Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

National independence struggle in "Baku wind" - Abid Tahirli

17-07-2024 [ 13:52 ] [ read:57 ]
printerA+ | A-

NOTES ABOUT ISMAYIL SARYAL'S MEMOIR-NOVEL

 

(Əvvəli ötən sayımızda)

Gəncədə bütün hazırlıqlar tamamlanmışdı və gürcü dostlardan gələcək telefonoqramı gözləməyə balamışdılar. Çox keçmir ki, telefonoqram gəlir: "Bir neçə min rus əsgəri Tiflisə çatıb. Silahlarını təhvil vermək istəmirlər. Birinci dəstə sabah səhər tezdən bir-birinə qoşulmuş dörd qatarla Gəncəyə doğru hərəkət eləyəcəklər. Lazımi tədbirlər görülməlidir. Milli Komitə fəaliyyətə başlayır. Təxminən beş yüz silahlı əsgər kifayət qədər zabitin komandanlığı altında əvvəlcədən hazırlanmış səngərlərdə yerləsdirildilər. Səngərlər dəmiryolunu çevrəyə alan şəkildə qazılmış, bir lokomotiv və bir zirehli vaqon da hərəkətə hazır vəziyyətə gətirilmişdi. Vaqona on iki ali məktəb tələbəsi və iki zabit mindirildi. Müxtəlif təhsil sahələrindən bir çox tələbə, xəstə baxıcıları, köməkçilər və ruslardan alınacaq silahları şəhərə aparacaq dəstə arabaları ilə bir təpənin arxasında gözləyirdi. Oğuz da onların arasındaydı. Rəhbərlik eləyən yüksək rütbəli zabitlər gizləndikləri yerdən durbinlərlə baxır, qatarın gəlməsini gözləyirdilər.

Qatarlar uzaqdan göründü. Bir-birindən xeyli aralı dörd qatar gəlirdi. Onlara dayanmaq işarəsi verildi. Qatarlar yavaşıdılar və səngərlərə yaxın bir yerdə dayandılar. Üç rus zabiti əllərində bayraq qatardan enib səngərlərə doğru gəlməyə basladı. Dərhal iki türk zabiti onların qarşısına çıxdı. Rus zabitlər gətirdikləri təklifi verdilər:

 Qərara aldıq ki, silahları təhvil verək. Təhvil alacaq adamları və arabaları göndərin.

Rusların bu qərarı azərilər arasında böyük sevinc oyatdı. Qan tökülməyəcəkdi. Zirehli lokomotivin və arxasındakı vaqonun zirehli qapıları açıldı və qatarlara doğru hərəkət eləməyə başladı. Elə həmin məqamda ruslar tərəfindən atılan top mərmisi zirehli vaqonu darmadağın elədi. Vaqonda olan tələbələr və iki zabit şəhid olmuş, yalnız bir tələbə, o da başından yaralı halda xilas ola bilmişdi.

Rus qatarları səngərdə gözləyən türk əsgərlərinin güllə yağışına tutuldular. Ruslar hər tərəfdən atəş altındaydılar, müdafiə olunmaq imkanları yox idi. Türklərin atdıqları hər bir güllə hədəfə dəyirdi. Vəziyyətdən çıxmağın mümkün olmadığını görən rus əsgərləri bu dəfə həqiqətən ağ bayraq qaldırıb silahlarını vaqonlardan bayıra atmağa başladılar.

Döyüş qələbəylə başa çatmışdı. Ruslar silahlarını təhvil verdilər. Türklərin zirehli vaqonda şəhid olanlardan başqa itkisi yox idi. Ruslar xeyli ölü və yaralı itkisinə məruz qalmışdılar. Yaralı olanlar xəstəxanalara aparıldı. Bu hadisədən sonra cəbhədən qayıdan rus əsgərləri müqavimət göstərmədən silahlarını təhvil verdilər".

Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi ölkənin tarixində, millətin taleyində, istiqlalın möhkəmləndirilməsində həlledici rol oynamışdır və bütün bunlar əsərdə geniş işıqlandırılmışdır. İ.Saryal Milli Komitənin və xalqın Nuru paşanı intizar içində gözlədiyini, nəhayət, Qafqaz İslam Ordusunun Azərbaycana gəldiyini, onların xalq tərəfindən sevinclə, alqışlarla qarşılandığını həyəcanla qələmə alır.

Müəllif gördüyü, eşitdiyi hadisələri əhəmiyyətinə, dəyərinə, ciddiliyinə, yaxud komikliyinə, nəticəsinə uyğun dillə, üslubla təqdim edir. İ.Saryalın yumoristik tərzdə nəql etdiyi "yalançı Nuru paşa" əhvalatı Paşanın nüfuzunun, ona olan sevginin, ümumxalq məhəbbətinin göstəricisidir. Nuru paşanın Gəncəyə daxil olması xəbəri şəhərə ildırım sürəti ilə yayılır. Hər kəs bu xəbərdən danışırdı. "Oğuz Nəsib bəygildə olduğu məqamda qapının zəngi çalındı. Qapını açmağa gedən rus qulluqçu qız geri qayıdıb Nəsib bəyə dedi: "Ağa, sizi istəyirlər". Qapıya gedən Nəsib bəy qarşısında kəndli qiyafəsində iki adam gördü: "Nuru paşa adamlarıyla gəlib. Aşağıda sizi gözləyir". Nəsib bəy heyrətləndi, neyləyəcəyini kəsdirə bilmədi, ancaq bu sözləri deyə bildi: "Yuxarı buyursunlar". Sonra otağa qayıdıb üzünü arvadına tudu: "Nuru paşa gəlib. Paşa yəqin ac olacaq. Mən onunla görüşəndə sən yemək otağında iki nəfərlik süfrə hazırla". Nəsib bəy paşanı pilləkənin başında qarşıladı: "Məmləkətimizə xoş gəldiniz, paşam. Xəbərsiz gəlməyinizdən kədərləndim. Sizi lazımi səkildə qarşılaya bilmədik".

Nəsib bəy bu sözləri yaxşı bildiyi İstanbul ləhcəsində demişdi. Oğuz qaçıb salonun qapısını açdı, qonaq içəri girdi. Uzunboylu, yaraşıqlı, uzunbığlı, ortayaşlı kişi idi. Geyimi, hərəkətləri, xüsusilə kəndli ləhcəsilə danışması Nəsib bəyi şübhələndirdi. Ona sual verdi: "Dostum, Azərbaycanın harasındansan?" Gələn adam özünü itirdi. Hələ suala cavab verməmiş cibindən kiçik Quran çıxarıb masanın üstünə qoydu. "Bu Qurana əl basıb heç kəsə deməyəcəyinə söz versən, kim ol-duğumu söyləyərəm.

Məsələ aydın olmuşdu. Evin camaatı hələ bundan xəbərsiz idi. Xanım qonağın şərəfinə öz əlilə süfrə hazırlamışdı. Hamı Ənvər paşanın qardaşı Nuru paşanı görməyə tələsirdi. Nəsib bəy salondan çıxıb düz eyvana getdi. Evin qarşısındakı çoxu süvarilər olan izdihama müraciət elədi: "Hörmətli həmşərilərim, gələn əsl Nuru paşa deyil, bir kəndlimizdi". "İzdihamın içində bir neçə "Yaşıl qvardiya" əsgərini görəndə əlavə elədi". "Əsgər yoldaşlar, yuxarı qalxın, bu yalançı paşanı Milli Komitəyə aparıb növbətçi dostlara təhvil verin". Bu hadisə bir tərəfdən Nuru Paşanın xalq arasındakı hörmət və nüfuzuna, digər tərəfdən də Nəsib bəyin ayıqlığına, təmkinli və soyuqqanlı xarakterə sahib olduğuna dəlalət edir. Fırıldaqçı Murtuza xalq sevgisindən istifadə edərək az bir zamanda xeyli sərvət toplamışdı: "Kəndlərdən keçəndə yalançı paşaya aldanan camaat ona xalça kimi qiymətli hədiyyələr vermişdilər. Həmin hədiyyələr yüklənmiş bir neçə at yan küçələrin birində gözləyirdi. Hadisədən xəbər tutan camaat həmin hədiyyələrin üstünə cumdu, qısa müddət ərzində hədiyyələr də, atlar da yoxa çıxdılar. Yalançı paşanın əhvalatı bütün Gəncəyə yayıldı. Onun kim olduğunu hamı öyrəndi. İran sərhədinə yaxın bir kənddə yaşayırmış. Adı Murtuza imiş. Bir gün Murtuzanın əlinə bir jurnal keçir, o jurnalda Nuru paşanın şəkli varmış. Görür ki, Nuru paşa ona oxşayır. Üzünü Nuru paşanın qiyafəsinə salıb atına minir, yola düşür. Görünüşünə aldanan kəndli cavanlar onu qorumaq üçün atlarını minib arxasınca düşürlər. Murtazanın əhvalatı uzun müddət ağızdan-ağıza dolaşdı. Hamı onu görmək həvəsinə düşdü. Dustaq kimi saxlandığı həbsxana adamlarla dolub daşdı. Nəzarətçilərin baş çəkənlərin hərəsindən aldıqları beş qəpik müvəqqəti və sevindirici gəlir mənbəyinə çevrildi".

Əsərin diqqət çəkən məziyyətlərindən biri də onun bədii təsvir və ifadə vasitələrinin zəngin, koloritli, dilinin sadə, eyni zamanda canlı, aydın və oxunaqlı olmasıdır. Kiyevə gedərkən yolüstü Potidəki oteldə gecələyən Oğuzun xoş ovqatına uyğun müəllif ətrafı təsvir edir: "Hava gözəl, sakit idi. Ayın ziyası ətrafı gündüz kimi işıqlandırmış, hotelin bağçası sükuta qərq olmuşdu. Fəvvarələrin uzaqdan eşidilən ahəngdar şırıltısı elə bil adamı oxşayırdı". Almanxanımı Alya ilə Vətənə qayıdan Oğuzun qəlbindəki saf arzular müəllifin təhkiyəsi ilə də həmahəngdir: "Qatar Elbrus dağlarının ətəklərini ötüb keçirdi. Nəhəng dağın bütün fəsillərdə ağ olan zirvəsi qarşısında ucalan təpələr arxasında gah yox olur, gah da onları yana itələyib bütün əzəmətiylə peyda olurdu. Artıq başqa bir diyara çatmışdılar. Buranın havası, iqlimi, heyvanları və həyat tərzi başqa idi. Meşələri və səfalı suları bol idi. Kəndlər əlçatmaz qayaların üstündə yerləşirdi. Yolları dar, körpüləri özünəməxsus olan bu ölkə ozanların ilham mənbəyinə çevrilmişdi". İlk dəfə Azərbaycana qədəm qoyan, ilk təəssüratdan duyğulanan, riqqətə gələn Alyanın Oğuza dedikləri səmimi olduğu qədər də təsirlidir: "Bilirsən, məndə belə bir hiss yarandı ki, sənin Qafqazını, xalqını, hər şeyini sevəcəyəm".

İstiqlal şəhəri Gəncədəki azadlıq nümayişini İ.Saryal həyəcanla vəsf edir: "Stansiya tərəfdə zurnalı-dəfli izdiham göründü. Lap irəlidəki yaşlı, qara eynəkli və uniformalı tələbə iri, qırmızı bayrağın dəstəyini qarnının üstündə, əlində tutmuşdu. Bayrağın ağırlığı altında müvazinətini saxlayan bədəni qədim zamanların döyüşçülərinin yayını xatırladırdı. Onun yanında yeriyən şapkasız, uzun saçlı, yeni unuformalı başqa bir tələbə tez-tez əlindəki əsanə havaya qaldırıb, "urra, urra" qışqırır, arxadan gələn, küçələri ağzınacan doldurmuş insan izdihamı onun verdiyi komandaya uyğun "urra, urra" qışqırtılarıyla zurnanın, dəfin səsini batırırdı". Əsərdə bu qəbildən olan misallar kifayət qədərdir və deyilənlər əsərin ideya, məna və məzmun dolğunluğu ilə yanaşı ifadə, zənginliyinə, müəllifin bədii təsir gücünə yazı manerasına dəlalət edir.

"Bakı rüzgarı" memuar-romanı haqqında deyilənləri yekunlaşdıraraq aşağıdakı qənaətlərə gəlmək olar. Əsər:

Azərbaycan mühacirət ədəbiyyatının sanballı nümunələrindən olmaqla, həm sənətkarlıq, həm də ideya baxımından ədəbi irsimizin C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin "Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" memuarları kimi dəyərlidir, mühüm bədii-tarixi əhəmiyyət kəsb edir;

istiqlal uğrunda mücadilə yolunu, onun məhrumiyyətlərini, acısını anladan, əqidə və amalları uğrunda ölümün gözünə dik baxan mücahidlərin həyat hekayəsini vəsf edən dəyərli bədii-publisistik mənbədir;

bütövlükdə ədəbiyyatımızda, o cümlədən, mühacirət irsində sovet həyat və düşüncə tərzinin eybəcərliklərini, bolşevik rejiminin və kommunist ideologiyasının antibəşəri mahiyyətini bütün çılpaqlığı ilə üzə çıxaran və ifşa edən nadir nümunələrindəndir;

Oğuzun timsalında Azərbaycan Xalq Cümhuriyyəti tələbələrinin qaranlıq tərcümeyi-halına, acı, ağır, eyni zamanda şərəfli taleyinə işıq salır;

xalqımızın istiqlal mücadiləsinə, vətənimizin ərazi bütövlüyünə daim xəyanət edən ermənilərin murdar xislətini, vəhşiliyini tarixi və təkzibolunmaz faktlarla göstərir;

çar Rusiyasının, xüsusilə Ukraynanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin həyatı, onların gizli təşkilatlardakı fəaliyyəti haqqında kifayət qədər maraqlı məlumatlar verir;

Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və xilaskarlıq missiyasını yerinə yetirməsindən də müəyyən dərəcədə bəhs edir;

çar Rusiyasının və Sovet dövlətinin müstəmləkəçilik hərəkətlərini, milli siyasətini ifşa etmək baxımından da faydalı məxəzdir.

OTHER NEWS