Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

"I moan, my luck moans..." - Salah Novres‘ poetry, delivered by Gazanfar Pashayev

02-02-2024 [ 13:16 ] [ read:146 ]
printerA+ | A-

İraq-Türkman şairləri silsiləsindən - Salah Növrəs

Təqdim etdiyim Salah Növrəs haqqında məlumat Dr.Şəmsəddin Kuzəçinin ikicildlik "Kərkük şairləri" kitabı əsasında tərtib etdiyim "İraq türkman poeziya antologiyası"  II kitabdan götürülmüşdür (Bakı, "CBS PP", 2021, 373-381 səh.)

 

Salah NÖVRƏS

Qabaqcıl çağdaş türkman şairlərindən biri sayılan Salah Növrəs 1941-ci ildə Kərkükün Musalla məhəlləsində doğulub. Orta məktəbi bitirdikdən sonra Kərkükdə pedaqoji peşə məktəbinə daxil olub, 1961-ci ildə bədən tərbiyəsi  müəllimi olaraq məzun olduqdan sonra müxtəlif məktəblərdə işləyib.   

1970-ci ildə sənətçi dostlarının köməkliyi ilə Türkman Milli futbol komandasının yaradılmasına rəhbərlik edib. Müəllimlik peşəsini 1987-ci ildə, təqaüdə çıxana qədər davam etdirib. 1995-ci ildə siyasi səbəblərdən əvvəlcə, Türkiyəyə, daha sonra Avstraliyaya mühacir olaraq köçmək məcburiyyətində qalıb. Hal-hazırda da orada yaşayır.

Şeirə qarşı həvəsi gənc yaşlarında başlayan Salah Növrəs, həvəskar olaraq Kərkük Sənət Teatrının tamaşalarında iştirak edirdi. İraq türkləri arasında 1958-ci ildə baş verən Yeni Türk Ədəbiyyatı Hərəkatına maraq göstərməyə başlayıb. Daha sonra bu axının ən coşğulu müdafiəçisi olub. Əvvəllər köhnə şeir qəliblərinə qarşı çıxaraq sadələşmə cərəyanında çox irəli gedib.

Sərbəst şeirdə Nəsrin Ərbil ilə birlikdə İraq türkman şairləri arasında önəmli bir yerə sahibdir. 1969-cu ildə doğuş əsnasında həyat yoldaşını və övladını itirdiyinə görə, keçirdiyi böyük sarsıntı, bütün sənət anlayışına və əsərlərinə böyük təsir göstərib. Sənət dünyası və şeir dili yeni bir yüksəliş mərhələsinə keçib.

Çoxşaxəli çalışmaları ilə İraq türkmanları arasında yeni ədəbiyyatın ən tanınmış təmsilçisi olmuşdur.

Tərtibçidən: Yaxşı yadımdadır, 1994-cü ildə Füzulinin 500 illik yubileyi münasibətilə 128 nəfərdən ibarət nümayəndə heyəti Bağdada gedəndə bizə Kərkükə getmək qismət oldu. Kərküklü şairlər - Məhəmməd Mehdi Bayat, Salah Növrəs və başqaları da bizim avtobusda idilər. Onlar xoyrat və şeirlər oxudular. Salah Növrəs "Bən inlərəm, bəxtim inlər" və "Şeirim" adlı şeirlərini oxudu. Ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar Qarayev gözlənilmədən dedi: "Əsl şeir, əsl şair belə olar". Hamımız Salah Növrəsi alqışladıq. Sonralar akademik Tofiq Hacıyev şairin "Bən inlərəm, bəxtim inlər" şeirini təhlil edərək yüksək qiymətləndirmiş, "bəxtim" və "sildi-süpürdü" məcazının təmiz Azərbaycan dilində olduğunu xüsusi vurğulamışdır. 

Salah Növrəslə ikinci görüşüm İstanbulda oldu. Kərkük Vəqfi "İraq Türkman folkloru" kitabımı nəşr etmişdi. Bu kitab Kərkük Vəqfinin çap etdiyi ilk kitab idi (İstanbul, 1998, sayı №1). Kitabın təqdimatını keçirmək üçün məni, akademik Bəkir Nəbiyevi, Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru Prof.Dr.Yaşar Qarayevi və "Ədəbiyyat qəzeti"nin baş yazarı Ayaz Vəfalını təqdimata dəvət etmişdilər. Təqdimat 1999-cu ilin 12 fevralında keçirildi. Səhərisi gün bizim üçün ayrılan "Fırat" mehmanxanasında Kərkük Vəqfinin qurucusu İzzətdin Kərkük, Prof.Dr.Suphi Saatçı, Prof.Dr.Mahir Naqıb və Salah Növrəs bizə baş çəkdilər. Salah Növrəslə xeyli söhbət etdik. Həmin gecə - 1999-cu ilin 13 fevralında Salah Növrəs ailəsi ilə birgə əlçatmaz, ünyetməz, çox uzaq Avstraliyaya yola düşdü. Bu gün də təəssüflənirəm ki, imkanım olduğu halda ona yardım etmədim.

Salah Növrəsin yaradıcılığı ilə Azərbaycanda oxucular tanışdırlar. Dr.Ə.Bəndəroğlu ilə birgə hazırladığımız "Çağdaş İraq şeirindən seçmələr" adlı kitabda  (Bakı, 2001, s.90-93) şairin yaradıcılığına layiqli yer ayırmışdıq. Şairin: "Bən inlərəm, bəxtim inlər", "Dünya gözəli", "Köşkümüz" şeirlərini həmin kitabdan götürərək buraya əlavə etməyi münasib bildim.

Qəzənfər PAŞAYEV

 

 

Bən inlərəm, bəxtim inlər

Bən inlərəm, bəxtim inlər,

 

Yalvarışım nafilədir.

Dizi-dizi keçən günlər,

Gör, nə həzin qafilədir.

 

Bu qafilə, nə qafilə?!

Məsafələr silər, keçər.

Mənim kimi hər qafilə

Gənclik salam verər, keçər.

 

Hər şeyi aldı, götürdü,

Bayquşundu xərabələr.

Bülbülləri sildi-süpürdü,

Qaldı yetim xatirələr.

 

 

Dünya gözəli

Madam sənsən mənə hər şeydən yaxın,

Bir an belə məni unutma, saqın.

Məni sərməst edən sənin bu eşqin,

Dünya durduqca dur, dünya gözəli.

 

İnan mənə, artıq inan, mələyim,

Sənin üçün açmış könül çiçəyim,

Artıq sənin olsun arzum, diləyim,

Dünya durduqca dur, dünya gözəli.

 

Desəm ki, canımın cananısan sən,

İnan ki, ən məmur cahanısan sən,

Eşqin məndə güclü imkanısan sən,

Dünya durduqca dur, dünya gözəli.

 

 

Köşkümüz

 

Atam təməli qoydu,

Divarları mən yapdım,

Tavan oğluma qaldı.

 

Zər qaldı, bəzək qaldı,

Gül qaldı, çiçək qaldı,

Bal verən pətək qaldı.

 

 

Mən mən deyiləm

 

Arxamda toz, duman, qarşımda çən var,

Gedirəm, vəsiqəm yox üzərimdə.

Cənnətim sandığım xəyal şəhrində

Otaq kif qoxuyur, tavanda his var.

 

Taxta divarlardan usandığımda

Bu dəmir qapını yanlışmı döydüm?

Getdiyim yuxudan oyandığımda

Əshabi-kəhf kimi dünyasız qaldım.

 

Yurdumu itirdim, qeyb oldum mən də,

Narahat bir canım yanlış bədəndə.

Uçma şahinim, uçma, qeyb olma sən də,

Qonduğun hər yerdə şəffaf qəfəs var.

 

Yuvam hansı dalda, hansı budaqda?

Eşqim hansı könül, hansı qucaqda?

Mən o mən deyiləm o mən bu anda

Kərkük də çırpınır künc-bucaqda.

 

 

Bir ulduz

 

Bir qanad pəncərə aça bilsəydim,

Gecənin bağrını dələr, keçərdim.

Köçəri quşlarla mən də köçərdim,

Üfüqdə bir ulduz seçə bilsəydim.

 

 

Şeirim

 

Mənim şeirim latın köklü deyildir.

Seçmələrə məxsus xoylu deyildir.

Yığma dilli, azad boylu deyildir,

Yelkən açmaz orta çağın bəhrinə.

 

Ritm, ahəng, rəmz məcazidir,

Misralarda qafiyə də gülümsər.

Sərbəst, heca elə azad, sərbəsər

Üz çevirməz rəmzlərin sehrinə.

 

Təklik deyil, çoxluq üçün söz arar,

Gerçək üçün həp gəlinlik qız arar,

Həm də fizik ötəsində iz arar

Damğalanmaz axımcının mahina.

 

 

İnsan olmaq

 

Soruşma məndən sürəsini zamanın

Özündən soruş, sirrini bil cahanın.

Ərimək üçün şərti üçdür insanın:

Allah eşqi, Vətən eşqi, Yar eşqi.

 

Yüz hikmət var əsişində yellərin,

Min ibrət var solmağında güllərin,

Nəğməsində üç səda var tellərin,

Allah eşqi, Vətən eşqi, Yar eşqi.

 

Başa gəlsə, sitəm etmə cəfadan,

Məğrur olma çəkdigin kef-səfadan,

İnsan olan caymaz üçlü cəfadan,

Allah eşqi, Vətən eşqi, Yar eşqi.

 

 

Gəlirəm, gözlə

 

Çıx Topqapıda dur, gəlirəm, gözlə,

Əl salla bir atlı görsən, uzaqda.

Leylək kimi uç, get, ilk kəpənəklə

Ən son ulduza çat, qon o məkanda.

Növrəsçün darıxsan, mehribanlıqla

Kərküklərdə axtar küncdə-bucaqda

 

 

Könül quşum

 

Könül quşum uçduğu gün

            çıxdım qala damına,

Hər bağlı pəncərənin

            bir daş vurdum şüşəsinə.

Qara gözlüm, harda qaldın,

            getdin girdin qanıma?

Qaranlığı tez gətirdin ömrümün axşamına.

 

Gecəm sənsiz uzun çəkdi,

            barı, sabah erkən gəl,

Həm dan yeri ağararkən,

            həm şəfəq sökərkən gəl.

Yetər ki, gəl, yetər ki, dön,

            son ver sənsizliyimə,

İstər xoşbəxt, istər qəmli,

            istər dərd çəkərkən gəl.

OTHER NEWS