Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The stranger and the native traveler in Movlud Suleymanli‘s "Migration": the shaman - Elnara Garagozova

26-02-2025 [ 13:02 ] [ read:46 ]
printerA+ | A-
105217

Qədim dövr və orta əsrlərdə türk xalqlarında tanrıçılıq ilə bərabər şamançılıq da mövcud olub və bu iki inanc sistemi nə bir-birini inkar edib, nə də bir-biri ilə qovuşub, hər biri öz unikallığını qorumaqla yanaşı mövcud olublar. Şaman kimdir? Şamanizmlə bağlı Sibirin türk xalqlarında maraqlı, fərqli izahlı əfsanələr mövcuddur. Məsələn, qədim yakut inancına görə, insanın bir deyil, üç ruhu olur: iyə qut (ana qut) ənsədə, bor qut (dünyəvi qut) bütün bədəndə, salqın qut isə beldə yerləşir. Alnına gələcəkdə şaman olmaq yazılan uşaq anadan olanda ruhlar onun bu qutlarını oğurlayıb aparır. Qutları oğurlanan uşaq ölmür, sadəcə xəstələnir. Hər bir oğurlanmış ruh ayrı bir yerdə bir müddət "təlim" keçdikdən sonra sahibinə qaytarılır və həmin şəxs şamana çevrilir. 

Ədəbiyyatda şaman obrazının təzahüründən söz açdıqda bu məqamın ilk növbədə Sibir xalqlarının ədəbiyyatında geniş işləndiyini qeyd etməliyik. A.Nemtuşkinin "Röyamdakı səma maralları" (Alitet Nemtuşkin "Mne snətsə nebesnıe oleni" (1987)), Y.Aypinin "Sönmüş ocağın ətrafında" (Eremey Aypin "U qasnuheqo oçaqa" (1998)), Q.Keptukenin "Kiçik Amerika" (Qalina Kgptukg "Malenğkaə Amerika" (1991)) əsərlərində şaman ayinləri, inancları ilə bağlı maraqlı məqamlar bədii mətnin gücü ilə yeni nəslin yaddaşına hopdurulur. 

Azərbaycan ədəbiyyatının mühüm ədəbi mətnlərindən olan Mövlud Süleymanlının "Köç" əsərində də şamanizmin izləri aydın görünür. Əsərdə Qoşqar evinin ağbirçəyinin icra etdiyi ayinlər, falabaxma üsulu şamanlıqla əlaqədardır. "Qarı qarşısına bir tas qoydu, aftafadan içinə su tökdü, üstünə qara kəlağay çəkib başını içinə saldı. Kəlağayın özümü qalxdı, qarımı qaldırdı, bilən olmadı, uçub-uçub qarıdan bir az aralı, göylüyə düşdü. Qarı tasın içinə bir-iki dənə yumru çay daşı atdı, sonra barmağından bir üzük çıxarıb suya saldı". Daha sonra qarı bildirir ki, onun demək istədiklərini bir nəfər yuxusunda görüb açıqlayacaq. "Köç" əsərində təsvir olunan "od oyunu" da şamanizmdən gələn bir ünsürdür. Qoşqar evinin yerinə yetirdiyi bu ayin həm də mövləvilikdəki səma oyununu xatırladır. "Tarikatlar ansiklopedisi" (Milliyet Yayınları, İstanbul, 1991) "səma" sözü bu şəkildə şərh olunur: "musiqi dinləmək, dinlərkən vəcdə gəlib hərəkət etmək, özündən keçmək, oynayıb dönməkdir. Səma, mütləq gözəlliyə aşiq olaraq yaradılmış insanın səs, söz və ahənglə təcəssüm edən gözəllik vasitəsi ilə özündən keçməsi, vəcd halında ilahi aləmə yüksəlməsidir".      

Araşdırmalarda qeyd olunur ki, şamanlar müəyyən günlərdə tonqal qalayıb atəşin dilinə baxırdılar. İnama görə yaşıl alov dilimi qıtlığa, qırmızı müharibəyə, sarı epidemiyaya, qara dilim isə xanın ölümünə əlamət idi. Atəşə qurban verilir, dualar oxunurdu. Mövlud Süleymanlının "Köç" əsərindən bir parça: "Qoşqar evi iri bir tonqal çatdı. Qızlar, gəlinlər əl-ələ, kişilər qol-qola yallıya durdular. Qoca kişilər, yaşlı arvadlar, ağbirçəklər yallının ortasına keçdilər... Oyun getdikcə qızışdı, sonra oynayanların hamısı gözlərini yumdular, indi hərə özüyçün, daha doğrusu, özünü oynayırdı.... Oynayanların içində təkcə bir arvad və bir qız yavaş-yavaş özlərini unutdular. Arvadın qotazlı yalın topuqları odda yanmaz oldu, əllərini oda salıb tonqaldan kösöv çıxardı, başına köz səpələdi. Ocağın üstündə qaynayan qazandan su götürüb qaynar-qaynar içdi. Amma ruhu soyumadı, balaca, arıq arvad yayılıb elə bil göy üzü boyda oldu. Bu bircə an çəksə də, min-min ömrə tay bir şey idi. Arvad artıq nəfəs almırdı, içini çəkib sinəsinə döyürdü, elə-belə də gözləri yumulu tonqala sarı gəldi, odlu, iri kösövlərin üstünə çıxıb oynadı.... Sonra hıçqıra-hıçqıra tonqalın içindən çıxdı, yavaş-yavaş çöküb otluğa uzandı". Əsərdə təsvir olunan bu qadın və qız obrazı cəzb halına düşür, vəcdə gəlirlər. 

Bu səhnədə şamanizmin bariz elementləri bir daha diqqəti cəlb edir. Çünki "Gün keçəndən sonra tonqal çatıb kənarına yığılaraq qam qamlamaq bütün şaman rituallarının əsas elementidir. Məsələn, tuva şamanları da bəzi ayinlərdə odlu közün üstündə ayaqyalın oynayıb onu söndürürdülər ki, bu rituallar, adətən gecələr keçirilirdi" (Kenin - Lopsan M.V.Obrədovaə praktika i folklor tuvinskoqo şamanstva. Novosibirsk, Nauka, 1987).

Şamanlar, məqsədlərindən asılı olmayaraq, keçirdikləri bütün qam qamlama mərasimlərində fal açırdılar. Əsərdə də od oyunundan sonra Qoşqar evinin qarısı da fala baxır. Müəllif şamanlar tərəfindən keçirilən ritualı iki yerə bölür; bunun bir hissəsini oyuna girən arvad və qız yerinə yetirirsə, o biri hissəsini də qarı həyata keçirir. Başına köz səpələyən, qaynar suyu içən qadın şaman rolunda çıxış edir. Müəllifin bədii ədəbiyyata gətirdiyi bu obraz təsadüfi xarakter daşımır. Tədqiqatlardan da bəlli olur ki, şamanlar, adətən qadın paltarlarında qam qamlayarlar ki, bu da əsasən, şamanın Ulu Ana, Yer Ana kompleksi ilə bağlılığından xəbər verir. "Bir sıra türk soyları arasında şaman funksiyalarını qadınlar yerinə yetirirlər. Tuva xalq inanışlarına görə, tuva şamanlarının ulu əcdadı  da bir qadın şamandır" (Türk mifoloji sözlüyü (C.Bəydili). Bakı, Elm, 2003).

Türk mifoloji sistemindəki qarı obrazı da Ulu Ana, Yer Ana kompleksinə bağlı verilir. Bu baxımdan "Köç" əsərindəki şaman ayinində iştirak edən qadın və Qoşqar evinin qarısı vahid bir funksiyanın daşıyıcıları kimi çıxış edirlər. Şamanın digər bir funksiyasını, yəni əcdad ruhları ilə əlaqə yaratmasını əsərdə Çiçək yerinə yetirir. Məhz Çiçək Qoşqar və Qarakəllə tayfasını birləşdirir. Qarakəllələrə yad olan adət-ənənəni onların içinə Çiçək gətirir. Qarakəllə nəslinin yeni mərhələsi də Çiçəkdən doğulan Alayla başlanır. Çiçək əlaqələndirici  xarakter daşıyır. 

Real, var olan dünya ilə ruhlar dünyası arasında mediator rolu isə qarıya aiddir. O, bu funksiyasını Çiçəyin və Bəkil oğlu Alayın vasitəsilə gələcək Qarakəllələrə verir. Qarı Alaya otun-çiçəyin sirrini öyrətmişdi. Bu element də yenə şamanizmlə əlaqəlidir. "Şamanın türklərdəki adlarından olan "qam", eləcə də "baxşı" sözlərinin bir anlamı da lüğətlərdə "təbib, həkim" olaraq göstərilir" (Türk mifoloji sözlüyü (C.Bəydili). Bakı, Elm, 2003). 

Fikrimizcə, şamanizm, atəşpərəstlik, mif, mistika kimi məqamların bundan sonra da ədəbiyyatımızda əksi yazıçılarımıza geniş meydan yaradar. Çünki bu məqamlar ədibə yalnız maraqlı, fərqli süjetlərlə yeni əsər təqdim etmək imkanı yaratmaqla məhdudlaşmır, həm də təhtəlşüurda qalan, bu gün də müəyyən inanclarda, ifadələrdə yaşayan əski türk yaddaşının bədii formatda canlanmasına və süni intellektin standartlaşmaya, qəlibləşməyə apardığı milli təfəkkürü oyatmağa, qorumağa kömək edir.

"Ədəbiyyat qəzeti", 2025, 23 fevral

OTHER NEWS