Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

An example of professional friendship and tirelessness - presentation by a popular writer Anar

14-10-2024 [ 11:30 ] [ read:195 ]
printerA+ | A-
104915

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli mənim məslək dostumdur. Bu, sözün hər iki mənasında: peşədaşlıq anlamında da, (ikimiz də ədəbiyyat adamlarıyıq), əqidə anlamında da (ədəbiyyatımıza, onun tarixinə, mənəvi dəyərlərə eyni yöndən yanaşırıq).

İsa Həbibbəyli ilə ruh yaxınlığımız hər ikimizin böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadəyə duyduğumuz qibtə hissiylə başladı. Millətimizin ən ağrılı prorblemlərini dərindən duyan, ifadə edən bu böyük yazıçı və mütəfəkkirə övladlıq borcumuzu mən onun həyat və yaradıcılığına həsr etdiyim səhnə əsəri ilə, kino və televiziya filmləri ilə ödəməyə çalışdım. İsa müəllim isə onun irsinin ən mötəbər araşdırıcısı, təbliğatçısı, naşiri olmaqla bərabər, bu cəfakeş dahinin dünyaya səpələnmiş nəslindən olanları tapıb Azərbaycana gətirdi, onları Azərbaycana, dədə-baba vətənlərini isə onlara qaytardı.
İsa Həbibbəylinin Mirzə Cəlil Məmmədquluzadənin naməlum dram əsərlərini, məqalələrini, şeirlərini, tərcümeyi-hal faktlarını və sənədlərini üzə çıxarması, elmi dövriyyəyə gətirməsi, nəşr etdirməsi elmə gerçək xidmətdir. Onun tapıb nəşr etdirdiyi Cəlil Məmmədquluzadənin üç pərdəli “Ər” pyesi ədibin “Dəli yığıncağı” kimi dəyərli əsərdir. İsa Həbibbəylinin son iyirmi il ərzində Mirzə Cəlilin hekayələrini dünya dillərinə: rus, macar, ərəb, özbək, ukrayna, latış, tacik dillərinə tərcümə etdirərək xarici ölkələrdə kitab halında nəşr etdirməsi də əsil ziyalı işidir. Onun “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı monoqrafiyası fundamental tədqiqat əsəridir.

Bundan başqa, İsa Həbibbəyli Məhəmməd ağa Şahtaxtlının, Məhəmməd Tağı Sidqinin, Məmməd Səid Ordubadinin də əsərlərini arxivlərdən və dövri mətbuatdan toplayıb çap etdirərək ilk dəfə oxuculara çatdırıb. Hətta elmdə ustadı hesab etdiyi akademik Məmməd Cəfər Cəfərovun sağlığında çap etdirmədiyi “Xatirələr”ini və iki dram əsərini də oxuculara təqdim edib.

Beş il bundan qabaq Akademiyamızın vitse-prezidenti İsa Həbibbəylinin 70 illiyinə bir yazı yazmışdım. Akademiyanın rəhbərlərindən biri və Nizami adına Ədəbiyyat İnstitutunun müdiri kimi İsa müəllimin gördüyü prinsipcə yeni və mühüm işləri qeyd etmişdim. Yazırdım:

“İsa Həbibbəylinin bu il çapdan çıxmış “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası ədəbiyyat tariximizə dəyərli töhfədir”.

Zənnimcə, İsa müəllimin bu monoqrafiyasının ən böyük dəyəri ədəbiyyat tariximizi ana dilimizin ən böyük abidəsi – “Kitabi-Dədə Qorqud”la başlamaq fikri idi. Axı buna qədər nəşr olunmuş çoxsaylı kitablarda ədəbiyyat tariximiz Herodotun gətirdiyi rəvayətlərlə, “Avesta”yla, Dəvdəyin bizə yad dildə çatdığı şeiri ilə, ərəbcə yazan şairlərlə başlayırdı və dilimizin ilk ədəbi örnəyi XIII əsr şairi Həsənoğlunun qəzəli sayılırdı. “Kitabi-Dədə Qorqud” isə yasaq olunmadığı illərdə belə bir qayda olaraq ədəbiyyat tariximizin sonluğuna – folklora aid bölümünə atılırdı.

                                

Ulu Öndər Heydər Əliyevin tarixi sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ölkəmizdə və dünyada geniş qeyd olundu. Heydər Əliyevin bu qərarının xalqımızın yalnız ədəbiyyatı üçün deyil, tarixi baxımından da müstəsna əhəmiyyəti vardı. Əcdadlarımızın – Oğuz-türklərin bu torpaqlarda ən qədim zamanlardan məskun olduqları danılmaz dəlillərlə təsdiqlənirdi.

Dədə Qorqudun peyğəmbərimizin çağdaşı olması faktından çıxış edərək 1300 illik tarixi qəbul edildi və əsərin adındakı «Kitab» sözünə əsaslanaraq bu möhtəşəm abidə ana dilimizdə yaranan söz sənətimizin ilki sayıldı. İsa Həbibbəyli isə “Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” adlı monoqrafiyasında da bu tarixi həqiqəti ilk dəfə elmi dəlillərlə əsaslandırdı. Dünya elmi fikrində Homerin “İliada” və “Odisseya” əsərləri yazılı ədəbiyyat hesab olunduğu kimi, Azərbaycanda da İsa Həbibbəyli tərəfindən “Kitabi-Dədə Qorqud”un yazılı ədəbiyyat nümunəsi olduğu ciddi şəkildə tədqiq edildi və əsaslandırıldı. Bu baxış Qorqudşünaslıqda yeni bir istiqamətdir.

Bütövlükdə isə İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası ədəbiyyatşünaslıq elminin müstəqillik dövründəki mühüm nailiyyətlərindəndir. Birinci dəfə bu tədqiqat əsərində ədəbiyyat tariximizin çoxəsrlik inkişaf yolu ədəbi-tarixi proseslərin reallıqları və azərbaycançılıq prinsipi əsasında mərhələlər üzrə təqdim olunub. Monoqrafiyadakı “Etnosdan - eposa qədərki qədim dövr”, “Azərbaycan ədəbiyyatının ortaq başlanğıc mərhələsi”, “İntibah dövrü Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatının erkən realizm dövrü”, “Maarifçi realizm dövrü”, “Milli istiqlal ədəbiyyatı – Modernizm mərhələsi” İsa Həbibbəylinin (indiyəqədərki dövrləşdirmə təsnifatlarında olmayan) müəyyən etdiyi yeni mərhələlərdir. Bundan başqa, İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının müstəqillik dövrünü əhatə edən çoxmetodlu ədəbiyyat təliminin də müəllifidir. İlk dəfə İsa Həbibbəyli vahid sosialist realizmi yaradıcılıq metoduna əsaslanan sovet ədəbiyyatından fərqli olaraq, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının çoxmetodlu prinsip  əsasında inkişaf etməsi ideyasını irəli sürmüş və nəzəri cəhətdən əsaslandırmışdır. Ədəbi növlərin və janrların bölgüsünə aid də İsa Həbibbəylinin yeni və maraqlı araşdırmaları vardır. Ədəbi cərəyanlardan bəziləri haqqında ayrı-ayrılıqda müxtəlif müəlliflər tərəfindən yazılmış tədqiqatlar olsa da, Azərbaycanda bütün ədəbi cərəyanları ilk dəfə İsa Həbibbəyli ardıcıl və sistemli şəkildə tədqiq edib, onların hər birinə aid yeni elmi baxışları meydana qoymuş, bəzi ədəbi cərəyanlar haqqında ilk dəfə söz açmışdır. İsa Həbibbəylinin “Romantik lirikanın imkanları” adlı monoqrafiyasında isə XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının poetikası elmi-nəzəri şəkildə açıqlanmışdır.

İsa Həbibbəyli 2022-ci ildə Akademiyamızın prezidenti seçildi. Akademiyanın ilk prezidenti məşhur cərrah Mir Əsədulla Mirqasımovdan başlayaraq bu elmi qurumun əksər prezidentləri dəqiq elmlərin nümayəndələri olmuşlar – kimyaçı, fizik, geoloq, riyaziyyatçı… Müstəqillik dövründə Akademiyanın rəhbəri məhz humanitar elmin nümayəndəsinin seçilməsi təbiidir, fizika da, kimya da, riyaziyyat da ümumbəşəri elm sahələridir, amma hər millətin tarixi, ədəbiyyatı, dili, incəsənəti yalnız ona məxsusdur. Sovet dönəmində Azərbaycan tarixinin necə azdırılmasını, ədəbiyyatımızın yalnız sırf marksist təlimi əsasında, sinfi baxımdan araşdırılması, dilimizin türk ailəsindən təcrid olunması, fəlsəfi fikrimizin türk kontekstindən çıxarılması və bütün bu sayaq yanlışlar müstəqillik dövründə Akademiyanın elmi institutları tərəfindən aradan qaldırılmalı idi.

Akademik İsa Həbibbəyli bu işin bütün ciddiliyini və məsuliyyətini dərindən duyan alimdir və onun adı çəkilən monoqrafiyasında əsaslandırdığı konsepsiya indi Akademiyanın prezidenti kimi rəhbərliyi ilə çıxmaqda olan çoxcildlik ədəbiyyat tariximizdə tam şəkildə davam və inkişaf etdirilir. XIX əsrə qədər Azərbaycan və Anadolu ədəbiyyatının eyni məcrada inkişaf etməsi danılmaz həqiqətdir. Orta əsrlərdə bizdə “klassik ədəbiyyat”, Türkiyədə “divan ədəbiyyatı” adlanan poeziyanın böyük nümayəndələrini yaxınlaşdıran mühüm cəhət şeirlərində ərəb-fars sözlərinin, izafətlərinin bolluğu idisə, heca vəznində yaranan qoşmalarda, gəraylılarda Anadolu və Azərbaycan şairlərinin, ozan-aşıqlarının əsərlərinin dil baxımından heç bir fərqi yoxdur. Əgər Türkiyə alimləri Nəsimini, Füzulini, hətta Şah İsmayıl Xətaini türk ədəbiyyatı tarixinə daxil edirlərsə, biz nədən Yunis Əmrə kimi ehtimal edilən məzarlarından biri də öllkəmizin ərazisində olan Anadolu şairini həm də Azərbaycan şairi saymayaq?! «Kitabı-Dədə Qorqud»dan sonra Yunis Əmrə divanını ədəbi dilimizin ilk böyük abidəsi kimi qəbul etməyək?!

Dirili Qurbaninin və Qaracaoğlanın, Aşıq Abbas Tufarqanlının və Pir Sultan Abdalın dili eyni dil deyilmi?! Niyə çağdaş Türkiyə ərazisində yerləşən Sivasın hökümdarı Qazi Bürhanəddin Azərbaycan şairi sayılmalıdır (və haqlı olaraq sayılır), amma tutalım Dadaloğlu yox?! Sovet vaxtından miras qalmış və illərlə davam edən bu yanaşma ilə biz ədəbiyyat tariximizi neçə-neçə böyük şairdən məhrum etmirdikmi?!

İsa Həbibbəylinin rəhbərliyi ilə nəşr olunmaqda davam edən 10 cildlik “Ədəbiyyat tariximiz”ə adı çəkilən Anadolu sənətkarlarının daxil edilməsi məhz bu qüsuru aradan qaldırır. Bu baxımdan İsa müəllimin Yunis Əmrə haqqında dəyərli tədqiqatını xüsusi qeyd etmək istərdim. Azərbaycan Yazıçılar Birliyi Akademiyamızın bu yanaşmasını yüksək qiymətləndirir və buna dəstək verir. Klassik və çağdaş ədəbiyyatımızla bağlı bir sıra başqa işlərdə, ədəbi tədbirlərdə bu iki nüfuzlu ocağın birgə fəaliyyəti son dərəcə önəmlidir. İsa müəllim uzun illərdir ki, Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının və “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür. Təsadüfü deyil ki, yazıçıların XIII Qurultayında  məruzəni İsa Həbbibəyli etdi. İlk dəfə idi ki, Akademiyanın prezidenti yazıçıların qurultayında məruzə ilə çıxış edirdi. Məruzədə Azərbaycan ədəbiyyatının ən yeni dövrü yüksək səviyyədə dəyərləndirildi.

Akademiyamızın humanitar sahəsi geniş bir elmi arealı əhatə edir – ədəbiyyatla bərabər tarix, fəlsəfə, dilşünaslıq, şərqşünaslıq, folklor, əlyazmalar, incəsənətin müxtəlif növləri... İsa müəllimin bütün bu sahələrə səriştəli, professional münasibəti onun şəxsiyyətinin intellektual zənginliyinin göstəricisidir. Ədəbiyyatşünaslıq, tarix, dilşünaslıq, fəlsəfə, şərqşünaslıq, folklorla bərabər, həm də musiqi, rəssamlıq, heykəltaraşlıq sahəsinə ixtisaslaşmış peşəkar mütəxəssis kimi yanaşması heyrətamizdir. Peşəkar musiqi təhsili almayan və ya təsviri sənətlə bilavasitə məşğul olmayan alimin bəstəkarlarımızın, rəssamlarımızın, heykəltaraşlarımızın, musiqiçilərimizin sənətinə, hələ teatr və kino əsərlərini demirəm, belə dərin peşəkarlıqla yanaşması qibtə doğurur. İsa Həbibbəylinin dünya şöhrətli xalq rəssamı Tahir Salahov, böyük heykəltaraş Ömər Eldarov, məşhur pianoçu Fərhad Bədəlbəyli, adlı-sanlı bəstəkar Firəngiz Əlizadə haqqında yazdıqları və çıxışları nəinki peşəkar sənətşünasları və musiqişünasları, hətta haqlarında çox sözlər deyilmiş bu sənətkarların özlərini də düşündürüb. İsa müəllimin Akademiyanın prezidenti kimi Azərbaycan tarixinin, musiqişünaslığın, fəlsəfi fikrinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələlərinə, milli fəlsəfi fikir və idealist fəlsəfə anlayışlarına, türkologiya elminə, İraq-Türkman ədəbiyyatına və Qərbi Azərbaycan tarixinə qayıdış sahəsində başlatdığı işlər ictimai və humanitar elmlərimizin yenidən formalaşdırılmasına yol açıb. Eyni zamanda, keçmiş sovet cəmiyyətində istismarçı siniflər kimi qələmə verilmiş tanınmış bəy-xan və zadəgan nəsillərinin, hökmdarların, vaxtilə qaçaq-quldur hesab edilmiş xalq qəhrəmanlarının xidmətlərinin, həyatları və mübarizələrinin tədqiq edilməsi sahəsində apardığı işlər elmimizin bu istiqamətlərdəki boşluqlarının aradan qaldırılmasına kömək edir.

Akademiyamızın dünyada tanıdılması və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində də İsa Həbibbəyli yorulmadan iş aparır. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası dünyanın ən mötəbər beynəlxalq Akademik təşkilatlarının tamhüquqlu üzvü kimi elmin inkişafı ilə əlaqədar dünya miqyasında qərarların qəbul edilməsinə səs verir.

Bütün bunlara qeyri-adi məhsuldarlıq da əlavə olunanda, hər gün, ya günaşrı qəzetlərdə çıxan məqalələrini, demək olar ki, hər gün etdiyi məzmunlu çıxışları da nəzərə alanda İsa Həbibbəylinin alim, ictimai xadim ömrü doğrudan da nadir fenomen sayılmalıdır. Onu da qeyd etməliyəm ki, o, bütün bu işləri yüksək peşəkarlıqla, özünəməxsus zövqlə və məsuliyyət hissi ilə həyata keçirir. Burası da aydın görünür ki, İsa Həbibbəylinin ədəbi-ictimai, hətta siyasi baxışları ilə işi, vəzifəsi, gündəlik fəaliyyəti üst-üstə düşür və bir-birini tamamlayır.

Dostumun 75 illik yubileyi ərəfəsində yenə də beş il əvvəlki yazımın bir parçasını sitat gətirmək istəyirəm:

“Bəzən hansısa tədbirdən sonra dostlarla birgə masa arxasında uzun-uzun söhbətlər edib dərdləşməyimiz də olur. Belə məclislərin birindən sonra İsanın xidməti maşınında gedirdik. Birdən sürücüyə: – Saxla burda, – dedi. Görünür, birinci dəfə olmadığından sürücü artıq nə etməli olduğunu bilirdi. Maşını saxladı, düşüb getdi, bir azdan balaca bir budaqla gəldi, İsa müəllim budağı alıb qoxladı, – kəndimizin ətri gəlir, onu görə istədim, – dedi. Dinamik bir həyat yaşayan, ardıcıl işləyən, nəfəs dərməyə macalı olmayan bir alimin, akademikin kəndinin qoxusu üçün darıxması, onu arzulaması çox təsirli olmaqla bərabər, həm də xarakter göstəricisi idi mənim üçün”.

Beş il əvvəl yazdığım bu sözlərə bu gün əlavə edirəm: İki il bundan qabaq İsa müəllimin dəvəti ilə dostlarımız rəssam Fərhad Xəlilov, pianoçu Fərhad Bədəlbəyli, yazıçı Rəşad Məcid və mən Naxçıvana getdik. Naxçıvanın tarixi məkanlarını ziyarət etdik, füsunkar təbiət mənzərələrindən zövq aldıq. Batabatın sahillərinə gəldik, Zorbulağın suyunu içdik. Şərur rayonunun Danyeri kəndində İsa müəllimin 90 yaşlı anasını – Qəndab xanımı ziyarət etdik. Qəndab xanım elə səlis, aydın və qıvraq danışırdı ki, İsaya zarafatla: “hazır deputatdır”, – dedim.

İsagilin bağçasında çoxçeşidli meyvələrin dadını və ətrini duyduqca Bakıda maşını saxladıb, balaca budağı iyləməsinin səbəbini daha dərindən hiss etdim. Torpağa bağlı insanların şəhər mühitində duyduqları təbiət həsrəti insanın qəlb ehtiyacının ifadəsidir.

Məslək dostumun 80 illiyini də birlikdə qeyd edəcəyimizə ümid bəsləyərək, ona möhkəm cansağlığı, gördüyü son dərəcə vacib işlərdə yeni uğurlar və həmişəki kimi yorulmazlıq örnəyi olmasını arzulayıram.

28 sentyabr 2024

ANAR,

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı

Ədəbiyyat qəzeti”, 12 oktyabr, 2024-cü il

 

OTHER NEWS