25 fevral 2019-cu ildə görkəmli Azərbaycan ədəbiyyatşünas-alimi, Əməkdar elm xadimi, akademik Həmid Araslının 110 illik yubileyi qeyd olunub.
Elmi sessiyanı giriş sözü ilə akademik İsa Həbibbəyli açıb. Respublika Prezidenti, cənab İ.H.Əliyevin 11 fevral 2019-cu il Sərəncamını xatırladıb. Alim məlumat verib ki, akademik Həmid Araslı görkəmli Azərbaycan ədəbiyyatı tarixçisi, folklor, aşıq yaradıcılığı, klassik ədəbiyyat və ədəbi əlaqələr sahəsində qiymətli tədqiqatların müəllifidir. O, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının öyrənilməsi, nəşri və təbliği sahəsində yorulmaz fəaliyyət göstərib. H.Araslı Şərq ədəbiyyatını mükəmməl bilib, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli irsi ilə ardıcıl məşğul olub və monoqrafiyalar yazıb. Alim Azərbaycan ədəbiyyatı ilə Türkiyə, İran, Özbəkistan, Tatarıstan, Türkmənistan, Hindistan və Orta Asiya ölkələri ədəbiyyatı arasında poetik ənənəni də tədqiq edib. H.Araslı dövrünün görkəmli mətnşünası olub. Aşıq sənətkarları, “Kitabi-Dədə Qorqud”, Nəsimi, Saib Təbrizi və başqaları haqqında əsərlərin mətnlərini hazırlayıb və çap etdirib.
Həmid Araslı XII-XIII, XIV-XVI, XVII-XVIII əsr Azərbaycan ədəbiyyatının demək olar ki, bütün böyük sənətkarlarının yaradıcılığı ilə məşğul olub, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı üzrə doktorluq dissertasiyası müdafiə edib. O, iki cilddə “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, III cilddə “Azərbaycan ədəbiyyatı tarixi” adlı fundamental tədqiqat kitablarının yazılması və nəşrə hazırlanmasında məqalələr müəllifi və redaktor olub.
H.Araslı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyi, M.Füzuli adına Respublika Əlyazmalar İnstitutunun təşkilində fəal iştirak edib.
Alim dövlət vəzifələrindən irəli gələn ədəbiyyat məsələlərinin həllinə ürəklə çalışıb. O, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı tarixi problemləri üzrə mühazirələr oxuyub, Azərbaycan Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Alimin filoloji emlər sahəsində çoxsaylı yetirmələri olub.
H.Araslının Azərbaycan ədəbiyyatı tarixi, habelə, klassik ədəbiyyat və ədəbi əlaqələr məcrasında tədqiqatları ona böyük uğur gətirib. Həmin əsərlər müasir tədqiqatçılar, müasir ədəbiyyatşünaslıq üçün mötəbər mənbələrdir. Zəhmət, xeyirxahlıq və səmimiyyət, akademik Həmid Araslının həyat idealı olub. Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, görkəmli alim haqqında bir cildlik yubiley kitabının nəşri də nəzərdə tutulub.
Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, əməkdar elm xadimi, professor Qəzənfər Paşayev akademik Həmid Araslıdan böyük folklorşünas-alim kimi söz açıb, onun demək olar ki, 1940-cı illərdən başlayaraq ömrünün sonuna qədər bu sahəyə can-zəka yandırdığını bildirib. Qeyd edib ki, H.Araslı bir ədəbi məktəb yaradıcısı, ensiklopedik zəkaya malik olub, abidə əsərləri yaradıb. O, Mirzağa Quluzadə, Qulamhüseyn Beqdeli kimi görkəmli alimlərin elmi rəhbəri olub.
H.Araslı folklorşünaslıq sahəsi üzrə fundamental əsərlərə elmi redaktorluq edib. Onun “Kitabi-Dədə Qorqud”, “Azərbaycan dastanları”, “Koroğlu”, “Aşıq Ələsgər”, “Molla Nəsrəddin” sahəsində ədəbi-tarixi xidmətləri böyükdür. “Kitabi-Dədə Qorqud” eposunun ilk tədqiqatçısı, naşiri də Həmid müəllimdir. “Kitabi-Dədə Qorqud” dastanına yasaqlar, etirazlar olduğu bir vaxtda əqidəsindən, məramından dönməyib, dastanı axıra qədər müdafiə edib, onu Azərbaycan Oğuznaməsi kimi uca tutub.
Q.Paşayev qeyd edib ki, akademik Həmid Araslı elmdə və həyatda heç zaman qeyri-səmimi olmayıb, insanlara qarşı həmişə səmimi, xeyirxah və prinsipial olub. Qədim dastanla bağlı ona qarşı etinasız münasibətə baxmayaraq, ümumilli lider Heydər Əliyev onun prinsipiallığını yüksək qiymətləndirib, ona “Şərəf” ordeni verib.
H.Araslı xarici ölkələrdəki konfranslarda da uğurla məruzələr edib, Azərbaycan elmini Yaxın və Orta Şərqdə, habelə, Asiyada yaxından tanıdıb.
Ədəbiyyatşünas-alim aşıq, dastan yaradıcılığı, “Koroğlu” eposu, XVI-XVII əsrlərin aşıq yaradıcılığından əhəmiyyətli məqalələr yazıb və bütün bunlar alimi Azərbaycanda və beynəlxalq aləmdə şöhrətləndirib.
XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Şirindil Alışanlı akademik Həmid Araslıdan görkəmli ədəbiyyat tarixçisi kimi söz açıb, akademikin ədəbi-nəzəri birliyi və zəngin elmi təcrübəsini yüksək qiymətləndirib, onun ədəbiyyat tarixçiliyinin tarixi gerçəkliklə, ədəbi şəxsiyyətlərlə ehtiva olunduğunu xüsusi vurğulayıb.
Məruzəçi alimin 2 cilddə “Müxtəsər Azərbaycan ədəbiyyatı” və 3 cilddə “Azərbaycan ədəbiyyatı tarixləri” fundamental kitabların çapa hazırlanması və təbliği işindən danışıb. Dəyərləndirib ki, akademik Həmid Araslı həmişə mövcud elmi-metodoloji qəliblərdən qaçıb, təhlil və dəyərləndirməyə elmi yeniliklər gətirib, ədəbi fikir tariximizin sərhədlərini göstərib.
Ş.Alışanlı akademikin XII-XX əsrlər boyunca ədəbiyyat tarixçiliyi sahəsində elmi xidmətlərini xatırladıb. Qeyd edib ki, H.Araslı Nizami, Nəsimi, Füzuli və başqa görkəmli sənətkarların tədqiqində ictimai-tarixi şəraiti, ortaq türk qaynaqlarını, islam amilini əsas götürüb, həmişə tənqidi, müqayisəli mətnə, semantik cəhətlərə üstünlük verib.
Alim H.Araslının nizamişünaslıq, füzulişünaslıq sahəsində tədqiqatlarına xüsusi diqqət çəkib, M.Ə.Rəsulzadənin nizamişünaslığa baxışlar sistemini xatırladıb. O, alimin “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı” kitabından ayrıca danışıb və elmi yeniliyini xüsusi qeyd edib.
Professor Şirindil Alışanlı Həmid Araslının orta məktəb dərsliyi və müntəxabat hazırlamaq sahəsində xidmətlərini də yada salıb, onun xeyirxahlığını ayrıca vurğulayıb. Ümumiləşdirib ki, akademik Həmid Araslı klassik filologiya sahəsində məktəbin yaradıcısıdır.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu görkəmli Azərbaycan alimi Həmid Araslını klassik irsə münasibətdə zirvə hesab edib, alimin orta məktəbə aid Ədəbiyyat dərsliyindən, şərqşünaslıq sahəsində xidmətlərindən, alim və insan kimi xeyirxahlığından, əlyazma mətnləri sahəsində böyük axtarışları və uğurlarından danışıb. Onu da təəssüflə bildirib ki, görkəmli alim haqqında hələlik bir monoqrafiya yazılıb, halbuki bu, çox olmalıdır.
Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Fəridə xanım Əzizova özünün Şərqşünaslıq institutunun aspiranturasına qəbulu, Həmid müəllimin ona sorğu və suallarını yada gətirib bu görkəmli alimi bir daha xatırlayıb, onun ərəb və fars dillərini öyrənmək sahəsində zəhmətlərini dilə gətirib, minnətdarlığını ifadə edib. Natiq “Həmid Araslı və klassik ədəbiyyat problemləri” mövzusunda məruzəsində akademik Həmid Araslının Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Əmani, Həbibi, Kişvəri, Saib Təbrizi və başqaları haqqında tədqiqatlarının dərin elmi məziyyətləri və əhəmiyyətindən danışıb, onun Azərbaycan ədəbiyyat tarixçisi kimi əvəzsiz rolunu göstərib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktor müavini, professor Paşa Kərimov akademik Həmid Araslının aşıq yaradıcılığı, ədəbi əlaqələr sahəsində mətnşünaslıq işlərindən, onun fədakar əməyindən, ədəbi əlaqələrin üzə çıxarılması və M.Ə.Rəsulzadənin Nizamişünaslıqda payından və Həmid Araslının yox yerdən bir ədəbiyyat tarixi yazması və ədəbi mətnlərə daim sadiq qalmasından, müqayisəli mətnlərin təhlil və analizlərindən, elmi-tənqidi mətnləri yüksək səviyyədə dövriyyəyə gətirməsindən, habelə, klassik tədqiqatlarda elmi-ictimai dünyagörüşlə dil-üslub problemlərinin bir araya gətirilməsinin vacibliyindən danışıb.
Paşa Kərimov eyni zamanda H.Araslının tərtibçi kimi fəaliyyətini qeyd edib, “Kitabi-Dədə Qorqud”un, Saib Təbrizi, Süruri və Füzuli mətnlərinin tərtibi və nəşri məsələlərinin çətinliyi, Leninqrad, İstanbul, Tehran nüsxələrinin araşdırmaya cəlb edilməsinin üstünlükləri, təhlil prinsiplərinin vacibliyini diqqətə çatdırıb və Həmid Araslı mətnşünaslığının elmi əsaslarını ümumləşdirərək bildirib ki, H.Araslı əlyazmaların öyrənilməsi sahəsində məktəb yaradıb və özündən sonra gələn tədqiqatçıların orta əsr mətnləri düzgün araşdırmasına həmişə diqqət və qayğı göstərib, həm də prinsipial olub. O, Azərbaycan və Özbəkistanın əməkdar elm xadimi olub. Paşa Kərimov onu da qeyd edib ki, Həmid müəllim əslində mənim də XVII əsr Azərbaycan ədəbiyyatı tarixçiliyi istiqamətində araşdırmalar aparmağıma mənəvi impuls verib.
Məruzəçi təklif edib ki, akademik Həmid Araslının çoxcildiyi nəşr olunarsa, bu görkəmli alimin xatirəsinə qiymətli töhfə olar.
Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli akademik Həmid Araslının türk-müsəlman xalqları məcrasında tədqiqatlarından danışıb. Qeyd edib ki, H.Araslının bu sahədə axtarış və uğurları əsasən Yaxın və Orta Şərq, Orta Asiya xalqları, qismən Qərb-Avropa ədəbiyyatı ilə bağlı olub. Həmin əlaqələrdə XII əsr üzrə Xaqani, Nizami, Məhsəti, XIV-XVI əsrlər üzrə M.Əvhədi, İ.Nəsimi, Kişvəri, Ş.İ.Xətai, M.Füzuli və XVII-XVIII əsrlər üzrə M.Əmani, Fədai, Məsihi, Saib Təbrizi, Qövsi, Məhcur Şirvani, Vidadi və Vaqif irsinin poetik əlaqələri, habelə, Yaxın və Orta Şərq xalqları ədəbiyyatlarına təsir edib.
Ə.Əsgərli H.Araslının mətnşünaslıq, elmi-filoloji tərcümə sahəsində, habelə, Nizami, Ə.X.Dəhləvi, Ə.Cami, Ə.Nəvai, Sabir və Tofiq Fikrət mövzuları ətrafında elmi-nəzəri və metodoloji fikirlərinin əhəmiyyətindən danışıb. Ümumiləşdirib ki, akademik Həmid Araslı Azərbaycan ədəbiyyatı tarixi və problemləri məcrasında qiymətli tədqiqatların müəllifi olub Azərbaycan ədəbiyyatı tarixi və tarixçiləri sırasında mühüm yer tutur.
Elmi sessiyanın keçirilməsi boyunca görkəmli ədəbiyyatşünas-alimin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş etdirilib.
Əlizadə Əsgərli