Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Хотя мир тесен... - пишет Вагиф Юсифли

27-06-2024 [ 13:31 ] [ прочитано:44 ]
printerA+ | A-

ZEMFİRA MƏHƏRRƏMLİNİN YENİ KİTABI HAQQINDA QEYDLƏR

“Dünya görüş yerimiz...” - böyük şairlərimizdən biri öz şeirində dünya haqqında bu misranı qələmə almışdı. Azərbaycan poeziyasında dünyanın böyüklüyü, yaradılışının mənbəyi, İlahinin insanlara bəxş etdiyi nəhəng Kürə – Kainat kimi vəsf olunub, yaxud insanın (dərdini bölüşdüyü, kömək umduğu, bəzən qınaq hədəfinə çevirdiyi) bir Qüdrət Rəmzi kimi mənalandırılıb. Böyük Nəsiminin “Dünya duracaq yer deyil, ey can səfər eylə” misrasını da unutmayaq – Dünya həm də insan üçün bir əzab qaynağıdır.

Yazıçı-publisist Zemfira Məhərrəmli isə “Çox kiçikdir bu dünya” deyir. Əlbəttə, bunu məcazi mənada başa düşürük. İnsanın da (insanların da) öz dünyası var və bu dünya böyük Dünya ilə müqayisədə böyük görünə bilər.

Zemfira xanımın yeni kitabı iki povest, bədii və sənədli hekayələrdən ibarətdir. Bu nəsr əsərlərinin hamısını bir yerdə həyat hekayələri adlandırmaq olar. Bu əsərlərin hər birində İnsan – onun mənəvi dünyası, yaşadığı həyatda özünü dərk etməyə can atması diqqət hədəfinə çevrilir.

Bu kitabdakı hekayələr janrın spesifik xüsusiyyətlərini özündə əks etdirə bilirmi? Bu suala müsbət cavab veririk. Vaxtilə Çingiz Aytmatov nəsrin kiçik janrı olan hekayəni qravüra sənətinə bənzətmişdi. Qravürada olduğu kimi, hekayədə də ayrı-ayrı hissəciklər bir tam halında birləşir. Böyük ədibimiz Mir Cəlal müəllim isə hekayə üçün ən mühüm xüsusiyətləri belə səciyyələndirmişdi: “Yığcam süjet, başlığa mətləb – qayə, xarakterik bir obraz və dil mədəniyyəti”. Z.Məhərrəmlinin hekayələrində janra məxsus bu xüsusiyyətləri görürük.

Hekayə üçün hansı mövzunu seçmək də əsas şərtlərdən biridir. Z.Məhərrəmlinin hekayələrində əks olunan mövzuları bölgü üzrə qruplaşdırmaq fikrində deyilik. Amma bu hekayələrin əsas qəhrəmanları qadınlardır (analar, gənc zəriflər, döyüşçülər). Hadisələrin bir qismi ailə-məişət məkanında cərəyan edir və  müəllif Azərbaycan qadınına xas olan ən gözəl keyfiyyətləri təsvir etdiyi qadın obrazlarında axtarır. “Bir qaranlıq gecədə” hekayəsində o, ən kasıb ailənin qadını – Güldəstənin necə namuslu, əri qəzada ölsə də, qeyrətini hifz edən bir qadın olduğunu diqqət mərkəzinə gətirir. Əslində, o, çox böyük bir iş görmür, amma çapıq Məhərrəmi bütün ömrünü oğurluğla yaşayan nadürüst bir insanı ifşa edir.

“Sənə yanan varsa” hekayəsində isə Qadın-Kişi münasibətləri öz əksini tapır. Kişi öz qadınına o görə-görə xəyanət  edir, başqa bir qadınla macəra keçirir və günlərin bir günü qəzaya düşür. Həkim öncə onun “sevgilisinə” zəng çalır, amma o “sevgili” xəstəyə baş çəkmir. Kişinin öz qadını isə “ona canım qurban” deyərək xəstə ərinin yanına yürüyür.

Ümumiyyətlə, Z.Məhərrəmlinin hekayələrində ailə məsələləri, Kişi-Qadın münasibətləri bu əsas motivə köklənir: azərbaycançılıq təkcə ictimai-siyasi istiqamətdə yox, həm də mənəvi sferada (xüsusilə, ailədə) əks olunmalıdır. Bu baxımdan müəllifin “Ailə sənin məbədindir”, “Qiyamətə qalmayan qisas”, “Yuxunu suya danış”, “Dünya gör necə dardır” hekayələri bəyənilir.

“Heç kimi qınama” hekayəsində biz saf, sınaqdan keçmiş bir sevgi “dastanı” vərəqləyirik. Ümidsiz halda əsgərlikdən qayıdan oğlan üçün sanki möcüzə baş verir: onun sevdiyi qız ərə getməyib, yolunu gözləyirmiş. Amma “Oyuncaq” povestində bir-birini sevən iki gənc - Rəsul və Nərgiz qovuşa bilmir. Rəsul başqa bir qızın “sevgi tələsinə” düşür. Deməli, bu “kiçik dünyada” insanları bir-birindən ayıran böyük maneələr varmış.
Z.Məhərrəmli qadın yazarlar arasında öz fəal publisistik fəaliyyəti ilə də seçilir. Onun publisistikasını “bədii” sözü olmadan təsəvvür etmirik.

Elə publisistik yazıları da hekayələri kimi maraqla oxunur. “Salatın haqqında ballada”, “Aranzəmin qan içində”, “Məzarda qovuşanlar”, “Əbədiyyət nəğməsi” publisistik yazıları bədii hekayələrindən ayrılmır. Onun qadın qəhrəmanları - Salatın, Qaratel Azərbaycanın Qarabağ müharibələrində qəhrəmancasına həlak olublar. “İndi Qazaxda, hünərvər döyüşçü qızın oxuduğu məktəbin qarşısında onun büstünü ziyarət edənlər sanki əzəmətli bir nəğmə dinləyirlər. Coşqun qəhrəmanlıq nəğməsi hayqıraraq bizi düşməndən intiqam almağa səsləyir” (Qaratel haqqında yazılıb). Şəhidlər xiyabanında dəfn olunan Rəhilə Orucova haqqında qələmə alınan “Məzarda qovuşanlar” sənədli hekayəsi, fikrimizcə, müəllifin ən təsirli yazılarından biri, bəlkə də, birincisidir. “Cəmi 27 il yaşadı. Bu qısa, lakin mənalı həyatı ilə ölməzlik qazandı. Rəhilənin vaxtsız ölümü atası Əli dayını, anası Dursun xalanı göynətsə, yandırıb-yaxsa da, bircə təsəllisi var: “Rəhilə Vətən uğrunda şəhid olub”.

Müəllifin “Qarabağ hekayələri”ndə kədərli notlarla üzləşsək də, bu yazılarda döyüş ruhu əskik deyil. Məsələn, “Oğul dağı” hekayəsində təsvir olunan Nurcahan Hüseynova Qarabağ döyüşlərində oğlunu itirir, amma özü döyüşə yollanır ki, qisasını alsın.

Z.Məhərrəmlinin indiyə kimi 18 kitabı nəşr edilib (Türkiyədə də bir kitabı çapdan çıxıb). Əlbəttə, məhsuldar yazıçı-publisist fəaliyyətinə görə bu, sevindirici hadisədir. Onun növbəti nəsr və publisistik kitablarında yeni uğurlar qazanacağına inanıram.

Другие новости