Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

People‘s poet Bakhtiyar Vahabzade and academician Agamusa Akhundov: the passion of our language in the tandem of poetry and science - Elnara Garagozova

14-02-2025 [ 11:26 ] [ read:49 ]
printerA+ | A-

 Bəxtiyar Vahabzadənin anım günü münasibətilə.... 

 

Elnarə Qaragözova

 Filologiya üzrə fəlsəfə doktoru, dosent 

 Bəxtiyar Vahabzadə irsi milli ədəbiyyatımızın sütunlarından biridir desək, yəqin ki, yanılmarıq. Şairin yaradıcılığı haqqında saysız dəyərli araşdırmalar dərc edilmiş, ölkə mətbuatında və xarici dərgilərdə maraqlı tədqiqatlar, araşdırmalar işıq üzü görmüşdür. Bəxtiyar Vahabzadə irsi dilçi alimlərin də diqqətindən kənar qalmamışdır.Qeyd etməliyik ki, Bəxtiyar Vahabzadənin özü də daim dil məsələsinə həssaslıqla yanaşmışdır. Dil mövzusu şairin yaradıcılığından qırmızı xətlə keçir. B. Vahabzadənin “Mənim anam”, “Ana dili”, “Oğluma”, “Əlifba”, “Latın dili” şeirlərində dilin cəmiyyət, millət üçün önəmi, dilin qorunmasının vacibliyi poetik şəkildə ümumiləşdirilmişdir. Şairin “Ana dili” şeiri bir çağırış, haray kimi səslənir: 

Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil, - əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək. [6,8]

  “Mənim anam” şeiri həcmcə kiçik olsa da özündə qalın romanlara sığacaq bir  fikri, paralelliyi ehtiva edir: ana-dil. Bunların hər ikisi eyni dərəcədə müqəddəsdir, toxunulmazdır, unudulmazdır. İkisi də  bir-birinə bağlıdır, ayrılmazdır: 

Savadsızdır, 

Adını da yaza bilmir

Mənim anam...

Ancaq mənə, 

Say öyrədib, 

Ay öyrədib,

İl öyrədib;

Ən vacibi: 

Dil öyrədib

Mənim anam...  [6,52]

 Bəxtiyar Vahabzadə üçün dil anadır, vətəndir. “Bakı vaxtı ilə” şeirində radioda doğma dilin sədalarını eşidən şair özünü vətəndə hiss edir. Doğma dil onu qanadlarına alıb ana yurda aparır.

 Şairin dilə qarşı həssaslığı, dili korlayanlara, onu sevməyənlərə qarşı kəskin mövqeyi həm poetik irsində, həm də publisistik yazılarında öz əksini tapmışdır. Bu baxımdan  onun "Ana dilim - ana köküm", " İftiraya cavab" və s. publisistik məqalələri maraq doğurur. B.Vahabzadə "Ana dilim-ana köküm" məqaləsində yazır: "Hansi dilin zərurətindən danışsaq, bizi alqışlayır  və beynəlmiləlçi adlandırırlar. Amma çaşıb ana dilinin zərurətindən danışan kimi, anasının dilini bilməyən, ona həqarətlə baxanlar bizə şübhə ilə yanaşır, ən yaxşı halda bizi "geri qalmış adam", özünü isə irəli getmiş, mədəni və müasir adam hesab edir.[8,21] B.Vahabzadənin "İftiraya cavab" məqaləsi Çingiz Aytmatovun qırğız dilində məktəb və bağçaların açılmasi, ana dilinin dövlət dili səviyyəsinə qaldırılması fikirlərinə " milli təkəbbür və milli məhdudiyyət" damğası vuran məqaləyə  cavab olaraq yazılmışdır. B.Vahabzadə ana dilinin təbliğinin əhəmiyyətini vurğulayaraq yazır: " ...dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Həm də dil təkcə məişət mövzusunda danışanda, sadəcə olaraq ondan istifadə edəndə yox, ondan dövlət dili kimi istifadə edəndə yaşayır...Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur."[8,31] 

 Akademik Ağamusa Axundovun şairin poetik irsi ilə ilgili fikir və mülahizələri xüsusi əhəmiyyət kəsb edir. Alimin Bəxtiyar Vahabzadə poeziyası haqqında fikirlərinə keçmədən öncə alimin dilin inkişafında və yaşamasında ədiblərin roluna və vəzifələrinə dair fikirlərini xatırlatmaq yerinə düşər: “Gələcək nəsillər bizim dövrümüzün dilinə qiymət verərkən, yenə də birinci növbədə bizim ən qüdrətli müasir yazıçılarımızın dilinə əsaslanacaqlar. Deməli, bədii əsərlərin dili yalnız bu və ya digər bir əsərin sadəcə ifadə tərzi deyildir. O, eyni zamanda, nəsillərin nəsillərə yadigarıdır. Beləliklə, bədii dilin gözəlliyi yazıçıların üzərinə öz peşələri ilə bağlı olan professional bir məsuliyyət qoymaqla məhdudlaşıb qalmır, o eyni zamanda bədii yaradıcılığı özünə sənət götürənlərin üzərinə vətəndaşlıq məsuliyyəti qoyur.” [1,202]. 

 Ağamusa Axundov şair və yazıçıları dildən istifadə bacarığına görə bir neçə kateqoriyaya bölür. “Elə yazıçılar vardır ki, onlar ümumxalq dilindən öz istedadları və həssaslıqları sayəsində məharətlə istifadə edirlər. Belə yazıçıların üslubu gözəl olur, onların dili də gözəl bədii dil adlanır. Bəzi yazıçılar öz istedadlarının dərəcəsindən asılı olaraq, ümumxalq dilinin ən gizli nemətlərini yaxşı seçə bilmir, üzdən gedirlər. Belə yazıçıların da özünə məxsus üslubu, dili olur. Lakin bir də istedadsız və tənbəl yazıçılar vardır ki, özlərinin az-çox yeni və müvəffəqiyyətli sözlərini qüdrətli sənətkarların parlaq üslublarının işığında oturub yazırlar. Əlbəttə, bunlar yazıçı olmaqdan daha çox, sayğac işlətməyi, debit, kredit və s. bu kimi şeyləri öyrənib müxtəlif rəqəmləri əvvəlcədən müəyyən edilmiş ayrı-ayrı qrafalara düzən hesabdar kimi bir şeydirlər.”[1,203] Bəxtiyar Vahabzadə məhz “ümümxalq dilindən öz istedadları və həsasslıqları sayəsində məharətlə istifadə edən” şairlərdəndir. Ağamusa Axundov “Şair və dil” məqaləsində B. Vahabzadənin “İztirabın sonu” poemasının dilini təhlil edərək şairin şeirlərindəki cəlbediciliyin sirrinin məhz bununla bağlı olduğunu qeyd edir. 

 Ağamusa Axundov “Şeir sənəti və dil” kitabında da Bəxtiyar Vahabzadə poeziyasına müraciət etmiş, şairin müxtəlif şeirlərinin linqvistik təhlilini vermişdir. Alim şairin heca vəzninin ondördlük, yeddilik və beşlik ölçülərindən məharətlə istifadə etdiyini, həmin şeirlərin ustalıqla qələmə alındığını qeyd edir. Ağamusa Axundov Bəxtiyar Vahabzadənin əruz vəznində yazdığı şeirlərini də yüksək qiymətləndirir: “Həmin vəzndən şairlərimizin orta və gənc nəslinə mənsub olanlar da məharətlə istifadə edirlər. Məsələn, 1970-1973-cü illərdə B. Vahabzadə “Əsgər-şair”, “Sevdim, bildim ki…”, “Düşüncə” kimi gözəl avazlı şerlər yaratmışdır.” [3,68]

 Qeyd etməliyik ki, Ağamusa Axundov Bəxtiyar Vahabzadə poeziyasının yalnız linqvistik cəhətlərindən deyil, bədii məziyyətlərindən də söz açmışdır. Bu baxımdan onun “Ədəbiyyat və incəsənət” qəzetinin 1 avqust 1986-cı il 31-ci sayında dərc edilmiş “Şeirin hikməti” məqaləsi maraq doğurur. Məqalə xalq şairi Bəxtiyar Vahabzadənin “Seçilmiş əsərləri”nin ikinci cildinin çap olunması münasibətilə yazılmışdır. Akademik Bəxtiyar Vahabzadə poeziyasını təhlil edərkən şairin dildən istifadə incəliklərinə də toxunur. “Şairin bədii obrazlarla, ən çeşidli məcazlarla zəngin olan poetik dili heyrətli bir sadəliklə, aydınlıqla seçilir. “Heyf ” şeirindəki misralarda olan kimi: 

Heyf o  ilahi, qövsi qaşlara

Sınacaq kədərli düşüncələrdən

Tək bir “sınacaq” sözünü köməyi ilə şair bütöv bir bədii portret çəkmiş, fikirdən sınmış qaşları, o qaşların sahibini oxucunun gözləri önündə canlandırmışdır. Bəxtiyar eyni bir predmeti  bəzən ən müxtəlif sözlərlə rəngləyir. Lakin sözlərin müxtəlifliyi onların təyin etdiyi predmetin qavranılmasını mürəkkəbləşdirmir, əksinə daha da əyaniləşdirir” [5,6]

 Ağamusa Axundov Bəxtiyar Vahabzadə poeziyasını “xəncər tiyəsi kimi iti olan bir işıq selinə” bənzədir, bu poeziyanın fəlsəfi dərinliyini, düşüncə vüsətini yüksək qiymətləndirir, bu dərinliyin, vüsətin oxucu beynini işıqlandırdığını, qəlbləri riqqətə gətirdiyini bildirir. Akademik Bəxtiyar Vahabzadə poeziyasının əsas xüsusiyyətlərini ümumiləşdirərək, belə demək mümkünsə, qısa tərifini verir: “Bəxtiyarın poeziyasını anamız torpağa oxşatmaq olar. Elə bir torpağa ki, sinəsində boynubükük bənövşə də bitirir, ildırıma baş əyməyən palıd da. Bəxtiyarın şeirləri ən kövrək və həzin hisslərin incə tərənnümü olduğu kimi, yüksək pafoslu, publisist nəfəsli, haylı-haraylı vətəndaş sözləridir. Gözəl lirik şeirlər müəllifi Bəxtiyarın şeirlərində məhəbbətin fəlsəfəsi poeziyanın bənzərsiz gözəlliyi ilə bəzənir.” [5,6]

 Akademik Ağamusa Axundovun elmi irsi çoxspektrli və polifonik səciyyəsi ilə seçilir. Fikrimizcə, bu irsin dərindən tədqiqi və tətbiqi həm dilçilik, həm də ədəbiyyatşünaslıq elmi üçün yeni üfüqlərin açılmasına vəsilə olacaq, yeni elmi tədqiqatların bünövrəsini qoyacaq. 

 

İstifadə edilmiş ədəbiyyat:

1. Axundov, A. Şair və dil //Azərbaycan.- 1961- №1.- S.202-208

2. Axundov, A. Azərbaycan sovet şeirind ə qafiyə //Azərbaycan.- 1978.- №12.- S.182-189.

3. Ağamusa Axundov. Şeir sənəti və dil.- Bakı, 1980.

4. Axundov A. Dilin estetikası.- Bakı, 1985.

5. Axundov, A. Şeirin hikm əti /A ğamusa Axundov // Ə d ə- biyyat v ə inc əsə n ət.- 1986.- 1 avqust.- S.6.

6. Vahabzadə B. Seçilmis əsərləri. 2 cilddə.  1-ci cild. Bakı, 2004.

7. Vahabzadə B. Seçilmis əsərləri. 2 cilddə.  2-ci cild. Bakı, 2004

8. Vahabzadə B. Gəlin açıq danışaq...(məqalələr toplusu).Azərnəşr. Bakı, 1988

 

OTHER NEWS