Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

On some features of Nabi Khazri‘s personal style (Nabi Khazri-100) - Alizade Asgarli

30-10-2024 [ 12:38 ] [ read:249 ]
printerA+ | A-

                                                               Nəbi Xəzrinin fərdi üslubunun bəzi xüsusiyyətlərinə dair[1]

Nəbi Ələkbər oğlu Babayev– Nəbi Xəzri XX əsr Azərbaycan poeziyasının nümayəndəsidir. Yeddi il yeni əsrdə yaşayıb (1924-2007). O, şair, nasir, dramaturq, publisist və tərcüməşi kimi tanınıb. Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvü olub. Ədəbiyyat səhifəsində dərc olunmuş bir silsilə şeiri S. Vurğunun diqqətini çəkib, onu İttifaqa üzvliyə qəbul edib. Şair 1947-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. SSRİ Dövlət mükafatı laureatı (1973), Azərbaycan Dövlət mükafatı laureatı (1982), Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Xalq şairi (1984) fəxri adlarına layiq görülüb.

       Şair ADU-nun filologiya fakültəsində, Leninqrad Dövlət Universitetində, M. Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.

       “Vətən uğrunda” jurnalı, “Kommunist”,“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında, Azərbaycan Radio Komitəsində, AYİ-da işləyib. Azərbaycan Yazıçılar İttifaqının katibi, Radio Televiziya Verilişləri Komitəsində sədr müavini olub.1974-1992-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinə rəhbərlik edib. ”Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti olub (1992-2007).

       “Çiçəklənən arzular” N. Xəzrinin ilk kitabıdır (1950). “Söz” (1944) şairin ilk şeirlərindəndir.Sənətkar 1940-cı illərdə ədəbiyyata gəlib.S. Vurğun onu İttifaqa üzv qəbul edib.

       Nəzəri poetikasına dair:

    1920-1930-cu illərdən 1940-50-ci illərə, yeni mərhələyə keçidi Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, Mirvarid Dilbazi, Əhməd Cəmil, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Zeynal Xəlil hazırlayıb.

      1940-1950-ci illər mərhələsində Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İslam Səfərli, Balaş Azəroğlu, Hüseyn Arif, Əli Kərim, Qasım Qasımzadə, Qabil, Əliağa Kürçaylı, Hökumə Billuri, Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir görünüb.

60-cılar poeziyasını müxtəlif nəsillər təmsil edib: Rəsul Rza, Məmməd Rahim, Mirvarid Dilbazi, Əhməd Cəmil, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Zeynal Xəlilin təmsil olunduğu birinci nəsil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İslam Səfərli, Balaş Azəroğlu, Hüseyn Arif, Əli Kərim, Qasım Qasımzadə, Qabil, Əliağa Kürçaylı, Hökumə Billuri, Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahirin təmsil olunduğu ikinci nəsil.

       Və bilavasitə 60-cılar: Fikrət Qoca, Xəlil Rza, Məmməd Araz, Tofiq Bayram, Nəriman Həsənzadə, Cabir Novruz, Fikrət Sadıq, Hüseyn Kürdoğlu, Vaqif Səmədoğlu, Məstan Əliyev, Famil Mehdi, İlyas Tapdıq, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Eyvaz Borçalı və s.

      70-ci illərin poetik nəsli: Musa Yaqub, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Vaqif Nəsib, Davud Nəsib və başqaları...

      Görkəmli elm xadimi, müxbir üzv, professor Yaşar Qarayevin yazdığı kimi 1920-1930-cu illərin poeziyasında ənənəvi vulqar-ritorik məhsul bolluğu olub, ifrat məddahlıq, sinfi, partiyalı şeir siyasətbaz və işbaz ədəbi orqanlarda yüksək tribunadan söylənib[2].

      1940-cı illərdən poetik axtarış mərhələsi başlanıb. S. Vurğun bunu 1943-1944-cü illərin lirik-fəlsəfi şeirlərinə aid edirdi. Poetik axtarış lirik “Mən”lə zaman arasında başlayıb. Vətən, Torpaq, Tarix və Yaddaş məcrasında başlayıb.1960-cı illərdə həqiqət axtarıcılığı güclənib. Belə vüsətli poetik axtarış Rəsul Rzanın adı ilə bağlı olub. Axtarışlar mənəvi bütövlük, gen və qan yaddaşı, ömür – tarix, kök – zirvə, mənşə və bu günün hüdudları daxilində başlanıb, əxlaq və mədəniyyətdə təzahür edib[3]. Bütün bunlar Nəbi Xəzrinin poetik “Mən”inə müəyyənlik gətirib, onun fərdi poetik üslubunu formalaşdırıb. Necə? Biz sənətkarın poeziyasının ayrıntılarını poetik nəsillərin bədii axtarışları və tapıntıları içindən, ədəbi proses  ümmanından necə ayıra bilərik? Beləliklə, N.Xəzrinin fərdi üslubunun hansı səciyyəvi xüsusiyyətləri diqqət çəkəndir?

      Lirik növdə: Mövzu, ideya, məzmun və obrazlara görə: N.Xəzrinin əsas obrazları, əsasən, təbiət predmetləri olub: çinar, dağ, dəniz, göl, çay, durna və s. realiləri. Peyzajlar, etüdlər... Lirik “Mən”, lirik qəhrəman, müxtəlif səviyyəli insan surətləri... Onun münasibətli, müdaxiləli bədii obyekti isə Azərbaycan: təbiət, xalqın taleyi, torpaq, vətən, əmək, zəhmət, folklor, muğam, tarix, müharibə (yaddaş), 20 yanvar, Qarabağ ağrıları, azadlıq, istiqlal, ekologiya, məhəbbət, din və irfan motivləri olub.

      Lirika, lirik tərənnüm, lirik pafos, lirik təsvir və təhkiyəyə görə: N.Xəzri poeziyasının lirik “Mən”i daha işıqlıdır. Bu “Mən”dən – tərənnüm və pafosdan Azərbaycanın, – akademik Budaq Budaqov demişkən,– bütöv coğrafiyası[4] keçir: Mili, Muğanı, Qarabağı, fəsilləri, oykonimləri, oronimləri, hidronimləri, etnonimləri, bir sözlə, ölkənin hər cür varlığı, reallığı, realiləri...

      Şairin lirikası üçün daha artıq birinci şəxsin təkinə aid olan təhkiyə – subyektiv “Mən” xasdır. Yəni lirik “Mən”in I şəxsinin təkinə aid olan mətn təhkiyəsi.

       N.Xəzrinin məqsəd-intonasiyaya görə bədii sintaksisi, əsasən, nəqletmə təhkiyəsinə aiddir. Bununla belə, emfatik (əmr, nida, xitab sintaqmları) və məntiqi  (vurgular) intonasiyanın çalarları da çeşidlidir...

      Bu təhkiyənin ortaq baçlanğıcı obyektiv və subyektiv amillər, mənəvi məfhumlar və maddi predmetlərdir.

      N.Xəzri poeziyasında üçüncü şəxsə aid olan təhkiyə də fəaldır. Yəni “o”– üçüncü şəxsin təkinə aid olan mətn təhkiyəsi. Nəbi Xəzrinin poeziyasında I və III şəxslərin təkinə aid olan daha hissi-emosional ifadə üsulu vardır. Onun bədii təhkiyəsi lirik-psixoloji təhkiyədir, lirik-epik çalarları çox olan təhkiyədir. Epik-romantik dayaqdan təpər tapıb daha vüsətli olan lirik ehtizazlı təhkiyədir. Poemaları da belədir. N.Xəzrinin mətn, lirik “Mən” təhkiyəsinin bütün şəxslərə ünvanlanan ifadə məziyyəti, ideya-məzmun və forma xüsusiyyəti də vardır.

     Bu baxımdan N.Xəzri poeziyasının ifadə üsulu üçün hissi idrakın duyğu, qavrayış, təsəvvür və passiv təxəyyül bolluğu səciyyəvidir. N.Xəzri həm də ovqat şairidir. Onun səmimi, munis poeziyasına təfəkkür və idrakın hissi pilləsi aiddir.

       Bəs Nəbi Xəzri poeziyasının ifadə üsulu üçün məntiqi idrakın əlamətləri xarakterik deyilmi? Fikrimizcə, sənətkarın lirik poeziyasında məntiqi idrakın anlayış, mühakimə, əqli nəticə, başqa sozlə, mühakiməli-analitik məntiqin bədii qanunauyğunluqları, dialektik-tarixi qanunların, kateqoriyaların poetik təzahürü üzdə və içdə deyil, yəni şairin fərdi poetik üslubunun belə bir mövqe üstünlüyü yox kimidir. Yox, məsuliyyətlə deyirik ki, Nəbi Xəzri bədii-fəlsəfi fikir və düşüncə şairi deyil, lirik-psixoloji, mənəvi-əxlaqi və estetika, gözəllik şairidir. Nəbi Xəzri lirika, tərənnüm, pafos və emosiya şairidir. Nəbi Xəzrinin şeirləri epik mənbəyi, qaynağı, dayaqları olan hissi şeirlərdir.

       Nəbi Xəzri poeziyası ənənəvidir. Yəni onun əlvan, çeşidli poeziyasının mənbə və qaynaqlarının şəhdi zəngin xalq dilindən qidalanıb. Onun bədii mətnlərindəki heca vəzni, ahəng və intonasiyası xalq dili, xalq şeirindən, xalq yaradıcılığından, folklorundan qüvvət alıb. O, yeni bədii problemlərə, mövzu və motivlərə yeni ritmlə, sürət və enerji ilə, yeni temp və tembrlə  cavab verib.

      N.Xəzri milli folklorumuzdan, klassik irsimizdən bəhrələnib. Bəşəri poeziyadan faydalanması da istisna deyil. Çünki bəşəri sənətkarlardan da poetik tərcümələri olub, bu da təbii ki təsirsiz ötüşməyib. Milli poetik dilimizin sünilikdən, ritorikadan təmizlənməsində (40-50-ci illərdən başlayaraq), saf ana dilimizin ab-havasının poeziyamıza əsməsində, xəzri və gilavarın yayılmasında Nəbi Xəzrinin də özəl xidmətləri vardır. Nəbi Xəzri daha çox Səməd Vurğun ovqatını yeni iqlimdə, yeni mehdə, yeni mehvərdə şeirinə və şeirimizə gətirib.

     N. Xəzri poeziyası “ritorik qəhrəman”dan, süni epiklikdən, təsvirçilikdən xilas olub. Məhz bu bədii nəsnələrdən uzaqlığı çağdaşlarına da diqtə edib,  bəhrəli bədii vasitələri şeirimizə gətirənlərdən, öyrədənlərdən olub.

        N. Xəzrinin lirik “Mən”i –Vətən, Torpaq, Tarix və Zaman boyunca,– yəni tarixilik və çağdaşlıq boyunca olub, Şərq, Avropa və Qərbə doğru yönəlib. N. Xəzrinin lirik “Mən”i dünya xalqlarını: millilik və bəçəriliyi əhatə edib. Onun səsi və poetik sözü Asiya, Avropa və ABŞ qitələrindən gəlib. Fəqət Nəbi Xəzri bütün vücuduyla ana torpaga bağlı sənətkardır.

      Şairin poetik formaları: Nəbi Xəzri lirik, epik, dramatik növ və janrlarda yazıb-yaradıb.

      Şeir vəzni: hecadır. Əruzu, sərbəsti, habelə, anaklaza (mətnin müxtəlif, qarışıq hecada olması), hipostasa (mətnin qarışıq vəzndə olması, yəni bir parçanın hecada, digər parçanın sərbəst və ya əruzda olması) formalı şeiləri yoxdur. Məqsəddən asılı olaraq misra və bəndləri sındırmaqla süni sərbəstlik formaları yaratmaq halları isə istisna deyil. Bu isə sərbəst şeir deyil, fərdi, şəxsi ölçülü sərbəstlikdir.

     Heca vəzni və yanrları: Nəbi Xəzri şeirinin 4 hecadan 16 hecaya qədər bədii mətnləri vardır.

     Bənd və qafiyələri: 2-lik, 3-lük, 4-lük, 5-lik, 6-lıq, 7-lik, 8-lik, 10-luq, 12-lik bəndləri (misraları) mövcuddur. Qafiyələri əksərən çarpazdır, yarımçarpazları, dövrəvi, qurşaqlı olanları da istisna deyil. N.Xəzridə qafiyənin yeri və çeşidliyi önəm kəsb etməyib. Hamısı xəlqi, ənənəvi, mövcud bədii təcrübəmizdən gələndir. Şair qafiyələrində yaradıcı, törədici  təşəbbüsdə deyil, sabit mövqedədir.

      N.Xəzri poeziyasının janrları da əsasən ənənəvidir: əfsanə, rəvayət, qoşma, gəraylı, mürəbbe, müxəmməs, müsəddəs, müsəmməm və s.-dir. Bunlar klassik ruhda deyil, təbii ki, çağdaşdır, zahiri forma effektindədir.

     Təsvir və ifadə vasitələri: Nəbi Xəzri şeirində ənənəvilik güclü olsa da, şair  təsvir və ifadə vasitələrinin yeniliyinə meyilli olub, sünilikdən, ritorikadan qaçıb, poetik  genişliyə çalışıb. Lakin N.Xəzri poeziyasında poetizmlik  baxımından münkəsirlik, mürəkkəblik demək olar ki, yoxdur, sadə təsvir və ifadə vasitələridir.

      Epik növ: Nəbi Xəzri 1950-ci illərdən başlayaraq epik növdə, nəsr və publisistikada özünü sınayıb. Hekayələr yazıb (“Tütək dindi”,”Qız qalası, dalğa qızı”, “Qanadlı qonaq”, “Büllur haşiyəli eynək”,”Bəhrəsiz iydə””Muğamat”;“O uzaq gecə”, “Sərhədin o tayında” silsilələri...)

        Povestləri olub (”Missispi axan yerdə”,”Dünyanın şimal qütbündə”, “Heykəlsiz abidə”, “Miras”, “Səssiz fəryadlar” və s.).

Romanları:

     Dramatik növ: Nəbi Xəzrinin pyesləri  ailə-məişət, sosial-psixoloji, tarixi və ideoloji plandadır.”Peyğəmbər” tarixi dramını yazıb.“Heykəlsiz abidə”povesti əsasında “Mirzə Şəfi Vazeh”səhnə əsərini yazıb... Şair Orhon-Yenisey abidələri,“Kitabi-Dədə Qorqud”un motivləri əsasında “Torpağa sancılan qılınc”,”Burlaxatun” pyeslərini qələmə alıb, kökümüzü: türkçülüyümüzü, dinçiliyimizi təbliğ edib, bizi-bizə göstərib.

     Yeri gəlmişkən: Dünya sivilizasiyasında elit şəxsiyyət Heydər Əliyev Nəbi Xəzri poeziyasına yüksək qiymət verib, pyeslərinin səhnə həlli üçün xeyli maddi kömək göstərib.”Azərbaycan” şeirini, mahnısını uca tutub.Ümummilli lider deyib: ”Vaxtilə Müslüm Maqomayev bu mahnının mənə ithaf olunduğunu demişdi... Mən bu mahnını sevirəm. O, məni çox həyəcanlandırır. Çünki  mahnıda deyilir ki, Azərbaycan həyatımın mənasıdır. Azərbaycan, həqiqətən, mənim həyatımın mənasıdır. Ona görə də bu mahnını qəbul edirəm”[5].

         N. Xəzri poeziyası ədəbi tənqid və ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilib (M.Arif, M. Hüseyn, M.İbrahimov,B. Nəbiyev və başqaları elmi-tənqidi məqalələr yazıb). Haqqında Qənirə Bəyzadə “Dədə Qorqud dünyası, müdriklik dünyası”, Aqil Cəfərov “Nəbi Xəzrinin poetik dili”, Fəridə Səfiyeva “Nəbi Xəzrinin sənətkarlığı”, Rüstəm Əzizov “Romanın genişlənən üfiqləri”, Əflatun Baxşəliyev “Nəbi Xəzrinin yaradıcılıq yolu” kitablarını çap etdirib. Ədəbiyyat İnstitutunun Əlaqələndirmə şurası şairin 100 illiyinə dissertasiya yazılışı üçün yeni mövzu da təsdiq edib...

       Oktyabr, noyabr bayramlar ayıdır.18 oktyabr Dövlət müstəqilliyimizin bərpası günüdür. Xəlil Rza Ulutürk yazıb:

Biz türkləriz, Vətənimiz başdan-başa Yerkürəsi,

Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.

       Məmməd Araz yazıb:

Vətən nəğmələri olmasa bir an,

Ürəkdə gül açıb yaz ola bilməz,

Nəğməsi olmayan, şeri olmayan

Bir xalqın tarixi yazıla bilməz.

        9 noyabr Dövlət Bayrağı günü...

        Bəxtiyar Vahabzadə yazıb:

Bayraq mənliyimdir, bayraq kimliyim!

Bayraq öz yurduma, öz hakimliyim!

       Nəriman Həsənzadə yazıb:

Sən ey mənim xalqım, ən qədim Bayraq,

Qismətimə düşən ata sərvətim!

Sənin hüzurunda keşikdə durmaq

Dünyada ən böyük vəzifəm mənim!

       8 noyabr Tarixi Zəfər günü...

       Dünya sivilizasiyasında elit şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin monumental ruhu şad olsun!

       Yaşasın Qəlbin, Zəkanın və Ruhun birliyi, Dəmir Yumruğun timsalı, Azərbaycan və türk dünyasının Qurucusu və şəksiz Lideri, cənab İlhamHeydəroğlu!

      28 Mayın – Zəfərdən doğulmuş Göytürkün  balası 18 oktyabr – Qurdbaşlı gen və qan Yaddaşımızın simvolizəsi bu ünlü şairlərimizin ruhsal sətirlərini də yadımıza gətirir. Yenə tribuna Məmməd Arazındır:

Azərbaycan qayalarda bitən bir çiçək,

Azərbaycan çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eyləyərək

Azərbaycan dünyasından baxar dünyaya!

 

Azərbaycan – mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər!

Azərbaycan deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər!

Ana yurdun ürəyinə toxuna bilər!

      Yenə tonqallar Meydanı Xəlil Rza Ulutürkündür:

Qartal Bayraqlarım qanadlandılar,

Hardasa tökülən qanı andılar.

Ərzi, beş qitəni Vətən sandılar.

Bənzər bəşəriyyət bir şux türküyə!

Yaşasın Planet –Atatürkiyə!

        Hardasa tökülən qanlar... Tökülməyən qan yerləri, gen məmləkətləri qaldımı?! İndi Dünyamız yuxusuzluq, rahatsızlıq içindədir. Azərbaycan da qayğılı Zaman və Tarix yaşayır. 44 günlük Zəfər Tariximizi bizə– dövlətimizə, xalqımıza, millətimizə yaşadan şanlı, müzəffər Ordumuz var olsun! Qazilərimiz var olsun! Cavan Ömürlərini çadırı göy qübbəsi, bayrağı al günəş olan Vətənimizə, Torpağımıza qurban vermiş Qəhrəman şəhidlərimizin yeri-yurdu behiştlik olsun, cənnətlik olsun!

      Söz indi də Nəbi Xəzrinindir:

Torpağım nə doğma, nə mehribandır!

O, ilk həqiqətim, haqqımdır mənim!

Bir ulu arxam var, Azərbaycandır!

O haqqım, o baxtım xalqımdır mənim!

                                                      *

Ömrümün mənasısan,

Qardaşlıq dünyasısan,

Anamın anasısan

Azərbaycan!

      Salamın, bayramın mübarək, doğma Azərbaycan!

      Salamın, bayramın mübarək, vahid dəmir yumruqda birləşən bütün Türk yurdları,      

Türk qövmləri, türk məmləkətləri! Salamın, bayramın mübarək,Turan elləri!

 Bizə, dünyamıza isə silahlanma yox, sülh və əmin-amanlıq lazımdır!

Son söz ölməz, turançı şairimiz Hüseyn Cavidindir:

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

       Yekun söz yerinə: Bu gün 16 oktyabrdır. Bu gün də bir tarixi yaddaşıma gətirir. Bu gün akademiyamızın prezidenti, akademik İsa Həbibbəylinin 75 yaşının tamamıdır. Görkəmli elm xadimini yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona sağlam uzun ömür, can sağlığı, böyük uğurlar arzulayırıq!

      Salamın, bayramın mübarək, hörmətli İsa müəllim!

      Salamın, bayramın mübarək, müqəddəs Elm məbədimiz! Elm mehrabımız!

                                                                        15-16 oktyabr 2024-cü il. Bakı. 

 

 

 

 

 

 

 

 

 

 

 

            [1]  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şairin 100 illiyi münasibətilə söylənmiş     

              məruzənin mətni əsasında hazırlanıb.

           [2] Yaşar Qarayev. Poeziyanın illəri və yolları./ Seçilmiş əsərləri. 5 cilddə. II cild. Bakı, “Elm”, 2015, 632 s.;  

            s.54-102

           [3] Yenə orada

           [4] Budaq Budaqov. Ön söz. /Nəbi Xəzri. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı, “Lider”, 2004, 248 s.; s.3-6

                [5] Əlizadə Əsgərli. Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət. Bakı, “Elm və təhsil”, 2023, 456 s.; s.311

OTHER NEWS