Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Юбилеи

Неизменное лицо меняющегося времени: Шириндил Алышанлы-65

21-11-2017 [ 09:10 ] [ прочитано:65 ]
printerA+ | A-

 

Dəyişən zamanın dəyişməyən siması

“Mənim üçün yeganə meyar ədalət prinsipidir. Axı, bizə himayədarlıq edənlər,

əlimizdən tutanlar heç bir təmənna güdməyiblər. Kim onlara xəyanət edirsə bədbəxtdir.”

                             Şirindil Alışanlı

Yaşı o qədər də uzaq keçmişə dayalı olmayan ədəbi tənqid tarixi­­miz və ədəbiy­yatşünas­­lıq elmimi­­zin inkişafında nəzəri-estetik fikrin, mühitin formalaşdırdığı elə şəxsiyyətlər var ki, onların simasında bu tarix öz çəkisi, sanbalı, elmi potensialı baxımından yaşından müdrik görünür. Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşdırdığı belə fenomen şəxsiyyətlərdən biri də ömrünün 65 – ci kamil çağına yenicə qədəm qoyan professor Şirindil Alışanlıdır. Alimin  bir şəxsiyyət, vicdan sahibi, ədəbiyyatşünas kimi yetişməsində bir-birinə bənzəməyən (əsasən zaman və məkan orbiti baxımından – G.Q), lakin biri digərini doğuran müxtəlif sağlam mühitlərin böyük rolu olmuşdur. İlk növbədə göz açdığı Laçın rayonunun Əhmədli kəndinin füsünkar, sərt təbiəti, atası Həsən kişinin sağlam, sinəsi xalq hikməti ilə dolu, dili folklor örnəkli, aşıq sənətinin ecazkar havası ilə bələnmiş ruhu və özünün də böyük ehtiramla qeyd etdiyi kimi qardaşı “şair Hüseyn Kürdoğlunun halal çörəyi, vüqarlı, namuslu yaşamaq məktəbi” ilk mənəvi qidası, həyat kredosu, harda kim olmasından asılı olmayaraq onda əbədiyyən mənəvi bütövlük, müdriklik, sağlam düşüncə, yaşarı ənənələrə, yaddaşa bağlı insan kimi yaşamaq ruhu formalaşdırmışdır. İkinci sağlam mühit, məkan orbitinə keçid tələbəlik illəri zamanında başlamış, ziyalı, alicənab insanların əhatəsində yaşanan ömür, Bakı Dövlət Universitetində təhsil alarkən Mir Cəlal, Əkbər Ağayev, Qulu Xəlilov, Seyfulla Əsədullayev, Firidun Hüseynov, Samət Əlizadə kimi müəllimlərindən aldığı dərs təkcə elmi biliklərini artırmaq yönümündə deyil, yaşından, vəzifəsindən asılı olmayaraq insanlara qayğı və ehtiramla yanaşmaq, gərəkli və ədalətli olmaq kimi gözəl insani sifətlər aşılamışdır.  Onun həm elmi, həm də mənəvi-əxlaqi məzmunda bəhrələndiyi bu məktəb həyatı boyu əsas meyar və ölçüyə çevrilmişdir. Təhsilini başa vurduqdan bir müddət sonra Nizami adına Ədəbiyyat İnstitutunda ( hansı ki, bu İnstitut  həyatı boyu Şirindil müəllim üçün əbədi istinadgah yeri olmuşdur – G.Q) fəaliyyətə başlayan  Sirindil Alışanlı həmin zamanda “qızıl dövrü”nü yaşayan, Azərbaycan ədəbi-tənqidi fikrinin inkişafında xüsusi mövqeyə və çəkiyə malik Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, Məhəmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə, Mirəli Seyidov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yaşar Qarayev kimi nüfuzlu ədəbiyyatşünasların əhatə olunduğu elmi mühitdə fəaliyyətə başlamışdır. Alimin hələ gənc yaşlarından dövrü mətbuatda mütamadi olaraq çap olunan məqalələri, xüsusilə, Azərbaycan ədəbiyyatşünaslığının problemlərini, müasir ədəbi prosesi yeni baxış bucağından cəsarətli, prinsipial yanaşmalarla qiymətləndirmə bacarığı diqqət kəsb etmişdir. Şirindil Alışanlı ədəbi prosesə keçən əsrin 70-ci illərində professional tənqidçi kimi gəlmişdir. Tələbəlik həyatını yenicə başa vursa`da, həmin dövrdə Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin birgə keçirdikləri Respublika müşavirəsinə poeziya üzrə məruzəçi təyin olunması da onun özünütəsdiqi və tənqidçı kimi etiraf olunmasından irəli gəlirdi. Həmin illərdə ədəbi tənqidə yeni qüvvələr, tənqidçilər nəsli gəlmiş, düşüncə tərzi, ədəbiyyata baxış nöqteyi-nəzərdən, təhlil və qiymətləndirmə bacarıqları ilə diqqət mərkəzində olan bu nəslin nümayəndələri içərisində Şirindil Alışanlı prinsipiallığı, obyektivliyi, geniş nəzəri bilik və təhlil bacrığı ilə seçilənlərdən idi. Elmi erudisiyası, geniş dünyagörüşü, tələbəlik illərindən müəllimlərinin formalaşdırdığı fikir yürütmək, müzakirə aparmaq sərbəstliyi, yüksək ədəbi-estetik zövqü ilə fərqlənən Şirindil müəllimin ədəbi-tənqidi arealda cəsarətli çıxışları, analiz və təhlilləri, müasir ədəbi proses və ədəbiyyat tarixinin dəyərləndirmə istiqamətindəki yeni, orijinal yanaşmaları bir tərəfdən buxovlardan yenicə azad olan ədəbi tənqidin yeni meyar və ölçülərinin, digər tərəfdən isə ədəbiyyatşünaslıq elminin nəzəri-metodoloji prinsiplərinin yenidən qurulması və dəyərləndirmə zəruriliyinin ən bariz nümunəsi idi. Ədəbiyyatşünas Arif Əmrahoğlu alimin XX əsr 70-ci illər ədəbi tənqidində yeri və mövqeyini qiymətləndirərkən bu məqamları nəzərə alaraq vaxtilə haqlı olaraq qeyd etmişdir: “Şirindil müəllim kimi istedadlı gənclərin simasında 70-ci illərin ənənəvi tənqidi yeni ruh və biçimdə köhnə stereotiplərdən yaxasını qurtara bildi. Ədəbiyyatın  arxasınca sürünən tənqid ədəbiyyatşünaslığın önündə getməyə başladı. Ş.Alışanlının bu yöndəki xidmətləri əvəzsizdir” (Arif Əmrahoğlu). Şirindil Alışanlı tənqidinin, ədəbi-nəzəri biliklərinin tətbiq metodlarının özəlliyi onda idi ki, o Azərbaycan ədəbiyyatşünaslığını dar, sxematik təhlil üsulundan çıxarmağa sövq edir, dünya nəzəri fikrində mövcud olan müasir konsepsiya və metodların nəzəri müddəalarını Azərbaycan ədəbiyyatşünaslığına tətbiq etməyə çalışırdı. Xüsusilə, bu sahədə rus və dunya ədəbi-nəzəri fikrinin təcrübəsindən yararlanan alim keçən əsrin 70-ci illərində rus alimi A.N.Veselovskinin tarixi poetika məktəbinin təcrübəsinə əsaslanaraq sosioloji təhlil üsuluna, bədii materialı dar zaman çərçivəsində, ideoloji yanaşmalarla araşdırma meyarlarına qarşı çıxaraq qeyd edirdi: “....dünyanın bədii düşüncə mənbəyi o zaman dolğun olacaq ki, milli ədəbiyyatın tarixi təkamülü bədii fikrin immanent qanunları, kateqoriyaları əsasında öyrəniləcəkdir” (Şirindil Alışanlı). Hələ ilk məqalələrində sosioloji təhlil üsulunun nəzəri-estetik problemlər istiqamətində aparılmasına mane olduğunu vurğulayan alimin elmi yanaşmalarında qəlibləşmiş meyarlardan uzaqlaşma öz təsirini göstərməkdə idi. Məhz elə bu­nun nəticəsidir ki, ədəbiy­­yatımızın ayrı-ayrı prob­­lemlər­i­­nin nəzəri dəyər­lən­diril­məsin­də­ Şirindil müəllimin tədqiqatlarının rolu əvəzsizdir. Alimin hələ keçən əsrin 80-cı illərində çağdaş ədəbi proses, poema janrının təkamülü, “Əyanilik və konkretlik” (Müasir uşaq şeiri haqqında qeydlər), müasir uşaq şeirinin təhlil və analizi ilə bağlı araşdırması özündən sonra onlarla bu istiqamətdə aparılan araşdırmalardan elmi-nəzəri səciyyəsi ilə fərqlənir.

Şirindil müəllim təhsilini SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda davam etdirmiş, böyük estetik Yuri Borevin rəhbərliyi altında romantizm problemi ilə bağlı tədqiqat aparmış,                  ədəbiyyatşünas, nəzəriyyəçi alim kimi püxtələşməsində rus ədəbiyyatşünaslıq məktəbinin əhəmiyyətli rolu olmuşdur. Həmin illərdə dünyada tanınmış alimlərlə bir arada birləşmək və aparılan müzakirələrdə N. Gey, Y. Borev, V. Kojinov və b. nəzəriyyəçilərdən aldığı dərs, ədəbiyyat nəzəriyyəsi şöbəsində mütamadi olaraq çoxcilidliklərin hazırlanması, ədəbiyyatşünaslığın müxtəlif problemlərinə dair müzakirələrdə iştirak alimin elmi inkişafında məktəb rolunu oynamışdır.

Şirindil Alışanlı həm milli ədəbiyyatşünaslığımızın, həm də dunya ədəbi-estetik fikrinin təcrübəsinə bələd olan alimlərimizdəndir. Onun romantizmlə bağlı ilk tədqiqat əsərində bu yaradıcılıq metodunun vahid ədəbiyyat kontekstində izlənilməsi, ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemlərinə həsr olunan tədqiqatları, Azərbaycan tənqidinin, elmi-nəzəri fikrinin təşəkkülü və  təkamülünü yeni baxış bucağından qiymətləndirməsi, ədəbi prosesin dəyərləndirilməsinə yeni ölçü və meyarlarla yanaşma metodu poetik fikrin ideya-məzmun yeniliklərini ümumiləşdirmək və s. onun elmi yaradıcılığının əsas prioritetlərindəndir. Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji problemləri, humanitar elmlərin metodoloji məsələləri, tarixi poetika, müasir ədəbi proses, bədii metodun tipologiyası onun məşğul olduğu problemlərdəndir. Alimin  “Sözün estetik yaddaşı” (1994), “Romantizm: mübahisələr, həqiqətlər (rus dilində) (2000)”,  “Ədəbi-bədii düşüncənin sərhədləri” (2010), “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı”(2011), “Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi” (2013) kimi sanballı kitabları, 250-dən çox elmi, ədəbi-ictimai məsələlərə həsr edilmiş məqalələri Şirindil Alışanlının ədəbiyyatşünas, tənqidçi kimi xidmətlərinin geniş miqyasının göstərici­­sidir. Azər­­­baycan ədəbiyyatşünaslığının tarixi təcrübəsi, müasir tənqidi fikrin dəyərləndirilməsi, klassik irs problemi, tarixi poetika və onun ümumədəbiyyat kontekstində fərdiliyinin şərhi, ayrı-ayrı şəxsiyyətlərin elmi-nəzəri irsinin sistemli təhlili alimin əsas tədqiqat obyektlərindəndir. Şirindil müəllimin tədqiqat üsuluna xas əsas xüsusiyyətlərdən biri milli-tarixi təcrübəyə yiyələnmə və yanaşmada dünya və rus nəzəri fikrinin təcrübəsinə əsaslanmaq və milli ədəbiyyatı ümumədəbiyyatın nəzəri səciyəsində ümumiləşdirməkdir. Azərbaycan ədəbiyyatı kontekstində qoyulan,  həlli yolları araşdırılan məsələlərin bir yönlü istiqamətdə deyil, dünya humanitar fikrinin mövcud konsepsiya və nəzəriyyələri əsasında öyrənilməsi və fərqləndirilməsi istiqamətində araşdırılmasını əsas hesab edən tənqidçi yazır: “ Son əsrdə dünya ədəbiyyatını vahid kontekstdə öyrənmək, bu tarixi təcrübə əsasında ortaq nəzəri-metodoloji prinsipləri müəyyənləşdirmək zərurəti ortaya çıxır”. Alimin “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” adlı sanballı tədqiqatında böyük bir tarixi epoxanın müxtəlif mərhələlərində tənqidin dəyişən və dəyişməyən mövqeyinə, tarixi dinamikasına, milli irsin yeni metodoloji əsaslarla dəyərləndirilməsində nəzəri-estetik fikrin mövqeyi, tənqidin qiymətləndirmə yönlərinə nəzər salınır, bütün bu məsələlər XX əsr dünya humanitar fikrinin nəzəri-metodoloji problemləri kontekstində dəyərləndirilir, qoyulan və qaldırılan problemləri “ümumidən təkə, yaxud fərddən ümumiyə dönüş istiqamətində öyrənmək” konseptinə əsaslanır. Obyektiv yanaşma, elmi rassionalliq, prinsipiallıq, dəqiq analiz və müraciət etdiyi obyekti dar zaman və məkan çərçivəsində deyil, ədəbi-estetik fikrin masştablığında dərk Şirindil Alışanlının tənqid kredosunun əsas mahiyyətini təşkil edir. Ədəbi fikrin dövrləşdirilməsi məsələsinə toxunan alim bu prosesdə müəyyən tarixi təcrübələrə əsaslanmaların zərurililiyi və əhəmiyyəti haqqında danışır. Bu sahədə əldə olan materialları və ayrı-ayrı fikir adamlarının milli ədəbi irsin dövrləşdirilməsi ilə bağlı xidmətlərinə nəzər salır, mübahisəli məsələlərə aydınlıq gətirir. Bu məqamda da alim öz prinsiplərinə sadiq qalaraq dövrləşdirməni ümumədəbiyyat kontekstindən kənar götürmür, vahid ədəbiyyat üçün əsas iki yönüm – formasiyalar və sivilyasiyalara nəzər yetirir, milli ədəbiyyatşünaslığın təcrübəsindən çıxış edərək formasiyalar nəzəriyyəsinin üstünlüyünü göstərir. XX əsr Azərbaycan ədəbiyyatını dünya ədəbi prosesindən ayırmayan  və onun bir hissəsi kimi götürən alim dövrləşdirmədə müəyyən meyarların nəzərə alınması, xüsusilə, bu vahid ədəbiyyatı ayrı-ayrı mərhələlərə bölmək (XX əsrin əvvəli, sovet dövrü, müstəqillik dövrü) prinsipinə qarşı çıxır.

Professor Şirindil Alışanlının milli-mənəvi irsimizin təbliği istiqamətində də xidmətləri əvəzsizdir. Son illərdə ayrı-ayrı elm adamları, filosof, şair, yazıçı, ədəbiyyatşünaslar haqqında bilavasitə Şirindil müəllimin təşəbbüsü ilə çəkilən televiziya filmləri, XX əsr ədəbi-nəzəri fikrimizin mogikanı Yaşar Qarayev irsinin toplanıb nəşr olunması istiqamətində apardığı işlər, xüsusilə uzun illər rəhbərlik etdiyi “Elm”, redaktoru və təsisçisi olduğu “Sabah” nəşriyyatlarında onun rəhbərliyi altında həm klassik, həm də müasir ədəbiyyatımız, Azərbaycan tarixi, musiqisi, incəsənətinin ayrı-ayrı sahələrinə aid kitabların nəşri buna əyani misal ola bilər. Alimin İnstitutumuzun elmi potensialının yüksəlməsi və ədəbiyyatşünaslıq elmimizin təbliği və inkişafında da xüsusi xidmətləri vardır. Belə ki, onun rəhbərliyi ilə “Azərbaycan ədəbiyyatının tarixi poetikası” kitabları, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyası, VI cildlik “Azərbaycan ədəbiyyatı tarixinin sovet dövrünün və eləcə də VII cildlik Azərbaycan ədəbiyyatı tarixinin 6-cı cildinin hazırlanması bilavasitə Şirindil müəllimin adı ilə bağlıdır.

Artiq 10 ildən çoxdur ki, Şirindil Alışanlı Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şobəsinin müdiridir. Bu illər ərzində alimin ədəbiyyat tariximizin yenidən, müasir baxış bucağından dəyərləndirilməsi və xüsusilə, ədəbiyyatın tarixi təcrübəsinə əsaslanmalarla tədqiqatların aprılması istiqamətində gördüyü nəzəri-praktik işlər - “XX əsr ədəbiyyatı məsələləri” seriyasından 4 kitabın nəşr olunması, M.Müşfiq, M.Arif, S.Vurğun, İ.Əfəndiyev kimi klassiklərin yaradıcılıqları fonunda sovet dövrü Azərbaycan ədəbiyyatı tarixinin inkişafının izlənilməsi, tarixi poetika  – şeir, poema, dramaturgiya, roman kimi XX əsr ədəbiyyatı janrlarının qaynaqlarını, təkamül və inkişaf mərhələlərinin öyrənilməsi də Şirindil müəllimin nəzəri görüşlərində olduğu kimi ədəbiyyatın dəyərləndirilməsinin sosioloji təhlil metodu ilə deyil, nəzəri-metodoloji aspektdən   qiymətləndirilməsi istiqamətində apardığı işlərin bariz nümunəsidir.

Şirindil müəllim qədirşünas alimdir. Bu da onun yüksək insanpərvərliyindən irəli gəlir. O, müəllimi, yaxın dostu, həmkarı olduğu insanlara qarşı sağlığında verdiyi dəyəri yoxluğunda da qorumağı, qiymətləndirməyi bacaran alimdir..... Onun Y.Qarayev, M.Cəlal, Ə.Mirəhmədov və b. haqqında məqalə, yubiley yazılarında milli-mənəvi irsimizə, yaddaşa, ənənəyə böyük ehtiram və sonsuz səmimiyyət duyulur.

Şirindil müəllim ədəbiyyatşünas alim olmaqla yanaşı həm də yüksək insani keyfiyyətlərə malik əsil şəxsiyyət, vicdan sahibidir. Onun rəhbərlik etdiyi şöbədə hər bir məsələyə təbii ki, məsələnin mahiyyətindən və ölçüsündən asılı olmayaraq yanaşması və müəyyən problemin çözülməsi istiqamətində atdığı addım, verdiyi qərar protokoluqdan, tutuduğu mövqedən tamamən kənardır. Şirindil müəllimlə ünsiyyətdə olan və onun rəhbərliyi altında çalışan hər bir həmkara onun müsbət enerjisi, qayğısı, diqqəti, ədəbiyyatımız, ədəbi simalarımız haqqında maraqlı söhbətləri  yalnız müdir səviyyəsində məhdudlaşmır. Müxtəlif nəslə mənsub bu insanlarla ünsiyyətdə əsl dost, qardaş, sirdaş, ata qayğısı ilə hər birimizin arxa hesab etdiyimiz bir istinadgahdır Şirindil müəllim! İçindəki nizam-intizam, xarakterindəki bütövlük, cəsarətlilik, dürüstlük 65 illik ömründə onun yol yoldaşı olmuş,  çalxalanan zamanda yerini, mövqeyini heç zaman dəyişməmişdir.

Mənə elə gəlir ki, əsl alimə verilən dəyər o xalqın elminə verdiyi dəyərdir. AMEA-nın müxbir üzvü Kamran Əliyev Şirindil müəllimin 60 illik yubleyində qeyd etmişdir: “Şirindil Alışanlını qiymətləndirmək ədəbiyyatı, elmi qiymətləndirməkdir” (Kamran Əliyev). Əsl alim, təmiz vicdan sahibi, bütöv şəxsiyyət, ədalətli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik insan Şirindil Alışanlını ədəbiyyatşünaslığımız, mənəvi sabahımız naminə qorumaq və yaşatmaq hər birimizin borcudur.     

Günay Qarayeva   

PHOTO GALLERY