Qısa hekayələrin janr poetikası indiyə qədər az öyrənilib. Bu tipli hekayələrin genetik mənbələri ilə bağlı məsələ hələ ki yetərincə aydınlaşdırılmamışdır. Ədəbiyyatşünaslıqda kiçikhəcmli hekayələrin janr spesifikası, süjet rəngarəngliyi haqqında dəyişkən, bəzən də ziddiyyətli fikirlər irəli sürülüb. Modern İsrail hekayəçiliyində Etqar Keret adlı bir imza var, onun indiyə qədər işıq üzü görmüş 4 hekayələr toplusu bu baxımdan araşdırma üçün zəngin material verir. Belə bir yayğın təsəvvür var ki, yaradıcılığa hekayə ilə başlamayan nasirin romanlar yazması şübhəlidir, o mənada ki, birdən-birə böyükhəcmli janrlarda qələmini sınamaq ətraf üçün həmişə şübhəli və qəbuledilməz sayılıb. Bu, deyək ki, ilk baxışdan belədir, konkret yazıçı bioqrafiyasında özünü qətiyyən doğrultmur, janr və müəllif, müəllif və forma kimi məsələlərin çözümü nəzəri baxımdan nə qədər ayrıntılı olsa da, təcrübə bəzən ən maraqlı və cazibəli mülahizələri də heçə endirə bilir.
Kiçikhəcmli hekayələr qələmə alan, bu sahədə böyük təcrübəyə malik nasirlərlə bağlı son dərəcə maraqlı detallar mövcuddur. Etqar Keret müasir İsrail nəsrində seçilən imzalardandır.
Onun böyük ədəbiyyata gəlişi, obrazlı desək, haqqında bəhs etdiyimiz kiçikhəcmli janrla başlamışdır. Özünün dediyinə görə (bu deyim artıq oxucu auditoriyasında da kifayət qədər yayılıb), hərbi xidmətdə olarkən cəza alır, qaupvaxtda yatmalı olur. Orada keçirdiyi vaxt ruhunda qəribə təbəddülatlar baş qaldırır və yazmağı qət edir. Bu yazılarını günlərlə kimə oxumaq istəyirsə, hərə başını bir cür götürüb qaçır, onu dinləmək istəmirlər. Axı bu kontekstdə kiməsə qulaq asmaq təkcə hansısa vaxt itkisiylə bağlı deyildir, şifahi yox, yazılan şeyin (nağıllamanın əksinə olan nəsnənin-!) nağıllanması, dinlənilmək məqsədilə oxunması üzdən çox sadə görünsə də çətin prosesdir. Çünki bu, hər şeydən öncə şifahi ənənədə mövcud olan bir şey deyildir, yəni danışıldığı zaman şübhəsiz ki, əsəblərini qıcıqlandıracaq, təzə bir şey kimi bir az da anlaşılmaz təsir buraxacaqdır. Bu mənada "oxucunun" (dinləyicinin-!) tapılması bu janr üçün əsas məsələlərdən biridir. Keret yazdığı kiçikhəcmli hekayələrini qardaşına oxuyur və bir gün onun bu hekayələrin yazıldığı kağızı əlində bürmələyib zibil qutusuna atdığının şahidi olur. Beynindən dərhal keçir ki, yazdıqları, konkret halda istənilən bədii mətn bürmələnib zibil qutusuna atılası bir nəsnə deyildir, o, hər şeydən öncə ideya, emosiya və ruhun pərvərişi anlamına gəlir. Bu qırılma nöqtəsi onun ədəbi taleyində bir hadisə olur, bundan sonra qələmə aldığı bu kiçik, belə deyək, tez başlayıb heç bitməyən mətnlərin canına hopan ironiya və absurd zamanla onun yaradıcılıq sferasında bir "mifik lay" formalaşdırır ki, bu da Keretin hər bir kiçikhəcmli hekayəsinin ən dərinliyində yazılmasından vaz keçilən qalın-qalın romanların artıq dünyanın hansı nöqtəsindəsə qələmə alındığı təəssüratını formalaşdırır. Doğrudan, çox maraqlıdır: kiçikhəcmli hekayələrin arxasındakı nəfəs genişliyi, yəni bir çox məsələyə işarələrin mövcudluğu yeni və orijinal janr modifikasiyasının xüsusiyyətlərinin öyrənilməsini tələb edir. Bu tipli hekayələrin bir tərəfdən lətifə və pritça janrına yaxınlığı (daxilən müəyyən məqamlarda onları xatırlatması, bu xatırlatmadan dərhal vaz keçib daha üzdə olmayan nöqtələrin "işıqlandırılması"...), digər tərəfdən isə üst-üstə qalanan layların ironiya və absurd elementləri ilə süslənməsi onların tərkibindəki (və daha çox yazılmasına təkan verən emosiyanın "roman illüziyası" qatında...) mürəkkəb keçid və labirintlərin təkamülünü izləməyə əsas verir.
Kiçik hekayənin süjet dinamikasının fərqliliyi (mobillik) onu özünəməxsus "buqələmun" janra çevirir, yəni həm də bu tip hekayələri bu ifadə ilə səciyyələndirməyə əsas verir, eyni zamanda onun təbiətinə yanaşmanın polyarlığını şərtləndirir. Araşdırmalarda kiçik hekayə genetik baxımdan lətifə və novella ilə müqayisə edilir, yaxud digər tədqiqatlarda təmsil və etüd kimi janrlarla hər hansı oxşar əlaməti daşımadığı qeyd edilir. Burda diqqətçəkən məsələ nə ola bilər? Zənnimizcə, genetik oxşarlıq baxımından lətifə və novellanın adlarının çəkilməsi təsadüfi deyildir, hər ikisində bir gözlənilməzlik qatının mövcud olduğu şifahi və yazılı qütb zaman-zaman yeni janrlar doğurmaq potensialına malikdir. Doğrudan da, istənilən epik ənənədə şifahi formalarla yazının ("qısa yollu" və dərin effektli yazılı mətnlərin) arasındakı qaçılmaz cazibə və itələmə qüvvəsi istər-istəməz bu cazibə və itələməni dəf etmək lüzumu yaradır; yəni aradan qaldırılması müşkül olsa da, həmin zərurət yeni janrların yaranması ilə kompensasiya edilir. Belə deyək: bu gün epik ənənəmizdə istənilən dastan mətni ilə nəsr mətnləri arasındakı həmin cazibə və dəf etmə sahələrinin mövcudluğu daha çox müasir nəsr mətnlərinin janr modifikasiyasında özünü göstərir. Bizdə kiçikhəcmli hekayələrin kəmiyyətcə azlığı bu prosesin ləngliyinin sübutudur, yəni janrlaşma prosesi daha maraqlı nəsnə və hadisələrin yaranmasını işarələyir. Janr kateqoriyasının mürəkkəbliyi kiçik hekayənin vahid klassifikasiyasının olmadığını da şərtləndirir, araşdırıcıların fikrincə, onun mövcud tipologiyası süjet dinamikasına, motiv dominantlığına və gerçəkliyi əks etdirmənin xarakterinə əsaslanır. Kiçik hekayənin təkamülü bir-birilə sıx əlaqədə olan müəyyən faktorları diqqət mərkəzinə alır: formayaradıcı, yəni kod elementləri, süjet-kompozisiya təşkili, xronotop, subyekt tipi və sair janr strukturunun sabitliyini təmin edir; modelləşdirici faktor isə (assosiativ sahə) janrın transformasiya potensialını aşkarlayır. Məsələn, alman yazıçısı Bölün yaradıcılığında kiçik hekayə janrı müyyən ideya və faktorların təkamülü ilə sıx bağlıdır: insan ideyası. Artıq elə bir məqam yetişib ki, insan, məsələn, dağılan dünyanın içində fərqli tale ilə təsvir edilməlidir.
Etqar Keretin "Divarda deşik" hekayəsində insan və onun taleyi, dünya və gerçəkliyə münasibəti anlamında ilk növbədə "çox uzaq bir məsafənin artıq qət edilməsi" təəssüratı var, bu uzaq məsafənin aşılması dünya boyda bir hekayəti kodlarla çatdırma zərurətini yaradır: necə eləmək olar ki, kiçik bir ştrix, yəni adi, zamanın künc-bucağında itməyə məhkum bir təfərrüat mətləbin ideya və pafosunu ifadə etmiş olsun. Bu kontekstdə Etqar Keretin süjet anlayışında ironiyanın sözlərlə deyil, həmin təfərrüat və detalla çatdırılması önəmlidir. Kiçikhəcmli hekayədə "ekspozisiya" ancaq və ancaq nəzərdə tutulur. Məsələn, "Divarda deşik" hekayəsi belə başlayır: "Bernadot bulvarında, mərkəzi avtobus stansiyasının yaxınlığında divarda deşik var. Haçansa onun yerində bankomat olub, sonra sınıb, yaxud başına bu tipli nəsə gəlib, yaxud bəlkə də qurulduğu vaxtdan bəri kimsə ondan istifadə etməyib deyə, bank işçiləri pikapla gəlib onu burdan söküb aparıb və yerinə qaytarmayıblar". Maraqlı olan xüsusiyyətlərdən biri də personajın təhkiyə məkanına necə daxil olmasıdır. "Bir dəfə kimsə dedi ki, Udi, ağzını bu deşiyə tutub hansısa arzunu qışırsan dərhal çin olar. Eşitmişdi, ancaq inanmamışdı. Bir gün kinodan qayıdanda həmin deşiyə qışqırdı ki, qoy Dafna Rimel onu sevsin, ancaq nəsə baş vermədi...". Yaddaşlarda yaşayan hekayətlər zaman-zaman əfsanə və mif tülünə bürünərək insanla bərabər nəfəs alır, onun ümid və iztirablarını müşayiət edir, ən zor zamanlarda oyanır, həmin sevinc və iztirab səhnələri, necə deyərlər, "misansız tamaşa" çərçivəsinə sığındıqda yaddaşı cırmaqlayır və gələcəyin ironiya aspektində və absurd kontekstdə qavranılmasına təkan verir, eyni zamanda keçmişə də münasibət dəyişir, mövcud təsəvvürlərlə kəskin ziddiyyət yaranır. Diqqət edin: adamların hər gün gəlib keçdiyi küçədə divara vurulan bankomat funksional olmadığı üçün sökülür, yalnız qoparıldıqdan sonra divarda açılan deşik diqqətləri cəlb edir. Həm də keçmişdə yaranıb-formalaşmış təsəvvürlərin oyanması, bütün ziddiyyəti ilə var olması kontekstində. Hekayədəki bu iki hadisə arasından (bankomatın divarda olması və bir gün sökülməsi) zamanın bulanıq suları axıb keçir, bu zaman çayının içindəki hadisələr artıq "ölmüş", keçmişdə qalmış və insan yaddaşının diri olduğu məkanda yaranış çat (divardakı deşik) hər şeyin daha qəliz olduğunu şərtləndirir. Əslində, ironiya qədim pritça və nağıllardakı ümidə, çox gözəl şeylərin yoxdan var olmasına deyil, bunları bir nəfəslə yaradan insana yönəlikdir. Orada çox güclü görünən insan nə qədər cılız və mənasızdır. Yenə bir gün kinodan qayıdanda Udi, nədənsə, divardakı deşiyə sarı çevrilir və qışqırır: istəyirəm bir qoruyucu mələyim olsun. Qəribədir, bu arzusu dərhal gerçəkləşir. Az bir zamanda məlum olur ki, mələk olmağına mələk olsa da, deşikdən gələn məxluq əsla qoruyucu deyildir, bəlkə onun özünü qorumaq lazımdır. Daim çiynində plaş olur, adamlar olduqda bu plaşı əsla çiynindən atmır, onu hər an qanadlarının üstünə çəkir. Buna görə də adamlar bu plaşın altındakı bədən üzvü haqqında ən müxtəlif versiyalar irəli sürürlər. Kimlərsə qəti şəkildə inanır ki, əslində, bunlar qanad deyil, Udinin mələyi donqardır. Bir gün damda oturduqları zaman Udi xahiş edir ki, onun uçmasını görmək istəyir, çünki indiyə qədər bunun şahidi olmayıb, mələk etiraz edir, Udinin əli ona toxunur və mələk beşmərtəbəli evin damından "uçub" ölür...
Mirmehdi Ağaoğlunun tərcümə etdiyi "Qəhvə və siqaretlər" hekayəsi də qısa hekayənin poetikasını anlamaq baxımından çox maraqlıdır.
Bayaq janr identifikasiyası baxımından novellanın adını çəkdik. Onların arasında mühüm fərq ondan ibarətdir ki, novellada "gərginliyin bitməsi" formayaradıcı elementdir, bu da finalın gözlənilməzliyini şərtləndirir. Kiçik hekayədə isə məhz başlanğıc gözlənilməz olur, final isə açıqdır və həm də çox variantlı. Strukturun dəqiqliyi (müfəssəlliyi) hekayədə ekspozisiyanın qəfilliyini, açıq final variantının mövcudluğunu, təhkiyənin qırılmasını və gərginliyin mətndən kənara sıçramasını önə sürür.
"Altı yaşım olanda atam Təl-Əviv çimərliklərindən birinin yaxınlığındakı hovuzun bufetində işləyirdi. Hər səhər altının yarısı evdən çıxıb hovuza gedir, iki kilometr üzəndən sonra abunəçilər üçün nəzərdə tutulmuş isti soyunma otağında duş qəbul edib işə başlayırdı. Evə çox vaxt axşam doqquzda, özü də yorğun qayıdırdı. Gündə on dörd saat, həftədə yeddi gün Qordon çimərliyinin düz yanındakı hovuzun bufetində qazlı su ilə dolu yeşikləri boşaldır, tost presləyir və parlaq şüşə stəkanlarda qəhvə hazırlayırdı". Ata obrazı altı yaşdan başlayaraq yaşlaşan uşağın gözüylə seyr edilir, onun xarakterindəki zahirən əlaqəsiz cəhətlər önə çəkilir və bir gün dilin arxasında, dil kökündə xərçəng xəstəliyinin yaranması haqqında danışılır. İnsanın təbiətdən aldığı keyfiyyətlər təbii ki, zamanla korşalır və bir gün yox olur. Bütün bunları necə yaşamaq çox önəmli məsələdir. Ən sevincli günlərin, ən şaqraq gülüşlərin arxasında da iztirab səhnəsini canlandıran insanlar var; ən iztirtablı zamanı belə tale, qədər kimi qəbul edən, buna görə sınıb çiliklənməyən xarakterlər var. Dilin kökündə xərçəng yuva qurduğundan ata artıq heç nə, xüsusən çox sevdiyi qəhvə içə bilməz. Xarakterik cəhətləri - oğluyla fizioterapiyadan qayıdanda hansısa küçələrin tinində ayaq saxlayır və soruşur: ətri duyursanmı? Yəni qəhvə ətrini. Atası haqda təsəvvürləri altı yaşından formalaşdığından onu həmişə bu dünyadan kənarda, başqa bir dünyada təsəvvür edir. Ata nəyisə danışmağa başlayan kimi onun gözlərində hardansa bir deşik açılır, ordan bu dünyadan çox fərqli zaman-məkan çevrəsinə düşmüş kimi olurlar. Kafeyə girib kofe sifariş edən ata imkansızı imkana çevirmək istəyir, çox sevdiyi qoxulardan nəyin bahasına olur-olsun, vaz keçmək istəmir, qəhvəni qəfil başına çəkir və təbii ki, boğulmağa başlayır. Xilas olan kimi, sakitcə yerində oturur və çox sevdiyi uzun siqaretlərdən birini çıxarıb çəkməyə başlayır... Beləliklə, paralel dünya mifi sınır.
Kiçik hekayənin başqa bir önəmli xüsusiyyəti: bu dar labirintlərdən keçib gələn süjet danışdıqca bitmir ki bitmir...
"Ədəbiyyat qəzeti", 2020, 10 noyabr