Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Целостность в литературе и теоретическая глубина литературного процесса - академик Иса Габиббейли

18-07-2024 [ 12:35 ] [ прочитано:523 ]
printerA+ | A-
104740

Azərbaycanın çoxəsrlik tarixində 2020-ci və 2023-cü ilin müstəsna yeri vardır. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir Yumruğu ilə 2020-ci ildə qəhrəman Azərbaycan Ordusu qədim Azərbaycan torpağı olan Qarabağı işğaldan azad etdi, 2023-cü ildə isə uğurla aparılmış birgünlük hərbi əməliyyatdan sonra Azərbaycan özünün ərazi bütövlüyünü və dövlət müstəqilliyini tam bərpa etmişdir. Bu böyük tarixi Zəfərlər Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı və şərəfli hadisələridir. Şübhəsiz ki, Azərbaycan ədəbiyyatı həmin tarixi hadisələrə özünün fəal reaksiyasını vermiş, yazıçı münasibətini bəyan etmişdir. Qarabağda qazanılan Zəfər Azərbaycan ədəbiyyatında hansı yüksək əhvali-ruhiyyə ilə qarşılanmışdısa, Qalib Ali Baş Komandanın 8 noyabr 2023-cü ildə Xankəndində qəbul etdiyi möhtəşəm qeyri-adi parad da həmin təntənəli notlarla tərənnüm olunmuşdur. Lakin fərq ondan ibarətdir ki, Azərbaycan ədəbiyyatı xalqımızla birlikdə Zəfər sevincini bütün qeyri-adi emosiyası ilə 2020-ci ildə yaşamışdır. Bundan üç il keçəndən sonra, 20 sentyabr 2023-cü ildə bir günlük hərbi əməliyyatla qazanılan ərazi bütövlüyü isə sevinclə düşüncənin, tərənnümlə dərk olunmuş bədii ifadənin təzahürləri olmuşdur. Yəni ərazi bütövlüyünün tam təmin edilməsi Azərbaycan ədəbiyyatında Bütövlük motivləri ilə bədii ifadəçini tapmışdır. Artıq ədəbiyyat həm konkret olaraq ərazi bütövlüyünün qazanılması mənasında və həm də ümumiyyətlə ölkəmizdə baş verən dəyişikliklər münasibətilə Bütövlük himni səsləndirməkdədir. Ədəbiyyatda Böyük Qayıdışın yaratdığı bütövlük notları tam ərazi bütövlüyünün doğurduğu real bütövlüklə daha da genişləndirilərək daha da irəli aparılmışdır. Məhz bu möhtəşəm bütövlüyün fonunda ümumiyyətlə tarixi taleyimizin bütövlüyü, mili birlik və həmrəyliyin sarsılmazlığı Azərbaycan ədəbiyyatının Baş mövzusuna çevrilmişdir. Ədəbiyyatın bütün növləri və janrlarında Bütövlük mövzusunda maraqlı və əhəmiyyətli bədii əsərlər yazılmışdır. Ümumiyyətlə, 2023-cü ilin ədəbiyyatı bütövlük uğrunda mübarizə və bütövlüyün təsvir və tərənnüm edilməsi ədəbiyyatıdır. AMEA-nın müxbir üzvü Tehran Alişanoğlunun geniş həcmli icmal yazılarından birini "Şuşa ilində ədəbi  tənqid" adlandırması heç də təsadüfi olmayıb, Azərbaycan ədəbiyyatında Şuşa-Qarabağ - Bütövlük mövzusunda yazılmış bədii əsərlərin ədəbi-tənqiddəki əks-sədasının gedişatının elmi cəhətdən dəyərləndirilməsi zərurətini ifadə etmişdir. Yəni Şuşa-Qarabağ mövzusu Azərbaycan ədəbiyyatının Bütövlük mövzusunun rəmzinə çevrilmişdir. Filologiya elmləri doktoru Elnarə Akimovanın "İlin ədəbi mənzərəsi" haqqında professional şəkildə yazılmış icmalında da haqlı olaraq Azərbaycan ədəbiyyatının 2023-cü ilə dair gedişatının bütöv mənzərəsi yaradılarkən Qarabağ mövzusundan yazılan ədəbiyyata münasibətdə dinamikanın artmaqda və dərinləşməkdə olduğu nəzərə çatdırılmışdır. Yazıçı-publisist Mənzər Niyarlının "Sənətin sehri" məqalələr toplusunun da baş qəhrəman Azərbaycan ədəbiyyatının Baş mövzusuna çevrilmiş Qarabağ Zəfəri - Bütövlük mövzusu ilə əlaqədar mətləblərdən yoğrulmuşdur. Bu o deməkdir ki, ədəbi tənqid Azərbaycan ədəbiyyatının Qarabağ diskursunun dialektik inkişafındakı irəliləşməni aydın şəkildə görür və ədəbiyyatın Bütövlük uğrundakı enerjisini bütün vüsəti ilə bədii əsərlərin aydın səmasına çıxarmağı təşviq edir. Çünki indiki halda artıq Qarabağ mövzusu ədəbiyyat üçün yalnız işğaldan azad olunmuş Azərbaycan torpaqlarını vəsf edilməsindən başa və daha çox ölkəmizin bütövlüyünün təsvir və tərənnüm edilməsi deməkdir. Qısa müddət ərzində Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunun Zəfər mövzusu olmaqla bərabər, həm də Bütövlük mövzusuna çevrilməsi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çoxəsrlik Azərbaycan tarixində ilk dəfə olaraq bir günlük hərbi əməliyyatla xalqımıza və ölkəmizə qazandırdığı tam ərazi bütövlüyündən doğan idealın əks-sədasıdır. Deməli, müstəqillik tariximizin 441 formulu Azərbaycan ədəbiyyatında Bütövlük mövzusunun ədəbi disturudur.

Doğrudur, hələlik Azərbaycan ədəbiyyatında tam Bütövlükdən çox Bütövlük uğrunda gedən ədəbi prosesin dalğası daha çox görünməkdədir. Poeziyada Qarabağ mövzusu daha çox Bütövlük mövzusu kimi tərənnüm olunmuşdur. Lakin 441 formulu, yəni Qarabağ Zəfəri və Ərazi Bütövlüyü Qələbəsi poeziya Bütövlüyün təntənəsinin tərənnümünün əsas hərəkətverici qüvvəsi olmuşdur. Fikrimizcə, 2023-cü ilin poeziyasında Qarabağ mövzusunda yazılmış şeirlərlə bir sırada ümumiyyətlə Azərbaycan mövzusunda yazılmış şeirlərin çoxalması Bütövlük motivlərinin tədricən ədəbiyyatın Baş mövzusuna çevrilməsinin göstəricisidir. Hətta 2023-cü ildə Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Göycə, Zəngəzur, Dərbənd, Borçalı mövzularında şeirlərin miqyasının reallıqlarıdır. Poeziya ilə müqayisədə daha təmkinli olan bədii nəsrdə Bütövlük mövzusu Bütövlüyə doğru formatında təzahür edir. Nasirlərimiz Qarabağ müharibəsinin qəhrəmanlarını və döyüş səhnələrini əks etdirməklə bərabər bədii ümumiləşdirmələr də aparmağa doğru gediş etməkdədirlər. Ədəbi proses yaradıcılıq müşavirəsi üçün "2023-cü ilin nəsr mənzərəsi" icmalını yazmış Elnarə Qaragözova yazıçı Yunus Oğuzun "Cıdır" romanını Bütövlük ruhunda yazılmış ən yaxşı nəsr əsərlərindən biri kimi dəyərləndirmişdir. Tarixi romanlar müəllifi olan Yunus Oğuzun "Cıdır" romanında Qarabağ mövzusunu müasir reallıqlarla yanaşı yaxın və uzaq keçmişlə də əlaqəli şəkildə təqdim etməsi müəllifin belə qənaətə gəlməkdə haqlı olduğunu diqtə edir. Bu mənada Elnarə Qaragözovanın Yunus Oğuzun "Cıdır" romanı 44 günlük Vətən müharibəsinin və Zəfərin bədii salnaməsi kimi qiymətləndirməsi obyektiv reallığın elmi ifadəsidir. Əsərin adındakı Cıdır sözü də geniş mənada Azərbaycanın qəhrəmanlıq rəmzlərindən biri kimi düşünülmüşdür.

İlk dəfə olaraq Azərbaycan nəşrində Qarabağ mövzusunda döyüş cəbhəsinin təsvirlərinə həsr olunmuş bədii əsərlərlə bərabər, müharibə dövründə arxa cəbhəyə həsr edilmiş əsərlərin də meydana çıxması Bütövlüyə doğru hərəkatın ritmlərin genişlənməkdə olduğunu nəzərə çarpdırır. Arif Əlinin "Tülək" səsi əsərində arxa cəbhədə gedən proseslərin təsviri ilə mövzunun əhatə dairəsi genişləndirilmişdir. Aqil Abbasın Qarabağ mövzusunu dünənli-bu günlü Qarabağ süjeti əsasında yazdığı "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" povestində əsas mətləbləri seçilmiş bir obrazın - Abdal Gülablı Şakirin simasında ümumiləşdirməsi də Bütövlüyə doğru hərəkatın bədii ifadəsidir. Nəhayət, Azad Qaradərilinin II Qarabağ müharibəsinin qadın şəhidi olan Arəstə Baxışovanın xatirəsinə həsr etdiyi povesti "Sevgilim Vətən" adlandırması nəsrdəki Bütövlüyə doğru prosesdən Bütövlük mərhələsinə istiqamətləndirilmiş addım hesab etmək olar. Ümumiyyətlə, Elnarə Qaragözovanın yığcam bir icmalda Azərbaycan bədii nəsrinin ideya-sənətkarlıq xüsusiyyətlərini nəzəri cəhətdən, izmlər və janrlar üzrə təhlil edib dəyərləndirməsini ədəbiyyatşünaslıqda əhəmiyyətli elmi yanaşma hesab edirəm. Elnarə Qaragözovanın "2023-cü ilin nəsr mənzərəsi" icmalında bədii nəsrin müasir dövrdəki, hətta bir ildəki təkamülündən bəhs edərkən mövzu və ideya üzrə qruplaşdırmaqdan başqa, həm də bu istiqamətdəki janrlar haqqında qeyd etdiyi dəqiq təyinatlar mövzunun nəzəri səviyyədəki şərhini şərtləndirmişdir. Bu məqamda Elnarə Qaragözovanın 2023-cü ilin bədii nəsrində müşahidə etdiyi janrlardan bəhs edərkən "Xatirə, ithaf tendensiyasının aktuallığını" göstərməklə bərabər, "avanqard-eksperimental roman", "avtofikşin-roman", "kuryoz-fentezi roman" və s. kimi tam yeni olan janrlardan bəhs etməsi nəsrimizin ümumi mənzərəsində yeni dalğanın əmələ gəlməsindən xəbər verir.

Ədəbi mühitdə yeniləşmə proseslərinin özünəməxsusluğunu, fərqli xüsusiyyətini müəyyən etmək üçün ədəbi proses mətnlərində nəzəri yanaşmalara, nəzəri təhlillərə ehtiyac vardır. Bunu filologiya elmlər doktoru Cavanşir Yusifli də hiss etmişdir. "İlin bədii yekunları, hekayə 2023" icmalında gəldiyi qənaət nəticə etibarilə Ədəbi proses müşavirələrində nəzəri yanaşmalara üstünlük verilməsinə çağırış kimi qəbul oluna bilər: "İndi toplam məhsuldan vaz keçib janr kontekstindən, janrların bir-birinə nüfuzu, onların transformasiyasından danışmağın vaxtıdır". Belə fikirlər Elnarə Akimovanın da məruzə mətnində öz əksini tapmışdır. Belə ki, Elnarə xanım "İlin ədəbi mənzərəsi"ni təhlil edərkən janrlar üzrə meydana çıxan əsərlərə obyektiv elmi nəzəri qiymət verilməsini  müasir tənqidin əsas vəzifələrindən biri kimi qeyd etmədən keçməmişdir. Ustad-tənqidçi Vaqif Yusifli isə poeziya üzrə icmalında görkəmli rus tənqidçisi Vissarion Belinskidən mühüm nəzəri əhəmiyyət kəsb edən sitat gətirməyə zərurət duymuşdur. Və Vaqif Yusifli ilin poeziya xəzinəsini dəyərləndirərkən həmin sitatın irəli sürdüyü tələblərin müasir poeziya aləmindəki vəziyyətinə nəzər salmışdır. Bütün bunlar Ədəbi proses yaradıcılıq müşavirəsinə təqdim edilən icmal mətnlərində nəzəriyyə faktoruna ciddi fikir verilməsini zəruri olduğunu diqqətə çatdırır. Həm də Ədəbi proses icmalarındakı nəzəri yanaşma yalnız janrlara elmi münasibət bildirməklə məhdudlaşdırılmamalıdır. İcmallarda janrlar üzrə ilin ədəbiyyatı təqdim olunarkən ədəbi cərəyanlar, süjet və kompozisiya, dil və üslub, bədii təsvir vasitələri və s. kimi kateqoriyalardan çıxış etmək, yaxud bədii mətnin daxili məntiqindən, və ya konkret faktiki materialdan sərf-nəzər etməklə bədii fakta, ədəbi axına, əsərin (yaxud əsərlərin) ideya-sənətkarlıq səviyyəsinə qiymət vermək yalnız və yalnız ümumi elmi səviyyəni yüksəldir.

Yaxşı cəhətdir ki, müxtəlif icmallarda belə məqamlarda rast gəlmək mümkündür. Elnarə Akimovanın icmalı ümumiləşdirilmiş elmi-nəzəri təqdimat xarakteri daşıyır. Vaqif Yusiflinin Ramiz Qusarçaylının "Vətən" poemasından söz açarkən bu uğurlu poemanın "Poetik epopeya" adlandırılması, sərbəst şeirin poetikasını təhlil zamanı nəzərə alması, Firuzə Məmmədlinin avtobioqrafik şeirlərini təhlilə cəlb etməsi, Rasim Nəbioğlunun 2023-cü ilin bədii tərcümə təfərrüatını müxtəlif ədəbi növlər və janrlar üzrə qruplaşdırıb təhlil etməsi, Cavanşir Yusiflinin ilin hekayə tiplərindən söz açması, Vüqar Əhmədin publisistikadakı "Redaktor guşəsi"ni ilk dəfə təhlil meydanına gətirməsi təqdim olunan icmalların nəzəriyyə faktorundan heç də xali olmadıqlarını nümayiş etdirir. Hətta Ədəbi proses yaradıcılıq müşavirəsində ilk dəfə məruzəçi statusu qazanmış Elnarə Qaragözovanın "2023-cü ilin nəsr mənzərəsi"nə cəlb etdiyi əsərləri janrlar üzrə hekayə, esse və felyeton, roman və povestlər, hətta Rəşad Məcidin "Qələmsiz yazılanlar" silsilələrini status-esselər bölgüsü əsasında təhlildən keçirməsi istər-istəməz janrların poetikasından da söz açılmasına imkan yaratmışdır. Bundan başqa, Elnarə Qaragözovanın yazıçıların əsərlərini dəyərləndirərkən Xalq yazıçısı Anarın "Niorealizm cərəyanı konktekstində", Mübariz Cəfərlinin Macik realizm xəttində çıxış etməsi də onun icmalında nəzəri dərinliyi artırılmasına xidmət etmişdir. Hesab edirik ki, Ədəbi proses mətnlərindən qırmızı xətt kimi keçən nəzəri təhlilə meyl daha da qüvvətləndirilməlidir. Bu, həm Azərbaycan ədəbiyyatının konkret bir ilinin elmi cəhətdən aydın obrazının yaradılmasına və həm də əbədi tənqidin sosioloji təhlildən daha çox uzaqlaşması səbəb olar.

Məlum olduğu kimi, Ədəbi proses yaradıcılıq müşavirəsinin əhatə etdiyi 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunmuşdur. Cəmiyyət həyatının bütün sahələri kimi elmdə və ədəbiyyatda da "Heydər Əliyev İli"nin uğurlu nəticələri kimi əhəmiyyətli elmi və bədii əsərlər meydana çıxmışdır. Azərbaycan Milli Elmlər Akademiyasında 2023-cü ildə müxtəlif elm sahələrini təmsil edən alimlər tərəfindən yazılmış 52 monoqrafik tədqiqatın meydana çıxması Azərbaycan elmində Heydər Əliyevşünaslığın xüsusi bir elmi istiqamətə çevrilməsinə səbəb olmuşdur. Kəmiyyət etibarilə diqqət çəkən bu statistik göstərici Ulu Öndərə həsr edilmiş kitabların yüksək elmi-nəzəri səviyyəsi ilə müşayiət olunur. "Heydər Əliyev İli"ndə Azərbaycan elmində bu mövzuda tanıtma, təbliğat və təşviqat kitablarından sistemli elmi araşdırmalar əsasında yazılmış fundamental tədqiqatlara doğru ciddi addımlar atılmış, mühüm elmi nəticələrə gəlinmişdir. Nəticədə Azərbaycan elmində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında fundamental elmin əsası qoyulmuşdur.

İl ərzində görkəmli dövlət xadimi Heydər Əliyev haqqında dərc olunmuş ədəbi axtarışların nəticəsi olan qiymətli bədii əsərlər də meydana çıxmışdır. Əlisəfa Azayevin "Qarlı zirvə" romanında Ulu öndər Heydər Əliyevin mübarizələrlə dolu keşməkeşli ömür yolu aydın və obyektiv yazıçı baxışı vasitəsilə işıqlandırılmışdır. Müəllif imkan daxilində mövzunun aktuallığı ilə bədiilik amilini paralel olaraq qoruyub saxlamışdır. İbrahim Yusifoğlunun "Azərbaycan dünyaya günəş kimi doğacaq" poemasında da seçilmiş hadisələr əsasında Heydər Əliyev dühasının əbədiyaşarlığı poetikləşdirilmişdir. Əbədi proses icmallarında da "Heydər Əliyev İli"nin ədəbi hesabatına diqqət yetirilmişdir. Heydər Əliyevə həsr edilmiş şeirlərdə isə bu dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı xidmətləri və parlaq, bütöv şəxsiyyəti obrazlı şəklində təqdim olunmuşdur. Azərbaycan şeirində "Heydər Əliyev İli" ölkəmiz, ədəbiyyatımız üçün mənəvi bir hesabat ili kimi mənalandırılmışdır:

 

Müstəqil dövlətin hesabatı,

Azərbaycanla qoşa adı,

Ölkəmizin mübarizələrlə dolu həyatı,

Tarixin danışan dili -

Heydər Əliyev İli!

 

***

Fəth olunmuş dövlətçilik zirvəsi,

Tükənməz yaratmaq və qurmaq həvəsi,

Yenidən doğulmuş Odlar ölkəsi!

Xalqımızın sabahlara uzanan əli -

Heydər Əliyev İli!

 

***

Əbədi yaşayan səsdi,

Ölkəni sınaqdan çıxaran dərsdi,

Azərbaycançılıq manifesti!

Müstəqil dövlətçiliyin heykəli -

Heydər Əliyev İli!

 

***

Milli istiqlalçılıq andı,

Ölkəyə şərəfdi, şandı,

Yüksələn Azərbaycandı!

Böyük gələcəyin məşəli -

Heydər Əliyev İli!

 

Göründüyü kimi, Azərbaycan ədəbiyyatı 2023-cü ildə bütün ədəbi növlər və janrlar üzrə irəliyə doğru inkişaf etmiş, ölkəmizin, cəmiyyətimizin həyatında baş verən yeniləşmələri bədii cəhətdən uğurla əks etdirmişdir. Xüsusən, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusundan Bütövlük mövzusuna doğru müşahidə olma keçid prosesləri ədəbiyyatımızın xalqımızın həyatı və ideyaları ilə həmahəng nəfəs aldığını əyani şəkildə göstərməkdədir. Fikrimizcə, Azərbaycan ədəbiyyatı müharibə və Bütövlük mövzusunda özünün ideal qəhrəmanını da yaradacaqdır.

 

***

Başqa bir mühüm cəhəti də qeyd etməyi lazım bilirəm. Keçən il biz Ədəbi proses müşavirələrinin yeni mərhələsinin 10 illiyini qeyd etmişdik. Əslində həmin 10 illik Ədəbi proses yaradıcılıq müşavirələrinin deyil, Ədəbi proses müşavirələrində əhatə olunan ədəbiyyatın 10 illiyi idi. Çünki müstəqillik dövründə Ədəbi proses yaradıcılıq müşavirəsi 2014-cü ildən keçirilməyə başlanmışdır. Həmin ədəbi proses müşavirəsində 2013-cü ilin Ədəbiyyat tədqiq və təhlil edilərək qiymətləndirilmişdir. Bu il biz 2023-cü ilin ədəbiyyatın həsr edilən 10-cu Ədəbi proses müşavirəsini keçiririk. Bu, "Ədəbi proses" yaradıcılıq müşavirəsinin təşkili üzrə keçilmiş yolun möhtəşəm başlanğıcı və həm də qarşıdakı yeni tarixi mərhələnin başlanğıcıdır.

Ötən 10 il "Ədəbi proses" yaradıcılıq müşavirəsinin inkişaf və təkamül yolu olmuşdur. Əvvəla, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ardıcıl olaraq keçirilməkdə davam edən "Ədəbi proses" yaradıcılıq müşavirəsi ümumrespublika elmi hadisəsinə çevrilmişdir. Keçən illərdə "Ədəbi proses" müşavirələrinin yalnız Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda deyil, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında və Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda da keçirilməsi Ədəbi prosesçilərin Akademiyadan cəmiyyətə, ölkə ədəbi-elmi mühitinə doğru inamlı hərəkatının da ifadəsidir. Ədəbi proses hərəkatında Akademiya əməkdaşları ilə yanaşı, ardıcıl olaraq Azərbaycan Yazıçılar Birliyinin, ayrı-ayrı yazıçı və şairlərin, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Azərbaycan", "Ulduz" kimi ədəbi mətbuat orqanlarının, hətta bəzi saytların baş redaktorlarının və əməkdaşlarının yaxından iştirakları da "Ədəbi proses"i respublika hadisəsi səviyyəsinə çatdırmışdır. Bundan başqa, "Ədəbi proses"in artıq yaxşı bir kitabxanası formalaşmışdır. Biz "Ədəbi proses kitabxanası" dedikdə "Ədəbi proses" yaradıcılıq müşavirəsinin ötən 10 ildə nəşr edilmiş çoxcildlik və külliyyatın ədəbi prosesçilərdən hər birinin 2014-2014-cü illər ərzində müstəqillik dövrü Azərbaycan ədəbiyyatına həsr edilmiş çoxsaylı monoqrafiyaları və məqalələrini nəzərdə tuturam. Bunlar, həqiqətən yaxşı bir mini kitabxananın əhəmiyyətli materialları ola bilər. Nəhayət, ədəbi prosesçilərin sıralarından AMEA üzvlüyünə seçilənlərin, elmlər doktorları və fəlsəfə doktorlarının yetişib formalaşması da keçən 10 ilin elmi-ədəbi uğurları sırasındadır.

"Ədəbi proses" yaşayır, davam edir, müxtəlif istiqamətlər üzrə gedən çoxcəhətli ədəbi prosesləri elmi güzgüdə əks etdirərək Azərbaycan ədəbiyyatının daha böyük inkişafına dönmədən xidmət göstərir.