Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Fuzuli as seen by the Institute of Literature - Ataami Mirzaev

11-03-2024 [ 12:02 ] [ read:12 ]
printerA+ | A-

Tarixdə elə ədəbi şəxsiyyətlər vardır ki, mənsub olduğu xalqın ədəbiyyatını onsuz təsəvvür etmək mümkün deyil. Onun yaradıcılığı bütövlükdə böyük bir xalqın ədəbiyyatını təmsil edir; onsuz ədəbiyyatın forma, məzmun, mövzu və mündəricə zənginliyini, inkişaf meyillərini və təkamül tarixini bütün yönləri ilə öyrənmək imkan xaricindədir. Təkcə Azərbaycan ədəbiyyatının deyil, ümumilikdə Türk dünyasının ən böyük ədəbi şəxsiyyəti Məhəmməd Füzulinin (1494-1556) yaradıcılığı bu deyilənləri özündə tam şəkildə təcəssüm etdirir. Məlumdur ki, hər bir sənətkarın böyüklük dərəcəsini müəyyən edən ən mühüm amillərdən biri onun özündən sonrakı ədəbiyyata təsiridir. Hər hansı bir ustad sənətkarın qiyməti onun özündən sonra yaranan ədəbiyyatın inkişafına göstərdiyi təsirlə ölçülür. Əsl sənətkar öz yaradıcılığı ilə ədəbiyyata elə bir ruh, elə bir istiqamət gətirir ki, bu, yaranmaqda olan ədəbiyyatın inkişafını yeni bir məcraya yönəldir, bir növ, onun sonrakı inkişaf meyillərini müəyyənləşdirmiş olur. Məhəmməd Füzuli də məhz belə ədəbi şəxsiyyətlərdəndir.

Orta əsrlər təzkirələrdən başlamış Azərbaycan ədəbiyyatşünaslığının bütün inkişaf mərhələlərində Füzuli yaradıcılığı həmişə diqqət mərkəzində olmuş, müxtəlif elm sahələrinin tədqiqat predmetinə çevrilmiş, haqqında dəyərli fikirlər söylənilmişdir.

Bu deyilənlərin nəticəsi kimi, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində Füzuli irsinin nəşri, tədqiqi və dünya ədəbiyyatındakı mövqeyinin müəyyənləşdirilməsi sahəsində həmişə ciddi işlər görülmüş, dəyərli tədqiqat əsərləri yaranmışdır. Bu baxımdan, professor Mir Cəlal Paşayevin 1940-cı ildə çap olunmuş "Füzulinin poetik xüsusiyyətləri" kitabı Füzuli sənətkarlığına həsr edilmiş ilk tədqiqat işi kimi diqqəti cəlb edir. Eləcə də təsadüfi deyil ki, Füzuli əsərlərinin əvvəlcə iki (1944-1949), sonra isə beş cilddən ibarət nəşri (1958-1985) də akademik Həmid Araslının adı ilə bağlıdır. Füzulinin 500 illik yubileyi ərəfəsində (1996) və eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"  12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə çap olunan Füzili əsərlərinin altı cildliyi (2005) də Həmid Araslının tərtibi əsasında təkrar nəşrə hazırlanmışdır.

Füzuli yaradıcılığına həsr olunmuş ilk monoqrafik səciyyəli tədqiqatlar da məhz  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılmışdır. Bu baxımdan Həmid Araslının "Böyük Azərbaycan şairi Məhəmməd Füzuli" (1958), Məmməd Cəfər Cəfərovun "Məhəmməd Füzuli sevir" (1948), "Füzuli düşünür" (1958) və "Füzuli yaşayır" (1963) silsilə məqalələri, Mirzağa Quluzadənin "Füzulinin lirikası" (1965), Vəcihə Feyzullayevanın "Füzulinin qəsidələri" (1985), "Füzulinin ömür yolu" (2005) kitabları xüsusi qeyd edilməlidir. Həmin monoqrafiyalar Azərbaycan füzulişünaslığının təməl kitabları olmaqla yanaşı, inkişaf etməkdə olan füzulişünaslığın elmi istiqamətlərini müəyyən etmişdir. Ancaq bütün bunlarla yanaşı, zəngin və çoxşaxəli yaradıcılığa malik olan Füzuli sənətinin müxtəlif yönlərdən öyrənilməsi istiqamətində  fundamental araşdırmalara həmişə ehtiyac vardır. Bu baxımdan sonrakı illərdə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Füzuli yaradıcılığı ilə bağlı tədqiqatlar davam etdirilmişdir. AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın "Məhəmməd Füzuli", "Mütəfəkkir Mövlana Füzuli" (1996), f.e.d. Ataəmi Mirzəyevin "Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis" (1997), "Füzulinin "Hədiqətüs-süəda" əsəri orta əsrlər tərcümə abidəsi kimi" (2001), "Azərbaycan bədii tərcümə tarixi və Füzuli" (2009), f.ü.f.d., dos. Zəkulla Bayramlının "Füzuli və çağdaş ədəbi-nəzəri fikir" (2010), "Füzuli...və..." (2018), f.e.d. Mahirə Quliyevanın "Füzuli zirvəsi və Vaqif başlanğıcı" (2021) monoqrafiyaları Füzuli sənətinin öyrənilməsi sahəsində yeni istiqamətlər kimi diqqəti çəkir.

Belə bir zərurətin nəticəsi olaraq 2013-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurası elmi araşdırmaların əsas hissəsinin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının öyrənilməsinə yönəltmək məqsədilə Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsi nəzdində "Füzulişünaslıq" sektorunun yaranmasını qərara aldı. Azərbaycan ədəbiyyatının tarixi dövrləşməsi konsepsiyasının yeni layihəsinə əsasən ədəbiyyatın bütün dönəmlərinə, xüsusən, orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Füzuli yaradıcılığına müstəqillik dönəmində yeni baxış zəruridir.

Füzulinin Azərbaycan-türk divanının elmi-tənqidi mətninin nəşrə hazırlanması, şairin farsca divanının Azərbaycan dilində filoloji tərcüməsinin nəşri, farsca və ərəbcə qəsidələrinin filoloji tərcüməsinin çapa hazırlanması, Avropa ədəbiyyatşünaslarının Füzuli ilə bağlı tədqiqatlarının tərcümə edilib nəşrə hazırlanması, nəhayət, "Füzuli ensiklopediyası"nın, "Füzuli kitabxanası" seriyasından olan kitabların nəşri, Füzuli irsinin tədrisi ilə bağlı tədris vəsaitlərinin hazırlanması və s. bu kimi işləri həyata keçirmək sektorun nəzərdə tutduğu əsas istiqamətlərdəndir. 

Hal-hazırda İnstitut əməkdaşlarının iştirakı ilə "Füzuli" monoqrafiyası üzərində yekunlaşdırma işləri gedir. Füzulinin yaradıcılığı ilə bağlı bir neçə iri həcmli monoqrafiya nəşrə hazırlanır. Eləcə də sektorda Füzuli irsinin görkəmli tədqiqatçılarının əsərlərinin nəşrə hazırlanması sahəsində də xüsusi işlər görülməkdədir. Belə ki, Azərbaycan mühacirət ədəbiyyatşünaslığının tanınmış simalarından olan Səlim Rəfiq Rəfioğlunun (1905-1980) Füzuliyə həsr edilmiş "Füzuli" monoqrafiyası ilk dəfə olaraq əlyazma nüsxəsi əsasında nəşrə hazırlanaraq çap olunmuşdur (Səlim Rəfiq Rəfioğlu. Füzuli. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası, III cild. (Əlyazma əsasında nəşrə hazırlayan, Ön söz, qeyd və şərhlərin müəllifi: f.e.d. Ataəmi Mirzəyev). Bakı, "Elm və Təhsil", 2019).

"Füzuli kitabxanası" seriyası ilə kitabların hazırlanması və nəşri üzərində də işlər davam etdirilir. Bu baxımdan aşağıdakı kitabları qeyd etmək olar:

Fil.f.d., dos. Aynurə Mahmudovanın Füzuli yaradıcılığının ədəbi təsiri ilə yazıb-yaratmış sənətkarların yaradıcılığına həsr edilmiş monoqrafiyası həmin seriyadan çap olunmuş ilk kitab kimi diqqəti cəlb edir (Aynurə Mahmudova. Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər). Bakı, "Elm və təhsil", 2019).

Akademik Məmməd Cəfər Cəfərovun Məhəmməd Füzuliyə həsr etdiyi silsilə məqalələri də həmin seriyada ayrıca kitab şəklində nəşr olunmuşdur (Məmməd Cəfər Cəfərov. "Füzuli düşünür" (məqalələr məcmuəsi). (Tərtib edəni: f.e.d. Ataəmi Mirzəyev). Bakı, "Elm və Təhsil", 2019).

Akademik Həmid Araslının Məhəmməd Füzuliyə həsr edilmiş "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyası ilk dəfə olaraq latın əlifbasında həmin seriyada çap edilmişdir (Həmid Araslı. Böyük Azərbaycan şairi Füzuli (Tərtib edəni: f.e.d. Ataəmi Mirzəyev).  Bakı, "Elm və Təhsil", 2024).

Əlbəttə, Füzuli sənəti bir ümmana bənzəyir. Bu ümmanda bütün elm sahələrinə aid bilgilər var. Odur ki, hər bir elm sahəsi ilə bağlı mütəxəssislər bu ümmandan pay götürə bilər. Məhz buna görə də Füzuli yaradıcılığı ilə bağlı tədqiqatlar həmişə olmuş və gələcəkdə də aparılacaqdır. O da qeyd edilməlidir ki, Füzuli bütün türk dünyasının şairidir. Demək olar ki, bütün türk dövlətlərində dahi şairin zəngin irsinin öyrənilməsi sahəsində bir sıra işlər görülmüş və hələ də davam edəcəkdir. 

Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 25 yanvar 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da dahi şairin yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı həyata keçirməyi və öz fəaliyyət istiqamətini bu sahədə davam etdirməyi nəzərdə tutur.