Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Artistic description of Shusha in Azerbaijani poetry and prose - Salida Sharifova

19-05-2022 [ 12:36 ] [ read:36 ]
printerA+ | A-
102382

Salida SHARIFOVA

Professor of ANAS, Doctor of Philology

ANAS Institute of Literature after Nizami Ganjavi

 

ARTISTIC DESCRIPTION OF SHUSHAN IN AZERBAIJANI POETRY AND PROSE

Dear Shusha, you are free!

Dear Shusha, we are back!

Dear Shusha, we will revive you!

Ilham Aliyev,

President of the Republic of Azerbaijan,

Supreme Commander-in-Chief

 

 

Üç tərəfdən səkkiz yüz metr yüksəklikdə yerləşən sıldırım qayalarla, Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatə olunan Şuşa yaşayış məskəni salındığı vaxtdan bədii ədəbiyyatın diqqət mərkəzindədir. Şuşanın Azərbaycan xalqının milli şüurunda özünəməxsus yeri olması Ulu Öndərimiz Heydər Əliyev tərəfindən vurğulanmışdır: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa Qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanılması üçün Şuşa şəhərini, Qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkçə şuşalılar üçün yox - bütün Azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaş üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir Qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur.”

Şuşanın xalqımızın həyatındakı önəmi bədii nümunələrdə əksini tapır. Şuşanın tərənnüm və təsvir edilməsi Müstəqillik dövrü milli ədəbiyyatımızın ayrılmaz ana xəttinə çevrilir. Birinci Qarabağ müharibəsi dövrünü əhatə edən bədii nümunələrdə Şuşanın azad olunacağına olan ümidlə yanaşı Şuşa dərdi, Şuşa harayı əksini tapır. Vətən müharibəsindən əldə edilən zəfərdən sonra Şuşa qalibiyyət rəmzinə çevrilir.

Azərbaycan ədəbiyyatında mədəniyyətimizin beşiyi olan Şuşa müxtəlif ədəbi növ və janrlarda tərənnüm və təsvir edilir. Müasir dövrümüzdə Şuşa obrazı klassik şeir janrlarında, aşıq yaradıcılığının janrlarında, sərbəst şeir şəklində, qarışıq janr nümunələri olan dastan və poemalarda və s. təqdim edilir.

Müasir Azərbaycan ədəbiyyatında klassik Azərbaycan şeirinin ən geniş yayılmış janrlarından olan qəzəl janrında Şuşanın vəsf edilməsi təqdirəlayiqdir. Məsələn, kütləvilik xarakteri daşıyan qəzəl janrında Vətən müharibəsi zəfərindən sonra Şuşanın tərənnüm edilməsi Teymur Kərimlinin “Şuşamız” qəzəlində əksini tapır.

Teymur Kərimlinin 7 beytdən ibarət olan “Şuşamız” qəzəlində strateji əhəmiyyətə malik olan Şuşanın gözəlliyi və ona olan məhəbbət yer alır. “Şuşamız” qəzəlində 1-ci beyt həmqafiyədir. Qalan beytlərdə 1-ci misra sərbəst buraxılır, 2-ci misra qəzəlin 1-ci beyti ilə həmqafiyədir:

Canımın parçası, canımda canımdır Şuşamız, /a/

Damarımda dolaşan isti qanımdır Şuşamız! /a/

 

Mən onun gül üzünə baxmaq ilə handa doyam? /b/

Gül gülüstanda olar, gülsitanımdır Şuşamız. /a/

 

Vətən övladına açmış qucağın yaz günütək, /v/

Yağıya buz kimi sərt, qar-boranımdır Şuşamız. /a/

“Şuşamız” qəzəlinin ilk beyti mətlə beyti adlanır:

Canımın parçası, canımda canımdır Şuşamız,

Damarımda dolaşan isti qanımdır Şuşamız!

Qəzəlin son beyti məqtə beytidir. Teymur Kərimli bir müəllif kimi qəzəlin son beytində müəllifliyini göstərir. Məlumdur ki, qəzəln son beytində şairlər öz təxəllüsünü verirlər:

Teymurun könlün açıb doğma Cıdır meydanımız,

Dar günümdə köməyimdir, həyanımdır Şuşamız.

Vaqif Bəhmənlinin 7 beytli “Şuşa” qəzəli Birinci Qarabağ müharibəsi dövründə qələmə alınmışdır. Qəzəldə Vətənin alınmazlıq qalası olan Şuşa tərənnüm edilməklə yanaşı, keçdiyi tarixi məqamlara işıq salınır. Qəzəlin birinci beyti həmqafiyədir. Qalan beytlərdə 1-ci misra sərbəst buraxılmış, 2-ci misra qəzəlin 1-ci misrası ilə həmqafiyə yaratmışdır.

Dağı dağ üstdə duran dağlı səməndərdi Şuşa, /a/

Necə bəs dil-dil ötür gül-gül açan dərdi Şuşa? /a/

 

Qol açıb hər yetənə; pis nəzərə gəldi yəqin – /b/

Partlamışlar uladı: gör nə qəşəng yerdi Şuşa!.. /a/

Qəzəlin son beytində - məqtə beytində Vaqif Bəhmənli müəllifliyini bildirmək üçün adını təqdim edir:

Əhdi Vaqiflə idi, peymanımız qəbrə qədər...

Bəs hanı? Gərdəyini düşmənəmi verdi Şuşa?

Aşıq yaradıcılığında rast gəlinən “Ay ağalar, gəlin sizə söyləyim” kimi xitaba müraciət müasir ədəbiyyatımızda rast gəlinir. Bu xitab Xəstə Qasımın “Aşnalığı”, “Deyərlər”, Aşıq Alının “Dolandırı” qoşmalarında istifadə edilmişdir. Akademik Teymur Kərimli də Şuşaya həsr etdiyi “Əziz Şuşa! Biz qayıtdıq!” qoşmasını “Ay ağalar, gəlin sizə söyləyim” kimi xitabı ilə başlayır:

Ay ağalar, gəlin sizə söyləyim:

Baş tacıdır bizim zəfər Şuşanın!

Başımıza min il qaxınc olardı,

Yolu bağlı qalsa əgər Şuşanın.

Məlumdur ki, 3, 5 və ya 7 bənddən ibarət olan qoşma hər bəndi 4 misradan, hər misrası 11 hecadan ibarətdir. Qafiyə şəkli gəraylıda kimi özünü əks etdirir: abcb, çççb, dddb və s. “Əziz Şuşa! Biz qayıtdıq!” qoşması 7 bənddən ibarətdir. Qafiyə şəkli də abcb, çççb, dddb və s. şəklindədir:

Ay ağalar, gəlin sizə söyləyim: /a/

Baş tacıdır bizim zəfər Şuşanın! /b/

Başımıza min il qaxınc olardı, /c/

Yolu bağlı qalsa əgər Şuşanın. /b/

 

“Şuşanı al!” komandası gələndə, /ç/

“Yarasalar” qarğaları dələndə, /ç/

Fəğan etməz “Xarıbülbül” çəməndə; /ç/

Bağlarında gülləri tər Şuşanın! /b/

 

Bizim dağlar igid doğan, nər doğan, /d/

Bu nərlərə tay olarmı hər doğan? /d/

Qəşəh demiş Rəcəb Tayyib Ərdoğan: /d/

“Dumanı da gülümsəyər Şuşanın!” /d/

Azərbaycan poeziyasında şairlərimizin tez-tez müraciət etdikləri vəznlərdən biri də sərbəst şeir şəklidir. Müəlliflərin sərbəst şeir şəklində qələmə aldıqları şeirlərdə hisslərin tərənnümü, poetik fikrin emosional təsviri özünü əks etdirir. Səpkili şeirdə qələmə alınan bədii nümunələrdə Şuşa qəhrəmanlıq, yenilməzlik rəmzi kimi tərənnüm edilir. Rəsul Rzanın “Şuşam mənim” adlı səpkili şeirində səslərin alliterasiyası poetik nümunəyə ritmik-melodik ton gətirir. Şuşanın əsrarəngiz obrazını poetik dillə təqdim edir:

Sinəsi qabarıq,

nağıllardan gəlmiş

pəhləvandır

Şuşam mənim;

Mərdliklə, gözəlliklə

qoşam mənim.

Azərbaycan torpağının

nur parçası.

Zahid Xəlilin “Şuşa” nəğməsi də sərbəst şeir şəklində qələmə alınıb. Müəllif poetik nümunədə Şuşanın obrazını yaradır:

Gözün aydın,

Şuşam mənim!

Cənnət kimi

Guşəm mənim.

Zahid Xəlilin qələmə aldığı səpkili şeir nümunəsində misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya tabe tutulur. Poetik fikrin mərkəzində işlədilmiş qafiyələr bir-birini izləyir.

Şuşa mövzusunun dördlüklərdə də əksini tapması ilə rastlaşırıq. Məsələn, Hüseyn Kürdoğlunun bir bənddən ibarət olan dördlüklərində qayalar başında yerləşən əfsanələşmiş Şuşanın tərənnümü əksini tapır:

Sən də bir yadına sal qayaları,

Gəmi qayaları, sal qayaları.

Toy xonçası kimi başında tutub

Şuşanı dağların sal qayaları.

Və ya

Mən şairəm, gözümdə min diləyim,

Gözəl Şuşa dustaq olmuş mələyim.

Xəyalımdır o dağların qartalı,

Düşmənlərə ölüm yazır lələyim.

Bir bənddən ibarət olan dördlüklər bayatı, tuyuq, rübai və s. şəklində olur. Hüseyn Kürdoğlunun dördlükləri hikmətamiz məzmun daşıması ilə tuyuqu yada salır.

Özündə epik və lirik növün xüsusiyyətlərini daşıyan poema janrında da Şuşa təsvir edilir. Bu zaman bir tərəfdən, təhkiyə yolu ilə müəyyən hadisələrin nəql edilməsi, digər tərəfdən isə, hiss-həyəcanların ifadəsinə yer verilir. Asim Yadigar “Zəfər yolu” lirik poemasında Azərbaycan xalqının həyatında baş vermiş tarixi hadisələri əks etdirən qələbə sevincini, qazanılan nailiyyətləri, zəfər yolunun əzəmətini təsvir edir. Bu nailiyyətləri özündə cəmləşdirən Zəfər yolu Şuşa yolunun timsalında ümumiləşdirilərək ifadə edilir:

Soldurub baharını, gətirdik sərt qışını,

Axıdıb bu yerlərdə düşmənin göz yaşını,

Dəmir yumruqla əzdik onun murdar başını.

Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poemasının adına da çıxarılmış Qarabağa dönüşü Şuşanın azad edilməsi ilə eyniləşdirən müəllif fikirlərində haqlıdır. Şuşanın düşmən tapdağından xilas olmanı Azərbaycanın işğal altında olan torpaqlarının azad olmasının simvoluna çevirir. Sənətkar Şuşanın azad olmasını Qarabağa dönüş kimi təqdim etməkdə haqlı olduğunu bədii dillə də əks etdirir:

Bu səngərdə yenilsən divardan enmək olmaz.

Şuşanı fəth etmədən geriyə dönmək olmaz...

Xalq şairi Xəlil Rza Ulutürk “Şuşa səfəri” (1979) adlı lirik poemasında Şuşanı vəsf edərkən poetik obrazını yarada bilir:

Şüşə deməliyəm bəlkə də sənə,

Şüşədən işıqlı, mərmər şəhərim.

Dağ bülluru kimi pardaxlı, parlaq,

Mənim yaqut qalam, gövhər şəhərim.

Xəlil Rza Ulutürk “Şuşam” adlandırdığı digər poemasında da Şuşanı tərənnüm edir. Tərənnümü ilə Şuşanın məkan baxımından yerləşdiyi coğrafi ərazini də canlandırır:

Dünyanın ən məğrur ucalığında, -

Göylərin ovcunda yaşayan Şuşam,

Məğrur qartallara aşiyan Şuşam!

Azərbaycan ədəbiyyatının epik növünün müxtəlif janrlarında Şuşanın obraz kimi təqdiminə rast gəlinir. Roman, povest, hekayə, pritça və s. nəsr janrlarında Şuşa canlı obraz kimi təqdim edilir: Güllü Məmmədovanın “Fatehlərin zəfəri”, Azad Qaradərəlinin “Cəbrayıl əfsanəsi”, Şəmil Sadiqin “Ödərlər” romanları, Fariz Yunislinin “Adı burda, özü Qarabağda” pritçası, Mehdi Şərifovun “Yaddaşın dumanlı ləkələri” hekayəsi və s.

Güllü Məmmədovanın “Fatehlərin zəfəri” sənədli romanında Şuşanın təqdimi oxucunun gözü qarşısında Şuşanı canlandırır: “Şuşa qalasından aşağıda balaca, başıbəlalı Daşaltı kəndidir. Yamaclarda salınmış bu kənd sanki başının üstündəki nəhəng qayaları ilə Şuşanı daş çiyinlərində saxlayır. Qalanın cənub tərəfi 1300 metr yüksəklikdə keçilməz qayalıqlar, dağlar, dərin uçurumlar, dibi görünməyən dərələrdir. Sanki bu qayalıqlar nəhəng daş hasar kimi şəhəri qoruyur…” və ya “Zil qaranlıqda göy üzü sanki Şuşanı çiynində saxlayan nəhəng, min üç yüz metr hündürlükdə olan qayaların üstünə yenmişdi. Əl atsaydın, qara buludları ovcuna yığıb, suyunu sıxıb, yağış yağdıra bilərdin.”

Mehdi Şərifovun “Yaddaşın dumanlı ləkələri” hekayəsində Şuşa qalasındakı məhbusların Şuşa uğrunda apardıqları döyüş, bu döyüşdə qəhrəmancasına şəhid düşmələri təsvir edilir. Hekayədə Şuşa mübarizə aparan qəhrəman şəhər kimi təqdim edilir.

Fariz Yunislinin nəsihətamiz xüsusiyyətə malik olan ibrətamiz “Adı burda, özü Qarabağda...” pritçasında Şuşanın daim xalqın qəlbində yaşaması açıqlanır. Şuşaya qovuşmaq istəyinin xalqın ruhuna hopması əksini tapır: “Darıxma, Şuşa, biz hələ sağıq, Mütləq qoynuna qayıdacağıq.” Şuşaya qayıtmaq ümidinin xalqın ümidi olması, atanın ailə üzvlərini Şuşaya aparacağına olan ümidində təqdim edilir. Müəllif bu arzunun həyata keçəcəyinə inamını pritçanın əsas sütununa çevirir. Müəllif bu inamdan doğan hissi pritça boyu əks etdirir: “Sağlıq olsun, bir gün sizi götürüb Şuşaya aparacağam!”

1750-ci illərin əvvəllərində Pənahəli xan Cavanşir tərəfindən inşa edilmiş Şuşa şəhəri ədəbiyyatımızda təsvir edilir. Şuşa obrazı Azərbaycan poeziyasında möhtəşəmliyi ilə diqqəti cəlb edir. Eyni ad altında müxtəlif poetik nümunələrin yaranması ədəbi mühitin və ədiblərin Şuşaya olan maraqları kimi dəyərləndirilə bilər. Məsələn, Azərbaycan poetik fikrinin nümayəndələri olan Rəsul Rzanın, Əziz Vahidin “Şuşam mənim”, Səməd Vurğunun, Rəsul Rzanın, Mirvarid Dilbazinin, Zivər Ağayevanın, Fikrət Qocanın, Vaqif Bəhmənlinin, Rəşad Məcidin, Səidə Əliyevanın, İbrahim Yusifoğlunun “Şuşa” və digər müxtəlif adlı şeirləri Şuşanın Azərbaycan ədəbiyyatı üçün dəyişməz əbədi bir obraz olmasını təsdiq edir.

Xalq şairi Rəsul Rzanın hələ 1980-ci illərdə qələmə aldığı “Şuşam mənim” şeirində Şuşanın xalqın milli şüurunda tutduğu tarixi məqama işıq salınır.

Tarixdə baş əyməmisən

bir fatehə, müxənnətə

Bir qonşunun, bir qonağın

könlünə də dəyməmisən.

Alqış sənə!

Bu qüdrətə!

Doğma yurdum,

gözəl Şuşam.

Vətəni bütöv, parçalanmaz şəkildə təqdim edən Rəsul Rza Şuşanın tarix boyu məğlubedilməzliyini poetik dillə təqdim edir. Bu amil tarixin xalqın milli mənlik şüurunda yaşamasını əks etdirir. Şuşanın məğlubedilməzliyi, hər zaman döyüşlərdə qalib çıxması İbrahim Yusifoğlunun “Şuşa” şeirində əksini tapır:

Daşını, adını Pənahxan qoyub,

Zirvəyə Qaranquş yuvası qonub,

Düşməni göynədən göz dağı olub,

Neçə yol gəlibdi bəd gözlə tuşa,

Hər vaxt qalib çıxıb döyüşdə Şuşa.

Bu məqam Vahid Əzizin “Mənim Şuşam” şeirində də əksini tapır. Müəllif Şuşanın məğlubolmazlığını düşmənin məğlub edilməsində açıqlayır:

Zaman-zaman, nankor dövran,

Toxunsa da mərd şəstinə.

Rəzil oldu yağı düşmən,

Dayananda qəsdinə.

Şuşam mənim!

Səməd Vurğunun “Şuşa” şeirində Şuşanın təsviri ilə birlikdə, hər qarışı füsunkar gözəlliklər yatağı olan müqəddəs, özlənən məkan olması açıqlanır:

Dağlarından qopar havalı yellər,

Ah, o sərin yellər, səfalı yerlər.

Dağıdıb huşumu divanə eylər,

Vüsalın hər kəsə səadət, Şuşa!

Xalq şairi Fikrət Qocanın 1981-ci illərdə qələmə aldığı “Şuşa” şeirində Şuşa təbiətinin ayrı-ayrı rəng çalarlarının bədii əksi ilə yanaşı, “Vətən torpağının heykəli” olması təqdim edilir:

Vallah, göz sevinir baxırsan hara,

Öz yaşıl səsiylə çağırır çəmən.

Şuşa, ucalmısan boz buludlara,

Vətən torpağının heykəlisən sən.

Səidə Əliyevanın “Şuşa” şeirində Şuşanın xalqın əzəl yurdu olması əksini tapır. Müəllif xalqımızın qədim tarixə, möhtəşəm coğrafi əraziyə malik olmasını da tərənnüm edir:

Əzəmətli ulu dağların zirvəsində,

Möhtəşəm qalaların əhatəsində.

Qarabağın cənnət məkan guşəsində,

Xalqımın əzəl yurdusan Şuşa.

Xalq şairi Vahid Əziz “Şuşam mənm” şeirində Şuşanın coğrafi məkanı göz önündə canlandırılır. Müəllif Şuşanı qartal əzəmətli olmasını da vurğulayır:

Doymaq olmur boylandıqca,

Gül çiçəyinə, daşına.

Gözəl Şuşa qartal kimi,

Qonub dağlar başına.

Şuşam mənim.

Qasım Qasımzadə “Zümrüd tac” adlı şeirində Şuşanı Qarabağın tacı kimi təqdim edir:

Bədxahı boğmaqçün qəsdinə duran

Xaçın, Qarqar onun qoşa sazıdır.

Başının üstündə yanıb bərq vuran

Şuşa Qarabağın zümrüd tacıdır.

Məmməd Araz “Şuşada bir gecə” şeirində Şuşanın dağlar qoynunda yerləşməsini poetik şəkildə qələmə alır. Həmçinin, Şuşanın göz önündə canlı mənzərəsini yaradır:

Gecənin qoynunda yanır dağ şəhər,

əzadan asılı çilçıraq şəhər.

Dağlar öz ovcunda yandırıb onu,

Ulduzlar qoynuna qaldırıb onu.

Bu dağlar vüqarı, bu dağlar gücü.

Bu gecə kəşf etdim bir Şuşa bürcü,

Bir Şuşa bürcü,

Tamaşa bürcü

Zivər Ağayeva “Şuşa” şeirində Şuşanın sehrkar təbiətə malik olmasını, həmçinin doğma el olmasını tərənnüm edir:

Bir yanı göydələn zirvə düzümü,

Bir yanı tər-təzə zümrüd meşəli,

Baxıram ətrafa elə bil Şuşa,

Dağların ovcunda büllur çeşmədi.

Səyavuş Məmmədzadə “Şuşanı qar gördüm” şeirində Şuşanın Birinci Qarabağ müharibəsi dövründəki obrazını yaradır:

Şuşanı qar gördüm, qar gördüm,

Elimi var gördüm, var gördüm,

Səslədim ötən günləri,

Daşları kar gördüm, kar gördüm.

Rəşad Məcidin “Şuşa” şeirində də Şuşanın poetik dillə canlandırılmış obrazı təqdim edilir:

Qoynuna hər gələn yüz xəyal eylər,

Uzaqdan baxanlar qeylü-qal eylər,

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa

Ədəbi mətnlərdə və qaynaqlarda Şuşanın “Şişə”, “Şuşa”, “Pənahabad”, “Qala”, “Qələ” kimi təqdim edilməsinin də şahidi oluruq. Bədii nümunələrdə Şuşanın bu adlar altında təqdim edilməsi maraq doğurur. Satirik şair kimi qəbul edilən Baba bəy Şakir (1780-1845) Qasım bəy Zakirə yazdığı şeirlərinin birində Şuşanı “Qala” kimi təqdim edir:

Zakira, eşitdim tazə bir xəbər,

Həqiqətdə qoydu məni xeyli mat.

Zahirən ki, seçirlərmiş Qalada,

Tərəf-tərəf olub bəylər deputat.

El arasında Şuşanın “Qala”, “Qalə” adlandırılması məlumdur. Şuşa dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən meşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən isə sıldırım qayalarla əhatə olunmuş təbii bir qaladır. Baba bəy Şakir də “seçirlərmiş Qalada” dedikdə, Şuşanı nəzərdə tutur.

Mir Möhsün Nəvvab özünün “Şuşa qalasında baş vermiş erməni-müsəlman münaqişəsi münasibətilə” adlı mürəbbe janrında olan şeirində Şuşanı Qala kimi təqdim edir:

Müsəlmana ermənilər durdu sataşmağa,

Qarınca tək Qalada qatışıb qaynaşmağa,

Qırallığın yolların üzlərinə aşmağa,

Başlarına böyüklük ciqqəsini saşmağa.

Mehdi Şərifovun Birinci Qarabağ savaşını əks etdirən “Yaddaşın dumanlı ləkələri” hekayəsində milli varlığın, həmçinin milli yaddaşın rəmzinə çevrilmiş Şuşa Qala kimi təqdim edilir. Səlimin dustaq həmkarlarına Şuşanı Qala kimi təqdim etməsinin şahidi oluruq: “Mənim halım pisiydi. İndi özümə gəlmişəm. Gözümü açanda yanımda nə həkim, nə tibb bacısı, nə də ki, nəzarətçi var idi. Həyətə çıxdım. Hər yan sakitçilik idi. Şəhərə çıxdım. Gördüm, hamı köçüb. Mərkəzdəki imkanlı evlər boşalıb. Amma kasıb-küsübların bütün əşyaları yerbəyer qalmışdı. Görünür apara bilməyiblər. Şəhərdə bir neçə qoca qalıb. Onların da kimsəsi yoxdu deyəsən, qoyub qaçıblar. Şəhərdə nə bir əsgər var, nə də bir məmur. Siz yadıma düşdünüz. Qalaya qayıtdım. Qalaya girəndə də heç bir nəzarətçi yox idi. Sizlərin səsləri də, maşallah aləmi başına götürüb.”

Yusif Vəzir Çəmənzəminli “Qan içində” romanında Şuşanı Şişə kimi təqdim edir: “...İbrahim xan Qarabağa qayıdanda qardaşı Mehralı bəylə arasında səltənət davası düşmüşdü. İbrahim xan qaynı Avar xanın köməyi ilə qardaşını Şişədən çıxarıb, Qarabağ xanı olmuşdu.”

Şuşanın Şişə kimi təqdimi S. Zöhrаbbəyоvun ermənilərin Şuşanı viran qoymalarını, Şuşanın erməni vandaliziminə tuş gəlməsini poetik dillə təqdim etdiyi “Vətən nаləsi” adlı şeirində də əksini tapır:

Nə rəvadı Şişə olsun böylə parə-parə, Yarəb,

Dağıla qaça tamamən hər bir diyarə, Yarəb.

Nə rəvadır ol məkanə aparardı həsrət,

Olaydı çün xərabə dönə xaksarə, Yarəb

Böyük qayıdışın şah əsəri olan Şuşaya “qazi”, “döyüşçü”, “qəhrəman” kimi xitab edilir. Bu məqam özünü daha çox Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra göstərdi. Məsələn, akademik Teymur Kərimlinin “Can Şuşam!” şeirində Şuşaya belə xitab edilmənin şahidi oluruq:

Uğrunda neçə canlarımız verdi can, Şuşam!

Qazi Şuşam, döyüşçü Şuşam, qəhrəman Şuşam!

Şuşaya həsr edilmiş şeir və mahnılara nəzirələr yazılması, xalq arasında məşhur olmuş ifadələrin yenidən bədii nümunələrdə işlədilməsi faktlarına rast gəlinir. Xan Şuşinski tərəfindən “Şuşanın dağları başı dumanlı” mahnısı yazılıb. Senzura tərəfindən Xan Şuşinskidən mahnının sözlərinin dəyişdirilməsi tələb edilir. Xanəndə ilk sətri “Şuşanın dağları deyil dumanlı”ya dəyişdirir. Lakin günümüzdə mahnı dəyişdirilmiş variantda deyil, öz ilkin variantında ifa edilir. Şair Vüqar Əhməd Xan Şuşinskinin “Şuşanın dağları deyil dumanlı” ifadəsini yeni qələmə aldığı şeirində istifadə edir. Vüqar Əhməd ənənələri davam etdirməsini qələmə aldığı şeirdə göstərməklə yanaşı, Şuşanın müasir vəziyyətini göstərməyə cəhd edir. “Şuşanın dağları başı vüqarlı!” adı ilə ictimaiyyətə təqdim edir:

Şuşanın dağları deyil dumanlı,

İndi bu dağlarım şahdı, sultandı,

İndi gözəl Şuşa Azərbaycandı,

Şuşanın dağları başı vüqarlı!

Teymur Kərimlinin “Şuşanın dağları” şeirində də “Şuşanın dağları başı dumanlı...” epiqraf kimi təqdim edilərək, şeir “Şuşanın dağları” ilə xitab olunaraq, davam etdirilir:

Şuşanın dağları döşü çiçəkli,

Gömgöy çəmənləri ballı-pətəkli.

Qırmızı çəpkənli, yaşıl ətəkli,

Ay qız, o nə baldır, belə süzdürmüsən?

Ay qız, “o nə xaldır, belə düzdürmüsən?”

Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı” mahnısının sözlərinə diqqət yetirdikdə Teymur Kərimlinin sözləri ilə oxşarlıq özünü göstərir:

Şuşanın dağları başı dumanlı,

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım.

Ay qız, bu nə qaş göz, bu nə tel,

Ölərəm dərdindən, onu bil,

Danışmasan da balam, barı gül.

Xalq şairi Zəlimxan Yaqubun “Bu gecə yuxuma girmişdi Şuşa” şeirinə Adıgözəl Aydınov “Şuşa”[1] adlı şeir nəzirə yazması da diqqəti cəlb edir. Zəlimxan Yaqubun

Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar ağlayırdı, Xan ağlayırdı.

Dönmüşdü qanadı qırılmış quşa,

Qarabağ başabaş qan ağlayırdı

 

Uzadıb əlini Bakıya sarı,

“Batdıqca günaha batın!”, deyirdi.

“Vətən xainləri, yurd satqınları,

Satın Qarabağı, satın!”, deyirdi

şeir bəndlərinin dəyişdirilib

Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar gülümsəyir, Xan sevinirdi.

Dönmüşdü qanadı sağalmış quşa,

Qartal kimi zirvələri seyr edirdi.

 

Uzadıb əlini Bakıya sarı,

“Qalxın zirvələrə, qalxın!”, deyirdi.

“Vətən xainləri, yurd satqınları,

Baxın Qarabağa, baxın!”, deyirdi

kimi təqdim edilməsi diqqəti cəlb edir. Bu proses, yəni dəyişdirilmə prosesi Zəlimxan Yaqubun “Bu gecə yuxuma girmişdi Şuşa” şeiri boyunca baş verir. Bunun əsas səbəblərindən biri Zəlmxan Yaqubun “Bu gecə yuxuma girmişdi Şuşa” şeirinin Birinci Qarabağ müharibəsi dövründə qələmə alınmasıdır. Şeirdə Şuşanın o zamankı ictimai-siyasi durumu əksini tapır. Adıgözəl Aydınov isə 44 günlük Vətən müharibəsinin qələbəsi sayəsində Şuşanın azad olmasını canlandırmağa cəhd edir.

Şuşa haqqında qələmə alınan poetik nümunələr arasında oxşarlığın olması xalqın şüurunda formalaşmış, qan yaddaşına çevrilmiş Şuşaya olan sevgi və ehtiramdan meydana çıxır. Şuşaya olan ehtiram, ədəbiyyatda bədii təsviri Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dedikləri “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” kimi fikirləri özündə əks etdirir.

44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Şuşanın azad, məğrur obrazı ədəbiyyat və mədəniyyətin müxtəlif ədəbi növ və janrlarında yaradılacağına əminik. Biz Şuşanın əzəmətini, sındırıla bilməyən qürurunun, qalibiyyətin rəmzi kimi bədii ədəbiyyatda tərənnüm və təsvir ediləcəyinin şahidi olacağıq. Xurşudbanu Natəvan, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Üzeyir bəy Hacıbəyli, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Xan Şuşinski, Bülbül kimi böyük şəxsiyyətlərin öz milli təfəkkürləri ilə böyük ədəbi irs qoyması Azərbaycanın qazandığı Qələbənin rəmzi olan Şuşa ədəbi mühiti ilə bağlıdır. Keçmiş ənənəyə bağlı olan ədəbiyyatımızın milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin formalaşmasına təsiri inkaredilməzdir. Şuşanın təsviri milli ədəbiyyatımızda zamanlara səpələnmiş şəklində deyil, xalqın sevgi və ehtiramını kainatın sonsuzluğunda bütövləşmiş bir şəkildə əks etdirir.

Xalqın gen yaddaşına çevrilmiş, şeir-sənət mərkəzi, ecazkar mədəniyyətimizin rəmzi olmuş Şuşa Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi bu ənənənin davam etdiriləcəyini əks etdirir.

 

[1] Adıgözəl Aydınov. Şuşa şeiri (Nəzirə) // https://www.youtube.com/watch?v=rDlgg_ttzIg

OTHER NEWS