Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SCIENCE. EDUCATION

A scientific seminar dedicated to the relationship between 20th century Chinese literature and social and political life was held

15-05-2024 [ 15:44 ] [ read:138 ]
printerA+ | A-

                                                                                  

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Asiya ədəbi əlaqələri şöbəsində XX əsr Çin ədəbiyyatının formalaşmasında mühüm əhəmiyyət kəsb edən inqilabi hadisələrə və ədəbiyyatın qarşılıqlı əlaqəsinə həsr edilmiş seminar keçirilib.
Asiya xalqları ədəbiyyatları ilə bağlı mütamadi olaraq keçirilən seminarlar çərçivəsində təşkil edilən iclasda şöbə müdiri professor Bədirxan Əhmədli ədəbiyyatın ictimai-siyasi hadisələrin gedişatına olan təsirindən bəhs etmiş, hər bir xalqın tarixində ədəbiyyatın rolunun əhəmiyyətindən danışmışdır.
Xüsusən də, Çin ədəbiyyatının tanıdılması və öyrənilməsi, tərcümə və nəşr probleminə də toxunan alim müasir ədəbiyyat xadimlərinin, Nobel mükafatı qaliblərinin əsərlərinin nəşri və tanıdılmasının vacibliyini vurğulamışdır.
Şöbənin əməkdaşı, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova Çində XX əsr inqilabları və onların ədəbiyyata təsirindən bəhs edən məruzə ilə çıxış edib. Məruzədə Çin ədəbiyyatının XX əsrə qədər daha çox saray ədəbiyyatı, müəyyən təbəqələrə müraciət edən, yalnız xoşbəxt gənclər və ailələr haqqında yazılan, əxlaq dərsləri ilə zəngin ədəbiyyat olmasından bəhs edilmiş, əsrlər boyu nə formaca, nə də ideyaca dəyişməməsinə toxunulmuşdur. XX yüzillikdə isə Çin tarixində bir çox hadisələrin və yeniliklərin baş verməsi, ədəbiyyatın ictimai-siyasi hadisələrlə qarşılıqlı təsirindən danışılmışdır. 1919-cu il mayın 4-də başlayan hadisələrin inqilabi ideyalara, ictimai-siyasi fikrin inkişafına təkan verməsindən, “bay-xua” dili uğrunda mübarizədən bəhs edilmişdir. Məruzəçi ənənə və müasirlik meyillərinin mübarizəsini Lu Sin, Lao Şı, Qo Mojo, Ba Jin kimi bir sıra yazarların əsərləri əsasında izah edib. Məruzədə Çin ədəbiyyatının təsirləndiyi başqa bir dövr - “Mədəni İnqilab” mərhələsinə də toxunulub. 1966-1976-cı illəri əhatə edən, daha çox sosialist görüşlərin üstünlük olduğu bu mərhələdə köhnə Çin ədəbiyyatına xas olan, lakin 4 May Hərəkatının ədəbi prinsiplərinə yad olan sxematik süjet və personajların şərtiliyi, fərdi üslubdan imtina, oxucunu əyləndirmək istəyi kimi bir çox xüsusiyyətlərin yenidən canlandırılması məsələlərindən bəhs edilərək konkret nümunələrlə şöbə əməkdaşlarının diqqətinə çatdırılıb.

OTHER NEWS