Filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.131 - Dissertasiya Şurasının növbəti iclası olub.
İclası giriş sözü ilə Dissertasiya şurasının sədr müavini, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev açaraq, əvvəllcə gündəlikdə duran cari məsələlər haqqında dissertasiya şurasının üzvlərinə məlumat verib. Sonra "Ziya” qəzetinin və “Zim.Az” saytının baş redaktoru Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun) "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda yazdığı dissertasiya işi müdafiə olunub.
Professor Məmməd Əliyev müdafiəyə təqdim olunan dissertasiyanın aktuallığından və əhəmiyyətindən söz açıb, bu mövzunun heç də təsadüfi olmadığını qeyd edib. O, vurğulayıb ki, dissertasiya işi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin əsas elmi tədqiqat istiqamətlərinə uyğun bir şəkildə hazırlanıb. Dissertantın elmi rəhbəri, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İSA ƏKBƏR oğlu HƏBİBBƏYLİdir. Dissertasiyanın mövzusu AMEA Nizami adına Ədəbiyyat İnstitunun Elmi Şurasında və Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasında təsdiq olunub, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsində və institutun elmi seminarında müzakirə olunaraq açıq müdafiəyə buraxılıb. Tədqiqatın əsas elmi nəticələri iddiaçının nəşr olunmuş kitablarında, müxtəlif elmi nəşrlərdə dərc etdirdiyi məqalə və tezislərində, beynəlxalq konfranslardakı məruzələrində öz əksini tapıb.