“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə Nazirlikləri və Bakı şəhər İcra Hakimiyyətinə göndərilib və onlardan layihə haqqında rəsmi rəylər alınıb. Həmin qurumların rəylərində tərif, tənqidi notlar da olub”.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünkü iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumlardan gələn rəylərdəki müddəalar haqqında düşünülərək, onların ən yaxşı cəhətləri qanun layihəsində öz əksini tapıb: “Layihədə həmin təhsil ekspertlərinin fikirləri, I və II oxunuşda müzakirə zamanı 15 deputat tərəfindən layihə ilə bağlı səslənən təklif və rəylər nəzərə alınıb”.
İ.Həbibbəyli bildirib ki, ictimaiyyətin rəyi nəzərə alınaraq qanun layihəsindin 7.6 maddəsi tam şəkildə bərpa edilib: “Maddəyə əsasən məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, interaktivlik, millilik, dünyəvilik prinsipləri əsasında müəyən edilir”.
Yaxın gələcəkdə ölkəmizdə məktəbəqədər təhsil şəbəkəsinin genişlənəcəyini deyən komitə sədri qeyd edib ki, artıq regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır: “Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəsissəsinə ali pedaqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub. Bundan başqa, qanun layihəsində uşaq innovasiya fondlarına 3-4 bənd aid edilib. Bu da bu sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur”.
Komitə sədri qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərəcək defektoloq-loqopedlərin ali pedaqoji təhsili olması vacibdir.
İ.Həbibbəyli həmçinin bildirib ki, ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.