1. Introduction
Azerbaijani literature is an integral part of all-Turkic literature, and Muhammad Fuzuli is a common value of this literature. We can rank the value of the study of the experience revealed by Turkish literary studies in connection with the life, environment, artistic, philosophical, religious, and mystical heritage of Muhammad Fuzuli as follows: firstly, Azerbaijani Fuzuli studies and Turkish Fuzuli studies have different political, scientific, and scientific approaches in the last one hundred and fifty years, especially during the period when Azerbaijan was occupied by Russia. , had a cultural opportunity, the Soviet ideology forbade Azerbaijani scientists to study Fuzuli based on the sources and values to which he was connected, as a result, many distortions appeared, and the true value of the poet's legacy remained in the shadows. Studying the experience of Turkish literary studies regarding Fuzuli gives us the opportunity to fill this gap and correct distortions - of course, Azerbaijani Fuzuli scholars have serious scientific works. Secondly, the experience of Turkish literary studies is important from the point of view of textual studies, the comparative study of the scientific work of Azerbaijani and Turkish textualists paves the way to preserve the authenticity of Fuzuli's heritage. Third, the exchange of scientific experience enriches the science of philosophy. Fourth, Turkish literary studies studied Muhammad Fuzuli on the basis of the Islamic and mystical values to which he was attached, while Azerbaijani Fuzuli studies was deprived of this opportunity for a long time. Fifth, Turkish literary studies has a rich interpretation experience, Fuzuli's ghazals were explained according to the dimensions of the interpretation tradition - Azerbaijani Fuzili studies used this classical method relatively late. Sixthly, Turkish scholars have scientific research on a number of works of Muhammad Fuzuli with religious content ("Matlael-etiqad", "Hadiqatus-suada"), while Azerbaijani Fuzuli studies have been deprived of the opportunity to study these works as they are for a long time. Seventhly, learning the experience of Turkish Fuzuli studies gives an opportunity to understand Fuzuli correctly, build a healthy bond with the classical heritage, and benefit from it. Eighth, studying the experience of Turkish Fuzuli studies cleans the Fuzuli heritage from distortions, gives an opportunity to evaluate the history of Fuzuli studies, see its current state, determine future development directions, and train new Fuzuli scholars.
2. Türk füzulişünaslığının tarixi
Türk füzulişünaslığının tarixi qədimdir, şairin yaşadığı dövrdən başlamışdır deyə bilərik. Doğrudur, o dövrdə Məhəmməd Füzuli ilə bağlı fundamental araşdırmalar yoxdur, ancaq şair haqqında yazılmış hər söz, cümlə, qeyd, xatirə çox önəmlidir, onun şəxsiyyətini, ədəbi kimliyini tanımağa yol açır.
Məhəmməd Füzulini tanıdan təzkirəçilər sırasında Lətifi, Əhdi, Əli Bəyani, Aşıq Çələbi, Sam Mirzə, Riyazi, Xınalızadə Həsən Çələbi, Sadıq bəy Sadiqi Əfşar önəmli yer tuturlar. Əhdi Bağdadi XVI yüzillikdə yazdığı "Gülşəni-Şüəara" (571/1566) təzkirəsində Məhəmməd Füzulinin şəxsiyyətini, ədəbi kimliyini bu ölçülərlə tanıdır: "O, mövlanə Füzulidir..." - "mövlanə" təyini hər şairə verilməz, çox istedadlı, ədəbi təsir çevrəsi olan, bəlli təsəvvüfi yola başçılıq edən şairə verilər. "Mərifətlə kamildir..." - "mərifət" anlayışı Füzulini tanıdan önəmli anlayışdır, diqqətimizi irfana yönəldir, Allahı elmlə, ağılla deyil, kəşf yolu ilə tanımağı ifadə edir. Əhdi Bağdadi deyir ki, Füzuli irfan bilgi sisteminə bağlı kamil mərifət sahibidir, arifdir, aşiqdir. "...O, fünunu fəzaillə fazildir", yəni fəzilət elmlərini-irfani elmləri dərindən öyrənmiş fazildir, feyz sahibidir, müşahidə, kəşf əhlidir, qəlb pərdələri götürülmüşdür, könlü ilahi feyzlə, coşqu, bərəkətlə dolub daşmışdır. Onu da deyim ki, "feyz" sözü də irfani anlayışdır, ilahi təcəllini ifadə edir. Başqa bir irfani anlayış olan "fəzilət"də kamilliyi, elmi, əxlaqi üstünlüyü göstərir.
Əhdi Bağdadi yazır ki, Füzuli "xoş təb", "şirin söhbət" insan idi - bu qeydin iki önəmi var, şairin insani kimliyini tanıdır, Əhdi Bağdadinin sözünün dəyərini ifadə edir, belə ki, təzkirəçi Füzulini tanıyır. Əhdi Bağdadi yazır ki, Füzuli həndəsə elmini dərindən bilir, elə buna görə də şair elmsiz şeir təməlsiz divar kimidir deyir, şeirlərində həndəsi nizam, tənasüb, tarazlıq var, hər söz yerli yerindədir.
Əhdi Bağdadi Füzulini tanıdır, deyir ki, o, hikmət elmini bilir. Hikmət də dini anlayışdır, mətnin, hadisənin doğru, əslinə, fitrətinə uyğun hökm çıxarmaq, bu yolla da təhrifin, zərərin, yanlış anlaşılmanın önünü kəsməkdir - təzkirəçi Məhəmməd Füzuli hikmət əhlidir cümləsi ilə o, ağıllı, məntiqli, elmli şəxsiyyətdir demiş olur. Onu da deyim ki, "hikmət" sözü fəlsəfə mənasında da işlədilmişdir. Əhdi Bağdadi bir addım da atır, Füzulinin "əhli təriqət" olduğunu söyləyir, yəni şair irfan bilgi sisteminə (kəşf, müşahidə) bağlıdır, təriqəti var, ancaq alim Füzulinin hansı təriqətə bağlı olduğunu göstərmir.
XVI yüzilin başqa bir təzkirəçisi Aşıq Çələbi "Məşairüş-şüəara" təzkirəsində (974/1568) Füzulinin ədəbi mühitdəki yerini, nüfuzunu bu sözlərlə ifadə edir: "Ol canibdə (Bağdad ədəbi mühitində - S.H.) olan şüəranın ustadıdır...". Demək olar ki, bütün təzkirəçilər Məhəmməd Füzulinin ədəbi kimliyi ilə bağlı Əhdi Bağdadinin, Aşıq Çələbinin görüşlərini paylaşmışlar. Orta yüzilliklərdə Məhəmməd Füzulinin ədəbi nüfuzunu göstərən bir məsələ də var, belə ki, onu yalnız təzkirəçilər tanıtmamışlar, şairlər, səyyahlar, dövlət adamları da Füzuli ilə bağlı fikir söyləmişlər, Füzuliyə nəzirə yazmaq bir ənənəyə çevrilmişdir, şeirin, şairliyin ölçüsünü onun şeirləri müəyyən etmişdir...
XIX yüzildə də Məhəmməd Füzuli ilə bağlı məlumatları təzkirələrdən öyrənir, türk ədəbiyyatında Füzuli ənənələrinin güclü olduğunu görürük, ancaq bu dövrdə ədəbiyyatı Füzulinin təsirindən çıxarıb yeni bir istiqamətə yönəltmək cəhdləri də güclənir, siyasi, iqtisadi, elmi, dini, ədəbi anlayış dəyişir, bu dəyişim klassik bədii irsə, o sıradan Füzuliyə münasibətdə də özünü göstərir.
XIX yüzildə dünya siyasi sisteminin yeni mərhələsi başlayır, Avropanın mövqeyi güclənir, sömürgənin yeni biçimi ortaya çıxır, din mərkəzi mövqeyini elmə verir, ideologiyalar, milliyyətçilik, qadın haqları ön sıraya keçir, inqilablar olur, əlaqə, ticarət imkanı artır, mətbəə kəşf edilir, qəzet çap olunur, məktəblərin, universitetlərin, teatrların sayı çoxalır, əhalinin sayı artır, pozitivizm, modernizm güclənir, ailənin təməlləri sarsılır, yeni ədəbi janrlar yaranır...
Ziddiyyətlər dövrü olan XIX yüzildə müsəlman dünyası geri qaldığını, siyasi, iqtisadi, mədəni mövqeyini itirdiyini açıq görür, çıxış yolu axtarır, siyasi, elmi, dini, ədəbi, fəlsəfi irsini sorğulayır, geri qalmasının səbəblərini öyrənməyə çalışır, yeni inkişaf yolu varmı deyə sual verir. Arayış dönəmində klassik ədəbi irsə, o sıradan Məhəmməd Füzuliyə fərqli münasibətlər ortaya çıxır. Bu məsələdə üç əsas istiqamət görürük: birincisi, klassik irsimiz müqəddəsdir, ona toxunmaq olmaz, ikincisi, klassik irs ömrünü başa vurub, o, inkişafımıza mane olur, imtina olunmalı, yeni bir yol seçilməlidir, üçüncüsü, klassik irs dəyərimizdir, onu olduğu kimi qorumaq da, tam imtina da doğru deyil, bu irsi yenidən dəyərləndirməli, ona seçici yanaşmalı, klassik irslə bu gün və gələcək arasında sağlam bağ qurmalıyıq. Məhəmməd Füzuliyə münasibətdə də bu üç istiqamətin təsirini görmək mümkündür...
Türk füzulişünaslığının yeni, güclü inkişaf dövrü XX yüzillikdən başlayır, şairin həyatını, mühitini, irsini öyrənmək üçün istiqamətlər müəyyənləşdirilir: Məhəmməd Füzuli ilə bağlı qaynaqlar təsbit olunur, sistemləşdirilir, çap olunur, şərhlər yazılır, şairin elmi tərcümeyi-halı hazırlanır, Füzulinin yeni əsərləri tapılır, nəşr edilir, şairin irsinin dünya kitabxanalarındakı əlyazma nüsxələri müqayisə olunaraq tənqidi mətni hazırlanır, füzulişünaslar nəsli yetişir, elmi araşdırmalar yazılır, Məhəmməd Füzulinin islami türk ədəbiyyatındakı yeri, təsiri, davamçıları təsbit olunur, əsərlərinin dil, üslub xüsusiyyətləri araşdırılır, şairin qəzəlləri şərh olunur, Füzuli ilə bağlı şeirlər, dramlar, romanlar yazılır, bir sıra əsərlərinə musiqi bəstələnir...
XX yüzillikdə türk füzulişünaslığının təmsilçiləri sırasında önəmli yer tutan alimlərin, elmi əsərlərin, nəşrlərin adlarını çəkmək onlara sayğının, əməklərinə verdiyimiz dəyərin ifadəsidir: Süleyman Nazif, Füzuli, İstanbul, 1925; Rza Tofiq, Füzuli və hürufilik, İstanbul, 1944; Olğun Tahir, Füzuliyə dair, İstanbul, 1936; Məhəmməd Fuad Köprülü, Türk ədəbiyyatı tarixi, c.I, II, İstanbul, 1920-1921; Əski şairlərimiz divan ədəbiyyatı antologiyası, Füzuli, Ankara, 1946; Azəri Ədəbiyyatına aid ilk tədqiqlər, Bakı, 1925; Əbdülbaqi Gölpınarlı, Türk klassikləri, Divan şeiri, XV-XVI yüzillər, İstanbul, 1954; Füzuli divanı, İstanbul, 1985; Divan ədəbiyyatı bəyanındadır, İstanbul, 1945; Əbdülqadir Qaraxan, Füzuli, mühiti, həyatı və şəxsiyyəti, Ankara, 1949; Əbdülqadir İnan, Füzulinin ərəbcə divanı, Türk dili bülleteni, II cild, 1940, sayı, 3-4; Əhməd Qabaqlı, Türk ədəbiyyatı, I-V cildlər, İstanbul, 1967-1968; Agah Sirri Ləvənd, Ərəb, fars və türk ədəbiyyatlarında "Leyli və Məcnun" hekayəsi, Ankara, 1959; Türk ədəbiyyatı tarixi, c.I, Ankara, 1984; Əli Nihad Tərlan, Ədəbiyyat məsələləri, İstanbul, 1981; Füzuli divanı şərhi, üç cilddə, Ankara, 1985; Kamal Ədib Kürkçüoğlu, Fuzulinin bilinməyən bir neçə şeir, Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi dərgisi, cild, VI, sayı, 4, Ankara, 1948; Nihad Sami Banarlı, Rəsmli türk ədəbiyyatı tarixi, tarix göstərilməyib; Şeyma Güngör, Füzuli, Hədiqətüs-süəda, Ankara, 1987; Nevzat Yesirgil, Füzuli, həyatı, sənəti, şeirləri, Ankara, 1968; Seyid Kamal Qaralıoğlu, Türk ədəbiyyatı tarixi, İstanbul, 1973; Cövdət Qüdrət, Füzuli, həyatı, sənəti, şeirləri, İstanbul, 1974; Fikrət Baha Bərkə, Bugünkü dillə Füzuli, Ankara, 1959; Xəlil Ərdoğan Çingiz, Divan şeiri antologiyası, Ankara, 1983; Xəlil İpəktən, Füzuli, həyatı və ədəbi kimliyi, Ankara, 1973; Hasibə Mazıoğlu, Füzuli-Hafiz, Ankara, 1956; Füzuli və türkcə divanından seçmələr, Ankara, 1986; Harun Tolasa, XVI yüzil ədəbiyyat araşdırmaları, Ankara, 1983; Cəmil Yenər, Füzulinin dünyası, İstanbul, 1966; Füzuli, İstanbul, 1977; Cunbur Müjgan, Füzuli haqqında bir biblioqrafiya denəməsi, İstanbul, 1956; Həsən Çələbi Xınalızadə, Təzkirətüş-Şüəara, Ankara, 1984; Sərvət Bayoğlu, Füzuli, Ərənlər bağçası, Ankara, 1986; Fahir İz, Əski türk ədəbiyyatında nəsr, Ankara, 1964 ...
Türk alimləri Füzulinin divanı ilə birgə onun əsərlərini ayrıca cild biçimində də çap etmiş (Hədiqətüs-süəda, Ankara, 1987; Leyli ilə Məcnun, Ankara, 1955; Leyli ilə Məcnun, Ankara, 1977), ensiklopediya məqalələri də yazmışlar (Türk dili və ədəbiyyatı ensiklopediyası, İstanbul, 1977-1982; İslam ensiklopediyası, IV cild, İstanbul, 1961), "Ədəbiyyat dərgisi"nin ayrıca Füzuli sayı da nəşr olunmuşdur (Aylıq Ədəbiyyat dərgisi, Füzuli sayı, 6-7, Ankara, 1987).
3. Məhəmməd Füzuli irsinin qaynaqları
Türk füzulişünasları şairin insani kimliyini, seçdiyi mövzuları, təbliğ etdiyi anlayışları, əsərlərinin dil-üslub xüsusiyyətlərini doğru dəyərləndirmək üçün onun bağlı olduğu, düşüncəsinin mayalandığı qaynaqları araşdırmışlar. Bu qaynaqları dini-irfani, siyasi, ədəbi-fəlsəfi olaraq üç yerə ayıra bilərik. Qaynaqlarla Məhəmməd Füzuli arasında bağ quran böyük alim Bəkir Çobanzadə yazırdı ki, Füzulini yalnız bir-iki qövmün, hətta yalnız türklüyün şairi saymaq olmaz, onun yeri bütün Yaxın Şərqin yetişdirdiyi ölməz böyüklər arasındadır. O, yunan, bizans, fars, türk, ərəb ruhlarının mənsəbi, bir vaxtlar dünya iqtisadi yollarının kilidi olan Bağdad xarabalarını oxumuş, duymuş, tərcümə etmişdir.
Təbiidir ki, Məhəmməd Füzuli kimi böyük şair təsadüfən ortaya çıxmaz, mütləq bəsləndiyi qaynaqlar var. Bu qaynaqlar sırasında dini-irfani dəyərlər çox önəmli yer tutur. Şairi bu qaynaqlardan ayırsaq, onun irsini doğru oxumaq imkansız olar. Füzuli bir müsəlmandır, Qurani-Kərimi, Allah Rəsulunun hədislərini, təfsir, fiqh, kəlam külliyatını, İslam dininin ortaya çıxardığı mədəniyyəti, irfanı dərindən bilir, irfan bilgi sisteminə bağlıdır. Məsələnin doğru anlaşılması üçün deyim ki, islam düşüncəsində Allahın varlığını, həqiqəti tanımaq üçün üç yol var: elm deyir ki, beş duyğu ilə qavramaq olar - elmin yolu beş duyğu və təcrübədir, islam filosofları deyirlər ki, ağılla öyrənmək mümkündür, irfan, ona bağlı ariflər isə iddia edirlər ki, kəşflə, müşahidə ilə bilmək olar, Məhəmməd Füzuli bir alim, filosof deyil, arifdir, aşiqdir.
Bu fərqlər bilinəndən sonra Füzulinin şeirlərindəki təkkə-mədrəsə, arif-zahid, eşq-ağıl qarşıdurmasının səbəbi anlaşılır, belə ki, təkkə, arif, eşq irfanı, mədrəsə, zahid, ağıl elmi təmsil edir. Şairin düşüncəsinin bağlı olduğu qaynaqlar doğru bilinəndən sonra Füzulinin eşqi niyə elmdən üstün saydığının, elmə "qeylü-qal" dediyinin səbəbləri də bilinir. Füzuli deyir ki, mən rindəm, şeydayam, eşq şəhidiyəm - bu anlayışların üçü də irfana aiddir, onların irfani mənası bilinməsə, şairin irsini doğru anlamaq imkanı varmı? Məhəmməd Füzulinin islami, irfani kimliyi bilinməsə, şairin istifadə etdiyi anlayışlar anlamını itirər, sistem çökər, "Mətləül-etiqad"ı, "Hədiqətüs-süəda"nı, "Rindü zahid"i, "Leyli və Məcnun"u, eləcə də bütün əsərlərini anlamaq imkansız olar.
Məsələni örnəklərlə izah edək: Məhəmməd Füzulinin sadəcə bir qəzəlində bu anlayışlar var: "bəzmi-eşq", "şərab", "cami-şərab", "əlif", "dəryayi-xun", "əyyami-hicran", "mey", "mari-zülf", "qəti-ülfət", "tari-zülf", "rişteyi-can", "bəxti-zəbun", "məlamət gövhəri", "xəzinə", "zənciri-cünun" - bu sözlərin, ifadələrin hamısının irfani məzmunu var, onları bilmədən qəzəli anlamaq imkansızdır.
Füzuli bağlı olduğu irfan bilgi sisteminin üstünlüyünü göstərmək üçün "Mətlə-əl-etiqad" adlı bir əsər yazır, bu mövzulara yer verir: "Elmin idrakı və idrakın elminə dair", "Elm və idrakın mahiyyətinə dair", "İdrakın zəruriliyinə dair", "İdrakın növlərinə dair", "İdrakın yollarına dair", "Aləmin hallarının idrakına dair", "Aləmin başlanğıcına dair", "Aləmin hissələrinin dərk olunmasına dair", "Aləmin siniflərinin idrakına dair", "İnsanın dərk olunmasına dair", "Cinlərin mövcudluğuna dair", "Zəruri varlığın və onunla bağlı məsələlərin idrakına dair", "Qabaqcadan bilinməsi lazım olan məsələlərə dair", "Dövretmə və silsilənin inkarına dair", "Zəruri varlığın mövcudluğuna dair", "Allahın sifətlərinə dair", "Allahın işlərinə dair", "Gözəllik və çirkinliyə dair", "Xeyir və şər haqqında", "Allah üçün vacib olan məsələlərə dair", "Peyğəmbərlik və onunla bağlı məsələlərə dair", "İnsanların peyğəmbərə ehtiyacı haqqında", "Qüsursuzluq haqqında", "Peyğəmbərimizin peyğəmbərliyinə dair", "Onun-Məhəmmədin başqa peyğəmbərlərdən üstünlüyünə dair", "İmamət haqqında", "Həşr haqqında", "Nəfsin ölümdən sonra və dirilişindən əvvəlki hallarının bilinməsi, onun ləzzət və acılığı dərk etməsinə dair", "Mizan, sirat və haqq-hesab günü barəsində".
Məhəmməd Füzulinin islami, irfani, şiə kimliyi bilinmədən bu məsələləri doğru qavramaq imkanı varmı? Məhəmməd Füzulinin "Mətlə-əl-etiqad" əsərini irfan bilgi sisteminin (kəşf, riyazət, müşahidə) elmi, fəlsəfi bilgi sistemlərindən üstün olduğunu sübut etmək üçün yazdığı bilinəndə isə şairin dünyagörüşünün əsasları da, kitabın mesajları da aydın olur - təbii ki, bir irfan şairi dünyəvi məzmunlu şeirlər də yazar...
Türk füzulişünaslığı deyir ki, Məhəmməd Füzulinin düşüncəsinin ikinci qaynağı türk divan, təkkə şeiri, folkloru, ərəb, fars ədəbiyyatıdır, şair bu böyük irsi dərindən öyrənmiş, ondan uğurla istifadə etmiş, "türk divan ədəbiyyatını zirvəyə qovuşdurmuş, ədəbiyyatımızda ən böyük lirik şair" olmuşdur. Professor Hasibə Mazıoğlu yazır ki, divan şairlərimiz arasında Füzuli qədər geniş və davamlı təsiri olan şair yoxdur, divan ədəbiyyatında Füzuliyə nəzirə yazmamış şair tapmaq mümkün deyil, onun təkkə və saz şairləri üzərində də təsiri var.
Füzuli bu qaynaqlardan istifadə etsə də, onları təkrarlamamış, istedad və əməyi ilə divan ədəbiyyatında yeni bir mərhələ olmuşdur.
Türk ədəbiyyatşünaslığının təsbitinə görə Məhəmməd Füzulinin dünyagörüşünün formalaşmasına təsir göstərən üçüncü qaynaq yaşadığı siyasi, mədəni, dini, iqtisadi mühitdir. XVI yüzildə İraq Osmanlı dövlətinin ərazisidir, bu dövrdə Osmanlı inkişafının zirvəsini yaşayır, təcrübə göstərir ki, dövlət güclü olanda böyük şəxsiyyətlər də ortaya çıxır. İraq bir elm mərkəzidir, bu mühitdə güclü elmi ənənə var, elmi müzakirələr davam edir, bu da yeni fikirlərin ortaya çıxmasına yol açır.
İraq bölgəsində sünnilər də, şiələr də yaşayırlar, aralarında siyasi, məzhəbi, elmi rəqabət var. İraq fərqli mədəniyyətlərin, dinlərin, etnik qrupların, dillərin bir arada yaşadığı məkandır, bu siyasi, dini, mədəni, elmi, etnik fərqlilik ölkəni zənginləşdirir, inkişafın yolunu açır.
İraq XVI yüzildə dünyanın ən önəmli ticarət mərkəzlərindən biridir, yolların qovşağıdır, iqtisadi əlaqələr İraqın dünya ilə, fərqli mədəniyyətlərlə ünsiyyətini artırır, maddi, mənəvi zənginliyə yol açırdı.
Məhəmməd Füzuli şiə məzhəbinə bağlıdır, Allah Rəsulunun ailəsinə böyük sevgisi var, ancaq o, sünnilərlə də sağlam münasibət qurmağı bacarmışdır.
Fuad Köprülü Füzulinin insani və ədəbi kimliyinin yaşadığı mühitlə bağlılığını bu sözlərlə ifadə etmişdir: "... Hər hansı bir sənətkar mütləq mühitinə, ailəsinə, zamanının təmayüllərinə bir çox şeylər borcludur. Buna görə də onun əsl şəxsiyyətini təyin etmək üçün ... üzərində təsiri olan halı anlamağımız zəruridir. Ancaq bu da kifayət etməz, onun həyatının dəyişimlərini, şəxsiyyətinin dalğalanmalarını, nüfuz və təsirlərini, ədəbi, ictimai həyatdakı yerini, əsrlər arasındakı mənəvi həyatını da öyrənməliyik..."
4. Məhəmməd Füzulinin əsərlərinin nəşri
a) Türkcə divanı
Məhəmməd Füzulinin türkcə divanı onun əsərləri sırasında önəmli yer tutur. Şair bu divana nəsrlə ön söz yazmış, sözün dəyərini ifadə etmiş, sözün yaradıcısının Allah olduğunu söyləmiş, şeirlə, şairliklə bağlı ayə və hədislərdən istifadə etmiş, ədəbi kimliyini tanıtmışdır. Şairin türkcə divanında qırx qəsidə, üç yüz iki qəzəl, bir müstəzad, bir tərkibbənd, üç tərcibənd, iki müsəddəs, üç müxəmməs, iki təxmis, üç mürəbbe, qırx iki qitə, yetmiş iki rübai var.
Füzulinin türkcə divanının ən əski nüsxəsi 979/1571-ci ilə aiddir. Şairin türkcə divanının İstanbul və Anadolu kitabxanalarında yetmiş əlyazması var. Füzilinin fərqli əlyazmalar əsasında hazırlanmış türkcə divanı XX yüzillikdə yeni əlifba ilə üç dəfə çap olunmuşdur.
b) Farsca divanı
Məhəmməd Füzuli şeirlərini türk, fars, ərəb dillərində yazmışdır. Şairin farsca divanı türkcə divanından böyükdür. Bu divanda qırx doqquz qəsidə, dörd yüz on qəzəl, bir tərkibbənd, bir mürəbbe, bir müsəddəs, qırx altı qitə, yüz beş rübai var.
Şair farsca divanına da nəsrlə ön söz yazmış - türkcə divanının ön sözündə olduğu kimi burada da şeir parçalarına yer vermişdir - demişdir ki, söz ilahi feyzin xəzinəsidir, o tükənmir, şair insana danışmaq imkanı verən Allaha şükür edir. Füzuli ön sözdə yaşadığı mühitdən şikayət edir, "bura soltanların kölgəsindən uzaqdır, xalq şüursuzdur, ... belə bir çilə bağçasında könül qönçəsi necə açılar, dil bülbülü necə tərənnüm edər". Şair ön sözdə niyə məhz Füzuli təxəllüsünü seçdiyinin səbəblərini də izah etmişdir.
Füzulinin farsca divanının ilk nüsxəsi 959/1552-ci ildə Bağdadda hazırlanmışdır. Professor Hasibə Mazıoğlu şairin farsca divanının əlyazmaları ilə bağlı məqalə yazmış, divanı nəşr etmişdir. Füzulinin farsca divanının çapa hazırlanması, araşdırılması, tərcüməsi ilə bağlı Əli Nihad Tərlan, Kamal Ədib Kürkçüoğlu da ciddi işlər görmüşlər. Şairin farsca divanında olan "Ənisül-qəlb" qəsidəsi ayrıca kitab kimi çap olunmuşdur.
c) Ərəbcə şeirlər
Sadiq bəy Sadiqi Məhəmməd Füzulinin ərəbcə divanının olduğunu söyləsə də, bu divan əldə yoxdur. Füzulinin ərəbcə şeirləri dörd yüz altmış beş beytdir, onlardan on biri qəsidə, biri qitədir. Bu qəsidələrin yedisi Allah Rəsuluna, üçü hz.Əliyə yazılmışdır. Türk füzulişünaslığında şairin ərəbcə şeirləri ilə bağlı ciddi bir araşdırma yazılmamışdır.
d) "Leyli və Məcnun" məsnəvisi
Türk füzulişünaslığı deyir ki, Məhəmməd Füzulinin "Leyli və Məcnun" məsnəvisi bu mövzuda türkcə yazılmış əsərlərin zirvəsidir, üç min doxsan altı beytdir. Bu məsnəvinin Türkiyədə və başqa ölkələrdə çoxsaylı əlyazmaları var. 987/1579-cu ilədə hazırlanmış ən əski əlyazma nüsxəsi Topqapı Muzeyi kitabxanasındadır. Türkiyə kitabxanalarında "Leyli və Məcnun" məsnəvisinin iyirmi üç əlyazma nüsxəsi var. Nəcməddin Xəlil Onan Agah Sırrı Ləvənd "Leyli və Məcnun" məsnəvisinin nəşri, tənqidi mətninin hazırlanması, araşdırılması üçün ciddi işlər görmüşlər.
e) "Bəngü badə" məsnəvisi
Məhəmməd Füzulinin "Bəngü badə" məsnəvisi türkcə yazılmışdır, dörd yüz qırx dörd beytdir, Şah İsmayıl Xətaiyə ithaf olunmuşdur. Bu məsnəviyə şairin külliyyatında yer verilmiş, tənqidi mətni hazırlanmış, şərhlər yazılmışdır.
ə) "Həft cam" məsnəvisi
Məsnəvinin bir adı da "Saqinamə"dir, farscadır, üç yüz iyirmi yeddi beytdir, təsəvvüfi mənası var, mistik əsərdir. Türk füzulişünasları məsnəvinin fərqli əlyazmaları əsasında tənqidi mətnini hazırlamış, Füzulinin farsca divanına daxil etmişlər. Əli Nihad Tərlan "Həft cam" məsnəvisini türk dilinə tərcümə etmişdir.
f) "Hədisi-ərbəin"
Bu, Allah Rəsulunun qırx hədisinin tərcüməsidir, Füzuli seçdiyi hədisləri şeirlə tərcümə etmişdir, qeyd edək ki, Füzulinin, Nəvainin, Molla Caminin tərcümə etdiyi hədislər eynidir. Şair tərcümə etdiyi hədislərə nəsrlə ön söz yazmış, hər hədisi dördlük biçimində tanıtmışdır. Əbdülqadir Qaraxanın, Kamal Ədib Kürkçüoğlunun "Hədisi-ərbəin" əsərinin nəşri, araşdırılması, təqdimi üçün gördüyü işlər tədqirəlayiqdir.
g) "Hədiqətüs-süəda"
Məhəmməd Füzuli bu əsərini nəsrlə yazmışdır, ana mövzusu imtahandır, şəhidlikdir, Kərbəla faciəsidir. Şair "Hədiqətüs-süəda" əsərini yazarkən Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda"sın əsas qaynaq seçmiş, şeirlərə də yer vermişdir. Türkiyə kitabxanalarında əsərin çoxsaylı əlyazmaları var. Səlahəddin Güngör əsərin dilini sadələşdirərək çap etmişdir.
ğ) Füzulinin məktubları
Şairin türkcə beş məktubu var, Nişancı Cəlalzadə Mustafa Çələbiyə, Mosul əmiri Əhməd bəyə, Bağdad valisi Ayaz Paşaya, Qazı Əlaiddinə, Sultan Süleyman Qanunin oğlu şahzadə Bəyazidə yazmışdır. Məktublar Füzulinin həyatını, mühitini, əlaqələrini, eləcə də ədəbi kimliyini tanımaq üçün önəmli qaynaqlardır. Türk füzulişünasları şairin məktublarının tapılması, nəşri, araşdırılması üçün ciddi işlər görmüşlər.
h) "Rindü zahid"
Məhəmməd Füzulinin nəsrlə yazdığı bu əsər farscadır, içində şeirlər də var, şairin irfani dünyagörüşünü tanıdır, elmlə irfan, alimlə arif, ağılla qəlb, mədrəsə ilə təkkə qarşılaşdırılır. Əsərin çoxsaylı əlyazmaları var. Kamal Ədib Kürkçüoğlu "Rindü Zahid"in tənqidi mətnini hazırlamış, çap etmiş, Mustafa Səlim isə bu əsəri türk dilinə tərcümə etmişdir.
x) "Səhhət və mərəz"
"Səhhət və Mərəz" Füzulinin nəsr əsəridir, bu adları da var: "Hüsn və eşq", "Səfərnameyi-ruh", "Ruhnamə", "Münazarayi-ruh vəl-cəsəd". Şair bu əsərində ruhla bədənin (maddənin) əlaqəsini irfani baxımdam izah etmişdir. Əsərin çoxsaylı əlyazmaları var, Əbdülbaqi Gölpınarlı "Səhhət və Mərəz" əsərini tərcümə və çap etmişdir.
i) "Müəmma risaləsi"
Bu risalə farscadır, Füzulinin şairlik bacarığını göstərmək baxımından önəmlidir. Şairin otuz doqquz müəmması var. "Müəmma risaləsi"ni Kamal Ədib Kürkçüoğlu çap etmişdir.
ı) "Mətlə-əl-etiqad"
Məhəmməd Füzuli bu elmi əsərini ərəbcə yazmışdır, kitabın tam adı belədir: "Mətləəl- etiqad fi mərifətil-məbdə vəl-məad". Şair bu kitabda kəlami görüşlərini açıqlamış, yunan və müsəlman filosofların fikirlərinə yer vermişdir. Məhəmməd Tavit Tancı əsəri türk dilinə tərcümə etmiş, ön söz, şərhlər yazmışdır. "Mətləəl-etiqad" 1962-ci ildə çap olunmuşdur.
(Davamı var)