Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Javanshir Yusifli: The element of circular motion or eternal sleeplessness

22-11-2023 [ 14:34 ] [ read:70 ]
printerA+ | A-
103980

"Poeziya əbədi yuxusuzdur, poeziya heç zaman yatmır..." Adi səslənsə də, bu fikrin izaha ehtiyacı var.

Bu fikir Röne Şara məxsusdur. Şair olan şəxs daim gerçəklər arasında "gəzib" onları dəyişdirir, rəssam kimi qarşısındakı əşyaya (gülə, çiçəyə, insana...) baxıb onu yox, ürəyinə dolan duyğuları çəkir. O duyğularsa, hələ biçimsizdir, konturları bilinmir, unutsan, anidən yer üzündən silinib gedəcəklər. Əsl duyğular yalnız unudulmağa dönüşdüyü son anda aşkarlanır və səhnədən çəkilib gedir, biz bu itən mənanı ömrün sonuna qədər gözləyirik. Qarşındakı "natürmort"a baxıb ondan vaz keçmək, onun keçmişdəki dinamik halını canlandırmaq (susqunluğun içindəki hərəkəti - hərəkəti gələcəyə ötürmək - !...), bu zaman qəfil ağacdan pırr eləyib, uçan quşun səsiylə yazdığı nəğmənin izlərini bərpa etmək çox çətindi, həm də ağılasığmaz bir şeydi. Bu mənada, sənin içində dünyanı dağıdıb, onu öz fantaziyanla bərpa edib qurmaq eşqi yuxulara sığmaz. Röne Şar böyük bir fikri, işin, mətləbin mənasını bilinəni məchula çevirməklə ifadə edib: baxın, fikir qısa cümlədə, uyğun sintaksis qəlibdə ifadə edilib, bu formada tam anlama və tam anlamama mümkün deyildir; (Haydegger. "İncəsənətin mənşəyi": sənət əsərinin mənşəyi mübhəmdir, heç bir məntiqə sığmır, ona görə də biz dairəvi hərəkət etməyə məcburuq) bizim klassik və modern poeziyada da belədir. Şərhdən məqsəd müəllif niyyətini aşkarlamaq deyil, oxucu-mətn və kontekst arasında real münasibətləri qurmaqdır (yenə Haydegger). Qəzəldə qəlib, model nə qədər sərt, mühafizəkar olsa da, hisslər içinə dolduğu qəlibi, həm tamamlayır, onu yuxudan oyadır, şeirə çevirir, həm də inkar edir.

 

Yüz dəfə xəzan olmuş idi bağü-baharım,

Bu bağı görüb fəsli-gülüstan, yenə gəldim.

Seyid Əzim lirikasının sirləri nə ilə şərtlənir, yəni oxuyursan, şaqraq oxu ritmi, qəzəldən ürəyinə, ruhuna bir sakitlik, gözəl nəfəs sirayət edir, qəzəlin içindəki, ayrı-ayrı bəndlərdəki "göndəmə-hekayətlər" onun nə qədər qəliz olsa da, üst qatıdır, bu qəliz "süjet dolaşıqlığı" ilə intonasiyadan ürəyinə daman sakitlik həmin gizli mətləblərin ən gizlin məkanda yurd salmasına səbəb olur və nəticədə Seyid Əzim açmazı (labirinti) adlı müəmma yaranır. Yuxarıdakı tezisi - bədii mətn (şeir...) bilinəni müəmmaya çevirməklə məşğuldur, - bir daha təkrarlayırıq. Qəzəlin son bəndi müəmmalar müəmmasıdır (oxu: üfüqlərin üfüqü - !).

 

Seyyid, neçə yol gəlmiş idim mülki-cəhanə,

Səd şükr, tapıb surəti-insan, yenə gəldim!

 

Beləliklə, qəzəl bütün mövcud janrları, danışmaq istədiyin hekayət, pritça, keçilməz dağ keçidlərinə bənzər yolları əvəz edir, özündə toplayır, bu "düyünlər" açılmaq üçün yox, hənirini, nəfəsini duymaq üçündür, Füzulidən sonra ilk dəfə Seyid Əzimdə bədii mətnin çoxqatlı funksional stixiyası üzə çıxır.

Kontekst nəzərə alınarsa, əslində şeirlə, bədii mətnlə müəllifdən çox, oxucu arasında mübhəm münasibətlər şəbəkəsi yaranıb formalaşır. Hər bir şeirdə söz sanki ilk dəfə, yaxud yenidən dünyaya gəlir, onlar bizim haqqımızda hələ xəbərsiz olduğumuz şeyləri bilirlər. 

Şeirdə elə belə də deyilir:

İndicə, bu an meydana /dünyaya gələcək sözlər

bizim haqqımızda hələ xəbərsiz olduğumuz şeyləri bilirlər.

Yaxud:

Ağ həyatın dibindəki imza onun rəsmini çəkən poeziyadır.

Bu da başqa bir şeir...

Ədəbiyyat qəzeti. - 21.11.-2023.

Aynur Yusifova

OTHER NEWS