Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Artistic reflection in the short prose of Salida Shammad gizi (Sharifova) - Manzar Niyarli

14-02-2025 [ 11:29 ] [ read:53 ]
printerA+ | A-
105195

Giriş

Filologiya elmləri doktoru, yazıçı Salidə Şəmmədqızının (Şərifova) kiçik nəsrində özünü büruzə verən bədii refleksiya bədii və elmi baxımından maraq doğurur. Yazıçı Bayram İsgəndərlinin vurğuladığı kimi “O (Salidə Şəmmədqızı-M.N.) ədəbiyyatşünaslıqdan bədii yaradıcılığa gəlmişdir. Onun bədii əsərlərində elmi təfəkkürlə bədii təfəkkür bir-birinə qovuşmuşdur”. Elmi fəaliyyəti ilə yanaşı bədii yaradıcılıqla da ciddi şəkildə məşğul olan Salidə Şəmmədqızının kiçik hekayələrinin üfüqündə təqdim edilən yaradıcılığı haqqında fikir bildirilmişdır. Xalq yazıçısı Mövlud Süleymanlı, Xalq yazıçısı Çingiz Abdullayev, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Şəmil Sadiq, yazıçı, publisist Bayram İsgəndərli və digər qələm sahibləri Salidə Şəmmədqızının bədii yaradıcılığını yüksək dəyərləndirirlər.
Salidə Şəmmədqızının ictimaiyyətə təqdim edilmiş “Əriyən şam” və “Dionisin qələbəsi” adlı hekayələr topluları, müxtəlif jurnal və internet səhifələrində təqdim edilən hekayələri ciddi qəbul edilir. Yazıçının qələmə aldığı ““Qara yel”in sorağında”, “Dionisin qələbəsi”, “Başı bəlalı məqalə”, “Mətn cızmaçısı”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti - söhbəti”, “Əlyazmalar yanmır”, “Sənin səlahətin çatırmı?”, “Psixatrın gündəliyi”, ““Facebook”da kitab təqdimatı” və s. hekayələrinin problematikası ədəbiyyatşünaslığın aktual problemlərini bədii şəkildə əks etdirir.

I Salidə Şəmmədqızının kiçik nəsrində bədii refleksiya

Salidə Şəmmədqızının kiçik nəsrinin problematikasında bədii refleksiyanın təzahürü özünü müxtəlif aspektdən əks etdirir. Yazıçının hekayələrində hekayə qəhrəmanlarının düşüncəsi, əməli, xarakteri, dünyagörüşü və idrak prosesindən xəbərdar olmaları və bunları başqaları ilə bölüşməsi məqamı özünü əks etdirir. Salidə Şəmmədqızının hekayələrindəki bədii refleksiyanın əsas məqsədi şəxsi mənaları zənginləşdirməkdən ibarətdir. Hekayələrin mətnlərindəki müəllif fikrinin alt mənaları və ya digər mənaları dərindən dərk etmək üçün bədii refleksiya vasitə kimi çıxış edir.
Xalq yazıçısı Çingiz Abdullayevin “Əriyən şam” hekayələr toplusuna yazdığı ““Əriyən şam”ın işığında” adlı yazısında Salidə Şəmmədqızının qələmə aldığı hekayələrində elmi refleksiyanın özünü büruzə verməsinə toxunur. Xalq yazıçısı Çingiz Abdullayev həmkarının “Başı bəlalı məqalə”, ““Qar yel”in sorağında” və s. hekayələrində refleksiyanın özünü göstərməsini belə vurğulayır: ““Başı bəlalı məqalə” hekayəsində isə elmi refleksiya ədəbi şəkildə qələmə alınır. Refleksiya ““Qara yel”in sorağında” adlı hekayəyə də xasdır. Avtobioqrafik xarakter daşıyan bu hekayədə ədəbiyyatşünaslıq elmində yeni axtarışların və plagiatlığın nisbi problemi haqqında düşüncələr əksini tapmışdır”. Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şamil Sadiq də Xalq yazıçısı Çingiz Abdullayevin fikirləri ilə razılaşaraq Salidə Şəmmədqızının ““Qara yel”in sorağında”, “Başı bəlalı məqalə” hekayələrində elmi refleksiyanın olması məqamına aydınlıq gətirir: “Salidə Şəmmədqızının “Qara yel”in sorağında” adlı hekayəsində elmi refleksiya ədəbi şəkildə qələmə alınaraq özünü göstərmişdir. Hekayədə ədəbiyyatşünaslıq elmində yeni axtarışların və plagiatın nisbi probleminin təsvir edilməsi maraq doğurur. Hekayədə əksini tapmış ədəbiyyatşünaslıq problemi hekayədən ədəbiyyat problemlərini əks etdirən hekayə kimi danışmağa əsas verir. Salidə Şəmmədqızının “Başı bəlalı məqalə” hekayəsində də elmi refleksiya ədəbi şəkildə özünü büruzə verir, ədəbiyyatşünaslıq probleminin ən vacib və aktual məsələlərini açıqlaya bilir”.
Salidə Şəmmədqızının “Ləzzəti-söhbəti” hekayəsi də ədəbi refleksiyanı geniş şəkildə əks etdirən ədəbiyyat nümunəsi kimi maraq kəsb edir. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd Salidə Şəmmədqızının “Ləzzəti-söhbəti” hekayəsinin janrını povest kimi təqdim etməklə yanaşı, həmin əsərin problematikasında tənqidi düşüncənin olmasını doğru olaraq vurğulayır: “2017-ci ildə Salidə xanım “Ləzzəti-söhbəti” adlı povesti ilə oxucuların görüşünə gəlib. Bu povestdə ədəbi camedə baş verən hadisələr və ədəbiyyatçılardan söhbət gedir”. Ədəbi cameədə və söz xiridarlarından bəhs edən hekayə həm problematika, həm də obrazlar baxımdan əhəmiyyət kəsb etməkdədir. Əsərin qəhrəmanlarından biri olan Kərimin cəmiyyətdə dahi söz xirdarı Mirzə Cəlilə düzgün münasibət bəsləməmələrinə “Elə bil işləri qurtarıb, başqa işləri yoxdur, Mirzə Cəlili asıb kəsirlər...” kimi fikri ilə etiraz etməsi hekayədə yer alan aktual problemlərə oxucuların diqqətlərini yönəltməyə qadir olur. Hekayədə müəllif cəmiyyətdə baş verən naqislikləri ya açıq, ya da örtülü şəkildə təqdim edir.
“Bu da yaşanılb...” hekayəsində ədəbiyyatşünaslıqda ağır problemə çevrilmiş məsələlərin elmi və bədiiliyin sintezi şəklində münasibətin əks etdirilməsinin şahidi oluruq. Bu yalnız bir ədibin simasında təqdim edilmir. Salidə Şəmmədqızı bir sıra ədəbiyyatşünaslıq məsələlərinə aydınlıq gətirir. Mirzə Şəfi Vazehin “Hikmət açarı” şeir dəftərini alman şairi Fridrix Bodnetştedtin adına çıxmasını, Mikayıl Müşfiqin Firidun bəy Köçərlini Gəncədə baş verən üsyan zamanı həbs edilməsini və edam edilməsini vurğulaması, “Şah İsmayıl Xətai 36 yaşında, İmadəddin Nəsimi 48 yaşında, Cəfər Cabbarlı 35 yaşında, bəstəkar Asəf Zeynallı 23 yaşında, Abbas Səhhət 44 yaşında, Əhməd Cavad 45 yaşında...” dünyalarının dəyişmələrinin ağır itki olmasnıı, “Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Hacı Kərim Sanılı, Salman Mümtaz, Vəli Xuluflu, Qafur Qantəmir, Əliabbas Müznib, Əli Nazim, Seyid Hüseyn, Hənəfi Zeynallı, Hacıbaba Nəzərli, Tağı Şahbazi Simurq, Sultan Məcid Əfəndiyev, Böyükağa Talıblı, Əmin Abid Gültəkin, Sultan Məcid Qənizadə, Bəkir Çobanzadə” kimi qələm sahiblərinin represiya qurbanlarına çevrilmələri və s. amillərə işıq salınır.
Xalq yazıçısı Mövlud Süleymanlı Salidə Şəmmədqızının hekayələrində nə üçün, necə suallarına cavab axtarışına “Dionisin qələbəsi” hekayələr toplusuna yazdığı “Ön söz”ündə açıqlamağa nail olur. Xalq yazıçısı Mövlud Süleymanlı vurğulayır ki, bu hekayələr toplusuna “daxil edilmiş əsərlərin ümumi cəhətini xüsusi vurğulamaq lazımdır. Topluya daxil olan əsərlər bədii yaradıcılıq haqqında hekayələrdir. Topluda əsərlərin süjet xətti yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında qurulur. Hekayələrdə ədəbiyyatşünaslığın bir sıra problemləri ətrafında bədii formada fikir mübadiləsi ətraflı işıqlandırılmışdır”. Bu fikir mübadilərində yazıçı Salidə Şəmmədqızı məhz oxucunu maraqlandıran nə üçün, necə suallarına aydınlıq gətirir. Məsələn, “Dionisin qələbəsi” hekayəsində yazarların cəmiyyətdə keçirilən müsabiqələrin şəffaflığına inanmadıqları qabardılır. Yazıçı bunu hekayənin qəhrəmanlarının dili ilə təqdim edir: “Eldar Fəxri özündən razı halda dedi:
– Yazar Bəşir Cavanşir də müsabiqədən imtina edib. “Mənim oxuduğum ədəbiyyata görə, müsabiqələr şairləri, yazıçıları yox, şairlər, yazıçılar müsabiqələri seçirlər. Mən gördüm ki, bu müsabiqə əvvəlki müsabiqələr kimi, istedadlı şairləri, yazıçıları yox, özlərinə lazım olan “iste – dadlı” adamları seçmək istəyir. Mən həqiqi ədəbiyyatın, həqiqi istedadın naminə bu müsabiqədən imtina edirəm”.
Salidə Şəmmədqızı hekayələrində ünvanladığı sualları, yaxud da oxucuları düşündürən sualları bir müəllif kimi obrazların dili ilə cavablandırır. Məsələn, ““Facebook”da kitab təqdimatı” adlı hekayəsində yazıçı hekayədəki obrazlardan biri olan qocaman professor Qulu Qarayevin fikirləri ilə ədəbiyyatşünaslıq məsələlərinə aydınlıq gətirir: “Sən gündəliyi də arxetipin təzahür forması kimi təqdim etmənə baxmayaraq, “əlyazma” arxetipinin bədii mətnlərdə formalarından biri kimi təqdim edirsən. Yadında saxla ki, gündəlik əlyazma arxetipinin təzahür forması ola bilməz. Sonra yazırsan ki... Daha doğrusu, “əlyazma”nı arxetip kimi verəndə, buna misal olaraq M. Bulqakovun “Master və Marqarita” əsərindəki ustadın qələmə almış olduğu və sonra yandırmağa cəhd etdiyi əlyazmanı obraz hesab edərək arxetip kimi dəyərləndirirsən. “Əsas obrazlardan biri “əlyazmadır” deyə qeyd etmisən. “Əlyazma” arxetipi kimi biz əsas olaraq, Quran, İncil, Tövrət, Avesta kimi dini kitabları və bu kitabların əlyazmalarını arxetip kimi qəbul edə bilərik. Müəlliflərin yazdıqları ya istifadə etdikləri “əlyazmaları” deyil. Məsələn, bəzi tədqiqatçıların yazdıqları fikirlər var ki, son dövrdə qələmə alınmış bəzi əsərlərdə təsvir edilən əlyazmaları arxetiplə əlaqələndirirlər. Arxetip hesab edirlər. ...Təkrar edirəm ki, “əlyazma” arxetipi kimi biz əsas olaraq, Quran, İncil, Tövrət, Avesta kimi dini kitabları və bu kitabların əlyazmalarını arxetip kimi qəbul edə bilərik”. Göründüyü kimi yazıçı yalnız Azərbaycan ədəbiyyatşünaslığında deyil, dünya ədəbiyyatşünaslığında da aktuallıq kəsb edən bir məqama aydınlıq gətirməyə nail olur. Professianal alimlik təcrübəsi Salidə Şəmmədqızına imkan verir ki, qələmə aldığı bədii əsərdə qaranlıq məqamları elmi baxımından bədii dillə açıqlaya bilsin. Müəllifin açıqlaması ədəbiyyatşünaslıq elmindən uzaq olan oxucuya da bu problemin incəliklərinə vara bilməsinə imkan yaradır.

II Salidə Şəmmədqızının kiçik nəsrində bədii və elmi janrların qarışıqlığı

Elmi və bədiiliyin qarışıqlığına müəllifin ““Facebook”da kitab təqdimatı” adlı hekayəsində də rastlaşırıq. Müəllif bu problemi sosial şəbəkə iştirakçılarının dili ilə təqdim edir: “Şölə kitabı haqqında yazılanları oxumaqdan yorulmuşdu. Amma kitabı haqqında maraq kəsb etdiyi üçün oxumağa davam edirdi. Bu zaman kitabını hədiyyə etdiyi Əhməd müəllimin yazısını oxudu: “...Elmi tədqiqatlarda, elmi monoqrafiyalarda wikipediadan istifadəsi arzuolunmazdır. Sənsə wikipediadan eninə-boluna istifadə etmisən. Monoqrafik tədqiqatda wikipediadan istifadənin kütləvi xarakter alması əsərə, müəllifin səviyyəsinə kölgə salır. Kitabın wikipedia məlumatları əsasında qələmə alınıb” fikirləri məhz ədəbiyyatşünaslıq sahəsində qələmə alınan elmi tədqiqatlarda üzləşdiyimiz naqislikləri sarkazmla təqdim edilməsidir. Yazıçı sarkazmla “wikipedia məlumatları”nı köçürmə yolu ilə elmin zirvəzinə addımlayan alimlərin simasında cəmiyyətdə deqradasiyaya uğramış kəsləri, yəni “alimləri” kəskin tənqid atəşinə tutur.
Müxtəlif xarakter daşıyan janr qarışıqlığı bir bədii əsərdə iki və ya daha çox janrların elementlərinin birləşməsidir. Salidə Şəmmədqızı (Şərifova) da elmi tədqiqatlarında janr qarışıqlığı nəzəriyyəsini tədqiq edən alimlərdən biridir. Salidə Şəmmədqızı (Şərifova) 2012-ci ildə Rusiya Elmlər Akademiyası A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda “Теоретические аспекты жанрового многообразия азербайджанского романа (Azərbaycan romanlarının janr müxtəlifliyinin nəzəri aspektləri)” mövzusunda doktorluq (10.01.08 — Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq) dissertasiyası müdafiə edərək Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən filologiya elmləri doktoru adına layiq görülmüşdür. Romanlarda janr müxtəlifliyinə və janr qarışıqlığına toxunmuş alim əsərlərdə özünü göstərən janr qarışıqlığını özünün bədii yaradıcılığında da inkişaf etdirir.
Salidə Şəmmədqızı qələmə aldığı bir sıra hekayələrində elmi və bədii elementləri daxil edərək, yaradıcılığında növlərarası janr qarışıqlığına müraciət etmiş olur. Növlərarası janr qarışıqlığına qeyri-bədii nəsrin elementlərini daxil edən müəllif maraqlı hekayə nümunələr yaradır. Bu zaman esse, şərh, xülasə, tədqiqat və s. kimi terminoloji konstruksiyalara müraciət edilməsinə rast gəlinir.
Bu zaman müəllifin qələmə aldığı elmi janrların kompozisiya arxitekturasından istifadə etməsi maraq kəsb edir. Bu zaman yazıçı ədəbi prosesdə tutduğu mövqe və təsiretmə nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malik olan hekayə-tədqiqat qələmə alır. Salidə Şəmmədqızının hekayələrində növlərarası janr qarışıqlığı zamanı nəsr janrlarına məxsus olmayan elementlərdən istifadə edilmə “Ləzzəti-söhbəti” hekayəsində özünü göstərir. Yazıçının elmi janrlarla qarışıqlığını əks etdirən “Ləzzəti-söhbəti” adlı hekayəsi haqqında tədqiqatçıların yanaşması da maraq kəsb edir. Məsələn, yazıçı – alim Şəmil Sadiq Salidə Şəmmədqızının “Ləzzəti-söhbəti” hekayəsini “hekayə-tədqiqat” kimi təqdim edir: “Səməd Vurğunun “Azərbaycan” şeiri haqqında Qorxmaz Quliyevin fikirlərinin hekayədə verilməsi hekayəni hekayə - tədqiqat nümunəsi kimi dəyərləndirməyə imkan yaradır. Ümumiyyətlə, “Ləzzəti-söhbəti” hekayələr silsiləsi ədəbiyyatın aktual problemlərinə toxunması və tədqiq edilməsi baxımından maraq doğurur, hekayə-tədqiqat kimi maraq oyadır”.
Yeddi hissədən ibarət olan “Ləzzəti-söhbəti” hekayələr silsiləsinin hər hissəsi ayrıca bir tədqiqat təsiri bağışlayır. Məsələn, hekayədə ədiblərin bir-birilərini tanımalarının elmi dildə təqdimi maraq doğurur: “Azərbaycan ədəbiyyatında əvvəlki əsrlərdə olmayan kommunikativ sistem XIX əsrdə yarandı. Seyid Əzim Şirvandan Şuşaya Natəvana məktublar yazdı. Axundovla da Zakir məktublaşırdı. Yəni bu ədiblər arasında kommunikasiya yarandı. Bu baxımdan, ədəbiyyat kommunikasiya sisteminə dönməyə başladı. Kommunikasiya da şairlərin yaradıcılığına ciddi təsir göstərdi. Məncə, Zakirin yaradıcılığında kommunikasiya güclü rol oynadı”.
Salidə Şəmmədqızının hekayələrində növlərarası janr qarışıqlığı hekayələrin bədii dilinə də təsir göstərir. Bu zaman artıq müəllif hekayələrin bədii dilini gücləndirmək üçün terminlərə müraciət edir. O baxımdan bu tip əsərlərin bədii dili elmi janrlara xas cəhətlərə malik olur. Məsələn, ““Facebook”da kitab təqdimatı” adlı hekayəsində müəllifin elmi janrlara müraciət etməsi həm də hekayənin bədii dilinə təsirsiz ötüşmür. “...ədəbiyyatşünaslıq elmində anfik (fan fiction) dedikdə mövcud anime, manqa və ya oyun qəhrəmanlarından istifadə edərək fanatların yazdığı və ya hazırladığı qeyri-rəsmi qısa hekayə, roman və ya ssenari nəzərdə tutulur. Şölə xanım, Füzuliyə yazılmış nəzirələri “fanat mətni”nin ilk rüşüymləri kim dəyərləndirirsiniz? Qeyd etmək istərdim ki, nəzirə bir şairin bir şerinə təqlidən yazılan, ya söylənən şeir, bənzətmədir. “Fanifiction” da isə müəllif hər hansısa bir əsərin sonluğunun tamamlanmasını oxucusunun öhdəsinə buraxır. Xalq yazıçımız Kamal müəllimin, yəni Kamal Abdullanın “Yarımçıq əlyazma”, həmçinin İlqar Fəhminin “Qarğa yuvası”, Günel Anarqızının “Altıncı” romanlarını professional yazıçılar tərəfindən yaradılan “fan-fiction” nümunəsi kimi təqdim etməklə “fan-fiction”la intertekstuallığı səhv salırsınız. Kamal Abdullanın əsərinə “fan-fiction” deməklə, onu bir tanınmış yazıçı kimi inkar etmirsinizmi? Məncə, edirsiniz. Hətta onun yazıçılıq fəaliyyətinə kölgə də salırsınız. Qeyd etmək lazımdır ki, intertekstuallıq dünyadakı bütün mətnlərin bir-birilə birbaşa və ya dolayı yolla bağlı olduğunu qeyd edən nəzəriyyədir. Bu nəzəriyyəyə görə hər mətnin başqa mətnlərə əlaqəsi var, hər mətn sitatlar mozaikası, başqa mətnlərin bir növ transformasiyasıdır. Bu baxımdan da, mətn sözünü yalnız bədii mətn, ədəbi əsər kimi deyil, daha geniş mənada, bütün mədəniyyəti ifadə edən məfhum kimi başa düşmək lazımdır. Bu daha çox postmodern ədəbiyyatda özünü göstərir. Bu zaman oyun yaratmaq, ideal bütövlük duyğusunu dağıtmaq özünü qabarıq şəkildə göstərir. Bu baxımdan da, Şölə xanım, siz tərəfdən Kamal Abdullanın, İlqar Fəhminin əsərlərini “fan-fiction” nümunəsi kimi verilməsi elmi yanlışlıqdır”.
Salidə Şəmmədqızının “ “Facebook”da kitab təqdimatı” hekayəsində həm təqdim edilən epizodda terminlərin izah edilməsinin şahidi oluruq. Müəllif ədəbiyyatşünaslıqda işlənən “fan-fiction”, intertekstuallıq, nəzirə və s. kimi ədəbiyyatşünaslıq terminlərinin geniş elmi izahını verməyə qadir olur.

III Salidə Şəmmədqızının kiçik nəsrində satira

Salidə Şəmmədqızı qələmə aldığı kiçik nəsr nümunələrində baş verən nöqsanlara satirik yanaşması ilə münasibət bildirir. Məsələn, “Ləzzəti-söhbəti” hekayəsində Cəlil Məmmədquluzadəni plagiatda suçlandırılmasına etirazı ilə yanaşı, cəmiyyətdə bu işlə məşğul olanları sarkazmla tənqid atəşinə tutur: “...İndi hər şeyi buraxıb, Mirzə Cəlili plagiatlıqda suçlandırırlar. Ağılları özlərinə gedib də... Biri də var... Deyir ki, birindən, yəni bir yerdən köçürmək plagiatlıqdır, amma yüz yerdən köçürmək artıq sintezdir”.
Yazıçı müasir dövrümüzdə plagiatla məşğul olanları və belə məxluqların etdikləri əməllərinə haqq qazandırmalarını sarkazmla “artıq sintezdir” deyə onların əməllərini dəyərləndirir. Ədəbiyyatımızı bürüyən bu cür yenilikçiyə müəllif sarkazmı ilə münasibət bildirir. Salidə Şəmmədqızının hekayələrində təsvir edilən hadisələrin fonunda tənqidi düşüncə, kinayə daha kəskin şəkildə əksini tapır. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun vurğuladığı kimi “Salidə Şərifovada satira duzu gərəyincədir”. Yazıçın qələmə aldığı “Dionisin qələbəsi”, “Mətn cızmaçısı”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti - söhbəti”, “Sənin səlahiyyətin çatırmı?”, “Psixiatrın gündəliyi”, ““Facebok”da kitab təqdimatı” və s. hekayələrində sarkazm qabarıq şəkildə özünü göstərməkdədir. Xalq yazıçısı Mövlud Süleymanlı qeyd edir ki, “hadisələrin təsvirində, müəllifin bədii üslubunda, yazı manerasında, mövzuya yanaşmasında, məzmun dərinliyində dahi ədibimiz M.Ə. Sabirin sarkazmına qəribə yaxınlıq duyuruq. Hekayələrdə satirik təhkiyə formaları ön plana keçir, bu hekayələrdə ədəbiyyat sahəsində baş verən hadisələr yalnız satirik vasitə olaraq cəlbedici predmet kimi özünü göstərir”. Salidə Şəmmədqızı kinayənin kəskin forması olan tərizdə yəni sarkazmda fikirlərini təqdim etməklə təsvir etdiyi hadisələrlə barışmağın mümkünsüzlüyünü qabardır.
Yazıçı hekayələrində satiradan geniş istifadə edərək öz tənqid hədəflərinə səmimi münasibətini əks etdirir. Yazıçı təsvir etdiyi hadisələrdəki çatışmamazlıqları, nöqsanları və s. mənfi amilləri amansızcasına deyil, tərbiyəedici xüsusiyyətlə, yumşaq şəkildə də oxucusuna çatdırır. Məsələn, “Mətin cızmaçısı” adlı hekayədə müəllif özündən razı yazıçının obrazını təqdim etməklə, oxucusuna islahedici xüsusiyyətlər aşılayır. Əsərdə Mətinin kitab təqdimatında baş verən olayların təqdimatı epizodunun təqsvirində bunun tam şahidi oluruq. Mətinin daxili aləmini sarkazmla təqdim edən müəllif buna da nail olur: “Mətin arvadına heç nə deməyib, təlaşla qapıya baxırdı. Təqdimat mərasimində iştirak etmək üçün mötəbər vəzifəli şəxslərə kitabını hədiyyə göndərmişdi. Onun nəzərində mötəbər, vəzifəli, pullu insanlardan sonra, ikinci dərəcəli insanlar kimi baxdığı dəvət olunan qonaqlar isə təqdimatı keçirilən kitabı öz hesablarına əldə etməli idilər. Bunun üçün də təqdimat keçiriləcək zalın qarşısında kitabın satışı təşkil olunmuşdu. Mətin kitabını hədiyyə etmiş insanların çoxusu tədbirdə iştirak etmirdi. Kitabını hədiyyə etdiyi insanlara çıxış etmək üçün söz veriləndə də məlum oldu ki, həmin insanlar kitabı oxumağa imkan tapmayıblar. Onlar Mətindən kitabı oxumadıqları üçün üzr diləyir, qısaca kitabın nəşr olunması ilə əlaqədar təbriklərini çatdırırdılar”. Salidə Şəmmədqızı qısa bir epizodda kinayə ilə həyat reallığını təqdim edir. Mətinin özündən vəzifəcə üstün olanlara münasibəti, vəzifəcə üstün olanların isə aşağı təbəqəyə yuxarıdan aşağı baxmaları müəllif ironiyası ilə təqdim edilir. Müəllif həmçinin əsərdə özünü xalqının yox, başqa xalqın yazıçı kimi görmək iddiasını insanların böyük ambisiyaları üçün xalqını aşağılamasını satirik şəkildə tənqid edir. Məsələn, yazıçı bu məqamı belə təsvir edir: “Tədbirdə çıxış edən Əli müəllim isə onu millətinin böyük yazarı kimi təqdim edəndə Əlinin sözünü kəsib kobud şəkildə demişdi:
– Sizinlə razı deyiləm, Əli müəllim. Tamamilə səhv deyirsiniz. Mən məxsus olduğum millətin deyil, məhz böyük ümumrus yazıçısıyam. Məni kiçik bir məkana sığışdırmaqla nə demək istəyirsiniz?” “Mən məxsus olduğum millətin deyil, məhz böyük ümumrus yazıçısıyam” fikrini səsləndirən “yazıçı”nın obrazının təqdim edilməsində müəllifin sarkazma müraciət etməsi nəzərdən qaçmır. Filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq bu hekayədə müəllifin sarkazma müraciət etməsini görmüş və haqlı olaraq vurğulamışdır ki, “Qeyd etməliyik ki, sarkazm bu hekayədən də yan keçməmişdir. Müəllif sarkazmları dialoqlar vasitəsilə verməyə nail olmuşdur. Məsələn, Mətin Xasanoviçlə Əzrayılın dialoqunda bu sarkazmı dərinliyi ilə duymaq olur: “Əzrayıl qəh-qəhə çəkib ürəkdən gülüb demişdi:
- Mətin, sənin əsərlərini səndən başqa oxuyan olubmu? Özünə niyə əziyyət verirsən. Adım kimi əminəm ki, yazdığın kitabları oxuyan yoxdur. Tarix boyu səni kimi çox yazıçılar olub. Şöhrətpərəst, xudbin, özündənrazı.” Əzrayılın sarkazmla dediyi fikirlərdə biz istedadsız yazarların tənqid edildiyini müşahidə edirik”.
Salidə Şəmmədqızı “Dionisin qələbəsi” adlı hekayəsində də təsvir etdiyi hadisələrə münasibətini çox zaman sarkazmla bildirir. Yazıçı elmdə, cəmiyyətdə özünü göstərən naqislikləri, real problemləri məhz sarkazmla oxucuların gözündə canlandırır. Bu sarkazm özünü Dionislə Mövsümün dialoqunda daha pik nöqtəsinə varır: “Dionis Mövsüm Xəlilliyə piyaləsini uzadaraq dedi:
- Mövsüm, nə olub sənə? Bir - iki cızma-qara eləmisən deyə, düşünürsən ki, səndən yoxdur? Özünü ələ al.
- Mən ömrü boyu xalqım üçün yazmışam.
Dionis Mövsümü istehzayla süzərək:
- Hə... Xalqın sənin yazdığın cızma-qaralara qəti dəxli yoxdur. Bax desəydin ki, özüm üçün yazıram, onda bu daha inandırıcı olardı. Elə ədəbiyyatın ən böyük dərdi də budur. Özün üçün yazmaq... Yazdığın cızma-qaraları özündən başqa heç kimin oxumaması...” Müəllif boş-boş yazan, yazdıqları məhz zəif bədii əsərlər olduğu üçün oxunmayan, tələbat olmayan yazıçını və onların qələmə aldıqları əsərləri tənqid atəşinə tutmaqla yanaşı bir çox amilləri göz önündə canlandırır. Oxucu bu amilləri üzləşdiyi məqamlarla uyğunlaşdırmağa cəhd edir. Müəllif isə elmdə, söz sənətində, yəni bir çox sahələrdə özünü göstərməkdə olan naqisliklərə münasibətini ümumiləşdirərək yazıçı yaradıcılığında əks etdirir. Özü üçün əsər yazan, lakin həmin elmi və ya bədii əsərlərin heç bir əhəmiyyəti olmaması təəssüf hiss ilə açıqlanır, “yazını” və ya “müəllif” nailiyyətləri məişət mövzusunda olan süjet ilə əlaqələndirilərək satirik formada təsvir edilir.
“Dionisin qələbəsi” adlı hekayəsində müəllif müsabiqə rəhbərinin ilham pərisi ilə mübahisə etməsini, qərarını verə bilməməsini onun acizliyi kimi göstərsə də, “sözüm keçməyən yerdə sözümü yox, yerimi dəyişirəm” deyərək müsabiqəni tərk etməsini də vurğulamaqla, hələ də insani dəyərlərin məhv olmamasına işarə edir. Yazıçı Salidə Şəmmədqızı (Şərifova) yazıçı-alim Şəmil Sadiqin vurğuladığı kimi, “Salidə xanım bir nəzəriyyəçi alim kimi bədii əsərlərdə olan nöqsanları görə bilməsi, oxucunu maraqlandıran mövzuları dərindən bilməsi ilə yanaşı, bədii söz sənətində janr, mövzu və problematika baxımından özünü göstərən çatışmazlıqları görə bilir. Ona görə də Salidə xanım bədii ədəbiyyatda ədəbiyyat problemlərini əks etdirən əsərlərin az olmasını bir elm adamı kimi görərək, yaradıcılığında ədəbiyyatın bu sahəsindəki boşluğu qismən də olsa doldurmağa cəhd etmişdir”.
Xalq yazıçısı Mövlud Süleymanlı Salidə Şəmmədqızının hekayələrində realizmin qabarıq olmasını, lakin bu realizmin satirik formada təqdim edilməsini vurğulaması yazıçının kiçik nəsrində satirik ruhun, sarkazmın güclü olmasını təsdiq edir: ““Dionisin qələbəsi” toplusuna daxil edilmiş hekayələr sərt realizm ilə seçilirlər. Toplunun bədii üslub baxımdan əsas xüsusiyyətlərindən biri də bu realizmin satirik formada verilməsidir. Müəllif təsvir etdiyi hadisələri, kəskin problemləri bir sıra epizodlarda satirik üslub vasitəsilə absurd dərəcəsinə çatdırır“. Müəllifin aktual problemləri sarkazmla absurd dərəcəyə çatdırmasının tədqiqatçıaların nəzərindən qaçmaması hekayələrindəki sarkazmın məqamında işlənilməsini əks etdirir. Yazıçının “Başı bəlalı məqalə”, ““Qara yel”in sorağında”, “Ləzzəti-söhbəti”, “Mətin cızmaçısı” və s. hekayələri bunu tam şəkildə əks etdirən bədii nümunələrdir.
Salidə Şəmmədqızı ədəbiyyatşünaslığımızda baş verən etinasızlığa münasibətini satirik şəkildə obrazların dialoqları vasitəsi ilə də təqdim edir. Dialoqlar vasitəsi ilə sarkazmı incəliklə təqdim edən müəllif çatdırmaq istədiyi ideyanı açıqlamağa nail olur. Məsələn, “Ləzzəti-söhbəti” adlı hekayəsində müəllif “Koroğlu” dastanına olan biganəliyi satira ilə təqdim edir: “... məni yandırıb tökən Sərvər Camalın dedikləridir. Deyir ki, dünyanın heç bir ölkəsində Koroğlu kimi qəhrəman yoxdur. Bu cür qəhrəmanın ruhu ilə milləti tərbiyə etmək olmaz. Koroğlu döyüşmək, vuruşmaq yerinə atına yalvarır. Aşıq paltarı geyinib Həsən xanın məclisinə gedir. O qəhrəman kimi mübarizə aparmır. Koroğlu hər rastlaşdığı dəliyə – Dəmirçioğluna, Tüpdağıdana, Kürdoğluna, Dəli Həsənə məğlub olub. Elə bir dəli olmayıb ki, ona qalib gəlsin. Biri basır suya boğur, biri başını kəsir, qışqırıb yalvarır ki, öldürməyin məni, mən Koroğluyam. Onun ancaq bir qəhrəmanlığı var. Qarı yeddi qazan aş bişirir, o da hamısını yeyib qurtarır. Yeganə qəhrəmanlığı budur. Keçəl Həmzə də ağıl və bacarığına görə ondan qat-qat üstündür, ağıllıdır. Koroğlu ağlına görə Keçəl Həmzəyə, qol gücünə görə isə dəlilərinə məğlub olan biridir”. Müəllif “Koroğlu” dastanına, hətta Koroğlunun obrazının dekonstruksiyaya uğradılması amilinə də diqqət yönəldir: “... son dövrlər Koroğluya münasibət tamamilə dəyişib. Məsələn, Kəramət Böyükçölün “Çöl”, İlqar Fəhminin “Qarğa yuvası” romanlarında Koroğlu haqqında xalq dastanı dekonstruksiyaya uğradılıb, yəni qəbul edilmiş Koroğlu tamamilə fərqli təqdim edilir. İlqar Fəhminin də, Kəramət Böyükçölün romanlarında Koroğlu yaltaq, qorxaq təsvir edilmişdir. Əksinə olaraq, Keçəl Həmzə müsbət qəhrəman kimi, yəni dostluğa etibarlı bir insan kimi təqdim edilir”. Yazıçı cəmiyyətdə milli dəyərlərin heçə endirilməsinə mənfi münasibətini, cəmiyyət, həmçinin də ictimiyyət üçün zərərli cəhət və nöqsanları kəskin gülüşlə ifadə edir. Müəllifin hadisələrə bu cür açıq tənqid özünü göstərir ki, bu da satiranın nüvəsini təşkil edir. Yazıçı təsvir etdiyi hadisələrin fövqündə öz obyektini ifşa etmək niyyəti güdür. Salidə Şəmmədqızının ifşaedici gülüşü hekayədə həyatın mənfiliklərini kəskin surətdə lağa qoyan, tənqid edən satiradır. Yazıçı-alim Şəmil Sadiqin vurğuladığı kimi “Salidə Şəmmədqızının qələmə aldığı hekayələrdə satirik təhkiyə formaları ön plana keçir, bu hekayələrdə ədəbiyyat sahəsində baş verən hadisələr yalnız satirik vasitə olaraq cəlbedici predmet kimi özünü göstərir”.

IV Salidə Şəmmədqızının kiçik nəsrində postmodern

Salidə Şəmmədqızının kiçik nəsrində postmodern ünsürlərinin özünü büruzə verməsini görməmək qeyri-mümkündür. Azərbaycan Xalq yazıçısı Mövlud Süleymanlı Salidə Şəmmədqızının kiçik nəsrinə aid bəzi hekayələrini posmodern ədəbiyyata aid etmişdir: ““Dionisin qələbəsi” toplusuna daxil edilmiş əsərlərin “sənətkar haqqında hekayələrə” və postmodern ədəbiyyatına aid olması haqqında tezisləri irəli sürmək olar”.
Yazıçının “Bu da yaşanılıb...” adlı hekayə postmodern ədəbiyyat nümunəsi kimi maraq doğurur. Hekayədə ədəbiyyatımızın korifeyləri olan tarixi şəxsiyyətlərin obrazlarının müasir dövr prizmasından təqdim edilməsi də maraq kəsb edir. Postmodern əsərlərdə özünü göstərən zamanların montajına hekayədə üzləşirik. Hekayədə İmadəddin Nəsiminin, Mirzə Şəfi Vazehin, Mikayıl Müşfiqin, Məhəmməd Hadinin, Əliağa Vahidin, Nizami Rəmzinin və digər klassik yazarların obrazlarının bir məkanda, müasir dövr ptizmasından təqdimi müəllifin professianal yazıçı bacarığını əks etdirir.
Hekayədə mübaliğə edilmiş müəllif oyunlarına meyllik özünü göstərməkdədir. Yazıçı həyatın daha problemli aspektlərinə toxunur, bu zaman da postmodern oyun əsərdə diskursların nəzərə çarpdırılmasının nümayişkaranə imitasiyası kimi əksini tapır. “Bu da yaşanılıb...” adlı hekayəsində Salidə Şəmmədqızı təqdim etdiyi müəllif oyununu formalar, şərtilik, simvollar ətrafında əks etdirir. Buna da nail olur. Hekayədəki sözə oyun münasibəti yazıçının “gizlədilmiş” mənanı tapmaq üçün istifadə etməsi də diqqətdən yayınmır. Bu zaman müxtəlif sahələrə aid olan hərəkət və əşyalar vahid mədəni məkanı olan xaosun qarşısını almaq üçün alət qismində çıxış edir. Məsələn, hekayədə şair Mikayıl Müşfiqin fikirlərində bu amilin şahidi oluruq: “Müşfiq düşündü: “Bizim bir yerə yığışmağımız möcüzədir. Bir-birimizlə şəxsən tanış olmasaq da, bu dünyada görüşə bilməyimiz möcüzədir. Yəqin o birilərlə də görüşmək qismətimiz olacaq. Amma bəzi insanları görmək istəmirəm. Heç Dilbərimi də... Onlarla görüşmək mənim üçün ağır olacaq. Belə yaxşıdı. Olan olub, keçən keçib. Belə lazımmış...””
Salidə Şəmmədqızının hekayələrində postmodernə xas olan intertekstuallıq və ya intermətnliyə rast gəlinməsi də maraq kəsb edir. Yazıçı sitatlarla “oynamaq”la qələmə aldığı hekayələrində intermətnlik yaradır. Məsələn, “Bu da yaşanılıb...” hekayəsində müəllif Məhəmməd Hadi ilə Nizami Rəmzi arasında dialoqda meyxanaçının məşhur olan meyxanasından sətri olduğu kimi işlətməklə intertekstuallıq yaradır: “Məhəmməd Hadinin əsəbləşməyinə fikir vermədən gülümsəyərək dedi:
- Şair, hər şeyi çox ürəyinə salırsan. Boş ver, getsin. Heç fikirləşirsən ki, görəsən dünyaya nöş gəlib insan?
Məhəmməd Hadi kədərlə, əlində tutduğu vərəqlərə baxaraq həmkarını sual yağışına tutdu:
- Ey ustad, sən doğrudan elə düşünürsən? Yəni hər şeyi boş verim? Yəni heç nəyə fikir verməyim?
Sonra masanın arxasında oturmuş həmkarlarına baxdı. Onlara müraciət edərək soruşdu:
- Sizlərdəmi elə düşünürsünüz?
Onların susduğunu görüb, hələ də eyvanda dayanmış Mikayıl Müşfiqə baxdı. Otaqdakı həmkarlarına heç nə deməyib eyvana tərəf addımladı. Eyvana çatmamış özünə aid şeirini oxumağa başladı:
- Yaşamaq istər isək haizi-şan olmalıyız,
Şiri-darat ilə xurşidnişan olmalıyız.
Mikayıl Müşfiq diqqətlə ortaboylu, xoş simalı, iri, qara gözlü Məhəmməd Hadiyə baxdı. Gülümsəyib başını buladı. Aradakı gərginliyi qaldırmaq üçün Məhəmməd Hadiyə özünün şeirilə cavab verdi:
- Olan olmuş, кеçən кеçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım”.
Hekayədəki bu qısa epizoda nəzər saldıqda, həm Məhəmməd Hadinin, həm Mikayıl Müşfqin, həm də Nizami Rəmzinin qələmlərinə məxsus poetik nümunələrin təqdimi ilə üzləşirik.
Salidə Şəmmədqızının “Ləzzəti - söhbəti” adlı hekayəsində də intertekstuallığa müraciət etməsi diqqətdən yayınmır. Məsələn, əsərdə Sadiqlə Kərimin dialoqunda intertekstuallıqdan məharətlə istifadə edilməsnin şahidi oluruq. Abdulla Şaiqin “Xatirələrim” kitabından bir parçanın təqdim edilməsi bunu əks etdirir: “Abdulla Şaiqlə Hadi bir gün küçədə yan-yana gedirlərmiş. Birdən-birə Hadi durur. Özünü başdan-ayağa nəzərdən keçirdikdən sonra, Şaiqdən soruşur:
– Şaiq, üstümdə lüzumsuz nə var?
Şaiq sualın mənasını anlamayır, bu səbəbdən də susur. Hadi isə təkrar soruşur:
– Diqqətlə bax, lüzumsuz heç bir şey görmürsənmi?
Şaiq Hadini diqqətlə süzdükdən sonra “yox” deyir.
Hadi hirslənərək Şaiqə tərs-tərs baxıb deyir:
– Siz də həyatın gedişatına o qədər bağlanmısınız ki, gözləriniz lüzumlunu lüzumsuzdan seçə bilmir.
Sonra əli ilə jiletini çəkib deyir:
– Bu mənim nəyimə lazımdır?
Şaiq məsələni anlayır. Hadinin kimdənsə borc almaq adəti yox idi. Heç kəsdən borc almazmış. Şaiq Hadiyə pul təklif edir, Hadi isə imtina edir. Onda Şaiq onu evinə qonaq dəvət edib deyir ki:
– Hadi, gedək, bir yerdə yeyək.
Hadi kədərlə başını bulayıb Şaiqin təklifini rədd edib deyir:
– Yox, qardaşım, bu gün öz səmalarımda uçaraq, günəşimin ziyalarını örtən buludları parçalayıb dağıtmaq istəyirəm, xudahafiz”.
Yazıçı qələmə aldığı “Ləzzəti-söhbəti” hekayələr toplusunda Abdulla Şaiqin “Xatirələrim”, Dilbər Axundzadənin “Müşfiqli günlərim” kitablarından, Mirzə Cəlil “Sabir haqqında xatiratım” məqaləsindən mətn parçalarını təqdim edərək, intertekstuallıqdan məharətlə istifadə edir. Salidə Şəmmədqızı tədqiqatçı alim kimi hekayələrində təqdim etdiyi hipermətnlərin harada işlədə biləcəyini dərk edir. Bu amil də onun qələmə aldığı hekayələrin dilinə ağırlıq gətirmir, əksinə onun maraq kəsb etməsinə təkan verir.
Salidə Şəmmədqızının hekayələrində real aləmlə yanaşı irreal aləmlərin, tarixi obrazlarla yanaşı irreal obrazların təqdimi ilə də üzləşirik. Məsələn, yazıçının “Mətin cızmaçısı” adlı hekayəsində irreal hadisələrin yer almasının da şahidi oluruq. Yazıçı-alim Şəmil Sadiq qeyd edir ki, ““Mətin cızmaçısı” hekayəsinin real hadisələr üzərində qurulmasına rəğmən, irreal hadisələrin təsvir edilməsi də maraqlı məqam kimi diqqəti cəlb edir. Hekayədə Əzrayıl obrazının təsviri, Mətin Xasanoviç və Əzrayıl arasındakı dialoqlar məhz irreal hadisələrin təsviri olsa da real hadisə təsiri yaratmağa nail olmuşdur. Ətrafındakıların onun Əzrayılla söhbət etməsini qalusinasiya hesab etsələr də bu reallıq idi. Axirət dünyasında yerinin cəhənnəmlik olmasını yəqin edən Mətin Xasanoviç Əzrayıldan möhlət istəyir: “Yalvarıram, sənə. Hələ mənim canıma dəymə. Məni neylirsən? Qocalmışam, nəyinə gərək olacam. Bu dünyada hələ görüləsi, tamamlanası çox işim var. Hələ yazılacaq yazılarım var. Mənə imkan ver, onları bitirim. Adım kitablarımla qalacaq”.
Yazıçının qələmə aldığı “Mətin cızmaçısı” adlı hekayəsində irreal aləmə məxsus varlığı real aləmdə təqdim etməsi sözün həqiqi mənasında maraq doğurur. Belə ki, hamımıza bəllidir ki, Əzrayıl “ölüm mələyi”dir, adı dini, bəzən də ənənəvi kitablarda səsləndirilir.
Salidə Şəmmədqızının qələmə almış olduğu “Dionisin qələbəsi” adlı hekayəsində də irreal, daha dəqiqi mifoloji obraz, şərab tanrısı olan Dionisin təqdim diqqətdən yayınmır: “Dionis əlində şərab dolu piyaləylə Mövsüm Xəlillinin yanında oturub təəccüblə ona baxan münsiflər heyətinin üzvlərinə gülümsədi. Kərim Yədullaoğlu da qaş-gözü ilə Dionisi Mövsüm Xəlilliyə göstərib kəkələyə-kəkəlyə soruşdu:
- Buu o Dioo-niis-dir?
Mövsüm Xəlilli çiyinlərini çəkdi. Eldar Fəxri Mövsüm Xəlillinin cavab vermədiyini görüb dilləndi:
- Hə, Kərim... bu həmin Dionisdir. Olimplərin ən kiçiyi, şərab və bərəkət, teatr tanrısı...”
Göründüyü kimi, Salidə Şəmmədqızı təsvir etdiyi hadisələri və ya hər hansı məlumatı qısa müddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürməyə nail olur. Yazıçı həm də təsvir etdiyi hadisələrə konstruktiv rəy verərək, onların inkişafı barədə oxucusunu məlumatlandırmağa qadir olur.
Müasir dövrdə bədii mətnin olduğu kimi başa düşülməsi problemi aktuallıq kəsb etməkdədir. Müəllifin əsərlərindəki dərin mənalar müasir oxucu üçün “bağlı” qalır. Salidə Şəmmədqızının hekayələrindəki alt qatların dərinliyində gizlənilən mənaları stereotiplər və klişelər işığında müəllif özü aydınlaşdırır. Yazıçı oxucusunu əsərlərinə təsvir etdiyi həyat hadisələrini, öz dərkini anlamasına və sistem-fəaliyyət konsepsiyası şəklində həyata keçrilməsinə təkan verir.
Yazıçı təsvir etdiyi hadisələrin məğzini oxucusunun anlaması, cəmiyyətdə baş verən naqisliklərində bir növ “özünü görmək” və onların dərkini həyata keçirmək imkanının olmadığını da göstərir. Bu baxımdan da, müəllifin təqdim etdiyi “mətn ətrafında” oxucu bir növ müəlliflə söhbət aparır. Onu maraqlandıran məqamlara, suallara aydınlıq gətirməyə nail olur. Bu məqam hər bir yazıçının yaradıcılığında rast gəlinməyən məqamdır. Nadir hallarda rastlaşdığımız bu cür məqamlar əsərin mətninin düzgün təqdim edilməsini əks etdirir. Yəni müəllifin bədii əsərin mətnində təqdim etdiyi alt mənaların öz mənaları ilə əvəz olunmasını da müşahidə etmək mümkündür.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun vurğuladığı kimi Salidə Şəmmədqızının çatdırmaq istədyi mənalar düzgün qəbul edilməməsi və əsərdə onun “dediyi” fikirlərdən çox uzaq şəkildə qəbul edilməsinin də şahidi oluruq: “Salidə Şəmmədqızının “Dionisin qələbəsi” kitabını, əksinə, elm adamının bədii yazmaq istəyi və səlahiyyəti kimi qiymətləndirdik. Elmi yazılarında ardıcıl elmi dəyər, nəzəriyyə maksimalizmini axtaran Salidə Şərifova sanki realiyada onu tapa bilmir və Salidə Şəmmədqızı hekayələrində elmi mühitin aktual-ironik obrazını təqdim etməyə cəhdlər edir. Rupor-qəhrəmanın, çalışdığı elmi müəssisədə (və ümumən mühitdə) özündən, elmi ideyalarından, irəli sürdüyü layihələrdən, elmi fikir və mövqeyindən başqa nə varsa, həpsi yalandır, quramadır, elm adına maxinasiyadır. Bu ki, elm var, əks halda rupor-qəhrəman da olamazdı, gəl onu əhatə edən sosial mühit eybəcər və gülüncdür. Müzakirədə əksərən gəldiyimiz qənaət bu oldu ki, səkkiz hekayənin hər bir süjetində (hətta “Ləzzəti-söhbəti” hekayəsində daha beş süjetdə) elmi mühiti təqdim edən surətlər, personajlar özlüyündə bədii araşdırma predmeti olmaqdan çox, ümumən mühiti görükdürən, illüstrə edən, təsəvvür yaradan vasitədir, informasiya ötürücüsüdür; obrazların arxasında konkret prototiplər axtarmaq nəyə lazım? Bəsdir ki, ara-sıra satira güzgüsünə baxıb bu ayinədə özümüzü əyri görməyi də yadırğamayaq; nədən olmasın...”
Salidə Şəmmədqızının qələmə aldığı hekayələridə qoyulan problemlərin cəmiyyət tərəfindən bir mənalı qarşılanmayacağını Xalq yazıçısı Mövlud Süleymanlı görmüş, bu məqamı dəyərləndirmişdir: “Əvvəlcədən proqnozlaşdırmaq olar ki, bu metodika bədii dairələrdən olan bir qrup oxucuların mənfi reaksiyasına səbəb olacaq”. “Müəllifin bu reaksiyadan çəkinməməsini xüsusi vurğulamaq olar” fikri ilə Xalq yazıçısı Mövlud Süleymanlı həmkarı Salidə Şəmmədqızının qələm sahibi kimi heç nədən çəkinmədiyini, cəmiyyəti düşündürən aktual problemlər bədii dillə əks etdirə bilmək cəsarətinə malik olmasını da göstərir.

Nəticə

Salidə Şəmmədqızı (Şərifova) müasir dövrümüzdə hekayələri ilə Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin poeziyada qoyduğu ənənəni kişik nəsr nümunələrində davam etdirməsi ilə diqqəti cəlb edir. Arzu edərdik ki, Salidə Şəmmədqızı gələcək fəaliyyətində Mirzə Ələkbər Sabir ənənəsinə sadiq qalaraq, qələmə aldığı əsərlərində satirik üslubu davam etdirsin. Düzdür, Salidə Şəmmədqızının qələmə aldığı bədii nümunələr çox hallarda bəzi alimlər tərəfindən birmənalı şəkildə qəbul edilməməsi təəssüf doğurur. Ümid edirik ki, Salidə Şəmmədqızının bir yazıçı kimi satirik üslubda çatdırmaq istədiyi fikir və ideyalar daha geniş şəkildə öz yayımını tapacaq.

OTHER NEWS