Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Круглый стол о жизни и творчестве Джалила Мамедгулузаде, организованный в Софии

29-10-2019 [ 10:08 ] [ прочитано:49 ]
printerA+ | A-
99389

Sofiyada Bolqarıstanın Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanasında görkəmli Azərbaycan yazıçısı, böyük dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir ölkəmizin Bolqarıstandakı səfirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının (BEA) Ədəbiyyat İnstitutu və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli yazıçı C.Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında milli istiqlal ədəbiyyatının sərkərdəsi kimi qəbul olunduğunu, onun Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və tənqidi realizm ədəbi cərəyanının banisi kimi böyük şöhrət qazandığını vurğulayıb. Müsəlman dünyasında karikaturalı ilk satirik jurnal olan “Molla Nəsrəddin” barədə danışan alim kiçik hekayə janrının və “kiçik adam” obrazlarının simasında xalq həyatının bədii ədəbiyyata gətirilməsi işinin ilk dəfə C.Məmmədquluzadənin bədii nəsrində baş tutduğunu söyləyib.

Sonra BEA Ədəbiyyat İnstitutunun direktoru, dosent Elka Traykova çıxış edərək böyük yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin əsərlərindəki dərin mənanın incə yumor vasitəsilə oxuculara çatdırılmasından, onun hekayələrindəki yüksək bədii ustalıqdan, yaratdığı bədii obrazların təqdimində onların mənəvi aləminə nüfuz etməsindən bəhs edib.

Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska isə 150 illik yubileyi qeyd olunan ədəbiyyatımızın görkəmli nümayəndəsi C.Məmmədquluzadəni qısa hekayələr ustadı, dərin psixoloji dramların müəllifi, dövrünün çatızmazlıqlarını incə yumor və satira vasitəsilə xalqa çatdıran şəxs kimi xarakterizə edib. O, dünya miqyasında tanınan yazıçının əsərlərinin bir çox dillərə tərcümə edildiyini bildirib, onun hekayələr toplusunun bolqar dilində ərsəyə gəlməsində rəhbərlik etdiyi mərkəzin və onun tələbələrinin yaxından iştirak etdiyini deyib. S.Şiqayeva-Mitreska C.Məmmədquluzadənin qələmindən çıxan hekayələrin lakonikliyi ilə fərqlənməsi, gözlənilməz sonluqla bitməsi, bu əsərlərin dərin məna yükünə malik olması barədə məlumat verib, onun əsərlərinin Azərbaycan ədəbiyyatının bədii inciləri olduğunu bildirib.

Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini Vanya Avramova çıxışında yazıçının yaradıcılıq fəaliyyətindən nümunələrin toplandığı hekayələr toplusunun bolqar xalqının Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti və adət-ənənələri ilə daha yaxından tanış olmasına imkan yaradacağına əminliyi ifadə edib.

Tədbirdə BEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları, ədəbi tənqidçilər C.Məmmədquluzadənin bolqar dilinə tərcümə edilmiş əsərlərinin bədii təhlilini aparıb və yazıçının hekayələrindəki xarakterləri araşdırıblar.

Sonda Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində təhsil alan tələbələr yazıçının hekayələrindən hissələr səsləndiriblər.

PHOTO GALLERY

Другие новости