Ədəbiyyatla film, ədəbiyyatla teatr arasında əlaqə nə qədər zəifləyirsə, zəifləsin (son illərdə bu, daha aydın görünür), o hər zaman hər iki sahə üçün baza, özül rolunu oynayıb. Oynamalıdır da.
Elçinin nəsri öz məzmunu, zəngin obrazlar, tiplər və xarakterlər aləmi, qaldırılan və təhlilə çəkilən problemlərin fərqliliyi ilə 60-cı illərdən bəri Azərbaycan kino sənəti üçün bir çox maraqlı materiallar verib. Lakin ekrana yol tapmamış (cəmi 1 dəfə göstərilmiş) bir filmi haqqında yazılanlara, ona verilən reaksiya ilə bağlı qeydlərə rast gəldikdə, filmə baxmaq istədim. Əlbəttə, Bədii mətn səhnələşdirilərkən, nələrsə itirə də bilər, qazana da (bu məqamda qazandığını demək olar!). Amma anlaşılmaması?! Mahiyyətin sapdırılması? Maraqlı gələn məhz bu idi...
Ümumiyyətlə, Elçinin kinopovestlərində, ssenarilərində təsvirə gətirilən mühitin özünəməxsus koloriti, obrazların və xarakterlərin orijinallığı, milli, mənalı və əsaslandırılmış detal və təfərrüatların varlığı (məsələn, "Baladadaşın ilk məhəbbəti" və "Sahilsiz gecə"dəki papaq kimi, arzuların, xəyalların simvoluna çevrilən gümüşü furqon kimi), yerli mühitin və məişətin ən xarakterik xüsusiyyətlərinin təsviri, cəmiyyətdə hər zaman var olan, lakin dilləndirilməyən və ya ehtiyatla dilləndirilən problemlərin qaldırılması və s. kino yaradıcılığı sahəsində də maraqlı nəticələr əldə edilməsinə səbəb olub. Müəllifin təhkiyəsi, təsvir incəlikləri əsərlərinə "görümlülük" bağışladığı, əsərlərində kinodramaturgiya elementləri olduğu üçün onların ssenarilərə və filmlərə çevrilməsi təbiidir. Digər tərəfdən də, onun hər zaman böyük problemləri, başqalarının bir çox hallarda toxunmağa cəsarət etmədiyi məsələləri qabartmağa çalışması, istər sosial bərabərsizliyin insanlararası münasibətlərə təsiri ("Baladadaşın ilk məhəbbəti" bu baxımdan təhlilə çox cəlb edilməsə də, filmin ən yaddaqalan xüsusiyyətlərindən biri budur. Eyni zamanda da "Bağ mövsümü" filmində...), istər xarakter bütövlüyünün, əxlaqın və əxlaqi dəyərlərin vacibliyinin ifadəsi, istər, "bu cəmiyyətdə vicdanı olan və satılmayanlar da var" ismarıcının ötürülməsi, istərsə də, repressiya və müharibə kimi qlobal problemlərin talelərə və mənəvi-əxlaqi münasibətlərə təsiri dövr və mühit üçün cəsarətli şəkildə ekrana gətirilmişdir. Düzdür, bəzən bu filmlərin qabartmağa çalışdığı problemlər bir kənarda qalmış və ekran əsərləri hansısa, süni əxlaq gözətçilərinin "qaragüruh" münasibəti ilə də qarşılaşmışdır. Məsələn, "Sahilsiz gecə" filmində olduğu kimi. Maraqlıdır ki, filmin, az qala, bağıraraq "repressiya edilmiş ailənin qızı"nın, "kulak qızı"nın taleyindən bəhs edən əhvalatı, ağrısı, faciəsi bəsit, üzdən bir şəkildə "sosial əxlaqsızlıq" səviyyəsinə endirilmiş, yalnız bu müstəvidən daha çox təhlilə çəkilmişdir. Halbuki məsələnin və filmin mahiyyətində tamamilə fərqli mətləblər gizlənibdir.
Film "Toyuğun diri qalması" povesti əsasında və SSRİ Dövlət Radio və Televiziya Komitəsinin sifarişi əsasında ekranlaşdırılıb (rejissor Şahmar Ələkbərzadə). İlk baxışdan, müharibə dövrünün insanlarının həyatı, çətinliklərə dözə bilməyərək əxlaqsızlıq yolunu seçən qadınların güzəranı haqqında danışılır. Lakin bu, ilk baxışdan görünəndir. Əslində, filmdə repressiya olunanların ailələrinin, övladlarının taleyi əsas xətt kimi keçir. Müəllifin çatdırmaq istədiyi əsas fikrin dərinliyi, üzdə görünən əxlaqsızlıq "seçimi"nin, pozğun həyatın, arsız və hər kəsə saymazyana münasibətin altında gizlənən gerçəkliyin, problemin masştabı daha böyükdür.
Hadisələr Elçin yaradıcılığı üçün aktual olan bir məkanda - Abşeron kəndlərindən birində cərəyan edir.
Film boyu diqqət çəkən maraqlı detallar - gecənin bir yarısı evindən aparılan və repressiyaya məruz qalan faytonçunun axtarıb tapa bilmədiyi və faytonun təkərləri altında qalan papağı, qonşu evin pəncərəsi (o pəncərə ki, illərlə, repressiya gecəsi də daxil olmaqla bu həyətdə baş verənlər yalnızca izlənilibdir), köhnə məscid və s. filmə xüsusi məna yükləyr. Hətta Zibeydənin ona "sus payı" kimi toyuq gətirən Ağagülə dediyi sözər də bu detalların mənasını və mahiyyətini möhkəmləndirir: "O pəncərəni görürsən? 50 ildir, bu həyətə baxırlar, amma bircə dəfə də halımı soruşmayıblar, maraqlanmayıblar. Ölmüsən, qalmısan? Nə o vaxt, nə də indi"...
Yeri gəlmişkən, rejissorun "pəncərədən pərdəni azca qaldıraraq boylanma" seçimi başqalarının dərdinə "öz pəncərəsindən" boylanaraq özünüqoruma instinkti ilə yaşayanların varlığına işarədir. Bu həmin o pəncərədir ki, faytonçu Əbülfəz repressiya edilərək, həbs olunanda da yüngülcə pərdəsi aralanmışdı. Sonralar - bütün hadisələr zamanı da yalnız müşahidənin aparıldığı obyekt olmuşdu. Halbuki xırda müdaxilə belə Zibeydənin həyatını fərqli yöndə dəyişə bilərdi. Bu pəncərədən başqa bir faciə - içi qan ağlayan yaşlanmış Zibeydənin əylənməyə və qızlarla gecə keçirməyə gələnlərə qoşularaq havalı adamlar kimi (heç bir emosiya göstərmədən), rəqs etməsi də eyni susqunluqla izlənilir. Bu isə film müəlliflərinin çatdırmağa çalışdıqları çox acı bir həqiqətdir: Laqeydlik həyatı məhv edir!
Yerə düşən, itirilən, axtarılan, lakin tapılmayan papaq məsələsi də, filmdə gələcəkdən xəbər verən və bir çox mətləbləri çatdıran detal kimi yadda qalır. Kinoşünas Əlisəftər Hüseynov "Kino: yuxudan reallığa" kitabında bu barədə yazır: "O hələ uşaq olanda atasını xalq düşməni kimi aparırlar. Bu kadrın daxili montajı uğurla həll olunmuşdur. Arabaya minəndə kişinin papağı yerə düşür. Nəzarətçilər "o, bir də sənə lazım olmayacaq", - deyib papağı yerdən qaldırmağa qoymurlar. Deməli, Zibeydənin faciəsinin əsası o hələ uşaq olanda qoyulub".
Film əsərin qəhrəmanı Zibeydənin yaşlı dövründəki həyatının təsviri ilə başlayır. Yaşlı Zibeydə artıq keçmişinə görə əzab çəkən, peşmanlıq duyan qadındır. Hətta onun yolunu gedən gənc qadına - evini müvəqqəti kirayə verdiyi müştərisinə "Ərə get, uşaq doğ" məsləhətini də verir. Yaşlı Zibeydənin başına gələnlər isə keçmişə qayıdışlar və yuxu effekti ilə həll edilir. Professor Aydın Kazımzadə "Azərbaycan kinosu və müharibə" kitabında yazır: "Filmdəki hadisələr bizim günlərdə cərəyan edir. Lakin müəlliflər qəhrəmanlarının uşaqlıq və yeniyetməlik illəri ilə bağlı əhvalatları göstərmək üçün "Retro" üsulundan da, yeri gəldikcə, istifadə edirlər".
"Retro" üsulu ilə yalnız müharibə illərinə deyil, daha keçmiş günlərə də qayıdış baş verir. Zibeydə repressiya edilmiş bir faytonçunun qızıdır. Bütün film boyu, qəhrəmanın yuxusuna girən və əlində neft lampası olan qız - böyüməmiş, elə o uşaq yaşlarındaca qalan Zibeydənin özüdür. İllər keçsə də, talelər dəyişsə də, o hələ də əlində neft lampası, gözləri böyümüş halda, key-key başına gətirilənləri izləyir. Taleyini yazanların qərarlarına müdaxilə etmədən gözləyir. Aydın Dadaşovun sözləri ilə deyilərsə: "Tək qalan Zibeydənin müharibə illərinin çörəksizliyinə dözməyərək pis yola düşməsi ssenaridə valideynləri həbs edilən doqquz yaşlı qızcığazın faciəsi kimi təqdim olunmaqla, əsərin bədii miqyasını genişləndirir. Valideynlərinin repressiya qurbanı olmaları hadisələrə ictimai status verərək cəmiyyətlə fərdiyyət arasındakı ziddiyyəti kəskinləşdirməklə insan konsepsiyasını önə çəkir".
Əslində, Zibeydənin köhnə məscidin yaxınlığında şahidi olduğu hadisə onun simasında ziyanverən, həyata və insanlara qarşı acıqlı birini üzə çıxarmaq üçün vasitədir. Bir-birini sevən gənclərin öpüşdüyünü görən Zibeydədən bu hadisəni bütün kəndə yayacağı gözlənilir. Zahirən, ehtimal edilən də, elə budur. Lakin ona rüşvət olaraq toyuq gətirən Ağagüllə söhbətdə Zibeydənin fərqli tərəfləri üzə çıxır. Gah "nəyimə lazımdır" deyərək, ümid verir, gah Ağagülü narahatlıqda qoyaraq onu ələ salır, onunla əylənir. Əslində, onun gördüyü mənzərəni yaya biləcəyi ehtimalının altında yalnız özünün xarakteri və həyatdan narazılığı deyil, Ağagülün anası ilə aralarında olan münasibət də gizlənir. Aydın Dadaşov "Kinoşünaslıq" kitabında bu barədə yazır: "Elçinin "Toyuğun diri qalması" povestində gəncliyini eyş-işrətlə keçirərək, qocalığında tənha qalmış Zibeydənin psixoloji portreti Ağagülün anası Ağabacı arasındakı barışmaz ziddiyyətdə əksini tapır. Ağagüllə Nisənin xəlvəti görüşünün şahidi olan Zibeydəyə göz yaşları içərisində "xala" deyib, yalvaran qızcığaz psixoloji məqamların önə keçməsinə şərait yaradır. Belə ki kənddə heç kəsin saymadığı Zibeydəyə kiminsə "xala" deməsi onun itirdiyi mənəvi dəyərlərə təəssüflə yanmasının audiovizual həllini verir".
Filmin ən təsirli səhnəsi, hətta bütün ideyasının açıldığı səhnə Zibeydəni sevən tarçalan oğlanın - Kazımın bacısının "Qardaşımla işiniz olmasın" demək üçün Zibeydənin evinə gəldiyi səhnədir. Daha doğrusu, bu zaman Zibeydənin qəzəb püskürərək, qucağına alıb onu daşıyan erməni Rozaya qışqıra-qışqıra dediyi həqiqətlərdir. Rozanın "Camaatdan ayıbdır, bəsdir" sözlərinə "Tüpürüm camaatın üzünə,15 yaşında qız uşağını yorğan-döşəklərinə salanda bu camaat ayıb bilmirdi? Cınqırımı da çıxara bilmirdim. Hara getsəydim, hara şikayət eləsəydim, "kulak qızı" deyib, ağzımdan vuracaqdılar. Bəs o zaman camaat ayıb bilmirdi? Cəhənnəmə eşitsinlər. Daha bundan artıq mənə neyləyəcəklər?" cavabı çox həqiqətləri açır. Sanki bu sözlərlə o saymazyana simanın, arsız hərəkətlərin altında gizlənən böyük bir Ağrı üzə çıxır. Və bunu Mehriban Xanlarovanın uğurlu ifası çox həssas, ağrılı bir şəkildə sərgiləyir. Aydın Dadaşov "Kinoşünaslıq" kitabında yazır: "Zibeydəyə vurulan tarçalan Zakirin bacısı Şəfiqənin (Z.Kərimova) qardaşını qoruması həssas mətləbi üzə çıxarmaqla sevgi hissləri büruzə verilən qəhrəmanın portretini dolğunlaşdırır. On beş yaşından çöllərə düşən xalq düşməninin qızının faciəsi Mehriban Xanlarovanın parlaq ifası ilə Zibeydənin dilindən səslənməklə ictimai motivi artırır və tarda çalınan "Qaragilə" mahnısının sədaları altında Zakirin ölüm xəbəri ilə taleyi sındırılmış qıza mənəviyyatsız Rozanın belə yazığı gəlməsi obrazlılığı artırır".
Tamaşaçı bütün səhnələrdə gülərüz, dünyanı vecinə almayan Zibeydənin tarçalan Zakirin ölüm xəbərini gətirən Rozaya "Demə!" - pıçıldayaraq, "Eh, Roza, bir ümidim var idi", - söylədiyi an onun faciəsinin professional şəkildə ifadəsi tamaşaçını insanı sarsıdır. Sözün əsl mənasında, onun bədbəxt qadın siması görünür.
Filmdəki cəsarətli ideyaya qadın psixologiyasının, qadın həyatının və maraqlarının təqdimi baxımından yanaşan kino tənqidçiləri də vardır. Məsələn, Sevda Sultanova yazır: "Povestdə özəlliklə diqqətimi çəkən bir xətt oldu: mühafizəkar və hermetik mühitdə yaşayan, onun qanunlarına zorən tabe olan qadının identifikasiya sorunu. Başqa cür desək, özünü mövcud reallıqda tapa bilməyən, sahib olduğu qadın kimliyini təhrif edən, sosial münasibətlərə daxilən uyuşmayan, amma fərqli davranış göstərməyə məcbur, bir növ marjinallaşmış qadınlar. Misalçün, əsərin bir neçə epizodunda qadınların Zübeydənin və onun rəfiqələrinin "hansı yuvanın quşları" olduqlarını bilsələr də, "Zübeydəgilin gözəlliklərinə, kef çəkmələrinə, utanmazlıqlarına" həsəd aparması vurğulanır. Başqa qadınların həsədi, qəhrəmanın baxış bucağından yox, müəllifin nəqlində yazılır. Əks halda, həsəd, yəni belə bir sosial psixoloji qiymətləndirmə subyektivləşərək oxucunu inandıra bilməzdi, üstəlik, əsərin bədii əhəmiyyətini, ideya yükünü də azaldardı".
Film ekrana çıxdığı dövr üçün həddindən artıq cəsarətli idi. Bəlkə də, elə bu səbəbdən də ekrana çıxar-çıxmaz "əxlaq gözətçiləri"nin qaragüruhu ilə qarşılaşdı. Televiziya ilə göstəriləndən sonra kinostudiyanın rəhbərliyi tamaşaçılardan çoxlu etiraz məktubu aldı. Onlardan birində yazılmışdı: "Sahilsiz gecə" filmi biz qadınların hədsiz hiddətinə səbəb oldu. Filmdə Azərbaycan qadınlarının müharibə illərində öz maddi ehtiyaclarını ödəmək üçün abır-həyalarını atmaları, namuslarını belə satmaları qırmızı bir xətlə nümayiş etdirilirdi. Biz bu fikrin qəti əleyhinəyik. Haradasa, bir neçə nəfərin əxlaqsızlığını bütöv bir xalqın ayağına yazmaq olarmı?Bəs bizim senzura hara baxıb? Biz tələb edirik: film Azərbaycan xalqının milli heysiyyatına toxunduğu üçün ekranlardan götürülsün. Cəmi: 37 imza. 06.10.89".
Bu hadisə ilə bağlı zamanında da, sonralar da mətbuatda müəyyən müzakirələr açıldı. Təbii ki, filmə diqqətlə tamaşa edənlər, onun gerçək mahiyyətini anlayanlar qətiyyən "əxlaqsızlığı xalqın ayağına yazmaq" kimi bir fikrin olmadığını dərk edirdilər. Lakin bununla belə, narazılıq bir sıra yazıların meydana çıxmasına səbəb oldu. Bu barədə ən geniş məqalələrdən birini Əlisəftər Hüseynov qələmə almışdı: "Son on ildə mənim yadıma gəlmir ki, "Azərbaycanfilm"in istehsal etdiyi hansısa, bir film bu dərəcədə diqqət mərkəzinə çəkilsin, zövqlərin toqquşmasına impuls versin. "Sahilsiz gecə"nin bu keyfiyyətinə görə sevinəkmi? Həm hə, həm də yox... Zibeydənin, onun pozğun rəfiqəsinin əməllərini əks etdirən kadrlar, ilk növbədə (mən bütünlüklə demirəm), məhz əyanilik, konkretlik xususiyyətinə görə qıcıqlandırır. Biz bu barədə oxuduqlarımızı gördüklərimizdən sakit, soyuqqanlılıqla qarşılayırıqsa, deməli, oxu mədəniyyətimiz görmə mədəniyyətimizdən irəlidədir".
Aydın Kazımzadənin "Azərbaycan kinosu və müharibə" kitabında isə bu cümlələrə rast gəldim: "Azərbaycan kino tarixində filmin nümayişi ilə bağlı kütləvi tamaşaçı fəallığına nadir hallarda rast gəlmək olardı. Vaxtilə dövlət əhəmiyyətli siyasi filmlərə kütləvi baxışlar keçirilir, sonra da mətbuat səhifələrində müxtəlif peşə adamlarının çıxışları təşkil olunurdu. Bütün bunlar ictimai rəy kimi oxuculara təqdim edilirdi. Amma Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılmış "Sahilsiz gecə" filmi tamamilə başqa məqsədlə tamaşaçı fəallığına səbəb olmuşdu. Bu filmin yaranması Azərbaycan kinosunda bir çox mövzulara qoyulan qadağaların ləğv edilməsi sayəsində mümkün olmuşdur..."
Əslində, Zibeydə nə qədər əxlaqsız bir qadın kimi təqdim edilsə də, filmdə üzə çıxan, yadda qalan, təsir edən və obrazlaşan onun əxlaqsızlığından daha çox faciəsidir; bu faciəni arsızlıq siması altında gizlətmək üçün etdiyi cəhdlərdir. Film, məhz bununla daha çox yadda qalır. Və problemin mahiyyətini açan ən cəsarətli filmlərdən biri kimi kino tariximizə artıq düşüb. Açığı, "Sahilsiz gecə"nin zahiri saymazyanalıq altında gizlənən dərin qaranlığının dərk edilməməsi təəssüf doğurur. Halbuki istər bədii, istərsə də, ekran əsərinin ən böyük gücü qabartdığı, müzakirəyə qoyduğu problemin dərinliklərində gizlənən gerçək mahiyyəti açmasındadır. Bu, çox vacibdir.