Akademik Muxtar Kazımoğlunun alim obrazını müəyyənləşdirən əsas amillər nədir deyə sual etsək, daha çox iki açar söz bizə bələdçilik edəcək. O, elmə dastan poetikasından və nəsrin psixoloji dərinlik ölçülərindən gəlib. "Kitabi-Dədə Qorqud" onun əsərlərinin və ömrünün metaforasıdır. Yazdığı hər şey bu dastandan yol götürüb artır, böyüyür, durulur və müstəsnalığına qovuşur.
Muxtar Kazımoğlu "Kitabi-Dədə Qorqud"la bağlı yazdığı bütün mətnlərində dastanın tanış motivlərini yeni versiyada, yeni düzümdə hasilə gətirir, bəzi boyların ümumi strukturu, fabula gedişləri onun yanaşmasında tamam başqa səciyyədə əksini tapır. Müəllif bizə məlum süjet xətti və personajların ətrafında "köhnə mətnlərin" və səhnələrin yeni oxunuşuna yol açan maraqlı yanaşmalar edir. Təhkiyə, üslub, zaman və məkan anlayışlarını epos məntiqi və potensiyası ilə aktuallaşdırır. Yalançı, ikiləşən qəhrəmanlar, komik obrazlar - düşüncə nostaljimizdə diri qalan onlarla tanış adları, olayları yeni baxış fəlsəfəsi, epos miqyası və magiyası ilə dəyərləndirməklə inanc-mif təfəkkümüzü zənginləşdirir. Bəlkə də bunlara reseptiv tənqidin prizmasından yanaşıb müəllif yozumu kimi qəbul etmək olar, amma Muxtar müəllimin təhlillərinin pozitiv çaları ondadır ki, burada müəllif personajın yerinə danışmır, bədii fiqurlar özü-özünü təqdim edir, düşüncəsi, psixologiyası, ruhu, fərdi keyfiyyəti ilə birgə görünə bilirlər.
Poeziya yaddaşdır! Həm də folklor yaddaşıdır. Muxtar Kazımoğlu poeziyanın folklor qatını ən dəqiq cizgilərlə göstərən azsaylı düşüncə sahiblərindəndir. Bunu necə təsvir etmək olar? Məsələn, Muxtar müəllimin təhlillərini oxuyanda ilk baxışda adama elə gəlir ki, müəllif şeirlərin üstündəki çağdaşlıq örtüyünü söküb atacaq. Amma az sonra görürük ki, heç nə itməyib, kök də, onun üzərində yetişən müasir qat da yerindədir. Bəs aydınlanan, qazanılan nə oldu? Həmin köklə zirvə arasında qurulan bağın zəmin tapdığı amillər, düşüncələr sırası! Muxtar Kazımoğlu təhlillərində sufi, mif arxetipinə məxsus idraki vüsətin, fəlsəfi miqyasın gücünü modern poeziya və nəsr dilinə çevirə bildiyi üçün mövzunu məhəlli ölçülərdən çıxarmağa nail olur, estetik-fəlsəfi və bəşəri-ilahi sistemlər arasında diapazon baş tutur.
Muxtar müəllimin orijinal təhlil düşüncəsi, təsnifat məntiqi var. Bu, bəlkə də alimin illərdir dastan irsinin araşdırıcısı olmasından qaynaqlanır. Çünki eposla məşğul olmaq bir az da epos ərkanı, epos dərinliyi təlqin edir mənəviyyata. Ancaq belə bir ruhla müasir Azərbaycan nəsrində psixologizm mövzusunu ciddi elmi siqlətdə təhlil etmək olar, poeziyanın emosional dilini təmkinli təhkiyə ilə analizin predmetinə çevirmək olar. Bunlar həm də ədəbi dilin frazeoloji qatının bir müstəvidə oxunuşu, çoxyönlü ədəbi prosesləri bir hadisənin üfüqündə izləməyə imkan verən elementlərdir ki, onlarda eposdan gələn təfəkkür paradiqmasının işarələri danışır. Bu işarələri alimin nəinki dastanla bağlı, həmçinin müasir ədəbiyyatla bağlı təhlillərində görmək çətin deyil. 1991-ci ildə çap olunan "Müasir Azərbaycan nəsrində psixologizm (60-70-ci illər)" monoqrafiyası ədəbiyyatşünaslığımızda ən dəyərli tədqiqat əsərlərindən biridir. Bu əsərin əsas özəlliyi nədir? İlk növbədə, akademik Nizami Cəfərovun dediyi kimi, "bu monoqrafiya ədəbiyyatşünaslığımız tarixində psixologizmə həsr edilmiş ilk sistemli tədqiqat əsəridir. Bu tədqiqatdan sonra bizdə yalnız nəsr üzrə yox, həm də poeziya və dramaturgiya üzrə neçə-neçə yeni tədqiqat əsərləri ortaya çıxdı və həmin tədqiqatlarda, təbii ki, Muxtar Kazımoğlunun nəzəri mülahizələri istiqamətverici rol oynadı".
Digər mühüm məqamlardan biri budur ki, əsərdə müəllif sovet romançılığında ikili estetika daşıyıcısı kimi maraq doğuran, yeni nəsrə keçidi hazırlayan bədii mətnləri - İsa Hüseynovun "Tütək səsi", İsmayıl Şıxlının "Dəli Kür", Fərman Kərimzadə "Qarlı aşırım", Sabir Əhmədovun "Yamacda nişanə", "Qanköçürmə stansiyası", İsi Məlikzadənin "Dədə palıd", Əkrəm Əylislinin "Kür qırağının meşələri", Anarın "Macal", "Gürcü familiyası", Elçinin "Beş qəpiklik motosikl" və s. kimi roman, povest və hekayələri elmi analizin predmetinə çevirir. Bu məqam həm müəllifə, həm də oxucuya sovet epoxası içində yaşanan təbəddülata, həmçinin tarix və insan məqamlarının dərinlərinə enmək üçün fürsət qazandırır.
Xüsusilə, "Dəli Kür"lə bağlı Muxtar Kazımoğlunun qənaətləri polifunksionaldır. Bilirik ki, "Dəli Kür" monumental, çoxşaxəli əsərdir: mənəvi dəyərlər, qadın-kişi münasibətləri, ata-oğul, yeniliklə köhnəliyin, cəhalətlə mütərəqqi ideyaların konflikti, Çar Rusiyasının işğalçı siyasətinin, dövrün ictimai-siyasi mürəkkəbliyinin təsviri və bunun Cahandar ağanın taleyinə təsiri... Tədqiqatda bəyliyin çöküşünü, patriarxal dəyərlərin iflasını, ölən dünyaların təzahürlərini verən, bunu təmkinli mövqedən müşahidə edən və dərin qatda işləyən Muxtar Kazımoğlu insan obrazını bütün yönlərdən təhlilə çəkir. Göstərir ki, maarifçi ədəbiyyatın önə çəkdiyi "meşşan" tipindən, sosrealist ədəbiyyatın tənə, istehza predmetinə çevirdiyi personajdan sonra bəy obrazı ilk dəfə bu əsərdə yeni kontekstdən təcəssüm predmetinə çevrilib: həm insan kimi hərtərəfli səciyyəsi, həm də feodal-patriarxal dəyərlərin daşıyıcısı qismində.
Kitabda xüsusən Cahandar ağa obrazına münasibətdə müəllifin dürüst və obyektiv yanaşması diqqət çəkir. Onu məziyyətləri və xətaları ilə birlikdə təhlil edən alim həm də dəyərlərin antitezasını yaradır. Bu yerdə Muxtar müəllimin qənaətləri bir çox başqa məqamları - əsas və törəmə süjetləri içinə alsa da, birbaşa Cahandar ağanın namus fəlsəfəsinin iflası üzərində qərarlaşır. O şeyi ki, Cahandar ağa namusu hesab edir - arvad, at və papaq - hər birinin tədricən deqradasiyaya uğrama səbəblərini təsvir edir. Göstərir ki, birinciyə münasibətdə Cahandar ağanın özü xətaya yol verir. Digər proseslər də "cinayətin cəzası" üzərində qurulur və baş qəhrəmanın içindəki "son problematikası"nı yetişdirən amilə çevrilir.
Muxtar Kazımoğlu təhlil etdiyi digər əsərlərdə də bədii-estetik keyfiyyəti, canlı və dinamik təsvirləri, koloriti üzə çıxarmağı sevir, onların bütün dövrlər üçün dəyərli sənət nümunəsi olması faktının konkret detallarına varır. Bəhs olunan tarixi dövrləri təfərrüatıyla araşdırır, obrazları psixoloji dərinlik ölçülərində təqdim edir. Qadın və kişi obrazlarının iç yaşantılarının incəliyinə varılaraq tədqiqatçı nəzərlərindən bu dərinlikdə təhlil ədəbiyyatşünaslığımız üçün atipik hadisə sayılmalıdır. Monoqrafiyanın gücü məhz, obrazın yaşantılarını, psixoloji təbəddülat məqamlarını dərin təcəssümündə verə bilməsindədir.
Muxtar müəllimin tədbirlərdəki çıxışları məndə hər zaman heyrət doğurur. Bəhs etdiyi mövzudan peşəkar tənqidçi kimi bəhs edir. Yanaşmalarında ədəbiyyatşünaslığın elmi-nəzəri postulatları danışır. Bu yerdə onun haqqında Sərxan Xavərinin yazdığı bir fikri xatırlayıram: "Hansısa şəxsi maraq, hətta hansısa "ali konyuktura" naminə olsa belə, prinsiplərin pozulması, mən bilirəm ki, Muxtar müəllim üçün bağışlanılmazdır. Məhz belə bir prinsipsizliyə getməmək üçün o, vaxtilə ədəbi tənqiddən uzaqlaşmışdı". Müasir əsərlərlə bağlı analizlərində çoxcəhətlilik, mifdən başlamaq, kosmik, mifik və ilahi elementləri sintez şəkildə dərk etmək imkanı Muxtar müəllimə bədii təfəkkürün tematikasına qatılan əlavələri oxumağa imkanlar açıb. Əsərlərdəki məkan və zaman paralelləri, süjetdə çoxqatlı ekspozisiya, dünya fəlsəfi-estetik düşüncəsindən iqtibas olunan məqamlarla sintez, universal məzmunlu dəyərlərə canatım, illüziya və reallıq arasında sərhədsiz keçidlər, retrospektiv yanaşmalara münasibət Muxtar müəllimin təhlillərində ona görə elmi-nəzəri səciyyədə dərkini tapır ki, o, ilk növbədə epos mətninin simvolikasına sığınır. Ona görə həm təhlil etdiyi janrın yeni struktur texnologiyalarını, həm də dövrün, baş verən proseslərin intuitiv dərkini vermək alimə çətin olmur.
Bu yaxınlarda çap olunan "Şifahi sənət və yazılı ədəbiyyat" kitabında Muxtar Kazımoğlu şifahi sənətin özünəməxsusluğunu önə çəkir, folklor və yazılı ədəbiyyatın müqayisəsi kontekstində bir çox polemik rakursa zəmin yaradır. Folklorşünaslıq, sənətşünaslıq və etnoqrafiya elmlərinin bir-birindən ayrı düşməsi, folklor və şifahi xalq ədəbiyyatı anlayışlarının eyniləşdirilməsinin səbəbləri üzərində düşündürür. "Yazılı sənətdə fərdi üslub sənətkarlığın mühüm göstəricisi olduğu halda, şifahi sənətdə sənətkarlığın başlıca göstəricisi "kollektiv şüur"un, xalq arasında məlum və məşhur olan folklor qəliblərinin qabarıq ifadə edilməsindən ibarət olur", - kimi əsaslar sıralayan tədqiqatçı şifahi və yazılı sənətin poetik sistemi arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirir. David Metrişin "söz sənətinin bu iki qoluna - folklora və yazılı ədəbiyyata vahid metasistemin tərkib hissələri kimi baxmaq lazımdır", - fikri ilə razılaşsa da, həmin makrosistemin daxilindəki mikrosistemləri araşdırmağı zəruri hesab edir və bunun üçün janr mübadiləsini hər iki tərəf arasındakı sərhədlərin təminedici faktoru kimi götürür: "Yazılı ədəbiyyat şifahi söz sənətindən bayatı, qoşma, gəraylı və s. kimi janrları alıb, əvəzində qarşı tərəfə müxəmməs, müsəddəs, qəzəl və s. kimi janrları ötürür. Müxəmməs, müsəddəs və qəzəllər şifahi söz sənətində bayatı, qoşma və gəraylıların dilində səslənməyə başlayır. Bayatı, qoşma və gəraylılar yazılı ədəbiyyata xalq danışıq dilinin koloritini və xalq düşüncəsini gətirir".
"Dədə-Qorqud" dastanındakı ayin-mərasim elementlərinin üzə çıxarılması, qəhrəmanlıq və sehirli nağıllarla dastandakı müxtəlif rituallar və arxetiplər arasındakı əlaqə maraqlı yeniliklər sırasında qeyd olunmalıdır. Kitabda diqqəti cəlb edən mövzulardan biri də folklor və yazılı ədəbiyyatda təhkiyə məsələsidir ki, tədqiqatçı burada "Kitabi-Dədə Qorqud"dakı nəzm-nəsr növbələşməsinə, əhvalatların epik dinamizminə, soylamaların lirik-epik mahiyyətinə nüfuz edərək narratologiya ilə bağlı fərqli yozumlar irəli sürür.
Muxtar Kazımoğlu xüsusilə müstəqillik dövrü poeziyasında əsas forma xüsusiyyətlərindən biri sayılan epik şeirin önə çıxması ilə əlaqədar maraqlı müqayisələrə varır, şeirdə daha çox təhkiyə elementlərinin yer alması, epik vüsət, təsvirə meyillilik, nəzm və nəsr hissələrinin növbələşməsi məsələsini dastan poetikasının xüsusiyyəti ilə izah edir, bəzən hədsiz dərinlərə işləyən şüur oynaqlıqlarını təhkiyə elementlərinin gücü ilə açmağa çalışır. Yuxu ilə reallıq, arzu ilə ümid, təbiət və Tanrı münasibətlərinə bir başqa, bir az ürfani, mistik, bir az da dünyəvi yozum verərək, bu universumda arxaik düşüncə tərzini əsas göstəriciyə çevirir: "Yazılı ədəbiyyat və mif əlaqələrində diqqəti cəlb edən əsas meyillərdən biri məhz arxaik düşüncə tərzini başlıca çıxış nöqtəsi kimi götürməkdə, predmet və hadisələri mif modelləri ilə əks etdirməkdə özünü göstərir", - yazan müəllif belə bir başlanğıcı ədəbiyyatımızda Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Məmməd İsmayıl, Ramiz Rövşən və Kamal Abdulla mətnlərində arayır və təhlil edir. Metaforik düşüncənin tarixən mifoloji düşüncədən törədiyini müxtəlif nümunələr əsasında irəli sürən Muxtar Kazımoğlunun çağdaş ədəbiyyatla bağlı təhlilləri də fərqli bir duyumun ifadəsi olaraq meydana çıxır. Ədəbi tənqiddirmi? Bəli! Həm də mətni mifopoetik təhlil üsulları ilə açan tənqiddir. Ramiz Rövşənin Allaha xitabən yazdığı şeirlərini analiz edən müəllif bunu alt qatda yenə dastan dərinliyinə bağlayır və qeyd edir ki, "Mifdən gələn və "Dədə Qorqud" dastanındakı "Dəli Domrul" boyunda da müəyyən izlərini qoruyub saxlayan motiv - Tanrıya ərkyana və mərhəmanə münasibət Ramiz Rövşən şeiri üçün də səciyyəvidir... Allah obrazı da, Ramiz Rövşənin Ay, Gün, bulud və s. səmavi obrazları kimi mifoloji düşüncə ilə qırılmaz şəkildə bağlıdır". Muxtar Kazımoğlu məhz mifoloji düşüncə qatına vaqif olduğu üçün kökləri uğurla tapır, doğru motivləndirə bilir.
Muxtar Kazımoğlu magik gücün ifadəsində musiqinin arxaik mahiyyətinə vararaq səsdəki dərinlikləri - həm həqiqi və məcazi, həm də sufi-ilahi işarələri rəmzləndirməyə çalışır. Qorqud Atanın qopuzunu ölümsüzlük rəmzi kimi səciyyələndirən, muğamdan kahin musiqisinə keçid edən, slavyan divanəliyi ilə müsəlman dərvişliyi arasında olan oxşarlıqların tipoloji paralellərini göstərən alim sufizm və şamanizm səsləşməsinə rəvac verən amilləri də üzə çıxarır. Fərqli zaman və məkanların mifopoetik mətnləri arasında assosiativ doğmalıq, poetik struktur oxşarlığı, ritm sintezi görən müəllif yaddaşın ritual-mifoloji qatını şifahi söz sənətinin poetikasını anlamağa yol açan əsas vasitəyə çevirir.
M.Baxtin Rableyə həsr etdiyi kitabın bir fəslində A.Gertsenin bu sözlərini epiqraf kimi verib: "Gülüşün tarixini yazmaq hədsiz dərəcədə maraqlı olardı". Muxtar Kazımoğlu gülüş anlayışını folklor nümunələri üzrə araşdırmaqla problemə elmi-metodoloji yanaşma sərgiləyir, folklor obrazlarının gülüş aspektindən genezisini açmaqla çağdaş folklorşünaslıqda yeni istiqamətin əsasını qoyur. Gülüşün magik və bədii-estetik mahiyyətini, bütün ifadə imkanlarını bir çox folklor və yazılı ədəbiyyat nümunələri, "Dədə Qorqud" və "Koroğlu" eposları əsasında müşahidə edən alimə görə komizm semantik vahid olaraq mətnin məzmununa və qəhrəmanın strukturuna əsaslı təsir göstərən amildir. Nə mənada? Həyat eşqinin, yaşamaq sevdasının rəmzi, qorxu, ölüm xofundan müdafiə və ilk növbədə, ideallaşdırmanın qarşısını alan əsas vasitə olaraq. "Gülüş folklor mətnində təsvir edilən ən qeyri-adi predmeti, obrazlı desək, göylərdən yerə endirib insana yaxınlaşdırır, ifrat ideallaşdırmanın qarşısını almaqla mətnə məna əlvanlığı gətirir", - yazan tədqiqatçı gülüşə xüsusi məna daşıyıcısı olan elmi-kateqorial paradiqma kimi yanaşır.
Muxtar Kazımoğlunun əsərlərindən, folklorşünaslığa gətirdiyi yeniliklərdən çox bəhs etmək olar. Alimin tədqiqat predmetinə çevirdiyi hər mövzuda fərqli söz deməyi ona görə baş tutur ki, ilk növbədə, şifahi ədəbiyyatla yazılı ədəbiyyatı vəhdətdə alır, onların qarşılıqlı nüfuz və siqlətindən yola çıxaraq mətnin bütövlüyünü yaradır. Ən əsası da odur ki, epos məntiqi və magiyasından mətn estetikasına qədər uzanan bu yolda oxucuya xalqın qəhrəmanlıq keçmişi ilə bağlı milli qürur instinkti və ruhu təlqin olunmaqla yanaşı, ədəbi relyefin yaddaş və təfəkkür kodları da nişan verilir.