silir, hər insanın mədəsini qida, ruhunu ümidlə doyururdu;

 

On beşinci beytin şərhi:

Xəzinəsinin hesabına yazdı

 

Beləliklə, əkinsiz, məhsulsuz dörd il ərzində,

Xalqın ruzisini (öz) xəzinəsinin hesabına yazdı.

 

Nizami mərhəmətli Bəhram şah obrazının, sosial dövlət anlayışının inşası üçün yeni vasitələr seçir:

- Məsnəvinin süjet xəttini sürətləndirir, "lacerəm" sözünü seçir, onun "şübhəsiz", "buna görə"/ "əsasən" mənalarını önə çıxarır (bu sözün "ixtiyarsız", "məcburən", "zorən", "əlacsız" mənaları da var), şübhə yoxdur ki, Bəhram darda qalmış xalqını xilas etmək üçün bir yol seçərdi / bircə yol var idi - xalqın bütün yükünü dövlətin üzərinə qoymaq - onu da seçdi;

- Şair çətinliyi ifadə edir, çətinlik mərhəmətin tanıdılmasına yol açır, bu məqsədlə qıtlığın vaxtını uzadır - dörd il deyir;

- Nizami qıtlığın ortaya çıxardığı sıxıntının dərəcəsini artırır, iki sözə yer verir: "bibər" - "meyvəsiz", "barsız", "bəhərsiz" və "bikeşt" (misrada bir "bi" -sız4 qəlibi var iki sözə də aiddir) - "əkinsiz", elə bir dörd il ki, nə əkin/biçin, nə də bar/bərəkət oldu;

- "Və" bağlayıcısı qıtlığın şiddətinin ifadəsində iştirak edir, sıralayır, çoxaldır, barsız və əkinsiz dörd il deyir;

- "Xalqın ruzisini" - bir şəxsin, bir qrupun deyil, bütün xalqın ruzisini - çoxluq anlayışı bu vəzifələri yerinə yetirir: a) qıtlığın şiddətini ifadə edir, hər kəs əziyyət çəkir; b) Bəhramın yükünün ağırlığını göstərir; c) mərhəmətin xeyrini açıqlayır - dar, zor gündə xalqı xilas edəcək dəyərin adı mərhəmətdir, mərhəmətli şah, sosial dövlət bir ehtiyacdır;

- "Ruzi" sözü xalqın ən zəruri ehtiyaclarını ifadə edir;

- Bəhram əkinsiz, barsız, bərəkətsiz bu dörd ildə xalqını qıtlığın, aclığın, ölümün pəncəsindən qurtarmaq üçün nə etdi? Xalqın ruzisini - zəruri ehtiyaclarını xəzinənin - dövlət xəzinəsinin üzərinə yazdı, xəzinədən ödədi, ağıllı, tədbirli şah idi, xəzinəni doldurmuşdu, dar gündə də xalqın xeyrinə istifadə etdi - ehtiyac olan, qıtlığa görə qiymətləri artan dənin pulunu dövlət hesabına yazdı;

- Nizami məhz "yazdı" sözünü seçir, onu qafiyə mövqeyinə yerləşdirir - gücləndirir, bu mənaları yükləyir: a) "yazdı" - borc vermədi, xalqa bunu demədi: indi ruzinizin pulunu dövlət ödəyir, sonra xəzinəyə geri qaytaracaqsınız, əksinə, pulsuz verdi, bu, dövlətin işi/vəzifəsidir dedi, siz ona deyil, o, sizə borcludur - sosial dövlət belə olur; b) "yazdı" - feil üçüncü şəxsin təkinə - Bəhrama aid edilmişdir - mərhəmət, ədalət, qurtuluş hərəkatının mərkəzində o var, xilaskar olan Bəhramdır; c) "yazdı" - əmr verdi, siyasi iradəsini, gücünü, liderliyini ortaya qoydu; d) feil şühudi keçmiş zamandadır, qətilik, şahidlik bildirir, xalq onun cəsarət, ədalət, mərhəmətinə, dörd illik böyük cihadına şahid oldu.

 

(Davamı olacaq)