Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Firidun Bey Kocherli in the theoretical and aesthetic meetings of Kemal Talibzade - Aygün Bagırlı

08-11-2023 [ 16:15 ] [ read:137 ]
printerA+ | A-
103930

The rich literary-theoretical heritage and multi-faceted activities of the literary scholar, pedagogue Firidun Bey Kocherli, who had exceptional services in researching and promoting the history of national literature, have always been in the center of attention and highly valued. Academician Kamal Talibzadeh, the worthy successor of the national school of literary studies founded by Salman Mumtaz, Hanafi Zeynalli, Amin Abid, Abdulla Shaig, Bakir Chobanzadeh, "Literary and critical meetings of Firidun Bey Kocherli", "Firidun Bey Kocherli's letters to Abdulla Shaig", "Firidun Bey Kocharli" In his research entitled "New documents on the pedagogical activity of Mr. Kocherli", he extensively talked about the scientific-publicistic, pedagogical, and social activities of this outstanding scientist, and highly valued his multi-directional creativity. Kamal Talibzadeh talks about F. Kocherli as the most active and productive person active in the field of literary criticism and literary history after M.F. Akhundzadeh, his services in the creation and spread of democratic ideas in Azerbaijani literature, his careful monitoring of modern literary events, his efforts to eliminate existing shortcomings and defects. lists as a remarkable quality of a scientist.

K.Talıbzadəyə görə, Köçərlinin 40 ilə yaxın bir dövrü əhatə edən elmi yaradıcılığı həm Axundzadənin estetik görüşlərinin necə və nə tərzdə davam və inkişaf etdiyini öyrənmək baxımından, həm də mənsub olduğu dövrün ədəbi-mədəni həyatında cərəyan edən prosesləri, çatışan və çatışmayan cəhətləri, meylləri izləmək nöqteyi-nəzərdən dəyərli mənbədir.

Akademik Talıbzadə Köçərlinin "Azərbaycan türklərinin ədəbiyyatı" kitabından söz açanda qeyd edirdi ki, o, ədəbiyyat tarixi yaratmaq işinə ciddi yanaşmış və onun prinsiplərini doğru dərk etmişdi. "Odur ki, "Azərbaycan türklərinin ədəbiyyatı" kitabını material hesab edənlər, onun elmi mahiyyət daşımadığını iddia edənlər səhv edirlər" qənaətində idi. Bildiyimiz kimi, bu ədəbiyyat tarixində 130-a yaxın şair və yazıçıdan söz açılır. Talıbzadə bu əsəri Azərbaycanın mədəni həyatında təqdirəlayiq hadisə hesab edir, Köçərlinin Füzuli haqqındakı fikirlərini isə yeniliyi ilə seçilən mülahizələr adlandırırdı.

M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, M.F.Axundzadə və S.Ə.Şirvaniyə həsr olunmuş oçerkləri isə fakt nöqteyi-nəzərindən daha zəngin, təhlil baxımından daha dərin hesab edirdi. Kamal müəllim Köçərlinin ədəbi konsepsiyasını aydın təsəvvür etmək üçün onun M.F.Axundzadə haqqındakı tədqiqatlarına xüsusi diqqət yetirməyi lazım bilirdi. "Çünki Axundzadə onun əsərlərində həm qədim tarixi olan bir ədəbiyyatın ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən bir şəxsiyyət, həm də yeni ədəbiyyatın təməlini qoyan, onun gələcək inkişafını təmin edən nəhəng bir sima kimi göstərilir, Azərbaycan realizminin əsas prinsipləri Axundzadə yaradıcılığı əsasında müəyyənləşdirilirdi". Amma adı çəkilən əsərin -"Azərbaycan türklərinin tarixi"nin bir ədəbiyyat tarixi kimi çatışmayan, qüsurlu tərəflərini də göstərən Talıbzadə, haqlı olaraq Köçərlinin ədəbiyyat tariximizi, onun inkişaf mərhələlərini tarixi, xronoloji ardıcıllıqla deyil, ayrı-ayrı coğrafi ərazilər, şəhər və xanlıqlar üzrə izləməsi prinsipi ilə razılaşmır, bu tendensiyanı əsərin ən böyük nöqsanı hesab edirdi.

Köçərlinin pedaqoji fəaliyyətini, onun tərtib etdiyi dərslikləri, müntəxabatları yüksək dəyərləndirən K.Talıbzadə görkəmli alimin bu istiqamətdə gördüyü işlərin mütəxəssislər tərəfindən araşdırılmasını, öyrənilməsini vacib sayırdı. Böyük bir müəllim nəslinin yetişməsində xidmətləri olan, dərsliklərin tərtib prinsipləri haqqında dəyərli fikir və mülahizələr irəli sürən, 35 il (1885-1920) Azərbaycanda maarif və təhsil məsələləri ətrafında gedən mübahisə və müzakirələrdə fəal iştirak edən Köçərlinin zəngin pedaqoji irsini tədqiq etməyi, oradakı işıqlı ideya və metodları müasir təhsil sisteminə tətbiq etməyi çağdaş elmin vəzifəsi hesab edən Kamal müəllim Gürcüstan Dövlət Tarix Arxivində bununla bağlı əldə etdiyi sənədləri çap etdirərək ictimaiyyətə təqdim etmişdi. Bu sənədlər əsasında Köçərlinin pedaqoji fəaliyyətinə görə dəfələrlə mükafatlar aldığı, "Titulyar sovetnik", "Statski sovetnik" kimi rütbələrə, Stanislav ordeninə layiq görülməsi məlum olur. Həmçinin, Qafqaz Təhsil Dairəsinin, Zaqafqaziya Müəllimlər Seminariyasının rəhbərləri ilə yazışmaları, izahat və məktubları, onun haqqında verilən raport va məlumatlar bu qiymətli sənədlər arasındadır. Bu sənədlərin ilk dəfə ictimaiyyətə təqdim olunması Kamal Talıbzadənin Köçərli irsinin öyrənilməsində böyük xidməti hesab edilməli, öz sələfinə belə qədirşünaslıqla yanaşması təqdir olunmalıdır.

K.Talıbzadə Köçərlinin məktublarından, müasirləri ilə yazışmalarından da söz açıb. Bu məktublar Azərbaycan mədəniyyətinin 35 illik bir dövrünün panoramasını, mühüm məsələlərini, dövrün dünyagörüşünü, ziyalıların ictimai-siyasi hadisələrə münasibətini, ədəbiyyat, dil, əlifba, təlim-təhsil haqqındakı fikirlərini öyrənmək baxımından qiymətli mənbədir. Kamal Talıbzadənin təqdimatından öyrənirik ki, Köçərlinin arxivində müasirlərindən aldığı 900-ə yaxın məktubun siyahısı saxlanılır. Bu siyahıya əsasən demək olar ki, o, öz dövrünün bütün qabaqcıl ziyalıları ilə məktublaşmışdır. Kamal müəllim məktubların bəzisi haqqında geniş məlumatda verir. Məqalədə həmçinin Köçərlinin məktublaşdığı ziyalıların adları və məktubların sayı da göstərilib. Təkcə Sultan Məcid Qənizadə Köçərliyə 78 məktub göndərib. Abbas Səhhətin 27, Üzeyir bəyin 14,  Abdulla Şaiqin 24, Mirzə Cəlilin 22, Hüseyn Cavidin Firidun bəyə 4 məktubu olub. K.Talıbzadənin dediyi kimi, bu məktubların üzə çıxarılıb çap olunması mühüm mədəni tədbir olardı. Qeyd edək ki, Köçərli bu məktublar vasitəsi ilə öz qələm dostlarına, onların yaradıcılığı ilə bağlı dəyərli məsləhət və fikirlərini söyləmiş, dövrün bir çox ədəbi-mədəni, ictimai hadisələrinə münasibətini bildirib, həm də mətbuatda açıq deyə bilmədiklərini yazıb. Söz-fikir xəzinəmizin təmənnasız tədqiqatçısı Azərbaycan ədəbiyyatının tarixinə dair materialların böyük bir hissəsini bu məktublar vasitəsilə əldə edib.

Kamal Talıbzadə Köçərlinin Abdulla Şaiqə yazdığı 13 məktubda bəhs edilən mətləblərdən, böyük alimin Şaiqə əsərlərinin dili, məzmunu ilə bağlı dəyərli məsləhətlərindən söz açır və məqaləni belə bir sonluqla bitirir: "Məktublarda "Azərbaycan türklərinin ədəbiyyatı" kitabının illərlə yaradılması prosesi, onun yazıldıqdan sonra necə təkmilləşdirilməsi, neçə cilddən ibarət olması, nə üçün uzun illər çap oluna bilməməsi, alimin keçirdiyi həyəcanlar da əks etdirilmişdir. Məktublar F.Köçərlinin öz şəxsiyyəti haqqında da bəzi məsələləri aydınlaşdırmağa kömək edir. On üç məktubu oxuyub qurtardıqdan sonra insanın qarşısında çox mehriban, qayğıkeş, mədəni, çəkilən əməyə, zəhmətə qiymət qoymağı bacaran qədirşünas bir vətənpərvərin, bütün varlığı ilə xalqa bağlı bir vətəndaşın surəti canlanır". Köçərlinin ədəbi-tənqidi irsi, nəzəri-estetik görüşləri təkcə milli ədəbiyyat tarixinin yaradılması, müasir ədəbi hadisələri öz prinsipləri ilə qiymətləndirməsi, çağının ən aktual elmi-mədəni problemlərinə marağı ilə məhdudlaşmırdı. O, eyni zamanda digər xalqların da ədəbi-bədii təcrübəsinə, onların bədii-fikri uğurlarının öyrənilməsinə, tədqiq və təbliğinə maraq göstərir, bunlarsız böyük ədəbiyyatın yaranmasını mümkün hesab etmirdi. Köçərlinin Tolstoydan, Puşkindən, Lermontovdan, Çexovdan, Turgenevdən tərcümələri, Şərqin və Qərbin böyük ədəbi simalarından, klassiklərindən araşdırmalar aparması da bu məqsədə xidmət edirdi. Onun fikrincə, ədəbiyyatın irəli getməsində qarşılıqlı ədəbi təsir vacib amildir. K.Talıbzadə Köçərlinin ədəbi fəaliyyətinin bu sahəsinə də nəzər salır, onun rus klassikləri haqqındakı fikir və mülahizələrindən geniş bəhs edir. Talıbzadə Köçərlinin "Nikolay Vasilyeviç Qoqol" adlı məqaləsini Azərbaycan ədəbiyyatşünaslığında Qoqol haqqında yazılmış ən yaxşı məqalə hesab edir, orada səslənən fikirlərin elmi əhəmiyyətini həmişə saxladığını, bu yazıda Qoqol yaradıcılığının, Qoqol satira və gülüşünün xüsusiyyətlərinin,  ictimai mənasının çox düzgün və dəqiq açıldığını qeyd edirdi. Kamal müəllim Köçərlinin "Puşkinin təbi durbinə, amma Qoqolun təbi zərrəbinə təşbeh olunubdur. Puşkin durbin kimi məişətin uzaq yerlərini və gözəl mənzərələrini işıqlı va qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında olan və gözün önündə, şüşənin altında tərpənən nifrətgiz həşarat və mikrobları böyüdüb göstərir" kimi müqayisəsini Qoqolun Puşkindən sonra rus realizmini irəli aparması və onu yeni bir mərhələyə qaldırması kimi izah edirdi.

1909-cu ildə Rusiyada böyük rus ədibi N.V.Qoqolun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunduğu günlərdə Firidun bəy onun haqqında yazdığı məqaləni bu sətirlərlə bitirmişdi: "Mirzə Fətəli Axundzadənin yüzillik yubileyi də bizim yadımıza düşəcəkdirmi və bizdə dəxi millət hissi və milliyyət damarı ayılacaqdırmı? Biz də öz ədiblərimizin şan və şərəfini, qədr və qiymətini dərk edəcəyikmi?" - bu sətirlərin yazılmasından bir əsrdən çox müddət keçir. Bu gün öz ziyalısına, düşüncə və fikir adamlarına, münəvvər şəxsiyyətlərinə böyük qədirşünaslıqla yanaşıb onlara yüksək dəyər verən xalqımız Firidun bəy Köçərlinin 160, Kamal Talıbzadanin 100 illiyini qeyd edir. Bu, böyük alimin, ömrünü xalqının, millətinin yolunda əridən tərəqqipərvər ziyalının zəhmətinin heç də hədər getmədiyini göstərir və bir əsr keçsə belə, öz varislərinin onlara verdiyi dəyərli töhfədir.

Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet, 2023,06 noyabr 

 

OTHER NEWS