Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Tofik Mahmud: the "culprit" of good actions - Elnara Akimova

08-02-2024 [ 10:55 ] [ read:154 ]
printerA+ | A-

Tofiq Mahmud uşaq ədəbiyyatının inkişafı yönündə əvəzsiz xidmətləri olan şəxsiyyətdir. Yalnız meydana qoyduğu poeziya, nəsr, dram və publisistika nümunələrinə görə deyil, ümumiyyətlə bu sahədə ardıcıl fəaliyyəti, qoyduğu əmək, məsuliyyət və əzmli yanaşma onun fədakar yaradıcı ömrünün bariz göstəriciləridir.

 

"Əgər bu məhəbbət varsa"...

Tofiq Mahmud çıxış və müsahibələrində uşaq ədəbiyyatı üçün mətn meydana qoymağın çətinlik və məsuliyyətləri haqqında fikir səsləndirmiş, istedad və sənətkarlığı təməl vəzifə kimi yaradıcı insanın qarşısına qoymuşdur: "Bu sahədə uşaq ruhu, psixologiyası ilə yanaşı sənətkarlıq da olmalıdır. Özü də böyük və yüksək sənətkarlıq! Azərbaycan uşaq ədəbiyyatında isə sənətkarlıq məsələsində ciddi qüsurlar nəzərə çarpır. Bir çox əsərlərdə tələsiklik, səthilik, yüngül münasibət duyulur ki, bunlar uşaq ədəbiyyatına ziyan gətirir".

Bu fikirlər Tofiq Mahmudun uşaq ədəbiyyatına yanaşmasında sərgilədiyi ciddi, güzəştsiz mövqeyini meydana qoyur. O, uşaq kitablarının keyfiyyətli şəkildə nəşr olunmasına inadla çalışan müəlliflərdən idi: "uşaq kitablarının yüksək səviyyədə çıxmasına biganə münasibət təhlükəlidir və dözülməzdir. Səliqəli, gözəl geyinən, ağıllı, kamallı uşaqlar hamının xoşuna gəldiyi kimi, onlar üçün buraxılan kitabların da məhz belə səliqəli və gözəl olmağını istəmək də təbiidir, lazımdır və vacibdir. Belə yüksək kitabları buraxmaq, balalarımıza böyük məhəbbət bəsləmək deməkdir. Əgər bu məhəbbət varsa, ümid etmək olar ki, tezliklə həm bədii, həm poliqrafik səviyyəli yüksək kitab nümunələri üzə çıxacaqdır".

Öz yaradıcılığına münasibətdə də Tofiq Mahmudu elə bu mövqedə dayananlar sırasında görürük. Onun mətnləri bu sahədəki boşluğu nəyin bahasına olursa olsun doldurmaq istəyindən hasilə gəlmir, Tofiq Mahmud uşaq dünyasının psixoloji dərinlərinə vaqif olub bu qatın ən mübhəm, ən həssas məqamlarına işıq sala bilirdi, sadə və rəvan təhkiyə ilə hər yaş senzinə malik xüsusiyyətləri məharətlə incələyirdi.

Ədib ədəbiyyata gəlişinin mütaliə ilə bağlı olduğunu qeyd edir bir müsahibəsində. Uşaq vaxtı oxuduğu kitablar, həmin kitabların ona qazandırdığı zəngin bilik Tofiq Mahmudun ədəbiyyatın sirli məkanına əbədi daxil olmasında vəsiləyə çevrilir: "Üçüncü, dördüncü siniflərdən sonra əlimə nə kitab düşürdüsə, mütləq oxuyurdum. S.Vurğunu, S.Rüstəmi və o biri şairləri su kimi içirdim. Uşaq kitablarını xüsusilə çox sevirdim. Cəbrayılın Mahmudlu kəndində yaşadığımız vaxt atam mənə Abdulla Şaiqin "Tıq-tıq xanım" kitabını gətirdi və bu kitab ən sevimli kitabım oldu".

Bəlkə elə bu kitabın onda yaratdığı sirli cazibə sonrakı ömür yolunu bəlirləyən əsas işığa çevrilir, deyə bilərik. Uşaq yazıçısı Abdulla Şaiqin əsərindən yola çıxıb bu sahənin inkişafı, uşaq ədəbiyyatının yeni yöndə pərvəriş tapması naminə ömrünün sonunadək yorulmadan xidmət göstərir. Tanrının bu yolda onun boyuna biçdiyi missiyanın gerçəkləşməsi istiqamətində sərf etdiyi əmək, ehtiva etdiyi potensial, estetik zövq bitkinliyi bizlərə qeyri-adi görünsə də, Tofiq Mahmud üçün adidən adi idi. Əks halda yazmazdı ki, "Özümdə qeyri-adi əlamətlər müşahidə etməmişəm, qeyri-adiliyi ancaq adiliyimdə görmüşəm. Çünki özümü böyük istedad saymamışam, amma ədəbiyyat üçün, xüsusilə çılğın uşaq ədəbiyyatı üçün əlimdən gələni etməyə çalışmışam, indi də çalışıram, yenə nə qədər qüvvəm varsa, köməyimi əsirgəməyəcəyəm".

 

"Yaradıcılıq üçün həyatı bilmək çox vacibdir"  

Tofiq Mahmud bütün ömrünü sözə, poeziyaya bağlı yaşayıb. "Yazmaq üçün mənə nə vaxt, nə şərait, nə imkan lazımdır, təkcə daxilimdə oyanan həvəs, ilham, məhəbbət, od... Bunlar olmayanda mən ölüyəm, elə bil yaşamıram. Ümumiyyətlə, şeir mənim özüm üçün də sirdir, möcüzədir, necə yaranır, necə üzə çıxır, bir allah bilir". Buna baxmayaraq, ilhamı, yaradıcılıq eşqini yazmaq üçün yetərli saymayıb. Daha çox həyatı öyrənməyə çalışıb. Həyatın bütün tərəfləri Tofiq Mahmud yaradıcılığı üçün daim öyrənməyə ehtiyac duyduğu universitet olub. Bəlkə buna görə bütün əsərləri həyata bələd bir insanın beyin məhsulu kimi hasilə gəlib. Şairin fikirlərinə diqqət edək: "Yaradıcılıq qüvvəsi təkcə məhəbbətlə bağlı deyil, bu əsas olsa da, başqa amillər də mütləq böyük rol oynayır. Elə bilirəm ki, yaradıcılıq üçün həyatı bilmək çox vacibdir, həyatdan məhrum olan hər hansı bir əsər susuz arx kimidir! Həyat nəfəsinin güclü olması - əsərin güclü olması deməkdir. Mənə az-çox qüvvə verən gördüyüm, duyduğum bu həyatdır, məni yazmağa sövq edən də odur".

Tofiq Mahmudun şəxsinə məxsus arxiv materialları, əlyazmaları içərisində məktublar xüsusi yer tutur. Bu məktubları ona əsasən xarici ölkə yazıçıları, ədəbi mühitin tanınmış yaradıcı şəxsləri, bir də məktəblilər göndəriblər. Bu məktublarla tanışlıq zamanı bir məqam diqqətimi çəkdi. Tofiq Mahmud onların heç birini cavabsız qoymayıb. Mümkün qədər cavablandırmağa çalışıb. Hətta ən ucqar dağ kəndindən ona ünvanlanan məktəbli məktublarına belə şair sevgi, diqqətlə yanaşmış, gənc dostlarından fikir və məsləhətlərini əsirgəməmişdir. Bu məktubların əksəriyyəti yazıçıya daha çox "Yerə dağılan muncuqlar" əsəri ilə bağlı yazılmışdır. Yuxarı sinif şagirdləri üçün yazılmış bu nəsr əsəri məktəblilərin diqqətini cəlb etmiş, onlarda həyata və əsərə dair çoxlu suallar doğurmuşdur. Tofiq Mahmud cavab məktublarında bu sualların hər birini böyük şövq və ustad ədası ilə cavablayır, doğru bildiyi yolu göstərir, məsləhətlərini verir, gəncləri sabaha, yaşayıb-yaratmağa səsləyirdi. Ümumiyyətlə, insanlara həssaslıq və sevgi ilə yanaşmaq Tofiq Mahmudun ən işıqlı əməl cizgisi olmuşdur. Uşaq ədəbiyyatının fədakar tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Füzuli Əsgərlinin "Tofiq Mahmud bədii yaradıcılığının sirləri" məqaləsində oxuyuruq: "Mən Moldova uşaq yazıçısı Filip Mironovun "Bizi unutmayın, insanlar" adlı kitabının tərcüməsi üzərində işləyirdim. Bu kitabın içindən "Balaca çoban Dumitraş" hekayəsini "Azərbaycan pioneri" qəzetinə təqdim etmişdim və orada dərc olunmuşdu. Bir gün "Azərbaycan" nəşriyyatında rastlaşdıq və o mənim bu tərcüməmi səmimi şəkildə, sevinc içində təriflədi, gördüm ki, mənim uğuruma o da sevinir. Sonra qəzeti Filip Mironova göndərdiyini də bildirdi. Çünki o, bu yazıçını yaxından tanıyır və onunla dostluq münasibətləri vardı. Bəli, Tofiq Mahmud olduqca sadə, səmimi və təvazökar bir şəxsiyyət idi. Bu xarakteri də ona böyük nüfuz qazandırmışdı".

Tofiq Mahmudun yaradıcılığının əsas hissəsi "Göyərçin" jurnalı ilə bağlı olmuşdur. O, "Göyərçin" jurnalında redaktor kimi çalışdığı müddətdə həm öz mətnləri ilə dərginin keyfiyyətli şəkildə çıxmasını təmin edir, həm də digər müəllifləri, şair və yazıçıları uşaq ədəbiyyatı yönündə fəaliyyət göstərməyə sövq etdirirdi. Xalq şairi Cabir Novruz yazır: "Mən həmişə uşaq şeiri yazanda sənin jurnalın, ən əsası, vacibi isə sənin müdrik, xeyirxah, uşaq sifəti qədər təmiz siman yadıma düşür. Açığını deyim ki, bəlkə də sənin nəcibliyin, həsaslığın və diqqətçiliyin olmasaydı mən bu son illərin uşaq şeirlərini yazmazdım. Yazsam da onları mütəmadi "Göyərçin" jurnalına təqdim etməzdim. Bu yaxşı işlərin günahkarı sənsən..."

 

"Bazar təlatümündə mələklər uça bilməz!"

Tofiq Mahmud uzun illər jurnalın bütün ağırlığını tək çiyinlərində daşımış, onu dövrün böhranlı və gərgin situasiyalarından çıxarmağa nail olmuşdur. Vasif Quliyevin məqaləsində bu xüsusda diqqətçəkən maraqlı mülahizələr var: "Son illərdə o biri qəzet-jurnallar kimi "Göyərçin" də maddi cəhətdən pis vəziyyətə düşmüşdü. Jurnalın çıxması, yayılıb satılması üçün isə o, əlindən gələni edir, təhsil şöbələrinin qapılarını döyür, məktəblərə gedir, jurnalı təbliğ edirdi. Dəfələrlə bunun şahidi olmuşam. Bir də görürdün ki, Tofiq müəllim şəhərdə payi-piyada, əlində də jurnal bağlamaları harasa gedir. Lap düzünü desək, o, "Göyərçin"in həm redaktoru, həm əməkdaşı, həm kuryeri, həm fəhləsi idi. Yəni, əsl zəhmətkeş idi. Belə olmasaydı, bəlkə də, redaktoru olduğu jurnalın ildə heç bir nömrəsi də çıxmazdı".

Söhbət çətinliklərlə müşayiət olunan, tarixi taleyimizdə mənəvi və siyasi xaosun, kataklik proseslərin tüğyan elədiyi 1990-93-cü illərdən gedir. Sovetlər Birliyinin dağılması, əvəzində müstəqilliyini qazanan, eyni zamanda Qarabağ problemi, muharibə, işğal ağrıları ilə üz-üzə qalan Azərbaycanın portreti... Belə bir durumda bütün ədəbi jurnalların çapı dayandırılmış, mənəviyyat heç kimə lazım olmayan nəsnə kimi arxa plana keçirilmişdir. Ölkə ziyalıları bu məqamı böyük narahatlıqla qarşılamış, bazar iqtisadiyyatının ədəbi düşüncəni üstələməsini böhran, uçurum kimi dəyərləndirmişlər. Belə həyəcan təbili çalanlardan biri də Tofiq Mahmud idi: "Bir çox nəşrlərin taleyi "Azərbaycan" jurnalı kimi acınacaqlıdır. İki ildən çoxdur ki, Akademiyanın "Elmi xəbərlər"i çap olunmur, "Ulduz" jurnalı kiosklarda çoxdan görünmür. Uşaqlar üçün çap olunan jurnalların, qəzetlərin solğunluğu, keyfiyyətsizliyi, onların da iflasa uğraması dəhşətlidir. 200 min abunəçisi olan "Göyərçin" jurnalının indi demək olar ki, abunəçisi yox dərəcəsindədir. El-el, məktəb-məktəb yayılan, oxunan, sevilən bu jurnalın aqibəti, heç də o biri jurnallardan yaxşı deyildir".

Tofiq Mahmud bütün varlığı ilə bu jurnalın yaşamasına çalışırdı. Həm də anlayırdı ki, hakimiyyət və varlanmaq ehtirasının gücləndiyi bir dönəmdə bunlar boş çabalardır. Onun 1992-ci ildə unudulmaz alim Yaşar Qarayevə bu xüsusda ünvanladığı kiçik bir şeir parçası ədibin zamana və mühitə verdiyi gerçək münasibəti aydın ifadə edir:

 

Dağa dumanlar gələr, göyə buludlar dolar,

Bahar nəfəsi yoxsa çiçəklər aça bilməz.

Ağıl, idrak nə lazım meydan sulasa dollar,

Bazar təlatümündə mələklər uça bilməz!

 

"Uşaq ədəbiyyatının göyərçini", yaxud düzlük, xeyirxahlıq timsalı

Tofiq Mahmud ədəbiyyata gəldiyi ilk vaxtlarda Səməd Vurğun, İslam Səfərli, Gülhüseyn Hüseynoğlu, Mirzə İbrahimov və digər ədəbiyyat adamları ilə ünsiyyətdə olub, onlardan görüb-götürüb.

O, dövrünün bütün görkəmli şair və yazıçıları ilə doğma, məhrəm münasibətdə olub. Onunla bağlı qənaətlərdə, dost yazılarında Tofiq Mahmudun təmiz və təmənnasız, nəcib və fədakar insan kimi dəyərləndirilməsini bu gözəl şairin bəlkə də qazandığı böyük mükafat hesab etmək olar. Xüsusilə xalq şairi Məmməd Araz uşaq ədəbiyyatının bu yorulmaz cəfakeşindən daim sevgi ilə bəhs etmiş, onun istedadı ilə bərabər insanlığını xarakterizə edən çalarlara da vurğu salmağı unutmamışdır. Şairin ona ünvanladığı məktubların birində oxuyuruq: "Sənin rəngarəng yaradıcılığının çox böyük hissəsini Azərbaycan uşaq ədəbiyyatının təbliği, onun müxtəlif dillərdə tərcüməsinin təşkili məsələləri tutur. Səni müxtəlif ədəbi görüşlər zamanı müşahidə etmişəm: uşaqlarla görüş zamanı əsil mənada dönüb uşaq olursan. Onlara qarışıb oynamaq, gülmək, uşaq kimi əl çalmaq, atılıb-düşmək istəyirsən".

Tofiq Mahmudun uşaqlara bəslədiyi doğma, ruhsal sevgidən ondan yazan bütün müəlliflər bəhs ediblər. Onun bir şair kimi həyatda qazandığı ən ali status bəlkə də elə budur. Uşaqları sevmək istedadı! Buna nail olmaq üçün təbii ki, ürəyini uşaq qəlbi kimi saf və təmiz saxlamaq əsas şərtdir. Tofiq Mahmud dünyadan köç edəndə uşaq şairi Rafiq Yusifoğlu ona elə mərtəbədən nəzər yetirərək yazırdı: "Təmizliyiniz bəlkə də çoxlarımıza nümunə ola bilərdi... Sadəlöhvlüyünüz sizi ömrünüzün ixtiyar çağında da uşaq kimi məsum saxlamışdı. Dünyada ən çox sevdiyiniz uşaqlar idi. Dünyaya uşaq kimi məsum gəlib, dünyadan uşaq kimi məsum köçdünüz...

Şairin ölümündən sonra, 1999-cu ildə "Cümə axşamı" qəzetində onun "Ağrılar" şeiri çap olundu. Bu şeirdə Tofiq Mahmudun son illərdə yaşadığı bütün ağrı və əzabların şəkli, obrazı var. Bir də bu əzablar içində hələ də pərvazlanmaq, göylərə, zirvələrə qanad çalmaq arzusunda olan şair qəlbinin döyüntüləri, son çırpınışları...

 

Dağdan yuvarlanan bir daş kimiyəm,

İtəcək bir damla, yağış kimiyəm.

Uçub dağılsa da böyük dağ eşqim,

Duyuram, güclüdür yaşamaq eşqim!

             

"Mütaliəsiz bir günümü təsəvvürə gətirə bilmirəm"

Tofiq Mahmud gözəl bədii nümunələrin müəllifi olmaqla bərabər, Azərbaycan, rus və Avropa ədəbiyyatının oxucusu, onları dəyərləndirməyi, təhlil etməyi bacaran söz sərrafı idi. Tərcümə etdiyi mətnlər də vardı. Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitablarını Azərbaycan dilinə çevirmiş, həmçinin öz əsərləri də müxtəlif dillərə tərcümə olunmuşdur. Onun yaradıcılıq arsenalında həm nasir, şair kimi bəhrələndiyi, həm də gələcəyinə böyük ümidlərlə yanaşdığı müəlliflər saysız-hesabsızdır. Tofiq Mahmud klassik yazarlar - Abbas Səhhət, Əhməd Cavad, Mikayıl Müşfiq, müasirləri - Mikayıl Rzaquluzadə, Mehdi Seyidzadə, Əhməd Cəmil, Süleyman Rəhimov, Əbülhəsən, Hikmət Ziya, Məmməd Araz, İsa Hüseynov, Əli Kərim, Rəsul Həmzətov, Hüseyn Abbaszadə, Əliağa Kürçaylı, Cabir Novruz, Teymur Elçin, Xanımana Əlibəyli, Zahid Xəlil, İlyas Tapdıq, Rafiq Yusifoğlu, Vaqif Bəhmənli, Azər Abdulla, Ələkbər Salahzadədən son dərəcə böyük sevgi və həssaslıqla bəhs edir, onların əsələrindəki gərəkli olan ən kiçik nüansı belə önə çəkib qiymətləndirməyə çalışırdı. Amma daha çox diqqət yetirdiyi nüanslar onların şəxsiyyəti ilə bağlı işıqlı notlar və yaradıcılıqlarının uşaq ədəbiyyatı ilə bağlı olan tərəfi idi. Bu tərəfləri həssas bir nəzərlə aktuallandırmaq isə Tofiq Mahmudun özünün həyat həyat və yaradıcılıq idealına daxil olan missiya idi.

Tofiq Mahmudun eləcə də rus ədəbiyyatından Aleksandr Blok, Nikolay Tixonov, alman ədəbiyyatından Henrix Heyne və digər onlarla tanınmış şair və nasir haqqında olan düşüncələri sistemli bir mütaliə həvəsinin, dünya ədəbiyyatına bələdlik coşğusunun gətirdiyi dalğa olsa da, nəticədə ona ədəbiyyat, sənət yolu, insan və onun yaşantılarının təcəssümü ilə bağlı yeni həyat materialı, şair, nasir təcrübəsi aşılayırdı: "Onsuz (mütaliəsiz - E.A.) bir günümü təsəvvürümə gətirə bilmirəm. Onda (uşaqlıq illərində - E.A.) ən çox Henrix Heyneni oxuyurdum, böyük alman şairi qəlbimə elə yol tapmışdı ki, onun hər şeiri mənə möcüzə kimi gəlirdi".

 

"Ədəbiyyata öz nəfəsi, öz sözü ilə gəlmək-səadətdir"

Tofiq Mahmudun sovet dövründə "Azərbaycan müəllimi" qəzetində çalışmasını, uzun illər "Göyərçin" jurnalına rəhbərlik etməsini ədəbiyyatın xeyrinə hesablanmış missiya adlandıra bilərik. Sovet ideologiyasının milli-mənəvi dəyərlərə, yaddaşa, tarixi abidələrə və keçmişimizə qarşı apardığı ziyanlı təbliğatın əksinə olaraq, bu cür mötəbər iki instansiyaya xalqına, onun milli-mənəvi dəyərlərinə sadiq olan, onu canı, qanı qədər sevən bir ziyalının rəhbərlik etməsi az əhəmiyyətli məsələ deyildi. Bu, məhz, tarixi yaddaşın qorunması, nəsildən-nəsilə zədəsiz ötürülməsi demək idi. Şairin qızı Yadigar Mehdiyeva yazır: "Bəzən Tofiq Mahmudu emosional pafosuna, patetikasına görə qınayırdılar. Lakin şair pafosu Sovetlər Birliyi zamanında çox qələm əhlinin müraciət etdiyi kommunist partiyasına və ya hər hansı siyasi quruma deyil, insanı hisslərə, humanizmə həsr olunub".

Görünür, dövrün bir çox başqa yaradıcı şəxsləri kimi Tofiq Mahmud da içində yğılıb qalan ağrı və nisgillərdən yan keçə bilməmişdir. Bunun nəticəsi idi ki, şair sovet hökumətinin iflasından az sonra repressiya qurbanlarının həyatından bəhs edən mətn yazdı, bu mövzuya müraciət etməyi borc bildi. Şairin "Qara kitabın ulduzları" poemasında hər səhəri qanla açılan 1937-ci ilin ağrılı obrazı yaradılmış, böyük ədib Yusif Vəzir Çəmənzəminlinin simasında sistemin yazıçıya divan tutması, onları milli-ədəbi təfəkkürdən yox etmə çabaları, xalqın dəyərli ziyalılarının mənfur rejimin güdazına getməsi prosesi bədii ifadəsini tapmışdır:

 

Sən - otuz yeddinci il,

Həm qəddar, həm əzazil!

Hamı başı aşağı...

Boğulur qara rəngdə.

Ulduzların işığı!

Sən - qapqara bir kitab,

Həm əzab, həm iztirab!

Hər yerə baş çəkərək

Tüğyan edir qara rəng!

 

Tofiq Mahmudun "Yola çıxıram", "Dibçək", "Buzovna qayaları", "Açıqdır pəncərəm", "Alpinistlər", "Meşədə səs", "Ana qucağı", "Qızımın sualları", "Dalğalar", "Ulduzlar", "Düşüncələr", "Kəpənək gözəlliyi" və s. kimi yazdığı kitablarda, qələmə aldığı şeirlər, mənzur nağıllar, dram əsərləri və poemalarında uşaqlarımızın dünyasına dair ən munis, ən təmiz hisslər mətnə gətirilmişdir.

Tofiq Mahmud şeirdə, uşaq ədəbiyyatında ilk addımlarını atdığı zamandan etibarən istedadı fərq edildi. Ondan dövrün tanınmış ədəbi ziyalıları, tənqidçiləri inam, şövqlə bəhs etdilər. Əsərləri ədəbi mühitin təhlilinə həsr olunmuş yazılarda diqqəti cəlb edir, müxtəlif oçerk və məqalələrin tədqiqat predmetinə çevrilirdi. Görkəmli tənqidçi Qulu Xəlilov gənc şairə "uğurlu yol" arzulamağı özünə borc bilirdi: "Ədəbiyyata öz nəfəsi, öz sözü ilə gəlmək-səadətdir. Bu cəhət, adətən, hər bir həqiqi şairin hələ ilk qələm təcrübələrindən özünü göstərir. Gənc şair Tofiq Mehdiyev də belə müəlliflərdəndir. Mən sənin səmimiyyətinə, qəlbinin təmizliyinə çoxdan inanmışam".

Digər görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilov 1970-ci ildə "Azərbaycan" jurnalında çap olunan "Uşaqlar üçün böyük ədəbiyyat yaradaq" məqaləsində yazırdı: "M.Rzaquluzadənin, R.Rzanın, M.Seyidzadənin, T.Elçinin, Ə.Babayevanın, H.Abbaszadənin, M.Dilbazinin, X.Hasilovanın, H. Ziyanın, N. Xəzrinin, Ə. Əsgərovun, E.Ağayevin, Z.Cabbarzadənin, T.Mütəllibovun, Tofiq Mahmudun, İ.Tapdığın məlum əsərləri ona görə uşaqların stolüstü kitabları olmuşdur ki, qələmə alınan mövzu quru, ritorik tərzdə deyil, səmimiyyət və ilhamla nəql edilib".

Tofiq Mahmud 1961-ci ildən fəaliyyət göstərdiyi "Göyərçin" jurnalında maarifçi və redaktor kimi müəyyən zövq sərgiləməklə bərabər, eyni zamanda özünün yazdığı şeir, poema və mənzum nağıllarla da uşaqlarımıza lazım olan köməyi göstərmişdir. Həm tarixi abidələri tanıtmış, Azərbaycanın gözəlliklərini vəsf etmiş, həm də hər bir uşağa vətənin qədrini bilmək hissini təlqin etmişdir. "Göyərçin" jurnalının hazırki baş redaktoru, filologiya elmləri doktoru Rafiq Yusifoğlu Tofiq Mahmud haqqında yazır: "Tofiq Mahmud həyatını, ömrünü uşaq ədəbiyyatına, uşaq mətbuatına həsr etmişdir. "Göyərçin" jurnalının redaksiyasında göyərçin xislətli bir ömür yaşayırdı. Özündən sonra göyərçin xislətli bir xatirə qoyub getdi. Nağılları, şeirləri, poemaları "Göyərçin"in səhifələrində gələcək nəsillərə yadigar qaldı".

 

"Bütün dünyada ən ülvi nemət poeziyadır"...

Tofiq Mahmudun şeirlərinə diqqət yetirəndə onların müxtəlif mövzuları əhatə etdiyini görürük və bu şeirlər daha çox Azərbaycan gözəlliyinə, Azərbaycanın təbiətinin vəsfinə həsr olunan şeirlərdir. Bu şeirlərdə vətənin müxtəlif yönlərinin, qədimlik və tarixiliyinin epik panoram miqyaslı təsvirləri var. Gözəlliyi daha çox təsvir və tərənnüm edərək balaca oxuculara çatdırmaq və tanıtmaq əsas məqsədə çevrilir. Azərbaycanın ən dəyərli tarixi abidələrinin, müxtəlif vilayətlərin, rayonların, çayların, göllərin, dağların hər biri Tofiq Mahmud şeirlərində xüsusi dəyər alır. Bu şeirlərin adlarını səsləndirmək yetər ki, Tofiq Mahmud qələminin hansı çevrələr cızdığı, hansı dairələrdə qələm işlətməyi üzə çıxsın. Diqqət edək: "Kəlbəcər yolları", "Girdimançay","Qara Nohur", "Lahıc ustaları", "Baskal", "İçərişəhər", "Nabran", "Salam Kəpəz", "Göygöl", "Qaragölə gedən cığır", "Axşam düşür Göygölə", "Güzgügöləm mən", "Maralgöldə", "Xəzərin sahilləri", "Ceyranbatan", "İstisu", "Tərtər çayı və çiçəklər", "Talıstan", "Yadıgar qala", "Günəşli məqbərə". Tarixiliyi və gözəlliyi özündə daşıyan elə bir abidə, yurd yeri, dəyər nişanəsi yoxdur ki, Tofiq Mahmudun nəzərlərindən kənar qalsın.

Tofiq Mahmudun şeirlərindəki əfsanələrə, xalqın genetik yaddaşına bağlı rəvayətlərə əsaslanmaq məramının mahiyyətində də bu amillər dayanır. Onun "Günəşli məqbərə" şeirində Naxçıvanda tikilən Əlincə qalasını tərənnüm etməsi fikirlərimizə sübutdur.

Eləcə də məktəbə və məktəbliyə, ana dilinə həsr etdiyi, öz övladları ilə dialoq üstündə qurulan şeirlər, dostluqla, heyvanlarla, bitkilərlə bağlı yazdığı mətnlər şairin yaradıcılığında ətraflı və konseptual olaraq sərgilənmişdir. Məsələn, onun "Göyqurşağının rəngləri", "Su zanbağının nəğməsi", "Sehirli qılınc" kimi mənzum nağılları, yaxud poemalarının hər birində uşaqların daha çox xeyirxahlığa, nəcibliyə səslənişi, onların tərtəmiz dünyaları, əxlaqlı, ləyaqətli bir insan kimi yetişmələri yönündə iştirakı əsas yer tutmuşdur. Bu şeirlərdə müəllif düşüncələrini rəvan dillə, uşaqların anlayacağı tərzdə, həm də əyləncəli üslubla mətnə gətirməyə çalışır ki, həm uşaqların hafizəsinə hopsun, yaddaqalan olsun, həm də onlar üçün maraqlı təsir bağışlasın. "İlk dəfə" şeirində olduğu kimi. Şair hərflərlə ilk tanışlığa başlayan uşağın maraq dünyasını rəvan dil və sadə ifadə tərzində qələmə almağa çalışmışdır:

 

Süsən kitab oxuyur,

Bu gün səhərdən bəri.

Görün necə tanıyır

Bircə-bircə hərfləri.

Gözləri işıqlanır

Qəlbində sevinc duyur.

Axı ilk dəfədir ki,

Özü kitab oxuyur.

 

Poeziya Tofiq Mahmud üçün hər zaman müqəddəs məbəd oldu. "Ədəbiyyat İnstitutunun suallarına verdiyi cavablar"da belə bir qeydi var şairin: "Daxili, mənəvi böhranlar, tərəddüdlər, əzablar çəksəm də, hətta bəzən poeziyadan uzaqlaşmaq fikrinə düşsəm də, müvəqqəti fasilə versəm də, ondan uzaqlaşa bilmədim". Bunu ədibin yaradıcılığı ilə yaxından tanış olduqda görməmək mümkün deyil. Tofiq Mahmud ömrünün son günlərinə qədər şeirdən, poeziyadan ayrı düşməyib. Əksinə, lirika, romantik düşüncənin qanadında pərvazlanan duyğuları ona yaşamaq, yaratmaq üçün daha çox stimul verib. Əks halda deməzdi ki, "bütün dünyada ən ülvi nemət poeziyadır, onsuz həyat solğun və mənasız görünərdi".

 

Yaradıcılıq qayəsi: bütün hallarda İşığa inanmaq!

   Tofiq Mahmudun nəsri, dram yaradıcılığı, hətta publisistikası onun poeziyadakı missiyasının davamıdır. Nəsrinin sirayətedici gücündən nəinki öz zamanında, hətta dünyasını dəyişəndən sonra belə heyranlıqla bəhs edən yazılarla qarşılaşırıq. Gənc nəslin tanınmış imzalarından olan yazıçı, esseist Cavid Qədir "Söz dünyamızın Tofiq Mahmud güşəsi" məqaləsində Tofiq Mahmud yaradıcılığına yeni nəslin gözü ilə baxır, yazıçının sözlə işləmək ustalığını önə çəkir: "Tofiq Mahmudu "Uzaqda ucalan dağlar"la tanımışam. Uzağı anlatmaq lazım gəlsə, bu əsəri misal çəkərəm. Romanda bir az magik tərzdə uzaqlıq var. Əlini uzatsan çatası məqamlarda da nəsə iraqlıq, özgəlik, tənhalıq sezilir. ... Tofiq Mahmudun zəngin yaradıcılıq yolunda son irihəcmli əsəri "Uzaqda ucalan dağlar" olub. Tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyatından bəhs edən, müəyyən mənada sənədli romandır. Yazıçı bu əsərin ərsəyə gəlməsi üçün 5 il araşdırma aparıb, Kəngərlinin getdiyi, yaşadığı yerləri qarış-qarış gəzib, müxtəlif adamlarla söhbət aparıb".

Yaxud filologiya üzrə fəlsəfə doktoru Hicran Nəsibova Tofiq Mahmud yaradıcılığındakı əhəmiyyətli məqamlara diqqət çəkərək onlardan gələcəkdən faydalanmaq gərəkdiyini vurğulayır: "Uşaqlarımız üçün cizgi filmləri və ya qısametrajlı bədii filmlərin çəkilməsinə ehtiyac olduğu indiki zamanda Tofiq Mahmudun uşaq hekayələrinə müraciət etmək məqsədəuyğun və gərəklidir".  

Tofiq Mahmud hər hekayəsi, hər nağıl, hər əfsanəsində kiçik yaşlı uşaqların, gənclərin mənəvi tərbiyələnməsinə xidmət edən nə varsa onları dürüst mövqedən mətnə gətirməyi sevirdi. 

Onun xitab etdiyi təbəqə uşaqlar idi. Bu mənada, Tofiq Mahmudun bütün mətnlərinin hamısında eyni məslək, eyni məram ehtiva olunur: gənc nəslin sağlam ruhda böyüməsi, vətənpərlik duyğularının uca tutulması, yurd gözəlliklərinin tərənnümü, mənəvi dəyərlərin qorunması, dostluq, yoldaşlıq kimi məfhumların mahiyyətinin dərki, zəhmətə, halallığa alışmaq, xeyirxahlıq və nəciblik kimi insani hisslərin itməməsi və bir də bütün hallarda İşığa inanmaq! Əgər gözəl uşaq yazıçısı Xanımana Əlibəylinin bütün yaradıcılığını simvolik olaraq bircə kəlmə ilə xarakterizə etmək lazım olsaydı bu söz, şübhəsiz Günəş olardı. Bəs Tofiq Mahmud üçün? İşıq! Bu bir kəlmə Tofiq Mahmudun həm şəxsiyyətini, həm də yaradıcılığını aydın ifadə edir. Onun "İşıq" adlı əfsanəsi də var. Burada müəllif dəmirçi Əhmədlə xəsis tacirin mənəvi dünyasındakı fərqi məhz, insanın daxilində işığa münasibətdə meydana qoymağa çalışır. Belə ki, Dəmirçi Əhmədin pəncərəsindən gələn gur işıq ətrafda olan hər kəsi sevindirsə də, xəbis tacirin həsədinə səbəb olur. Dərviş tacirə "get bazardan çıl-çıraq, qəndil, al, as evindən", - deyə ironiya edir. Bunu anlamayan taciri başa salmaq üçün onu dəmirçinin evinə aparır və buradakı səmimiyyəti, mehribanlığı, xoş rəftarı, az ruzi ilə xoşbəxt olmaq şövqünü tacirə göstərərək deyir:

"İndi bildinmi dəmirçi Əhmədin evi niyə işıqlıdır. Çünki onun ürəyi işıqlıdır, ürəyi! Camaat onu çox sevir, evini də həmişə işıqlı görür. Dəmirçi əsl insan kimi yaşayır. Evinin qapısı hamının üzünə açıqdır".

Bir də "Kəpənək gözəlliyi" adlanan bir poeması var Tofiq Mahmudun. Həyatın mənasını, məqsədini anlatmaq üçün bu kiçik poema çox söz deyir. Güldən-gülə qonan, hər çiçəkdən bir rəng, bir gözəllik alaraq yaşayan kəpənək həyatın mənasını bu gözəllikləri hiss edərək yaşamaqda görür. Amma qarğa ona bu adi sevincdən xoşbəxt olmaq hissini bağışlaya bilmir, anbaan kəpənəyi təqib edib məhv etməyə çalışsa da yaxalamağa müvəffəq olmur. Hər dəfə yaxınlaşanda kəpənəyin ona etina etməyərək çiçəkdən çiçəyə qonduğunu görür. Çünki kəpənək zərif çiyinlərində ətirli rənglər daşıyır və özünün azad və xoşbəxt həyatından məmnundur:

 

Bu çəməndə bircə rəng

Gözdən kənar qoymadı,

Özü gözəl kəpənək

Gözəllikdən doymadı.

Elə ki, güllər soldu,

Kəpənək də yox oldu.

Bitdi ömür karvanı.

Ancaq dünya yaşadı,

Az olsa da, dünyanı

Duya-duya yaşadı.

 

***

Belə... İllər keçir. Amma Tofiq Mahmud kimi gözəl sözə, gözəl duyğulara və ən əsası, gözəl ömrə ürək qoyub gedən insanlar ədəbi yaşamaq və zamanla yaşlanmaq statusu qazanırlar. Çünki həyatına və ruhuna güldən qanad taxanlar üçün parvazalanacaqları bir ünvan var: əbədiyyət!

OTHER NEWS