Aziz Mirahmedov, a corresponding member of ANAS, wrote about when and where the first newspaper in Azerbaijani Turkish was published: "Although the publication of the newspaper "Tiflisskiye vedmosti", which began to be published in Tiflis in Russian, Georgian ... languages, and later in 1832 in Azerbaijani under the name "Tatarskiye vedmosti", was one of the first positive steps towards the creation of an Azerbaijani periodical press, it still failed to prepare the appropriate ground for either the periodical press or book publishing in Azerbaijan. The same can be said about the Azerbaijani edition of the newspaper "Zakavkazskiy vestnik", which was also published in Tiflis in 1841-1846" ("Azerbaijani Book" (Bibliography) in 3 volumes, volume I, Baku, 1963, p. XXVIII).
In order to start publishing the newspaper "Tatarskiye vedmosti" that A. Mirakhmadov emphasized, in the fund No. 298 (142) of the "Diplomatic Office" section of the National Archives of Georgia, in the document folder titled "On the publication of a newspaper in the Tatar (Azerbaijani) language in Tbilisi", appeals and letters addressed to various ministries from March 29, 1831 to January 30, 1833 are preserved.
Azərbaycan türkcəsində ilk qəzetin nə vaxt və harada çıxması barədə AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov yazırdı: “Tiflisdə rus, gürcü ... dillərində nəşrə başlayan “Tiflisskiye vedmosti” qəzetinin az sonra, 1832-ci ildə “Tatarskiye vedmosti” adı ilə Azərbaycan dilində də buraxılması Azərbaycan dövri mətbuatının yaradılması yolunda ilk müsbət addımlardan biri olsa da, yenə istər dövri mətbuat, istərsə də kitab nəşri üçün Azərbaycanda müvafiq zəmin hazırlaya bilmədi. 1841-1846-cı illərdə yenə Tiflisdə çap olunan “Zakavkazskiy vestnik” qəzetinin Azərbaycanca buraxılışı haqqında da eyni sözləri demək olar” (“Azərbaycan kitabı” (Biblioqrafiya) 3 cilddə, I cild, Bakı, 1963, səh.XXVIII).
Ə.Mirəhmədov vurğuladığı 1832-ci ildə buraxılan “Tatarskiye vedmosti” qəzetinin nəşrə başlaması üçün Gürcüstan Milli Arxivinin “Diplomatiya dəftərxanası” bölümünün 298 (142) saylı fondunda “Tiflisdə tatar (Azərbaycan) dilində qəzetin nəşri haqqında” adlı sənədlər qovluğunda 29 mart 1831-ci ildən 30 yanvar 1833-cü ilədək müxtəlif nazirliklərə ünvanlanmış müraciətlər, məktublar mühafizə edilir.
Zaqafqaziya əlahiddə korpusunun komandanı, baş hakim, milli mənşə etibarilə alman olan baron Qriqori Rozen “Tatar xəbərləri” qəzetinin təsis edilməsi ilə bağlı 1831-ci il 30 dekabrda (№ 654) Xalq Təhsil naziri, knyaz Karl Livenə, eləcə də, daxili və xarici işlər nazirliklərinə məktublar göndərərək yazırdı ki, Zaqafqaziyada, xüsusilə Azərbaycanda yaşayan müsəlmanlar üçün türk-tatar dilində qəzet təsisinə ciddi ehtiyac var. Hətta Təbrizdə də belə bir qəzetin çıxmasına tələbat böyükdür. Baron Qriqori Rozen milli qəzetin əhəmiyyətini vurğulayaraq qeyd edirdi ki, türk dilində mətbuat orqanının buraxılması əvvəla Zaqafqaziya müsəlmanları üçün ən böyük mükafat olardı. İkincisi isə burada dərc edilən müxtəlif mövzulu məqalələr yerli əhalinin Avropa təhsilinə və sənayesinə marağını artıracaqdır.
Göründüyü kimi Baron Qriqori Rozen hərbçidən daha çox maarifçi kimi çıxış edir, bütün məsuliyyəti öz üzərinə götürürdü. O öz qərarı ilə tabeliyində olar bütün rəislərə, komendantlara məlumat göndərərək bildirirdi:
1. 1832-ci il 1 yanvar tarixindən türk dilində qəzet bir vərəqdən (iki səhifədən) ibarət olmaqla hər həftənin dördüncü günü nəşr ediləcək.
2. Nəşrin Qafqazda illik abunə qiyməti 8 man., yarımillik dəyəri 5 manatdır.
3. Qəzet nömrələrinin öz vaxtında çıxması və abunəçilərə çatdırılması baş redaktor Nadvornıya həvalə edilmişdir.
Sonrakı tədqiqatlar təsdiqləyir ki, 1832-ci ildə “Tatar xəbərləri” (“Tiflis xəbərləri”) adlı türkcə qəzetin faktiki redaktoru, şərq dillərinin mükəmməl bilicisi, tarixçi Mirzə Abram Yenikolopov olmuşdur.
Baron Qriqori Rozen türkcə qəzetə abunə yazılmağı şəxsi nəzarətinə götürmüşdür və o İrəvan vilayətinin, Axalsixi paşalığının, Müsəlman mahal idarələrinin rəislərinə, o cümlədən Bakı, Şirvan, Şəki, Quba, Dərbənd, Lənkəran, Gümrü komendantlarına, Gürcüstan Mülki Qubernatorluğuna müraciət göndərərək qəzetin yayılmasını təşkil etməyi tapşırmışdı.
Quba komendantı, podpolkovnik Qimbut 1932-ci il 21 yanvar (N 141) tarixində Tiflisə göndərdiyi məktubunda bildirirdi: “Tiflis xəbərləri” qəzetinin türkcəsinə 30 nəfər, ruscasına 2 nəfər abunə yazılmış, 120 manat gümüş pul toplanmışdır.”
“Tatar xəbərləri” (və ya “Tiflis xəbərləri”) qəzetinin iki sayı 1932-ci il 16 yanvarda artıq oxuculara çatdırılmışdır. Qəzetə senzuranın tətbiqi, Sankt-Peterburqdan hər nömrə üçün icazə alınmasının zəruriliyi, “Tiflisskiye Vedomosti” qəzetinin redaktoru Pavel Stepanoviç Sankoviskinin (1800-1832) vaxtsız vəfatı və digər səbəblər “Tatar xəbərləri” (və ya “Tiflis xəbərləri”) qəzetinin bağlanması ilə nəticələnmişdi.
Azərbaycan türkcəsində ilk nəşr olan “Tiflis xəbərləri”nin (1832) bu gün bir nömrəsinin də əlimizdə olmamasına baxmayaraq mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir və onun ideya müəllifi və təşkilatçısı, Zaqafqaziyanın baş hakimi, milliyyətcə alman olan Baron Qriqori Rozenin bu sahədəki xidmətləri ən yüksək dəyərə layiqdir.
Görkəmli gürcü mədəniyyət xadimi, kitabşünas Zaxar Çiçinadzenin və tarixçi, muzeyşünas İvan Yenikolopovun (İ.Enikolopov. Pervaə törkskaə qazeta na Kavkaze. “Kulğtura i pisğmennostğ Vostoka”, Baku, 1928, s.140-146) araşdırmalarına əsasən Zaqafqaziyada 1828-1833-cü illərdə ilk rəsmi mətbuat orqanı - “Tiflisskiye Vedomosti” P.S.Sankoviskinin redaktorluğu ilə nəşr edilirdi və bu qəzetin rus, gürcü və fars dillərində əlavələri çıxırdı. Onların elmi qənaətlərinə görə ilk dəfə 1829-cu ildə “Tiflis əxbarı” qəzeti farsca çap edilmişdir. 1832-ci ildə təsis olunan və türk dilində yayınlanan “Tatar xəbərləri” (və ya “Tiflis xəbərləri”) qəzeti isə “Tiflis əxbarı”nın mətbəə bazası əsasında fəaliyyətə başlamışdır.
Quberniya statuslu “Zakavkazskiy vestnik” qəzeti isə Ə.Mirəhmədovun qeyd etdiyindən daha uzun müddət - 1837-1855-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan türklərinin tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, məişəti, dünyagörüşü haqqında burada materiallar çap olunmuşdur.
“Zakavkazskiy vestnik” qəzetinə gürcü ilahiyyatçısı və tarixçisi Platon İoseliani (1810-1875) redaktor təyin edildikdən sonra bu müsbət meyllər daha da gücləndirilmişdir. Qəzetdə “Göyçə gölünə səyahət”, “Təbriz - Azərbaycan vilayəti hökmdarlarının iqamətgahı”, “Ağa Məhəmməd xan Qacarın həyat yolu”, “Şamlıvəl vadisi” povestində “Koroğlu” dastanından boylar, Abbasqulu Ağa Bakıxanovun tərcüməsində “Tatar (Azərbaycan - A.R.) mahnıları”, “Zöhrə xanım Qacarın mahnısı”, “Türk və tatar atalar sözləri” və bugünədək tədqiqatlardan kənarda qalmış çoxsaylı materiallar yer almışdır.
“Türk və tatar atalar sözləri” vilayət qəzeti olan “Zakavkazskiy vestnik”in 1847-ci il tarixli 21-ci sayında əvvəlcə Azərbaycan türkcəsində ərəb qrafikası ilə, ikinci, Azərbaycan dilində kiril əlifbası ilə (Bu variant bizim ana dilimizdə kiril əlifbası ilə yazmağa ilk cəhdlərdir - A.R.) və sonda rus dilinə tərcümə edilmiş variantda verilmişdir.
Birinci atalar sözü ərəb əlifbası ilə belədir: “Allah verür, Allahverdi qoymaz”. Kiril əlifbası ilə verilmiş atalar sözü daha mükəmməldir: “Allax verər, əmma Allahverdi qoymaz”. Rus dilində bu atalar sözünün təfsiri də verilmişdir. Digər atalar sözündə deyilir: “Acı badımcanı qırav çalmaz”. Bu atalar sözü rus dilinə belə tərcümə olunub: “Qorğkie badımjani moroza ne boətsə”.
Başqa deyimlərdə yazılıb: “O yer yaxşıdır - harada ki, bizim ocaq var”, “At yüyürək, qılınc kəskin, iqbal kəsməz (bəxt gətirməz - A.R.), “Ayranım budur - yarısı sudur”, “Oğul - doğulduğu gündən oğuldur!”
Türk bədii düşüncəsinin poetik ifadə tərzini, müdrik və fəlsəfi tutumunu ruhunda daşıyan bu deyimlər indi də aktual səslənməklə yanaşı XIX yüzilliyin 40-cı illərində rus dilində çıxan “Zakavkazskiy vestnik” qəzetinin səhifələrində yer alması mühüm əhəmiyyət kəsb edir.
Qəzetin redaktoru milli mənsubiyyət etibarilə gürcü, sosial mənşəcə böyük ziyalı, geniş dünyagörüşlü tarixçi, ruhani olan Platon İqnatyeviç İoselian rəhbərlik etdiyi mətbuat orqanının səhifələrində Qafqaz türklərinin həyatından, məişətindən, yaşam tərzindən bəhs edən materiallara rəvac verməklə, onları mütəmadi yayınlamaqla burada yaşayan xalqların mənəvi bütövlüyünə, mehriban dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edirdi.
Məlumdur ki, “Zakavkazskiy vestnik” qəzeti Tiflis şəhərində, Qafqaz Canişinliyinin mətbəəsində nəşr edilirdi. Bu mətbəədə rus, gürcü şriftləri ilə yanaşı əski türk (ərəb) hürufatının mövcudluğu redaktora rusdilli qəzetdə Azərbaycan türkcəsində də məqalə və məlumatlar çap etmək imkanları yaradırdı. Əslində bu üsul Azərbaycan türklərini milli mətbuatını yaratmağa doğru aparan ilk cəhdlər, dost dəstəyi idi. İdeyanın gerçəkləşməsi özünü çox gözlətmədi: Azərbaycan türkcəsində, ərəb əlifbası ilə ilk qəzet böyük ictimai xadim Həsən Bəy Zərdabinin “Əkinçi”sindən düz 30 il əvvəl, “Zakavkazskiy vestnik” qəzetinin bazasında meydana gəldi. İlk qəzetin tirajı çox olmasa da, sürətlə yayıldı və dəqiq ünvanlara çatdırıldı. Bu mətbuat orqanı qaranlıq mühitdən maarif, mədəniyyət işığına doğru açılan ilk pəncərə, qaranlıq mühitin dar, dolanbac dalanlarından yan keçərək sabaha uzanan ilk cığır idi...
Azərbaycan türkcəsində qəzet: “Qafqaziyənin bu tərəfinin xəbəri” (1845). Hər bir xalqın milli mətbuat gününü bayramsayağı qeyd etməsi, tarixi inkişaf mərhələlərində kütləvi informasiya vasitələrinin keçdiyi yola nəzər salınması, elmin, ədəbiyyatın, mədəniyyətin, maarifin təbliğində mühüm və əhəmiyyətli tribuna missiyasını daşıması o xalqın ictimai-siyasi, elmi-mədəni tərəqqisinin göstəricisi, danılmaz faktı kimi dəyərləndirilir. Vurğulanan kontekstdə Azərbaycan milli mətbuatının yaranma tarixi və inkişaf mərhələləri haqqında yetərincə araşdırmalar aparılmış, monoqrafiyalar nəşr etdirilmişdir. Böyük mütəfəkkir, maarif və mədəniyyət fədaisi Həsən Bəy Zərdabinin “Əkinçi” (1875, 22 iyul) qəzetindən əvvəl Bakıda rus dilində çap olunmuş “Bakinskiy listok” (1871-1872) qəzeti barədə geniş tədqiqatların mövcudluğuna baxmayaraq Azərbaycan türkcəsində ondan da əvvəl davamlı olmasa da, çap edilən nəşrlər yetərincə araşdırılmamış, diqqətdən kənarda qalmısdır.
Tiflisdə 1832-ci ildə Azərbaycan türkcəsində işıq üzü görən “Tiflis xəbərləri” qəzeti haqqında müxtəlif elmi qaynaqlarda məlumatlara rast gəlinsə də, təəssüf ki, bu mətbuat orqanı indiyədək əldə olunmayıbdır. “Tiflis xəbərləri” qəzetindən fərqli olaraq “Qafqazın bu tərəfinin xəbəri” çoxillik tədqiqat nəticəsində aşikara çıxarılmış, onun haqqında obyektiv məlumat vermək, faksimilesini çap etmək fürsəti yaranmışdır.
“Qafqazın bu tərəfinin xəbəri” nəşrinin ilk sayı 1845-ci il 4 yanvar tarixində Zaqafqaziya Canişinliyinin mərkəzi olan Tiflis şəhərində Azərbaycan türkcəsində işıq üzü görmüşdür. “Zakavkazskiy vestnik” qəzetinin əlavəsi kimi nəzərdə tutulsa da, tam müstəqil nəşr olaraq çapa hazırlanmış, dörd səhifədən ibarət olan “Qafqazın bu tərəfinin xəbəri” ana qəzetin (“Zakavkazskiy vestnik” nəzərdə tutulur - A.R.) formatında - A4 biçimdə oxucularına ünvanlanmışdır. Bu nəşrin mükəmməl məlumat aparatına möhtac qalması onun tirajı haqqında dəqiq fikir söyləmək imkanlarını məhdudlaşdırır və güman etməyə əsas verir ki, qəzetin ilk sayları 50-100 nüsxədən çox olmayıbdır. “Qafqazın bu tərəfinin xəbəri”ndə qəzetin sərlövhəsinin, məqalə və materialların eyni şiriftlə yığılması hürufat bazasının kasadlığından xəbər verir. Ümumiyyətlə, qəzetin başlığındakı “Qafqazın bu tərəfi” ifadəsi “Zaqafqaziya” (Qafqazın arxası - A.R.) sözünün tam fərqli mənasındadır. Əgər Cənubi Qafqaz Rusiya imperiyasının məmurları üçün “Zaqafqaziya”, “Qafqazın arxası” adlandırılırdısa, Azərbaycan türkləri üçün “Qafqazın bu tərəfi” söz birləşməsi daha doğma və əziz səslənir.
Qəzetin sərlövhəsindən sonra ilk cümlə onun illik abunə qiyməti haqqındadır. “İllik qiyməti beş manatdır” fikrini xüsusi qabardan redaktor şübhəsiz ki, oxucuların diqqətini iki vacib məqama yönəltmək istəmisdir. Birincisi, qəzetin davamlı olaraq çıxmasına əminlik ifadə edilmişdir. “Zakavkazskiy vestnik” (rus dilində) qəzetinin olduğu kimi “Qafqazın bu tərəfinin xəbəri”nin də redaktoru azərbaycanlılara xüsusi rəğbət bəsləyən Platon İqnatyeviç İoselian (1810-1875) idi və şübhəsiz ki, o davamlı mətbuat orqanı nəşr etmək niyyətinə düşərkən yaradıcılıq və texniki imkanlarını nəzərdən keçirmişdir. İkincisi isə abunə qiymətinin önə çəkilməsi ciddi maliyyə probleminin mövcudluğuna da bir işarə idi. “Qafqazın bu tərəfinin xəbəri” ilə müqayisədə “Zakavkazskiy vestnik” qəzetinin 1 yanvar 1845-ci il tarixli 1-ci sayında və sonrakı nömrələrdə abunə reklamına rast gəlinmir.
Qəzetin sərlövhə hissəsində daha sonra yazılmışdı: “Nömrə 1. Hər həftənin pəncşənbə günündə hazır olur. Bum (Ölkə). Pəncşənbə, 1845 ilinin yanvar ayının 4 günündə. Hisseyi müəyyən.”
Bu qısa məlimatdan məlum olur ki, “Qafqazın bu tərəfinin xəbəri” hər cümə günü çıxmaq şərtilə ayda dörd, ildə isə 48 sayının nəşr edilməsi nəzərdə tutulmuş, qəzetin bir nüsxəsinin qiyməti təxminən 14 qəpik müəyyənləsdirilmisdir. Qəzetin şrifti fərqli məzmuna və janra malik materiallar üçün birölçülü, yeknəsək olduğu kimi bədii tərtibat işi də çox sadədir. Dörd səhifəlik bu mətbuat orqanı sərlövhə və əsas göstəricilərdən sonra üfüqi qoşa, qara xətt çəkilmiş, mətnlər isə şaquli xəttlə iki hissəyə bölünmüşdür. Sonuncu səhifə isə üfüqi qoşa, qara xəttlə yekunlasdırılmış, xətkeşdən sonra “Redaktor: Platon İoselian” yazılmışdır.
Qəzetin birinci səhifəsində, başlıqdan sonra üfüqi qoşa, qara xəttin arasında “Hisseyi müəyyən” verilibsə, dördüncü səhifənin sonunda, eyni məkanda yazılıb: “Tiflis şəhərində, Qafqazın bu tərəfinin münaziməti əzminin daraye təbiətdə”
Şübhəsiz ki, bu informasiyada ümumi də olsa qəzetin hazırlandığı məkan nişan verilmişdi və “Daraye təbiət” - deyildikdə “Nabatat evi” nəzərdə tutulurdu. Maraqlıdır ki, Azərbaycan türkcəsində olan qəzetin ilk sayında “Zakavkazskiy vestnik”dən fərqli olaraq durğu işarələrindən istifadə edilməmişdir ki, bu problem oxu sürətini xeyli aşağı salır və çətinləşdirir.
“Qafqazın bu tərəfinin xəbəri”nin ilk sayında baş məqalənin yer almaması, qəzetin məramının, məqsədinin açıqlanmaması yalnz onunla əlaqələndirmək olmaz ki, XIX yüzilliyin birinci yarısında belə bir ənənə formalaşmamışdır. Güman etmək olar ki, redaktorun Azərbaycan türkcəsini zəif bilməsi bu mətbuat orqanının gələcək taleyinə və davamlı fəaliyyətinə mənfi təsir göstərmişdir.
Əslində qəzet kiçik, bir-birindən az fərqlənən materiallardan ibarətdir. Birinci və əsas material Rusiya imperiyası adından verilmiş qanun mətnidir. “Senatın fərmanı” sərlövhəli bu qanun “Məqami-lazimədə istemal etmək üçün” adlanır və qəzetin bir səhifəsindən çox yer tutur. Birmənalı vurğulamaq olar ki, “Qafqazın bu tərəfinin xəbəri”nin yaranmasını zərurətə çevirən şərtlərdən biri də Rusiya hökumətinin qanun və qərarlarının Azərbaycan türkləri üçün öz dillərində təqdim etməkdən ibarətdir. Qəzetdə yer alan materialların rus dilindən tərcümə olunduğu şübhə doğurmur. Ədalət xatirinə vurğulamaq lazımdır ki, dövrün dil imkanları nəzərə alınmaqla, termin və anlayışların yetərincə sabitləsmədiyi bir zamanda bu mətbuat orqanında yer alan materiallar sərbəst tərcümə olsa da, onu uğurlu yaradıcılıq və redaktə işi hesab etmək mümkündür.
Xüsusilə, XIX əsrin 40-cı illərində böyük Azərbaycan mütəfəkkirlərindən Abbasqulu Ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin və başqalarının Qafqaz Canişinliyində xidmət göstərdiklərini nəzərə alsaq, onların da qəzet işinə cəlb edilməsi və bu mətbuat orqanının yaranmasında xidmətlərinin, ciddi dəstəklərinin mövcudluğunu ehtimal etmək mümkündür.
“Senatın fərmanı” və ya “Məqami-lazimədə istemal etmək üçün” adlı qanunda yazılır: “Ol barədə ki, hərgah mənzilbəmənzil göndərilən məhbuslar yolda fotoları lazımdır ki, vilayətin hakimləri onlara diqqət etsünlər.”
İlk cümlədən qərarın məhbuslar, onların nizam-intizama dəvət edilməsi, qanun pozuntularının qarşısını almaq üçün hakimlərin və mühafizəçilərin hüquqi imkanlarını genişləndirmək haqqında olduğu bəllənir.
“Qafqazın bu tərəfinin xəbəri”nin 3-cü səhifəsində bir məlumat xüsusilə diqqəti cəlb edir. Şamaxıdan olan bildirişdə deyilir: “Kaspiyski oblastnoy pravitesindən (Xəzər vilayəti idarəsindən - A.R.) elam olunur ki, Şamaxı şəhərinin sakini Nuri Əbdül Rəhim oğlu cərimə və qeyri kağız pulunu əda etməyə (ödəməyə - A.R.) qadir olmadı. Ol səbəbdən Şamaxı şəhərində ona təlif olunan (yazılan) bir baba evi, yanında olan təmiratı ilə bir yerdə yazılıb: yüz on manat pula qiymət olunubdur.”
Bu iki cümlə rus və ərəb kəlmələri ilə nə qədər qarışıq olsa da, məzmun və mahiyyətin aydınlatdığı, oxucuya çatdırdığı informasiya daha təsirli və ağrıdıcıdır. Şamaxılı Nuri Əbdül Rəhim oğlu çar məmurlarının ona tətbiq etdiyi cərimələri ödəmək imkanlarından məhrumdur. Lakin bu mənəviyyatdan və insanlıqdankənar məmurların təzyiqi və təpkisi ilə qışın sərt vaxtında (qəzet 4 yanvar 1845-ci ildə çıxıb - A.R.) Nuri Əbdül Rəhim oğlu babasından ona qalmış təmirli evi satmaq məcburiyyətində qalmısdır.
“Kaspiyski oblastnoy pravitesi” cərimələnmiş Nuri Əbdül Rəhim oğluna “humanistlik” nümayiş etdirərək baba evinin su qiymətinə (Cəmi 110 manata - A.R.) satılmasını sürətləndirmək məqsədilə elanı “Qafqazın bu tərəfinin xəbəri”ndə çap etdirməyə müvəffəq olmuşdur. Bu elan çar hökumətinin soyqunçuluq siyasətini ifşa edən, vətəndaşlarına qaşı qəddarlıq, rəhmsizlik, antihumanistlik göstərən bir qurum olduğunu təsdiqləyən çox güclü faktdır.
Nəşrin “Elam” (Elan) bölməsində Tiflis şəhərinin sakini B.Şeyxitovun karvansarada dükan açdığı, yaxşı tütün, siqaret və qeyri malların olduğu, “bu xüsusda məlumat üçün kəmali ixlas ilə (səmimiyyətlə) Tiflis şəhərinin əhli sakinlərindən və dəxi Qafqazın bu tərəfində olan şəhərlərinin sakinlərindən və əşxasından (şəxslərindən) təvəqqe edir ki,” dükana baş çəksinlər. Qəzetdə satılan malların konkret qiyməti də göstərilib: “Trabzon tütününün əvvəlinci qismində givrənkəsi əlli qəpik, ikinci qismində givrənkəsi qırx qəpik, üçüncü qismində givrənkəsi otuz qəpik. ...Putla un - bir manat yetmiş qəpik, buğda - bir manat iyirmi qəpik, arpa - səksən qəpik, düyü - bir manat iyirmi qəpik, duz - əlli qəpik, qoyun əti - üç qəpik, hind toyuqu - yetmiş qəpik, qaz - əlli qəpik, toyuq - iyirmi qəpik” və s.
Elanlar nəşrin üçüncü səhifəsinin sonundan başlayaraq, dördüncü səhifə bütövlükdə bu mövzuya həsr olunmuşdur. Qəzetin sonuncu - 4-cü səhifəsinin axırında “yanvar ayının 4-ü günündə” yazılıb və o vaxtın anlamına əsasən satılan malların təzə olduğuna işarə edilirdi.
“Qafqazın bu tərəfinin xəbəri” özündən əvvəl işıq üzü görmüş “Tiflis xəbərləri” (və ya “Tatar xəbərləri”) qəzetinin missiyasını davam etdirmiş, bu gün əlimizdə olan yeganə qiymətli nümunədir. Bu nəşrin fəaliyyəti Qafqazın bu tərəfinin müsəlman-türk əhalisi üçün maarifə, təhsilə ciddi maraq oyatmışdır. Azərbaycanlıların yazmaq-oxumaq vərdişlərinin geniş yayılmasında, publisistikanın, redaktə işinin peşəkarlıq müstəvisində təşəkkül tapmasında şübhəsiz ki, mətbu nəşrlərin təsiri və əhəmiyyəti birmənalı olaraq böyükdür.
İstər “Tiflis xəbərləri”nin (və ya “Tatar xəbərləri” 1832), istərsə də “Qafqazın bu tərəfinin xəbəri” (1845) qəzetinin yaranmasının və fəaliyyətinin mövcudluğu, Qafqaz arealında nəşr olunması, nəşrlərə qeyri-türklərin rəhbərlik, redaktorluq etməsi heç bir vaxt qısqanclıqla qarşılanmamış, bu ədəbi-mədəni hadisəyə heç vaxt ögey, biganə münasibət bəslənilməmişdir. Tarixin dumanlığında görünməz izlər buraxan bu nəşrlərin Qafqaz Canişinliyinin himayəsi altında meydana gəlməsi naşirə və yazarlara rəğbət hissi doğurmaqla yanaşı, ilk milli mətbuat orqanımız - böyük Həsən bəy Zərdabinin yaratdığı peşəkar jurnalistika nümunəsi olan “Əkinçi”nin yaranmasında hazırlıq mərhələsi rolunu oynaması da vurğulanmalıdır.
XIX yüzilliyin birinci yarısında Qafqazın mədəniyyət mərkəzi olan Tiflis şəhərində Azərbaycan türkcəsində “Tiflis xəbərləri”nin (və ya “Tatar xəbərləri” 1832) və “Qafqazın bu tərəfinin xəbəri” (1845) adlı nəşrlərin yaranması, qısamüddətli olsa da, fəaliyyət göstərməsi ilk növbədə sinəsi söz xəzinəsi ilə çağlayan xalqımızın maarifə, mədəniyyətə, mətbuataŞ təhsilə təşnəliyinin bariz faktlarından, mətbuat tariximizin unudulmaz səhifələrindən hesab edilməlidir.