When I read Vagif Sultanli's stories, I remembered this opinion of François Truffaut: "if the story itself is emotional, don't try to tell it emotionally, tell it as coolly as possible." Why exactly this idea? Because all the dynamics and emotions of the stories in Vagif Sultanli's book "Tars Akyan" are texts of destiny expressed in a cold-blooded manner, which are experienced not on the face, but on the inner layer.
In these texts, where the idea-problem is the estrangement and estrangement of individuals, the writer emphasizes the emptiness, the internal state of the heroes, the difficulty of communication, loneliness, and fatigue. And it does so by taking into account aspects of the typical contemporary narrative format. Slow pace, little dialogue, rooting the character in the inner world, creating oppressive meaning spaces, etc.
Hekayələrdəki yol, zaman məfhumu, hətta adlar belə simvolikdir: kilidli, zolaqlı, çarpaz, tərs, kül, ağ yol, bağlı qapı, kor düyün, lal həlqə və s. Bütün mətnlər modernist nəql texnikasının elementləri üzərində qurulub. Yəni ənənəvi təhkiyəyə önəm verən mətnlərdə mütləq səbəb-nəticə əlaqələri, qırılmayan xronologiya axtarılırsa, burada zaman-məkan sərhədsizliyi hakimdir. Müəllif hadisələrin nə əvvəlini göstərir, nə ortasını. Demək olar ki, bütün hekayələrdə "son problematikası" var. Ruhsal və fizioloji bitkinlik mənasında hakim olan "son" - bütün hallarda aqibət duyğusunun əlaməti kimi səciyyələnir. Əksər hekayələrdə hadisələrin təsviri, ardıcıllıqla nəqli yoxdur, əhvalatlar minimuma endirilib. Çünki müəllifin məqsədi hansısa ömür hekayətini anlatmaq deyil. O, təhkiyəsinin mənəvi, bədii, coğrafi sərhədlərini genişləndirərək insan obrazını ümumiləşdirir, onu hardasa lokal çərçivədən çıxarır, çağdaş dövrümüzün problemləri, gerçəkləri fonunda insan faktoru mövzusuna baxış edir, zaman və fərd qarşıdurmasının, həyat-ölüm problematikasının pafosdan uzaq bədii həllini verməyə çalışır: "Səhər dumanı bağa-bağçaya, ağacların yarpaqlarına, göylüyə çökmüşdü, çayın üstündən asılmışdı. Ona elə gəlirdi ki, insan ömrü də bu duman kimidi, hiss olunmadan çəkilib gedir, yerində boşluq qalır, kimsəsizlik qalır. Bunu bütün varlığıyla dərk eləyə-eləyə ömrün sovuşduğunu anlayammırdı, insanı heçliyə aparan amansız, qaçılmaz həqiqətlə heç cür barışammırdı.
Qoca ağlına da gətirmirdi ki, bir vaxt gələcək, nəfəsi bağın-bağçanın, göylüyün, boz yovşan topalarının üstüylə ağır-ağır çıxıb gedən bu dumana qarışmayacaq. "İnsanın sonu torpaqdısa, həyatın tükənib torpağa qarışması qaçılmazdısa, ölümlə hər şey qurtarırsa, bəs onda sonsuzluq nədi, əbədiyyət nədi?! Niyə insan özünə belə şeylərlə təsəlli verir, niyə insan təsəllilərə allanır..."" ("Səhər dumanı").
Buna görə hekayələrdə tərkidünya ovqatla yüklənmiş poetik-real-şərti təsvirlər, təsvir olunan detallar məkanı konkret funksiya ilə təmin edir. Yəni mahiyyətin üzə çıxması üçün öz üzərlərinə düşən vəzifəni layiqincə daşıyırlar. Yazıçı cəmiyyətdən təcrid olunmuş qəhrəmanların ruhi durumunu anladır, onların daxili gerçəkliyinə fokuslanır. Ömür bir dəfə oxunan nəğmə kimidir. Nə varsa uşaqlıqda qalıb, oxunub, ən gözəl günlər ömrün o sahilindədir. Ona görə personajlar yalnız uşaqlıq çağlarını düşünəndə xoşbəxt olurlar: "Birdən-birə xəyalı körpəliyinə uçdu, yaddaşının ən uzaq toranlıqlarında ay doğdu".
Vaqif Sultanlı üçün Yol taledir, ömür mətnidir. Ömrün hansısa vacib məqamını quş kimi əldən uçurtdunsa geri dönməsi çətinləşir, həyat özgələşir, insan yadlaşır, gələcək deyilən anlayış öz məzmununu itirir: "Onunla bu şəhərdə tanış olmuşdu. Sadəcə gəncliyinin deyil, həyatının ən xoşbəxt günləri dar, yöndəmsiz küçələri, köhnə, rəngi bilinməyən daş evləri yaşıllıqlara bürünmüş bu şəhərdə keçmişdi. Daha sonra yaşadığı ömür deyildi, itirdiyi o xoşbəxtliyi aramaqda keçən rəngsiz, ruhsuz günlərdi...".
Personajlarını adi məişət cizgilərindən arındıran yazıçını qayğılandıran əsas motiv itmiş zamanın fərdin taleyində hansı izləri buraxması, düşdüyü boşluğu necə yaşamasıdır. Yazıçı nisbətən rasional, minimum emosiya ilə boşluqlarda əziyyət çəkən insan dramlarını yeni rakurslarla təsvirə çəkir. Obrazlar gündəlik məişət məsələlərindən təcrid olunaraq ruhun, mənəvi aləmin çözümü planında təhlil edilirlər. Vaqif Sultanlı əzab və sarsıntı yaşayan insanların daxili yaşantılarının açılışını anbaan verir, müxtəlif psixoloji vəziyyətlərindən doğan təəssüratları incəliyinə qədər göstərir. Həm də kifayət qədər ahıl, müdrik qənaətlərlə görünür bu qəhrəmanlar. Çünki fərdin həyat təcrübəsindən doğan məntiqlə həyata yanaşmasından törənən müddəalardır. Mətnlərdə keçmişin daim iştirak etməsi də bu səbəbdəndir.
Bu hekayələrin əksər qəhrəmanları ömür "ura"sını yaşayan insanlardır. Həyatdan doymuş, yorulmuş, bitkin şəkildə öz ölümlərini gözləyən bu qəhrəmanlar üçün zaman artıq dayanıb. Hətta məkandan belə kənardadırlar. Çünki onlar çox şeylərini itiriblər: keçmişini itirən insan üçün zaman məfhumu ömrün müəyyən anlarını xatırlamaqla qapanıb, sevgisini itirən insan üçün həyat elə o nöqtədə sıfırlanıb, yurdunu itirən insan üçün məkan anlayışı artıq öz elini, obasına xəyali səfər etməyin sərhədində qurtarıb. Ordan o yana həyat yoxdur onlar üçün. Obrazların bir zaman və məkan koordinatlarından digərinə daxil olması ilə onların ruhu aləmi də dəyişir. Yazıçı şərait və vaxtla motivləşən insan psixologiyasının nisbiliyini göstərir. Hekayələrdə qəhrəmanın əzabları, ağrıları, çıxılmazlığı, keçmişlə bağlı xatirələrinin nisgili psixoloji rakurs və mizanlarla açılır. Müəllif onların itirdiyi hər şeyə - uşaqlığına, yurd yerlərinə, sevgilərinə, sağlıqlarına xüsusi vurğular edir. Bu sırada vurğu edilən digər amil bir də Zaman, Vaxtdır. Ötüb keçən zamana qarışıb itən, yovşanlı çöllərin küləklərinə sovrulub yoxa çıxan ömürlər, qalan həyatı ömrün son duracağında əcəli gözləməklə keçirən insanların üzlərinin əzablı ifadəsi bu hekayələrdə soyuq, sərt boyalarla işlənir. Amma bu sərtliyin dərinliyində ehtiva olunan iztirablar qəribə bir dərin sirayətedici nüfuzla birbaşa təhtəlşüura işləyir: "Əlini Nəzirin tüklü, sümükləri çıxmış sinəsi üstə qoydu. Və Zərişə elə gəldi ki, uzaq, şirin gənclik illərinin istisi axdı bədəninə. Nəzirin sinəsindən axıb gələn bu isti barmaqlarına, biləklərinə, qollarına yayıldı. Ancaq bu isti Zərişin köksünə çatmadı, ürəyinə çatmadı, köksünə, ürəyinə çatanacan tükəndi, əzasının hansı nöqtəsindəsə qırıldı" ("Ağ yol").
Bu hekayələrdə qəribə bir şeiriyyət də duyulur. Vaqif Sultanlının mətndən mətnə rəngarəng çalarlılıq qazanan, yüksək poetik imkanları ilə seçilən obrazlı dili bu mətnlərə gözəl şeir ahəngi qatıb: "Gecələr eyvanda dayanıb ayın süd aydınlığında ağaran yollara baxardı. Bu ağ yol kəndin ətəyindən yovşanlı düzənlərin içərilərinə doğru uzanıb gedirdi. Yatağına girib gözlərini yuman kimi ağ yolla çapan ağappaq at yuxularına girərdi. Ayın süd aydınlığında ağ at hər gecə çapa-çapa bir az da uzaqlaşırdı. Bu bəyaz gecənin ağappaq yollarıyla ağ at hayana çapırdı belə? Bəs niyə gecələr bu ağ yolun sonu görünmürdü, yönü-səmti bilinmirdi...".
Vaqif Sultanlının yazıçı kimi özəlliklərindən digəri hekayələrində süjet xəttinin inkişaf tərzinə uyğun olan dil materialının seçilməsidir. Bunu müəllifin bütün hekayələrində görmək mümkündür. Hətta "Kulikovo döyüşü" kimi ikisəsli, ikili yanaşma tələb edən mətndə müəllifin seçdiyi təhkiyə dili toxunulan məsələnin ruhuna təmamilə uyğundur və psixoloji yükü ilə fərqli səciyyə daşıyır. Qatarda yol gedən şəxsin XIV əsrdə baş vermiş Kulikovo döyüşü ilə bağlı oxuduğu kitab, yol boyu gözünü ona zilləməklə diqqətini kitabdan yayındırmağa çalışan qadın, tarixdə canlandırılan hadisənin illər sonrası insan şüurunda canlandırılması ilə tarixə qayıdış, tatarların ruslara yenilmə anı, tarixin ibrət dərsləri, görk məqamları, bir ola bilməməyin yaratdığı faciə, bir də qadın önündə aciz qalıb məğlubiyyətə düçar olan hökmdarların acı aqibəti. Hekayədə bu iki məqam uğurlu şəkildə sintez edilir. Təsvirlər o qədər canlı verilir ki, oxucu qatar tıqqıltısını, at ayaqlarının səslərini belə aydın duya, eşidə bilir.
Yazıçının hekayələrində güclü hissi toxunuşlara malik epizodlar monolitliyi var. Oxucunu hər addımda gözlənilməz situasiya ilə qarşılaşdırmaq, söz və ifadələrin dərin psixoloji yük daşıyan kontrastı ilə ruhun təbəddülatını üzə çıxarmaq, hətta obrazların öz-özü ilə dialoqunu bədii təhlil vasitəsinə çevirmək. Bu dialoqlarda heç bir emosional yük yoxdur, əksinə cavabsız qalmış suallar var, bu suallara cavab da məntiqi həll tələb edir, qəhrəmanın iç yaşantılarının axarında açılır. Onlar ruhi tarazlıq mərhələsindədirlər. Kül olan xəyallar ("Kül qəfəs"), itirilən sevgilər ("Kilidli dönüş"), getdikcə heyvani hisslər daşıyan, dünyadan təcrid olunmaq təhlükəsi ilə üzləşən insan ("Zolaqlı yuva"), anasızlığın gətirdiyi həsrət ("Yovşan ətri"), qadınsızlığın gətirdiyi boşluq ("Bağlı qapı"), qocalığın nisgili ("Səhər dumanı"). Hekayələrdə insanı daim qüssə, sükut müşayiət edir. Bütün məna da obrazın içində, sükutundadır, o, elə bu sükutla öz emosional yaşantısını oxucuya ötürə bilir. Gündəlik vaxtını az qala ritual kimi, yuxularla düşüncələrin qovuşuğunda keçirən qocanın ömrün davamını gəncliyinin ən xoş günlərini xatırlamaqla yaşaması ("Xiffət"), davadan qayıtmayan sevgisini gözləməklə yaşlanan qozbel Sonanın öz havasına qol qaldırıb oynaması ("Yarpaqsız budaqların yaşıl nəğməsi") da insan təkliyinin amansız şəkli olaraq həmin qüssə və sükutun dili ilə dərin estetik həllini tapa bilir.
Kitabda tarixi gerçəklərə söykənən hekayələr də yer alır ("Görüş yeri" - Sarı Aşıq dastanı, "Kulikovo döyüşü", "Humayun"), gözəl eşq hekayəti kimi qələmə alınanlar da ("Nəvai-Qumru", "Gil ovsun", "Görüş yeri"). Koronavirus xəstəliyinin insanda yaratdığı ruhsal təlatümün əlamətlərini ("Kufi xətti"), fars molla rejiminin iç üzünü ("Edam hörüyü") açmağa yönəlmiş, bəşəri və milli dərdlərin ehtiva olunduğu mətnlər də var kitabda, yadlaşmanın, biganəliyin acı mənzərəsi kimi ("Budda heykəli") təsvirə çəkilənlər də. Bir də vətən, qürbətlə bağlı duyğuların təcəssüm edildiyi hekayələrlə qarşılaşırıq ("Mağara", "Qütb gecəsi", "Kor düyün", "İlğım", "Vətən"): kəndi ən sonda tərk eləyən itin sədaqətindən tutmuş ("Vətən"), qanına yeriyən ilan zəhərinin təsirilə ölümlə pəncələşən qadının bu halda belə itirdiyi doğma elin həsrətini canında yaşamasına qədər ("Kor düyün") yurda bağlılıq, sevgi, xiffət notları. Yenə də eyni aqibət, eyni çöküş ruhu: "Çöhrəsinin dəyişən ifadələrində uşaqlığı, doğma yurd yerləri, kəndin ətəyindəki evlərinin taxta məhəccərinə söykənərək bağçadakı gilənar ağaclarını seyr etdiyi çağlar canlanırdı. Sonra üzünün cizgilərində qaçqınlığın ağrı və əzabları, itirdiklərinin xatirəsi, ərinin ölümü, hamilə halda min bir əzabla qaçıb canını qurtarması, bu çadır şəhərciyində məskunlaşması, yuxusuz, ümidsiz gecələri yer alırdı. O, keçmişini, keçmişi ilə birgə gələcəyini də itirmişdi" ("İlğım")
Vaqif Sultanlının əksər hekayələrinə nuar estetikası xasdır. Bədbin atmosfer, tutqun hava, tünd rənglər, qəhrəmanın iç yaşantılarının iti bucaqdan təsvirə çəkilməsi, onların keçmiş və bu günü arasındakı daxili mücadiləsinin vizuallaşdırılması, daim narahatlıq və əndişə duyğusu və s . Hekayələrdə mistika, horror janrına da xitab olunur, sürreal elementlərə də rast gəlinir. Amma qeyd etmək lazımdır ki, yazıçı mistika janrının prinsiplərindən mübaliğəyə varmadan istifadə edir. Bəlkə buna görə qəhrəmanların real dünyadan kənarda - yuxuda, xəyallarda, yaxud hansısa mövcud, dərk oluna bilməyən başqa bir aləmin təsiri ilə baş verən situasiyalarda qarşılaşmalar oxucuya mümkün qədər realist, təbii şəraitdə baş vermiş təəssüratı oyadır. Biz qeyri-adi təzahürü belə adi, sıradan həyat həqiqəti, normallıq kimi qəbul edirik. Bu həm də ona görə baş verir ki, mətndəki magik-realizm xətti - real dünya ilə xəyali dünyanın iç-içə keçməsi nəticəsində yaranan atmosfer uğurlu işlənib.
Müəllif elə ilk səhnələrdə oxucuya bəzi işarələr verməklə - məkanın psixoloji diskomfort yaradan fakturası, soyuq təsvirlər, tutqun rənglərlə işləmə və s. - irəlidə hansısa gərgin, həyəcanlı hadisənin baş verəcəyini eyhamlaşdırır. Özü də bu manevr o qədər təkrarlanır ki, hətta idillik münasibət tablosu yaradılan başlanğıclarda belə qəfildən hansısa müdaxilə nəticəsində hər şeyin alt-üst olacağı gerçəkliyinə oxucu bir növ özünü kodlaşdırmış olur. Çünki yazıçı mətndə ötəri heç bir detaldan yararlanmır, adi bir jest, interyerdəki hansısa təsvir informasiya ötürücüsü qismində vizuallaşır. Əsasən detalları göstərməklə oxucunu ovqata salır, onu danışacağı əhvalata hazırlayır, bir növ oxucu ilə əsər arasında kontakt yaradır. Sanki bu müqəddimələrlə hipnoz effekti hasilə gətirir. Qəhrəmanla bir yaşayıb, nəfəs alırsan. Məsələn, "Yarpaqsız budaqların yaşıl nəğməsi" hekayəsində mağarda çalınan zurna səsinə qol qaldırıb oynayan Sonanı görən kimi bilirik ki, bu havanın musiqisi yaxınlıqdan yox, çox-çox uzaqlardan, ömrün o başından gəlir. Yaxud bəzən hekayələrin proloqunun yuxulardan başlaması məqamı ötəri səciyyə daşımır. Tükürpədici səhnələrin yer aldığı bu yuxular sonra gerçəkliklə bağlanır. Sanki yazıçı oxucunu qəddar, gözlənilməz səhnələrlə emosional şoka salmamaq, onu psixoloji sınaqlara məruz qoymamaq üçün yuxu amilindən istifadə edib onu olacaqlara hazırlayır: "Və gecələr yuxularında ağ yolun tükənəcəyindən qorxurdu".
Hərdən bizə elə gəlir ki, hekayələrdə iştirak edən vizual informasiyalar təkrarlanırlar. Amma bu, ilk baxışda belə görünür. Əslində bir hekayədəki daxili motivlə digər hekayənin daxili motivi funksiyaca mətndəki idealların eyni komponentlərdən, eyni hərəkət enerjisindən ibarət olmasıdır: dünyanın dörd bir tərəfindən boy verən insan xisləti, onun fərdi sarsıntıları, zamana baxışı, ötən ömrə elegiyası və s.
"Tərs axın" kitabındakı mətnlərdə əksər qəhrəmanlar səhnəni tərk edirlər. Daha doğrusu, missiyalarını tamamlayıb gedirlər. Kimisi ömür səhnəsini sonlandırır, kimisi də meydandan içinin tənhalığına çəkilib gedir. Bəs oxucu? Onun qazancı nə olur? Məncə, katarsis! Vaqif Sultanlının hekayələri mənəvi, psixoloji cəhətdən çətin mətnlər olsa da emosional yüngüllüyə, təmizlənməyə gətirib çıxarır. Həyat haqqında düşünmək üçün nəfəsdərim, onun mənasına, özünüdərkinə yetmək şansı verir oxucuya. O bu şansı əldə etdiyi üçün özünü hardasa xoşbəxt də saya bilər. Çünki "insan ömrü duman kimidi, hiss olunmadan çəkilib gedir"...