Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

История прессы и создания отдела журналистики, его путь и публикации - Вугар Ахмед

11-03-2024 [ 12:16 ] [ прочитано:172 ]
printerA+ | A-

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu zəngin, çoxşaxəli araşdırma ənənələri və ədəbiyyatşünaslıq elminin fədakar alimlərinin istedadı, bacarığı və işgüzarlığı sayəsində Azərbaycan xalqının əsrlər boyu yaratdığı ədəbi-mədəni sərvətlərinin, milli-mənəvi dəyərlərinin tarixi qatlarının aşkarlanması, qorunması və gələcək nəsillərə çatdırılması, təbliği və tədqiqi istiqamətində mühüm işlər görür və belə bir missiya son illər daha fəal və intensiv xarakter daşımaqdadır.

Azərbaycan elminin sistemli, davamlı və fundamental şəkildə araşdırılmasını stimullaşdıran prioritet məsələlərdən biri də onun mükəmməl struktur vahidlərinin yaradılması və ixtisaslı kadrların potensial gücündən doğru və səmərəli şəkildə istifadədir. Məhz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi inkişaf yolunun müəyyənləşməsi, mühüm elmi nailiyyətlərin əldə edilməsi və böyük uğurlara imza atılması akademik İsa Həbibbəylinin düzgün, prinsipial mövqeyi və uğurlu fəaliyyəti ilə həyata keçirilir. Son beş-altı ildə institutun bir çox uğurlara imza atması da akademik İsa Həbibbəylinin yüksək təşkilatçılığı və böyük yaradıcı potensiala malik olması ilə bilavasitə bağlıdır.

Şöbə "Dövri mətbuat və biblioqrafiya" adı ilə Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Məmməlağa Şirəliyevin 1 iyul 1961-ci il tarixli əmri ilə yaradılmış və 1971-ci ilə qədər fəaliyyət göstərmişdir. Şöbənin ilk müdiri fillologiya elmləri dotoru, professor Nazim Axundov olmuşdur. 15 il sonra - 1986-cı ildə prof. Yaşar Qarayevin təşəbbüsü və əmri ilə "İnformasiya və biblioqrafiya" şöbəsi yaradılmış, müdir filologiya elmləri doktoru, professor İslam Ağayev təyin edilmişdir. Təəssüf ki, bu şöbə də 6 ildən sonra, 1992-ci ildə qapanmışdır. AMEA-nın vitse-prezidenti, hal-hazırda (AMEA-nın prezidenti - V.Ə.) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 24 iyun 2014-cü il tarixli əmri ilə Mətbuat tarixi və publisistika şöbəsi yaradılmış, yeni qurumun ilk müdiri filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli (iyul-oktyabr 2014) təyin olunmuşdur. Hal-hazırda şöbəyə filologiya elmləri doktoru, professor Vüqar Əhməd rəhbərlik edir.

Mətbuat tarixi və publisistika şöbəsində vaxtilə AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov, Nazim Axundov, Ağarəfi Zeynalov, Rasim Tağıyev, İslam Ağayev, Nadir Məmmədov, Ofeliya Bayramova, Mirəli Mənafi, Müxlisə Əbilova, Turan Həsənzadə, Alxan Məmmədov, Asif Rüstəmli, Dilruba Rzayeva kimi alim və tədqiqatçılar çalışıblar.

Mətbuat tarixi və publisistika şöbəsinin uğurlarından biri də akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu satirik mətbuatımızın zirvəsi hesab edilən "Molla Nəsrəddin" jurnalının ensiklopediyasının nəşrə hazırlanaraq çap olunmasıdır.

Filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Gülbəniz Babayevanın bu yaxınlarda çapa hazırladığı "Molla Nəsrəddin və milli-mənəvi dəyərlər" adlı monoqrafiyası da böyük realist sənətkarın -Mirzə Cəlilin 150 illik yubileyinə həsr edilmişdir.

Şöbədə "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Bəhlul" mətbuat orqanları müasir qrafikaya transfoneliterasiya edilmişdir. "İstiqlal" qəzeti və gizli istiqlalçılar", "Ədəbiyyat qəzeti" və ədəbi-mədəni mühit", "Azərbaycan" jurnalında publisistika məsələləri", "Hacı İbrahim Qasımov və "Bəsirət" qəzeti", "Əhməd bəy Ağaoğlu və Türkiyə mətbuatı", "Gənclik" jurnalında publisistika məsələləri" mövzularında tədqiqat işləri aparılmışdır. "Mətbuat tarixi və publisistika məsələləri" (I, 2016; II, 2020) toplusu tərtib edilmişdir. Həmçinin Vüqar Əhmədin "Azərbaycan uşaq mətbuatında (1906-1920) rus ədəbiyyatı məsələləri", Rauf Sadıxovun "Sənətin izi ilə", Elçin Mehrəliyevin "Multikultural mühit və ədəbiyyat", Gülbəniz Babayevanın "Molla Nəsrəddin" jurnalı və milli-ədəbi dəyərlər" monoqrafiyaları çap olunmuşdur. Dilbər Rzayeva ilə Vüqar Əhmədin birgə hazırladıqları "Arı", "Mirat","Məşəl", "Kəlniyyət" jurnallarının transfoneliterasiyası,zəngin məlumat bazası olan biblioqrafiyası tərtib edilərək ilk dəfə nəşr olumuşdur.

"Arı" və "Mirat" satirik jurnallarının komplektləri Ədəbiyyat İnstitutunun Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli 6 saylı iclasının qərarı ilə işıq üzü görüb Toplunun elmi redaktoru AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, jurnalları transfoneliterasiya edən, lüğət, qeydlər, izahların müəllifləri, çapa hazırlayanlar  həmin şöbənin böyük elmi işçisi Dilbər Rzayevadır. Həmçinin "XX əsrin əvvəllərində ictimai-siyasi şərait və satirik mətbuat" adlı ön sözün müəllifləri Vüqar Əhməd, "Arı" və "Mirat" satirik jurnallarının nəşri tarixi və ədəbi-ictimai mənzərə" araşdırmanın müəllifi Dilbər Rzayeva tərəfindən qələmə alınmışdır.

Azərbaycan mətbuatının 145 illiyi münasibətilə "Bəhlul" jurnalı kitab halında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə "Bəhlul" satirik jurnalını transfonelitersiya edərək nəşr olunmuşdur.

"Ziyayi-Qafqaziyyə" və "Kəşkül" qəzetləri müasir əlifbaya transfoneliterasiya edilmiş, "Molla Nəsrəddin" jurnalının ensiklopediyası üçün sözlük hazırlanmış, "Azərbaycan mətbuatının salnaməsi" üzərində iş aparılmış, "Həqiqəti-əfkar" qəzetinin tam dəsti Sankt-Peterburq arxivindən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna gətirilmiş və tədqiqata cəlb edilmişdir. Bütün bunlardan əlavə, "Yaşıl yapraklar" (1922) dərgisi nəşrə hazırlanmış, "Ədəbiyyat qəzeti" və ədəbi-mədəni mühit", "İstiqlal" qəzeti və gizli istiqlalçılar", "Hacı İbrahim Qasımovun publisistikası", "Multikultural mühitin sınaq dövrü həqiqətləri publisistikada", "Azərbaycan" jurnalında publisistika məsələləri" və s. monoqrafiyalar nəşr edilmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan "Ziyayi-Qafqaziyyə" (1880-1884) qəzeti transliterasiya edilərək ilk dəfə kitab halında çap olunub. "Ziyayi-Qafqaziyyə"nin bütün nömrələri şöbənin mərhum əməkdaşı Müştəba Əliyev tərəfindən transfoneliterasiya edilərək lüğət, izah və şərhlərlə kitab halına salınıb. Kitab ədəbiyyat institutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

Akademik İsa Həbibbəyli "Ziyayi-Qafqaziyyə" qəzetinin Ədəbiyyat İnstitututnun nəşri adlı məqaləsində yazır: "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 11 iyun 2014-cü il tarixidə yaradılmış "Mətbuat tarixi və publisistika" şöbəsinin çoxçəhətli və ardıcıl fəaliyyəti ilə nəinki mövcud boşluq aradan qaldırılmış, hətta mətbuatşünaslıq sahəsi mühüm addımlarla daha da irəliləmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi əməkdaşlarının səyləri nəticəsində XIX əsrin axırları və XX əsrin əvvəlləri Azərbaycan mətbuatı nümunələrini ərəb qrafikasından, əski əlifbadan müasir latın əlifbasına çevirilərək kitab halında yenidən nəşr edilməsinə xüsusi diqqət yetirilir. "Ziya" və "Ziyayi-Qafqaziyyə" qəzetlərini latın qrafikalı əlifbaya çevirmək kimi məsul və çətin işi fədakar tədqiqatçı, "Vətən uğrunda" qəzetinin baş redaktoru olmuş mərhum Müştəba Əliyevin xidmətləri ayrıca qeyd edilməyə layiqdir.

Mətbuat tarixi və publisistika şöbəsinin təşkilatçılığı ilə "Ziya" qəzetinin müasir əlifbaya transfoneliterasiyasının və nəşrinin təqdimat mərasimi (mart, 2015), "Mirzə Cəlal Yusifzadə" və "Həqiqəti-əfkar" qəzeti" (iyul, 2015), "Molla Nəsrəddin" jurnalının 110 illiyi münasibətilə "Sizi deyib gəlmişəm..." (aprel, 2016), "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" (may, 2016) və başqa mövzularda elmi konfranslar keçirilmişdir. Şöbənin fəaliyyəti dövründə filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin "Zirədən başlanan yol", "Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti" (2018), "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" (2018), "Ədəbiyyatşünaslıq elminin məbədi" (akad. İsa Həbibbəyli ilə müştərək) (2018), Gülnar Səmanın "Müstəqillik dövrü Azərbaycan poemaları" (rus dilində) (2018), "Sözümüz sözdür" (2019), Təhminə Vəliyevanın "Nitq etiketləri Azərbaycan dilində və Azərbaycan dili tədrisində" (ingilis dilində) (2018), Dilbər Rzayevanın "Gəncəli Səbahi"- (biblioqrafik göstərici-2020) kitabları çap olunmuşdur. Şöbə əməkdaşlarının yüzlərlə elmi məqalələri həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda nəşr edilmiş və bu gün də bu proses davam etməkdədir.

Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən "Mətbuat tarixi və publisistika məsələləri" kitabının ikinci cildi nəşr edilib.

Məqalələr toplusunda institut və şöbənin elmi əməkdaşlarından Vüqar Əhmədin "Ədəbiyyat qəzeti"ndə publisistika", Elçin Mehrəliyevin "Azərbaycan"ın bayramı Azərbaycan ədəbiyyatında bayramdır", Elmira Qasımovanın "Hacı Səlim Səyyahın gizlin imzaları", Rauf Sadıxovun "Hacı İbrahim Qasımovun bədii yaradıcılığı", Gülbəniz Babayevanın "Satirik poeziyada işlədilən klassik şeir şəkilləri ("Molla Nəsrəddin" jurnalı əsasında)", Loğman Rəşidzadənin "Əli İldırımoğlunun publisistikası", Səadət Vahabovanın "Sarıqamış uğursuzluğu, rus və erməni genosidinin Ömər Faiq publisistikasında şərhi", Dilbər Rzayevanın "Gəncəli Səbahının publisistikası", Gülnar Qasımlının "Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" kitabı", Təhminə Vəliyevanın "Əhməd bəy Ağaoğlunun memuar irsində mövzu və problematika" kimi məqalələri yer alıb.

Şöbənin əməkdaşlarının nəşr işləri, yerli və xarci ölkələrdə dərc edilən elmi məqalələri, beynəlxalq və respublika miqyaslı konfranslardakı iştirakı təqdirə layiqdir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun "Mətbuat tarixi və publisistika" şöbəsinin hazırladığı "Heydər Əliyev və milli mətbuat" kitabı bu yaxınlarda işıq üzü görüb.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Heydər Əliyevin dövlətçilik siyasətində mətbuat" başlıqlı "Ön söz"lə açılır, Heydər Əliyev şəxsiyyətinin üstün keyfiyyətlərinə və onun uzaqgörən siyasəti sayəsində əldə olunan inkişafa nəzər salınır. Akademik görkəmli dövlət xadimi olan Heydər Əliyevin milli mətbuatın inkişafına verdiyi böyük diqqəti və qayğını, milli mətbuatın inkişafında rolunu yüksək dəyərləndirir, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Mətbuat tarixi və publisistika şöbəsinin hazırladığı məqalələr toplusunu "Heydər Əliyev ili"nə elmi töhfə adlandırır.

Kitabda Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva və Gülnar Səmanın (Qasımlı) Ulu Öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən elmi məqalələri toplanıb. Məqalələrdə dünya şöhrətli siyasətçi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin mətbuatla dövlətçilik siyasətinin qarşılıqlı əlaqələrindən bəhs olunur. Heydər Əliyev siyasi kursunun ölkəyə qazandırdığı nailiyyətlər diqqət mərkəzinə çəkilir. Ulu öndərin mətbuatın cəmiyyətin inkişafındakı əvəzsiz gücündən məharətlə istifadə etməsi, fəaliyyətinin Azərbaycançılıq ideologiyasının təbliğinə yönəldilməsində cəsarətli mövqe tutması maraqlı faktlarla açıqlanır, ulu öndərin uzaqgörən siyasəti, Azərbaycan xalqı və milli mətbuatımızın qarşısındakı əvəzsiz xidmətləri, gərgin ictimai-siyasi fəaliyyəti haqqında zəngin təsəvvür yaradılır. Məqalələrdə Heydər Əliyevin milli mətbuatımızın müstəqil dövlətçiliyimizlə bağlılığı, mətbuatın dövlət idarəetmə sistemindəki yeri və rolu haqqında dəyərli fikirlərinin şərhinə geniş yer verilir.

Akademik İsa Həbibbəylinin şöbə haqqında söylədiyi bu xoş sözlərlə fikrimi tamamlamaq istəyirəm: "Əminliklə vurğulamaq olar ki, Mətbuat tarixi və publisistika şöbəsini yaratmaqla yanlışlığa yol verilməyib, yeni qurum zərurət baxımından artıq özünütəsdiq mərhələsinə qədəm qoyub. Şöbənin əməkdaşlarının fəaliyyətini təqdir edir, gələcəyinə böyük ümidlər bəsləyir və onlara elmi araşdırmalarında uğurlar arzulayıram!"

Şöbə əməkdaşları bundan sonrakı fəaliyyətində bizə verilən dəyər və qiymətdən ruhlanaraq mətbuat və publisistikanın açılmamış səhifələrinin öyrənilməsində, nəşrində əvvəlki əzmkarlıqla çalışacaqlar.