Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Магия слова и наблюдения - пишет Асиф Рустамли

15-05-2024 [ 12:44 ] [ прочитано:108 ]
printerA+ | A-
104554

Sirli, sehrli söz dünyasının seyri poetik düşüncənin alt qatından, saf, səmimi hiss və duyğuların şahə qalxan cazibəsindən, qutsal sevginin möcüzatından başlayır...  Möhtəşəmliyin bünövrəsində yuvalanan hər kəlmənin daxili enerjisi, işıq, nur sıxlığı, məna hüdudsuzluğu, forma rəngarəngliyi və musiqi polifonikliyi yalnız söz qalaktikasının daxili sisteminin monolitliyində və zənginliyində təcəlla tapır, biçimlənir... Taleyindən qüdrətli düşüncə adamının söz içində öz iç dünyasının poetik səltənətini qurub-yaratması, xarakterlər qalereyasını, bədii obrazlar çələngini süsləməsi sənətin, yaradıcılığın intəhasızlıq, hüdudsuzluq imkanlarını genişləndirən bəxtiyarlıqdır...

Sözlü-közlü düşüncələrdən bir anlıq ayrılıb başımı qaldıranda uzun illər bərabər çalışdığımız Ədəbiyyat İnstitutunun dəhlizində onunla üz-üzə gəldim. Sözlü adama oxşasa da, fikrini açıq söyləməkdən bir anlıq çəkindi, bəlkə də həya etdi, qıymadı... Köməyə həmkarı Qürbət Mirzəzadə özünü yetirdi... "Bilirsiniz, Əflatun müəllimin şeirlər toplusu çapa hazırdı" - dedi. "Bəlkə qovluqdakı əsərlərlə tanış olasınız, kitaba yığcam ön söz yazasınız?"

İş günlərimin sıxlığına baxmayaraq, qarşıdan gələn istirahət vaxtını nəzərə alaraq şeirlər toplusunu böyük maraq hissi ilə qəbul etdim. "Dağlar da kövrələrmiş" adlı şeirlər toplusu yanılmıramsa, Əflatun Baxşəliyevin sayca 19-cu kitabıdır. Bu vaxtadək onun məzmunlu həyat və yaradıcılığının, dolğun elmi fəaliyyətinin, mənalı ömür yolunun müəyyən məqamlarına diqqət yetirmək, xatırlatmaq fikrimcə, vacibdir və yerinə düşərdi.

Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Əflatun Şükür oğlu Baxşəliyev 70 il əvvəl Hacıqabul rayonunun Atbulaq kəndində dünyaya göz açıb. Bakı şəhərində orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra o, dövrünün yeganə Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, həmin elm və təhsil ocağını 1978-ci ildə fərqlənmə diplomu ilə uğurla bitirmişdir. Əflatun müəllim yüksək ali təhsil aldıqdan sonra doğma Atbulaq kəndinə qayıtmış, azyaşlı və yeniyetmə həmyerlilərinə 25 ilə yaxın milli ədəbiyyatımızın sirli-sehrli aləmindən söz açmış, onlara klassik irsi, çağdaş poeziyanı tədris etmişdir. Bədii yaradıcılığa könül verən, poetik nümunələrini respublikanın nüfuzlu mətbuat orqanlarında - "Azərbaycan", "Ulduz" dərgilərində, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Bakı axşam" qəzetlərində dərc etdirən müəllifin "Könlüm gözəllik əsiri" adlı ilk şeirlər kitabı sovet senzurasının ideoloji baryerini xəta-bəlasız dəf edərək 1987-ci ildə geniş oxucu auditoriyasına ünvanlanmışdır.

Hələ orta məktəbdə müəllim işlədiyi dövrdə ədəbiyyatşünaslığın fərqli istiqamətləri üzrə araşdırmalar aparmış, Azərbaycan sovet poeması mövzusunda yazdığı elmi-tədqiqat işi əsasında dissertasiya müdafiə edərək 1988-ci ildə elmi dərəcə almışdır. Əflatun Şükür oğlu son 20 ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə sıx əməkdaşlıq əlaqələri quraraq "Nəbi Xəzrinin yaradıcılıq yolu", "Səməd Vurğun və Türk xalqları ədəbiyyatı" mövzusunda monoqrafiyalar yazmış, İnstitutun aparıcı elmi işçisi vəzifəsinədək mənalı, dolğun həyat yolu keçmişdir. Elmi-tənqidi məqalələrinin sayı 30-a çatsa da, Əflatun müəllimin stixiyası poeziyadır, lirik şair kimi tanınır, oxunur və sevilir. "Taleyimin dan yeri", "Ürəyimin səsi", "Sevgi qanadlarında", "Sevda qoxulu çiçəklər", "Qeyrətli oğullar", "Hər insan bir dünyadır" və b. kitablarının sərlövhələrini şairin toxunduğu, bəhs etdiyi mövzuların parolu, açar kəlmələri da adlandırmaq olar. Bu mənada müəlliflin "Hər insan bir dünyadır" fəlsəfi baxışını onun öz yaradıcılığına tətbiq edərək şairin söz, sənət aləminin sirrinə, sehrinə vaqif olsaq, bədii obrazlar dünyasının seyrinə çıxsaq, ədəbi səyahətimizdən nələr yadda qalar? Hansı obrazlı düşüncələr, ifadə tərzi, fəlsəfi baxış, müdrik kəlamlar yaddaş hücrəsində əbədi yaşam səlahiyyətlərinə haqq edər? Əlbəttə, bu nöqteyi-nəzərdən seçim, baxış bucağı və dəyərləndirmə fərqli ola bilər. Hətta müəlliflə də fərqli məsələlərdə fikirlərin üst-üstə düşməməsi ehtimalı da mümkündür (Çünki o da tanınmış ədəbiyyatşünas-tənqidçidir).

Əflatun Şükür oğlunun söz dünyası, lirik aləmi işıqlı, rəngarəng, musiqi yönümlü və cazidədardır. Sətirlərin sırasında özünü narahat, özgə hiss edən kəlməyə, sözə rast gəlmək müşkül məsələdir. Şeirin mükəmməlliyinin təməlində sözlərin məna yükü arasındakı sarsılmaz vəhdət dayanır. Sevilən və öyülən poeziya nümunələri asan yaranmır. Şairin bir şeirində deyildiyi kimi:

 

Girib qılığına kəlmənin, sözün,

Çəkirəm ana tək qayğısını mən.

Bir yazıq şairin qatlayıb dizin,

Verdim söz əlinə yaxasını mən.

 

Şair sənət məbədini ucaldarkən rastına, ürcahına çıxan hər sözdən, kəlmədən barınmır, bəhrələnmir. Seçdiyi, sevdiyi məfhumun qayğısını çəkməyi, qədrini bilməyi, qılığına girməyi də bacarır. Bu əzablı, işgəncəli poeziya yollarında lirik "mən"in dizləri qatlansa da, "yaxası söz əlində" qalsa da, müəllif yaşadığı hisslərin bəxtiyarlığından, sözə, kəlməyə ləyaqətli xidmətin qazandırdığı qürurdan, ucalıqdan məmnundur.

Topluda xalq ədəbiyyatı janrlarında yazılmış şeirlər, xüsusilə qoşmalar, gəraylılar üstünlük təşkil edir. Əflatun Şükür oğlu janrın mövcud imkanlarından faydalanaraq bədii peyzajlar, unudulmaz mənzərələr yaratmaqda mahirdi. Onun "Gəlmişəm" rədifli qoşması bu baxımdan nümuna sayıla bilər:

 

Çəmənlərin jaləsinə bələnib,

Çiçəklərə qarışmağa gəlmişəm.

Gözəlliyə damla-damla çilənib,

Lalələrlə alışmağa gəlmişəm.

 

Zirvəsində bulud bənzər bir taca,

Düşüncəli, müdrik, ağsaç, qos-qoca,

Qayaların qulağına astaca,

Tariximi danışmağa gəlmişəm.

 

Təbiətin jalədən sırğalanmış, çiçəklərə bürünmüş, lalələrə qərq olmuş gözəllik portreti, başına bəmbəyaz buludlardan tac qoymuş dağ obrazı, düşüncəli, müdrik qaya yaddaşı özündə qədim və şərəfli vətən tarixinin məhəbbət, hünər, cəsarət, ləyaqət səhifələrini əks etdirən ecazkar mənzərələr... qorumağı, qayğı göstərməyi, yaşamağı və yaşatmağı bacaranların sevgisinə hesablanmışdır. İnsan və təbiət arasındakı bağlar hava-su qədər saf və uzunömürlüdür. Müəllif eyni mövzuya həsr etdiyi "Dağlar" adlı lirik mənzuməsində qayaları daş cildli tarix kitablarına, dağları isə əbədiyaşarlıq qazanmış həmin kitabların müəllifinə bənzətməklə insan təbiətində dağ ucalığı, əzəməti, vüqarı, saflığı, dağların "yaradıcılığı"nda isə insani xüsusiyyətlərin paralellərini təbii ştrixlərlə təqdim etmişdir. Şair digər bir əsərində - "Dağlar da kövrələrmiş" adlı şerində isə insana məxsus duyğulanma, kövrəlmə kimi psixoloji əlamətləri metaforik təsvir vasitəsilə "azman dağlar" üzərinə köçürərək məcazın cazibədarlığını, ifadəliliyini, emosionallığını artırmışdır.

 

Zirvəsi buludlu, qoynu çiçəkli,

Duman lələyindən hey süzülür şeh.

Sən demə, payızda qaya ürəkli,

O azman dağlar da kövrələrmiş, eh!

 

Müdrik ifadələr, hikmətli deyimlər Əflatun Şükür oğlunun poeziyasında sıx-sıx müşahidə olunur. Şeirin siqlətini, məna yükünü, cazibəsini artıran deyimlərin bir qismi xalq yaradıcılığından, şifahi ədəbiyyatdan bəhrələnmə yolu ilə  poeziyaya gətirilibsə, digər qismi şairin həyat təcrübəsindən, istedadından, dünyagörüşündən qaynaqlanır. Müəllifin "Umma" rədifli qoşması bu yönümdən səciyyəvidir.

 

Kəhər desən, qatır çıxmaz palandan,

Həqiqətə arxa olmaz yalandan.

Çörəyi dizinin üstə olandan,

Qapısını açan bir qonaq umma.

 

Əflatun şeirdən qurmusan bir taxt,

Sənin də payına yazılıb bu baxt.

Kökü çürük olan ağacdan heç vaxt,

Yamyaşıl bir gövdə, göy budaq umma.

 

Şübhəsiz ki, sonuncu beytdə  ağaca məxsus deyilən bənzətmə, metafora zatı-kökü çürük, cəmiyyət üçün ziyankar, yaramaz olan bədəsil insanlara şamil edilmiş, fikrin tərbiyyəvi qatı önə çəkilmişdir.

 

Qəlbi dar adamın verdiyi loxma,

Boğaza tıxacdır, başa qaxıncdır.

 

Və yaxud:

Bəzən dəyərlidir mis özü zərdən,

Zirvə də ucalıq alıbdı yerdən.

 

Nə qədər dəyərli, sanballı, müdrik fikirlərdir... Birinci beytdə qəlbi xıltlı, paxıl, xəbis, mənəvi cəhətdən naqis insanların iç dünyası əməlləri arasındakı ziddiyyətlər yaddaqalan, kontraslı rənglərin təcəssüm tapdığı lövhədə görüntülənir. Elə insanlardan ehtiyatlı olmaq tövsiyə edilir. İkinci beytdə isə ilk baxışdan diqqəti cəlb etməyən, bütün dövrlər üçün aktuallığını qoruyub saxlayan zaman və insan, cəmiyyət və fərd amilinin metaforik üslubda önəmi, mühüm rolu və dəyəri qabardılmışdır. Yığcam sətirlərdə böyük məna, fəlsəfi düşüncələr öz əksini tapmışdır.

Əflatun müəllimin sevgi ilə çırpınan misraları, məhəbbət dolu şeirləri kəmiyyət və keyfiyyət etibarilə üstünlük təşkil edir. Axıcılıq, təbiilik, səmimilik elə bil bu nəğmələrin boyuna, ruhuna biçilib. Hər bir misradan yaşanmış hisslərin obrazı boylanır, həniri gəlir.

 

Ruhum, canım bu sevginlə diridi,

Barmaqlarım saçlarında kiridi.

Baxışların gözəlliyin piridi,

Sağaldım, mən ona sığınan kimi.

 

Şairin vətən sevgisini, torpaq, el-oba məhəbbətini, doğma yurd-ocaq həsrətini özündə yaşadan əsərləri də kitabda mühüm yer alır. Müəllifin təbirincə vətən eşqi, yurd sevgisi bütün dəyərlərdən yüksəkdir və o heç bir qiymətli qızılla, ləl-cəvahiratla ölçülə bilməz.

 

Əflatun, olmuşam bir eşqə kölə,

Dəyişmə sözünü qızıla, lələ.

Dəyməz yaşamağa min il də belə,

Vətəni köksümə əgər sıxmasam.

 

Əflatun Şükür oğlunun sirli-sehrli söz dünyasına səyahətim, məna aləminin alt qatlarını seyrim çox təsirli, emosional və unudulmaz oldu. Təəssüratların təkidi və təzyiqi ilə yaddaşımda yuvalanan bütün qeydlərimi oxucu önünə çıxmağa hazırlaşan, ciddi məsuliyyət hissi daşıyan "Ön söz"ə yükləmək istəyindən könüllü imtina etdim. Çünki sevgidən, saflıqdan, səmimiyyətdən yoğrulmuş şeirlərin, hikmətli deyimlər ilə süslənmiş poeziya buketinin hər misrasının, sətrinin bənzərsiz ətrini, qoxusunu, musiqisini, rayihəsini ilk öncə oxucu duymalı və dəyərləndirməlidir. Əminliklə vurğulamaq olar ki, Əflatun Baxşəliyevin oxuculara ünvanladığı "Dağlar da kövrələrmiş" adlı yeni şeirlər toplusu, "həyat və mübarizə nəğmələri" müstəqil və qalib ölkənin vətənpərvər gənclərinin mənəvi yaddaşında zərif izlər buraxacaqdır.   

Другие новости