Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Playwright Vagif Samadoglu - Aygün Bagırlı

07-06-2024 [ 11:59 ] [ read:66 ]
printerA+ | A-

 

Dramaturq Vaqif Səmədoğlu güclü müşahidə qabiliyyətinə, yumor hissinə, hadisələri ümumiləşdirmək ustalığına malikdir. Vaqif Səmədoğlunun dramaturgiyasında bir, yaxud bir neçə ailənin münasibətləri fonunda cəmiyyətdəki ictimai-sosial, siyasi vəziyyət, mənəvi durum, həmçinin insan - cəmiyyət, cəmiyyət - ziyalı münasibətləri əks olunur.

Müəllifin maraqlı pyeslərindən biri Nikolay Erdmanın "Somoubiysa" əsərinin motivləri əsasında yazdığı "İntihar" adlı üçşəkilli, özünün qeyd etdiyi kimi, "ağlamalı-gülməli təbdil"dir. Əsərdə keçid dövrü Azərbaycanının həm sosial problemlərindən, həm ictimai-siyasi durumundan bəhs olunur. Pyesin qəhrəmanı Azər işsizlikdən, həyat yoldaşı Məsmənin məvacibi hesabına yaşamaqdan təngə gələrək ilk baxışdan ciddi görünməsə də, intihar etmək qərarına gəlmişdir. Hər şey yoldaşı Məsmənin və qayınanası Xeyransanın onun bu qeyri-ciddi qərarını böyüdüb ətrafa yaymasından sonra başlayır. Yalançı vətənpərvər, "xalq qəhrəmanı" Elcan Vətənski, istedadsız şair-dramaturq Şəkər Bədbin, türkiyəli iş adamı ilə ailə qurmaq istəyən Kleopatra və Elladanın bu intihardan qazanmaq istəklərini, öz məqsədlərinə çatmaq niyyətlərini göstərən müəllif cəmiyyətin müxtəlif sferalarındakı problemləri komik-dramatik şəkildə təqdim edir. Azərin intiharqabağı yazdığı - "Mənim ölümümdə heç kəsi günahlandırmayın" - məktubunu öz istəklərinə uyğunlaşdırmaq, onun ölümündən istifadə etmək istəyənlər bir-bir qəbula gəlirlər. "Xalq qəhrəmanı" Elcan Vətənski ona, -   ölürsənsə, boşuna ölmə, millət uğrunda öl, ölüm konsepsiyan olsun, - deyə minnət qoymaqla həyatla vida məktubunu yazmağı boynuna götürür və "A millət, türklük bater, millət geder, qalx əyağa, qalx, nə iqtidara, nə müxalifətə indən belə bel bağlama, öz səsini ucalt. Vətənski təkin oğulların var, a biçarə köçəri nəvələri, a oğuz törəmələri!" - məzmununda mətn hazırlayır. 

İstedadsız şair Şəkər Bədbinin isə Azərdən istəyi başqadır. O başa düşür ki, Azərə - "Öldürmə özünü! Yer üzündə yaşayan hər bir insan təkrarolunmazdır, Allahın verdiyi ömrü sona qədər, Allah borcu kimi yaşayıb, sonda Allahın özünə qaytarmaq lazımdır", kimi tövsiyələr verməlidir. Amma ona: "Sizə yalvarıram, ədəbiyyatımız, dilimiz, mədəniyyətimiz uğrunda qurban verin cavan ömrünüzü qoca ölümə, ədəbiyyatsız dil, dilsiz millət yoxdur. O dilin adını nə qoyursansa, qoy..." kimi boğazdan yuxarı, gəlişigözəl sözlər söyləməklə, ondan bu məzmunda məktub yazmasını istəyir: "Yazın ki, dövlət büdcədən qələm sahiblərinə pul ayırsın, nəşriyyatları maliyyələşdirsin. Gələn ilin sentyabr ayında mən bədbəxtin altmış yaşı tamam olur. Dediyim nədi? Demirəm, Respublika sarayında, heç olmasa, Filarmoniyada xudmani bir toplantı keçirilsin".  Beləliklə, öz şəxsi istəklərini həyata keçirmək üçün başqalarının ölümündən istifadə edən adamlar öz nitqləri ilə iç üzlərini açıb göstərirlər. Bütün bu müraciətləri görən Azər: "Ancaq mən görürəm ki, Azərbaycana, onun indiki problemlərinə bir ölü çox azdır! Gündə azı iyirmi adam öldürməlidir bu məmləkətdə özünü", - deyir. Əsər keçid dövrü Azərbaycanının ictimai-sosial problemlərini göstərmək baxımından diqqəti cəlb edir.

Əsərin sonunda Azərin lal-kar olduğunu bilmədiyi, kənddən yeni gəlmiş, hələ "şəhərin intellektual hisi, tüstüsü ilə" beyni zəhərlənməmiş gənc oğlana söylədiyi maraqlı monoloqu var. Monoloqun bir yerində deyir: "bayaq bura, cavan oğlan, keçmiş qonşumuz Akop gəlmişdi. Tapsan, niyə gəlmişdi? Adının Akop olduğunu unudub, erməni kimi, başa düşürsən, millət kimi gəlmişdi. Bizdən torpaq istəyirlər. Savaş gedir. Onlar da qırılır, biz də. Niyə? Ona görə ki, onlar da adlarını unudub, biz də. Azər Akopa, Akop Azərə heç bir vaxt əl qaldırmaz, amma erməni türkü, türk ermənini "uf" da demədən öldürər. Çünki millət olublar. Qarabağ isə, cavan oğlan, bizdən də, ermənilərdən də qabaq olub, vaxtla, millətlə, ölkəylə ölçülməyib".  Müəllif bu qənaətə gəlir ki, insan millətinin zəhərli ideologiyasının, lazımsız hədəflərinin, uydurduğu xülyaların qurbanına çevriləndə (Akop kimi) insanlığını, fərdiliyini, əsl kimliyini unudur. "Başbilənləri"nin ideyalarının quluna və alətinə çevrilir.

"Generalın son əmri" ikihissəli tragikomik pyesində kiçik bir ailə daxilində baş verən hadisələrin fonunda böyük mətləblərə toxunulur. Həm repressiyanı, həm II Dünya müharibəsini görmüş, hər ikisində Stalin qarşısında neçə-neçə insanın ölümünə fərman vermis, ailəsini sürgünə göndərmiş generalın bütün ittihamlardan üzüağ çıxmağa bəhanəsi var. Hətta sənədlərlə, qovluqlarla. Məsələn, vaxtı ilə - 37-ci ildə bir ay zirzəmidə saxlayıb, sonra  "xalq düşməni" kimi öldürüb, ailəsini isə Qazaxıstana sürgünə göndərdiyi şəxsin  əlli ildən sonra  intiqamını almağa gələn qızının qarşısına atasının əli ilə yazdığı, imza atdığı elə sənədlər qoyur ki, qadın generaldan üzr istəyib geri qayıdır. Ömürboyu bu generalın əmrlərini yerinə yetirən cəllad isə bir fərari ilə söhbətində işlərinin fəlsəfəsini anlatmağa çalışır. Cəllad  əslində günahları birmənalı başa düşməyi düzgün saymır və bunun Tolstoyun "Sergey ata" əsərində çox gözəl ifadə olunduğunu, bu səbəbdən o əsəri otuz iki  dəfə oxuduğunu deyir. Əslində cəllad o əsəri oxumaqla təsəlli tapmağa, gördüyü işlər üçün özünə haqq qazandırmağa, görünür, vicdanını rahatlamağa çalışır. Cəlladla fərarinin dialoqu çox maraqlıdır. O, fərariyə deyir ki, Allahın yaratdığı ağaclardan fərqli olaraq insanın yaratdığı dar ağacı bütün fəsillərdə bar verir, həmişə "meyvəsi" üstündə olur. İnsan öldürməyi bacarmadığından, güllələri alman əsgərlərinin başı üstündən havaya atan, beləliklə, içdiyi əsgər andına xilaf çıxan, bu üzdən mayorun "al tapançanı, get, özünü öldür", - dediyi fərari, "axı özüm də adamam, mən adam öldürə bilmirəm", - deyib, cəlladdan kömək istəyir. Hər gün neçə insanı çətinlik çəkmədən dar ağacından asan cəllad, "Mən cəlladam! Qatil, başkəsən, adam öldürən deyiləm! Buna rəsmi əmr olmalıdır, mən qanuna zidd gedə bilmərəm, get, generaldan sənəd al, gəl, sonra", - deyir. General isə müharibə bitdiyi üçün fərariyə sənəd verməyi qanunsuz hesab edir. Müəllif demək istəyir ki, general da, cəllad da neçə-neçə ölümə bais olsalar da, onlar özlərini əmr adamı, qanun adamı hesab edirlər. Qanun icazə verməsə, onlar belə iş tutmazlar. Ölümsə, qanuniləşəndə onlar üçün adi iş hesab olunur.

Generalın heç vaxt əməl olunmamış əmri olmayıb, ancaq son əmrindən başqa. O, nəvələrinə mehriban olmağı əmr edir: "Bir şeyi də unutmayın, bu gün müharibə edən ölkələr sabah barışıb müttəfiq, dost ola bilirlər, bu gün bir-birini qıran millətlər sabah bir süfrə başında oturub çörək yeyirlər, ailədə isə xırdaca incik yarası belə heç bir zaman sağalmır, irinləyə-irinləyə böyüyür, qanqrena verir. Onu da yalnız kəsib atmaqla qurtarmaq olar". Amma nəvələr generalın son əmrini yerinə yetirmirlər. Babasının ölümündən sonra bütün miras və mülkləri öz əlinə keçirən qız nəvə qardaşına heç nə vermir. O, əsər boyu babasından anasının aldığı lüstranı əziz xatirə və yadigar kimi istəsə də, baba mülkünü ələ keçirən kimi çilçırağı zibilliyə atır.  Hamıya əmr edən general öz kiçik ailəsində sabitlik yarada bilmir.

"Yumurta" pyesində müəllif səhiyyə sahəsindəki boşluqları, sensasiyalı xəbər axtarışında olan medianın problemlərini, görüntü üçün "xeyriyyəçilik" edən məmurların simasını göstərmişdir.

"Bəxt üzüyü" pyesi şairin maraqlı və ən çox populyarlıq qazanan əsərlərindəndir. Əsərin "Bəxt üzüyü" adlanması təsadüfi deyil, bəxt üzüyü xalqın mental yaddaşında xoşbəxtliyin simvoludur, yeni həyatın astanası, gözəl gələcəyin nişanəsidir və onun itməsi Moşunun xoşbəxtlik sözünün qafiyəsini itirməsi kimidir. Tapılmayan "xoşbəxtlik" sözünün qafiyəsi yox, xoşbəxtliyin özüdür. Əgər Moşu Göyəzənli əsər boyu "xoşbəxtlik" sözünə qafiyə tapmırsa, bu onun təkcə şair kimi istedadsız olmasını göstərmir. Əsərdə hər qəhrəmanın xoşbəxt olması üçün nə isə çatmır. Hamı xoşbəxt olmaq üçün nə isə axtarır, Tanrıverdi dayı ağacları suvarmaq üçün mərhəməti olan birini, kimsəsizlər evində böyüyən Hüseyn içki üçün pul, Sara üzüyünü axtarır. Hətta hamıdan xoşbəxt görünən, həyat yoldaşı Rasimdən hər cür qayğı görən Seda da həyatını rəngləndirmək üçün nə isə axtarır. Pyesdə Moşu Göyəzənli, Tanrıverdi dayı, Söylü kimi hər biri fərqli və maraqlı xüsusiyyətə, cizgi və xarakterə mənsub obrazlar və müxtəlif ailə tipləri vasitəsilə Vaqif Səmədoğlu həm cəmiyyətdə, həm insanlar arasında, ziyalı və mühit münasibətlərindəki problemləri göstərmişdir. Vaqif Səmədoğlunun yaradıcılığından danışanda, vurğulayırlar ki, o, şair kimi nə qədər kədərli və pessimistdirsə, dramaturq kimi o qədər komikdir. Əslində isə Vaqif elə dramaturgiyasında da həmin Vaqifdir. Onun pyeslərində də insan faciəsi var, ziyalı faciəsi var, başa düşülməmək var, yasaqlar var, ağrı var, amma sadəcə, burada ağrı komik tərzdə təqdim olunur.

Vaqif Səmədoğlu Moşu obrazı ilə  Azərbaycan səhnəsinə yeni və maraqlı şair obrazı gətirdi. Akademik İsa Həbibbəyli bu haqda yazır: "Dramaturgiya sənətində Vaqif Səmədoğluda dərin qatlardan gələn ənənə zəminində daha çox yeni yanaşma müşahidə olunur. Belə ki, Səməd Vurğun "Vaqif" dramında Molla Pənah Vaqifin timsalında ideal sənətkar obrazı yaratmağı ön mövqeyə çəkmişdirsə, Vaqif Səmədoğlu "Bəxt üzüyü" pyesində şair Moşu Göyəzənlinin simasında sənətkar və cəmiyyət münasibətlərinə üstünlük vermişdir. Sənətkara münasibətdə Səməd Vurğun sənətindəki romantik pafosu Vaqif Səmədoğlundakı realist yanaşma əvəzləyir. "Vaqif" dramında Molla Pənahı əhatə edən saray əyanlarının yerinə "Bəxt üzüyü"ndə Moşu Göyəzənlinin ətrafındakı məişət planında düşünülmüş sadə adamlar səhnəyə çıxarılmışdır. Hətta Moşu Göyəzənli obrazındakı romantik görüntü komik ünsürə çevrilmişdir. Beləliklə, Şair və Zaman mövzusunda tamamilə yeni əsər meydana çıxmışdır".

Hüseyn Abbaszadə isə yazır: "Ədəbiyyatımızda Məşədi İbad kimi, səhnədən həyata ayaq açan və milyonlar tərəfindən tanınıb qəbul edilən surətlərdən biri də Vaqifin yüksək ustalıqla yaratdığı Moşu obrazıdır. Əlavə edək ki, təkcə Moşu yox, əsərdəki bütün obrazlar məişətdən, həyatdan gəlmişdi və hər biri Vaqif Səmədoğlunun fırçası ilə rənglənib, bəzənib həyata qayıdıblar. Söylü, Seda, Hüseyn və Moşu kimi.

"Ədəbiyyat qəzeti", 06 iyun, 2024

 

OTHER NEWS