Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

JUBILEES

Shirindil Alishanli. Prominent representative of our philological thought

20-09-2017 [ 11:37 ] [ read:268 ]
printerA+ | A-

Filoloji fikrimizin görkəmli nümayəndəsi (Qəzənfər Paşayev - 80)

Professor Qəzənfər Paşayev doğma vətənində olduğu kimi İraq, Türkiyə, İran kimi ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorçu kimi etiraf olunmuş alim, pedaqoq və ictimai xadimdir. Ömrünün səksəninci baharını tükənməz enerji, yaradıcılıq ehtirası ilə qarşılayan Qəzənfər müəllimi müasir humanitar fikrimizin səlahiyyətli söz sahibi etmiş yeddi cildlik "Seçilmiş əsərləri" onun elmi maraq dairəsinin hüdudlarını, mövzu və mətləblərini, müəllifin vətəndaşlıq mövqeyini özündə ehtiva edir.

Qəzənfər Paşayev  imzasını tanıdan, ona bir filoloq alim kimi hörmət və nüfuz qazandıran, şübhəsiz ki, onun İraq türkmanlarının varlığını özündə yaşadan mənəvi yaddaşın bütün daşıyıcılarına eyni həssaslıq və professsionallıqla yanaşması, onların bitib-tükənməyən milli-bədii tutumunu üzə çıxarmasıdır. Qəzənfər müəllimin klassik ədəbi irs, dil tarixi, qarşılıqlı ədəbi təsir, müasir ədəbi proses haqqında yazanda və danışanda da İraq türkmanlarının zəngin mədəniyyətinin ona aşıladığı bir ovqata köklənir. Tez-tez söylədiyi aşağıdakı Kərkük xoyratı ona uşaqlıq günlərinin ağrı-acılarını yenidən yaşadır.

                                      Necə dağlar;

                                      Qarşıda necə dağlar,

                                      Yetim yanağı bilir

                                      Göz yaşı necə dağlar.

Tovuzun Düzqırıqlı köyündən beş-altı dərsliklə Bakıya yollanan Qəzənfər müəllim bu gün doğma məktəbində onu qarşılayan onlarca məktəblinin qürur hissi ilə başı üzərinə qaldırdığı onlarla sanballı elmi-publisist kitabın müəllifidir, ölkəmizdə sayılıb-seçilən ziyalılardandır.

Professor Qəzənfər Paşayevin humanitar fikrini müxtəlif sahələrini eyni səriştəliklə tədqiq etməyinin kökü onun geniş elmi erudisiyasından, böyük həyat təcrübəsindən irəli gəlir.

Azərbaycan Dillər Universitetində ingilis və Azərbaycan dilləri ixtisasına yiyələnməsi, uzun illər xaricdə rus və ingilis dilləri üzrə tərcüməçi işləməsi, İraqda işlədiyi müddətdə ərəb dünyası ilə yaxından tanışlığı onun elmi tədqiqatları üçün ədəbi-tarixi zəmin yaratdı. Altı ildən çox İraqda tərcüməçilik fəaliyyəti dövründə müşahidə və elmi axtarışları əsasında yazdığı "Altı il Dəclə-Fərat sahillərində" əsəri bu illərin bəhrəsi olmaqla yanaşı, onun sonrakı fəaliyyətinin də bütün istiqamətlərini müəyyən etdi.

Xoş bir təsadüf Qəzənfər müəllimə İraq ellərinə qovuşmaq xoşbəxtliyi bəxş etdi. Hələ gənclik illərində İraq deyəndə romantik bir ovqata köklənirdik. Aşıqların söylədiyi "Koroğlunun Bağdad səfəri", "Min bir gecə dastanları"nın bitib-tükənməyən real və irreal həyat lövhələri məsafəcə bizə o qədər də uzaq olmayan bu ölkə haqqında hərənin bir İraq, Bağdad obrazı yaradırdı. Hələ bu ölkədə bizim dildə danışan xalqın varlığından xəbərsizdik. Füzulini yetirən, Gəncədən, Qarabağdan perik düşmüş doğmalarımızın taleyi, indisi haqqında təsəvvürümüz Bağdad ellərinin ilğımına bənzəyirdi.

"Altı il Dəclə-Fərat sahillərində" ötən əsrin 70-ci illərində Azərbaycan ədəbi-mədəni həyatında gözlənilməz, ilğıma bürünmüş xəyallarımızı gerçək edən hadisə oldu. Tələbəlik illərindən tanış olduğum bu kitabı yenidən oxudum. Vaxtı ilə əldən-ələ gəzən bu əsərin 70-ci illərdə necə sevildiyinin şahidi kimi çağdaş günlərimizdə yaşarlığının sirrini bilmək istədim.

"Altı il Dəclə-Fərat sahillərində" əsəri bizim ədəbiyyat tariximizdə janr etibarı ilə yeni hadisə idi. Bunu vaxtı ilə dəqiq müşahidə etmiş şair, professor Qasım Qasımzadə yazırdı: "Altı illik səmərəli zəhmətin əbədiləşən səhifələrini nəzərdən keçirdikcə Q.Paşayevin şəxsində istedadlı dilçi, ədəbiyyatşünas, tarixçi, etnoqraf alimlə, sosioloq jurnalistlə, ən ümidəsi də bütün bunları özündə cəmləşdirən, görüb-götürmüş şərqşünas bir müsahiblə üz-üzə dayanırıq". Bu dəqiq elmi müşahidələrə onu artırmaq istərdim ki, çağdaş ədəbi-mədəni zəmində əsərin janrına yenidən qayıtdıqda burada yazıçı təfəkkürünün reallaşdırdığı, ədəbi-tarixi sinxronluğun vəhdətini ehtiva edən roman poetikasının şahidiyik. Uzaq və yaxın tarix, mif, folklor, təbiət haqqında Q.Paşayevin müşahidələri, bədii qavrayış yetkinliyi müəllif təhkiyəsinin poetik həndəvərindədir. Xatirə, məktublaşma, müxtəlif tipli görüşlərə verilən bədii yozumlar əsərə bir tamlıq gətirir.

Artıq İraqa hər kəsin gediş-gəlişi üçün qadağaların olmadığı bir vaxtda (məlum müharibəni və onun nəticələrini nəzərə almasaq) bu əsərin müasir elmi mənasını reallaşdıran nədir? Çoxsaylı gediş-gəlişlərə və nəşrlərə baxmayaraq bu əsər yenə də İraq haqqında ən dolğun elmi-bədii biçimdə informasiya qüdrətinə malikdir. Bu əsər İraq haqqında, bu ölkədə yaşayan türkmanlar haqqında bir müəllif tərəfindən yazılacaq ədəbiyyatşünaslıq, dilçilik, folklorşünaslıq, etnoqrafiya, tarix səpkili çoxçeşidli əsərlər silsiləsinin təməl daşlarıdır. "Altı il Dəclə-Fərat sahillərində" ədəbi-bədii fikrimizə milli bir ovqat bəxş etdi, eyni kökə bağlı Kərkük və Azərbaycan türklərinin uzun əsrlərin sınağından keçən "bayatı"; "xoyrat" yaddaşının birliyini, eyniyyətini ortaya qoydu.

Ötən əsrin 60-70-ci illərində ədəbi prosesdə mifə, folklora qayıdış məqamında "Altı il Dəclə-Fərat sahillərində" kitabı ədəbi-bədii fikrin türk bədii düşüncəsinin estetik daşıyıcılarına qayıdışda təkan oldu. Bu əsərə qədər Qəzənfər Paşayevin nəşr etdirdiyi "Kərkük bayatıları" (R.Rza ilə birgə, 1968)"Kərkük mahnıları" (1971) kimi kitablar, onlara yazılmış müqəddəmə və şərhlər, folklor biçimində olan janrların yaşamaq haqqını təsdiq etməklə yanaşı, unudulmaqda olan poetik ənənələrə marağı artırdı. "Bəlkə də bu kitab olmasaydı mən 1969-cu ildə radioda "Bulaq" verlişini yaratmazdım" (Mövlud Süleymanlı).

Qəzənfər Paşayevin yaradıcılıq imkanları bu əsrdə bir məqsədə xidmət edir. İraqda yaşayan dili, inamı, varlığı bizimlə bir olan Kərkük elləri ilə uçurulmuş mənəvi körpüləri bərpa etmək. Mübaliğəsiz demək olar ki, ömrünün yarım əsrini Kərkük türkmanlarının ədəbi-mədəni həyatının keçmişi və indisinə həsr etmiş Q.Paşayev böyük elmi toplumun görəcəyi işi görmüşdür. "Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır" (Yaşar Qarayev).

"Kərkük bayatıları" (1968), "Kərkük mahnıları"(1973), "İraq-Kərkük atalar sözləri" (1978), "Kərkük tapmacaları" (1984) "Kərkük folkloru antologiyası" (1987), "İraq-türkman nağılları" (2014), "Çağdaş İraq şeirindən seçmələr" (Ə.Bəndəroğlu ilə birgə, 2001) kimi nəşrlər Qəzənfər Paşayevin bir folklorçu, mətnşünas kimi tədqiqatçılıq potensialının miqyasını ortaya qoydu. Mətni duymaq, onun alt qatlarındakı milli düşüncənin, həyat tərzinin poetik fikir daşıyıcılarını üzə çıxartmaq hər alimə nəsib olmur.

Qəzənfər Paşayevin folkor yaddaşı Qurbani, Xəstə Qasım, A.Tufarqanlı, Sarı Aşıq, A.Ələsgər, A.Şəmşir, Mikayıl Azaflı irsinin sənət möcüzələri zəminində formalaşıb. Azərbaycan saz sənətinin incilərinə dərindən bələd olan, onların nəşri və təbliği ilə ardıcıl məşğul olan Qəzənfər müəllimin Kərkükün mədəni sərvətlətinə vurğunluğunun, onun bədii-fəlsəfi mahiyyətinin sərrast araşdırmasının bir sirri də yaradıcılıq psixologiyasının bu yönümü ilə bağlıdır.

Qəzənfər Paşayev bir dilçi-folklorşünas kimi Kərkük mədəni sərvətlərinin dərinliyinə endikcə ucalıb. Yuxarıda qeyd olunan ədəbi materiallar əsasında yazılmış "İraq-Türkman ləhcəsi" və "Kərkük folklorunun janrları" kimi monoqrafiyalar ona orijinal təfəkkür sahibi olan bir filoloq kimi ölkəmizdə və onun hüdudlarından kənarda elmi nüfuz qazandırmışdır. Onun dilçiliklə bağlı araşdırmaları yeddicildliyinin ikinci cildində toplanmışdır. Qəzənfər müəllimin bir dilçi alim kimi tədqiqatları filoloji fikrimizin sərhədlərini böyütdü. Dil faktoru zəminində tarixə qayıdış səmərəli nəticə verdi. Professor Kərkük dialektinin faktik materialı ilə "Kitabi-Dədə Qorqud", eləcə də Cənubi Azərbaycan türklərinin dil mətnləri əsasında Azərbaycan və Kərkük mədəniyyətinin tipoloji təsnifatını verir. Bu oxşarlıqlar fonunda Füzuli poetik tilsimini yaradan ədəbi-mədəni mühitin mənzərəsi yaradılır. Qəzənfər Paşayevin dilçilik görüşlərinin mərkəzində böyük milli-siyasi mənası olan konsepsiya dayanır, bunu Kərkük türklərinin tarixi taleyi fonunda əsaslandırır. Bu gün Kərkük türklərinin varlığı bu dilin mövcudluğundan keçir. Xoyratda əyaniləşən milli mənlik ideyası dilçi alim tədqiqatının metodoloji meyarına çevrilir.

                          Dilim-dilim;

                          Kəs qovun dilim-dilim.

                          Mən dilimdən vaz geçməm,

                          Olursam dilim-dilim.

Azərbaycan dialektologiyasının inkişaf dövründə yazılmış "Kərkük dialektinin fonetikası" əsərinin üstünlüyü onda idi ki, bu əsərdə rus və azərbaycan türkologiyasının elmi-metodoloji təcrübəsi ilə ilk dəfə tədqiq olunan dil materialı  vəhdətdə idi. Digər tərəfdən, monoqrafiya İraqda və Türkiyədə Kərkük dialektinin öyrənilməsinin başlanğıcı oldu. Azərbaycan klassik ədəbiyyatının böyük bir dövrünün poetik sisteminin qaynaqlarını və təkamülünü öyrənmək mənasında da göstərilən monoqrafiya öz missiyasını davam etdirir. "Mən hesab edirəm ki, Q.Paşayevin azərbaycanşünaslığa verdiyi zəngin bol dil, ədəbiyyat nümunələrinin tədqiqinə başqa elmi kollektivlərimiz də qoşulmalıdır" (Tofiq Hacıyev).

"Dilimiz-varlığımız" başlığı ilə çap olunmuş tədqiqatlar məzmun baxımından sistemləşdirilmiş, müəllifin rəhbər tutduğu ideoloji kontekst, dilə xalqın tarixi taleyi bucağından baxış pronsipi onlara bütövlük, elmi məntiq aşılamışdır.

Müəllif "Kitabi-Dədə Qorqud", İraq-Türkman ləhcəsi və Azərbaycan ədəbi dilini eyni təfəkkürün bəhrəsi kimi əyaniləşdirən leksik vahidlər , toponimlər əsasında doğru qənaətə gəlir: "Taleyin hökmü ilə çeşidli ictimai-siyasi səbəblər üzündən soy-kökündən ayrı düşən, təcrid olunaraq ərəb və kürd xalqlarının əhatəsində yaşayan, məhz buna görə də qədim leksik və fonetik göstəricilərini daha çox qoruyub saxlayan İraq türkmanlarının ləhcəsində "Kitabi-Dədə Qorqud" dastanlarının dil özəllikləri ilə üst-üstə düşən həm leksik, həm də fonetik xüsusiyyətlər çoxdur".

Qəzənfər Paşayev "İraq türkman folkloru" və "Kərkük folklorunun janrları" kimi sanballı monoqrafiyaları bu diyarda meydana çıxmış folklor nümunələrini müasir elmi biçimdə dünya ictimaiyyətinə təqdim edən əsərlərdir. Folklorşünaslıq elminin tarixi təcrübəsini mükəmməl öyrənmiş Qəzənfər Paşayevin bir tədqiqatçı kimi üstünlüyü onun eyni zamanda folkloru dil daşıyıcısı kimi görməsindədir. Məşhur İraq alimləri bu monoqrafiyaları "Şah əsər" (Ə.Bəndəroğlu), "Abidə bir əsər" (M.Naqib) başlıqları altında dəyərləndirmiş, müəllifi Kərkük xalqını bütün dünyaya təqdim etmiş Əta Tərzibaşı ilə bir tutmuşlar.

Professor Mahir Naqib Qəzənfər müəllimin fəaliyyətini yüksək dəyərləndirərək böyük səmimiyyətlə yazır: "Bir zamanlar tək vahid torpaq halında olan Kərkük və Azərbaycan indi iki ada halına gəlmişdir. Bu gün bu iki adanı bir-birinə bağlayan körpünün memarı məhz Qəzənfər Paşayevdir. İftixarla söyləyə bilərik ki, artıq o, Əta Tərzibaşı qədər dəyərli bir araşdırıcımızdır".

Bu ilin aprel ayının sonunda Əta Tərzibaşının vəfatının ildönümünə həsr edilmiş Türkmaneli Kültür Mərkəzi və Avrasya Yazarlar Birliyinin təşkilatçılığı ilə Ankarada keçirilən toplantıda iştirak etmək bu şərtlərin müəllifinə də qismət oldu. Professor Qəzənfər Paşayevin Bakıda yenicə nəşr edilmiş və təqdimatı keçirilmiş son kitablarından biri olan "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" adlı əsəri bu böyük şəxsiyyətin İraq türkmanları üçün kim olduğunu Azərbaycan oxucusuna, elmi ictimaiyyətinə yaxından tanıtdı. Qədirşünaslıqla yazılmış bu monoqrafiyada Qəzənfər müəllim öz həmkarının yaradıcılıq yolunu onun tədqiqatlarının mövzuları üzrə təhlil edir, bu əfsanəvi insanın iki milyonluq bir xalqın mədəniyyətinin cəfakeşi olduğunu emosional, elmi-publisist bir ovqatla şərh edir. Bu konfransda Qəzənfər Paşayevin göstərilən monoqrafiyasının ərəb qrafikası ilə nəşri təqdim olundu. Bir daha şahidi oldum ki, İraq və Türkiyə alimləri Kərkük mədəniyyətinin dünyaya tanıdılmasında Əta Tərzibaşı ilə Qəzənfər Paşayev qoşa qanad hesab edirlər. Toplantının keçirildiyi otelin geniş foyesində bu iki alimin əsərləri sərgilənmişdi. Eyni biçimdə, eyni həssaslıq və qədirşünaslıqla. Dünyanın mötəbər elmi kürsülərindən Azərbaycan elmini ləyaqətlə təmsil edən Qəzənfər müəllim bu toplantının rəyasətində daha məmnun və xoşbəxt idi. Yarım əsrin bir-birini tamamlayan çeşidli araşdırmaları ona bu elin, bu xalqın dərin hörmət və ehtiramını qazandırmışdır. Qəzənfər Paşayevin Kərkük sevdası onun həyat sevdasıdır. Bu sevda bitib-tükənmir, davam edir. Kərkük şairlərinin əsərlərinin Azərbaycanda yeni nəşrləri ilə, yeni məqalələr, yeni tədbirlərlə.

Qəzənfər müəllim bu gün ədəbi-ictimai həyatda ən fəal ziyalılarımızdan biridir. Onun klassik ədəbiyyatımız, XX əsrin və müasir ədəbi prosesin hadisə və şəxsiyyətləri haqqında müxtəlif ədəbiyyatşünaslıq-tənqid janrlarında yazdığı əsərlərini oxunaqlı edən, ona söz demək səlahiyyəti qazandıran elmi səriştəsi ilə yanaşı yüksək zövq sahibi, obyektiv tədqiqatçı olmasından doğur. O, Füzulidən, Nəsimidən danışdığı professionallıqla Səməd Vurğun və Rəsul Rza, Elçin və Anar, H.Arif və Nəriman Həsənzadə sənətindən söz açır. Nəsimi irsinin nəşri və tədqiqi tarixinə onun elmi töhfəsi də mətndən, onun naməlum şeirlərinin elmi dövriyyəyə gətirilməsindən başlayır. "Nəsimi haqqında araşdırmalar", "Borcumuzdur bu ehtiram", "Ədəbiyyatşünaslıq elmimizin patriarxı", "Ədəbi məktublar", "Elçin haqqında düşüncələrim", "Hüseyn Kürdoğlunun poetik dünyası" kitabları bir daha təsdiq edir ki, Qəzənfər Paşayevin elmi maraq dairəsi zaman-məkan məhdudluğu tanımır. Qədim yazılı abidələr, folklorun janrları, dilçiliyin tarixi və nəzəri problemləri, ədəbiyyat tarixinin öyrənilməmiş faktları və görkəmli simaları haqqında, həmçinin çağdaş ədəbi proseslə bağlı ədəbi-publisist formada operativ reaksiyaları onun simasında cəm olunnan alim-vətəndaş bütövlüyüdür.

Professor Qəzənfər Paşayev nadir şəxsiyyətlərindəndir ki, öz müəllimlərinə, həmkarlarına mənəvi dəstəyini onların sağlığında olduğu kimi, dünyalarını dəyişdikdən sonra da eyni səmimiyyətlə davam etdirir. A.Zamanov, M.Şirəliyev, R.Rza, Y.Qarayev, H.Arif, İ.Məlikzadə, B.Nəbiyev, İ.Məlikzadə, Tofiq Bayram, F.Qoca haqqında məqalə, monoqrafiya, orijinal formada düşünülmüş yubiley nəşrləri Qəzənfər müəllimin mənəvi sərvətimizə, onu yaradanlara ehtiramından yaranır.

"Nostradamusun möcüzəli aləmi", A.Dümanın "Qafqaz səfəri", A.Kristinin "Mavi qatarın sirri", S.Benetin "Necə yaşayasan yüzü haqlayasan", L.Parsinecadın "M.F.Axundzadənin ədəbi-tənqidi" kimi tədqiq və tərcümələri bir də ona görə xüsusi elmi əhəmiyyət kəsb edir ki, onlar ədəbiyyat tariximizdəki müəyyən boşluqları doldurur, dünyada tanınan şəxsiyyətlətin ölkəmizlə, xalqımızla bağlı mülahizə və düşüncələri ilə bizi qovuşdurur. Kütləvi informasiya vasitələrində, müxtəlif ədəbi-ictimai tədbirlərdə, mərasimlərdə çıxışları, məktubları, nitqləri Qəzənfər müəllimin həm də bir vətəndaş, vəfalı dost kimi mövqeyinin göstəriciləridir.

Professor Qəzənfər Paşayevin monoqrafiya və tərtib kitablarının sayı əlliyə yaxındır. Bu nəşrlərin sayı və sanbalı bir-birini tamamlayır. Bir ildə xaricdə və ölkəmizdə bir neçə kitab, onlarca məqalə nəşr etdirən Qəzənfər müəllim yarım əsrdən çoxdur ki, eyni yaradıcılıq şövqü ilə yaşayır, yaradır. O, müxtəlif vəzifə kürsülərində, ali məktəbdə müəllim, kafedra müdiri, elmi-tədqiqat müəssisələrində şöbə müdiri, baş elmi işçi kimi çalışarkən varlığı qədər sevdiyi xalqının, dövlətçiliyimizin maraqlarını uca tutmuş, dünyanın çeşidli ölkələrində filoloji fikrimizi ləyaqətlə təmsil etmişdir.

Professor Qəzənfər Paşayevin elmi kadrların hazırlanmasındakı cəfakeşliyi, xeyirxahlığı yaxşı mənada həsəd doğurur. Onun rəhbərliyi ilə müdafiə edilən namizədlik və doktorluq dissertasiyalarının, rəsmi opponenti olduğu, rəy verdiyi əsərlərin böyük bir siyahısı mövcuddur. Professor bu rəyləri "Seçilmiş əsərləri"nə daxil etmişdir. Bunlar onun dilçilik, ədəbiyyatşünaslıq, etnoqrafiya sahələrini birləşdirən alim tədqiqatçı portiretinə yeni cizgilər əlavə edir. Uzun illər həmsədri olduğu Müdafiə şurasında, İnstitutun Elmi Şurasında eyni səliqə-səhmanla fəaliyyətini davam etdirir.

Qəzənfər müəllimin elmi-pedaqoji fəaliyyəti ölkəmizdə və xaricdə yüksək dəyərləndirilmiş, xarici alimlərin onun haqqında məqalələri, rəyləri sanballı bir kitabda, "Kərkük sevdalı elm adamı"nda toplanmışdır. Respublikamızın çox dəyərli alimlərinin yazdığı onlarca məqalənin cəm olduğu "Ömrün əbədiləşən illəri" məcmuəsi onun yarım əsrlik yaradıcılıq yolunun bütün istiqamətlərini dolğun əks etdirir.

Müasir ədəbi-elmi prosesdə tükənməz bir enerji ilə fəaliyyətdə olan Qəzənfər müəllim Respublikamızın ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, Respublika Ağsaqqallar Şurasının idarə heyətinin, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şuranın üzvü, Azərbaycan Yazarlar Birliyinin Təftiş Komissiyasının sədridir.

Kərkük mədəniyyətinin tədqiqi sahəsindəki xidmətlərinə görə Kərkük Vəqfinin, İraq-Türkman cəbhəsinin yüksək diplom və ödüllərinə layiq görülmüşdür.

Səksən illik ömrünü böyük ləyaqətlə yaşamış xalqımıza Kərkük dünyasını bəxş etmiş, təvazökar el ağsaqqalı, nəcib ailə başçısı Qəzənfər müəllimin həyat yolu onun həmkarlarının, oxucularının fəxr etdiyi, ehtiram göstərdiyi elm və vətəndaşlıq ünvanıdır.

Şirindil Alışanlı

filologiya üzrə elmlər doktoru, professor

OTHER NEWS